Bağışlayan və Mehriban Allahın adı ilə.
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و آله الطّیبین الطّاهرین المعصومین سیّما بقیةالله فی الارضین
Bayramınız mübarək! Allah-taala bu böyük bayramın və mövla Əlinin (ə) anımının bərəkəti sayəsində, inşallah, qəlblərinizi həmişə Öz lütfü, rəhməti və mənəvi rahatlığı ilə nurlandırsın. Bu və buna bənzər tədbirlərdən həqiqətən də ən uyğun və ən gözəl şəkildə yararlanmağımız üçün Uca Yaradan, inşallah, bizə mənəvi dəstək olsun. Şükürlər olsun ki, bugünkü tədbirimizin açılışı çox gözəl başladı; gözəl Quran oxundu, şeirlər də həm forma, həm də məzmun etibarilə çox gözəl idi; sizin də ürəyiniz Əmirəlmömininə (ə) eşq və məhəbbətlə doludur. Ona bəslədiyimiz bu eşq, məhəbbət, dostluq və diqqət, inşallah, bizim Mövla Əlinin (ə) bəyəndiyi yola yönəlməyimiz üçün bir vasitə olmalıdır.
Əvvəlcə Qədiri-Xum hadisəsinin özü haqda qeyd etmək istəyirəm. Qədiri-Xum bayramının bəzən “Eydullahul-Əkbər” – “Allahın ən böyük bayramı” adlandırılması və bütün başqa bayramlardan daha üstün hesab edilməsi nə ilə əlaqəlidir? Bununla bağlı Qurani-Kərimdə elə ayələr var ki, Qədiri-Xum məsələsindən başqa heç bir məsələ ilə uyğunlaşdırıla bilməz.
الیَومَ یَئِسَ الَّذینَ کَفَروا مِن دینِکُم فَلا تَخشَوهُم وَ اخشَونِ اَلیَومَ اَکمَلتُ لَکُم دینَکُم وَ اَتمَمتُ عَلیکُم نِعمَتی وَ رَضیتُ لَکُمُ الاِسلامَ دیناً
“...Bu gün kafirlər (sizi) dininizdən (döndərməkdən) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...” (“Maidə” surəsi 3-cü ayədən)
“Maidə” surəsinin əvvəllərindəki bu məşhur ayə mənasına, quruluşuna və daşıdığı əhəmiyyətə görə Qədiri-Xum məsələsindən başqa heç bir məsələ ilə bağlı ola bilməz. Belə bir ifadədən yalnız bu cür mühüm bir hadisə ilə əlaqədar istifadə oluna bilərdi:
الیَومَ یَئِسَ الَّذینَ کَفَروا مِن دینِکُم
“...Bu gün kafirlər (sizi) dininizdən (döndərməkdən) əllərini üzdülər.”
Bu ayənin Qədir hadisəsi ilə bağlı olduğuna şübhə ilə yanaşan, müxtəlif fikirlər yürüdüb cürbəcür sözlər danışaraq Qədiri-Xum hadisəsinə qarşı çıxan insanlar ayəni bu və ya digər şəkildə izah etmişlər, ancaq ayənin bu fraqmentini başqa cür izah etmək mümkün deyil: Bu gün düşmənlər – kafirlər sizi dininizdən döndərməkdən məyus oldular. Dinin başqa hökm və prinsiplərinə əlavə edilərək düşməni belə məyus edən nə idi? “Maidə” surəsinin əvvəlində, həmin fraqmentdən öncə və sonra gələn o hökm hansı əhəmiyyətə malik idi? Ayədə işlənən o ifadə tərzi nə namaz, nə zəkat, nə cihad, nə də firuiddinin bu kimi digər hökmləri haqqında işlədilməmişdir; “...Bu gün kafirlər (sizi) dininizdən (döndərməkdən) əllərini üzdülər”; demək, bu, tamamilə başqa bir məsələ haqqındadır və ibadətlə bağlı qanunlara aid deyil. Yaxşı bəs Qədiri-Xumda reallaşan o önəmli hadisə nədən ibarət idi? Həmin hadisə İslam cəmiyyətinin rəhbərliyi, İslam toplumunda dövlət quruluşu və imamət məsələsi idi. Doğrudur, ola bilsin, kimlərsə bu qanuna qarşı çıxar, ona əməl etməzdilər – necə ki, əməl etmədilər də; Bəni-Uməyyə və Bəni-Abbas sülaləsi əsrlərlə imamət, xilafət və bu kimi adlar altında hakimiyyətdə oldular, ağalıq etdilər – amma onların bu müddət ərzində hakimiyyətdə qalması Qədiri-Xum məsələsinin fəlsəfəsinə, mahiyyətinə heç bir xələl gətirmir. Qədiri-Xum hadisəsi hakimiyyətin qayda və prinsiplərinin müəyyənləşdirilməsi demək idi. Bununla İslam dinində bir qaydanın əsası qoyuldu. Bu qaydanı Həzrət Peyğəmbər (s) ömrünün son aylarında təyin etdi. Həmin qayda nədən ibarət idi? Bu, imamət, məsum imamların (ə) rəhbərliyi ilə bağlı bir qayda idi. Bəşər cəmiyyətlərində hələ qədim dövrlərdən hökumət sistemləri mövcud olmuş, müxtəlif toplumlar cürbəcür hakimiyyət quruluşlarını təcrübədən keçirmişdir. İslam dini isə o cür hökumətləri, hökmdarlığı və hakimiyyət quruluşunu əsla qəbul etmir, onun qəbul etdiyi yalnız imamət prinsipidir. İslam dininin hakimiyyətlə bağlı müəyyənləşdirdiyi qayda