Mərhəmətli və Bağışlayan Allahın adı ilə(1).
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین
Əziz gənclər, ölkəmizin gələcək ümidləri, hamınızı təbrik edirəm – həm bu gün məzun olaraq rəsmən Silahlı Qüvvələrin, İran İslam Respublikası Ordusunun sıralarına qatılanları, həm də hərbi məktəblərə yenicə daxil olmuş, paqonlarını bu il alıb bu mübarək yola qədəm basan və bu günü özünə bayram bilən müdavimləri. Bayaq siz and içdiniz, biz də dinlədik; həmin andın mətnində də deyildiyi kimi, bu, sonu xeyir və uğurla bitən bir yoldur. Sizin seçdiyiniz bu yol, həqiqətən də, xeyirli və uğurlu yolun ən bariz nümunəsi sayıla bilər.
İİR Ordusunun hərbi akademiyalarının komandanlarına da təşəkkür etməyi özümə borc bilirəm. Allaha şükürlər olsun ki, bu gün belə ali təhsil ocaqlarının sayı artıb. İnqilabın əvvəlində bizim təkcə bir ali hərbi məktəbimiz var idi, bu gün isə müxtəlif sferalarda bir neçə hərbi akademiya fəaliyyət göstərir, gənc zabitlər yetişdirməklə məşğuldur. Bu akademiyaların, habelə İİR Ordusunun hava, su və quru qüvvələrinin komandanlarına təşəkkür edirəm. Hərbi akademiyalarda çalışan professorlarımıza, xüsusilə də tədrislə məşğul olan müəllimlərə, bu əziz gənclərimizin dini tərbiyəsi istiqamətində çalışan, düşərgələrdə, dərslərdə, boş vaxtlarında böyük səmimiyyətlə onlarla birgə vaxt keçirən möhtərəm ruhanilərimizə – hamısına öz təşəkkürümü bildirir və təbrik edirəm.
Əziz gənclər, sizin bu gün seçdiyiniz bu yol bərəkətli bir yoldur və siz bu yolu seçməklə ölkəniz üçün bir sərvət yaratmış olursunuz. Siz gənclər sözün həqiqi mənasında ölkə üçün böyük bir sərvətsiniz. Bir ölkə üçün bacarıqlı, mömin, azadlıqsevər, vüqarlı insan potensialından daha dəyərli bir sərvət, bir güc mənbəyi ola bilməz və bu gün siz bu böyük nemətin, bu böyük sərvətin bariz nümunəsisiniz; bunun qədrini bilin.
Bugünkü gənclər ölkəmizin məcburən təhrik olunduğu Müqəddəs Müdafiə savaşını görməyib. Bu meydana toplaşmış əziz gənclərimizin hamısı və ya əksəriyyəti həmin müharibədən sonra dünyaya gəlib. Müqəddəs Müdafiə dövrü çox qəribə, önəmli bir dövr idi, çətin bir sınaq dövrü idi. Böyük, dözümlü və zəhmətkeş insanlar məhz sınaqlar zamanı özünü həqiqətən göstərir; məhz sınaqlarda qaymaqlar üzə çıxır, bəlli olur. Müqəddəs Müdafiə zamanı da İİR Ordusunun qaymaqları üzə çıxdı. Ordumuz müxtəlif sferalarda özünün cürbəcür kadrları ilə böyük və parlaq işlər həyata keçirməyə müvəffəq oldu. Siz Müqəddəs Müdafiənin yalnız adını eşitmisiniz. Hərbi akademiyalar, eləcə də ümumilikdə İİR Ordusunun, xüsusilə də Silahlı Qüvvələrin sıralarında təmsil olunan insanlar Müqəddəs Müdafiə dövrü ilə günü-gündən daha yaxından tanış olmalıdır; vacib işlərdən biri də budur. Müqəddəs Müdafiə dövrü adi bir dövr deyildi.
Silahlı Qüvvələr illərlə sakit durub dar günü gözləyir; dar gün isə onların ölkəsinin, xalqının, sərhədlərinin, qürur və heysiyyətinin hücuma məruz qaldığı gündür. Məhz belə bir gündə Silahlı Qüvvələr cəbhənin ön sıralarında öz yerini tutaraq müdafiəyə qalxır və məhz orada sınaqdan çıxır. Müqəddəs Müdafiə dövründə ölkənin hər şeyinə hücum olunmuşdu; təkcə sərhədlərinə yox, milli qüruruna, islami dövlət quruluşuna, İran xalqının böyük inqilabına, bu böyük xalqın qarşıya qoyduğu çoxsaylı dəyər və ideallara – hər şeyə. O zaman bizim qarşımızda duran təkcə Səddam rejimi deyildi, əslində, İran xalqı əleyhinə ümumi, beynəlxalq miqyaslı bir savaş gedirdi. İraqa NATO kömək edirdi, Amerika kömək edirdi, o vaxtkı Sovet İttifaqı kömək edirdi, mürtəce ərəb dövlətləri öz maddi yardımlarını, neftdən əldə etdikləri dollarları sel kimi onlara tərəf axıdırdı. Bu gün olduğu kimi, elə o dövrdə də sionistlərin əlində olan təbliğat orqanları gecə-gündüz bütün dünyada onların xeyrinə, İİR-in isə əleyhinə iş aparırdı. O mərəkədə, Qiyamət meydanına bənzəyən o böyük meydanda İran xalqının möhtəşəm qüvvəsi, imanın, müqavimətin, Allaha etimadın gücü, İmam Xomeyniyə (r.ə) söykənən güc, ən başlıcası, İİR Silahlı Qüvvələri ayağa qalxdı. Allah xatirinə ayağa qalxmaq bax budur:
اَن تَقوموا للهِ مَثنی و فُرادی
“Allah xatirinə iki-iki, bir-bir durun ...” (“Səba” surəsi, 46-cı ayə)
Allah naminə ayağa qalxdılar, meydana atıldılar, öz canlarından, qüvvələrindən, bacarıqlarından bəhrələndilər.
