Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
والحمد لله ربّ العالمین والصّلاه والسّلام علی سیّدنا محمّد و آله الطّاهرین
Hökumət həftəsi münasibətilə Nazirlər Kabinetinin çox hörmətli üzvlərini, möhtərəm ölkə başçısını, onun müavinlərini, hörmətli nazirləri və ölkə miqyasında icraedici hakimiyyətin bütün təmsilçilərini təbrik edirəm. Cənab prezident tam doğru olaraq qeyd etdi, Hökumət həftəsi ölkənin hər yanında icraedici hakimiyyətə aiddir. İnşallah, Uca Yaradan sizin hamınızın çəkdiyi bu zəhmətləri mükafatlandırar və gördüyünüz işləri xeyir-bərəkətlə nəticələndirər.
Əziz şəhidlərimiz Rəcayi və Bahonərin xatirəsini də böyük ehtiramla yad edirəm. Ölkə başçısının da vurğuladığı kimi, bu iki insan, doğrudan da, örnəkdir; müxtəlif cəhətlərdən: ixlas baxımından, çalışqanlıq baxımından. Əlbəttə, onların illərlə işləmək fürsəti olmadı, amma necə deyərlər, yaxşı il baharından məlum olar. Onların necə işləməyindən görünürdü ki, gələcəkdə də işi elə o cür aparacaqlar – xüsusilə də mərhum Rəcayi; düzdür, o, mərhum Bahonərdən bir qədər çox işləyə bilmişdi – ixlas, həvəs, xalqa yaxınlıq, gərgin iş. Bu iki əziz insanımızın qanına bais olmuş münafiq və cinayətkar əllərə Allah lənət etsin! Təəssüf ki, bu gün Qərbin yürütdüyü bəzi siyasətlər o üzüqara qüvvələri təmizə çıxarmağa, nə yollasa münafiqləri məzlum kimi göstərməyə, onların ətrafında məzlum imişlər kimi bir atmosfer yaratmağa çalışır; və əlbəttə ki, buna müvəffəq olmayacaqlar. Onlar ölkədə minlərə adamın qətlinə səbəb olmuş şəxslərdir – imam-cüməsindən tutmuş bazarda ticarətlə məşğul olanına, gənc tələbəsinə, komitənin qarşısında keşik çəkən əsgərinə, iftar süfrəsinə oturmuş ailəsinə qədər və sair, və sair ... minlərlə insan; indi mən sayını dəqiq bilmirəm – Şəhid Beheşti kimi ölkə prezidentinə, o dövrün şəhid edilmiş başqa görkəmli simalarına və bu iki böyük şəxsiyyətə qədər. Bütün bunlardan sonra xəbis və qərəzli siyasətlər – istər xaricdəkilər olsun, istərsə də onların ölkə daxilindəki uzantıları, heyranları – onları günahsız, məzlum kimi təqdim etmək, əvəzində isə İmam Xomeyninin o mübarək və nurlu simasına ləkə vurmaq istəyir. İmamın simasına, İmamın şəxsiyyətinə ləkə vurmaq mümkün deyil. Əlbəttə ki, indiyə qədər bu cəhdlərində uğursuz olublar və heç şübəsiz, bundan sonra da belə olacaq.
Mən Hökumət həftəsi münasibətilə dövlət rəsmilərimizə onların fəaliyyətinə, səylərinə görə, doğrudan da, təşəkkürümü bildirmək istəyirəm. Bu gün burda çıxış edən cənablar çox yaxşı hesabatlar təqdim etdi, həm möhtərəm ölkə başçısının, həm onun birinci müavininin, nazirlərin və prezidentin digər müavinlərinin hesabatları çox yaxşı idi; onlarda, həqiqətən də, bir sıra müsbət, güclü məqamlar var idi. Yaxşı olar ki, bütün bunlar sözün tam mənasında ictimaiyyət arasında da inikasını tapsın, xalqın qulağına çatsın. Qeyd olunduğu kimi, bizim əsas sərmayəmiz xalqdır; xalqın ümid və etimadı bütün dövlət strukturlarının yardımçısıdır. Bizim buna ehtiyacımız var. İnşallah, bu iş, yəni hesabatların ictimaiyyətdə inikası Dövlət Teleradiosu tərəfindən həyata keçiriləcək, başqaları da desin ki, qoy xalq eşitsin, xəbərdar olsun. Mən çəkdikləri zəhmətə görə rəsmilərimizə, həqiqətən də, qədrdanlığımı bildirirəm.