budur; Qədiri-Xum hadisəsi bunu açıqlayır. Bu qaydanın nümunəsi, göstəricisi də məlumdur; Əmirəlmöminin (ə) elə bir şəxsiyyətdir ki, nə həmin dövrdə, nə də sonrakı dövrlərdə heç kəs nə onun parlaq şəxsiyyətinə, nə də Qurani-Kərimdəki təlimlərin örnəyi, nümunəsi olduğuna azacıq belə olsun kölgə sala bilməyib. Doğrudur, söyüblər, təhqir ediblər – Allah-taalanı da, Peyğəmbəri (s) də (Nəuzubillah!) söyürlər – ancaq söyüş və təhqirlər onların haqlı olduğunu sübut etmək üçün dəlil deyil. Dərindən düşünən, hislərini və təəssübkeşliyi bir kənara qoyan insan bu nurani və müqəddəs insanın şəxsiyyətinə əsla, ən kiçik olsa belə xələl gətirə bilməz. Peyğəmbər (s) Əlini (ə) imamətin nümunəsi olaraq seçib və bu, bir qaydaya, prinsipə çevrilib. Dünyanın sonuna qədər, yer üzünün istənilən yerində müsəlmanlar İslam dininin əhatə dairəsini genişləndirmək, müsəlman toplumunu reallaşdırmaq istəsələr, bu işə cəhd göstərsələr, Allah-taala onları bu işləri həyata keçirməyə hidayət etsə, qaydası budur: imamət prinsipini dirçəltməli, reallaşdırmalıdırlar. Şübhəsiz ki, digər nümunələr Peyğəmbərin (s) təyin etdiyi örnəyə heç vaxt çata bilməz; heç ondan aşağılara da çata bilməz; bizim elm, irfan, mərifət sahibi olan ən böyük şəxsiyyətlərimiz İmam Əli ilə (ə) müqayisədə dərin quyunun dibinə sızan, gözlə güclə görünən zəif işıq şüasına bənzəyir. Belə bir zəif şüanı günəşlə müqayisə edin, görün nə qədər fərq var! Doğrudur, hər ikisi işıqdır, şüadır, amma aradakı fərq nə qədərdir? Parlaq şəxsiyyətlərimizi, məsələn, dahi İmam Xomeyni (r.ə) kimi bir şəxsi (o, həqiqətən də kamil bir insan, böyük və dahi bir şəxsiyyət idi; hərtərəfli, hər bir cəhətdən üstün və seçilən bir insan idi) İmam Əli (ə) ilə müqayisə etmək istəsək, aradakı fərq dediyim kimidir: yəni elə bil ki, günəşin işığını quyunun dibinə və ya hansısa zirzəminin küncünə düşən günəş ya da başqa işıq şüasının zəif nuru ilə müqayisə edirsiniz; aradakı fərq bu cürdür. Bəli, bu fərq var, amma qayda budur; qayda imamətdir. İslam cəmiyyətində hökumət, hakimiyyət sahibi olmağın meyarları Qədiri-Xum hadisəsi ilə müəyyənləşdirilmiş, bu məsələlərin əsası həmin hadisə ilə qoyulmuşdur; Qədiri-Xum hadisəsinin əhəmiyyəti bundan ibarətdir. Bu hadisənin daşıdığı önəm yalnız Peyğəmbərin (s) Əlini (ə) əmirəlmöminin təyin etməsində deyil; doğrudur, bu da önəmlidir, amma ondan daha önəmlisi hakimiyyət meyarının, hakimiyyətlə bağlı qayda və prinsipin təyin edilməsi idi. Bununla da İslam toplumunda monarxiyaya, avtoritarlığa, güc və sərvətə, xalqa qarşı təkəbbürlülüyə, imtiyaz tələb etmələrə, tamahkarlığa, sərvət toplayıb artırmağa və şəhvətə əsaslanan hakimiyyətə yer olmadığı aydınlaşır; bununla da İslam dinində rəhbərlik, idarəçilik prinsipinin hansı olduğu məlum olur. Bu prinsip Qədiri-Xum hadisəsində müəyyən olunub. Məhz bu qayda bərqərar edildikdən sonra
یَئِسَ الَّذینَ کَفَروا مِن دینِکُم
– kafirlər dindən əllərini üzüblər, düşmənlər İslam dininin kursunu dəyişmək ümidini itiriblər. Çünki dinin istiqaməti yalnız o əsas məqam, əsas mehvər, yəni hakimiyyət, rəhbərlik prinsipi dəyişəcəyi zaman dəyişə bilər; bu dəyişsə, yerdə qalan şeylər asanlıqla dəyişiləcək. Doğrudur, reallıqda bir sıra hadisələr, dəyişikliklər baş verir və İslam adı altında hakimiyyətə Bəni-Üməyyə, Bəni-Abbasi xəlifələri – Həccac ibn Yusif kimiləri gəlir, ancaq bütün bunlar artıq müəyyən edilmiş qaydanı poza bilməz. Bu gün İslam dünyasında kimlərsə – İslam təlimləri ilə tanış olan insanlar Qurana, orada Allah-taalaya itaət, bəndələrin, yəni müxtəlif xalqların Haqq yolunda necə yaşayıb, hansı istiqamətdə irəliləməli olduğu ilə bağlı müəyyən edilmiş qayda-qanunlara müraciət etsələr, Əmirəlmöminin (ə) və onun ardınca gələn digər imamların rəhbərliyini qəbul etməkdən başqa hansısa nəticəyə vara bilmələri qeyri-mümkündür. Bu, bizim iddiamızdır və onu sübut etməyə də tamamilə qadirik.
