Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Kohgiluyə-Buyerəhməd və Şimali Xorasan ostanlarında keçirilən şəhidləri anım konfranslarının təşkilat komitələrinin üzvləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمد ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین

Şükürlər olsun ki, bügünkü toplantımız şəhadətin ətri ilə rayihələnib. Kohgiluyə-Buyerəhməd və Şimali Xorasan ostanlarından olan əziz qardaşlarımız, sizlər şəhidlərin adını, xatirəsini yaşatmaq, şəhidlərə xidmət etmək üçün səy göstərmisiniz, zəhmət çəkmisiniz və bu gün də lütfkarlıq edərək bura təşrif gətirmisiniz. İnşallah, Allah-taala sizin bu əməyinizi mükafatlandırar, saf niyyətinizi və möhkəm iradənizi davamlı, səbatlı edər, bu yolda çəkdiyiniz zəhmətləri qəbul edər, bu dəyərli mədəni işinizin nəticələrindən bütün xalqımız faydalanar. Belə ki bu gün camaatımızın bu cür tədbirlərə çox ehtiyacı var.

Burada iki ayrı ostandan gəlmiş kollektivlər iştirak etdiyinə baxmayaraq, eyni məram və məqsədə xidmət etdiyiniz üçün mən sizinlə birlikdə görüşüb söhbət etməyi qərara aldım; şəhidləri anacağıq, şəhidləri yad edəcəyik; inşallah, bu anımın bərəkəti burada iştirak edən hər kəsə və burada ediləcək söhbətlərə şamil olar. Müqəddəs Müdafiə zamanından otuz ilə yaxın – 28 il vaxt keçməsinə rəğmən, şəhidlərin adı və xatirəsi hələ də köhnəlməyib, unudulmayıb və bundan sonra da unudulmayacaq. Bunun səbəbini isə Uca Yaradan belə açıqlayır:

اَحیآءٌ عِندَ رَبِّهِم

 “...Əslində onlar diridirlər.”(“Ali-İmran” surəsi, 169 cu ayədən)

– yəni onlar sağdırlar. Tarix boyunca şəhid olmuş insanlar hamısı bu cürdür. Dünyadan köçmüş bu qədər din alimləri, dahi şəxsiyyətlər, siyasətçilər var, onların çox az hissəsi insanlar tərəfindən anılır. Şəhid olmuş, şəhidliyi ilə tanınan insanların xatirəsi isə yaşamaqdadır və yaşayacaq da. Bizim şəhidlərimiz də eynilə bu cürdür. Bizim şəhidlərimizin də xatirəsi yaşadılır, canlıdır və biz bu missiyanı mühüm məsələlərdən biri kimi daim diqqətdə saxlamalıyıq. Ona görə ki Quranda bizə şəhidlərlə bağlı müjdə verilib: 

وَ یَستَبشِرونَ بِالَّذینَ لَم یَلحَقوا بِهِم مِن خَلفِهِم اَلّا خَوفٌ عَلَیهِم وَ لا هُم یَحزَنون

“...arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onlar qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.” (“Ali-İmran” surəsi, 170-ci ayə)

Şəhidlər bizə: “Qorxmayın, kədərlənməyin, ümidinizi itirməyin!” – deyirlər. Onlar Allah-taalanın nemətini, ilahi rəhmət və bərəkəti bizim yadımıza salırlar. Bu isə bu gün bizim ehtiyac duyduğumuz məsələlərdən biridir.