Ölkəni idarə etmək çətin bir işdir. Müsbət məqamların varlığı o demək deyil ki, müxtəlif sahələrdə çatışmazlıqlar, problemlər, nöqsanlar yoxdur; niyə ki, var, amma ölkəni idarə etmək asan bir iş deyil. Yadımdadır, hərdən bəziləri İmamın yanına gəlib müxtəlif sahələrdən şikayət-filan edirdilər; İmam bir cümlə deyirdi: “Ölkəni idarə etmək çətin bir işdir”; bircə bu cümləni deməklə kifayətlənirdi; doğrudan da, elə bu cürdür. Mən özüm prezident olmuşam, bilirəm, elə indi də müxtəlif hökumətlərin fəaliyyəti dövründə işlərin gedişindən xəbərim olur; doğrudan da, çətindir. Ölkənin dörd bir yanındakı bu müxtəliflik, bu qədər geniş ərazi, bu haqlı və bəzən də haqsız – bəzən belə də ola bilər – gözləntilər, şah diktaturası dövründən bəri uzun illər üst-üstə yığılıb qalmış bu nöqsan və çatışmazlıqlar – bütün bunlar, təbii ki, işi çətinləşdirir. Zəif cəhətlər var – az sonra mən tədbir görülməsi lazım olduğunu düşündüyüm müəyyən məsələləri qeyd edəcəyəm, bir neçə başlıq altında müəyyən məqamlara toxunacağam – amma görülən işlər də yaxşı və dəyərlidir.
Günlər də sürətlə keçir; səhv etmirəmsə, builki görüşümüz sizinlə olan dördüncü görüşümüzdür. İlk görüşümüz, elə bil, dünən olmuşdu; günlər, ömür bax belədir, sürətlə ötüb keçir; bu günlərdən, bu saatlardan maksimum istifadə etmək lazımdır. Mən bütün hökumətlərin – eləcə də cənab Ruhaninin administrasiyasının – işə başladığı ilk ildə onlara demişəm ki, gözünüzü açıb yumunca bu müddət başa çatacaq. Lakin eyni zamanda 4 il qısa bir vaxt deyil. Misal üçün, tarixdə bizim Əmirkəbir kimi vur-tut 3 ilə yaxın iş başında olmuş, amma özünü çox parlaq bir şəkildə göstərmiş şəxsiyyətlərimiz olub. Odur ki 3 il də bir vaxtdır; 4 il heç də qısa bir müddət deyil. Elə bundan sonra qalan 1 il də eynilə; hazırkı hökumətin qalan 1 ili də 1 ildir, hər günündə, doğrudan da, bir iş görmək, yeni bir fikir ortaya qoymaq olar. Mənim xahişim odur ki, bu fürsətdən istifadə edəsiniz və fəaliyyətinizin son gününə qədər işləyəsiniz; yəni belə düşünməyəsiniz ki, misal üçün, “daha bu dövlət fəaliyyətini başa vurur, sabah mən bu vəzifədə ya olacağam, ya olmayacağam...” Belə fikirlər qətiyyən olmamalıdır, son ana, son saata, son günə qədər işləmək, çalışmaq lazımdır.
Kənar söz-söhbətlərə də baş qoşmayın; belə ki qarşıdan gələn aylarda artıq tədricən seçki ilə bağlı rəqabət, çəkişmələr başlayacaq; yəni seçki təbliğatı, seçki mövzusunda söhbətlər, müzakirələr, siyasi məsələlər ortaya çıxacaq; müxaliflər bir şey deyəcək, dəstəkləyənlər bir başqa şey söyləyəcək; bunlar sizi məşğul etməməlidir, yəni bu məsələlərə qətiyyən fikir verməyin, öz işinizi görün. Hakimiyyətdə olan administrasiya üçün ən yaxşı təbliğat gördüyü işlərdir. Siz öz təbliğat kompaniyanızda min cür söz danışsanız belə, ortaya qoyduğunuz yaxşı bir iş camaata o min sözdən daha güclü təsir göstərəcək. Yəni əgər xalq iş görüldüyünü müşahidə etsə, öz həyatında bunun təsirini hiss etsə, bu, dövlət üçün ən gözəl təbliğatdır. Kənar məsələləri və söz-söhbətləri düşünməyin.
