Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Həzrət Peyğəmbər (s) və İmam Sadiqin (ə) mübarək mövludları ilə əlaqədar olaraq, Vəhdət Konfransında iştirak etmiş qonaqlar və hökumət rəsmiləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

والحمدلله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا محمّد و آله الطّاهرین و علی صحبه المنتجبین و علی من تابعهم باحسان الی یوم الدّین

Kainatın sevinci, varlıq aləmindəki məxluqatın ağası, əzəmətli peyğəmbər Həzrət Məhəmməd ibn Abdullah (s) və onun övladı, imaməti dövründə Allah-taalanın yer üzündə höccəti olmuş Həzrət Əba Əbdillah Sadiqin (ə) mübarək mövludları münasibətilə hamınızı təbrik edirəm. Ümidvaram, Uca Yaradan bizim hamımıza, bütün müsəlmanlara, yer üzünün bütün ziyalılarına bu nemətlərin qədrini bilmək, onları dərk etmək, varlıq aləminin dayaqları olan bu əzəmətli şəxsiyyətlərin bizə göstərdiyi doğru yolla – sirati-müstəqimlə irəliləməyə çalışmaq uğurunu nəsib edər.

Əzəməti İslam Peyğəmbərinin (s) müqəddəs varlığının var olmasının əhəmiyyəti o qədər böyükdür ki, Allah-taala belə bir nemət verdiyinə görə bəşəriyyətə yaxşı mənada minnət, lütf etdiyini bildirərək buyurur:

لَقَد مَنَّ اللّهُ عَلَی المُؤمِنینَ اِذ بَعَثَ فیهِم رَسولًا مِن اَنفُسِهِم

“Allah möminlərə lütf etdi, çünki onların öz içərisindən onlara ... bir peyğəmbər göndərdi”. (“Ali-İmran” surəsi, 164-cü ayədən)

“Səhifeyi-Səccadiyə”də (2) İmam Səccad (ə) Allah-taalaya xitabən buyurur:

اَلحَمدُلِلّهِ الَّذی مَنَّ عَلَینا بِمُحَمَّدٍ نَبیِّه دونَ الاُمَمِ الماضیَة وَ القُرونِ السّالِفَة

Quranda və məsum imamların kəlamında Allah-taalanın bu böyük neməti əta etməklə bəşəriyyətə lütf və minnət etdiyi açıq-aşkar öz əksini tapır; bu, çox əzəmətli bir nemətdir. Allah-taala Həzrət Peyğəmbər (s) haqqında «رَحمَةً لِلعٰلَمین» – “aləmlər üçün rəhmət” (3) ifadəsini işlədir, “insanların müəyyən bir qismi”, yaxud “bəşəriyyətin bir hissəsi” demir; “hamı üçün rəhmətdir” deyir. Allah-taala Həzrət Peyğəmbərlə (s) göndərdiyi mesajı bütün bəşəriyyətə hədiyyə edir. İnsanlığın bütün nümayəndələrinin gözünü açır, bu yolu onların hamısına göstərir.

Əlbəttə, ixtiyarında hakimiyyət, güc və sərvət olan müəyyən şəxslər var ki, onlar insanların Allah-taalanın bu geniş rəhmət süfrəsindən bəhrələnməsini istəmir, bu ilahi hərəkat onların güc və hakimiyyətinə zidd olduğu üçün ona qarşı çıxırlar. Onlar haqqında isə Allah-taala belə buyurur:

یٰاَیُّهَا النَّبِیُّ اتَّقِ اللّهَ وَ لا تُطِعِ الکٰفِرینَ وَ المُنٰفِقین

“Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə”. (“Əhzab” surəsi, 1-ci ayədən) 

– Ehtiyatlı ol, onların arxasınca getmə! Başqa bir yerdə isə buyurur: 

یٰاَیُّهَا النَّبِیُّ جٰهِدِ الکُفّارَ وَ المُنٰفِقینَ وَ اغلُظ عَلَیْهِم‌

“Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı mübarizə apar. Onlarla sərt davran!” (“Tövbə” surəsi, 73-cü ayədən)

– Kafir və münafiqlərə qarşı mübarizə apar. «جاهِد» – “cihad et, mübarizə apar” deyir. «قاتِل» – “qətlə yetir” demir; «قاتِلِ الکُفّارَ وَ المُنافِقین» – “kafir və münafiqləri qətlə yetir” demir; qətlə yetirmək həmişə lazım deyil, amma cihad, mübarizə aparmaq həmişə lazımdır.

