Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
والحمدلله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین و لعنةالله علی اعدائهم اجمعین.
Əziz qumlular, Qum camaatını, Qum Teoloji Mərkəzini təmsil edən qardaş və bacılar, çox xoş gəlmisiniz! Hamınızı salamlayıram; zəhmət çəkmisiniz, lütf etmisiniz.
Tarixi yaddaşımızda daim yaşayacaq bu böyük və effektiv hadisəni bir daha ehtiramla yad edirəm. 19 dey hadisəsi, Qum əhalisinin xidmətləri, təqdirəlayiq xüsusiyyətləri barədə çox danışmışıq. Nə desək də, dəfələrlə deyilmiş, təkrar sözlər olacaq. Bu gün deyib-danışa biləcəklərimizin hamısının xülasəsi isə bayaq qaremizin oxuduğu o şərif ayədə öz əksini tapırdı:
لا یَستَوی مِنکُم مَن اَنفَقَ مِن قَبلِ الفَتحِ وَ قاتَلَ [اولٰئِکَ اَعظَمُ دَرَجَةً] مِنَ الَّذینَ اَنفَقوا مِن بَعدُ وَ قاتَلوا
“Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən ) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər”. (“Hədid” surəsi, 10-cu ayədən)
Qum camaatı hələ İran xalqı böyük hərəkat üçün ayağa qalxmazdan əvvəl qiyam etdi. Qum əhalisinin bu son dərəcə effektiv davranışı bütün İranı silkələdi, bütün hazırlıqlı qəlbləri bir fürsətə, bir imkana, bir həqiqətə cəlb etdi, nəticədə hərəkat başladı, ardınca da məlum hadisələr baş verdi. Bu barədə təkrar-təkrar danışmağa ehtiyac yoxdur, bizə lazım olan odur ki, həmin hadisələrdən dərs alaq. Bu cür hadisələrdən ibrət dərsi götürmək lazımdır. Dərslər də cürbəcürdür. Bizim – mənim, sizin, xalqımızın nümayəndələrinin – keçmişdə baş vermiş hadisələrdən ibrət dərsi götürməyə ehtiyacımız var.
Mən bunu dəfələrlə qeyd etmişəm, yenə də təkrar etmək istəyirəm ki, Qum hadisəsində əsas məqam xalqın vaxtında hərəkətə keçməsidir. Vaxtında görülən iş həmişə öz effektini göstərir və ya təsiri daha da güclü olur. Eyni işi təxirə salıb, üstündən bir müddət keçəndən sonra görəndə bəzən ümumiyyətlə effekti olmur, yaxud da az olur. Qumluların hünəri o idi ki, məqamı dərhal tutdular, düşməni vaxtında tanıdılar və elə əvvəldə, yubanmadan ona cavab verdilər; yoxsa əgər dahi liderimiz İmam Xomeyniyə (r.ə) qarşı o məkrli, xəbis hərəkət baş verdikdən sonra tərpənsəydilər, “indi edərik, sabah edərik, bir ay sonra edərik” desəydilər, sonrakı hadisələr əsla baş verməzdi. Vacib olan işin öz vaxtı var, onu vaxtında görmək lazımdır. Vacib işi görməyin ən yaxşı, ən üstün məqamı isə vaxtın əvvəlidir. Düzdür, bəziləri vacib olan işləri ümumiyyətlə görmürlər, “Əşi, heç nə olmaz!” – deyirlər, bəziləri gecikdirib görürlər, bəziləri isə vaxtı keçəndən sonra hərəkətə gəlirlər; təvvabin kimi. Təvvabin lazım olan vaxt – Aşura hadisəsi baş verəndə gəlmədi, iş işdən keçəndən sonra gəldilər. Və ya Mədinə əhalisinin şəhərin hakimi Abdullah ibn Hənzələyə qarşı qiyamı. Gəlib Yəzidin qarşısında durdular, qiyam etdilər, Mədinənin hakimini şəhərdən çıxardılar, amma bütün bunları gec etdilər. Bunu Hüseyn ibn Əlinin (ə) Mədinədən çıxdığını eşitdikləri zaman düşünməli idilər, amma etmədilər. Gec fikirləşdilər; bir il sonra. Nəticəsi nə oldu? Tarixin yaddaşında var: qətliam olundular, darmadağın edildilər, məhv edildilər, heç bir iş də görə bilmədilər. İşi vaxtında görmək lazımdır. Əgər hər bir işi öz vaxtında görmək istəyiriksə, gərək vacib işin hansı olduğunu, nə etməli olduğumuzu bilək ki, onu vaxtında həyata keçirək.
