Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1).
Əziz qardaş və bacılar, xoş gəlmisiniz! Bu diyarın əziz şəhidlərinin xatirəsini anmaq üçün bu cür böyük və qalıcı bir tədbir təşkil etdiklərinə görə cənab Nurmofidiyə və eyni zamanda digər təşkilatçı qardaşlara təşəkkürümü bildirirəm.
Şəhidlik, şəhidlər – bu olduqca önəmli məsələlərdəndir. Biz İslam İnqilabının qələbə çaldığı gündən indiyə qədər, bu üzun müddət ərzində, xüsusilə də Müqəddəs Müdafiə dövründə şəhid olmuş gənclərimizin atdığı bu addımın əhəmiyyətini hələ də layiqincə qiymətləndirməmişik; yəni inqilabımızın, dövlətimizin, ölkəmizin, milli heysiyyətimizin, tariximizin və gələcəyimizin müdafiəsi uğrunda görülən bu işin həqiqi çəkisini, bəlkə, hələ özümüz üçün də düzgün müəyyən etməmişik, anlamamışıq, ancaq heç üzdə də layiqincə ifadə etməmişik, göstərməmişik. Odur ki sizin bu istiqamətdə gördüyünüz bu işlər olduqca önəmlidir.
Cənab Nurmofidi ətraflı çıxış etdi, inqilabla bağlı bir sıra gözəl və düzgün məqamlara toxundu; eynilə digər cənablar da. Səsləndirilən fikirlərin bir hissəsi nazirlərə və digər səlahiyyətli şəxslərə aid olsa da, hər halda, Gülüstan kimi mühüm bir regionla əlaqədar idi.
Gülüstan ostanının təqdirəlayiq cəhətləri haqqında bir neçə cümlə demək istərdim. Bura insan sərmayəsi baxımından, həqiqətən də, üstün regionlardan biridir ki, bunun da müxtəlif səbəbləri vardır. Hər şeydən öncə – bayaq bunu cənab Nurmofidi də vurğuladı, son dərəcə də önəmli bir məqamdır – bu ərazidə, Qorgan, Gülüstan və Türkmənsəhra bölgələrində fərqli etnik qruplara və məzhəblərə aid olan insanlar mehriban qonşuluq şəraitində, əmin-amanlıq içində, çox gözəl və arzuolunan bir şəkildə birgə yaşayır. Bu çox önəmli bir xüsusiyyətdir. Bu gün İslam təriqətlərinin, sünni və şiələrin arasına konflikt salmaq üçün Qərb ölkələrində, özləri demişkən, beyin mərkəzlərinə oturub fikirləşsinlər, layihələr, planlar hazırlasınlar deyə nə qədər pullar xərcləndiyi açıqlansa, insanlar, doğrudan da, heyrətə gələr ki, düşmənlər biri sünni, digəri isə şiə olan iki müsəlmanın birgə yaşaya bilməməsi, bir-birinə ədavət bəsləyib üstünə silah çəkməsi üçün nə qədər işlər görür. Müsəlman İranında isə bütün bu fəaliyyətlərin əksinə olaraq, onların istədiklərinin tam tərsi baş verib. Bu baxımdan ölkəmizin ən yaxşı regionlarından biri də Gülüstandır. Mən inqilabdan əvvəl də burada olmuşam, istər Qonbədqabusda, istər Qorqanda, istərsə də bəzi başqa şəhərlərdə – Galikeş və sair bu kimi yerlərdə camaatın bu birgə, mehriban yaşayışı, əməkdaşlığı, qarşılıqlı sevgini qorumaq üçün necə çalışdığını bilirəm. Bu çox dəyərli bir xüsusiyyətdir, bunu qoruyub saxlamaq lazımdır. Bundan bir neçə il əvvəl Qorqana səfərimiz olmuşdu; yadımda deyil bir, yoxsa yarım günlüyünə Qonbədə getdik (2). Orada bizə sevgi və ehtiramını bildirən insanların böyük əksəriyyəti əhli-sünnədən olan qardaşlarımız idi. Bax bu, səudiyyəlilərin, təkfirçilərin, onların arxasında duran ABŞ-ın, Amerika və Böyük Britaniyanın kəşfiyyat xidmətlərinin bugünkü fəaliyyətinə və məqsədlərinə tam ziddir; onların işinin tam əksinədir; yəni sözün həqiqi mənasında qətiyyətli, düzgün, məqsədyönlü və effektiv bir siyasətdir. Gülüstan regionunun, zənnimcə, çox mühüm olan təqdirəlayiq xüsusiyyətlərindən biri budur.