Bu gün düşmənin apardığı yumşaq, gizli müharibənin məqsədi toplumu cihad meydanlarından, mübarizə və dirəniş ruhiyyəsindən uzaq tutmaq, ideallara qarşı laqeydləşdirməkdir; məqsəd budur. Milyardlarla pul xərclədikləri genişmiqyaslı təbliğatları vasitəsilə İran xalqını – mübarizəsi, müqaviməti ilə super-güclərin, imperialistlərin bir çox arzu və məqsədlərini ürəyində qoymağı bacarmış xalqımızı ruhdan salmağa, siyasət arenasından sıxışdırıb çıxarmağa çalışırlar; hədəfləri budur. Hətta iqtisadiyyat, siyasət, təhlükəsizlik sferalarında göstərdikləri müxtəlif təzyiqlər də bu məqsədlədir. Düşmənin bizə qarşı müharibəyə başlamaq, ölkənin müəyyən hissəsini işğal etmək istədiyini düşünmək yanlışdır, bu artıq köhnəlmiş bir düşüncədir. Günümüzdə bunlar aktual deyil, düşmən bunu istəmir. Bu gün düşmənin bizə qarşı hansısa hərbi əməliyyat keçirməyi planlaşdırdığını fərz etsək belə, məqsədləri yenə də odur; ölkəni ideoloji, mənəvi-psixoloji cəhətdən işğal etmək, ələ keçirmək istəyirlər. İqtisadiyyat, təhlükəsizlik sferasında hansısa işlər görürlərsə, topluma psixoloji cəhətdən müəyyən təsir göstərməyə çalışırlarsa, virtual aləmdən, peyk antenalarından, mediadan, dünyanın müxtəlif yerlərindəki muzdlu ruporlarından istifadə edirlərsə, bütün bunlar həmin məqsədə xidmət edir.

Belə bir şəraitdə xalqı ayaqda saxlayacaq, insanlarımızda ruh yüksəkliyi və mübarizə əzmi yaradacaq şey şəhidlərin xatirəsinin anılmasıdır; yəni şəhidlərin xatirəsini yaşatmaq bu baxımdan önəmli amillərdən biridir. Buna görə də şəhidlərin anılması, onların xatirəsini yad etmək məqsədilə bu cür böyük tədbirlərin keçirilməsi olduqca mühümdür, çox dəyərlidir.

Cənablar fəaliyyətləri ilə bağlı çıxış etdilər, istər Kohgiluyə və Buyerəhməddə, istərsə də Şimali Xorasanda həyata keçirilmiş müəyyən işlər haqqında danışdılar. Bu işlər təqdirəlayiqdir. Şübhəsiz ki, onların hamısı keyfiyyət baxımından eyni cür deyil, bəziləri sadəcə yaxşıdır, bəziləri isə çox yaxşıdır. Bəzilərinin təsiri daha böyükdür, bəziləri isə bu cür deyil. Hər halda, şəhidlərin xatirəsinin qorunması bu gün bir vəzifədir.

Burada diqqətdə saxlanmalı olan bir neçə əsas nüans var. Biri budur ki, şəhidlərin həyat yolu haqda danışarkən biz onların həyat tərzini, gündəlik yaşamdakı şəxsi keyfiyyətlərini, necə yaşadıqlarını açıqlamalıyıq. Bu, önəmli bir məsələdir. Doğrudur, müharibənin həyəcanı, döyüşlər, insanların öz həyatını təhlükəyə ataraq savaşa getməsi ciddi bir məsələdir, lakin bununla yanaşı, o şəxslərin psixologiyası, yaşam tərzi, ömür boyu daşıdığı düşüncə və əqidə də çox əhəmiyyətlidir. Görəsən, öz xatirəsi ilə, göstərdiyi fədakarlıqla, döyüş meydanında şəhid olması ilə sizi coşduran o şəhid ailədə necə bir insan olub, gündəlik həyatda ətrafdakılarla necə davranıb? Bunlar mühüm məqamlardır. Və ya görəsən, o şəhidlər bu gün bizim üçün önəmli olan məsələlərə necə yanaşar, necə davranardılar? Bunlara diqqət edilməlidir.

Misal üçün, bu gün biz israf, beytülmalın qanunsuz mənimsənməsi, dəbdəbəli yaşam tərzi və bir sıra bu kimi məsələlərə həssaslıqla yanaşırıq; yəni bu gün bunlar toplumumuzdakı canıyanan insanlar üçün ciddi problemlərdəndir, gündəmdə olan məsələlərdir. Bəs görəsən, o dövrdə yaşamış əziz şəhidlərimiz şəhərlərində, ailələrində üzləşdikləri bu kimi problemlərə necə yanaşırdılar?