Bax elə bu Hökumət həftəsi özü dəyərli bir fürsətdir, qənimət bilmək lazımdır; həm dövlətdə təmsil olunmayan ziyalılar üçün, həm də dövlətin özündəki rəsmilər üçün; özlərini, öz işlərini, fəaliyyətlərini bir daha nəzərdən keçirmələri, qiymət vermələri baxımından;
بَلِ الاِنسانُ عَلی نَفسِهِ بَصیرَه
“Doğrusu, insan özü-özünə şahiddir”. (“Qiyamət” surəsi, 14-cü ayə)
Hər bir strukturun rəsmisi özü öz işini başqalarından daha yaxşı dəyərləndirə bilər. Bəzən ola bilsin ki, biz gördüyümüz işlər haqda danışanda bir şey iddia edirik, amma dönüb öz işimizə bir daha nəzər salıb gözdən keçirəndə görürük ki, özümüzü o qədər də qane etmir; yəni mənim fikrimcə, bu dəyərləndirmə çox önəmlidir. Eynilə hökumətdə təmsil olunmayan ziyalılar da; onlar da hökumətin gördüyü işləri izləyir; tənqid etməyin heç bir ziyanı, problemi yoxdur, intəhası tənqid də insaflı olmalıdır. Tənqid problemli məqamları ortaya qoymaq və həmin düyünlü məsələlərin açılması üçün həll yolu göstərmək deməkdir. Düzgün tənqid budur və mən düşünürəm ki, bu cür tənqidlər olsa, çox yaxşıdır. Mən bir daha təkrar edərək vurğulayıram ki, görülən işlər haqda əhali və ziyalılara məlumat verin, açıqlamalar edin; şişirtməsiz, mübaliğəsiz; yəni sizin özünüzü həqiqətən qane edən işlər barədə əhalini məlumatlandırın. Sizin səmimiyyətinizdən, realist yanaşmanızdan, reallığı görə bilməyinizdən xəbər verən o danışıq tərziniz insanlara təsir edəcək; bu, heç şübhəsiz, belədir.
Mən bugünkü görüşümüzdə vurğulamaq istədiyim bir neçə məsələni başlıq kimi özüm üçün qeyd etmişəm. Əlbəttə ki, məndən öncə çıxış edən cənablar da onlardan bəziləri ilə bağlı müəyyən məqamlara toxundular.
Bu başlıqlardan birincisi iqtisadiyyatdır; bayaq qeyd olunduğu kimi. Fikrimizcə, bu gün ölkənin bir nömrəli məsələsi iqtisadiyyatdır, iqtisadiyyat sahəsindəki problem və düyünlərdir, bunlar öz həllini tapmalıdır. Müqavimət iqtisadiyyatının komandanlıq qərargahından cənab Dr. Cahangiri çox yaxşı bir məruzə ilə çıxış etdi; düzdür, onun: “Mənim səlahiyyətlərim artmayıb” – deməyi mənim üçün, doğrudan da, yaxşı bir xəbər deyildi. İstərdim ki, o, sözün həqiqi mənasında komandanlıq etsin. Cənab prezident də ona həqiqətən etimad göstərir, mən də ona inanıram, ona görə də yaxşı olar ki, doğrudan da, sözün həqiqi mənasında komandanlıq edə bilsin. Çünki görülən işlərlə bağlı mənim müəyyən qeydlərim var, az sonra deyəcəyəm. Mən o hesabata baxdım, hesabat yaxşı bir hesabatdır; istehsala dəstək məqsədilə 200-ə yaxın layihə, təkliflər paketi və fəaliyyət proqramı işlənib, 2500 yarımçıq layihə özəl sektora həvalə olunub; bütün bunlar o hesabatda əksini tapır və çox önəmlidir. Bunlar ortalığa çıxarmağa layiq olan işlərdir, amma bir neçə məqam var:
Birincisi, layihələrin qəti surətdə reallaşdırılması üçün ardıcıl nəzarət olmalıdır; baxın, biz bir qərar qəbul edirik, ictimaiyyətə də açıqlayırıq, vacibliyini də vurğulayırıq, amma əgər sona qədər gedib o qərarı reallaşdırmasaq, bu o deməkdir ki, işimiz hələ bitməyib. İş o zaman tamamlanmış olar ki, cənab Cahangiri və onun Nazirlər Kabinetindəki həmkarlarının müqavimət iqtisadiyyatının komandanlıq qərargahında gördüyü bütün işlər, bircə-bircə bütün layihələr reallaşsın, nəticəsini versin; yəni bu işlərin gedişini addımbaaddım izləmək lazımdır. Bu, birinci məsələ; zənnimcə bu, çox önəmlidir və inşallah, yerinə yetirilməlidir.