Demək istədiyim budur ki, İslam İnqilabı İran xalqının asılılıq və gerilik zillətindən qurtulmaq üçün atdığı böyük bir addımdır. Bu inqilab İslam dininin bərəkəti, istiqamətləndirməsi və rəhbəriyi ilə gerilik və asılılığı – bu iki böyük həqarəti İran xalqının üzərindən götürmək üçün baş vermiş əzəmətli bir hərəkat idi; uzun zamandır canımızda olan iki xroniki xəstəliyimiz var idi, onları aradan qaldırmalı idi; inqilab bu məqsədlə yarandı və İran İslam Respublikası bu əsaslar üzərində quruldu. Diqqət edin, bu xalqı gerilik və asılılıqdan xilas etmək məqsədilə bir hərəkat yaranır və uğur qazanır, inkişaf edirsə, o vaxta qədər xalqın gerilik və asılılığından mənfəət götürənlər, təbii ki, bu hərəkata, bu inqilaba, bu dövlətə düşmən kəsiləcəklər. Bu düşmən məsələsini mən özümdən düzəltmirəm; bəziləri elə hey deyir ki, “Siz özünüzdən düşmən çıxarırsınız”. Düşməni İran xalqının hərəkatı çıxarır! Təsəvvür edin, evinizi, dükanınızı, yaşadığınız, istirahət etdiyiniz məkanı bir quldur zəbt edib. Siz gəlib onu çölə çıxarırsınızsa, öz haqqınızı bərpa etmiş, geri almış olursunuz, o isə sizinlə düşmənçilik etməyə başlayır. Nə qədər ki sizə qalib gələcəyinə ümidi var, sizə zərbə vuracaq. Biz heç kəslə yeni düşmənçilik yaratmamışıq; düşmənçilik edən onlardır. İranın özlərindən asılı olmasından xeyir götürənlər bu gün bizə düşməndir; barışmaz düşmən! İran xalqının geriliyi sayəsində öz mənafeyini təmin edənlər bu gün bizə düşməndir; qatı, barışmaz düşmən. Əlbəttə, ola bilsin ki, bu düşmənçilik Qiyamətə qədər çəkməsin;
عَسَی اللّهُ اَن یَجعَلَ بَینَکُم وَ بَینَ الَّذینَ عادَیتُم مِنهُم مَوَدَّة
“(Ey möminlər) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr arasında (onları İslam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın”. (“Mumtəhinə” surəsi, 7-ci ayədən)
Ola bilsin ki, gələcəkdə nə vaxtsa – 50 il, 100 il sonra; bilmirəm – bu düşmənçiliyə son qoyulsun, amma düşmənçiliyə son qoyulmasının şərti nədir? Şərti odur ki, ya düşmən ümidini üzə, ya da islah oluna. Düzdür, islah olunmaq məsələsi zəif ehtimaldır, super-güclərin islah olunmağına güman çox azdır. Nə isə, hər halda, bu düşmənçilik var. Vaxtında hərəkətə keçməyi öyrənmək üçün isə biz düşməni tanımalı, hansı istiqamətdən hücuma keçə biləcəyindən xəbərdar olmalıyıq. O qədər sayıq və gözüaçıq olmalıyıq ki, düşmən hansısa addımı atan kimi məqsədinin nə olduğunu anlayaq. Hədəfi biziksə, çarəsini edək, ayağa qalxaq, müqavimət göstərək; bu, bizim vəzifəmizdir. Bu gün mən bu barədə bir neçə cümlə qeyd etmək istəyirəm. Əvvəla, düşmən kimdir? Bu gün düşmən konkret olaraq Amerika, İngiltərə, dünyadakı nəhəng kapitalist güclər, sionistlər və onların əlaltılarıdır (doğrudur, əlaltıları bir o qədər dəyərli, əhəmiyyətli deyillər ki, adlarını çəkəsən); əsas düşmənlərimiz bunlardır. Amerika İslam Respubikasına, müstəqil İrana, inkişaf etməkdə, irəli getməkdə olan İrana düşməndir; hazırda təzədən bu regiona nüfuz etmək istəyən “qoca müstəmləkəçi” İngiltərə İrana düşməndir; sionistlər düşməndir; beynəlxalq arenada pul və sərvət gücünə ağalıq edən kapitalistlər düşməndir; əsas düşmənlər bunlardır.
Əlbəttə, onu da deməliyəm ki, düşmən təkcə bunlar deyil, bunlardan savayı, bizim öz içimizdə başqa bir düşmən də var. Bizim, yəni kimin? Yəni mənim, sizin, rəsmilərimizin, gənclərimizin. İçimizdəki o düşmən nədir? O düşmən həvəssizlikdir, ümidsizlikdir, ətalətdir, pessimizmdir, tənbəllikdir; bunlar bizim düşmənimizdir.
(1) اَللّهُمَّ اِنّی اَعوذُ بِکَ مِنَ الکَسَلِ وَ الهَرَمِ وَ الجُبنِ وَ البُخلِ وَ الغَفلَةِ وَ القَسوَةِ وَ الفَترَةِ وَ المَسکَنَة
Bu şeylər bizə düşməndir.