Dünən-srağagün televizorda şəhidlər haqqında bir veriliş gedirdi, təsadüfən mən də bir neçə dəqiqəlik izlədim. Orada şəhidlər haqqında deyilənlər, onların vəsiyyətnamələrindən oxunan qeydlər, həqiqətən də, insanı onların mənəviyyatının, ruhunun böyüklüyünə heyran qoyurdu. Şəhidlərdən biri deyirmiş ki, mən tələbə olmuşam, oxumuşam, qorxuram ki, mənim təhsil xərcim (axı təhsilinə pul xərclənib, vəsait ayrılıb) beytülmala əlavə yük ola və bu haqq mənim boynumda qala; mən şəhid olduqdan sonra motosikletimi satarsınız, bankdakı pulumu da götürüb təhsil xərclərimin əvəzinə beytülmala verərsiniz. Bunlar həyat dərsidir, ibrətvericidir. Görəsən, şəhidlərin adi, gündəlik yaşamı necə olub? Məsələn, evlilikləri; şəhidlərin xatirələrində – mənim gördüyüm, oxuduğum qədər – onların evlənmək məsələsinə də toxunulub. Həyat yoldaşlarının seçimi – özlərinə necə bir həyat yoldaşı seçmək istəmişlər – daha sonra toy mərasimindəki davranışları, ailə daxilindəki rəftarları, ailə münasibətləri – bütün bunlarda İslam əxlaqının zirvəsini görürük. Bu gün bizim bu baxımdan bir çox problemlərimiz olduğuna görə bu məsələlərə ehtiyacımız var. Günümüzdə gənclərimiz evlilik haqqında, həyat yoldaşının seçimi barədə nə düşünür, nə düşünməlidir? Onlara həmin insanları örnək göstərmək lazımdır. Onlar nümunədir, şəhidlərimiz bizim üçün idealdır. Hərdən bəziləri bizə şikayət edir ki, gənclərimizə örnək, nümunə təqdim etmirik. Bu da sizə minlərlə örnək! Bu ostanda 3000, o birində 1800, digər ostanlarda da minlərlə başqa şəhid örnəkləri var. Onları önə çəkmək, parlaq simalarını gənclərin gözü önündə canlandırmaq lazımdır. Əlbəttə ki, mənim şəhidlərlə bağlı albomların hazırlanması və buna bənzər şeylərə heç bir etirazım, narazılığım yoxdur, amma bunlar əsas işlər deyil. Onların ömür boyu necə yaşaması, özlərini necə aparması, davranışları, maddi baxımdan necə keçinmələri, öz vəzifələrinə necə yanaşmaları və sair bu kimi məsələlər daha əhəmiyyətlidir və cəmiyyətə örnək ola, gənclərimiz üçün nümunəvi model yarada bilər.

Qoy sənət adamlarımız, yazarlar önə çıxıb iş görsün, bunlar çox önəmlidir. Yalnız filmlərə yer verilməsin. Təbii ki, filmlərin çəkilməsi yaxşıdır, eyni zamanda çox lazımlıdır da. Mən filmlərin nə qədər vacib olduğunu dəfələrlə vurğulamışam, bununla bağlı tövsiyələrimi etmişəm, yenə də edirəm. Lakin filmlərin vacibliyini önə çəkməyimiz bizi yazılı ədəbiyyatdan uzaqlaşdırmamalıdır. Qoy yazarlar, qələmi güclü olan, bu sahədə xüsusi istedadı olan insanlar şəhidlərimizin həyat yolunu təsvir etsinlər, gənclərin oxumağa səbri çatacaq kiçik həcmli kitablar nəşr etdirsinlər. Mübaliğəyə, şişirtməyə, real olmayan hansısa hadisələri təsvir etməyə ehtiyac yoxdur, qoy nə varsa, onu da gözəl, cəlbedici bir bədii üslubla yazıya alsınlar. Məhz bu cür işlər insanları cəlb edir, onların zehnində gözəl təsir buraxır.

