Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Bəsic həftəsi münasibətilə bəsicilərlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین و لعنةالله علی اعدائهم اجمعین

Sizinlə olan görüşlər mənim üçün həmişə çox xoş və arzulanandır. Bu an sanki hər tərəfi bəsici əhval-ruhiyyəsinin rayihəsi bürüyüb. Çıxış edən əziz dostlarımızın hər biri ayrı-ayrılıqda çox xoş və əhəmiyyətli həqiqətlərə toxundular; onların çıxışlarından da faydalandıq, zövq aldıq. Mənim özümün də siz əzizlərimə – bəsici gənclərə, oğlan və qızlarımıza deyəcəyim sözlər çoxdur.

Bu gün mən bəsicilərlə bağlı bir neçə məqama toxunacağam, amma əvvəlcə, hazırda yaşadığımız bu günlər, həqiqətən tarixi bir hadisə olan bu böyük və möhtəşəm yürüş barədə bir cümlə demək istəyirəm. Adətən insan öncədən heç bir təbliğat aparılmadığı halda, qəflətən çox böyük bir olayın baş verdiyini gördükdə, möhtəşəm bir təzahür müşahidə etdikdə o yerdə Allah-taalanın görünməz əli olduğunu başqa hər bir yerdən daha aydın sezir. Belə hadisələrin bir nümunəsi də elə İslam İnqilabının özüdür. İnqilabdan əvvəlki mübarizələr öz yerində, olmuşdu, amma inqilab bizim ölkəmiz kimi böyük bir ölkədə bir il, il yarım ərzində sürətlə genişləndi, xalqın çox genişmiqyaslı iştirakı müşahidə olundu. Uzaq qəsəbə və kəndlərdə yürüşlər edən insanlar eynilə Tehran küçələrində səsləndirilən şüarlarla çıxış edirdilər. Elə buna görə də o zaman İmam Xomeyni – eşitdiyimə görə – buyurmuşdu ki, bu inqilab qələbə çalacaq, çünki onda Allah-taalanın qüdrətli əlinin əlamətləri müşahidə olunur. Başqa bir vaxt isə o özü mənə belə demişdi: “İnqilabın baş verdiyi müddətdə mən bu möhtəşəm xalq hərəkatının arxasında həmişə qüdrətli bir əl olduğunu müşahidə edirdim”. Xalq hərəkatlarında həmişə belə olur. Casus yuvasının ələ keçirilməsi olayı da, ondan sonra bu ölkədə baş vermiş müxtəlif hadisələr də, bu yaxınlarda baş vermiş 9 dey hadisəsi də, ölkəmizdə keçirilən itikaflar da eynilə bu cürdür. Bunlar elə hadisələrdir ki, onlar üçün heç bir təbliğat aparılmır, xüsusi bir səy də göstərilmir. Özünüz baxın, bu gün dünyada 10 min, 50 min adamı bir yerə yığmaq üçün nə qədər təbliğat işləri görülür, heç axırda bir nəticəsi də olmur. Burda isə müxtəlif əngəllər olduğuna baxmayaraq, təkcə elə İrandan 2 milyon adam 80 kilometrlik piyada yürüş üçün – oteldə yastığa söykənib kef etmək üçün yox, piyada yürüş etmək üçün – qalxıb Kərbəlaya gedir; İraqın özündən və başqa yerlərdən də bir o qədər; bu, ilahi bir hadisədir, ilahi bir təzahürdür; bu, onu göstərir ki, bu yol eşq yoludur; intəhası məcnunsayağı bir eşq deyil, mahiyyətində bəsirət, gözüaçıqlıq olan bir eşqdir; övliyaların Allaha olan eşqi kimi; 

(2) اَللٰهُمَّ ارزُقنی حُبَّکَ وَ حُبَّ مَن یُحِبُّکَ وَ حُبَّ کُلِّ عَمَلٍ یوصِلُنی اِلیٰ قُربِک

Bu eşqin, bu sevginin gözü açıqdır. Bilir, dərk edir və bu cazibə onu cəlb edir, bu maqnit onu özünə tərəf çəkir. Odur ki bu iş böyük bir işdir, bu təzahür böyük bir təzahürdür. Əvvəla, mən gedib o yürüşlərdə iştirak etməyə müvəffəq olmuş insanları salamlayıram, Allahdan onların bu əməlini qəbul etməsini diləyirəm, bu işlərinə görə onlara qibtə etdiyimi bildirirəm; bizə nəsib olmayıb, onlar isə iştirak ediblər. İraq əhalisinə də qonaqpərvərliklərinə, ziyarətçilərə sevgi ilə yanaşdıqlarına, bir neçə gün ərzində bu qədər qonağa ev sahibliyi edə bildiklərinə görə təşəkkürümü bildirirəm. Bu, fövqəladə dərəcədə əhəmiyyətli bir hadisədir.