(2) اَللّهُمَّ اِنّی اَعوذُ بِکَ مِن نَفسٍ لا تَشبَع وَ مِن قَلبٍ لا یَخشَع وَ مِن دُعاءٍ لا یُسمَع و مِن صَلاةٍ لا تَنفَع
Bunlar bizim daxilimizdə olan düşmənlərdir; hər şeyi xaricilərin boynuna atmayaq. Əgər biz özümüz də lazımınca davranmasaq, vaxtında hərəkətə keçməsək, tənbəllik etsək, düşməni səhv tanısaq, ən böyük Şeytanın əvəzinə, fərsiz, yaramaz qardaşımızı – hansı ki bizə qardaşdır, amma fərsizdir, yaramazdır – öz qardaşımızı böyük Şeytan kimi görsək, zərbə alacağıq. Deməli, bunlar da bizim düşmənimizdir, diqqətli olmalıyıq. “Xarici düşmən” deyiriksə, bu o demək deyil ki, özümüzdə heç bir nöqsan və boşluq yoxdur. Yox, yanlış siyasətlər, pis siyasətlər, xoşagəlməz davranışlar, cürbəcür əsassız konfliktlər, tənbəllik, iş görməmək, dar çərçivəli yanaşmalar – bütün bunlar bizim düşmənimizdir; bunlar da var.
Yaxşı, Amerika, İngiltərə, yaxud başqa hansısa xarici düşməndən danışırıqsa, bu, sırf şüarçılıqdır, ya yox? Mən sizə deyim ki, yox, şüarçılıq deyil. Bu, reallığa əsaslanır. Biz dünyada gedən proseslər haqda məlumat alırıq. Misal üçün, Amerikanın o “xoşxasiyyət” (3) Xarici İşlər Naziri (4) özünün vida məktubunda sonrakı hökumətə İrana qarşı mümkün qədər daha sərt davranmağı, sanksiyaları qoruyub saxlamağı tövsiyə edir, “Yalnız bizim etdiyimiz kimi, İrana qarşı sərt olmaqla o ölkədən hansısa imtiyaz almaq mümkündür” – deyirsə, (bu, onun fikridir) bu, düşməndir də; hələ bu, gülərüz düşməndir; bir vaxtlar eləsi (5) var idi ki, açıq-açığına: “İran şər ocağıdır” – deyirdi; bu açıq-aşkar demir, amma rəftarı eynidir. Bu da düşmən. Deməli, biz elə hey “düşmən, düşmən” deyiriksə, bu, şüar həvəsində olduğumuza görə deyil; bəzi insafsız adamların dediyi kimi, daxildəki işlərimizin öhdəsindən gələ bilmədiyimizə görə əlacsız qalıb özümüzə düşmən düzəltmirik; bu, düşmən düzəltmək deyil, düşmən var, gözünü aç, gör; gözünü bağlasan, əlbəttə ki, görməyəcəksən. Başını qarın altına soxsan, görməyəcəksən; başını qaldır, bax, görəcəksən.
Dedik ki, İngiltərə! İngilislər təzədən Fars Körfəzinə gəliblər; əlbəttə, bizim bundan hələ 1-2 il əvvəl xəbərimiz var idi, bunların yenidən Fars Körfəzinə gəlmək niyyətində olduqlarını eşitmişdik; hazırda gəliblər. Bura gəlib Fars Körfəzi ətrafındakı bəzi dövlət başçılarına: “İran sizin üçün təhlükədir!” – deyirlər; heç aralarında elə bir səmimiyyət də yoxdur; həmin dövlət başçıları ilə həqiqətən səmimi olduqlarını da düşünmək olmaz; istifadə etmək istəyirlər, onları tabe etməyin mümkün olduğunu bilirlər. Əslində isə təhlükə ingilislər özləridir. Bu gün İngiltərədə müəyyən dairələr oturub regionumuz və İran İslam dövləti üçün planlar cızırlar. Planlarından biri də region ölkələrini parçalamaqdır. Bu dediklərim güman, təhlil deyil, dəqiq məlumatlara əsaslanır. Deyirlər ki, bir İraq, bir Suriya, bir Yəmən, bir Liviyanın dövrü keçib; yəni İraq da, Suriya da, Liviya da, Yəmən də bölünməlidir. İranın adını çəkmirlər, çünki buna cürət etmirlər, qorxurlar. İran ictimaiyyətinin rəyindən qorxurlar, yoxsa getməmişdən əvvəl Məhəmmədrzanın dediklərini bunlar da deyərdilər. Məhəmmədrza demişdi ki, “Əgər biz getsək, İran İranistan olacaq”; demək istəyirdi ki, Əfqanıstan, Türkmənistan və sair kimi, burada da ölkənin bir hissəsi İranistan adı ilə qalacaq, qalanı müxtəlif dövlətlər arasında bölünəcək. Bunların da ürəyindən keçən odur. Nə vaxtsa o ümidlə yaşayırdılar, əllərindən gələni etdilər, ağızlarının payını da aldılar, amma beyinlərində hələ də qalıb; intəhası dilə gətirib demirlər. Bəli, bu düşmən var. Düşmənin daha buynuzu olmur ki?! İndidən oturub nüvə razılaşması başa çatandan sonrasını fikirləşirlər ki, “ondan sonra İranın üzərinə nə məhdudiyyətlər qoyacağıq?” Düşünürlər ki, nüvə razılaşması, misal üçün, 10 il, 12 il çəkməlidir. İndidən oturub fikirləşirlər ki, o zaman İrana məhdudiyyət qoymaq üçün nə edəcək, nə deyəcək, hansı addımları atacaqlar. Daha bundan da pis, bundan da xəbis düşmən necə olur ki?! Mən “xəbis ingilis” deyəndə bax onların bu xəbisliklərini nəzərdə tuturam.