İkincisi, ölkədə iqtisadiyyat sahəsində irihəcmli işlər görülür; istər özəl sektor olsun, istərsə də dövlət sektoru. Ölkədə möhtəşəm işlər görülür, bu gün ölkəmiz iqtisadi fəaliyyətlərlə dolub-daşır. Rəsmilər əllərindən gələni etməlidirlər ki, bu fəaliyyətlər müqavimət iqtisadiyyatının siyasətlərinə uyğun olsun və əgər hansısa iqtisadi fəaliyyət həmin siyasətlərlə uyğun gəlmirsə, qarşısı alınmalıdır. Bu, doğrudan da, əsas işlərdən biridir. İqtisadiyyatın real arenasında – real iqtisadiyyatda – bir çox işlər görülür, onlardan bəziləri bu siyasətlərə uyğundur, bəziləri isə yox; uyğun olanlar genişləndirilsin, uyğun olmayanlarn qarşısı alınsın, ən azından dəstək verilməsin; ən azından kömək göstərilməsin. Mən bizə təqdim olunmuş o layihələrdən bir-ikisi ilə bağlı cənab Hicazi vasitəsilə ismarış yollamışdım ki, soruşsun görsün, həmin məqamlar, konkret olaraq o işlər müqavimət iqtisadiyyatının siyasətləri içərisində harada yer alır? Bunu izah edə bilməlidirlər; yəni həyata keçirilən işlərin hər birinin müqavimət iqtisadiyyatının onlar və dövlət tərəfindən tənzimlənmiş siyasətləri içərisində yeri olmalıdır.
Üçüncü məqam: ölkənin bütün imkan və potensialı işə salınmalıdır. Əlbəttə, sevindirici haldır ki, az öncə bunu qeyd etdilər. Bu yaxınlarda cənab Höccəti(2) ilə də görüşümüz olmuşdu, cənab Nemətzadənin(3) də çıxışları mətbuatda və sairdə yayımlanır, eşidirik – düzdür, bu gün onları dinləmək imkanımız olmadı – özəlliklə sənaye və kənd təsərrüfatı sahəsində, doğrudan da, reallaşdırılmalı işlər çoxdur; yəni həddən artıq böyük imkan və potensial var. Kənd təsərrüfatı və meşələrlə bağlı bir məsələ var ki, onu daha sonra cənab Hicazinin özünə deyəcəyəm; inşallah, bu barədə onunla üzbəüz söhbət edərik.
Dördüncü məqam isə müvafiq diskursun formalaşdırılmasıdır. Baxın, cənab Dr. Səttari öz çıxışında elm, elmi əsaslı iqtisadiyyat, elmi innovasiyalara əsaslanan şirkətlər və sair bu kimi mövzuları önə çəkdi, vurğuladı – başqa yoldaşlardan da bu məsələlərə toxunanlar oldu – bu, 10-12 ildir ki, aktual olan bir diskursdan irəli gəlir. Yəni sürətli elmi inkişaf, dünya üzrə elmi inkişafın ön sıralarında durmaq, ölkə elmini inkişaf etdirmək və sair bu kimi mövzular daim deyilir, izlənilir, universitetlərdə daim müzakirə olunur və bir diskursa çevrilirsə, nəticəsi bu olur ki, misal üçün, bizim burda universitetlərin kollektivləri ilə keçirdiyimiz görüşlərdə – istər tələbələr olsun, istərsə də müəllimlər – mən bizim vurğuladığımız bu fikirlərin onlar tərəfindən tələb və istək formasında irəli sürüldüyünü görürəm. Bax diskurs budur, bu, çox yaxşıdır. Bu olarsa, elmi inkişaf da olacaq. Bu gün biz aerokosmos, nüvə, nano və bio-texnologiyalar və digər müxtəlif sahələrdə bir sıra önəmli nailiyyətlər əldə etmişik; bütün bu nailiyyətlər həmin o diskursun mövcudluğundan qaynaqlanır. Müvafiq diskurs formalaşdırıldıqda hamı o barədə düşünür, yəni hamıda eyni stimul yaranır; elə bil, böyük, geniş bir prospekt salınır və hər kəs o prospektlə hərəkət etməyə can atır. Odur ki diskursun formalaşdırılması çox əhəmiyyətlidir. Əlbəttə, “müqavimət iqtisadiyyatı” deyib təkrar etməklə diskurs formalaşmayacaq; bu sözü o qədər təkrar etməməliyik ki, axırda dəyərini itirə. Diskursu izah etməklə, maarifləndirmə işi aparmaqla və sair bu kimi tədbirlərlə yaratmaq lazımdır.