İslam dünyasında kimlərsə – ziyalılar, mütəfəkkirlər, əqidəli insanlar, yəni əvvəldən başqa bir əqidə və ideologiya ilə yetişdirilmiş şəxslər cəmiyyətin yaşamı üçün Quranı və ona əsaslanan dəyər və prinsipləri meyar seçmək istəsələr, yalnız bu qənaətə gələcəklər ki, İslam toplumuna Əli ibn Əbu Talib (ə) kimi bir şəxsiyyətin rəhbərlik etməsindən başqa bir yol yoxdur; yəni yol budur; yol imamət yoludur. Qədiri-Xum hadisəsi haqqında bu qədər. Qədir hadisəsinin nə qədər önəmli olduğu aydınlaşdıqdan sonra
یاَیُّهَا الرَّسولُ بَلِّغ مآ اُنزِلَ اِلَیکَ مِن رَبِّکَ وَ اِن لَم تَفعَل فَما بَلَّغتَ رِسالَتَه
“...Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan...” (“Maidə” surəsi 67-ci ayədən) – ayəsinin mənası da aydınlaşır. Allah-taala buyurur ki, əgər bu hökmü insanlara açıqlamasan, öz ilahi missiyanı qətiyyən yerinə yetirməmiş olacaqsan. Təsəvvür edin, Peyğəmbər (s) 23 il mübarizə aparır; Məkkə və Mədinədəki o mücahidəsi, o döyüşlər, o fədakarlıq, ona göstərilən o təzyiqlər, o dahi şəxsiyyətin həyata keçirdiyi, bütün bəşəriyyəti doğru yola hidayət etmək kimi böyük bir missiya – bütün bunlar bu müddət ərzində baş vermişdir. Yaxşı bəs birdən-birə bu nə məsələdir ki, onun barəsində: “Əgər yerinə yetirilməzsə, bu qədər iş görülməmiş hesab olunacaq” – deyilir “...Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan...” Bu, firuiddinin qanunları ola bilməz, onlardan daha üstün bir məsələ olmalıdır. Bəs o nədir? Bu, imamət məsələsidir. Birinci imam kimdir? Peyğəmbərin (s) özü. İmam Sadiq (ə) Minada ikən bu haqda belə buyurmuşdur:
اِنَّ رَسولَ اللهِ کانَ هُوَ الاِمام
“Birinci imam Peyğəmbərdir (s)”; ثُمَّ مِن بَعدِهِ عَلیِّبنِاَبیطالِب – “Sonra Əli ibn Əbutalib (ə) və digər imamlar gəlir.” (1) Allah-taala İbrahim peyğəmbəri (ə) o qədər imtahan etdikdən, o qədər çətin sınaqlardan keçirdikdən sonra (onu yeniyetmə ikən oda atırlar, Babil və başqa yerlərdə din yolunda nə qədər çalışıb zəhmət çəkir) ahıl çağında ona belə buyurur:
اِنّی جاعِلُکَ لِلنّاسِ اِمامًا
“Səni insanlara imam təyin etdim”. İmamət bu deməkdir. Bu, bir ideologiyadır; möhkəm əsaslara, sarsılmaz arqumentlərə dayanan islami ideologiya. Odur ki mən bütün İslam dünyasına, bütün mütəfəkkirlərə səslənirəm; Quran ayələri və bu həqiqətlər ətrafında dərindən düşünməklə müsəlman dünyasının bu gün ehtiyac duyduğu vəhdəti, birliyi asanlıqla əldə etmək mümkündür. Sadəcə olaraq, düşüncə və məntiq sahibləri bu məsələləri ətraflı araşdırmalıdır.
Təbii ki, bu tərəfdən də əhli-sünnənin ardıcıllarının hissləri də təhrik edilməməlidir. Bir qrup insan şiəliyi sübut etmək üçün davamlı olaraq əhli-sünnə məzhəbinin böyüklərini və bu kimi şəxsləri təhqir etmək lazım olduğunu düşünür. Amma bu, belə deyil və bu hərəkət imamların göstərdiyi davranışın tam əksidir. Aydın məsələdir ki, İslam dünyasında müşahidə olunan, şiəlik adı altında fəaliyyət göstərən və İslam dininin digər məzhəblərinin böyüklərini təhqir etməklə məşğul olan radio və televiziya kanalları İngiltərənin maliyyəsi hesabına meydana gəlib. Onları İngiltərə maliyyələşdirir, odur ki bu, “ingilis şiəliyi”dir. Kimsə düşünməsin ki, şiəliyin dünyada yayılması, şiə ideologiyasının möhkəmlənməsi bu cür təhqirlərə, bu cür danışıq tərzinə bağlıdır. Xeyr, belə şeylər əks-təsir göstərir. Belə təhqiramiz davranışlara yol verdikcə onlarda şiəliyə qarşı aqresiya yaranır, hisləri təhrik olunur, təəssüb meydana gəlir və nəticədə haqq sözü eşitmək onlar üçün dözülməz olur. Axı bizim dəlil və məntiqə əsaslanan fikirlərimiz, arqumentlərimiz var. Düşüncə sahibi olan hər bir kəs bunları eşitdikdə qəbul edəcəkdir. Bizim bu cür dəlillərimiz çoxdur. Qoy həqiqəti eşitsinlər; bu sözlərin, dəlillərin qarşı tərəfin ürəyinə nüfuz etməsinə şərait yaradın. Siz söyüş söydükdə, təhqir etdikdə onlarla haqq söz arasına sədd çəkilir və bu da haqq sözün eşidilməsinə, dinlənilməsinə imkan vermir. Bununla da ABŞ-a, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə, İngiltərənin Məxfi Kəşfiyyat Xidmətinə bağlı olan, çirkin, muzdur, pul qarşılığında xidmət göstərən İŞİD, “Cəbhətun-nusra” və sair bu kimi terrorçu qruplaşmalar bir dəstə məlumatsız, nadan insandan istifadə edərək bu cür hadisələr törədir. Onların İraq, Suriya və başqa yerlərdə törədiyi hadisələri özünüz də gördünüz; bunlar düşmənin işidir. Düşmən fürsət güdür; onlar istifadə edə biləcəkləri hər cür fürsətdən yararlanırlar. Bizim isə haqq sözümüz, arqumentlərimiz, möhkəm dəlillərimiz var. Bu gün qeyd etdiklərim onlara kiçik bir misal idi. Qədiri-Xum haqqında bu qədər.