Onların planlarından biri də yerlərdə seçilmiş insanları öyrədib ölkəyə və dövlətə qarşı ideoloji cəhətdən silahlandırmaqdır; yəni deyirlər ki, biz bu ölkələrdə, o cümlədən İranda elə İranın özündən müəyyən adamlar seçib əlaqəyə girək, o adamları öyrədib hazırlayaq (bu da ki, hazırda çox asandır; internet var, virtual aləm var, cürbəcür kommunikasiya vasitələri var), onlar da ölkənin, İslam dövlətinin, xalqın canına düşsünlər. Bunların dediyi budur. Yaxşı, indi bu, düşmən deyil, bəs nədir?!
Bu düşməni tanımaq lazımdır. Bayaq dedim ki, həm düşməni, həm də onun düşmənçilik metodlarını tanımaq lazımdır. Bunların düşmənçilik etmək üçün nəzərdə tutduğu bütün yol və vasitələrdən, bütün prinsip və metodlardan hamı xəbərdar olmalıdır; rəsmilərimiz də, xalqımız da, gənclərimiz də, fəhlələrimiz də, ziyalılarımız da. Hamı bilməlidir ki, düşmənin hədəfi bəzən radiolarında və ya hansısa təşkilatlarında dedikləri kimi, ayrı-ayrı şəxslər, məsələn, Əli Xamenei və ya başqa biri deyil, bunu yalan deyirlər; onların hədəfi İran xalqıdır, müsəlman İranıdır, İslam dövlətidir. Ayrı-ayrı şəxslərə və ya qurumlara qarşı düşmənçilik edirlərsə də, səbəb odur ki, həmin insanların, yaxud qurumların sinələrini sipər edib mübarizə apardığını hiss edir və onları geri oturtmaq lazım olduğunu düşünürlər. Az sonra bu barədə də danışacağam.
Yaxşı, bəs biz bu düşmənçilik qarşısında nə etməliyik? Bizim vəzifəmiz ölkəmizi həm gücləndirmək, həm də onun müqavimət qabiliyyətini artırmaqdır. Ölkənin gücünü artırmalı, müqavimətini yüksəltməliyik. Ölkənin gücünü necə artırmaq olar? Bu barədə düşünmək və fəaliyyət proqramları hazırlamaq lazımdır. Bu iş isə bizim hamımızın öhdəsinə düşür; rəsmilərin, siyasətçilərin, teoloji mərkəzlərin, universitetlərin, mədəniyyət xadimlərinin, siyasi fəalların. Onlar bu məsələlər barədə düşünüb, görüləcək işləri planlaşdırmalıdırlar. Biz ölkəni gücləndirməli, onun müqavimət gücünü artırmalıyıq.
Ölkəni necə gücləndirmək lazımdır? Ölkəyə güc qazandıran amillər hansılardır? Bir neçəsini mən sayım: biri İslama imandır, dini inancdır. Dini inanc bu ölkəyə müqavimət gücü və dinamiklik qazandıran ən mühüm amillərdən biridir. Özü də bu təkcə indi belə deyil, 130-140 il əvvəldən üzü bəri bu ölkədə effektiv olmuş, cərəyan yaratmış, təsir buraxmış istənilən hərəkatda birinci sözü dini inanc deyib. Başlayaq elə Tənbəki üsyanından. Möhtəşəm xalq hərəkatı olan Tənbəki olayında dini faktor mühüm rol oynamışdı; mərcə-təqlid hökm çıxarmışdı, xalq da onun çıxardığı hökm əsasında, öz dini inancından çıxış edərək addım atmış və uzun illər boyu bu xalqa əzab-əziyyət yaşadan böyük bir xəyanətə son qoymuşdu; bu, biri.