Cihad bəzən siyasi olur, bəzən mədəni olur, bəzən yumşaq olur, bəzən sərt olur, bəzən silahla, bəzən isə elmlə olur. Bütün bunlar cihaddır, amma bütün bunlarda bir şeyə diqqət yetirmək lazımdır ki, bu cihad düşmənə, bəşəriyyətin düşməninə qarşıdır, gücünə, hakimiyyətinə, sərvətinə arxalanaraq öz əzici varlığını və istəklərini bəşəriyyətə zorla qəbul etdirənlərə qarşıdır. Onlarla dil tapıb yola getməyin heç bir mənası yoxdur;

اِتَّقِ اللّهَ وَ لا تُطِعِ الکٰفِرینَ وَ المُنٰفِقین

Quranda Peyğəmbərlə (s), yeni İslam cəmiyyətinin necə yaradılmalı olduğunu ona addım-addım, kəlmə-kəlmə öyrədən təlimlərlə bağlı ayələr həddən artıq çoxdur. Mənim elə özümə də, gənclərimizə də, dini təbliğ edən, ictimaiyyətin düşüncəsini yönləndirmək imkanına malik olan insanlara da tövsiyəm budur ki, bütün bu ayələrə müraciət etsinlər, Quranda əksini tapan bütün bu məfhumlara nəzər salsınlar. Bunlar bütöv bir məcmudur, mükəmməl bir kompleksdir. Bizim problemimiz bundadır ki, biz Peyğəmbərə (s) ünvanlanmış mükəmməl ilahi təlimlərə, Allah-taalanın Öz Peyğəmbərini (s) bizə tanıtdığı xüsusiyyətlərə bəzən diqqətsiz yanaşır, nəticədə də bu barədə məlumatsız qalırıq. Əgər biz bu mükəmməl məcmuya tam olaraq nəzər sala bilsək, o zaman düzgün davranarıq, Peyğəmbərin (s) getdiyi sirati-müstəqim də önümüzdə açılar. Quran Peyğəmbərə (s) xitabən deyir:

اِنَّکَ عَلیٰ صِراطٍ مُستَقیم

“Həqiqətən, sən düz yoldasan!”(“Zuxruf” surəsi, 43-cü ayədən)

Bu sirati-müstəqimi tapmaq lazımdır.

Bugünkü görüşümüzdə bizim öz ölkəmizdən, eləcə də digər ölkələrdən İslam dininin müxtəlif məzhəblərini təmsil edən qardaş və bacılarımız – şiələr, sünnilər, cürbəcür ideoloji cərəyanların ardıcılları, Vəhdət Forumunun əziz qonaqları, müsəlman ölkələrinin səfirləri iştirak edir və burada söylənənlər sonradan hər yerdə yayımlanacaq. Elə buna görə də mən bu görüşdə aşağıdakıları vurğulamağı lazım və münasib hesab edirəm: əziz qardaş və bacılar! Bu gün İslam dünyası böyük müsibət və bədbəxtliklərə düçar olub, onların həlli yolu isə müsəlmanların birliyidir. Bir olmaq, əl-ələ verib bir-birinə kömək etmək, məzhəb və ideoloji zəmində konfliktləri bir kənara qoymaq lazımdır. Hazırda işğalçı imperializm maşınının İslam dünyasına yanaşması bundan ibarətdir ki, müsəlmanları öz aralarında birlik və həmrəylikdən əllərindən gəldiyi qədər daha çox uzaqlaşdırmağa çalışırlar. Bir milyard yarım müsəlman, zəngin təbii sərvətlərə, fövqəladə dərəcədə istedadlı insan sərmayəsinə malik bu qədər müsəlman ölkələri – bütün bunlar onlar üçün təhlükə kəsb edir. Əgər bu müsəlman toplumu həmrəy olub İslam dininin hədəflərinə doğru birgə surətdə irəliləsə, başqa güclər daha yer üzündə at oynada bilməyəcək; daha Amerika ölkələrə, dövlətlərə və xalqlara öz iradəsini diktə edə bilməyəcək; xəbis və bədxassəli sionist şəbəkəsi daha müxtəlif hökumətləri öz pəncəsi altına salıb onlardan öz işi və hədəfləri üçün istifadə edə bilməyəcək. Müsəlmanlar birləşsə, belə olacaq. 