Odur ki önəmli məqamlardan biri də şəhidlərin həyatını, necə yaşadığını, bütün olub-keçənləri gənclərimiz, gələcək nəsillərimiz üçün təsvir etməkdir. Ona görə ki əslində Müqəddəs Müdafiə olan o savaş kiçik bir hadisə deyildi. Üzərindən illər keçməsinə baxmayaraq, biz onun nə qədər genişmiqyaslı olduğunu hələ də dünyaya düzgün şəkildə çatdıra bilməmişik. Bu, beynəlxalq miqyaslı bir müharibə idi; İslama, İslamın hakimiyyətinə, dahi İmam Xomeyniyə (r.ə) qarşı aparılan beynəlxalq bir müharibə; bəli, belə bir müharibə idi. Düzdür, necə deyərlər, nizənin başına o bədbəxt, ağılsız Səddamı keçirmişdilər, amma arxasında duranlar, yardım edənlər, yol göstərənlər, lazımi döyüş texnikası ilə təchiz edənlər, zəiflədiyi zaman yenidən güclənməsi üçün kömək göstərənlər başqaları idi. Biz belə bir müharibə ilə üz-üzə idik. Yaxşı, bəs ölkəni belə bir bəladan xilas edənlər kim oldu? Bunları bilmək bugünkü gənclərimiz üçün çox önəmlidir. Müharibə meydanına getməklə ölkəni xilas etməyi bacaran bu insanlar kim idi? Bunlar çox əhəmiyyətlidir. Elə buna görə də o şəhid gənclərin xarakteri, davranışı bugünkü auditoriyaya açıqlanmalıdır. 

