Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
و الحمد لله ربّ العالمین و الصّلوة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین و لعنة الله علی اعدائهم اجمعین
Əziz və şanlı İsfahan əhalisinin bir qrupu ilə bu hüseyniyyədə yenidən görüşməyə müvəffəq olduğumuz üçün çox xoşbəxtəm. İsfahan və isfahanlılar haqqında deyiləsi sözlər çoxdur, amma bu görüş 25 aban münasibətilə təşkil olunduğu üçün mən də çıxışıma elə buradan başlamaq istəyirəm. Aban ayının 25-dən ayın sonuna qədər baş vermiş hadisələri təkcə İsfahan camaatı deyil, bütün ölkəmiz, tariximiz və tarixi yaddaşımız heç bir zaman unutmamalıdır. 61-ci il aban ayının 25-də İsfahan əhalisi təxminən 360 şəhid dəfn etdi; bu, kiçik bir rəqəm deyil. Şəhərə bir gündə 360-a yaxın şəhid cənazəsi gətirildi və xalqın iştirakı ilə dəfn edildi. Siz gənclər o vaxt yox idiniz, həmin günləri görməmisiniz, o qəhrəmanlığın, o coşqunun şahidi olmamısınız. Bu hadisədən bir neçə gün ötdükdən sonra İsfahana yenə 250 şəhid cənazəsi gətirildi – az öncə elə buna görə ayın axırına kimi deyirdim; deyəsən, hələ heç ayın 30-u olmamışdı – amma xalq yenə də dözümlülük göstərdi, duruş gətirdi və şəhidlərini əlləri üzərində son mənzilə yola saldı.
Bunlara səbir etmək, davam gətirmək insandan güc istəyir. Mənəvi güc fiziki və ictimai gücdən daha üstündür. Bir şəhərin əhalisi gənc övladlarını, özü də ən yaxşı oğullarını qaşlarını belə düyünləmədən əlləri üzərində son mənzilə yola salırsa, bu olduqca böyük bir işdir. Bütün bunları tarix kitablarından, ya başqa bir kitabdan oxusaydıq, reallığına asanlıqla inanmazdıq, amma öz gözlərimizlə görmüşük. Xalq bu ağır hadisəyə necə dözdü, necə dayandı? Həmin gün və səhəri gün təxminən 360 şəhid dəfn edildikdən sonra gənclər cəbhəyə getmək üçün növbəyə düzülmüşdülər; getdilər də. İsfahanda və ostanın digər şəhərlərində olan iki diviziya – İmam Hüseyn (ə) və Nəcəf diviziyaları – yenidən mömin və fədakar cavanlarla dolub-daşdı. Onların bu gedişinə nə ata-anaları maneçilik törətdi, nə də gənclər özləri öz qərarlarında zərrə qədər belə olsun tərəddüd etdilər. Cəbhənin ön xəttində vuruşan və o cür ağır itki vermiş həmin iki diviziya yenidən mömin və fədakar gənclərlə doldu. “Məhərrəm” əməliyyatında şəhid olanların əksəriyyəti isfahanlılar idi; bax İsfahan budur. Bütün bunların unudulmasına imkan vermək olmaz.
Mənim əzizlərim! Bilin ki, düşmənlərimizin hədəf aldığı əsas məqamlardan biri belə parlaq həqiqətləri arxa plana keçirməkdir; onlar bu cür tarixi reallıqların unudulması üçün gərgin səylər göstərirlər. Özünüz görürsünüz, hansısa Avropa ölkəsində bir nəfər şəhid olursa (necə şəhid olması ilə işimiz yoxdur; hansısa bir hədəf uğrunda öldürülüb) adının kitablardan silinməsinə, xatirələrdən yox olmasına imkan vermirlər. Bəs biz nə üçün İsfahan camaatının bu böyük hərəkatının, fədakarlığının unudulmasına yol verməliyik? İsfahan budur.