Məşrutə; Məşrutə xalqın dindarlığının təzahürü olan din alimlərinin avanqardlığı ilə inkişaf edə bilmiş bir hərəkat idi. Doğrudur, ölkədə hansısa ziyalılar, yazarlar, gizli təşkilatlar var idi, o demək deyil ki, yox idi, amma irəli gəlmir, heç bir iş görə bilmirdilər, xalq arasında nüfuza malik deyildilər. Məşrutə hərəkatında xalqı meydanlara çəkib gətirən mərhum Şeyx Fəzlullah Nuri, Seyid Məhəmməd Təbatəbayi, Seyid Abdullah Bohbohani kimi nüfuzlu din alimlərinin iştirakı olmuşdu; onlar çox böyük din alimləri idi; eynilə Tehranda, Təbrizdə, bəzi digər şəhərlərdə, Farsda da böyük din alimləri qabağa düşdülər, xalq da onların ardınca getdi. Düzdür, burada ingilislər bizdən daha zirək davranıb həm alimlər, həm də camaat arasında ixtilaf yaratdılar. Tehranda o iki böyük alimlə şəhid Şeyx Fəzlullah Nurinin arasına ixtilaf saldılar. Məşrutənin yaradılması üçün ən birinci addım atmış ruhani alimlərdən olan Şeyx Fəzlullah Nurini Məşrutənin əleyhinə çıxmaqda ittiham edərək asdılar! Bu, onların işi idi. Camaatı çəkib səfirliyə apardılar və bir qrup adam ingilislərə Məşrutənin dostluğunu təqdim etdi. Nəticədə Məşrutə arxasınca Rzaxanı, bu ölkə üçün 50-60 il geriliyi gətirən bir şeyə çevrildi; halbuki hərəkatın başlanğıcında dini faktor var idi.
Neft sənayesinin milliləşdirilməsi; baxın, bunlar tarixdir. Buna görə mən həmişə deyirəm ki, tarixi oxuyun, tarixi hadisələr ətrafında düşünün. Əgər ruhani alimlər olmasaydı, dini motiv olmasaydı, neft sənayesinin milliləşdirilməsi məsələsində əsla uğur qazanılmazdı. Bunu hamı bilsin. Bu hərəkatın başlanğıcında Ayətullah Kaşani var idi, onun dayağı isə Qumda Seyid Məhəmmədtəqi Xansari kimi bir mərcə-təqlid idi. Bu ideyanı genişləndirənlər Qumda bir qrup adam və bizim bu Məşhəddə bir din alimi, yüksək səviyyəli bir minbər adamı, natiq, mütəffəkkir, fəal ruhani olmuşdu. Neft sənayesinin milliləşdirilməsi ideyasını təbliğ edənlər bunlar idi, xalq din naminə irəli durmuşdu. Sonradan mərhum Kaşanini, ruhani alimləri, dindarları uzaqlaşdırandan sonra Müsəddiq məğlub oldu. Nə qədər ki din var idi, dini iman faktoru var idi, hərəkat irəli gedirdi, bu faktor kənarlaşdırılandan sonra isə ətalətə uğradı, məğlub oldu, əksinə döndü. Bir amerikalı bir çamadan pulla Tehrana gəlib hər şeyi alt-üst etdi.
Ölkədə həyata keçmiş bütün hərəkatlarda dini iman faktoru özünü açıq-aydın göstərir; 15 xordadda, İslam İnqilabında, Müqəddəs Müdafiədə. Müxtəlif proseslərdə xalqı meydanlara çəkib gətirən din faktoru və dini stimul olmuşdur. 3-4 oğlu Allah yolunda şəhid olmuş valideyn sevinir ki, övladları Allah yolunda şəhid olub. Dini inancdan doğan stimul ölkə üçün güc və iqtidar amillərindən biridir.
Bax buna qarşı düşmənçilik edirlər, bunu qoruyub saxlamaq lazımdır. Bu gün xalqımızın dini stimuluna qarşı hər tərəfdən düşmənçilik edənlər var. Məqsədləri əvvəlcə gənclərin, sonra isə ictimaiyyətin digər müxtəlif təbəqələrinin dini inancını cürbəcür adlar altında və cürbəcür formalarda yox etməkdir. Bu gün düşmən bu işi həyata keçirir.
Dini inancdan əlavə, dini dərk də lazımdır. Dini inanc dini dərklə yanaşı olmalıdır. Dini dərk nədir? Mərhum Müdərris bu barədə çox gözəl deyir: “Bizim siyasətimiz elə dindarlığımız, dindarlığımız isə elə siyasətimizdir”. Dahi liderimiz İmam Xomeyni də bunu həm söyləmiş, həm də həyata keçirmişdir. Ölkəyə iqtidar qazandıran amillərdən biri də budur. Bu gün Amerika və İngiltərədə düşünüb planlar cızan, öndə gedən KİV-i, internet mediasını, siyasətçiləri və sairi istiqamətləndirən beyin mərkəzləri onlara əsas etibarilə bunu tövsiyə edir ki, siyasiləşmiş dinə qarşı mübarizə aparsınlar; yəni dinin siyasətdən, dolayısı ilə həyatdan ayrı olduğunu təbliğ etsinlər; məscid küncündə, evdə oturan, yalnız qəlbdə qalan, əməldə əks olunmayan bir dini yaysınlar; iqtisadiyyat dindən uzaq olsun, siyasət dindən uzaq olsun, dinin göstərişlərinin əksinə olaraq, xalqlar düşmənə tabe olsunlar, dostla vuruşub, düşmənlə dil tapsınlar, amma üzdə din olsun; bunu istəyirlər. Dini dərk dinin hakimiyyətdən kənar olmadığını bilmək, bunu dərk etməkdir. Özü də bu, bütün dinlərə şamil olunur. Biz bunun bütün dinlərə, hətta xristianlığa da aid olduğunu deyirik, İslam dinində isə bu