Digər bir mühüm məqam isə həmin gənclərin ideallarıdır. Onların arzu və amalları, idealları nə idi? Müharibə meydanına gedərək döyüşən bu insanlar hansı ülvi amallar uğrunda savaşırdı? Məsələ yalnız təcavüzkar düşmənin torpağımızı, coğrafi sərhədlərimizi və sairi zəbt etməsi və bizim də düşməni məğlub etməyə çalışmağımız idi? Məsələ yalnız bundan ibarət idi? Bəs onların valideynlərinin idealları nə idi? Bu gəncləri böyüdüb boya-başa çatdırmış, ayağına bir tikan batmağına, yüngülcə xəstələnməyinə qıymayan valideynlər necə olurdu ki, geri qayıdıb-qayıtmayacaqlarına əmin olmadıqları halda, onları cəbhəyə beləcə yola salmağa razı olurdular? Bunlar çox önəmlidir. O ata-analar övladlarını cəbhəyə hansı ideallar naminə yola salırdı? Bax bunlar önəmlidir, bunlara diqqət yetirin; çoxları bu şeyləri gizlətməyə, ört-basdır etməyə çalışır. Onların amalı, idealı Allah-taala, İslam dini və İslam dövləti idi; o gəncləri cəbhəyə çəkib aparan bunlar idi. İnanmayanlar açıb onların vəsiyyətnamələrini oxusun. Dahi imamımız (r.ə) ona görə: “50 il ibadət etmisiniz, Allah qəbul etsin, gedin bir dəfə də o vəsiyyətnamələri açıb oxuyun” – deyə tövsiyə edirdi ki, vəsiyyətnamələr həmin gənclərin cəbhəyə nə üçün getdiyini, hansı qüvvənin onları döyüş meydanlarına, gənclik arzularından, təhsilindən, universitetindən, ata-anasının yanındakı rahat həyatdan əl çəkib qərb bölgəsinin soyuğunda, yaxud Xuzestanın istisində həyatını təhlükəyə ataraq düşmənlə savaşmağa çəkib gətirdiyini göstərir. Uzaqdan baxana düşmənlə döyüşmək asan görünə bilər; insan ora getməyincə, top-tüfəng, partlayış səsini eşidib-görməyincə nəyin baş verdiyini dərk edə bilmir. Gənc bir insan nəyə görə həyatını təhlükəyə ataraq qalxıb belə bir yerə yollanır, qorxulu vəziyyətlərlə üz-üzə qalır? Bax bütün bunlar vəsiyyətnamələrdə əksini tapır. Onlar bu addımı Allah-taalaya, İmama (r.ə) və hicaba xatir atmışlar. Şəhidlərin vəsiyyətnamələrində hicab məsələsinə nə qədər tövsiyə olunduğunu özünüz də görmüsünüz; hicab dini hökmdür; şəhidlərin bu idealı unudulmamalıdır. Belə güman olunmasın ki, “bu müharibə də dünyanın bir çox ölkələrində baş vermiş müharibələrdən biri idi; hər halda, hər bir ölkənin düşməni var, bəzən müharibə baş verir, gənclər də cəbhəyə yollanaraq döyüşür, ya öldürülür, ya sağ-salamat, ya da yaralanaraq geri qayıdırlar; bu insanlar da onlar kimi”. Məsələ belə deyildi. Bunları çəkib aparan din idi, ilahi amallar idi, İslam dininin hakimiyyəti idi, inqilab idi, inqilab edən İslam idi. Həmçinin şəhid valideynləri; əgər valideynlər Allah-taalanın razılığına, Uca Yaradanın rəhmətinə ümid bəsləməsəydilər, gənc övladlarının döyüş meydanına getməsinə necə razı olar, sonra da necə səbir edərdilər? Mən şəhid ailələrinə, şəhidlərin valideynlərinə bunu dəfələrlə demişəm və yenə də deyirəm ki, məhz onların səbri sayəsində bu hərəkat, Haqq yolunda aparılan bu mübarizə və müqavimətin alovu sönmədi, yox olub aradan getmədi. Bəli, buna səbəb məhz ata-anaların səbri oldu; yoxsa gənc övladı şəhid olan ata-analar ah-nalə edib ağlasaydı, dava-dalaş salsaydı, orada-burada şikayət edib gileylənsəydi, başqa ailələr öz övladını cəbhəyə göndərməzdi. İnqilabı qoruyub saxlayan məhz şəhid ailələri oldu, bu ruhiyyə oldu; fədakarlıq, əzizindən keçmək ruhiyyəsi. 

Bir xatirə danışacağam – ola bilsin, dəfələrlə danışmışam da; əlbəttə ki, xatirələr çoxdur, müxtəlif yerlərlə bağlı yüzlərlə, bəlkə də, daha çox xatirələr var – prezident olduğum dövrdə şəhərlərin birinə səfər etmişdim. Çıxış edəndən sonra qayıdıb gəlmək üçün maşına yaxınlaşmaq istəyirdim. İnsanlar ətrafımıza toplanmışdı, bizə sevgilərini bildirirdilər. Bu vaxt arxamda camaatın arasından bir qadının durmadan mənim adımı çəkdiyini eşitdim. Başa düşdüm ki, nəsə ciddi bir işi var; dayandım. Dedim buraxın gəlsin, görüm bu xanımın mənimlə nə işi var ki, bu izdihamın arasında bu cür qışqırır. İrəli gəlib dedi ki, mənim oğlum bir müddət idi əsir düşmüşdü (dəqiq yadımda deyil, deyəsən, demişdi ki, tək oğlumdur; məncə, yeganə oğlu idi) bir neçə gün əvvəl əsirlikdə ikən şəhid olduğundan xəbər tutdum; imama (r.ə) çatdırın ki, ona qurbandır! (Səhv etmirəmsə, buna bənzər bir ifadə işlətmişdi; indi dəqiq yadımda deyil, amma qeyd etmişdim, dəfələrlə də demişəm); əgər yenə oğlum olsaydı, yenə də müharibəyə göndərərdim. Bu, şəhid anasının verdiyi bir mesaj idi. Ondakı ruh yüksəkliyinə baxın! Qayıdandan sonra onun bu sözlərini imama (r.ə) çatdırdım. İmamı ağlamaq tutdu. Bu sözlər, bu hisslər imamın (r.ə) gözlərini yaşartdı. Bu ruhiyyə kimin üçün idi, nə üçün idi? İki şəhidin anası övladlarını aparıb qəbirə qoysun, özü ağlamasın, ətrafdakılardan da ağlamamalarını istəsin, “Mən övladlarımı Allah yolunda vermişəm!” – desin, üstəlik buna sevinsin də?! Belə şeylərin yalnız Allah-taala xatirinə baş verdiyini görmək olar. Bax ideallar bunlardır.