Əgər müsəlmanlar bir olsa, daha Fələstinin vəziyyəti bu gün gördüyümüz kimi olmayacaq; bu gün Fələstinin vəziyyəti çox ağırdır; Qəzza bir cür, qərb sahilləri bir cür. Hazırda Fələstin xalqı hər gün çox şiddətli təzyiqlərə məruz qalır; Fələstin məsələsini yaddaşlardan silib unutdurmağa çalışırlar. Həm coğrafi mövqeyi, həm təbii resursları, həm dəniz tranziti imkanları baxımından çox həssas strateji əhəmiyyətə malik, bax elə bizim öz ölkələrimizin də daxil olduğu Qərbi Asiya regionunun başını öz daxilindəki problemlərlə qatmaq, müsəlmanı müsəlmana, ərəbi ərəbə qarşı qoymaq, onları öz əlləri ilə bir-birinə qırdırıb məhv etmək istəyirlər ki, müsəlman ölkələrinin orduları, xüsusilə də İsrailin qonşuluğunda yerləşən ordular günbəgün zəifləsin; məqsədləri budur. 

Bu gün bu regionda iki iradə qarşı-qarşıya durub: bunlardan biri vəhdət, digəri isə konflikt, təfriqə iradəsidir. Vəhdət iradəsi möminlərə aiddir; saf niyyətli, ixlaslı insanlar bütün müsəlmanlara vəhdət çağırışları edərək onları birliyə, aralarındakı müştərək cəhətlərə diqqət yetirməyə dəvət edir. Əgər belə olsa, bu vəhdət baş tutsa, yer üzündə müsəlmanların vəziyyəti daha bu gün müşahidə etdiyimiz kimi olmayacaq, onlar nüfuz və hörmət qazanacaq. Gördüyünüz kimi, bu gün Şərqi Asiyada Myanmardan tutmuş Qərbi Afrikada Nigeriya və sairə qədər hər yerdə müsəlmanlar qətlə yetirilir; haradasa bütpərəstlərin əli ilə, haradasa “Bokoharam”, İŞİD və sair bunlar kimilərin əli ilə. Bir qrup şəxs də bu alovu daha da körükləyir; ingilisin şiəsi ilə Amerikanın sünnisi eynidir; ikisi də bir bezin qırağıdır. Çalışdıqları odur ki, müsəlmanları bir-birinin canına salsınlar. Şeytanın iradəsi olan konflikt iradəsinin mesajı budur. Vəhdət iradəsinin mesajı isə odur ki, müsəlmanlar bu konfliktləri bir kənara qoysunlar, əl-ələ verib əməkdaşlıq etsinlər. 