Yaxşı, bəs bundan nə nəticə çıxarmaq lazımdır? Qeyd etmək istəyirəm ki, Allah-taalanın qüdrət əlinin açıq-aydın müşahidə olunduğu bu kimi bərəkətli hadisələr baş verdiyi zaman şükür etmək lazımdır. Şükür etsək, qalıcı olacaq, şükür etməsək, əlimizdən alınacaq. Əgər İran xalqı İslam İnqilabına görə şükür etməsəydi, bu inqilab yox olub aradan gedərdi. Belə ki dünyanın bəzi digər yerlərində inqilablar baş verdiyinə baxmayaraq, insanlar şükür etmək lazım olduğunu bilmədiklərinə görə o inqilablar əldən gedib. Təkcə inqilabı əldən verməyiblər, üstəlik 20 il, 30 il də geri düşüblər. İran xalqı isə şükür etdi. Şükür etmək təkcə bu deyil ki, insan: “Allah, sənə şükür!” – deyə və ya şükür səcdəsi edə. Şükür etmək həm də odur ki, insan həmin nemətin tələb etdiyi şərtlərə əməl edə. İran xalqı bunu etdi. Lazım olan hər bir meydanda iştirak etdi, fədakarlıq tələb olunduğu yerdə fədakarlıq göstərdi, canından, malından, əzizlərindən, övladından, nüfuz və qürurundan – hər şeyindən keçdi. Deməzdim ki, ayrı-ayrılıqda İran xalqının hər bir üzvü belə idi, amma nəhəng bir kütlə, böyük əksəriyyət məhz bu cür davrandı, Allah-taala da onlara qarşılıq verdi, inqilabı onlar üçün qoruyub saxladı. Bu gün İslam İnqilabı qələbə qazandığı ilk gündə olduğundan daha güclü, daha qüdrətlidir, gələcək üçün daha yaxşı planlar qurmağa qadirdir.

Həmin yürüşə görə şükür edin. Onun şükrünü etməyin yollarından biri də budur ki, yürüşə qatıldığınız o bir neçə gündə orada müşahidə etdiyiniz, yaşadığınız o əhval-ruhiyyəni, o mənəvi halları özünüzdə qoruyub saxlayasınız; o qardaşlığı, o mehribanlığı, Əhli-Beyt (ə) imamlarına olan o diqqəti, bədənin ağır bir zəhmət üçün o cür hazırlaşmasını, insanın zəhmət çəkməyi, qan-tər içində yürüməyi rahatlıq və tənbəllikdən üstün tutmasını. Həyatdakı bütün işlərdə bu əhval-ruhiyyəni davam etdirmək lazımdır; bax bu, olur şükür.

Şükür etməyin formalarından biri də bu işi onun vurğunu olan insanlar üçün asanlaşdırmaqdır. Bu isə müxtəlif sferaların rəsmilərinin öhdəsinə düşən bir məsuliyyətdir. Bəzən müəyyən xoşagəlməz hadisələr baş verir, onların yenidən təkrarlanmasına imkan verməsinlər, nəzarət etsinlər. Bu da şükürə aiddir.

Hər halda, bu, böyük bir nemətdir, gəlin onun qədrini bilək. İnşallah, bu nemət qalıcı olacaq və İran, eləcə də İraq xalqları üçün qürur və iftixar mənbəyinə çevriləcək. Doğrudur, güclü bir projektor kimi ətrafa nur səpələyən bu təzahürü bu gün dünyada gizlətməyə çalışırlar, amma heç bir şey edə bilməyəcəklər; o görünəcək. Onu göstərməməyə, gizlətməyə, təhrif etməyə çalışırlar, amma səyləri heç bir nəticə verməyəcək. Siz bu hərəkatı davam etdirsəniz, həqiqət istər-istəməz aşkara çıxacaq.

Bu gün mənim toxunmaq istədiyim əsas mövzulardan biri də bəsiclə bağlıdır. Bəsic inqilab dövrünün heyrətamiz təzahürlərindən biridir; belə bir addım atmaq dahi liderimiz İmam Xomeyniyə (r.ə) Allah-taala tərəfindən ilham olunmuşdu. Onun elan etdiyi 20 milyonluq səfərbərlik və Bəsic Komitəsinin təsis edilməsi çox böyük bir iş idi. Bu, əslində nə demək idi? Bu o demək idi ki, Allah-taala dahi İmam Xomeyniyə İslam İnqilabının müqəddəratını gənclərə həvalə etməyi öyrətmiş, ilham etmişdi. Özü də təkcə o dövrün gənclərinə yox. Gənclər meydana atılandan sonra onlara tapşırılmış bu əmanəti, onlara göstərilmiş bu etimadı vaxt keçdikcə əldən-ələ bir-birinə ötürəcəkdilər. Və bu, baş verib də. Bax bu gün bura toplaşanların, demək olar, 90 faizi nə İmam Xomeyninin dövrünü, nə də onun özünü görüb, əksəriyyətiniz müharibəni görməmisiniz, amma ruhiyyə həmin ruhiyyədir. Mən bunu bayaq əziz gənclərimizin etdiyi çıxışlardan ilhamlanaraq demirəm; yox, xəbərim var, gənclərlə əlaqədəyəm, ona görə deyirəm. Bugünkü gəncliyimizin ruhiyyəsi eynilə o dövrün gəncliyində olduğu kimidir. Bircə fərqlə ki, o vaxt onlar inqilabın qızğın meydanlarının ortasında idilər, bu gün isə vəziyyət o cür deyil; amma eyni zamanda həmin əhval-ruhiyyə var. Digər bir fərq isə odur ki, bugünkü gənclərdə olan gözüaçıqlıq, məlumatlılıq və təcrübə o zaman yox idi; demək istədiyim odur ki, biz inkişaf etmişik. İmam Xomeyni İslam İnqilabının müqəddəratını siz gənclərə tapşırdı; hər bir gənc nəsil gənclik dövründən orta yaşlarına qədəm qoyanda əslində bu əmanəti özündən sonra gələn gənc nəsilə ötürür və bu silsilə heç vaxt başa çatmayacaq.