Odur ki biz şəhidlərin idealları olan Allah-taalanı, İslam dinini, inqilabi İslamı, İslam dövlətini və dini hakimiyyəti unudub bu hadisəni adiləşdirməməliyik; “Bu müharibə də başqa müharibələr kimidir, kimlərsə öldürülüb, kimlərsə yaralanıb və ya əsir düşüb. Hər bir halda, istənilən müharibədə insanlar, gənclər qətlə yetirilir” – deməməliyik. Xeyr, bu müharibədə məsələ heç də belə deyildi. Bu da bir məqam.

Başqa bir vacib məqam da var; fikir verdim, sevindirici haldır ki, çıxışlarda da qeyd olundu, diqqət yetirmişdilər; ata-analarla söhbət etmək üçün bundan sonra qalan fürsəti dəyərləndirmək lazımdır. Şəhid valideynlərinin çoxu dünyasını dəyişib, onların şəhid övladının hansı ocaqdan çıxdığını öyrənmək fürsətini əldən buraxmışıq. Ata-analar övladları haqqında danışdıqca o gənclərin hansı mühitdə böyüyüb boya-başa çatdığı, necə tərbiyə aldığı bəlli olur; bu çox önəmlidir. İctimai mövqeyindən, hansı sosial təbəqəyə mənsub olmasından, müxtəlif maraq və meyillərindən onların hansı atmosferdə formalaşdığı aydınlaşır, bundan əlavə, şəhidlərin həyatı ilə bağlı müxtəlif detallarla da tanış oluruq. Faydalı ola biləcək işlərdən biri də budur, bunu unutmayın; ata-analarla görüşüb söhbət edin. Axı müharibənin sona çatdığı gündən təxminən 30 il ötür, valideynlərin çoxu vəfat edib, bəziləri də dünyadan köçmək üzrədir; vaxtınız azdır. Bunu özünüz üçün təxirəsalınmaz prioritetlərdən biri olaraq görün və ilk növbədə, həyatda olan şəhid valideynlərini, şəhidlərin həyat yoldaşlarını (hansının həyat yoldaşı olubsa) və ya bacı-qardaşlarını axtarıb tapın; hansının bacı-qardaşı varsa. Şəhid yaxınlarından onların şəxsiyyəti, xasiyyəti, mənəvi dünyası haqqında soruşun, öyrənin və əldə etdiyiniz məlumatları gənc nəsillə paylaşın.

