Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1).
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین
Ötən il Məscidül-həram və Minada məzlumcasına dünyadan köçmüş şəhidlərimizin hörmətli ailə üzvləri, əvvəla, xoş gəlmisiniz. Hər il həcc mövsümündən öncə bizim həcc ziyarətinin təşkilatçıları, bəzi məsul şəxslər və hacılardan bir qrupu ilə buna bənzər ümumi toplantılarımız olurdu, o toplantılar çox xoş, ürəkaçan bir atmosferdə keçirdi. Ölkənin hər tərəfindən ixlaslı möminlərdən, gənc və yaşlılardan ibarət bir qrup zəvvar həcc ziyarətinə yollanırdı və bu, insanı fərəhləndirirdi. Sevinirdik ki, onlar da başqa ölkələrin müsəlmanları ilə birlikdə həcc əməllərini yerinə yetirmək üçün ziyarətə gedirlər. Amma təəssüflər olsun ki, bu il sizinlə keçirdiyimiz bu görüşdə sevinc hissi yoxdur; ötən il Minada baş vermiş o kədərli, müsibət dolu, acı hadisəni anmaq üçün yığışmışıq. Doğmalarımızın Mina hadisəsində can verib şəhid olması çox önəmli bir məsələdir.
“Bu hadisə unudulmamalıdır” deməyimizin səbəbi yalnız əzizlərimizi itirməyimiz deyil, baş vermiş hadisənin özü çox əhəmiyyətlidir. Bu hadisənin bir çox müxtəlif cəhətləri var; bu faciə həm siyasi, həm ictimai, həm də dini və əxlaqi baxımdan öyrədici əhəmiyyət daşıyır. Əlbəttə, baş vermiş olay biz İran xalqı və şübhəsiz ki, digər ölkələrdən olan şəhidlərin ailə üzvləri üçün dərdlidir. Bu dərd, bu qüssə təbiidir, elə belə də olmalıdır. Qəlbimiz kədərlə, qüssə ilə doludur. Aradan ötən zaman həmin hadisəni və onun yaşatdığı kədəri qəlbimizdən hələ də silə bilməyib. Bu faciə bizi narahat edir, kədərləndirir; doğmalarımız Mina və Məscidül-həramda ibadət zamanı dünyalarını dəyişiblər, susuz halda dünyadan köçüblər; ömürlərinin son dəqiqələrinə kimi qızmar və yandırıcı günün istisinə dözbülər. Bütün bunlar çətindir, dözülməzdir, bunlar bizim ürəyimizi ağrıdır, biz bunları unuda bilmərik, amma bu hadisə daha geniş aspektlərə malikdir.
Bunlardan biri siz ailə üzvlərinin yanaşmasıdır. Doğmalarınızın yoxluğu (istər ata-anasını, övladlarını, istər həyat yoldaşını, istərsə də bacı-qardaşını itirənlər olsun) şübhəsiz ki, sizin üçün olduqca ağır və çətindir; mən öz-özümə fikirləşib müqayisə edəndə sizin dərdinizin nə qədər böyük, nə qədər ağır olduğunu yaxşı başa düşürəm. Sizin üçün nə qədər çətin olduğunu anlayıram; hacı olacaq yaxınını ümidlə, belə bir mənəvi uğur əldə etdiyinə sevinə-sevinə Məkkəyə yola salıb, geri qayıtmasını gözləyəsən, gözləyəsən ki, sevinclə, şadlıqla geri dönəcək, ancaq qəflətən xəbər tutasan ki, doğmanın cənazəsini geri gətirirlər; çox çətindir, çox ağırdır. Sizin üçün, bütün xalq üçün – yəni bu acını duyan, hiss edən hər kəs üçün çox ağırdır, amma sizə bircə şey təsəlli ola bilər ki, əzizləriniz dünyadan getsə də, bu itki sizin üçün nə qədər ağır olsa da, onlar, inşallah, ilahi nemətə qərq olublar. Gözəl ölüm idi; insanın necə ölməyi, dünyadan hansı şəraitdə köçməyi onun müqəddəratını müəyyənləşdirir. Bir gün hamımız dünyadan köçəcəyik; qocası-cavanı, qadını-kişisi yoxdur, hamı gedəcək; intəhası bəzi ölümlər elədir ki, insan onlara həqiqəti görən gözlə baxanda o cür gedişə, o cür ölümə sevinir; şəhidlərin ölümü kimi; şəhidlər hamısı belədir. Sizin doğmalarınız ibadət halında, zikr halında, ehram paltarında dünyadan köçüblər, Allah-taalaya üz tutduqları, dini vəzifələrini yerinə yetirdikləri halda dünyalarını dəyişiblər; bütün bunlar Allah-taalanın dərgahında ilahi əfv, rəhmət və ali məqamın əldə edilməsi üçün bir vasitədir, səbəbdir. Bundan