Əlbəttə, biz İmam Xomeyninin inqilabı qorumağı, onun keşiyində durmağı gənclərə tapşırdığını deyiriksə, bu o demək deyil ki, gənclərdən savayı heç kəs bu iş üçün məsuliyyət daşımır. Bu, hamının vəzifəsidir. 80 yaşlı, bəlkə, bundan da ahıl insanlardan tutmuş yeniyetmələrə, alimindən tutmuş sıravi vətəndaşına qədər, kişili-qadınlı bu ölkənin və xalqın hər bir nümayəndəsi öz inqilabını qorumaqda məsuliyyət daşıyır; bu, bizim hamımızın vəzifəsidir; amma gənclər avanqarddır, hərəkətverici qüvvədir. Əgər gənc nəsil olmasaydı, istəməsəydi və addım atmasaydı, bu hərəkat yarımçıq qalardı. Yaşlıların düşüncəsi, müdrikliyi və təcrübəsi o vaxt işə yarayır ki, meydanda gənclərin gəncliyə xas dinamikliyi, hərəkətliliyi də olsun. Bu hərəkatın avanqardları gənclərdir. Odur ki İmam Xomeyni bu gün onu canlı olaraq görməmiş siz gənclərə də müraciət edib, sizinlə də danışıb, sizinlə də həmsöhbətdir. Onun söhbətlərinə, çıxışlarına müraciət edin. Bu, bir məqam.

Digər bir məqam isə odur ki, ölkəmizdəki bu bəsic hərəkatı, heç şübhəsiz, qalib olacaq. Bu qalibiyyətin əsas şərti isə aşağıdakından ibarətdir: biz hamımız – qocalı-cavanlı – təqvalı olub yaxşı işlər görməyi özümüzə vəzifə bilməliyik. Şəxsi təqva, ictimai təqva, insanın aid olduğu kollektiv daxilində təqva – bunların hamısının öz mənası var. Mən bunların hər biri, eyni zamanda kollektiv daxilində təqva haqqında da danışmışam, demişəm və artıq təkrara yol vermək istəmirəm. Təqva lazımdır; özünüzə qarşı tələbkar və ehtiyatlı olun; həm şəxsi miqyasda, həm də kollektiv miqyasında. Əgər belə olsa, Allah-taala buyurur ki:

اِنَّ اللهَ مَعَ الَّذینَ اتَّقَوا وَ الَّذینَ هُم مُحسِنُون‌

“Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir”. (“Nəhl” surəsi, 128-ci ayə)

Kimlər təqvanı özlərinə peşə edibsə və yaxşı işlər görürsə, Allah onlarladır. Allah-taalanın bir qrup insanla birlikdə olması isə çox önəmli bir məsələdir.

Baxın, sizə Qurandan və Quran tarixindən bir misal çəkim: Allah-taala Fironun yanına getmək missiyasını Musa və Haruna həvalə edir. İki nəfərin təkbaşına o dövrün nəhəng bir gücü ilə qarşılaşmaya getməsi çox böyük bir iş idi; Firon çox nəhəng güc və hakimiyyətə sahib idi – siyasi cəhətdən, ictimai cəhətdən, hətta xalqa təsiri, idarəçilik qurumları baxımından; Fironun güc və hakimiyyətindən çox danışmaq olar – Firon çox qəribə, inanılmaz bir hökmdar idi, ürəyi istədiyini edən bir diktator idi, o qədər güc və imkanlara sahib idi. Və Allah-taala Firon kimi bir hökmdarın qarşısına çıxmaq, onunla mübarizə aparmaq işini iki nəfərə tapşırır. Həzrət Musa deyir ki, Pərvərdigara, ola bilsin, biz gedək, misal üçün, bizi öldürə, işimiz yarımçıq qala (ölməkdən qorxmurdular, deyirdilər, birdən işimiz yarımçıq qalar), Allah-taala isə buyurur:

قالَ لا تَخافا إِنَّنی مَعَکُما اَسمَعُ وَ اَریٰ

“Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!” (“Taha” surəsi, 46-cı ayə)

Baxın, Allahın müşayiəti, Onun insanla birlikdə olmağı budur: اِنَّنی‌ مَعَکُما اَسْمَعُ وَ اَریٰ –  Sizinləyəm, eşidirəm və görürəm”. Allah-taala:

إِنَّ اللهَ مَعَ الَّذینَ اتَّقَوا

“Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir”, – deyə buyurursa, (bax mən də deyirəm ki, əgər biz təqvalı olsaq, Allah bizimlə olacaq) bu müşayiət, bu birlikdəlik o deməkdir ki, iki nəfər əliyalın adamı Fironla döyüşə də göndərmək olar.

Başqa bir yerdə yenə də Həzrət Musa – əlbəttə, bu haqda Quranda dönə-dönə danışılır, indi mən birini qeyd edirəm – iş gəlib açıq-aşkar qarşıdurmaya, üzbəüz savaşa çatanda Bəni-İsraili toplayır və Fironun əlindən qaçıb qurtulmaq üçün sübh çağı (yaxud gecəyarı) yola düşür. Səhər olub günəş bir qədər qalxandan sonra casuslar Firona xəbər verirlər ki, Bəni-İsrail hamılıqla şəhəri boşaldaraq çıxıb gedib. Firon onların gedib başqa bir yerdə mərkəz yaradaraq onun əleyhinə iş aparacağından narahat olur. Qoşunu toplayıb onların arxasınca yola düşür. İndi bilmirəm, aralarında nə qədər məsafə olur; bir gün, iki gün, bəlkə bundan az və ya çox; nə isə, qoşun Həzrət Musa və tərəfdarlarının arxasınca yola düşür. Onlar heç bir tədarükləri, hazırlıqları olmadan piyada gedirlər – bir ovuc adam; kişi, qadın, uşaq – bunlar isə atla, lazım olan hər cür ehtiyat və tədarüklə; təbii ki, onlara daha tez çatacaqdılar; və çatırlar da. Musanın tərəfdarları uzaqdan Firon ordusunun gəldiyini görüb təşvişə düşür. Quranda – “Şuəra” surəsində buyurur:

