Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
الحمدللّه ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین و لعنةالله علی اعدائهم اجمعین
Əziz qardaş və bacılar, xoş gəlmisiniz! Hər ilin 29 bəhmən günü sizin gəlişiniz sayəsində bu hüseyniyədə ən möhtəşəm, izdihamlı günlərdən biri yaşanır. Təbriz və Azərbaycan əhalisi ilə görüşməyə daim can atan biri olaraq, mənim üçün də gözəl bir fürsət yaranır ki, o diyarın əziz camaatının hamısı ilə olmasa da, oranın gənclərindən, rəsmilərindən, böyük din alimlərindən, əhalisindən bir qrupu ilə burada, bu hüseyniyədə görüşüm. Çox xoş gəlmisiniz! Bütün təbrizlilərə, həmçinin Azərbaycanın digər şəhərlərinin əhalisinə də mənim salamımı çatdırın. Qalan həmşərilərimə də məndən salam yetirin.(2)
29 bəhmən məsələsi sırf tarixi bir məsələ deyil; bu bir ibrət dərsidir, təbrizlilərə və azərbaycanlılara ad qazandırmış bir gündür. Əziz gənclər, sizə deyim ki, Azərbaycan və Təbriz əhalisi təkcə İslam İnqilabında və 29 bəhməndə yox (belə ki 29 bəhmən növbəti ilin 22 bəhmən günü inqilabın qələbə çalması üçün hərəkətverici qüvvə rolunu oynadı, bu işin həyata keçirilə bilməsi üçün təkan oldu; prosesləri inkişaf etdirdi, işi irəli atdı) ölkədə hələ 120-130 il əvvəl baş verən bütün ictimai dəyişikliklərdə, bütün önəmli siyasi proseslərdə mübarizənin əsas mehvərlərindən biri olub; qoy gənclərimiz bunu bilsin; Azərbaycanın kimliyi, siması budur. Tənbəki olayları – mərhum müctəhid Hacı Mirzə Cavad Təbrizi, Məşrutə məsələsi – Azərbaycanın Məşrutə olayları məşhurdur, neft sənayesinin ingilislərdən alınaraq milliləşdirilməsi – bütün bu proseslərdə önəmli rol oynamış bölgələrdən biri də Azərbaycandır. Azərbaycan əhalisi həm İslam İnqilabında, həm 8 illik Müqəddəs Müdafiə savaşında, həm də müharibədən əvvəl Təbriz və Azərbaycanın özündə baş verən hadisələrdə mühüm rola malik olmuşdur.
İnqilabın əvvəllərində əks-inqilabi fəaliyyətə keçərək inqilabçı İran xalqı arasında qırılma yaratmaq istəyən marginal bir qrup (onu da deyim ki, ingilislərin və İrana zidd qüvvələrin yürütdüyü köhnə siyasətlərdən biri də budur) Təbrizin bu iş üçün münasib bir yer ola biləcəyini düşünmüş və gedib orada iğtişaş törətmişdi. O vaxt mən İnqilabi Şuranın üzvü idim; bu məsələ Tehranda müzakirə olunurdu, bəzi insanlar narahat idi, amma İmam Xomeyni buyurdu ki, heç kim narahat olmasın, təbrizlilər özləri onların cavabını verəcək; elə belə də oldu; başqa heç kimə ehtiyac yox idi; Azərbaycan əhalisi bu cürdür. Müharibə dövründə Azərbaycanın Aşura diviziyası avanqard diviziyalardan biri idi; təkcə o diviziya da deyildi, Azərbaycanın din alimləri, əhalisinin müxtəlif təbəqələri, arxa cəbhədəki qurumları hamısı meydanda idi; Azərbaycanın tarixi budur. Azərbaycan ölkədə etnik zəmində qarşıdurma yaratmaq istəyənlərə qarşı həmişə bir yumruq kimi birləşib və bu mübarizəsini bu gün də davam etdirir.