başqa, onlar fiziki çətinliklərə, ağrılara da dözüblər. Bəziləri, görünür, hələ saatlarla sağ olublar (2), istər qızmar günəş altında, istərsə də o qaynar konteynerlərin içərisində susuz vəziyyətdə sıxılıb qalıblar. Bütün bunlar Allah-taalanın rəhmətinə səbəb olacaq əziyyətlərdir. Bəli, qəlbiniz dağlıdır, sizə müsibət üz verib, övladınızı, həyat yoldaşınızı, atanızı, ananızı, bacınızı, qardaşınızı itirmisiniz, ağırdır, amma onların hazırda hansı vəziyyətdə olduğunu yadınıza salın. Biz burada çətinlikdəyik; dünyəvi problemlər içərisində, insanı azdıran, korlayan, alçaldan cürbəcür amillərlə dolu çirkin bir dünyada böyük bir zəhmətlə irəli addımlayıb yolumuza davam edirik; əziyyət çəkən burada bizik. Allah-taalanın rəhmət dərgahında, inşallah ki, ilahi nemət və lütfün əhatəsində olan o insanlardansa, daha çox öz halımıza göz yaşı töküb kədərlənməliyik. Bu, sizin üçün təsəlli olmalıdır. Doğrudur, gənc övladınızı, ata-ananızı, həyat yoldaşınızı itirmisiniz, bu, ağır dərddir, ancaq onlar ilahi nemətin yaxınlığındadır. Bir gün biz də gedəcəyik, Allah-taala bizə rəhm etsin; bu dünyəvi çətinliklərlə, dünya həyatında üzləşdiyimiz bu azdırıcı problemlərlə. Uca Yaradan onları günaha bulaşmış bu dünyadan ən gözəl bir məkanda və ən gözəl bir halda – ibadət halında ikən xilas etdi. Bəzi insanlar günah işləyən halda, bəziləri gündəlik yaşamın problemləri ilə məşgul olan halda, bəziləri isə naşükürlük etdikləri bir vəziyyətdə dünyasını dəyişir. Bu cür ölümlər ölü yiyələri üçün, həqiqətən də, müsibətdir, dərddir. Bəzi insanlar isə Allah-taalanı zikr edərkən, Ona üz tutmuş bir halda dünyadan köçür. Bu cür ölümlər isə dünyadan köçənin yaxınları üçün bir təsəlli, dərdlərinin yüngülləşməsi üçün bir səbəbdir. Məsələnin bir aspekti budur.
Məsələnin digər bir aspekti isə İslam ümməti ilə əlaqəlidir. Geniş hüdudlara malik İslam ümməti bu hadisə ilə bağlı böyük kədər və müsibət yaşadı. Mina və Məscidül-həramda bizim ümumilikdə 470, yaxud 480 nəfər zəvvarımız şəhid olmuşdu, amma statistik məlumatlara əsasən, müxtəlif ölkələrdən şəhid olanların ümumi sayı təxminən 7000 nəfər olub! Bu olduqca böyük bir rəqəmdir. Bəs başqa ölkələrdə dövlətlər, ailələr, xalqlar bu hadisəyə nəyə görə reaksiya vermədi? Bu nə böyük bir bəladır ki, İslam ümmətinin canına düşüb? Bu, böyük bir bədbəxtlikdir. Dövlətlər siyasi baxımdan üzgörənlik etməyə məcburdur, müxtəlif ölkələrin dövlət başçıları, təbii ki, pul, hakimiyyət, siyasi əlaqələr və sair bu kimi şeylərin əsiridir, yaxşı bəs həmin ölkələrin ziyalıları niyə susdular? Din alimləri niyə danışmadı? Siyasi fəallar nəyə görə ağızlarını açmadı? Ziyalılar nəyə görə məqalələr yazmadı, etiraz bildirmədi, danışmadı? Əlbəttə, başqa ölkələrdən bizdəki qədər şəhid olmamışdı, amma Misir, Mali, Nigeriya və digər ölkələrdən 100, 200-ə yaxın adam ölmüşdü. Deyək ki, dövlət başçıları dünyada mövcud olan siyasi güc balansına tabedirlər, bu səbəbdən də etiraz etmirlər. Adam onlardan heç elə ciddi bir şey gözləmir də; təəssüflər olsun ki, dövlət başçılarının bu halı ilə onlardan elə ciddi bir addım gözləmək mümkün deyil. Yaxşı, bəs toplumun seçilən insanları niyə danışmadı, bu hadisənin qarşısında nəyə görə susdular? İslam dünyası üçün bəla, müsibət bax budur; Allahın evində törədilmiş belə böyük bir hadisəyə, kimlərinsə Allah evinin yaxınlığında bu cür ağır və rüsvayçı bir hadisənin üzərindən şərəfsizcəsinə, həyasızcasına, İslam dünyasından üzr belə istəmədən ötüb keçməsinə həssas yanaşmamaq.