فَلَمّا تَرٰٓءَا الجَمعان

– iki dəstə, yəni Musanın öndə gedən dəstəsi və Fironun onların arxasınca gələn qoşunu bir-birini uzaqdan görəndə, bir-birini görə biləcək qədər yaxınlaşanda Musa ilə gələn Bəni-İsrail deyir:

قالَ اَصحـٰبُ موسیٰٓ اِنّا لَمُدرَکون

– “(İşimiz bitdi!) Artıq yaxalandıq” (“Şuəra” surəsi, 61-ci ayə)

Musa ilə birlikdə olan Bəni-İsraili qorxu bürüyür, “Ey Musa! Artıq yaxalandıq” – deyirlər. “مُدرَکون” – yəni indi gəlib bizə çatacaq, hamımızı tutub qətlə yetirəcəklər. Musa nə cavab verir? Həzrət Musa cavabında deyir:

قالَ کَلّآ

– “Xeyr!” Əsla belə bir şey baş verməyəcək. Nəyə görə?

اِنَّ مَعِیَ رَبّی

– “Rəbbim mənimlədir”. Allahın insanla birlikdə olmağı budur. Musa deyir ki, Allah mənimlədir, Rəbbim mənimlə birlikdədir;

کَلّآ اِنَّ مَعِیَ رَبّی سَیَهدین

“Xeyr! Rəbbim mənimlədir. O, mütləq, mənə yol göstərəcəkdir!” (“Şuəra” surəsi, 62-ci ayə)

Baxın, Allahın bəndə ilə birlikdə olmağı bu qədər əhəmiyyətlidir.

اِنَّ ﷲَ مَعَ الَّذینَ اتَّقَوا وَ الَّذینَ هُم مُحسِنون

 – “Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir” deyilirsə, bu birliyin qədrini bilmək lazımdır. Əgər mən və siz Allah-taalanın bu müşayiətini, bu birliyini qoruyub saxlaya bilsək, Amerika nədir, lap dünyada kimlərsə Amerikadan da on qat güclü olsa, Allah-taalanın birlikdə olduğu bu qüvvə hamısına qalib gələcək.

Mən bəsiclə bağlı bir neçə əsas məsələni başlıq kimi qeyd etmək istəyirəm. Sizlər bəsicin müxtəlif sferalarında çalışırsınız; mənim qeyd edəcəyim bu başlıqların hər birini həm şərh etmək, açıqlamaq lazımdır (amma bu gün buna nə vaxtımız var, nə də indi bunun yeridir), həm də həmin istiqamətlərdə fəaliyyət proqramları qurulmalı, iş metodları seçilməlidir. Mən yalnız başlıqları deyəcəyəm, qalanı sizin öhdənizə düşür.

Biri budur ki, bəsic sırf emosional bir hərəkat deyil, bəsic biliyə, dərkə, gözüaçıqlığa əsaslanır. Bəsic, doğrudan da, belədir və məhz bu istiqamətdə irəli getməlidir. Əgər sırf hislər, emosialar olsaydı, hislər cüzi bir təsirlə dəyişir. İnqilabın əvvəlində bir qrup adam var idi ki, inqilabı böyük coşğu və həvəslə dəstəkləyənlərdən idilər, amma bunu emosialarının təsiri altında edirdilər, dini dərindən dərk etdikləri üçün etmirdilər. Universitetlərdə və oradan kənarda olan bu cür insanlardan bəziləri ilə mənim münasibətim var idi, tanıyırdım; dində dayaz idilər. Axırı da bu oldu ki, inqilaba uzaq olan bəzi insanlarla oturub-durmaqla bunlar da inqilabdan uzaqlaşmağa başladılar; uzaqlaşmaq belə olur: əvvəlcə aradakı məsafə az olur, amma insan irəli getdikcə məsafə artır. Sonda inqilaba əks mövqe tutdular. Bəsicə qoşulmaq isə bəsirətlə, gözüaçıqlıqla atılan bir addımdır. 1388-ci ildə mən bəsirət məsələsini dönə-dönə vurğulayırdım, bəziləri narahat olmuşdular, əsəbiləşmişdilər, məqalələr yazıb istehza edirdilər ki, “nəyə görə “bəsirət” deyirsiniz?” Bax buna görə deyirdim. Bəsirət çox önəmlidir. Bilmək, dərk etmək çox əhəmiyyətlidir.

İkincisi, bəsic heç bir cinahdan deyil; ölkədə mövcud olan iki, üç, yaxud dörd siyasi cinahdan hansınasa aid deyil. Bəsic İslam İnqilabının ordusudur, inqilaba aiddir. Hansısa ikitirəlik mövcud olsa belə, bu, inqilabla əks-inqilab arasındakı ikitirəlikdir, inqilab tərəfdarları ilə inqilabın əleyhinə olanlar arasındadır (hətta inqilabçı olmayan bir insanı belə çəkib gətirmək, cəlb etmək olar; mən əksəriyyəti cəlb etmək lazım olduğuna inanıram; əlbəttə ki, bunun da öz yolları var, daha “əksəriyyəti cəlb edək” deyə hər işə əl atmaq olmaz). İnqilabı qəbul edən istənilən cinah, istənilən şəxs, istənilən adam inqilaba xidmət edir, inqilabın arxasınca gedir, bəsic də onun tərəfdarıdır. Yəni bəsici ölkədəki bu, digər, üçüncü və ya dördüncü bir cinahın tərkib hissəsi bilməməliyik. Yox, bəsic özü bir hərəkatdır, İslam İnqilabının hədəflərinə doğru axan böyük bir çaydır.