Bəli, bilirik ki, ölkəmiz müxtəlif dillərdən, müxtəlif xalqlardan təşkil olunub: türk var, fars var, ərəb var, bəluc var, lor var, kürd var. Bu çoxmillətlilik gözəl bir fürsətdir, amma düşmən həmişə bundan xalq arasına nifaq, ikitirəlik salmaq üçün istifadə etməyə çalışıb. İranda yaşayan böyük etnoslar və əlbəttə ki, hamısından yüksək səviyyədə olmaqla Azərbaycan əhalisi düşmənlərin bu xəbis siyasətinə qarşı daim mübarizə aparıb. Ölkəmizin hər yanında əziz gənclərimiz buna diqqət yetirsinlər: düşmən bu ölkənin müstəqilliyini, bu inqilabın əsaslarını dağıdıb məhv etmək üçün zəlzələ yarada biləcəyini düşündüyü istənilən xırda çatı böyütməyə göz dikib. Bütün imkanlardan istifadə etmək istəyir, nə isə bir boşluq, bir çat axtarıb tapa biləcəyini düşünür. Halbuki heç bir çat yoxdur, xalqımız bir yumruq kimi birgədir, bölünməzdir.
Bax elə siz təbrizlilər, azərbaycanlılar; hansı hislərlə yaşadığınızı özünüz çox gözəl bilirsiniz. Bayaqkı şeirdə deyilirdi ki, “Beyətdə vəfadarıq, biz and ola Qurana!” Siz özünüz bunu bilirsiniz, bu, dəqiq, sorğu-sualsız belədir. Azərbaycanlılar təkcə dildə yox, əməldə də bunu sübut ediblər və araqarışdıran, təhrikçi düşmənin qarşısında durduqlarını göstəriblər. Mənim əzizlərim! Xoşbəxtlikdən, İranda yaşayan digər etnoslar da bu cürdür. Xorasanlılar da – Şərqi Xorasandakı məzhəb fərqliliyinə baxmayaraq – kürdlər də, bəluclar da eynilə belədir. İnqilabın əvvəllərində bəluclar arasında inqilabın düşmənləri qarşısında sinəsini sipər etmiş din alimləri var idi. Mən bir müddət orada olmuşdum, oranın din alimlərini tanıyırdım. Qoy adlarını da çəkim, camaat onları tanısın: mərhum Mövləvi Əbdüləziz Sadati – səravanlı idi; qoca bir kişi idi, bir dəri, bir sümük, amma inqilabın düşmənlərinin, inqilabı tənqid edənlərin, inqilabda nöqsan axtaranların qarşısında dayanıb onu müdafiə edirdi; bəluc idi, məzhəbi sünni idi. Kürdüstanda mərhum Şeyxülislam – Sənəndəcdə çox güclü, tutarlı bir nitqlə çıxış etmişdi; sünni idi – kürdlər şafeidir – amma inqilabı müdafiə edirdi, çünki inqilabın İslamın bayrağını ucaltdığını görürdü. Əks-inqilabçılar Şeyxülislamı o çıxışına, o mövqeyinə görə şəhid etdi. Xuzestanda ərəb gənclər Səddam rejiminin hücumunun qarşısında durdular. Onlar da ərəb idi, bunlar da, amma bu ərəb İran İslam Respublikasının müdafiəsinə qalxdı. Xuzestan ərəblərindən, Əhvaz camaatından olan gənc komandir, şəhid Əli Haşeminin və başqalarının adları heç vaxt unudulmayacaq. Bu insanlar Səddam ordusunun qarşısında durdular. Onlar da ərəbcə danışırdı, bunlar da, amma bu insanlar həqiqəti dərk etdilər, düşmənin çirkin planını anladılar və onun əleyhinə çıxdılar; İranda yaşayan digər xalqar da eynilə. Hamısından daha irəli və yaxşı olan isə azərbaycanlılardır. Nə qədər oturub plan cızsalar da, nə qədər danışsalar da, nə qədər pul xərcləsələr də, neftdən gələn dollarları Harunların pul kisəsindən çəkib çıxararaq ölkəmizdə konflikt və ikitirəlik yaratmaq üçün nə qədər xərcləsələr də, bacarmayacaqlar.