Bu yaxınlarda – bundan bir neçə ay öncə – Mina faciəsində şəhid olmuş bir türkmən xanımın ailəsindən mənə məktub gəlmişdi (3). Yazırdılar ki, o xanım Məkkəyə gedib, ziyarət edib (indi ya həmin səfərdə olub, ya nə vaxtsa ondan əvvəl olub; orasını bilmirəm) bir nəfər də tutub ki, həcc ziyarətini mənim üçün yerinə yetirdiyinə şahidlik etsin; bu çox önəmli bir məqamdır. Türkmən bir xanım onu şəxsən tanımadığım, adını belə bilmədiyim halda, mənim əvəzimə Məkkəyə gedir, həcc ziyarətini yerinə yetirir, sonra da bu ziyarətini şahidlərin iştirakı ilə sənədləşdirir – əməlli-başlı sənəd tərtib edib, imzaladıb, o sənədi də mənə göndərmişdilər – bu, bizim ölkəmizin, bizim xalqımızın həqiqətən də güclü cəhətlərindən biridir. “Qeyri-bərabər döyüş” deyirlər, bax onun mənası budur ki, tərəflərdən birinin ixtiyarında olan texnika və vasitələr digərində olmur, hətta bəzən ikinci tərəfin birincidə olan imkanlardan heç xəbəri belə olmur; bayaq çəkdiyim misal bax buna nümunədir. Bizim qarşımızda duran tərəfin – yəni beynəlxalq imperializmin, sionizmin, Amerikanın – bu cür sevgi, bu cür qarşılıqlı münasibət, bu cür anlaşma, bu cür uyğunlaşma haqda nə anlayışı var, nə də belə şeyləri özlüyündə təhlil edə bilir; onlar belə şeyləri hətta özləri üçün analiz belə edə bilmirlər. Bu, bir məqam.
Digər bir məqam isə Gülüstan camaatının inqilaba, inqilabi prinsiplərə sadiqliyidir. 1343-cü ildə Qorqana gəlmişdim, müxtəlif yerlərdə minbərdə çıxışlarımız olurdu. O zaman 15 xordad hadisələrinin üzərindən təxminən bir il keçirdi; səfər ayının 2-ci, ya 3-cü ongünlüyü idi. Mən camaatın o izdihamına, o münasibətinə, o möhtəşəm qarşılamasına, o coşqusuna heyran qalmışdım. O davranış xalqın oyanışının, inqilabi hərəkata bəslədiyi sevginin göstəricisi idi. Hələ o zaman inqilabi mübarizə bir o qədər də yayılmamış, kütləvi hal almamışdı.
Daha sonra da inqilab dövründə baş verən hadisələr. Azər ayının 5-i – bayaq cənablar da çıxışlarında qeyd etdilər – Qorqan hadisələrində önəmli bir gün idi (4). Məşhəddə İmam Rzanın (ə) hərəminə hücum olunduğunu eşidən Qorqan əhalisi spontan bir şəkildə hərəkətə keçmişdi; onları buna nə dəvət edən olmuşdu, nə də qarşılarına çıxıb qarşılayan. Camaat özü meydanlara axışmış və bildiyiniz kimi, hücuma məruz qalmışdı. Ondan bir iki həftə sonra Qonbədqabusda və Qalikeşdə də buna bənzər hadisələr baş verdi; yəni xalq artıq mübarizə meydanlarına axışmışdı. Və ya inqilabın əvvəllərində marksistlərin o bölgədə törətdiyi hadisələrdə – o qırğınlarda, o separatçılıq cəhdərində və sairdə – Qorqanı, Türkmənsəhranı, yaxud bütövlükdə o bölgəni xilas edən ən başlıca cəhət xalqın göstərdiyi müqavimət olmuşdu. Çünki gəlib o yerlərdə yuva salaraq başına müəyyən qədər əsgər toplamış insanların xalq arasında arxa-dayağı yox idi. Mübarizə aparan bir qrupun xalq arasında dayağı olmayanda o qrup çox tez sınır, məğlub olur. Xalq inqilabçıların, inqilabın, İmam Xomeyninin (r.ə) tərəfdarı idi. Qısacası, bu yerlərin əhalisinin istənilən cəhətdən müsbət özəllikləri çoxdur.