Bu il bu günlər ərbəin ərəfəsinə təsadüf edib. Nəcəf və Kərbəla, Nəcəf və İmam Hüseyn (ə) məqbərəsi arasında milyonların təşkil etdiyi o möhtəşəm yürüşü, o izdihamı görürsünüz? O şövqü, o coşqunu, o hərəkatı görürsünüz? Lazım olan məqamda, hətta təhlükəli belə olsa, xalqımızda, camaatımızda, gənclərimizdə o coşqu, o həvəs yenə də özünü göstərir; bu əhval-ruhiyyəni, bu psixologiyanı qorumaq lazımdır. Bu ölkənin gələcəyinə məhz bu yüksək əhval-ruhiyyə və coşqu zamin ola bilər.
Bayaq cənab Təbatəbayi qeyd etdi, buyurdu ki, mənim İsfahanın, İsfahan camaatının təqdirəlayiq keyfiyyətləri barədə deyiləsi sözüm, fikirlərim çoxdur; doğrudan da, belədir. İsfahan elm, din, imamlara (ə) sevgi və bağlılıq, zəhmət və təşəbbüskarlıq, incəsənət, mədəniyyət və şəhadət şəhəridir; bura şəhadət ostanıdır. Mən İsfahan şəhəri dedikdə mərkəzdə qədim və iftixarlarla dolu bu şəhər olmaqla bütövlükdə İsfahan ostanını nəzərdə tuturam. İsfahan ostanının şəhərlərindən olan Xomeynişəhr bəzi ostanlardan çox şəhid verib. Elə bu yaxınlarda həmin şəhərin 2000-dən artıq şəhidi üçün anım tədbiri keçirildi. İsfahanın bir şəhəri bəzən bütöv bir ostandan daha çox şəhid verib. Bütün bunların dərin mənası var. Bu insanlar nəyə görə şəhid olurlar? Nəyə görə döyüşə gedirlər? Bu, necə bir stimuldur? Bu nə ruhiyyədir? İsfahan bax belə bir öncül, avanqard şəhərdir.
İsfahan camaatının müqavimət iqtisadiyyatı sahəsində gördüyü işlərə də işarə olundu; bəli, mən də deyilənlərlə həmfikirəm. İsfahan camaatı infaqda – malını Allah yolunda xərcləməkdə elə əliaçıqlıq edir ki, bu işdə başqalarından öndə gedir, ancaq gündəlik həyatında etdiyi qənaətkarlıqla da yenə də başqalarından irəlidədir; hər ikisi yaxşıdır. Şəxsi və gündəlik həyatda pul xərcləyərkən qənaət etmək isfahanlılara xas bir xüsusiyyətdir; Allah yolunda, toplum üçün şəxsi malından xərcləmək lazım olanda əliaçıqlıq etmək də yenə isfahanlılara xas bir davranışdır. İsfahanın müxtəlif sahələrində bu cür xeyriyyəçilik işləri görülür. İsfahan gözəllik, incəsənət, böyük və adlı-sanlı şəhidlər diyarıdır; bir tərəfdən Ayətullah Beheşti kimi, digər tərəfdən də Xərrazi, Himmət, Kazemi və Rəddanipur kimi şəhidləri var. Bu böyük və görkəmli simalar hər biri bir xalqın önünə işıq sala, yol aça biləcək bir məşəl ola bilər. Bunlar sizin vizit kartınızdır; İsfahan camaatının vizit kartı budur; doğru yol uğrunda göstərdikləri müqavimətdir; yəni bu şəhər inqilab şəhəridir. İnqilabdan öncə şah dövründə 10-15 şəhərdə hərbi hökumət elan edilmişdi; İsfahanda isə bu hərbi hökumət başqa şəhərlərdən daha tez – bir neçə ay əvvəl elan edilmişdi; bax İsfahan budur. İsfahanın vizit kartı budur: bura inqilab, din, imamətə bağlılıq, ölkəyə və xalqa xidmət, əmək, elm, insan sərmayəsi şəhəridir. Bayaq o biri otaqda dostlarımıza da dedim ki, İsfahanın yetişdirdiyi insan potensialı ölkənin müxtəlif sferalarında çox parlaq, diqqətəlayiq və aşkar bir şəkildə iştirak edir. Bu xüsusiyyəti qoruyub saxlamaq lazımdır.