Digər bir məqam; bəsicdə birgə, müştərək fəaliyyət olmalıdır; yəni bəsicdə xalqın müxtəlif təbəqələrindən olan insanlar iştirak etməlidir; bax xalqın, müxtəlif təbəqələrin səfərbərliyi budur. Şagird, tələbə, fəhlə, universitet müəllimi, ticarətçi, hüquqşünas və sair, və sair – hamısı olmalıdır. Bu, bəsicin üfüqi surətdə genişliyi, çoxluğudur. Əlbəttə, bu müştərək fəaliyyətin şərti odur ki, bütün bu təbəqələr bir-birinə uyğunlaşsın, həmrəy olsun. Mənim tövsiyə etdiyim – elə burda da deyirəm, çünki rəsmilər də iştirak edir – həyata keçirilməsi zəruri olan işlərdən biri də budur ki, bəsicin bu üfüqi istiqamətdə geniş arealına daxil olan təbəqələr arasında əməkdaşlıq, sinergiya və koordinasiyanın təmin olunması üçün qəti bir mexanizm yaradılsın. Deməli, bəsicin bir üfüqi xətti var – bu, bir – digər tərəfdən isə bəsicin dərindən düşünən, yeni ideyalar ortaya qoyan insanlara, ümumilikdə istiqamətləndirilməyə ehtiyacı var. Bu istiqamətləndirmə – daha sonra bu barədə daha ətraflı danışacağam – bəsicin şaquli xəttidir. Bu şaquli xəttin rolunun nədən ibarət olduğunu bir azdan deyəcəyəm. Bəsicin həm üfüqi, həm də şaquli xətti var. Bəsic nə adət etdiyimiz, yalnız şaquli xətti olan hərbi, yaxud administrativ strukturlar kimi, nə də yalnız üfüqi xətti olan qeyri-hökumət təşkilatları kimi deyil. Bəsicin həm üfüqi xətti var, həm də şaquli. Bunların hər biri öz növbəsində bəsicin formalaşması üçün lazımlıdır.

Növbəti bir məqam odur ki, bəsic dinə əsaslanan xalq hakimiyyətinin gerçəkləşməsidir. Biz dinə, yaxud İslama əsaslanan xalq hakimiyyəti deyəndə bəziləri elə bilir ki, xalq hakimiyyəti elə seçki məntəqələrinə gedib səs verməkdir. Halbuki bu, dinə əsaslanan xalq hakimiyyətinin təzahürlərindən yalnız biridir. Xalq hakimiyyəti o deməkdir ki, dinə, İslama əsasən, cəmiyyətin yaşayışının söz sahibi elə xalqın özüdür; xalq hakimiyyəti budur; İslama əsaslanan xalq hakimiyyətinin mənası budur. Bəsic dinə, İslama əsaslanan xalq hakimiyyətinin bütün sferalarda təzahürüdür. İqtisadiyyat sferasına daxil olsa, iqtisadiyyat xalqın iradəsi ilə idarə olunar. Bayaq burda yoldaşlar da qeyd etdilər; tamamilə doğrudur. Bizim önə çəkdiyimiz o müqavimət iqtisadiyyatı bəsicin gücündən istifadə edə bilsə, xalqın hakimiyyəti ilə idarə olunan bir müqavimət iqtisadiyyatı olar. Elm də, cürbəcür sosial nailiyyətlər də, siyasət də bu cürdür. Dinə əsaslanan xalq hakimiyyətinin təcəssümü bəsicdir.

Dedik ki, düşünən, yeni ideyalar ortaya qoyan beyinlər lazımdır. Mən təkid edirəm ki, avropalıların işlətdiyi o “intellektual klublar” ifadəsindən istifadə olunmasın. “İntellektual klub” avropalılara xas olan bir ifadə formasıdır; bizimkilər də götürüb onların söz və ifadələrini dilimizə hərfi tərcümə edirlər, sonra da hər kəlməbaşı öyünə-öyünə işlədirlər. Bizim öz dilimiz var, gəlin yeni sözlər yaradaq; “düşünən beyinlər” ifadəsi “intellektual klub” ifadəsindən də qulağayatandır. Bizə düşünən beyinlər lazımdır. Harada? İki yerdə: birincisi, başda, ən üstdə, ikincisi, müxtəlif sferalarda. Bəsicin çoxlu sayda müxtəlif sferaları var. Bayaq o uşaqlar deyirdilər ki, “biz şövqlə alışıb-yanırıq, bizi göndərin, nə üçün göndərmirsiniz?” Bax o, sərt müharibədir. İstər sərt, istərsə də yumşaq müharibədə düşünən beyinlər lazımdır. Sərt müharibədə düşünən beyinlər bunun üçündür ki, meydanda görülən işləri idarə etsin, kimin, nə vaxt, hansı şəkildə irəli getməli olduğunu müəyyənləşdirsin. Yumşaq müharibəyə gəlincə isə bu, çox geniş bir arenadır və virtual məkanın genişlənməsi ilə günbəgün daha da genişlənir. Özü də yumşaq müharibə sərt müharibədən qat-qat daha təhlükəlidir; yəni sərt müharibələrdə fiziki bədənlər məhv edilir, ruhlar isə göyə pərvazlanaraq Behiştə yollanır; yumşaq müharibədə isə, əgər Allah eləməsin, düşmən qələbə çalsa, fiziki bədənlər qol-qanad açıb sağlam qalır, ruhlar isə Cəhənnəmin dibinə gedir. Fərq budur; odur ki yumşaq müharibə daha təhlükəlidir. Yenə də hər ikisində düşünən beyinlərə ehtiyac var. Eynilə quruculuqda; axı bəsic müəyyən yerlərdə quruculuqla məşğuldur. Eynilə regional missiyaların bölüşdürülməsində; buna ərazi planlaşdırılması da deyirlər; ola bilsin, bəsic ölkənin hansısa regionunda elə bir iş həyata keçirir ki, başqa bir regionda o işi ya görə bilmir, ya da görməsinə ehtiyac yoxdur. Bütün bu işlər ağıllı, tədbirli bir şəkildə həyata keçirilməlidir ki, bunun üçün də düşünən beyinlər lazımdır. Bütün digər müxtəlif sferaların da hər birində düşünən beyinlərə ehtiyac var.