Və növbəti məqam – bunu cənab Cahangiriyə müraciətlə deyirəm – müqavimət iqtisadiyyatı ilə bağlı mən sıçrayışlı bir iş gözləyirəm. Baxın, iqtisadiyyat sahəsində hökumətin – iqtisadiyyatla əlaqəli bir neçə nazirliyin müxtəlif idarə və şöbələrinin – öhdəsinə düşən və gündəlik yerinə yetirdikləri adi, normal işlər var. Bəli, bu işlər yerinə yetirilməlidir, lakin müqavimət iqtisadiyyatı sahəsində qeyri-adi, sıçrayışlı bir iş görülməlidir. Misal üçün – mən burda da qeyd etmişəm – cənab prezident 7000 sənaye müəssisəsinin işə salınmasından danışdı; bu, yaxşıdır. Bax bu, həmin o sıçrayışlı işlərdəndir, bunu diqqətdə saxlayın. Ölkə başçısı söylədi ki, 7 min sənaye müəssisəsi işə salırıq, lap yaxşı, bu, yaxşıdır; yəni bu, dövlət strukturlarımızın adi iş fəaliyyətindən yüksəkdə duran bir təşəbbüsdür. Bu cür sıçrayış xarakterli tədbirləri, adidən yüksəkdə duran nailiyyətləri diqqətdə saxlayın, bunlar çox yaxşıdır. Bu da növbəti bir məqam; yəni iqtisadi qurumların adi, gündəlik işləri ilə qane olmayın, onlardan bu cür işlər istəyin.
İqtisadi problemlərlə bağlı qeyd edilməsi lazım olan digər bir məqam isə bundan ibarətdir ki, bəzi işlər əsaslı xarakter daşısa da, həyata keçirilməsi mümkündür, yəni çətin işlər deyil. Misal üçün, qərar və tədbirlərin ostanlar arasında bölüşdürülməsi – bayaq burda da qeyd olundu; sevindirici haldır ki, rəsmilərimiz bu barədə artıq düşünürlər – bu, yaxşı bir işdir, qərar və tədbirlər yalnız bir neçə ostanla bağlı olmamalı, ostanlar arasında bölüşdürülməlidir. Və ya bank kreditlərinin istehsala yönəldilməsi; o gün mən hörmətli İqtisadiyyat Nazirinə(4) və cənab Seyfə(5) də dedim ki, bu gün siz bütün biliyinizi, bütün oxuyub öyrəndiklərinizi bu nəhəng həcmli nağd vəsaitin istehsala yönəldilməsi üçün səfərbər etməlisiniz; yəni bütün hünərinizi bununla ortaya qoymalısınız. Əgər bu iş reallaşsa, çox böyük əhəmiyyət kəsb edər və mən bunun tamamilə mümkün olduğunu düşünürəm; yəni işin başında duran yoldaşlar üçün həyata keçirilməsi tam mümkün olan bir işdir. İxracata dəstək mexanizmləri; bəzən bu cür mexanizmlər olur, amma sabit vəziyyətdə qalmır; azaldılıb-çoxaldılır, dəyişiklikər edilir, ixracatla məşğul olan şəxslər onlara ümid bağlaya bilmir, ürəkləri həmişə səksəkədə qalır. İxracat çox ciddi və önəmli bir məsələ olduğuna görə bu sahədəki həvəsləndirici mexanizmlər də önəmlidir. Kənd təsərrüfatı məhsullarının maya dəyərinin ödənilməsi də mühüm bir məsələdir.
Qaçaqmalçılıqla ciddi mübarizə – bu yolla ölkəyə gətirilən məhsulların məhv edilməsi – məsələsi olduqca önəmlidir. Doğrudur, bu məsələyə aidiyyəti olan bəzi rəsmilər bizə söylədilər ki, həmin malların bəzilərini reeksport etmək, yəni geri qaytarıb təzədən ixrac etmək mümkündür. Lap yaxşı, buna sözümüz yoxdur, yəni mən bunu elə burdaca elan edirəm. Düzdür, mən demişəm ki, qaçaq malları, mütləq, məhv etsinlər, amma bu, xırda-para qaçaqmalçılıq hallarına şamil olunmur; mən qaçaqmalçılıqla məşğul olan bandaları, ölkə bazarına təsir göstərən böyük işləri nəzərdə tuturam. Bürokratiya məsələsi də köhnə mövzulardandır, indi bir daha təkrara yol vermək istəmirəm. Bəzən bürokratiya o qədər kəskin formada olur ki, biznesmenlərin, investorların bir iş görməyə artıq hövsələsi qalmır.