İndi isə Əmirəlmöminin (ə) haqqında. Bir insanın (istər müsəlman olsun, istər başqa bir dinə inansın, istərsə də heç bir dinə inancı olmasın; yəni istənilən etiqadda olan bir insanın) hörmət göstərib qiymət verə biləcəyi bütün əxlaqi dəyər və keyfiyyətlərin hamısı Əli ibn Əbutalibin (ə) şəxsiyyətində toplanmışdır; yəni Əli ibn Əbutalib (ə) elə bir şəxsiyyətdir ki, şiə də olsanız, sünni də olsanız, ona hörmət edəcəksiniz. Ümumiyyətlə heç müsəlman olmasanız, onu tanımasanız belə, haqqında öyrənməyə başlayınca sizdə ona qarşı hörmət hissi yaranacaq. Tarix boyunca əhli-sünnə içərisindən Əmirəlmömininin (ə) fəzilətləri haqqında yazanlar olduqca çox olub. Xristian olan Corc Cordak(2) imam haqqında 5 cildlik kitab yazıb; bəli, xristian dininə mənsub olan bir insan illər oncə Əmirəlmöminin (ə) haqqında kitab yazır. O, bura, mənimlə görüşə də gəlmişdi. Kitab haqqında söhbət etdik(3), bildirdi ki, “Nəhcül-bəlağə” ilə yeniyetmə yaşlarından tanış olub və onu Əli ibn Əbutalibin (ə) şəxsiyyətini tanımağa yönəldən “Nəhcül-bəlağə” olub. Nəticədə həmin kitabı yazıb: “Bəşəri ədalətin səsi – İmam Əli!” Dini inancı olmayan, yəni heç bir dini qəbul etməyən bir insan belə, Əmirəlmömininin (ə) şəxsiyyətini tanıyarsa, onun qarşısında təzim edəcək, ehtiramla baş əyəcəkdir.
Əmirəlmöminində (ə) 3 cür xüsusiyyət var: onlardan birincisi İmamın ölçüyəgəlməz ilahi-mənəvi keyfiyyətləri, yəni imanıdır; dərin imanı; İslamda öncül olması, bu yolda göstərdiyi fədakarlıq; sahib olduğu ixlas; İmamın (ə) əməllərində ilahi niyyətdən savayı, zərrə qədər də olsa başqa bir məqsəd yox idi. Biz bunun nə demək olduğunu ümumiyyətlə başa düşürükmü? Bizim kimilər üçün bu, dərk olunasıdırmı? Hər bir işi Allaha xatir, Allahın rizası, Onun əmrlərini yerinə yetirmək üçün görəsən; ixlas budur. Bunlar bizim ölçə bilməyəcəyimiz özəlliklərdir; biz onları heç doğru-düzgün izah belə edə bilmərik. İmamın (ə) Allah-taalanı tanıması, dərk etməsi; biz Allah-taala haqqında nə bilirik? سُبحانَ رَبِّی العَظیمِ وَ بِحَمدِه – dedikdə Allah-taalanın bu əzəmətindən biz nə anlayırıq, Əmirəlmöminin (ə) nə anlayır? İmamın özəlliyi Allah-taalanı tanımağında, dərk etməyindədir. Bunlar onun (ə) daşıdığı, bizim isə qətiyyən dərk edə, qavraya bilməyəcəyimiz özəlliklər zəncirinin bir neçə halqasıdır. Bütün bunları bizə izah etməyə çalışsalar belə, məsələnin mahiyyəti həddən artıq böyük, dərin olduğuna görə biz o dərinliyə düzgün şəkildə vara bilmərik. Bunlar Əmirəlmömininin (ə) sahib olduğu xüsusiyyətlərin birinci qrupudur.
Digər bir qrup isə İmamın (ə) sahib olduğu yüksək insani keyfiyyətlərdir. Bu keyfiyyətlər müsəlman və ya qeyri-müsəlman, xristian və ya qeyri-xristian, ateist və ya inanclı olan hər bir insanı, hamını cəlb edir: şücaət, mərhəmət. Döyüş meydanında o cür şücaətlə savaşan bir insan başsız qalmış bir ailənin uşaqları ilə qarşılaşanda onlarla necə mərhəmətlə davranır, nəvaziş göstərir, uşaqların qarşısında əyilir, onlarla oynayır, çiyninə alır. Bu cür rəftat və davranışları bəyənib, onlara hörmətlə yanaşmağın, əslində, dindarlıqla, yaxud hansısa dinə inancı olub-olmamaqla heç bir əlaqəsi yoxdur. Belə bir əzəmətin qarşısında istənilən insanda hörmət və təzim hissi yaranar. İmamın fədakarlığı; fədakarlıq başqasını özündən üstün tutmaq, öz haqqından keçmək deməkdir; yəni haqlı olduğun halda, Allah-taalaya, bu məsələdə Onun məsləhətinə xatir bu haqdan (təbii ki, öz haqqından) keçəsən; istər şəxsi mənfəətiniz, istər nüfuzunuz, istərsə də digər haqlarınız olsun; fədakarlığın, öz haqqından keçməyin mənası budur. Hələ bu qeyd etdiklərim Əmirəlmömininə (ə) aid olan insani keyfiyyətlərin bir hissəsidir. Əgər onların hamısını saymaq istəsək, böyük bir kitab olar.