Bundan başqa, bəsicin ən yuxarı dairələrində də oturub bütövlükdə bəsic kollektivi, ölkənin bütün bəsiciləri üçün bir fəaliyyət istiqaməti, başlıca fəaliyyət kursu müəyyən edəcək düşünən beyinlər lazımdır; mən burada da “strategiya” sözündən istifadə etmək istəmirəm; fəaliyyət istiqaməti, əsas kurs. Bizə belə insanlar lazımdır ki, oturub bu şeyləri düşünsünlər və işləri də yalnız bundan ibarət olsun. Ən mühüm işlərdən biri budur. Eynilə bütün dünyada mövcud olan, özləri demişkən, “hərbi strategiyaçılar” kimi; bu adamlar oturub düşünür, döyüş tapşırığını, hansı hərbi əməliyyatların həyata keçiriləcəyini müəyyən edir. Bu lazımdır, bu işlər görülməlidir. Bu işləri həyata keçirsək, ondan sonra siz böyük bəsic arenasının hansı nöqtəsində yer alıb çalışdığınızdan asılı olmayaraq – istər “Salehlər” olsun, istər “Nur yolçuları” olsun, orta məktəblər olsun, universitetlər olsun, zavodda işləyən fəhlə olsun, məsciddə ruhani olsun – işlə məşğul olduğunuzu, hərəkət edən, irəli gedən, ağıllı və məqsədyönlü bir kollektivin üzvü olduğunuzu bildiyiniz istənilən yerdə sizdə bu hiss yaranacaq. “Üzv” deyərkən mən bədən üzvləri ilə bənzətmə aparmaq istəmirəm, çünki, doğrudur, bədən üzvləri hərəkət edir, amma hamısı beyinin əsiridir; onlara “Gör!”, “Eşit!”, “Danış!”, “Hərəkət et!” deyən beyindir. Hökm sahibi beyindir. Bəsicdə isə belə deyil ki, yalnız mərkəzdən əmrlər verilə. Bəsicdə belədir ki, sanki, hər bir üzvün öz beyni var və o, başda duran əsas beyinlə həmrəy, həmfikirdir; əlbəttə ki, bu həmrəyliyin də öz yolları var.

Bu düşünən beyinlər də olandan, fəal surətdə işləyəndən sonra, bununla yanaşı, bir nəzarət mexanizmi də olmalıdır. Nəyə nəzarət olunmalıdır? Bəsic hərəkətli, canlı, dinamik, inkişaf etməkdə, irəli getməkdə olan bir kollektiv olduğuna görə nəzarət etmək lazımdır ki, onun bu irəliləyişi dayanmasın; baxmaq lazımdır ki, yanlış istiqamətə getməsin, yolunu çaşmasın. İzləmək lazımdır ki, riskə məruz qalmasın, xəstəliyə yoluxmasın, cürbəcür “viruslar” onun daxilinə yol tapmasın. Mənim dediyim bu nəzarət mexanizmi təhlükəsizlik, mühüm informasiyaların qorunması və sair bu kimi işləri həyata keçirən orqanlardan ayrıdır, onlarla işim yoxdur, onlar öz yerində, hər birinin öz vəzifəsi var. Mən elə bir ağıllı, tədbirli nəzarət mexanizmindən danışıram ki, onun vasitəsilə sanki bir monitor kimi çöldəki reallıqları izləmək, nələrin baş verdiyini görmək mümkün olsun.

Bunlar lazımdır; bütün bunlar bəsicin inkişafı, bu pak ağacın qol-budaq atıb daha çox bəhər verməsi üçün zəruri olan şeylərdir. Çünki bəsic pak bir ağacdır:

اَصلُها ثابِتٌ وَ فرعُها فِی السَّماء * تُؤتی اُکُلَها کُلَّ حینٍ بِاِذنِ رَبِّها

“Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan pak bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər”. (“İbrahim” surəsi, 24-25-ci ayələr)

Əgər bu ayədə deyilənlərin gerçəkləşməsini istəyirsinizsə, bu dediklərim olmalıdır. Mənim bu saydıqlarım ümumi cizgilərdir, özü də sırf analiz xarakterli fikirlər də deyil. Bu dediklərimin hamısını reallaşdırmaq, həyata keçirmək mümkündür. Hər birini də ətraflı şərh etmək olar – az öncə qeyd etdiyim kimi – bunların hər biri üçün müvafiq fəaliyyət proqramları hazırlanmalı, işlər planlaşdırılmalıdır. Bu isə sizlərin və rəsmilərin öhdəsinə düşür; oturub bu işləri həyata keçirməlidirlər. Bunlar həyata keçirilməsi real olan ümumi cizgilərdir. Onlara diqqət yetirmək lazımdır.