Bu gün xalqların həyatı ilə oynayan imperialistlərin bəyanatlarına, səsləndirdikləri fikirlərə diqqət yetirsəniz, başdan-ayağa konflikt, qarşıdurma mesajları ilə dolu olduğunu görərsiniz. İngilislərin yürütdüyü siyasət hələ qədimdən bəri “Parçala və hökm sür!” siyasəti adlanır; “فَرِّق تَسُد” – konflikt yarat, bunun sayəsində də ağalıq et; ingilislərin ixtiyarında güc və hakimiyyət olduğu zaman siyasətləri bu idi. Bu gün də dünyanın kapitalist gücləri bu siyasəti yürüdür; istər Amerika, istərsə də son vaxtlar olduğu kimi İngiltərə. İngilislər bizim regionumuzda həmişə şər mənbəyi olub, xalqlara həmişə bədbəxtlik gətirib. Onların bu regionda xalqların yaşamına vurduğu zərbələri dünyanın çox az yerində hansısa güclü dövlət hansısa xalqlara vurmuş olar. Hindistan yarımadasında – hazırkı Hindistan, Banqladeş və Pakistan ərazisi – xalqlara o cür zərbələr vurublar, o cür təzyiqlər göstəriblər! Əfqanıstanda bir cür, İranda bir cür, İraq bölgəsində bir cür! Ən nəhayət, Fələstində də o məşum və xəbis hərəkətlərə yol verərək müsəlmanları, əslində, bütöv bir xalqı ev-eşiyindən didərgin saldılar. Hələ min illər öncədən Fələstin adı ilə tanınan tarixi bir ölkə ingilislərin siyasəti nəticəsində yox oldu. İngilislər iki əsr əvvəldən üzü bəri – iki əsrdən bir qədər də artıq; miladi təqvimlə 1800-cü ildən bəri – bu regionda yalnız şər, fəsad və təhlükə törədib; sonra da o ingilis rəsmisi durub deyir ki,(4) İran region üçün təhlükədir. Region üçün təhlükə törədən İrandır? Gərək nə qədər utanmaz olasan ki, uzun müddət ərzində özün region üçün təhlükə və bədbəxtlik törətdiyin halda, bunda bizim əziz və məzlum ölkəmizi ittiham edəsən; bunlar bu cürdür. 

Regionda islami oyanışın əlamətləri müşahidə olunmağa başlayandan bəri isə konflikt yaratmaq istiqamətində fəaliyyətləri daha da artıb; bunlar həmişə konflikt və qarşıdurmaları xalqlara ağalıq edə bilmək üçün bir vasitə hesab ediblər. Bu regionda yeni fikirlərin, yeni islami ideyaların yarandığı, xalqların oyanaraq dirəniş göstərməyə başladığı hiss olunandan bəri düşmənlər konflikt yaratmaq üçün göstərdikləri səyləri daha da çoxaldıblar. İranda İslam dininin bayrağını ucaldan, Quranı rəhbər tutan, İslam dininə əməl etdiyini iftixarla elan edən, hakimiyyəti, siyasəti, imkanları, ordusu, silahlı qüvvələri – hər bir şeyi olan və bütün bunları həm istifadə edən, həm də günbəgün gücləndirən İslam dövləti qurulandan sonra onların regionda konflikt yaratmaq istiqamətində göstərdiyi fəaliyyətlər daha da intensivləşib. İslam dininin bu şəkildə ayağa qalxıb, bu cür nüfuz və hörmət qazanmasına qarşı mübarizə aparmaq üçün regionda qarşıdurma yaratmaq səylərini daha da kəskinləşdiriblər. Çünki müsəlman bir xalqın oyanışına səbəb olan İslam onlar üçün təhlükə mənbəyidir. Onlar üçün dövləti, ordusu, siyasi aparatı, maddi imkanları, böyük və mübariz bir xalqı olmayan İslam bütün bunlara malik olan İslamdan fərqlənir. İslam Respublikasının geniş ərazisi, mübariz bir xalqı, gənc, stimullu, imanlı əhalisi, zəngin təbii resursları, istedadına görə dünya ölkələri üzrə ortalama göstəricidən yüksəkdə duran insan potensialı var və bu ölkə elmi-texnoloji inkişafa doğru irəliləyir. Belə bir İran, əlbəttə ki, onlar üçün təhlükə mənbəyidir, çünki örnəkdir, müsəlman xalqlarına düzgün nümunə göstərir; buna düşməndirlər. Arabir özlərini yumşaq davranırmış kimi göstərsələr də, yalandır; daxildə həmişə aqresiyaları var. Bunları anlamaq, bilmək lazımdır; xalqlar belə bir düşmənlə üzləşməyə hazır olmalıdırlar; elə bir düşmən ki, nə əxlaqı var, nə dini var, nə də vicdanı; üzdə özünü yaxşı göstərir, amma daxildə sözün tam mənasında bir yırtıcıdır. 