Əmirəlmöminində (ə) olan xüsusiyyətlərin üçüncü qrupu topluma rəhbərlik, idarəçilik keyfiyyətləridir ki, bu da elə imamət məsələsinin nəticəsidir; imamət bu xüsusiyyətləri rəhbər tutaraq idarəçilik etmək deməkdir. Təbii ki, onların həddən artıq güclü və nisbətən zəif formaları ola bilər, amma biz həmin keyfiyyətlərin ən yüksək həddini Əmirəlmömininin (ə) simasında müşahidə edirik. İdarəçilik keyfiyyətləri dedikdə nəyi nəzərdə tuturuq? Misal üçün, ədalət, insaf, toplumun bütün təbəqələrini, hətta sizinlə eyni dində, inancda olmasalar belə, sizinlə bir toplumda yaşayan insanları bərabər səviyyədə görmək. Əmirəlmömininin (ə) Busr bin Ərtahın(4) şəhərə daxil olub insanların evinə hücum etdiyini eşitdikdə ürək yanğısı ilə söylədiyi bir xütbəsi var:
بَلَغَنی اَنَّ الرَّجُلَ مِنهُم لِیَدخُلُ المَرأَةَ المُسلِمَةِ وَ الاُخرَی المُعاهَدَةِ فَیَنتَزِعُ حِجلَها
– “Eşitmişəm ki, bu zalım və həyasız qoşun müsəlman və qeyri-müsəlman qadınların (müsəlman cəmiyyətində müqavilə ilə yaşayan yəhudi, xristian və başqalarının) evlərinə soxulub, onların üst-başını, xalxallarını, qolbaqlarını dartıb alıb, qarət edib”.(5) Ardınca buyurur ki, “Kim belə bir hadisənin narahatçılığından, qüssəsindən ölsə, onu qınamaq olmaz”. Bax şəxsiyyət budur: insanlara, həm də bütün insanlara mərhəmət hissi, ürək yanğısı duymaq; axı müsəlman toplumunda razılaşma əsasında yaşayan yəhudilər, xristianlar və digər dinlərin davamçıları da var idi. İmam Əlinin (ə) idarəçilik keyfiyyətləri bunlardır: ədalət, insaf, bərabərlik.
Dünyəvi təmtəraqdan, dəbdəbədən şəxsi mənfəəti üçün istifadə etməkdən uzaq olmaq; dövlət başçılarının düçar olduğu bəlalardan biri də budur; gərək dövlət başçısı olan kimi, ölkənin maliyyə imkanları ixtiyarımıza keçən kimi, vəsvəsə başlamaya, özü-özümüzə deməyək ki, burada yaxşı torpaq var, orada yaxşı imkanlar var, burada yaxşı pul var, bunlardan özüm üçün pay ayırmalıyam. Bədbəxtlikdə, üzüqaralıqda həddi aşanlar – Rzaxan kimiləri – xalqın malının hamısını mənimsəyir, bir qədər insaflı olanlar isə bir az başqalarına verir (o verdikləri adamlar da, bir qayda olaraq, elə öz yaxınları olur), bir az da özləri üçün götürür. Bu, hökumət başçılarının düçar olduğu bir bədbəxtlikdir; yer üzündəki demokratik quruluşlu hökumətlər də elə bu cürdür. Özünüz də eşidirsiniz; filan ölkənin dövlət başçısının xanımı, məsələn, qış və ya yay tətilini gözəl ab-havası olan filan adada keçirdi, milyon dollar pul xərclədi! Haradan? Monarxiya hökumətinin kral ailəsi filan şəhərə səfər etdi, filan oteldən, filan imkanlardan istifadə etdi, orada qaldıqları 10-12 gün ərzində filan qədər – milyardlarla – pul xərclədilər! İmamət hakimiyyəti bütün bunların əleyhinədir, ümumi imkanlardan şəxsi maraqlar üçün istifadə etmək qadağandır.
Tədbirli olmaq, müsəlman toplumu üçün münasib yollar axtarıb tapmaq, dost-düşməni ayırmaq, düşmənləri də mövqeyinə görə bir-birindən fərqləndirmək. Əmirəlmömininin (ə) hakimiyyəti dövründə üç müharibə olmuşdur. Bu üç döyüş üç ayrı düşmənə qarşı baş vermişdir, amma İmam onların hamısı ilə eyni şəkildə savaşmamışdır. İmamın (ə) Müaviyyə və Şam qoşunu ilə olan savaşı bir cür, Bəsrə ilə baş verən savaşı bir başqa cür, Təlhə və Zübeyrlə olan savaşı isə tamamilə başqa cür idi. İmam (ə) savaş zamanı Zübeyrə səslənir, döyüş meydanında onunla danışır, ona öyüd-nəsihət verir, “Qardaş, keçmişimizi unutma! Biz birlikdə o qədər qılınc çalmışıq, o qədər iş görmüşük” – deyir. Bu nəsihətin nəticəsi də olur. Doğrudur, Zübeyr görməli olduğu işi görmür, Əmirəlmömininə (ə) qoşulmalı olduğu halda, bunu etmir, amma İmamın nəsihəti nəticəsində döyüş meydanını tərk edib gedir. İmam (ə) Təlhə və Zübeyrlə döyüşdə bu cür davranır, Şam qoşunu ilə savaşda isə belə etmir. O həzrət (ə) Müaviyyəyə nə deməli idi ki? Deyəydi ki, mən və sən birlikdə olmuşuq? Nə vaxt birlikdə olublar ki? Bədr döyüşündə qarşı-qarşıya durmuşdular; Əmirəlmöminin (ə) onun babasını, dayısını, qohum-əqrabasını, tayfasını qılıncdan keçirmişdi. Keçmişdə onlar heç vaxt birlikdə olmamışdılar. O da bu düşmənçiliyi bəhanə edərək Əmirəlmömininlə (ə) savaşırdı. Əmirəlmöminin (ə) düşmənləri qruplara ayırırdı. Düşmən sayı 10 min nəfər olan Nəhrivan döyüşündə İmam (ə) buyurur ki, bu 10 min nəfərdən kim bizim tərəfə, mənim sancdığım bayrağın altına keçsə, onunla savaşmayacağıq; keçirlər də; düşmən qoşunundakıların əksəriyyəti İmam (ə) tərəfə keçir. Həzrət: “Gedin!” – deyə buyurur və onları azad edir. Bəli, qalanlarla, inadla, kor-koranə təəssübkeşlik edənlərlə isə savaşır, qələbə də çalır. Ölkənin idarəçiliyində tədbirli davranmaq, dostu, düşməni tanımaq, ayırd etmək; düşmənlərin hamısı eyni cür deyil, bəziləri üçün keçirdi. Bir nəfər əvvəldən İmama (ə) beyət etmir; əlində qılıncla həzrətin yanında duran Malik Əştər İmama (ə) buyurur ki: “Ya Əmirəlmöminin (ə), icazə ver sənə beyət etməyən bu adamın boynunu vurum”. Həzrət gülüb deyir: “Xeyr! Bu adam cavan olanda da tündxasiyyət idi, indi qocalıb, xasiyyəti daha da tündləşib. Qoy çıxıb getsin!” Buraxırlar, çıxıb gedir. Bax tədbirli davranmaq budur, bu, bir metoddur. Hakimiyyətin başında duran bir insanın ən böyük tədbirliliyi odur ki, qarşısındakının kim olduğunu, hər bir insanla necə, hansı şəkildə davranmaq lazım olduğunu bilsin. İmamın (ə) idarəçilik xüsusiyyətlərindən biri də bu idi.