Önəmli məsələlərdən biri də elmi əsaslı iqtisadiyyata ciddi dəstək verilməsidir; əlhəmdulillah, cənab Səttari bayaq öz çıxışında əslində etiraf etdi ki – bu, müəyyən mənada bir etiraf idi – ona hər kəs kömək göstərir; köməyə, doğrudan da, ehtiyac var; Prezidentin Elmi Məsələlər üzrə Müavinliyinə hamı kömək etməlidir, bütün strukturlar yardımçı olmalıdır. Əgər doğrudan da, belədirsə, hamı sizə kömək edirsə, lap yaxşı, əlhəmdulillah. Biz elmi innovasiyalara əsaslanan iqtisadiyyat məsələsinə ciddi yanaşmalıyıq, elmi əsaslı şirkətləri, həqiqətən, ciddiyə almalıyıq. Hazırda, demək olar, ölkədə işləməyə hazır olan milyonlarla gənc var ki, əgər onlara bir kömək göstərilsə, həqiqətən də, bu müstəvidə irəli gedə, müxtəlif sahələri fəallaşdıra bilərlər.
Eşitdiyimə görə, bəzi hallarda hətta dövlət sektorunda da bəziləri xaricilərdən, rəsmilər demişkən, layihələr qəbul edir, onlara vəsait xərcləyirlər, amma ölkə daxilində bu işi həyata keçirə biləcək elmi əsaslı şirkətlərə maliyyə ayırmırlar! Cənab prezident bu məsələ ilə yaxından maraqlansa, çox yaxşı olar. Yəni bizə çatan məlumat belədir, inşallah ki, həqiqətə uyğun deyil, amma belə bir məlumat var. Mənim fikrimcə, bu kimi məsələlər önəmlidir, onlarla maraqlanmaq, araşdırıb baxmaq lazımdır. Bu, elmi innovasiyalara əsaslanan iqtisadiyyat barədə. Və kəndlər məsələsi. Bu barədə çox şey demək olar, amma vaxtımız azdır.
Mənim burda özüm üçün qeyd etdiyim və toxunmaq istədiyim digər bir başlıq xarici siyasət məsələsidir. Bəli, bu, əvvəldən cənab Dr. Ruhani administrasiyasının prioritetlərindən olub; həm təbliğatında, həm dövlətin atdığı addımlarda; bu, önəmli bir məsələ idi, bəli, mən də razıyam. Mən əvvəllər də həmişə diplomatik fəaliyyətlərin effektivliyinə inanmışam və bu sahədə çalışıb iş görməyin vacib olduğunu düşünmüşəm.
Burda bir neçə məqam var: birincisi, biz öz diplomatik gücümüzün dünya miqyasında bölgüsünü düzgün aparmalıyıq. Yəni Asiya ərazisinin genişliyinə və bu qitənin potensialına uyğun olaraq, Asiyanın payı Asiyaya yönəldilməlidir; eynilə Afrikanın payı, eynilə Latın Amerikasının payı. Odur ki diplomatik fəaliyyətlərimizi düzgün, hər bir regiona münasib bir şəkildə paylaşdırmalıyıq.
Digər bir məsələ budur ki, biz hər yerdə fəal diplomatik mövqe tutmalıyıq. Yəni regionumuzdakı kimi proseslərdə – bu gün çox mürəkkəb, dolaşıq proseslər gedir; regionumuzun problemləri, Suriya, İraq, Livan və Şimali Afrikada gedən proseslər, bu tərəfdən şərqdə Əfqanıstan, Pakistan və sair; həddən artıq mürəkkəbdir; burda çox qarışıq, ziddiyyətli, bir-birinə təsir göstərən siyasətlər gedir – belə bir şəraitdə diplomatiya meydanına böyük diqqət və sayıqlıqla, iş görməyə, fəallıq göstərməyə, proseslərə təsir etməyə qadir bir şəkildə daxil olmaq lazımdır. Əlhəmdulillah, müəyyən yerlərdə bizim diplomatik iştirakımız məhz bu şəkildə olub.