Xalqımız birgədir, bölünməzdir. Bu gün mən bu barədə danışıram, eyni zamanda 22 bəhmən haqqında da danışacağam, rəsmilər və onların daşıdığı məsuliyyət haqqında da danışacağam; bütün bunları paralel surətdə nəzərdən keçirmək lazımdır. İran xalqı ayaq üstədir, birgədir. Bir qrup adam var ki, elə bil, dilləri elə “milli barışıq, milli barışıq” deməyə öyrəşib. Məncə, bu sözlərin heç bir mənası yoxdur; bizim xalqımız birdir, birgədir. Harada ki söhbət İslamdan, İrandan, müstəqillikdən, düşmənə qarşı mübarizədən gedir, o yerdə bizim xalqımız bütün varlığı ilə ayaq üstədir, mübarizəyə hazırdır. Hansısa siyasi məsələdə iki nəfər arasında fikir ayrılığı ola bilər, amma bunun birliyimizə heç bir təsiri yoxdur. “Barışıq” nədir? Məgər küsüblər ki, barışalar da?! Qəzetlər belə ifadələrə qol-qanad verir, daha anlamırlar ki, bunlar problem yaradır. Siz “barışıq” deyəndə, belə çıxır ki, arada nə isə küsülülük var; halbuki heç bir küsülülük-filan yoxdur. Bəli, bizim xalqımız Aşura gününə qarşı təhqirə yol verənlərlə küsülüdür. Bizim xalqımız Aşura günü hoqqabazlıq edərək küçədə bəsici bir gənci qəddarcasına, həyasız bir şəkildə soyundurub döyənlərlə küsülüdür. Heç barışmayacaq da; nə bunlarla, nə də “Seçki bizim üçün bəhanədir, hədəfimiz İslam rejiminin özüdür!” – deyib İslam İnqilabının özünə mənfi münasibət bəsləyənlərlə. Əlbəttə ki, belələrinin sayı azdır, bir ovuc adamdır. Nəhəng bir okean olan İran xalqı ilə müqayisədə bunlar bir damcıdır, heç nədirlər. Bu okean bir bütövdür, ayrılmazdır. Bu birlik var, olmalıdır və günü-gündən gücləndirilməlidir.
Allaha şükürlər olsun ki, Azərbaycanın ziyalıları və fəal ictimai xadimləri bu məqamlara həmişə diqqət yetiriblər. Qeyrətli Azərbaycan gəncləri, Azərbaycan əhalisinin müxtəlif təbəqələri bu məqama həmişə diqqət yetirərək düşmənin məkrli planlarına, təhrikçi fəaliyyətlərinə daim müqavimət göstərib, milli birliyi müdafiə edib, bu yolda canından keçib. Birinci növbədə siz özünüz, eləcə də bizlər, bütün rəsmilər və bütövlükdə xalqımız Azərbaycanın qədrini bilməliyik. Azərbaycan İslam İnqilabı və İslam dövləti üçün güclü bir nöqtədir. Bu, birincisi.