Gənclərimiz hamısı bilməlidir ki, düşmənlərimiz sakit oturmur, əleyhimizə planlar hazırlayırlar; əsl hünər odur ki, düşmənin məkrli planlarından, hücum üçün hədəf seçdiyi nöqtələrdən xəbərdar olaq və eyni zamanda düşmənə müqavimət göstərmək, planlarını heçə çıxarmaq üçün bizim də konkret planlarımız, motivasiyamız və müəyyən fikirlərimiz olsun. Düşmənin önündən qaçmaq bir ölkənin üzləşə biləcəyi bütün təhlükələr üçün giriş qapısıdır. Biz ölkəmizi İslam dini sayəsində ən yüksək zirvəyə çatdırmaq istəyirik; biz İran xalqını layiq olduğu, dünyaya örnək olacaq bir səviyyəyə yetişdirmək istəyirik; təkcə İslam dünyası və müsəlman xalqları üçün yox, Yer kürəsinin bütün insanları üçün örnək olacaq bir səviyyəyə. Bu, böyük bir işdir, bu yol çətin və uzun bir yoldur. İslamın düşəmənləri bu dininin adının belə bir əzəmət və möhtəşəmlik qazanmasını istəmir; eynilə şiəliyin düşmənləri də; ona görə də fəaliyyətdədirlər, oturub müxtəlif planlar cızır, iş aparırlar. Onların planlarından məlumatsız qalmaq olmaz.
Fikrimcə, günümüzdə ilk növbədə ehtiyac duyulan məsələ inqilabın prinsipləri üzərində möhkəm durmaqdır, onlara sədaqət və bağlılıqdır. Bu prinsiplər elə İmamın (r.ə) vəsiyyətnaməsində və çıxışlarında əksini tapan mövzulardır; bunlar inqilabın bünövrəsi, sütunlarıdır. Mən gənclərimizə İmamın (r.ə) vəsiyyətnaməsini oxumağı tövsiyə edirəm. Siz İmamı görməmisiniz, amma o, öz vəsiyyətnaməsində təcəssüm edib. Həmin vəsiyyətnamədə, həmçinin İmamın çıxışlarında, söhbətlərində dünyanı lərzəyə gətirməyi bacarmış bu insanın şəxsiyyəti öz əksini tapıb. İmamı reallıqda olduğunun əksinə tanıtmaq, həqiqətdə olmadığı kimi səciyyələndirmək mümkün deyil, çünki onun çıxışları, fikirləri əlimizdə var, yaşamaqdadır. Odur ki İslam İnqilabının əsasları üzərində möhkəm durmaq lazımdır.
O günkü görüşdə mən burada iştirak edən gənc alimlərimizə də bildirdim ki, bu prinsiplərə sədaqətin vacibliyi kor-koranə inad, təəssübkeşlik və cahilanə heysiyyətdən irəli gəlmir. Bu, ondan irəli gəlir ki, əgər İran əsrlər boyunca məcburən məruz qaldığı gerilikdən yaxa qurtarmaq istəyirsə, mütləq, bu istiqamətdə addımlamalıdır. Bu ölkənin problemlərinin həll olunmasını, hərtərəfli yüksəlişini, nüfuz və rifah əldə etməsini, maddi, mənəvi-əxlaqi, mədəni baxımdan başqalarına örnək olacaq bir ölkə olmasını istəyiriksə, inqilab yolunu davam etdirməliyik. İnqilab yolu bu ölkənin yeganə qurtuluş yolu idi, hazırda da belədir, gələcəkdə də belə olacaq.
Hazırda əməli cəhətdən mühüm olan məsələlərdən biri iqtisadiyyat məsələsidir; düşmən bütün diqqətini iqtisadiyyatımıza yönəldib və məhz zəif hesab etdiyi bu nöqtəyə basaraq əziz ölkəmiz, İran İslam Respublikası ilə bağlı xain niyyətlərini həyata keçirə biləcəyini düşünür. İqtisadiyyat üzərində ciddi işləmək lazımdır. Bayaq müqavimət iqtisadiyyatı dedim; müqavimət iqtisadiyyatı daxildən güc alan, başqalarına ehtiyacımızı azaldacaq, xarici böhranlar qarşısında ölkənin müqavimət gücünü artıracaq bir iqtisadiyyatdır; müqavimət iqtisadiyyatının mənası budur. Cari ilin şüarı “Müqavimət iqtisadiyyatı, əməli tədbirlər” şüarıdır; bütün bu əməli tədbirlər xalqın gözü önündə baş verməlidir, camaat onların nəticəni görməlidir. Mənim rəsmilərdən gözləntim budur, bunu görüşlərimizdə də həmişə qeyd edirəm; bu haqda daim onlarla danışır, müzakirələr aparırıq. Əməli tədbirlərin nəticələrini hamı görməlidir.