prinsip daha açıq və birbaşa surətdə əksini tapır. Məkkədəki gizli fəaliyyət dövründən sonra Peyğəmbərin (s) gördüyü ilk iş hökumət yaratmaq olmuşdu. O həzrət gətirdiyi dini məhz hakimiyyət formatına çevirərək yaymağa nail olmuşdur. Dinin hakimiyyətdən ayrı olması o deməkdir ki, din elə oturub həmişə öyüd-nəsihət etsin, danışsın, güc və hakimiyyət sahibləri isə dinə zidd olsa belə, ürəkləri istəyəni etsinlər, istədikləri vaxt da bunların başına bir təpik vursunlar. Siyasətdən kənar din budur. Bunu istəyirlər, buna nail olmağa çalışırlar. Xeyr, bilmək lazımdır ki, din siyasətdən ayrı deyil və dinin düşməni dövləti, gücü, ordusu, iqtisadiyyatı, maliyyə sistemi, cürbəcür idarəetmə orqanları olan dindən qorxur, belə bir dindən çəkinir. Yoxsa din elə camaatın gedib məsciddə ibadət etməsidirsə, bu onları qorxutmur; etsinlər də; 100 il ibadət etsinlər. Deməli, ölkəyə güc və iqtidar qazandıran amillərdən biri də budur. Bilin ki, düzgün dini dərk dini yaşamdan, siyasətdən ayrı tutmamaq, ictimai həyatın bütün sferalarında onun iştirakını zəruri bilməkdir. Bunu reallaşdırmaq, buna çalışmaq lazımdır. Yoxsa ki dinin quruca adı ilə, bizlərin başımıza əmmamə qoyub ruhani görüntüsü yaratmağımızla heç nə olan deyil; həqiqətən hərəkət etməliyik.
Ölkəni qüdrətli edən amillərdən biri də sürətli elmi inkişafdır, elm sahəsində qazanılan uğur və nailiyyətlərdir. Mən «اَلعِلمُ سُلطان» – “Elm şahdır” (6) hədisini dəfələrlə demişəm. Bizim elmi cəhətdən güclü olmağımızın da əleyhinədirlər.
Bayaq dedim ki, xəbis ingilislər ölkə daxilində bəzi adamları öz tərəflərinə çəkib ideoloji cəhətdən silahlandırmağı tövsiyə edirlər. Bax həmin adamlar bəzən elmi inkişafın qarşısını almaq üçün universitetlərimizdə gəncləri pessimist ruhda kökləməyə çalışır, aralarında xüsusilə istedadlı olanları isə xaricə köçüb getməyə təşviq edirlər. Deyirlər, “Çıx get filan ölkəyə, burada qalıb nə edəcəksən, özünü hayıf eləmə!” Üstəlik hələ pul da verirlər, mükafat da verirlər. Əlbəttə ki, mömin gənclərimiz möhkəmdir, mən özüm bunun şahidiyəm. Universitetlərdə və ondan kənarda düşmənə satılmış bəzi ünsürlərin gənclərimizin qəlbinə ümidsizlik toxumu səpmək üçün həyata keçirdiyi çirkin əməllərə baxmayaraq, gənclərimiz, mömin cavanlarımız möhkəm durublar. Bir neçə gün bundan əvvəl ölkənin öndə gedən bir universitetinin (7) müxtəlif elmi müsabiqələrdə medal qazanmış qabaqcıl tələbələri bura gəlmişdi, elə söhbət edirdilər ki, danışıqlarının gözəlliyinə, doğruluğuna, fikirlərinin nə qədər əsaslı olduğuna, həqiqətən də, heyran qalırdın. Bir qədər sonra deyəcəyəm; bunlar bizim xalqımızı tanıya bilməyiblər, amma biz onların məkrli planlarına bələd olmalıyıq. Ölkəyə müqavimət gücü verən amillərdən biri də elmi inkişafdır. Ölkəmizin elmi inkişafının nə dayanmasına, nə də sürət tempinin azalmasına imkan vermək olmaz.
Digər bir mühüm məsələ isə iqtisadi inkişafdır, əhalinin rifahı ilə bağlı problemlərin həllidir. Onların bu sanksiyaları tətbiq etməklə izlədiyi hədəflərdən biri də xalqı dövlətdən uzaqlaşdırmaqdır; xalq problemlər yaşasın, işsizlik olsun, durğunluq olsun, cürbəcür iqtisadi problemlər olsun; biz elə hey danışaq, camaat da problemlərin içində çabalasın. Sanksiyaları bütün bunlara nail olmaq üçün qoyurlar, gözdən pərdə asmaq üçün guya götürəndə də elə bir formada götürürlər ki, bu problemlərə son qoyulmasın. Bəs belə olan halda biz nə etməliyik? Bizim padzəhərimiz odur ki, iqtisadiyyatımızın güclü, müqavimət qabiliyyətli, dayanıqlı olmasına çalışaq; yəni dönə-dönə vurğuladığımız həmin o müqavimət iqtisadiyyatını təmin edək. Ölkəni güclü edən amillərdən biri də budur. Güclü iqtisadiyyatı olan ölkənin valyutası da dəyərli olacaq, rəsmiləri də nüfuz qazanacaq, xalqı da hörmətli olacaq və artıq heç kim ona zorla nəyisə qəbul etdirə bilməyəcək. Dəfələrlə demişik ki, bu neft quyularını sümürməkdən, neftdən asılı qalmaqdan tədricən uzaqlaşmalıyıq, bunu tədricən azaltmaq lazımdır. Neft siyasəti, neftin qiymətinin qalxıb-enməsi xaricilərin əlindədir; neft bizimdir, amma ixtiyarı başqalarındadır. Biz ölkəmizin iqtisadiyyatını gücləndirməyə nail olmalıyıq, elə etməliyik ki, iqtisadiyyatımızı möhkəmləndirək. Bu, güc qazandıran faktorlardan biridir.