22 bəhmənə gəlincə; əvvəla, mən bütün İran xalqına səmimi-qəlbdən təşəkkür etməliyəm. Bu ilin 22 bəhməni İslam İnqilabına, İslam dövlətinə və İrana böyük şərəf və nüfuz qazandırdı. Ölkə rəsmilərinin və kütləvi tədbirlərdə insanların təxmini sayını müəyyənləşdirməyi bacaran mütəxəssislərin gəldiyi nəticəyə görə, ölkənin böyük şəhərlərində və digər şəhərlərin 70 faizində ötən illərlə müqayisədə daha çox, bəzi yerlərdə isə iki dəfə artıq adam iştirak edib. Bunu ölkədəki mütəxəssislər deyib, amma deyən təkcə onlar olmayıb, xaricilər də deyib; inqilabın düşmənləri də deyib. Hər il 22 bəhmən gününü təhqir edərək: “Bir neçə min insan küçələrə çıxmışdı” – deyənlər bu il “milyonlar” ifadəsini işlədirdi. Bəli, doğrudur, ölkənin dörd bir yanında milyonlarla insan küçələrə çıxmışdı. Mən nəkarəyəm ki, bu möhtəşəm iştirakına görə xalqa təşəkkür etmək istəyəm; heç layiq olan sözləri tapıb deyə də bilmərəm. İnqilab xalqın özünündür. İnsanlarımızın qəlbini bu istiqamətə yönəltdiyinə görə Allaha şükür etmək, Uca Yaradana minnətdar olmaq lazımdır.
Önəmli olan məqam budur ki, il boyu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin, Mossad təşkilatının, İngiltərənin casus Mərkəzi Kəşfiyyat Xidmətinin maliyyəsi, Harunların neftdən əldə etdiyi dollarlar hesabına yüzlərlə media orqanı inqilabın əleyhinə danışır; il boyu gecə-gündüz bu təbliğatla məşğuldurlar. İrandan qaçmış onlarla uğursuz siyasət həvəskarı tapır və müəyyən qədər muzd verirlər ki, İslam İnqilabı, İslam dövləti əleyhinə təhlil yazsınlar, xəbər, məqalə və çıxışlar hazırlasınlar; İmam Xomeynini, İran xalqını, inqilabdan sonra həyata keçirilmiş müxtəlif işləri (bir azdan bu barədə də danışacağam) təhqir etsinlər, inqilabı günahlandırsınlar, İslam dövlətini ittiham etsinlər, qaralasınlar, zəiflətsinlər. Bir il boyunca çalışıb-vuruşurlar, sonra da 22 bəhmən günü xalqın o möhtəşəm iştirakı ilə ilahi rəhmət yağışı yağıb o toz-torpağı təmizləyir, havanı aydınlaşdırır. Küçələrdə bərəkətli bir sel kimi axaraq xalqın düşüncəsini təmizləyir, çirkinlikləri yuyub aparır. 22 bəhmən budur.
22 bəhmənlə yanaşı, bir də Qüds günümüz var; bunlardan hər birinin öz mənası, öz hədəfi var. Xalq bu mənaları yaxşı dərk edir və məhz onlara diqqət yetirərək küçə və meydanlara axışır. Həmin günlərdə meydanlarda kimlər olur? Bax bu çox önəmli bir məqamdır. Təbrizin, digər şəhərlərin və ya elə bu Tehranın küçələrində irəliləyən o izdihamdakı insanlara bir nəzər salın; əksəriyyətinin heç 38 yaşı yoxdur – inqilab 37-38 ildir ki, baş verib – yəni inqilabın əvvəllərini görməyiblər, İmam Xomeynini görməyiblər, Müqəddəs Müdafiə dövrünü görməyiblər, şah diktaturası zamanındakı o amansız və acı represiyaları görməyiblər, amma gəlirlər; eyni coşğu ilə, eyni həyəcanla, eyni emosiyalarla, eyni dərklə, eyni işıqlı, aydın yanaşma ilə küçələrə çıxıb yumruqlarını düyünləyir, şüarlar səsləndirir, qışqırırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, inqilab hələ də yaşayır, inkişaf edir, artır. Bunlar yeni inqilab metodlarıdır. Bu, inqilabın 3-cü, 4-cü nəslidir, amma yenə də gəlib düşmən qarşısında duraraq öz qətiyyətli sözünü deyir. Bu olduqca əhəmiyyətlidir.