Müqəddəs Müdafiə dövründə də həm ordu, bayaq adı çəkilən 30-cu diviziya (5), həm də Gülüstan və Qorqan korpusunun 25-ci diviziyası, həqiqətən də, özlərini çox gözəl göstərmiş, böyük işlər görmüşlər; cənab katib onlardan bəzilərini qeyd etdi. Bir dəfə cənab Nurmofidinin də iştirakı ilə qərargah mərkəzinə getmişdik, qorqanlı dostlarımızdan bir qrupu da gəlmişdi. Səhv etmirəmsə, mərhum cənab Tahiri də orada idi (6); Allah-taala ona rəhmət etsin, məqamını yüksəltsin, inşallah. Bu işlərdə onun da çox böyük rolu olub. Qısası, bu bölgənin insanlarının müharibə meydanındakı iştirakı, gördüyü işlər inanılmaz dərəcədə böyük olub. Qorqan camaatı haqqında nə qədər danışsaq, yenə də azdır; yeri gəlmişkən, mən buradan bütün şiə və sünni qardaşlarımızı, xüsusilə də regionun şiə və sünni məzhəbli din alimlərini bircə-bircə salamlayıram. Xahiş edirəm ki, cənab Nurmofidi zəhmət çəkib mənim salamımı oranın bütün din alimlərinə, rəsmilərinə, eyni zamanda bütün camaata yetirsin; həqiqətən də, mən Qorqan əhalisini sevir, onlara inanır, etimad edirəm.
Bayaq da qeyd etdiyim kimi, şəhidlik məsələsinə ciddi yanaşmaq lazımdır. Biz şəhidlərimizə məhz Allah-taalanın onlara verdiyi qiyməti verməliyik:
یُقاتِلونَ فی سَبیلِ اللّهِ فَیَقتُلونَ وَ یُقتَلونَ وَعداً عَلَیهِ حَقًّا فِی التّوریٰةِ وَ الاِنجیل وَالقُرآن
“...Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır...” (“Tövbə” surəsi, 11-ci ayədən)
Allah yolunda cihad edən, həyatını təhlükəyə atan bu insanların həm vuruşaraq düşmən öldürməsi, həm də özlərinin ölümü çox dəyərlidir. Allah-taalanın dərgahında onlara nəsib olacaq rəhmət haqqında ilahi vəd vardır. Rəvayətlərdə bu yolda canından keçən insanların hələ dünyadan getməzdən əvvəl ilahi rəhmətin əlamətlərini gördüyündən bəhs edilir; yəni rəvayətlərdə qeyd olunur ki, atdan yıxılan şəhid – o vaxtlar atla savaşardılar – hələ yerə çatmamış Allah-taalanın onun haqqında verdiyi ilahi vəd gerçəkləşir; yəni hələ bu dünyada ikən gözləri açılır, həqiqətləri görür, Allahın rəhmətini, lütfünü hiss edir, qavrayır; şəhidlərə verilən dəyər budur. Bax bu cür ölümlər, bu cür fədakarlıqlar olmasaydı, İslam dövləti indiyə qədər davam gətirməzdi. Yenicə əkilmiş bu fidan indiyə kimi nə qədər güclü tufanlara məruz qalıb! Bu sistemin qalıcı olmağının, bu fidanın məhv olmamağının, şükürlər olsun ki, artıq köklü-köməcli bir ağaca çevrilməyinin səbəbi o fədakarlıqlardır, şəhidliyə, mübarizə meydanlarına can atma şövqüdür. Bu xüsusiyyətlər qorunmalıdır. Düşməni tanımaq, hazırladığı tələlərdən xəbərdar olmaq lazımdır.