Vəzifəsini yerinə yetirməkdə operativlik; işin icrasını yubatmazdı, hansısa işi hökmən həyata keçirməyi qərara alırdısa, onu reallaşdırmaq üçün dərhal hərəkətə keçirdi.
Həqiqətləri açıqlamaq, izah etmək; nə baş verdiyini, həqiqətləri insanlara açıqlayırdı. “Nəhcül-bəlağə”dəki xütbələrə diqqət edin, çoxu o dövrdə cəmiyyətdə baş verən hadisələrdir; istər İmamın (ə) xütbələri olsun, istərsə də məktubları. “Nəhcül-bəlağə”nin bir hissəsi xütbələrdən, bir hissəsi də məktublardan ibarətdir. Bir qayda olaraq, məktublar etiraz etdiyi insanlara ünvanlanmışdır; ya Müaviyyə və onun kimilərinə, ya da əməllərinə etiraz edib irad tutduğu öz işçilərinə; məktubların məzmunu əsasən budur. Bir hissəsinin məzmunu isə tövsiyə və əmrlərdən ibarətdir; məsələn, Malik Əştərə ünvanlanmış əhd kimi. Bütün bunlarda İmam (ə) insanlar üçün həqiqətləri açıqlayır, izah edir. Əmirəlmömininin (ə) daim gördüyü işlərdən biri də budur.
Toplumu təqvaya doğru hidayət etmək; İmamın (ə) xütbələrinin çox az bir hissəsində təqva məsələsinə toxunulmamış ola bilər; “اتَّقواالله” – “Təqvalı olun!” – deyir; çünki təqvalı olmaq hər şey deməkdir. Hansı toplum təqva xüsusiyyətinə sahib olarsa, onun maddi və mənəvi problemləri həllini tapacaq. Təqvaya sahib olmaq bax bu cür nəticələr verir. Şübhəsiz ki, burada təqvanın həqiqi mənası nəzərdə tutulur; təqva yalnız gözünü naməhrəmdən çəkmək, yaxud harama yol verməmək deyil. Doğrudur, bunlar da var, bunlar da təqvanın bir hissəsidir, amma təqvanın daşıdığı məna bunlardan daha genişdir. Təqvanın əsl mənası insanın özünü günahdan qoruması, hərəkətlərinə nəzarət etməsi, doğru yolda özünü qorumağa çalışmasıdır; təqvanın mənası budur. Cəmiyyət təqvalı olsa, problemlər, mütləq, həll olunacaq. Əmirəlmöminin (ə) daim insanları təqvaya dəvət edib.
İmam (ə) haqq-ədaləti bərqərar etməkdən qorxmayıb, çəkinməyib, bu yolda heç kimi və heç nəyi nəzərə almayıb. Əmirəlmömininin (ə) həyatında heç vaxt üzgörənlik olmayıb. Ona beyət etməkdən imtina edən şəxs haqqında Malik Əştərə: “Burax getsin!” – deyən İmam (ə) başqa situasiyalarda məsələlərə böyük diqqət, ciddiyyət və tələbkarlıqla yanaşıb.
Baxın, bu da Əmirəlmömininin (ə) xüsusiyyətlərindən 3-cü qrupu; idarəçilik keyfiyyətləri. Hələ bunlar o həzrətin şəxsi keyfiyyətlərindən, bizlərin dərk edə, zəif və naqis nitqimizlə vəsf edə bilməyəcəyimiz ilahi-mənəvi keyfiyyətlərindən ayrıdır. Əmirəlmömininin (ə) şəxsiyyəti budur; yəni həqiqətən də, “Sən o qədər böyüksən ki, kiçik güzgülərdə görünə bilməzsən” (6) beytində deyildiyi kimi, İmam (ə) hərtərəfli, mükəmməl bir şəxsiyyətə malikdir. Biz zəif görən, qüsurlu gözlərimizlə, xurafata bürünmüş qəlblərimizlə o böyük insanı görməyə qadir deyilik. Amma əlbəttə ki, yenə də o dahi şəxsiyyət haqqında az-çox nəsə bilirik, danışırıq. Qədiri-Xum hadisəsində bax belə bir insan rəhbər olaraq təyin olunmuşdur.