Düşmən İslam İnqilabını nəticəsiz bir inqilab kimi qələmə verməyə çalışır; əlbəttə ki, onun bu səyləri xəlbirlə su daşımağa bənzəyir. Bəli, bizim müəyyən problemlərimiz, nöqsan və çatışmazlıqlarımız var. Dünyanın harasında, hansı ölkədə bütün problemlər tamamilə həll olunub ki?! Nöqsan və çatışmazlıqlar hər yerdə olduğu kimi, bizdə də var – indi deyəcəyəm – biz onları heç görməzliyə də vurmuruq; çatışmazlıqlar, şübhəsiz ki, var, lakin düşmən inqilabın bu nöqsan və çatışmazlıqlarla yanaşı qazandığı uğur və nailiyyətləri görməzliyə vurmağa çalışır. İslam İnqilabı və İslam dövləti bu 38 il ərzində çox böyük işlər həyat keçirib. Məndə son 38 ildə ölkə üçün görülmüş işlərin, inqilabi fəaliyyət proqramlarının siyahısı var. İxtiyarında güc və imkan olan dövlətlər heç 100 il ərzində də ölkələri üçün bu cür çalışıb, bu qədər iş görmür. İnqilabdan sonrakı bu 38 illik zaman kəsiyini əvvəlki dövrlərlə müqayisə etdikdə görürük ki, ölkənin gələcəyi, gələcək inkişafı üçün son dərəcə önəmli olan infrastruktur sahəsində bəzi hallarda 1000 faiz, yəni 10 dəfə artıq irəliləyiş əldə olunub; bəzi hallarda isə bu artım 2000, 6000 faizə çatıb; yəni 60 dəfə çox. Tələbələrin sayı, elmi inkişaf, infrastruktur layihələri, mədəniyyət sahəsində həyata keçirilmiş böyük işlər, qazandığımız milli qürur və nüfuz – bütün bunları inqilabdan öncə ölkədə Amerikanın ağalıq etdiyi, Tehranın sionistlər üçün sanatoriya olduğu dövrlə müqayisə etdikdə ölkənin inkişaf etdiyinin, sıçrayışla irəlilədiyinin şahidi oluruq; bəli, bura onların istirahət məkanı idi, yorğun olanda istədikləri vaxt gəlib Şəyan bağında bir həftə, on gün qalıb dincəlir, sonra geri qayıdırdılar. O zaman ölkə qapazaltı bir hökumət tərəfindən idarə olunurdu. Şah hökuməti onun-bunun qapazaltısı idi – Amerikanın, İngiltərənin, başqa böyük dövlətlərin. Xalqı zəlil etmişdilər, xar etmişdilər, ölkənin resurslarını tamamilə istifadəsiz buraxmış, bəzilərini isə düşmənin ixtiyarına vermişdilər. İslam İnqilabı gələndən sonra həmin resursların çoxu aktivləşdi. Bu gün ölkəmiz nüfuza malikdir. Bu gün, demək olar, bütün regional məsələlərdə İran istəməyincə, İran iştirak etməyincə, İran öz iradəsini ortaya qoymayınca heç bir iş görülmür. İran xalqı möhkəm, mübariz bir xalq olduğunu göstərib; düşmənimiz bütün bunları öz təhlillərində qeyd edir, İran xalqı ilə üz-üzə gəlməyin çətin olduğunu, xalqımızın mübariz bir xalq olduğunu, müqavimət göstərdiyini, düşmənə təslim olmadığını deyir. Bu, qürurdur, nüfuzdur, heysiyyətdir. Bu qürur və heysiyyəti bir vaxtlar ölkəmizə və xalqımıza yaşatdıqları zillət dövrü ilə müqayisə edirlər. Bəli, aydındır ki, 22 bəhmən günü gənclər sevinc və ruh yüksəkliyi hiss etdiklərinə görə küçə və meydanlara çıxır. 22 bəhmən budur; 22 bəhmən ilahi bir nemətdir, xalqın özünü göstərməsi, öz iradəsini yüksək səslə ifadə etməsi üçün Allah tərəfindən ona verilmiş bir fürsətdir. Bu xalqın ürəyindən keçənlər onun 22 bəhmən günü ölkənin dörd bir yanında səsləndirdiyi şüarlarda öz əksini tapır. “Biz inkişaf istəyirik, İslam dinini istəyirik, xalqın tələbi ilə qurulan və onun problemlərini həll edə biləcək İslam dövlətini istəyirik!” – hər il 22 bəhmən günü bu şüarlar səslənir. Xalq möhkəm dayanıb və onunla birlikdə olmaq, müqavimət göstərmək istəməyən istənilən dövlət adamını, heç şübhəsiz, rədd edəcək. 22 bəhmən barədə də bu qədər.