Bu gün beynəlxalq arenada gedən proseslərə diqqət yetirsəniz, görərsiniz ki, imperializmin bu region üçün hazırladığı əsas planların mərkəzində İran durur. Nəyə görə? İslam İnqilabına görə, bu mömin xalqa, onun İslam dininə olan imanına görə! Biz düşmənin çoxsaylı hücumlarının hədəfindəyik. Xoşbəxtlikdən, Allah-taala bizə güc verib, imkanlar verib: həm insan potensialımız var, həm böyük, zəngin, çoxsaylı əhalisi olan bir ölkəmiz var, həm də istedadlı, uzaqgörən, fəal və dinamik gənc nəslimiz. Bütün bunlar bizim sahib olduğumuz imkanlardır, özü də heç də az deyil, əksinə, olduqca böyük bir potensialdır. Biz bu imkanlarımızdan istifadə etməliyik. Mən bu sözlərimi ilk növbədə rəsmilərimizə, daha sonra isə xalqımıza ünvanlayıram. Ölkəmizdə baş vermiş bu möhtəşəm hadisə – İslam bayrağının ucaldılması qarşısında hamı məsuliyyət hiss etməlidir; bu, balaca bir iş deyil. Bütün əllərin, bütün siyasi güclərin din məfhumunu, xüsusilə də İslam dinini yox etməyə çalışdığı bir vaxtda hansısa ölkədə dinlərin ən canlısı və təsirlisi, yəni İslam dini, Allah-taalanın ən tutarlı dillə danışan kitabı, yəni Qurani-Kərim yüksəklərə qalxır, bütün ölkənin ərazisində hakimiyyəti ələ alır, bundan başqa, hələ coğrafi sərhədləri aşaraq dünyanın müxtəlif regionlarına nüfuz etməyi də bacarır. Bu, olduqca əhəmiyyətli və müstəsna bir hadisədir. Bunu görən düşmən təhlükə hiss etdi və elə ilk gündən İslam quruluşu əleyhinə müxtəlif fəaliyyətlərə başladı. Bununla belə, şükürlər olsun ki, bu günə qədər heç bir iş görə bilməyiblər, bundan sonra da Allahın yardımı ilə əsla nə isə edə bilməyəcəklər! Lakin düşmənin səylərinin nəticəsiz qalmasının bir şərti var, o da budur ki, hamımız məsuliyyətli olmalı, yəni özümüzdə məsuliyyət hiss etməliyik. Harada olmağımızdan asılı olmayaraq, hər birimiz İslam dövlətini qorumağı özümüzün birinci və ən başlıca vəzifəsi bilməli, buna uyğun addım atmalıyıq. Sizin şəhidlərin adını yaşatmaq, ucaltmaq üçün gördüyünüz bu işlər, keçirdiyiniz bu anım tədbirləri də, heç şübhəsiz, bu məqsədə xidmət edir və bu baxımdan çox effektivdir. İnşallah, bütün bu xidmətləriniz sizin üçün davamlı bir sədəqə, həmişəyaşar bir xeyir əməl olar və Allah-taala mükafatınızı verər.
Çalışın gördüyünüz işlərin nəticəsini, ərsəyə gətirdiyiniz bu nəşrləri auditoriyaya, insanlarımıza çatdıra biləsiniz. Yəni təkcə elə kitab nəşr etdirdiyimizə sevinib kifayətlənməyək; təbii ki, kitabların çapı, filmlərin çəkilməsi, yaxud hansısa incəsənət əsərlərinin meydana gəlməsi də önəmlidir, intəhası bu kimi işlərlə yanaşı, özünə auditoriya qazanmaq, müəyyən mənada bu auditoriyanı yaratmaq da əhəmiyyətli bir məsələdir. Çalışın ki, o kitabları auditoriyanın beyninə, düşüncəsinə çatdırasınız. Bu gün gənclərimizin zehni qidaya ehtiyacı var. Bugünkü gənclərimizin, hətta yaxşı, fəal gənclərimizin bir çoxu nə inqilab dövründən, nə İmam Xomeynidən (r.ə), nə müharibə zamanından, nə də baş vermiş digər müxtəlif hadisələrdən xəbərdardır. Bayaq siz 5 azər olayları haqqında danışdınız; görəsən, Qorqan gəncləri 5 azər tarixində nə baş verdiyindən xəbərdardırmı? Bu çox önəmlidir. Onlar bilməlidir ki, azər ayının 5-də hansı hadisə baş verib, bu günü tarixin səhifələrində əbədiləşdirən nə olub? Bu önəmlidir. Gənclərimizin öz tarixini, keçmişini, əslində elə öz inqilabi kimliyini bilməsi olduqca mühümdür. Çalışın buna maksimum dərəcədə nail olasınız. Əlbəttə ki, bunun üçün iş görmək lazımdır; yəni bu, asan bir məsələ deyil. Kitab yazmaqdan daha çətini onu auditoriyaya göstərə bilmək, məzmununu, ideyasını oxucuya çatdırmaqdır; bu çox önəmlidir. Bunu edə bilmək üçün məharət lazımdır, diqqət lazımdır, bu işin öz incəlikləri var.