Bu cür konfrans və toplantılar çərçivəsində, həqiqətən də, bir sıra təqdirəlayiq işlər həyata keçirilir. Bu işlərdən bəziləri vizual xarakter daşıyır ki, bəli, bu da alqışlanasıdır. Vizual xarakterli işlər vacibdir, lazımlıdır. İnsanların gediş-gəliş etdiyi küçə və keçidlərdə şəhidlərin mübarək adlarının, şəkillərinin, onların bəzi deyimlərinin əks olunduğu plakatların vurulması lazımlı işlərdəndir, göz oxşayır, ancaq şəhidliyin mahiyyəti ilə bağlı məsələlər bunların hamısından daha önəmlidir. Çalışmaq lazımdır ki, şəhidləri anmaq məqsədilə görülən bütün işlərdə onların atdığı addımın mahiyyəti, tərbiyəvi, istiqamətverici cəhətləri daha da qabardılsın. Təşkil etdiyiniz hər bir anım tədbiri toplumun böyük bir kəsiminə əsaslı təsir edir. Təbii ki, mən hamını nəzərdə tutmuram. İnsanların baxışları fərqlidir və hər kəsə eyni cür təsir göstərmək mümkün deyil, amma ən azından, müəyyən bir kəsimə, mütləq, təsir edəcək. Müharibəni, cəbhəni şəhid ailələrinin dili ilə təsvir etmək lazımdır. Bugünün gənci, yeniyetməsi bilməlidir ki, biz Müqəddəs Müdafiə dedikdə nəyi nəzərdə tuturuq, Müqəddəs Müdafiə nə deməkdir. Bu, şəhid ailələrinin dilindən açıqlanmalıdır. Doğrudur, bəzi kitablarda bu mövzulara çox gözəl toxunulub və mən də onları oxuyarkən haşiyələrdə bəzi qeydlər aparmışam. Həmin kitablarda bütün xırdalıqlar, şəhidlərin əməliyyatlardan öncə və ya əməliyyat əsnasında göstərdikləri təşəbbüskarlıq, fədakarlıq, çəkdikləri qəriblik, göstərdikləri böyüklük, qəhrəmanlıq, çətin və çıxılmaz anlarda gördükləri işlər, davranışları çox gözəl və lazımınca təsvir olunub. Amma qoy ailələrin danışdıqları da gənc nəsilə ötürülsün.

Allah-taala hamınıza uğurlar nəsib etsin. Ümidvaram, Allah-taala şəhidlərin məqamını həqiqətən dərk etmək feyzini bizə nəsib edər və cəmiyyətimiz də şəhidliyin, şəhidlərin dəyərini bilən, onları hər zaman uca tutan bir cəmiyyət olar, inşallah. Əgər toplumumuzda belə bir yanaşma formalaşsa, xalqımızın dünya və axirəti təmin olunacaq, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_______________________

(1) İki ostanın nümayəndələri ilə birgə baş tutan bu görüşdə Kohgiluyə-Buyerəhməd ostanının 1880 şəhidinin xatirəsinə həsr olunan I Milli Konfransın (cari ilin mehr ayının 11-dən 15-nə qədər baş tutmuşdur), habelə Şimali Xorasan ostanının 3000 şəhidinin xatirəsinə təşkil olunan  I Milli Konfransın (cari ilin mehr ayının 24-dən 27-nə qədər) təşkilatçıları iştirak etmişlər. Görüşün əvvəlində Kohgiluyə-Buyerəhməd ostanının Şəhidləri Anım Konfransının təşkilat komitəsinin üzvlərindən Höccətül-İslam vəl-muslimin Seyyid Şərafəddin Mələkhüseyni (Vəli-fəqihin ostan üzrə nümayəndəsi, konfransın siyasi şurasının sədri), Seyyid Musa Xadimi (ostanın başçısı, konfransın siyasi şurasının sədr müavini), ikinci keşikçi briqada komandiri Yədullah Buəli (Keşikçi Korpusun ostan üzrə komandiri, konfransın baş katibi), Şimali Xorasan ostanının Şəhidləri Anım Konfransının təşkilat komitəsinin üzvlərindən isə Höccətül-İslam vəl-muslimin Əbülqasim Yəqubi (Vəli-fəqihin ostan üzrə nümayəndəsi, konfransın siyasi şurasının sədri), Məhəmmədrza Salihi (ostanın başçısı, konfransın sədri), ikinci keşikçi briqada komandiri Seyyidhəsən Mortəzəvi (Keşikçi Korpusun ostan üzrə komandiri, konfransın baş katibi) məruzə ilə çıxış etmişlər.