Sözügedən mövzu ilə bağlı üçüncü məqam diplomatiyanın potensialından iqtisadiyyat üçün istifadə etməkdir. İqtisadi qurumlar iqtisadi məsələlərlə bağlı Xarici İşlər Nazirliyi ilə daim əməkdaşlıq etməlidir. Məgər biz demirik ki, tutalım, filan ölkədən filan innovativ texnologiya gətirilsin, yaxud filan ölkəyə ixracat edilsin – ixracata böyük önəm veririk – yaxşı, bütün bu işlərdə Xarici İşlər Nazirliyi mehvər olmalıdır. Belə hallar barədə eşitmişik, görmüşük ki, bir ölkədə hansısa nazirlik iqtisadi danışıqlar aparır, Xarici İşlər Nazirliyininsə bundan xəbəri belə yoxdur! Bu, ziyandır, təmiz ziyandır. Əlbəttə, bu, ikitərəfli bir vəzifədir, yəni həm iqtisadi qurumlar XİN-lə bu sahədə çiyin-çiyinə verib əməkdaşlıq etməlidir, həm də XİN bu iş üçün oturub fəaliyyət proqramı hazırlamalıdır. Yəni xüsusi bir sfera olaraq iqtisadiyyatla bağlı planlama işləri aparmalı, fəal surətdə iş görməlidirlər; əlbəttə ki, formal olaraq XİN-də iqtisadiyyat sektoru var; yəni keçmişdən də olub. Bu da bir məqam. Diplomatiya aləmində yalnız açıq-aydın, imzalı, təsbit edilmiş, lazım gələrsə sənədilə sübut edə biləcəyin işlərə etimad göstərmək olar. Ölkəmizin xarici əlaqələrində bu çox önəmlidir, bu məsələyə diqqət yetirmək lazımdır.
Əlbəttə, Birgə Kompleks Tədbirlər Planı məsələsi də xarici siyasətimizin bir hissəsidir. Mən BKTP barədə bu günə qədər çox danışmışam, ona görə də indi bu mövzunu açmaq istəmirəm. Ölkə başçısı cənab Dr. Ruhani ilə də bu barədə, demək olar ki, ardıcıl olaraq həmişə bu barədə söhbətlərimiz olurdu, indi də olur. Hər halda, BKTP ilə bağlı mən bu gün onu qeyd etmək istərdim ki, qarşı tərəfin, xüsusilə də Amerikanın öz sözünə, bağladığı sazişlərə nə qədər dönük olduğunu nəzərə almalıyıq. Qarşı tərəfin dönüklüyünə, cığallığına və xəyanətlərinə əsla hansısa yolla izah verib haqq qazandırmaq fikrinə düşməməliyik. Amerika dönüklük edir – indi daha bu dəqiqdir; amerikalılar dönüklük edirlər – bu dönüklüyü nəzərə almalı, diqqətli olmalıyıq.
Və təcrübə əldə etməliyik; ola bisin, tutalım, düşünəsiniz ki, Amerikada, yaxud hansısa başqa bir ölkədə bu və ya digər bir hökumət bizə nəsə vəd edir, nəsə söz verir; bu vədlərə və bu kimi şeylərə inanmaq olmaz, əsla. O, vəd edir, lap yaxşı, siz də bir vəd edin. Bir nəfər xəlifəyə bir şeir yazır, xəbər göndərir, saraya gəlib şeirini oxuyur. Xəlifə də deyir ki, ona filan qədər qızıl – misal üçün, 100 min dinar – versinlər. Bunu bir kağıza yazıb şairə verir və deyir get pulunu al. Şair xəzinədarın yanına gedib kağızı verir, 100 min dinarını istəyir. Xəzinədar soruşur ki, bu mükafatı nəyə görə almısan? Cavab verir ki, şeir demişəm. Deyir, şeir demisən, lap yaxşı, sən bir şeir demisən, onun xoşuna gəlib, o da bunu yazıb, sənin xoşuna gəlib. Ödəşmisiniz, dur çıx get!(6) Yəni belədir: o, nəsə deyir, vəd edir ki, bizim xoşumuza gəlsin, biz də bir vəd edək ki, ona xoş gəlsin; amma ona nağd heç nə verməyək ki, sonra da əlində qalıb: “Görəsən, hesabında düz olacaq, borcunu qaytaracaq, ya yox?” – deyə fikir çəkməyək.