Bu yerdə haşiyəyə çıxaraq bir məqamı da qeyd edək – bayaq dostlarımızdan bəzilərinin çıxışlarında da var idi – ki, ilk dəfə ölkəmizdə yaranan bəsic başqalarına örnək oldu. Bu örnək heç bir təbliğat aparılmadan, kitab nədir, bir vərəq kağız belə yazılmadan, heç kimə tapşırıq göndərilmədən İslam dünyasının önəmli bir hissəsində özünə təbii surətdə yer açdı; yəni başqa yerlərdə də özünü göstərdi. Onun surətini, kopiyasını çıxarmağa başladılar; bəziləri yaxşı, bəziləri isə pis məqsədlə. Gəncləri dini stimul əsasında meydanlara gətirmək, məsuliyyəti onlara həvalə etmək, onlara etimad göstərmək – bu, bir örnəyə çevrildi. Bəsic örnəyə çevriləndən sonra müxtəlif ölkələrdə dostlarımız ondan bəhrələndi – bayaq yoldaşlar ad çəkdi, mən hansısa ölkənin adını qeyd etmək istəmirəm – düşmənlər də oturub onun üçün planlar cızmağa başladı. Düşmənin planlarından biri yol tapıb nüfuz etməkdir. Mən təxminən bir il, bəlkə, ondan da bir qədər artıqdır ki, bu məsələ haqda danışır, vurğulayıram. Düşmənin aramıza nüfuz etməsindən qorxmaq, ehtiyatlanmaq lazımdır. Qorxmaq deyəndə mən onu nəzərdə tutmuram ki, dəhşətə gələk; yəni nəzərə almaq, ehtiyatlı olmaq lazımdır. Düşmənin ölkəyə nüfuz etməsi çox önəmlidir.

Düşmənin izlədiyi planlardan biri də paralel xətlər yaratmaqdır; bəsic üçün rəqib yaratmaq; belə işlər də görürlər. Təfərrüatlara varmaq istəmirəm, amma mən bilirəm, məlumatım var, ola bilsin, sizlərdən də bəziləriniz xəbərdarsınız ki, hazırda bəsic üçün, ölkəmizin gəncləri üçün, mənim “yumşaq müharibənin zabitləri” adlandırdığım cavanlarımız üçün rəqiblər yaratmaqla məşğuldurlar. Gəncləri bəsicdən yayındırıb başqa bir tərəfə çəkmək üçün paralel xətlər yaradırlar. Bunlar mühüm məsələlərdir.

Əgər mənim sadaladığım bu başlıqlara diqqət yetirilsə – əlbəttə ki, deyiləsi başqa məsələlər də var, amma indi vaxtımız yoxdur – o zaman bəsic cəmiyyətin ən başlıca sferalarında güclü və effektiv bir şəkildə özünü göstərməyə müvəffəq olacaq, təsir göstərə biləcək; istə elmdə, istər mədəniyyətdə, istər iqtisadiyyatda, istərsə də əhaliyə xidmət sahəsində. Bəsic bütün bu sferalarda böyük və effektiv bir qüvvə kimi özünü göstərə bilər. “Bəsicin tormozu yoxdur”(3)  – deyəndə bax bunu nəzərdə tuturlar. Başqa sözlə desək, bəsic rəsmi qurumlara həm fəaliyyət istiqamətini müəyyən etməkdə, həm hədəfləri seçməkdə, həm də iş görməkdə yardımçı ola bilər. Yəni mən bəsic haqda söhbət edib bu məqamları vurğulayanda, bəsicin nələrə qadir olduğunu deyəndə icraedici hakimiyyət üçün bir rəqib obrazı yaratmaq istəmirəm. İcraedici hakimiyyətin öz vəzifələri, məsuliyyəti var, onları yerinə yetirməlidir, bu, onun vəzifəsidir, bəsic isə icra strukturlarına ictimaiyyəti düzgün istiqamətləndirməkdə, xəta və sapmaların qarşısını almaqda kömək edə bilər. Həmçinin əməli işdə də yardımçı ola bilər; eynilə müqavimət iqtisadiyyatında olduğu kimi; bayaq bəzi yoldaşlar da qeyd etdilər. Bəsic tamamlayıcı, ruhlandırıcı bir amil kimi çıxış edə bilər. Bəzi dövlət qurumları müəyyən sferalarda ümidsizliyə qapılaraq: “Olmur!” – deyir. Necə yəni olmur?! Bir bu qədər böyük işlər həyata keçirilib, “olmur” nə deməkdir?! “Olmur!” – deyirlər. Bəsic, bu gənc və avanqard qüvvə irəli düşüb öz düzgün hərəkət kursu üzrə iş görməyə başlayanda isə o ümidini itirmiş, əli işdən soyumuş adamlarda da bir ruh yüksəkliyi və ümid yaranır.