Yaxşı bəs indi nə etməliyik? Aydın məsələdir ki, biz İmam (ə) kimi yaşaya, onun kimi davrana bilmərik; əsla onun kimi ola bilmərik. İmamın (ə) özü də buyurmuşdur:
(7) لا وَ اِنَّکُم لا تَقدِرونَ عَلی ذلِک
Həzrət (ə) özü də vilayətlərə təyin etdiyi vali və hakimlərə: “Siz mənim kimi hərəkət edə bilməzsiniz” – demişdir. Biz gözümüzü bu zirvəyə dikməliyik. Dəfələrlə olub ki, nə barədəsə danışarkən mən: “Zirvə budur” – demişəm. Təsəvvür edin ki, sizə bir zirvə göstərib: “Hədəf odur” – deyirlər və siz də həmin hədəfə doğru irəliləməlisiniz. Bizim vəzifəmiz zirvəyə doğru irəliləməkdir. Əmirəlmömininin (ə) o xüsusiyyətlərini nəzərdə tutub bu yolda gücümüz, bacarığımız yetdiyi qədər irəli addımlamalıyıq; əks istiqamətdə getməməliyik. Cəmiyyətimiz Əmirəlmömininin (ə) kimi təqvalı olmağa doğru irəliləməlidir. Demirəm ki, onun kimi təqvalı olmalıdır – biz bunu nə bacararıq, nə də bizdən belə bir şey istənilib – amma bu istiqamətdə irəliləməliyik; yəni israfdan, lüzumsuz dəbdəbədən, bir-birimizlə bəhsləşməkdən uzaq olmalıyıq. Belə etsək, Əmirəlmömininin (ə) həqiqi şiəsi olarıq. Əməllərimiz insanlarda bizə qarşı inam və etimad yarada bilər. İmam (ə) buyurmuşdur:
کونوا لَنا زَیناً وَ لا تَکونوا عَلَینا شَیناً
– yəni “Bizim zinətimiz olun”.(8) İmam (ə) bununla nəyi nəzərdə tutur? Yəni elə gözəl, əxlaqlı şəkildə davranın ki, sizə baxan insan: “Əhsən! Əmirəlmömininin (ə) şiəsi nə yaxşıdır!” – desin. Bir insan rüşvət alırsa, bu, şiəlik üçün zinət yox, eyibdir; kimsə beytülmaldan haqqı çatandan artığını istəyir və alırsa, bu, eyibdir; haqsızlıqlara, pisliklərə göz yuman, toplumun təqvaya doğru yönəldilməsinə laqeyd qalan, bunun üçün özündə heç bir məsuliyyət hiss etməyən kəs İslam quruluşu və müsəlman toplumu üçün üz qarasıdır; şəxsi həyatında belə israfa yol vermək eyibdir.
Təəssüflər olsun ki, bu gün biz bu cür problemlərə düçar olmuşuq; israfçılıqdan, ifratçılıqdan əziyyət çəkirik. Uzun illərdir ki, mən bu barədə özümə də, insanlarımıza, xalqımıza da nəsihət edirəm; durmadan deyirəm, təkrar edirəm. Bu məsələdə irəliləyişə nail olmaq, cəmiyyətdə israfçılığı azaltmaq lazımdır. Kişilərimiz, qadınlarımız, gənclərimiz, yaşlılarımız geyimdə, yeyib-içməkdə, ev əşyalarında, müxtəlif zinət əşyalarında israfçılığa yol verməməlidirlər. Və ya bir-biri ilə bəhsləşmək olsun; “filan toyda, filan qonaqlıqda filan qadın belə geyinmişdi, filan zinəti taxmışdı, filan cür bəzənmişdi, mən də ondan geri qalmamalı, onun kimi olmalıyam” – belə hərəkətlər yanlışdır, səhvdir, həm də çox böyük təhlükədir. Yaşayışı çətinləşdirən, pisləşdirən, toplumda ədalətsizlik meydana gətirən, ən nəhayət, iqtisadiyyatı da məhv edən məhz bunlardır. İqtisadiyyatın məhv olmasının önəmli səbəblərindən biri də bu cür məsələlərdir. Əgər bir toplum öz daxili iqtisadi gücü hesabına hər cür zərər və ziyandan qoruna biləcək bir səviyyəyə çatmaq istəyirsə, onun qarşısında duran ən önəmli işlərdən biri də israfçılıqdan, lüzumsuz xərclərdən və bu kimi məsələlərdən uzaq olmaqdır. Bu barədə çoxlu misallar çəkmək olar, bu haqda mən çox danışmışam, artıq təkrara yol vermək istəmirəm. Su, çörək, qida və cürbəcür başqa istehlak məhsullarında israfa, lüzumsuz, artıq istifadəyə yol verdiyimiz hallar çox olur; bunlara diqqət etməliyik.Bu işlərin çoxu dövlətin yox, bizim özümüzün öhdəsinə düşür; biz özümüz şəxsi həyatımızda, gündəlik yaşamımızda bunlara fikir verməliyik. Əmirəlmömininin (ə) davamçısı olmaq bu deməkdir.
(9) اَلحَمدُ للهِ الَّذی جَعَلَنا مِنَ المُتَمَسِّکینَ بِوِلایَةِ اَمیرِالمُؤمِنینَ وَ اَولادِهِ المَعصومین
“Həmd olsun o Allaha ki, bizi Əmirəlmömininin və onun məsum övladlarının rəhbərliyindən yapışanlardan edib”.
