Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin fiqh mövzusunda xüsusi mühazirə kursunun yeni dərs ilində təşkil olunmuş ilk toplantısında etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

3 aydan da bir qədər artıqdır ki, tətil idi, teoloji mərkəzlərdə dərslərə ara verilmişdi. Allaha şükürlər olsun ki, yenidən sizinlə görüşmək bizə nəsib oldu və yenə də fiqh mövzusunda söhbət etmək niyyətindəyik. Bu müddət ərzində ramazan ayını yaşadıq, yayımız da çox isti keçdi; bəziləri ramazan ayından sözün əsl mənasında bəhrələndilər; istər ramazan ayının əməllərini yerinə yetirmələri, isti və uzun ramazan günlərində oruc tutmaları, etdikləri dua və yalvarışlar, Allah-taala qarşısında göstərdikləri təslimkarlıq və sair baxımından, istərsə də fəaliyyətləri, gördükləri işlər baxımından; təbliğ etdilər, dini hökmləri çatdırdılar, bəziləri başqa yerlərə səfərlər etdilər, bəziləri Tehranın özündə qalaraq təbliğlə məşğul oldular. Sizlərdən və Tehrandakı digər qardaşlarımızdan bəziləri ramazan ayından, həqiqətən də, bəhrələndilər; bəzilərimiz isə yox, bir o qədər də bəhrələnə bilmədik, buna görə təəssüf hissi keçirməli, itirdiklərimizin yerini doldurmaq barədə düşünməli və doldurmalıyıq.

Mühüm olan budur ki, din tələbələri, din alimləri, geniş yayılmış ifadə ilə desək, ruhanilər hər bir etapda öhdələrinə hansı vəzifə düşdüyünü özləri üçün müəyyən etməlidirlər. İnsanın öhdəsinə düşən vəzifə müəyyən olunmasa, elm, təqva və sair bu kimi şeylər heç bir işə yaramayacaq; yəni yerində istifadə olunmayacaq. Bu eynilə ona bənzəyir ki, bir insanın çoxlu pulu var, amma övladının xəstə olduğundan xəbərsizdir. Əgər uşağının xəstə olduğunu, müalicəyə, misal üçün, cərrahi əməliyyata ehtiyacı olduğunu bilsə, cibində pul var, gedib müalicə etdirər. Amma xəstəliyindən bixəbər olduğuna görə ya o uşağı itirir, ya da övladının xəstəliyi ağırlaşır; halbuki imkanı var, pulu var. Əgər biz də elmimiz, təqvamız, hətta şücaətimiz olduğu halda, üzərimizə düşən vəzifənin nə olduğunu, hansı situasiyada olduğumuzu, bu gün Allah-taalanın və Onun dininin ictimai müstəvidə bizdən nələri istədiyini bilməsək, o elm, təqva, şücaət və digər müsbət xüsusiyyətlər öz təsirini göstərməyəcək, lazımi effekti verməyəcək. Bax mənim dönə-dönə təkrarladığım “bəsirət” sözünün də mənası budur; hətta bəzilərinə də bərk acıq gəlir, deyirlər, filankəs nə üçün elə hey “bəsirət, bəsirət” deyir. Bəsirətin mühüm göstəricilərindən biri də elə budur ki, insan bu gün cəmiyyətdə nəyə ehtiyac olduğunu bilsin. Bu gün bizim milyonlarla gəncimiz var; onlara nəyi öyrətsələr, onu da öyrənəcəklər. Şair demişkən: “Mən təmiz bir lövhəyəm, üzərimdə hər cür şəkil çəkilə bilər”(1).  Bu təmiz lövhə üzərində hər cür şəkil çəkmək olar. Bu işə kim baş qoşacaq, kim hamıdan qabaq hərəkətə keçəcək, kim irəli düşəcək və ya bu təmiz lövhə üzərində yanlış, uğursuz bir şəkil çəkildiyinin fərqinə kim varıb onda düzəliş edəcək? Bax bütün bunlar üçün bəsirət lazımdır. Bu gün cəmiyyətin nəyə ehtiyac duyduğunu bilməliyik. Bu gün düşmənlərimiz saysız-hesabsız pullar xərcləyir. Bu dediklərim təhlil də deyil, dəqiq informasiyaya əsaslanır, əksəriyyəti haqda məlumatımız var, bilib deyirik. Mömin, müsəlman İran gəncinin düşüncəsini azdırmaq, sapdırmaq üçün pullar xərcləyirlər. Nədən, hansı yoldan azdırmaq istəyirlər? Dinin özündən; təkcə İslam Respublikasından, vilayəti-fəqihdən və sairdən yox, dinin özündən, dinə itaət etməkdən, şiəlikdən; İslam Respublikasına və qalan şeylərə növbə sonra gəlib çatacaq. Gənclərimizin zehninə durmadan şübhə toxumu səpirlər. Onlar üçün alətə çevrilən insanlar ölkə daxilində də var, amma çoxları ölkədən kənardadır, xaricdədir. Yol göstərirlər, ssenarini cızırlar, deyirlər bu şeyləri yayın, bu şeyləri təbliğ edin. Müasir dövrdə geniş yayılmış bu internet də elə bir ucsuz-bucaqsız səhradır ki, hansı tərəfindən istəsən, girə bilərsən. İndi daha əvvəlki kimi deyil ki, hansısa mövzunu çatdırmaq istəyirsənsə, əvvəlcə kağıza yazasan, sonra da 10, 100, 200 nüsxə surətini çıxarmalı olasan; artıq bu cür deyil. Kompüterdə işləməyi bacaran hər bir insan bir media orqanıdır. Oturub cürbəcür sözlər, şübhələr yayırlar, sağlam, mömin gəncləri yolundan azdırırlar. Bunlardan xəbərdar olmaq lazımdır. Bəs gənclərin doğru yoldan azmasının qarşısını almaq üçün kim ortaya düşüb sinəsini sipər etməlidir? Düşmənin gənclərimizi çaşdırmaq məqsədilə gördüyü işlərə kim mane olmalıdır? Bu iş kimin öhdəsinə düşür? Əlbəttə ki, teoloqların, yəni ruhanilərin; onların birinci və ən vacib vəzifəsi budur.