Mənim fikrimcə, bu gün ən önəmli hazırlıq müsəlmanların birliyi və bölünməzliyidir. Müsəlmanlar öz aralarında konflikt və qarşıdurmalardan qə ti surətdə çəkinməlidir; fərqi yoxdur, bütün firqələr, istər sünnisi, istərsə də şiəsi. İslamın bütün firqələri çalışmalıdır ki, aralarındakı çoxsaylı müştərək məqamların fonunda fikir ayrılıqlarına göz yumub bir-birinə güzəştə getsinlər. Əzəmətli Peyğəmbərimizin (s) müqəddəs varlığı müsəlman xalqların bir-birinə qarşı sevgi və bağlılığının başlıca dayaq nöqtəsi olmalıdır. Peyğəmbəri hamı sevir; əsas məqam, başlıca dayaq nöqtəsi budur. Qurana bütün müsəlmanlar inanır və diqqət göstərir; eynilə Kəbeyi-Şərifə; müsəlmanlar arasında müştərək məqamlar gör nə qədər çoxdur! Məhz bu məqamlara diqqət yönəltsinlər. Düşmənlərin, imperialistlərin regiondakı əlaltılarını tanısınlar. Təəssüflər olsun ki, müsəlmanların açıq-aşkar düşməni gəlib burda: “Siz bir-birinə düşmənsiniz, İran da sizin üçün təhlükədir” – deyir. Yəni siz onların düşmənisiniz, onlar da sizin düşməninizdir! Bu sözləri deyən özü düşməndir, bu, açıq-aydın ortadadır, bəs eşidənlər – üzdə müsəlman olan, müsəlman adı ilə yaşayan və hakimiyyətdə olanlar onun bu sözlərini nəyə görə qəbul etməlidir? Onun sözünü nə üçün təsdiqləməlidir? Regiondakı bəzi dövlətlər nəyə görə, təəssüflər olsun ki, İslam dini və müsəlman ümmətinin açıq-aşkar düşmənlərinin yolu ilə getməlidir? 

Mənim öz xalqımıza – ölkədə İslam İnqilabı qələbə çalandan, İslam Respublikası qurulandan sonrakı bu illər ərzində, həmçinin ona qədərki inqilabi mübarizə illərində, doğrudan da, sınaqdan üzüağ çıxmış əziz İran xalqına demək istədiyim budur ki, dahi liderimiz İmam Xomeyninin və inqilabın yolu olan bu yolu heç vaxt tərk etməyin! Bu yolu davam etdirin! Bizim bu dünyada və mələkut aləmində ehtiram qazanmağımız bu yolu – Quran və Əhli-Beytə (ə) sevgi və bağlılıq, ilahi hökmlərə qarşı məsuliyyət, düşmənlərə müqavimət, haqqı bəyan və müdafiə etməkdə heç kəsi və heç nəyi nəzərə almamaq yolunu davam etdirib-etdirməməyimizdən asılıdır. Əgər xalqımız bu yolu davam etdirsə – əlhəmdulillah, bu günə qədər edib də; bu günə qədər xalqımız ölkə rəsmilərinin arxasınca gedərək bu qürurverici yolu davam etdirib – əgər bu yol və bu mübarizə davam etdirilsə, bu xalqın dünya və axirəti təmin olunacaq, dünyadakı digər müsəlmanlar da bundan faydalanacaq. Biz bütün müsəlman ölkələrini və dövlətlərini birgə əməkdaşlığa, bir-birinə kömək etməyə dəvət edirik və bu, hamının xeyrinə olan bir dəvətdir.

Ümidvarıq ki, Allah-taala İslam ümmətinin bütün nümayəndələrinə, bütün müsəlman ölkələrinə və xalqlarına Öz xeyir, mərhəmət və bərəkətini nazil edəcək və inşallah, bu regionda düşmənlərin şərini azaldacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

 (1) Görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış etmişdir. 
 (2) Səhifeyi-Səccadiyyə, 2-ci dua. 
 (3) Ənbiya surəsi, 107-ci ayədən; “Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”. 
 (4) İngiltərənin baş naziri Tereza Meyin Fars Körfəzi Əməkdaşlıq Şurasının Bəhreyndə baş tutan sammitində səsləndirdiyi fikirlərə  işarə olunur.