Çox hörmətli dövlət rəsmilərimizə də üzümü tutaraq bir neçə məsələni qeyd etmək istəyirəm. Onlara demək istəyirəm ki, xalqın 22 bəhmən yürüşlərindəki o möhtəşəm iştirakını insanların biz rəsmilərin fəaliyyətindən heç bir narazılığı olmaması kimi qiymətləndirmək lazım deyil. Xalq narazıdır, ölkədə baş verən bir çox şeylərdən narazıdır. Xalq ayrı-seçkiliyi sevmir, harada ayrı-seçkilik görsə, narahat olur, pisinə gəlir; rəsmilərin səhlənkarlığa yol verdiyini, problemlərə etinasız yanaşdığını, işlərin irəli getmədiyini görəndə də eynilə. Xalqın narazılığı var. 22 bəhmən ayrı; xalqın İranı udmaq üçün pusquda durmuş düşmənlərə qarşı mübarizliyi və bunu 22 bəhmən günü təzahür etdirməsi bir şeydir, biz rəsmilərdən istək və gözləntiləri isə başqa bir şey.
Bəli, bu ili “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” ili elan etmişdik (3) və artıq il bitmək üzrədir; hazırda bəhmən ayının axırıdır, əməli tədbirlər artıq özünü göstərməlidir. Mən ilin əvvəlində də demişdim ki, ölkə rəsmiləri – istər icraedici hakimiyyətin nümayəndələri, nazirlər, istər ədliyyə strukturunda çalışan şəxslər, istərsə də parlamentarilər; fərqi yoxdur, hər kəs – ilin sonunda əməli tədbirlər adına hansı işlər gördüyünü ortaya qoymalıdır; “Bu cür olmalıdır” – deməməlidirlər, “Budur, bu cür oldu” – deməlidirlər; konkret olaraq həyata keçirilmiş işləri göstərməlidirlər.
Bu gün bizim problemlərimiz var; xalqın problem və çətinliklərini görməzliyə vurmaq olmaz, rəsmilər onlara ciddi yanaşmalıdır. İşsizlik, durğunluq, bahalaşma kimi problemlər olduqca önəmlidir; bütün bunlar var. Əlbəttə ki, rəsmilərimiz çalışır, biz bunu görürük, amma potensialımız daha böyükdür. İnşallah, məqamı gələndə bu barədə də danışacağam. Biz çıxılmaz bir vəziyyətdə deyilik, iqtisadi problemlər baxımından çıxmaza dirənməmişik. Problemlər var, problemlər bir neçə istiqamətdən bizi sıxır, amma bu problemlərdən hansı səmtdən çıxmaq lazım olduğu da məlumdur. Problemlərdən necə çıxmaq olar? Rəsmilər çalışıb səy göstərməlidir.
5-6 il bundan əvvəl mən ilin ilk günü etdiyim çıxışda demişdim ki, (4) hazırda İran xalqının düşmənləri gözünü iqtisadi problemlərə dikib; ölkəmizin iqtisadiyyatına təzyiq göstərməyə çalışırlar; iqtisadiyyatımızı elə bir formada sıxışdırmaq istəyirlər ki, xalq problemlərlə üz-üzə qalsın. Xalq problemlərin məngənəsində sıxılanda əli işdən soyuyacaq, hər şeydən küsəcək; düşmən də elə bunu istəyir. Düşmən istəyir ki, camaatımız öz inqilabından, öz hökumət sistemindən, öz dövlətindən, öz ölkəsindən soyusun, küskün düşsün, buna görə də iqtisadiyyata təzyiq göstərəcək. Və göstərdi də. Rəsmilər bu məqama diqqət yetirməlidir.