Ölkəni güclü edən amillərdən biri də beynəlxalq danışıqlarda, diplomatik görüşlərdə milli qürur və heysiyyəti qorumaq, başqalarının diktəsinə boyun əyməməkdir. Belə görüşlərdə oturub qarşı tərəflə danışıqlar aparanda o, bizim əhval-ruhiyyəmizin necə olduğuna, nə dərəcədə stimullu, əzmli olduğumuza diqqət yetirir və gəldiyi nəticəyə əsasən davranır. Ölkənin, xalqın qürur və heysiyyətini qorumaq lazımdır. O zaman xalq da özündə ləyaqət, heysiyyət hiss edəcək və bu, ölkənin güclü, qüdrətli olmasına yol açacaq.
Əgər hansı vasitələrlə müqavimət göstərmək lazım olduğunu, düşmənin hansı istiqamətlərdən iş apardığını, doğrudan da, bilsək, o zaman onun qarşısında nə etməli olduğumuzu da bilərik, planımız da olar, bayaq sadaladığım iqtidar faktorlarını da özümüzdə gücləndirə bilərik. Yox əgər bunlardan xəbərdar olmasaq, bəzən düşmənin dəyirmanına su da tökə bilərik. Dəfələrlə misal çəkmişəm: cəbhədə əsgəri yuxu aparsa, oyanıb yuxulu başla nə etdiyini bilmədən topu özününkülərə tərəf də yönəldib atəş aça bilər. Əgər siz dost-düşmənin harada olduğunu bilməsəniz, düşmən əvəzinə dostunuza zərbə endirə bilərsiniz. Gözüaçıqlıq, məlumatlılıq bax buna görə lazımdır.
Düşmən milli iqtidarın az öncə sadaladığım amillərini yox etmək istəyir; düşmənin məqsədi budur. İmanı yox etmək istəyir, abır-həyanı yox etmək istəyir, dinin əsaslarına bağlılığı yox etmək istəyir, dini hakimiyyətə olan güclü inamı yox etmək istəyir, milli heysiyyətə zərbə vurmaq istəyir, elmi inkişafı durdurmaq istəyir, ölkənin və xalqın qüdrət simvolu olan dövlət qurumlarını zəiflətmək istəyir. Özünüz görürsünüz: Keşikçi Korpusa hücumlar edilir, Bəsicə hücumlar edilir, Keşikçi Şuraya hücumlar edilir; hamısı ona görədir. Hakimiyyətin iki qolunun başçıları arasında son zamanlar baş verən mübahisələrlə mənim işim yoxdur, bunlar önəmli məsələlər deyil və Allahın köməyi ilə qurtarıb gedəcək; əhəmiyyətli bir şey deyil, düşmən bunları böyütməyə çalışır; amma onu da deyim ki, müstəqil, cəsarətli və qətiyyətli bir məhkəmə hakimiyyətinin varlığını hamı yüksək qiymətləndirməli, qədrini bilməlidir; hamı kömək etməlidir. Mən həm hakimiyyətə gələn hökumətləri, həm məhkəmə hakimiyyətini, həm də parlamenti dəstəkləyirəm; mən hamını dəstəkləyirəm, amma baxmaq lazımdır ki, düşmənin hədəflərini nələr puça çıxara bilər? Əgər bizim güclü bir təhlükəsizlik strukturumuz, xalqın arasından, insanlarımızın öz istəyi ilə formalaşan qüdrətli bir hərbi qurumumuz, Bəsic adlı möhtəşəm bir xalq hərəkatımız, hazırkı dövrü düzgün qiymətləndirməyi bacarıb ictimai-siyasi proseslərdə fəal iştirak edən ruhanilərimiz, mükəmməl və qüdrətli bir məhkəmə hakimiyyətimiz, dəqiq fəaliyyət proqramları əsasında işləyən şücaətli bir dövlətimiz olsa, ölkəmizin və xalqımızın hərəkatı uğurlu olacaq. Bunlar üçün çalışmaq, bu şeyləri təmin etmək lazımdır. Hansı varımızdırsa, Allaha şükür edib qoruyaq, hansı yoxumuzdursa, təmin edək, özümüz üçün qurub yaradaq.