Bayaq sünni-şiə qardaşlığı məsələsinə toxunuldu – bu haqda cənab Nurmofidi də, mən də danışdıq – bu çox ciddi bir məsələdir; şiə və sünni gənclərimiz bu məsələnin nə qədər önəmli olduğunu bilməlidir. Bu gün düşmən bu zəmində bəzən baş verən konfliktlərdən, problemlərdən – istər şiələr, istərsə də sünnilər tərəfdən olsun – isifadə edir. İŞİD, təkfirçilər və sair bu kimi qruplar belə hadisələrdən yararlanır. Biz bunun, mütləq, qarşısını almalıyıq. Buna isə yalnız o zaman nail olmaq mümkündür ki, şiə və sünni gənclər hazırkı davranışlarının mahiyyətini, aralarındakı bu həmrəyliyin, mehriban qonşuluq şəraitində, əmin-amanlıq içində birgə yaşamalarının, bu söz və əməl birliyinin nə qədər böyük əhəmiyyət daşıdığını anlasınlar. İrana, İslama, Qurana düşmən olan qüvvələrə qarşı ən böyük silah bax budur. Gənclər bunu bilməli və qoruyub saxlamalıdır. Gənc auiditoriyaya bax bunları aşılamaq lazımdır.
İnşallah, Allah-taala sizə uğurlar nəsib etsin. Uca Yaradan dünyadan köçənlərinizin, Qorqanın böyük din alimlərinin məqamını yüksəltsin; onlardan bəzilərini mən yaxından tanıyırdım, gedib görüşmüşdüm. Allah-taala həyatda olan dostlarımızın – cənab Nurmofidinin, sizin və digər qardaşlarımızın uğurlarını gündən-günə çoxaltsın, bu yolda möhkəm addımlarla irəliləyəsiniz, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
_____________________________
(1) Kollektiv görüşlər çərçivəsində baş tutan bu görüşdə Höccətül-İslam vəl-muslimin Seyid Kazem Nurmofidi (Vəli-fəqihin Gülüstan ostanı üzrə nümayəndəsi, Qorqan şəhərinin imam-cüməsi), Həsən Sadeqlu (Gülüstan ostanının ostandarı, konfransın sədri), ikinci keşikçi briqada komandiri Rəhmətullah Sadeqi (Gülüstan ostanının Neynəva diviziyasının komandiri, konfransın baş katibi) məruzə ilə çıxış etmişlər. Konfransın1-ci milli qurultayı cari ilin azər ayının 25-də Qorqan şəhərində keçiriləcək.
(2) Qorqan səfəri 26.07.1374, Qonbəd səfəri isə 27.07.1374-cü ildə baş tutmuşdur.
(3) Mərcan Nazqolçi (Bəndər-Türkmən şəhərinin keçmiş qubernatoru)
(4) 1357-ci il azər ayının 5-i baş vermiş hadisələr nəzərdə tutulur.
(5) Konfransın baş katibinin sözlərinə işarə olunur.
(6) Höccətül-İslam vəl-muslimin Seyid Həbibullah Tahiri Qorqani (Gülüstan əhalisinin Xubrigan Məclisindəki nümayəndəsi)