Bu gün ehtiyac duyduğumuz şeylərdən biri də siyasi cəhətdən gözüaçıq olmaqdır; siyasi cəhətdən gözüaçıqlıq! İnsan gözüaçıq olanda öz çevrəsini, uzaq və yaxınını düzgün tanıya bilir; gözüaçıqlıq budur. Bu olmayanda isə əslində heç cəlbedici olmayan şeylər insanı özünə cəlb edir. Bu gün bir qrup adam amerikapərəstdir, ancaq bu, aldadıcı bir cazibədir; çünki əslində Amerikada cəlbedici heç nə yoxdur. Mən bunları həmişə deyirdim, sonra özünüz də gördünüz ki, seçkilərdə o ölkənin ən öndə gedən siyasətçiləri çıxıb elə mənim söylədiklərimi, hələ ondan da qat-qat artığını dilə gətirdilər. Seçilmiş prezident (2) deyir ki, biz amerikalılar bu neçə il ərzində müharibələrə xərclədiyimiz pulları ölkənin daxili ehtiyaclarına sərf etsəydik, iki dəfə Amerika qura bilərdik, o zaman bu qədər sökülüb-dağılmış yollarımız, körpülərimiz, bəndlərimiz, şəhərlərimiz, bu qədər yoxsul vətəndaşımız olmazdı. Xəyali bir şeyin heyranı olan insanlar bu həqiqətləri anlamağa hazırdırlarmı? Amerikada bu qədər xarabazarlıq olduğu halda, o ölkənin pulları şərəfsiz işlərə xərclənir. Onun dediyi, trilyonlar xərclənmiş müharibələr – milyardlarla dollar xərcləmişik deyir – şərəfli müharibələr idi? Savaş da iki cür olur: biri insani qanunlara hörmət qoyulan şərəfli savaşdır; bəli, düşmən hücum etdikdə insan müqavimət göstərməyə məcburdur, bu, haqlı və şərəfli savaşdır. Bu illər ərzində ABŞ-ın bu regionda törətdiyi savaşlar isə şərəfli savaşlar olmayıb. O müharibələrlə nə qədər evlər dağıdıblar, bombalar yağdıraraq on minlərlə dinc insanı, qadınları, uşaqları öldürüblər, xeyir-şər mərasimlərini bombalayıblar, neçə ölkənin infrastrukturunu məhv ediblər. Görün Liviyanın, Suriyanın, İraqın, Yəmənin, Əfqanıstanın başına nələr gətiriblər! O trilyonlar bu işlərə sərf edilib. Bunlar mənim həmişə toxunduğum məsələlərdir. Gözüaçıqlıq odur ki, kiminlə qarşı-qarşıya olduğunu, qarşı tərəfin sənin haqqında nə düşündüyünü anlayasan, bir anlıq gözünü yumsan, fikrin yayınsa, üstünə hücum olunacağını biləsən; gözüaçıqlıq budur. Mənim ölkənin siyasi və qeyri-siyasi elitasından gözləntim budur ki, onlarda bax bu gözüaçıqlıq olsun. Xoşbəxtlikdən, xalqımızda bu xüsusiyyət var. Maraqlıdır, sadə insanlar, xalq kütləsi siyasi cəhətdən gözüaçıq olduğu halda, müəyyən illüziyalara qapılan bəzi ziyalılarımızda bu yoxdur.