Səudiyyə hökumətinin başçıları İslam dünyasından dilucu da olsa üzr istəmədi! Bunlar nə qədər şərəfsiz, nə qədər həyasızdırlar?! Onların etdiyi bu səhlənkarlıq, göstərdikləri bu səriştəsizlik (bəziləri bu hadisənin qəsdən törədildiyini deyirlər; hətta bu cür olmasa belə) özü-özlüyündə bir dövlət üçün cinayətdir. Necə olub ki, nəzarət edə bilməmisiniz? Necə olub ki, Allah-taalanın qonağı sayılan bu böyüklükdə kütlənin təhlükəsizliyini təmin edə bilməmisiniz? Bu yolla əldə etdiyiniz maddi gəlirin, bu gəlir sayəsində qazandığınız vəzifə və ad-sanın qarşılığında bu insanları necə qoruya bilməmisiniz? Kim zəmanət verə bilər ki, oxşar vaxtlarda buna bənzər hadisələr yenə də baş verməyəcək? Bu çox böyük bir sualdır. İslam dünyası bunların yaxasından yapışıb sorğu-sual etməlidir. Nəyə görə bu sualları onlara vermirlər? Bax İslam dünyasının bəlaları bunlardır. İran İslam Respublikası bu qədər cəhalətin, bu qədər azğınlığın, bu qədər maddiyatcılığın, bu qədər səhlənkarlığın, bəzən başqalarının qeyrətsizliyinin önündə tək-tənha durub, özünün Qurani-Kərimə, İslam dininə əsaslanan haqlı mövqeyini açıq-aşkar elan edir. İran xalqı öz dövlətinin bu xüsusiyyətinə görə qürur hissi keçirməlidir və keçirir də. Bu qüdrəti, bu şücaəti yaradan da elə sizsiniz, İran xalqının özüdür. Çünki qaranlıq və cahil bir dünyanın önündə duraraq haqq sözü deməyi, həqiqətləri açıqlamağı bacarırsınız. Həqiqət budur ki, İslam dünyasının hacılarına qarşı – hansılar ki ildə bir dəfə ziyarət üçün orada toplaşırlar – bu cür səhlənkar və səriştəsiz davranan, onların təhlükəsizliyini bu şəkildə pozan şəxslər əslində o şərafətli ziyarətgahları idarə etməyə, o məkanlarda xidmət göstərməyə layiq deyillər; reallıq bundan ibarətdir. Bu düşüncə İslam dünyasında özünə yer tutaraq genişlənməlidir. Məsələnin bir cəhəti də budur.
Bu olayın digər bir cəhəti isə insan haqları iddiasında olanların dünyasına baxışdır. Tutalım, hansısa ölkədə bir nəfər hansısa ittihamla qətlə yetirilir, yəni edam edilir və ya həbs olunur, görürsən ki, “İnsan haqları!” – deyib hay salırlar, səs-küy yaranır (əlbəttə, bu cür hadisələr onlara qarşı müxalifət və mübarizə motivinin mövcud olduğu ölkələrdə baş verir) amma bir dövlətin tədbirsizliyi, səriştəsizliyi ucbatından neçə min insan həyatını itirir, o insan haqları təşkilatları, insan haqlarını müdafiə etdiyini iddia edən o dövlətlər isə ölüm sükutuna qərq olur, heç bir söz demir, danışmırlar! Bu da olduqca önəmli bir məqamdır. Qoy o beynəlxalq qurum və təşkilatlara meyil göstərib ümid bağlayan insanlar bu həqiqəti görsünlər, bu reallığı dərk etsinlər. Baxın görün, bu qurum və təşkilatların mahiyyətində nə qədər yalan var, reallığa nə qədər əksdirlər! Bu hadisə qarşısında susdular, heç bir şey demədilər. Bəzən hətta heyvanların hüquqları belə onlar üçün o qədər önəm daşıyır ki, qalmaqal yaradırlar, amma belə bir hadisədə neçə min insan həyatını itirir, bunun qarşısında heç bir söz deməyib tamamilə sakit dururlar! Özü də bu insanlar təsadüfi bir hadisə nəticəsində, hansısa təyyarə qəzasında ölməyiblər, elə bir hadisə nəticəsində ölüblər ki, onun baş verməməyi üçün işləri düzgün qurub düzgün idarə etmək bunların vəzifəsi idi. Bunlar orada, necə deyərlər, ev sahibidirlər, əmr sahibidirlər, zəvvarların təhlükəsizliyini qorumaq onların vəzifəsi olub.