Teoloji mərkəzlər özlərində bu potensialı – xalqın imanına, etiqadına, sağlam mənəviyyatına, gənclərimizin namus və iffətinə hücum edən saysız – hesabsız, böyük düşmən ordusu ilə və bu düşmənçiliklə üz-üzə gəlmək, mübarizə aparmaq potensialını təmin etməlidirlər. Müsəlman gənclərin – istər oğlanlar olsun, istərsə də qızlar – həya və iffətini yox etmək məqsədilə çalışan bir çox internet saytları var. Gənclərdə abır-həya hissini yox etmək – əsas hədəfləri budur, planlarını bu hədəf üzərində qurublar. Bəzilərinin qeyri-qanuni fəaliyyətlə məşğul olduğu elə adından görünür. Onlara qarşı müxtəlif dövlət qurumları ölçü götürməli, mübarizə aparmalıdır və aparırlar da, lakin şüurla, beyinlə, qəlblə, düşüncə ilə bağlı olan şeylərin öhdəsindən nə informasiya və təhlükəsizlik orqanlarının gördüyü tədbirlərlə, nə də ordu ilə, top-tüfənglə gəlmək olar. Bunun üçün o bəlanın özünə uyğun bir vasitə olmalıdır. Bu xəstəliyin əlacı ruhanilərdə, din əhlində, dini yaxşı bilən insanlardadır. Biz özümüzü hazırlamalıyıq; çoxumuz hazır deyilik, bilmirik; nə texniki cəhətdən, nə də elmi cəhətdən. Bəzi ruhanilərin yeni texnologiyalar haqda ümumiyyətlə anlayışı yoxdur, nə demək olduğunu bilmirlər, bu işin əhəmiyyətini anlamırlar; görürük, şahidi oluruq; rəsmilər arasında da bu böyük işin əhəmiyyətini düzgün və lazımınca dərk etməyən, elə buna görə də lazımi tədbirlər görə bilməyən insanlar var. Biz Ali Kiberməkan Şurasını elə buna görə yaratmışıq (2);  yaratmışıq ki, rəsmilər gedib birlikdə otursunlar, düşünsünlər, bu böyük təzahürlə üzləşə bilmək üçün öz iradələrini, qətiyyətlərini, görəcəkləri tədbirləri bir mərkəzdə birləşdirsinlər. Bu elə bir sferadır ki, həm saysız-hesabsız xeyirləri, həm də zərərləri var; virtual məkan belə bir müstəvidir; ondan maksimum dərəcədə xeyir və mənfəət əldə etmək olar; eynilə düşmənin gördüyü işin əksini siz də edə bilərsiniz. Yəni İslam maarifini və təlimlərini heç bir əngəl və maneə ilə üzləşmədən yaya bilərsiniz. Bəzi mömin insanlar, imanlı gənclər – istər əmmaməlilər olsun, istərsə də əmmaməsizlər, istər ruhanilər olsun, istərsə də qeyri-ruhanilər – heç ruhani olmayan bəzi insanlar var ki, bu sahədə daha çox fəallıq göstərirlər, çox yaxşı işlər həyata keçirirlər. Gözlənilmədən hansısa mövzunu, hansısa anlayışı, hansısa düzgün bir fikri dünya miqyasında yayırlar, qarşı