Bu duada Əmirəlmöminin və onun övladlarının imamətindən, rəhbərliyindən yapışmaq dedikdə biz nəyi nəzərdə tuturuq? Bəli, bunun bir hissəsi qəlbən yapışmaqdır, yəni vilayət prinsipini qəlbən qəbul etməkdir; bu həm yaxşıdır, lazımlıdır, həm də sözsüz ki, təsirə malikdir, ancaq iş bununla bitmir. İmamların (ə) rəhbərliyindən yapışmaq o deməkdir ki, biz onların bizim üçün müəyyən dərəcədə əlçatan ola biləcək özəlliklərinə diqqət yetirək və özümüzdə bunları yetişdirməyə çalışaq; əlbəttə ki, o fədakarlığa, o mənəviyyata, Allah-taalanı o cür tanımaya, o ibadətə, o göz yaşlarına, Uca Yaradana o cür diqqət və sairə iddia edə bilmərik, bunlarda çox-çox geridəyik. Amma bəşəri keyfiyyətlərdə, toplumun, hökumətin idarəçiliyi, rəhbərlik və digər bu kimi məsələlərdə imamın (ə) daşıdığı həmin xüsusiyyətləri öz həyatımızda və davranışlarımızda tətbiq edə bilərik. Şübhəsiz, o böyük şəxsiyyət (ə) səviyyəsinə, heç ondan aşağı səviyyəyə də çata bilmərik, amma buna doğru gedə bilərik. Bu işləri görməliyik; bunlara nail olsaq, bax bu, Əmirəlmömininin (ə) rəhbərliyindən yapışmaq olar.
Deyiləsi sözlər çoxdur. Əziz qardaş və bacılar, diqqət edin! Bax düşmən, düşməni tanımaq, düşmənə müqavimət göstərmək haqqında çox deyirik, çox danışırıq, dediklərimiz həqiqətdir də; yəni sizlərin, dostlarımızın səsləndirdiyi şüarlar, böyüklərin, ölkə başçılarının: “Biz düşmənin qarşısındayıq!” – demələri doğrudur, həqiqətdir. Mən də bilirəm ki, düşmən var, amma diqqət edin, düşmən bəzən heç bir zəhmət çəkmədən bizim zəif cəhətlərimizdən istifadə edir. Odur ki düşmənin bizim nöqsanlarımızdan istifadə etməməsi üçün biz ilk öncə özümüzü düzəltməliyik. Bu gün düşmənlərimiz gözünü daxili iqtisadiyyatımızdakı ehtiyaclara, çatışmazlıqlara, boşluqlara dikib. Mənim son illər davamlı olaraq, ilin əvvəlində, ortasında və sonunda iqtisadiyyat, müqavimət iqtisadiyyatı və bu kimi məsələlər haqda danışmağımın, bunları təkrar-təkrar deməyimin səbəbi də elə odur ki, düşmən bu məsələni xüsusi diqqətdə saxlayır. Onlar xalqda narazılıq yaratmaq üçün ölkənin iqtisadiyyatını dağıtmaq, insanlarımızın maddi durumunu pisləşdirmək, cibini boş qoymaq, imkanlarını azaltmaq, pulunu dəyərdən salmaq, əhalinin alıcılıq qabiliyyətini aşagı endirmək istəyirlər; hədəfləri budur. Xalqı İslam dinindən və İslam dövlətindən narazı salmaq – düşmənin məqsədi budur. Elə buna görə də ölkə iqtisadiyyatına təzyiq göstərirlər ki, xalqın durumu pisləşsin və nəticədə insanlar İslam dinindən və İslam quruluşundan üz döndərsinlər. Yaxşı, bu halda belə bir vəziyyətə qarşı mübarizə aparmaq kimin vəzifəsidir? Təbii ki, hamının; dövlətin, parlamentin, müxtəlif dövlət qurumlarının rəsmilərinin və xalqın hər bir nümayəndəsinin vəzifəsidir. Biz hamımız məsuliyyət daşıyırıq və öhdəmizə düşən vəzifəni yerinə yetirməliyik.
Əlbəttə, sevindirici haldır ki, ölkənin ümumi inkişaf prosesi yaxşı gedir. Mən çox eşidirəm, mənə çoxlu müraciətlər olunur; məktub yazırlar, müraciət edirlər, gördükləri bir çox işləri təqdim edirlər və mən də vaxt edib bunların bir çoxuna baxıram. Allaha şükürlər olsun ki, bu gün ölkəmizdə İslam dinini bərqərar etmək üçün ciddi şəkildə çalışan, işləyən gənclərin sayı gündən-günə artır. Məhz onlar Allah-taalanın lütfü və yardımı sayəsində istənilən düşməni, o cümlədən Amerika və İsraili diz çökdürəcəklər. Məhz bu reallığı müşahidə etdiyimə görə də mən hər dəfə, müxtəlif çıxışlarımda gələcəyə böyük ümidlə və nikbin yanaşdığımı təkrar edirəm. Bizi irəliyə apara, cəmiyyətimizin ümumi inkişafının avanqardı ola biləcək müsbət reallıqlarımız çoxdur. Gözəl, mömin, işə hazır, meydanlarda ölkəni, dini müdafiə etmək üçün göz yaşı töküb icazə istəyən gənclərimiz var; özü də belələri 5 nəfər, 10 nəfər, 100 nəfər deyil, sayları olduqca çoxdur. Ölkəni məhz bu stimul xilas edəcək; onu daha da gücləndirmək lazımdır.(10) Yaxşı, canınızı fəda etmək istəyirsinizsə, nəyə görə İslam yolunda fəda etməyəsiniz? Rəhbər uğrunda niyə fəda edirsiniz, rəhbər kimdir ki? İslam dini, bu yol, bu amallar uğrunda fəda edin.(11)
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
________________________
(1) “Kafi” cild 4, səh 466
(2) Livanlı yazıçı, “Bəşəri ədalətin səsi – İmam Əli!” kitabının müəllifi.
(3) 31.02.1375
(4) Müaviyyə qoşununun sərkərdələrindən biri, bir müddət Bəsrəyə hakimlik etmişdir.
(5) Nəhcül-bəlağə, 27-ci xütbə
(6) Sədinin divanındandır.
(7) Nəhcül-bəlağə, 45-ci məktub
(8) Amali Səduq, səh.400.
(9) İqbalül-əmal, c.1, 5-ci bab, səh. 464 (azacıq fərqlə)
(10) Zaldan: “Rəhbər əmr edərsə, canımızı fəda edərik!” – şüarı səslənir.
(11) Zaldan müxtəlif şüarlar səslənir.