Əlbəttə, bizim problemimiz təkcə iqtisadiyyatla bağlı deyil. Hamı bilir ki, mən mədəniyyət məsələsinə də, elmi inkişafa da olduqca böyük həssaslıqla yanaşıram, lakin konkret zaman çərçivəsində prioritetlərə nəzər salanda ölkə iqtisadiyyatının birinci dərəcəli prioritet olduğunu görürük. Çünki düşmən əsas diqqəti məhz iqtisadiyyata yönəldib; bu günün özündə də bu istiqamətdə iş aparır; bunu hamı diqqətdə saxlamalıdır. İstər əvvəlki, istərsə də hazırkı ABŞ prezidentlərinin dövründə düşmənin çirkin planlarından biri ölkəmizi daim müharibə ilə hədələmək olmuşdur; vaxtaşırı öz bəyanatlarında İrana qarşı müharibə variantını da nəzərdən keçirdiklərini və sair bu kimi təhdidləri dilə gətiribər. O Avropa rəsmisi də bizim rəsmilərimizə deyir ki, İranda müharibə mütləq idi; guya nüvə razılaşması əldə olunmasaydı, müharibə qaçılmaz idi. Ağ yalandır! Elə isə bəs müharibədən danışmaqla nəyə nail olmaq istəyirlər? Bu təhdidlərlə bizim başımızı qatmaq istəyirlər; real müharibə isə başqa arenalarda gedir. Real olan müharibə iqtisadi müharibədir, sanksiyalardır, ölkədə fəaliş sektorlarını və texnoloji sferaları ələ keçirməkdir; əsl müharibə budur. Bizim diqqətimizi hərbi əməliyyatlara yönəldirlər ki, fikrimiz ortada real olaraq gedən bu əsl müharibədən yayınsın. Real müharibə mədəni müharibədir. Bizim gənclərimizi dindən, müqəddəs dəyərlərdən, iffət və həyadan uzaqlaşdırmaq üçün çoxlu sayda televiziya kanalı və internet şəbəkəsi gecə-gündüz fəaliyyətdədir. Bu məqsəd naminə ciddi şəkildə çalışır, böyük pullar xərcləyirlər. Gerçək müharibə budur.
Rəsmilərimiz diqqətli, ayıq-sayıq olmalıdır. Mən hörmətli ölkə başçımıza da demişəm ki, rəhbər işçilərə öz işlərini şəffaflıq və nəzarət əsasında həyata keçirmələrini tapşırsın. İdarə müdirləri, rəhbər kadrlar işlərin gedişini nəzarətdə saxlamalıdır. Biz: “Filan iş görülüsün!”, qarşı tərəf də: “Baş üstə!” – deməklə işlər reallaşmır. İşlərin həqiqətən də həyata keçirildiyi, nəticələrin ortada olduğu konkretləşdirilməlidir. Bizim bu şeylərə ehtiyacımız var, bu məqamlara diqqət yetirməliyik.
Sizin üçün Qurandan bir misal gətirmək istəyirəm:
وَ اَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّة
“Kafirlərə qarşı bacardığınız qədər qüvvə tədarük edin”. (“Ənfal” surəsi, 60-cı ayədən)Bu ayədə “qüvvə” deyilərkən, böyük ehtimalla, təkcə hərbi qüvvə nəzərdə tutulmur. Əlbəttə, bu da var, amma təkcə hərbi qüvvə deyil.
اَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّة – Demək istəyir ki, özünüzü daxildən bacardığınız qədər gücləndirin. Mən ölkənin daxili strukturunu möhkəmləndirməli olduğumuzu dönə-dönə vurğulamışam, o möhkəmləndirmə bax budur. Özünüzü elm baxımından gücləndirin, texnologiya baxımından gücləndirin, daxili istehsal baxımından gücləndirin, xarici bazarlara nüfuz etmə baxımından gücləndirin, ölkədə mövcud olan və hələ istifadə olunmamış potensialın üzə çıxarılması baxımından gücləndirin və həmin potensialı işə salın. Mən strateji siyasətləri elan edərkən ölkənin 8 faizlik iqtisadi artıma çatmalı olduğunu deyəndə bəziləri bunun mümkün olmadığını bildirmişdilər. Sonradan ekspertlər, mütəxəssislər bizim yanımıza gəlib bildirdilər ki, sahib olduğumuz potensialı nəzərə alsaq, ölkənin 8 faizdən də çox iqtisadi artıma nail olması mümkündür. İqtisadi artım deyəndə mən daha çox neft satışını nəzərdə tutmuram – əlbəttə, bu faydalıdır, amma mənim nəzərdə tutduğum bu deyil – mən daxili istehsalın artmasını, ölkənin iqtisadi cəhətdən daxildən güclənməsini, başqa sözlə, bu günə qədər dönə-dönə vurğuladığım müqavimət iqtisadiyyatını nəzərdə tuturam. Bəzi adamlar durub çatışmazlıqları gözə soxur, şişirdirlər, amma nə nailiyyətlərdən, nə də problemlərin həlli yollarından danışırlar. İrana qarşı sanksiya tətbiq etməsi üçün düşmənə işarə verən də elə onlar özləridir; sanksiyaların işarəsini onlar verib. Onlar özləri ölkənin zəif cəhətlərini hamıdan çox gözə soxur; ölkə daxilində bir o qədər də yox, daha çox xaricdə.
Əziz qardaşlar, bacılar, azərbaycanlı gənclər, çətin meydanlarda ağır sınaqlardan üzüağ çıxmış şücaətli insanlar! Bilin ki, əgər biz eyni hərəkət üslubu ilə, necə deyərlər, sükanı belə saxlayaraq irəli getsək, heç şübhəsiz, qələbə İran xalqının olacaq. Hamı düşünsün, hamı çalışsın, hamı əzmini toplasın, hamı gələcəyi nəzərdə tutsun, amalları gözünün qarşısında canlandıraraq onlara doğru irəliləsin, hamı bu müqəddəs ümidin şöləsini qəlbində qoruyub saxlasın. Allaha şükürlər edirik ki, qəlblərimizdə bu şölənin sönməsinə imkan vermədi, bir an belə olsun ölkənin gələcəyinə ümidimizi itirmədik və əlhəmdulillah, ümid etdiyimizdən də yaxşısını və artığını əldə etdik. Amma bu hələ bizim arzularımızın, istəklərimizin hamısı deyil; Allah-taalanın da bizdən istədiyi yalnız bununla yekunlaşmır. Biz irəliyə doğru kiçik bir addım atmışıq. Daha böyük addımlar atıb irəli getməli, inşallah, İslam dövlətinin vəd etdiyi ədalətli, mütərəqqi, qüdrətli və nüfuzlu müsəlman toplumuna qovuşmalıyıq və heç şübhəsiz, qovuşacağıq da; Allahın izni və istəyi ilə. Allah sizi qorusun!
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
___________________________
(1) Görüşün əvvəlində Vəli-fəqihin Şərqi Azərbaycan ostanı üzrə nümayəndəsi, Təbrizin imam-cüməsi Ayətullah Möhsün Müctəhidşəbüstəri çıxış etmişdir.
(2) Ali Məqamlı Rəhbər bu cümləni Azərbaycan dilində söyləyir.
(3) 1395-cı ilin şüarına işarə olunur.
(4) 01.01.1390-cı ildə müqəddəs Məşhəd şəhərində zəvvarlar və ətrafda yaşayan əhali qarşısında edilən çıxış nəzərdə tutulur.