Əlbəttə, mən heç vaxt mübaliğəyə yol vermək, bəsicilərin bir mələk, insan oğluna xas zəif cəhətlərdən uzaq olduğunu demək istəmirəm. İnsan oğlunun zəif cəhətləri bizim hamımızda var; qorxumuz var, tərəddüdümüz var, cürbəcür şeyləri düşünüb nəzərə alırıq, sosial problemlərimiz var, amma çıxılmaz bir vəziyyətdə deyilik, mən bunu demək istəyirəm. Gənc bir bəsici müəyyən mərhələdə qorxu hissi keçirə, ya hansısa məsələdə tərəddüd edə bilər, amma çıxılmaz bir vəziyyətə düşmür. Çünki bəsicdə ona düzgün istiqamət verə biləcək, güclü insanlar o qədər çoxdur ki, onların dəstəyi ilə bütün o zəif cəhətləri aradan qaldıra, yaxud güclü bir cəhətə çevirə bilər.

Bu gün biz ölkəmizdə iqtisadi problemlərin yaşandığını görürük. Əlbəttə, biz bu ili əməli tədbirlər ili elan etmişik, dünən də möhtərəm rəsmilərimiz mənə ətraflı bir hesabat yollamışdılar, ilin əvvəlindən indiyə qədər həyata keçirilmiş işlərin siyahısı var idi; yəni mən istəmişdim; dedim, baxaq görək axı əməli tədbirlər ilində hansı işlər görülüb. Ətraflı bir hesabat gəldi, baxdım. Statistika var, işlər var, tədbirlər görülüb, intəhası nəticəsi reallıqda görünməlidir. Önəmli olan odur ki, təqdim etdiyimiz statistikanın nəticəsi əməli surətdə müşahidə olunsun. Mən ilin əvvəlində də demişdim, elə etməliyik ki, il başa çatanda siyahı göstərib: “Bu işləri görmüşük, bu da əməldə, cəmiyyətin reallığında olan nəticələri!” – deyə bilək. Belə olmasın ki, sırf kağız üzərində, hesabatlarda olsun. Bəsic bu məqsədin reallaşmasında rol oynaya bilər.

Çıxışımın sonunda mən o imperialist dövlətlə aramızda olan problemlərlə bağlı bir neçə cümlə qeyd etmək istəyirəm; əlbəttə ki, hakimiyyətə gələcək yeni administrasiyalarını nəzərdə tuturam; hansı ki hələ iş başına keçməyib. İndi o təzə seçilən prezident hələ ki, necə deyərlər, bütöv qarpız kimidir, bilmirik içi necə çıxacaq, amma hazırda Amerikada fəaliyyətdə olan administrasiya götürdüyü öhdəliklərə, birgə razılaşdırılmış və o vaxt rəsmilərimizin də bizə təqdim etdiyi qərarlara əməl etmir. Deməliyəm ki, onların bu cür işləri, qəbul etdikləri öhdəlikləri yerinə yetirmədikləri çox olub, bunu bir dəfə, iki dəfə etməyiblər. Ən axırıncısı da o onillik sanksiyanın müddətinin uzadılması məsələsidir. Əgər həmin sanksiyanın müddəti uzadılsa, bu, Birgə Kompleks Tədbirlər Planına qəti surətdə ziddir – buna heç bir şübhə ola bilməz – və bilsinlər ki, İran İslam Respublikası elə bir addıma hökmən reaksiya verəcək.

Bununla bağlı mənim rəsmilərimizə və xalqımıza demək istədiyim budur ki, BKTP adı verilmiş o nüvə razılaşması düşmənin İran xalqına və ölkəmizə vaxtaşırı təzyiq göstərə bilməsi üçün vasitəyə çevrilməməlidir; yəni biz onların bunu təzyiq vasitəsinə çevirmələrinə imkan verməməliyik. Rəsmilər mənə demişdilər ki, bu işi sanksiya və təzyiqlərin aradan qaldırılması üçün görürlər, bu addımı ona görə atırlar. İndi onlar elə ilk gün görülməli olan, amma artıq 8-9 aydır tam olaraq başa çatdırılmamış, alayarımçıq qalan bir işi görmədikləri bir yana qalsın (qarşı tərəfin BKTP ilə əldə olunmuş razılaşmalara əməl etmədiyini bizim rəsmilərimiz açıq-aşkar deyirlər; danışıqlarda bilavasitə iştirak etmiş şəxslər özləri bunu açıq şəkildə deyiblər və deyirlər), üstəlik hələ bunu yenidən İslam Respublikasına təzyiq göstərmək üçün vasitəyə çevirsinlər?! Xeyr, Allahın qüdrətinə və xalqın iştirakının gücünə söykənən İslam Respublikasının dünyada heç bir qüvvədən qorxusu yoxdur. Əgər kimsə zəif iradəli Bəni-İsrail kimi «اِنّا لَمُدرَکون»– “Bu dəqiqə bizi yaxalayıb atamızı yandıracaqlar” – deyirsə, biz də Həzrət Musa kimi deyirik: 

کَلّا اِنَّ مَعِیَ رَبّی سَیَهدین

Pərvərdigara! Bu gənclərə, ölkəmizin bütün cavanlarına və əziz xalqımıza öz hidayət və yardımını günbəgün daha da artır.

Allahın salamı, rəhməti vəbərəkəti nəsibiniz olsun.

____________________

(1) Bəsic Təşkilatının təsis edilməsinin (05.09. 1358) ildönümü münasibətilə baş tutan bu görüşün əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, keşikçi general-mayor Məhəmmədəli Cəfəri və Bəsic Təşkilatının sədri, keşikçi briqada generalı Məhəmmədrza Nəqdi məruzə ilə çıxış etmişlər. Həmçinin görüş iştirakçılarından üçü ölkə bəsicilərinin təmsilçisi qismində çıxış edərək rəy və görüşlərini ifadə etmişlər. 
(2) Biharül-ənvar, c.91, səh.149 (azacıq fərqlə)
(3) İştirakçılar gülür.