İslam ümmətinin dövlət başçılarının və insan haqları iddiaçılarının üzərinə düşən vacib və lazımlı işlərdən biri bu hadisə ilə bağlı faktaraşdırıcı qrup yaratmaqdır; gedib həqiqəti aydınlaşdırmaq lazımdır. Baxmayaraq ki, hadisənin üzərindən bir il keçib, amma müsahibələr var, şəkillər çəkilib, həqiqəti kifayət qədər aydınlaşdıra biləcək sənədlər mövcuddur; faktaraşdırıcı missiya təşkil olunsun və hadisənin əsli ortaya çıxarılsın. Bu faciədə Səudiyyə hökumətinin müqəssir olub-olmadığı aydınlaşdırılsın. Onlar müqəssir olmadıqlarını iddia edirlər, qoy olayın həqiqəti aydınlaşsın, məlum olsun ki, təqsirləri var, ya yox. Bu məlun, alçaq sülalə pulla ağızları bağlayır, bu pul-para, dünya “bəndə”ləri kiminsə onların əleyhinə söz deməsinə, etiraz etməsinə imkan vermir. Gedib vəziyyəti yaxından görmək, məsələni araşdırmaq üçün faktaraşdırıcı qrup yaradılmalıdır; qoy nə qədər çəkir, çəksin. Rəsmilərimizin diqqət mərkəzində saxlamalı, izləməli və əhəmiyyət verməli olduğu işlərdən biri də budur. Bu da hadisənin bir tərəfi.
Hadisənin digər bir tərəfi isə Səudiyyə hökumətinin arxasında duran güclərin də bu və buna bənzər hadislərdə onlarla ortaq olmasıdır. Doğrudur, Mina hadisəsində ABŞ birbaşa iştirak etməmişdir, amma bununla belə, əlləri bizim Mina şəhidlərinin qanına bulaşmışdır. Səudiyyə hökumətinin üzdəniraq başçıları məhz ABŞ-ın güc və dəstəyinə arxalandıqları üçün İslam dünyasının önündə bu cür həyasızcasına dayana bilir, belə böyük bir cinayət işlədikləri halda, əməllərinə görə hətta dilucu belə olsa üzr istəmirlər. Amerikaya arxalanırlar, demək ki, bu hadisədə amerikanlar da onlara şərikdir. Eynilə Yəmən hadisəsində, İslam dünyasında baş verən digər müxtəlif hadisələrdə – Suriya, İraq, Bəhreyn olaylarında da əgər müsəlmanlara zərbə dəyir, ziyan çəkirlərsə, bu cinayətdə Amerika da ortaqdır. Bu utanmazlar, həyasızlar məhz ABŞ-ın himayədarlığı sayəsində bu cür cinayətlər törədir, xəyanətlər edir, İslam ümmətinin kürəyinə xəncər saplayırlar; hamısı ona görədir.