tərəf mat qalır. Odur ki bəzi ruhanilərimizin informasiya və kommunikasiya texnologiyaları ilə tanış olmamaları baxımından nöqsanı var, bəzilərinin isə elmi cəhətdən hazırlığı yoxdur, şübhələrin cavabını bilmirlər, ümumiyyətlə şübhələrin özündən xəbərləri yoxdur, müasir dövrdə hansı şübhələrin irəli sürüldüyünü bilmirlər. Ola bilsin, 100 il, 500 il bundan qabaq hansısa şübhə tez-tez irəli sürülüb, amma hazırda o məsələ heç aktual deyil. İndi biz gedib kitabları axtarıb o şübhənin özü və cavabı haqda məlumat toplamalıyıq, yoxsa müasir dövrdə aktual olan şübhələrin hansılar olduğuna baxmalyıq? Əlbəttə, hazırda irəli sürülən şübhələrdən bəziləri elə köhnələrdir, sadəcə, kimlərsə onlara təzə don geydirir; belə şübhələr var, amma bəzən də yeni şübhələr ortaya çıxır. Onları öyrənmək, bilmək lazımdır. Bu, teoloji mərkəzlərin işidir, bu işlərlə onlar məşğul olmalıdır. Bu o demək deyil ki, fiqhlə məşğul olmağı bir kənara qoyaq; yox, bunun özü də elə fiqhdir. Fiqh təkcə əməli hökmlər deyil; “Böyük Allahın fiqhi” elə İslam təlimləridir; İslam təlimləri ilə bağlı hansısa şübhələr var. Baxın, misal üçün, səfərdə olan şəxsin namazı; bu mövzu ilə bağlı hansısa məsələdə onlarla xırdalıq var. Fəqihlərimiz bu qədər dəqiqlik və həssaslıqla fikir bildirirlər; məsələn, “Qəsr namazı üçün səfərin halal və mübah olmasının şərtləri” mövzusu ilə bağlı onlarla xırda məsələyə toxunurlar. Bir məsələdir, amma nə qədər istəsən xırdalığı var. Tutalım, Seyid “Ürvə” kitabında bu barədə danışarkən 10, 12, bəlkə bundan da artıq xırdalığa toxunub. Başqaları digər mənbələrdə, bəlkə, daha artığını qeyd ediblər. Bax ideoloji məsələlər də belədir; ideoloji məsələlərdə də cürbəcür və çoxsaylı şübhələr vardır. Qarşı tərəf kiçik bir məqamdan yapışır, onu önə çəkərək düşüncələri çaşdırır. Odur ki bizim ən önəmli vəzifələrimizdən biri budur; teoloji mərkəzlər buna diqqət yetirməlidir. Sevindirici haldır ki, son vaxtlar Tehran Teoloji Mərkəzində də təmir işləri aparılıb, səliqə-sahmana salınıb, müəyyən işlər görülüb; eşitdiyimə görə, bu gün oranın da açılışıdır. Bu sahədə böyük işlər görmək olar. Ümidvaram, Allah-taala hamınıza mənəvi dəstək olacaq və uğur qazandıracaq, inşallah.

___________________

(1) Hacı Mirzə Həbibin divanı. 
(2) Ali Məqamlı Rəhbərin Ali Kiberməkan Şurasının təsis edilməsi barədə sərəncamı (17.12.1390)