Sevindirici haldır ki, bu gün çox yaxşı işlər görülür; həm elm və mədəniyyət sferasında – qeyd etdiyim kimi – həm də digər sferalarda. Müxtəlif müsabiqələrdə ölkəyə ən yüksək medallar qazandıran övladlarımızın çoxu bəsicidir. Mən burada tələbələrlə tez-tez görüşürəm; elə bir neçə gün bundan əvvəl də Şərif Universitetində təhsil alan bəsici gənclər, medal alanlar gəlmişdilər; onlarla medal, bəsicin sıralarında təmsil olunan onlarla istedadlı gənc. Başqa universitetlərdə də belə gənclərimiz çoxdur. İstedadlı, fəal, dinamik, parlaq zəkalı tələbələrimiz var. Həmçinin universitet müəllimləri içərisində də bu gün inqilabi ideyaların, inqilabi stimulun, inqilab əzminin daşıyıcısı olan bir çox insanlara rast gəlmək olur. Mədəniyyət, incəsənət, siyasət sferalarında da eynilə. Sadaladığım bütün bu sahələrdə stimullu gənclərə bacardığımız qədər kömək edib dəstək olmalıyıq.
Əlbəttə, mən bunu qətiyyətlə söyləyirəm ki, hazırladığı bütün planlara baxmayaraq, düşmən xalqımızı tanıya bilməyib, İran xalqını tanımır, səhvə yol verir. Özünüz gördünüz, 1388-ci ildə səhvə yol verərək o fitnəni törətdilər, məsələni çox həssas, incə bir məqama gətirib çıxardıqlarını düşündülər, lakin qəflətən 9 deydə atılan ümummilli addım hər şeyi məhv etdi. 1388-ci ilin 9 deyində baş verən o hərəkat sizin 1356-cı ilin 19 deyində həyata keçirdiyiniz hərəkatdan idi.
Odur ki ölkə ictimaiyyətinin bütün fəal təbəqələrinin – ruhanilərdən tutmuş universitetlərin tələbə və müəllim kollektivinə, ölkə rəsmilərinə, ölkəni idarə edən şəxslərə, xüsusilə də yüksək ranqlı rəsmilərə, parlament nümayəndələrinə, ziyalılara, yazarlara qədər hamımızın vəzifəsi az öncə sadaladığım, ölkəmizə güc-qüdrət qazandıracaq amilləri gücləndirməkdir. İranı sevən hər kəs bilməlidir ki, gənclərimizin dini imanına edilən hücumlar İrana xəyanətdir. Elə şəxslər var ki, İranı sevirlər, ölkəni sevirlər, amma din, şəriət və bu kimi şeylərə o qədər də bağlı deyillər. Onlar da bilməlidir ki, əgər İranı, doğrudan da, sevirlərsə, əgər həqiqətən xain deyillərsə, dost cildində düşmən deyillərsə, dini, gənclərin dinini, gənclərin imanını zəiflətməməlidirlər. Gənclərin imanını zəiflədən şəxs təkcə dinə yox, həm də ölkəyə xəyanət etmiş olur.
Ölkəmizi və xalqımızı güclü edəcək bu faktorlar ictimaiyyətin bütün bu təbəqələri tərəfindən gücləndirilməli, qorunmalı və konkret hədəf olaraq izlənməlidir.
Sevindirici haldır ki, bu gün ictimaiyyətimizin böyük bir hissəsi bu vəzifəni yerinə yetirməkdədir və bundan sonra sayları daha da artacaq. Bu gün biz 19 dey hadisəsindən bu dərsi götürməliyik ki, düşməni tanımaq, hansı istiqamətdən, hansı metod və vasitələrlə hücuma keçəcəyini bilmək və vaxtında, yubanmadan, əldə olan hər bir vasitə ilə ona qarşı mübarizə aparmaq lazımdır. Bunu edə bilsək, bilin ki, yer üzündəki beynəlxalq səviyyəli düşmənlərimiz – bayaq dediklərim; Amerika, İngiltərə, sionizm, beynəlxalq kompaniyalar, nəhəng kapitalistlər, qatı və barışmaz düşmənlər – İran xalqının qarşısında heç bir qələt edə bilməyəcəklər(8). Hə, Allaha şükür, şüar demək istəyənlər də bu son məqamda ürəklərini boşaltdılar (9).
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
____________________________
(1) Kafi, c.2, səh.586
(2) Kafi, c.2, səh.586
(3) İştirakçılar gülür
(4) Con Kerri
(5) ABŞ-ın keçmiş prezidentlərindən olan Corc Buş nəzərdə tutulur
(6) İbn Əbilhədid, “Nəhcül-bəlağə”nin şərhi, c.20, səh. 319
(7) Şərif Sənaye Universitetinin bəsici tələbə və müəllimləri ilə 13.10.1395-ci ildə keçirilən görüş
(8) İştirakçılar təkbir deyir.
(9) Ali Məqamlı Rəhbər özü və iştirakçılar gülür.