Mənim əzizlərim, əziz gənclər! Bütün bu danışdıqlarım sizdən əvvəlki nəsil barədədir. Onlardan sonra siz gəlirsiniz və onların qoyub getdiyi iftixar dolu, qürurverici miras sizə ötürülür. O vaxt ordu xalqın gözündə bu qədər əziz, dəyərli deyildi. Bu iftixarı yaradan məhz Səyyadlar, Babayilər, ordumuzda xidmət etmiş o böyük şəxsiyyətlər, o fədakarlıqlara imza atmış, döyüş meydanlarında düşmənə qarşı mübarizə üçün bütün güc və bacarığını ortaya qoymuş zabit və komandirlər olmuşdur. İİR Ordusunu xalqa bu cür sevdirən məhz onlardır. Mən onların qatlaşdığı əziyyətlərin yaxından şahidi olmuşam, nələr etdiklərini, canlarını təhlükəyə ataraq əllərindən gələni necə etdiklərini öz gözlərimlə görmüşəm.
Əzizlərim! Özünüzü hərtərəfli hazırlayın; həm elmi-texniki cəhətdən, həm nizam-intizam və təşkilatlanma cəhətdən, həm də iman, mənəvi-ideoloji hazırlıq baxımından; onu da deyim ki, bu sonuncu o birilərin əsası, dayağıdır. Qoy bu yolda qəlbiniz Allah-taala ilə olsun. Sizin ölkəniz böyük, önəmli, əzəmətli bir ölkədir. Xalqınız müdrik, şücaətli, qüdrətli bir xalqdır. Bunu təkcə biz demirik, bu gün bütün dünyada bizi tanıyanlar və həqiqəti dilə gətirib deməkdən çəkinməyənlər bunu açıq-aşkar deyir, açıq etiraf etmək istəməyən düşmənlər də ürəklərində qəbul edib təsdiqləyirlər; düşmənlərimizin hansı fikirdə olduğu bir çox hallarda ortaya çıxır, bizə də gəlib çatır. Ölkəmiz öz müstəqilliyinə, imanına, İslam dininə olan etiqadına, yer üzündə və cəmiyyətdə yalnız Allahın dininin hökmranlıq etməli olduğuna inandığına, qarşıya qoyduğu ali hədəflərə görə daim fəaliyyətdə olan böyük bir düşmən cəbhəsi ilə üz-üzədir. 40 ilə yaxındır ki, bizə hücumlar etməkdə və sözsüz ki, uğursuzluğa düçar olmaqdadırlar. İndiyə qədər istədiklərinə nail ola bilməyiblər, Allahın köməyi ilə, bundan sonra da arzularına çatmayacaqlar. Buna siz də sözün əsl mənasında təsir göstərməli, düşmənin arzularının puç edilməsində rol oynamalısınız. Odur ki özünüzü yetişdirməli, hazırlamalısınız. Mən çox hörmətli müəllimlərimizdən, bu saf qəlblərlə çalışan ruhanilərimizdən ciddi surətdə xahiş edirəm ki, öz təcrübələrini, elmi, mənəvi, ideoloji hazırlıqlarını bu əziz gənclərə ötürmək üçün əllərindən gələni etsinlər. Allahın lütfü və dəstəyi sayəsində gələcəkdə sizin aranızdan, inşallah, bütün ölkənin iftixar duyacağı böyük insanlar çıxacaq; əlbəttə ki, əgər çalışıb səy göstərsəniz.
Ümidvaram, Allah-taala hamınıza müvəffəqiyyətlər nəsib edər, inşallah, sabahınız bu gününüzdən daha yaxşı, daha gözəl olar. Allahın köməyi ilə, elə belə də olacaq, bu ölkənin sabahı bu günündən qat-qat daha yaxşı, daha mütərəqqi olacaq. Etdiyimiz söhbətlərə, olduğumuz məkana bərəkət verən İmam Zamanın (Ruhlarımız ona fəda olsun!) mübarək adıdır; ümidvaram, o həzrətin duaları bizə də şamil olunacaq, əziz şəhidlərimiz, dahi liderimiz bizdən və gördüyümüz işlərdən razı qalacaq.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
______________________
(1) Şəhid Səttari adına Aviasiya Akademiyasının həyətində keçirilən bu görüşün əvvəlində İİR Ordusunun baş komandanı general-mayor Ətaullah Salehi və Şəhid Səttari adına Akdemiyanın komandanı 2-ci briqada generalı Mehdi Hadiyan məruzə ilə çıxış etmişlər.