Başqa bir önəmli məqam isə bundan ibarətdir ki, Qərb dünyasının təbliğat, əslində isə casus orqanları və onlar kimilər həmin hadisəni İslam dünyasında baş verən qarşıdurmalarla – şiə-sünni, ərəb və qeyri-ərəb davası ilə əlaqələndirməyə çalışır. Bu tamamilə yalandır, bu, şiə-sünni davası deyil. Mina faciəsində şəhid olan insanların çoxu sünni məzhəbindən idi. Ölənlər arasında elə bizim öz ölkəmizdən sünni məzhəbindən olan vətəndaşlar çoxdur. Məsələ ərəb və qeyri-ərəb məsələsi deyil; belələri nə ərəbə, nə də qeyri-ərəbə rəhm edir. Yəməndə necə cinayət törətdiklərini özünüz görürsünüz; yəmənlilər ki ərəbdir; Suriya, İraq ərəb ölkələridir. Onların ortaya çıxardığı, pul və silah verib dəstəklədikləri o terror qrupları, daşqəlbli cəlladlar İslam dünyasında bu qədər faciələr törədir, bunlar hamısı ərəbdir; məsələ ərəb və qeyri-ərəb məsələsi deyil. Bu qarşıdurmaları şiə-sünni, ərəb və qeyri-ərəb davası kimi qələmə verməyə çalışan məhz Qərbin xəbis təbliğat maşınıdır. Bu, onların yürütdüyü, reallığa tamamilə zidd olan alçaq təbliğatdır. Məsələ ondadır ki, bunlar İslamın daxilində İslam ümmətinə düşmənçilik edən bir qrupdur; indi bəziləri bunu bilərəkdən edir, bəziləri isə bilmədən.
İslam dünyası bunlarla mübarizəyə qalxmalıdır; İslam dünyası bunlara da, bunların ağaları olan xəbis ABŞ və İngiltərəyə, iman və mənəviyyatdan uzaq Qərb super-dövlətlərinə də etiraz və əleyhdarlığını bildirməlidir; nələr etdiklərini bilməlidir. İran xalqı müstəqillik bayrağını ucaldıb, İslam dininin nüfuz və heysiyyətini nümayiş etdirib. Bu gün sizin – xalqın səsləndirdiyi şüarlar, qazandığınız mövqe, ölkədə bir çox sahələrdə görülən işlər, Qərb dünyasını bürümüş fitnə-fəsad dalğası qarşısında əldə olunmuş bu uğurlar, bu böyük xalq hərəkatları, bu istiqlal – bütün bunlar İslamın qürur mənbəyidir, İslamın başının ucalığıdır. Bu hörməti, bu nüfuzu İran xalqı yaradıb və inşallah, davam etdirəcək.
Ümidvaram, Allah-taala əziz İran xalqımızı günbəgün daha da başıuca, daha da əziz edəcək, İslam ümmətinin qüdrətini, iqtidarını, nüfuzunu daha da artıracaq, İslam dünyasındakı bu fəlakət və bədbəxtlikləri aradan qaldıracaq, inşallah. Baş vermiş bu böyük hadisə ilə bağlı öhdəsinə bir sıra vəzifələr düşən möhtərəm ölkə rəsmilərimiz də bu vəzifələri yerinə yetirsinlər; həm möhtərəm Şəhidlər Fondu, həm də həcc ziyarətinin təşkilinə cavabdeh olan qurumlar, yəni bizim Məkkədəki nümayəndəliyimiz və Həcc Təşkilatı bu mühüm məsələ ilə bağlı öhdələrinə düşən vəzifələri lazımınca yerinə yetirməyə səy göstərsinlər. İndiyə kimi həyata keçirdikləri bir çox işlər kimi, bu məsələni də ciddi bir şəkildə izləsinlər; həm dövlət rəsmiləri, Xarici İşlər Nazirliyi, həm də digər səlahiyyətli qurumlar. Hər bir qurumun üzərinə müəyyən işlər düşür; bu hadisə əhəmiyyətli, böyük bir hadisədir, özü də təkcə bir qrup adama aid deyil, bütün İran xalqına və daha geniş miqyasda yanaşsaq, bütövlükdə İslam ümmətinə aid bir məsələdir; hamımızın üzərinə müəyyən bir vəzifə düşür. İnşallah, Allah-taala bütün bu vəzifələrin öhdəsindən gəlməkdə bizə kömək etsin.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
____________________
(1) 02.07.1394-cü ildə baş vermiş Mina hadisəsində, habelə 20.06.1394-cü ildə Məkkədə qaldırıcı kranın aşması nəticəsində şəhid olmuş bir qrup zəvvarın vəfatının birinci ildönümü ilə əlaqədar təşkil olunmuş bu görüşün əvvəlində Höccətül-İslam vəl-muslimin Seyid Əli Qazi Əsgər (Vəli-fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi) və Höccətül-İslam vəl-muslimin Seyid Məhəmmədəli Şəhidi Məhəllati (Vəli-fəqihin nümayəndəsi, Şəhid və Veteranlar Fondunun direktoru) məruzə ilə çıxış etmişlər.
(2) Zaldakı insanlar ağlayır