Əlbəttə, ABŞ-da keçirilmiş seçkilərlə əlaqəli mən konkret olaraq heç bir mühakimə yürüdə bilmərəm; Amerika Amerikadır; istər bu partiya olsun, istərsə də o biri, fərqi yoxdur, hansı biri hakimiyyətə gəlibsə, bizə zərərdən başqa heç nə verməyib. Biri sanksiya qoydu, o biri təyyarəmizi vurdu, o biri neft platformalarımızı vurdu, başqa birisi də düşmənlərimizə kömək göstərdi. Heç nigarançılığımız da yoxdur; Allah-taalanın yardımı ilə, baş verə biləcək hər bir hadisəyə hazırıq. Amerikada seçkilər bu cür nəticələndiyi üçün dünya ölkələrində bəziləri az qala yas qurub; başqa bir qrup isə sevinir. Biz isə yox, nə matəm saxlayırıq, nə də sevinirik; bizim üçün fərqi yoxdur. Biz ölkəni üzləşə biləcəyi hər cür problemdən necə xilas edə biləcəyimizi düşünürük; xalq bunu düşünməlidir. Ölkəni istər hazırkı dövrdə, istərsə də sonrakı on, əlli ildə üzləşə biləcəyi hər cür problemdən müvəffəqiyyətlə keçirməyin yeganə yolu onu daxildən gücləndirməkdir. Baxın görün bu gücü necə əldə etmək olar. Əsas məsələ dövlətin daxildən möhkəmlənməsidir; həm siyasi, həm iqtisadi, həm mədəni cəhətdən, həm də hamısından önəmlisi insanların, xüsusilə də ziyalıların, özəlliklə yüksək vəzifə postu tutan rəsmilərin mənəvi-psixoloji cəhətdən möhkəm olmasıdır. Bu güc, bu möhkəmlik olsa, ölkəni heç bir təhlükə təhdid edə bilməz. Ölkəmiz hər cür təhlükəyə hazırdır. Bu mübarək inqilabi ruhiyyəni bizim əziz gənclərimiz davam etdirməlidir. Söz-söhbətlər, qalmaqallar, lüzumsuz şərhlər, xırda, əhəmiyyətsiz mövzulara varmalar və sair bu kimi məsələlər ölkə üçün problem deyil; ölkənin birinci dərəcəli məsələsi inqilabi ruhiyyədir, inqilabi tendensiyadır. Əməli tədbirlər, planlama baxımından isə əsas məsələlər mənim haqqında dönə-dönə danışdığım iqtisadiyyatdır, tez-tez toxunduğum elmi inkişafdır, dəfələrlə vurğuladığım xalqın birliyi, həmrəyliyi məsələsidir. Bunlar ölkənin ən önəmli məsələləridir.
Şükürlər olsun ki, İsfahan xalqı uzaq və yaxın keçmişdə üzləşdiyi hər cür sınaqlardan üzüağ çıxmağı bacarmışdır. İsfahanlıların bu günə qədər keçdiyi ağır imtahanlar onlar üçün konstruktiv olmuşdur. İmtahan məşqdir, ilahi imtahan məşq etmək, qarşılaşmada özünü sınamaq deməkdir. Rəqiblə qarşılaşma insana öz zəif cəhətlərini göstərir, bununla da insan həmin zəif cəhətləri aradan qaldırmağa, güclənməyə çalışır. Bu, İran xalqının mütəmadi olaraq üzləşdiyi bir şeydir. Şükürlər olsun ki, İsfahan bu sahədə həmişə öncüldür. Ümidvaram ki, həmişə də belə olacaq.
Mənim əzizlərim! Əmin olun ki, bu ölkənin sabahı bu günündən daha yaxşı olacaq. Allah-taalanın lütfü və yardımı ilə bu ölkə inqilabın, ilahi ayələrin, Qurani-Kərimə, İslam dininə və on dörd məsumun (ə) təlimlərinə bəslənən imanın bərəkəti sayəsində bütün problemlərinin öhdəsindən gələ biləcək və inkişaf edəcəkdir. Ümidvaram, elə belə də olacaq, inşallah. Əziz qardaş və bacılar, görüşümüz məni çox sevindirdi. Bütün isfahanlı bacı-qardaşlarımıza mənim salamımı yetirin.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
____________________
(1) “Məhərrəm” əməliyyatında şəhid olmuş 370 şəhidin nəşinin 1361-ci il aban ayının 25-də İsfahanda torpağa tapşırılmasının ildönümü münasibəti ilə təşkil olunmuş bu görüşün əvvəlində İsfahan ostanının imam-cüməsi, vəli-fəqihin ostan üzrə nümayəndəsi Ayətullah Seyid Yusif Təbatəbai çıxış etmişdir.
(2) Donald Tramp