Hər halda, mən BKTP məsələsində gecə-gündüz, doğrudan da, zəhmət çəkib iş görmüş hər kəsə təşəkkürümü bildirirəm. Mənim BKTP ilə bağlı tənqidlərim var, iradlarım var, bunu da demişəm; sizə də demişəm, ictimaiyyətə də açıqlamışam, intəhası bu iradlar qarşı tərəflə bağlıdır, özümüzünkülərə aid deyil. Bizimkilər zəhmətlərini çəkib bacardıqlarını ediblər, amma qarşı tərəf namərd, xəbis biridir.
Mənim burdakı qeydlərim arasında yer alan üçüncü başlıq elm və texnologiyadır; ölkəmizin elm və texnologiya sahəsində inkişaf edib irəli gedə bilməsi üçün bizim ehtiyacımız olan şey budur ki, elm və texnologiya məsələsi ölkəmizdə aktual bir mövzu olsun. Yəni bu gün ölkəmizin söykəndiyi 3 əsas sütundan, 3 başlıca amildən biri və ola bilsin ki, elə ən önəmlisi elm və texnologiyadır. Doğrudur, Allaha şükürlər olsun ki, bu sahədə gözəl nailiyyətlərimiz var; səy göstərilib, işlər görülüb, diqqət yetirilib, amma hazırda bu sferada inkişaf tempimiz azalıb. Mən çıxışlarımda bunu demişəm, cənab Dr. Fərhadi(7) də mənə bir hesabat göndərib ki, yox, belə deyil, inkişafımız yaxşıdır. Sözüm yoxdur, mən də bilirəm, onun göndərdikləri mənim üçün yeni bir şey deyildi. Mənim dediyim və diqqətə alınmayan məsələ sürət tempi idi; elmi inkişafın sürət tempi. Baxın, biz qarşımızda duran tərəflərdən, rəqiblərimizdən xeyli geriyik. Əgər biz ona çatmaq istəyiriksə, onun getdiyi sürətlə getsək, aramızda olan bu məsafə həmişə qalacaq. Biz ondan bir neçə dəfə artıq sürətlə irəli getməliyik ki, ona çata, yaxud bəzən onu keçə bilək; mənim dediyim budur. Bir neçə il bizdə bu sürət tempi oldu. Sürət varsa, bu, yaxşı, bəyənilən bir şeydir; amma hazırda bu sürət tempi azalıb; mən bunu deyirəm. Cənab Dr. Fərhadi bax buna diqqət yetirməlidir. Hər halda, mənim diqqətimi çəkən məqam budur; yəni elmi inkişafın sürət tempini artırmalısınız; yoxsa mən də bilirəm ki, inkişaf var, irəli gedirik, çox yaxşı nailiyyətlər əldə edirik, bu, təbiidir, amma adi inkişaf kifayət deyil. Dünyaya səs salan, kimlərdəsə bizə qarşı həsəd oyadan, kimlərisə narahat edən məhz bizim o sürət tempimiz olmuşdu. Bizim elmi inkişafımız dünyada bəzilərində narahatlıq yaratmışdı. Bu ona görə idi ki, sürət tempimiz yaxşı idi. Elmi innovasiyalara əsaslanan şirkətlər məsələsinə də ki, toxunduq.
Çox şükür ki, prezidentin elmi məsələlər üzrə müavini razıdır; mən burda qeyd etmişəm ki, “dövlət qurumlarından dəstək almırlar”, amma indi o dedi ki, dəstək alırlar; lap yaxşı, əgər siz razısınızsa, daha biz nə deyə bilərik? Biz də sizin dərdinizi çəkirik.
Elmi inkişaf diskursu da davam etdirilməlidir, yəni bunun dayandırılmasına imkan verməməlisiniz. Siz hamınız – bütün dostlarımız – universitetlərdə çalışırsınız. Əvvəla, mənim tövsiyəm budur ki, rəsmilərimiz universitetlərlə əlaqəni kəsməsinlər; yəni universitetlərlə gediş-gəlişləri olsun. Harada olsanız, hansı universitetin kollektivi ilə istənilən şəraitdə görüşsəniz, elmi inkişaf diskursu, elmi innovasiyalar yaratmağın vacibliyi, elmi inkişafın sürət tempini artırmaq və bu kimi mövzuları vurğulayın. Elə olsun ki, hər bir tələbə, hər bir universitet müəllimi, hər bir elmi tədqiqatçı bunun onun öhdəsinə düşən bir vəzifə olduğunu, bu işi həyata keçirməli olduğunu hiss etsin. Bu da belə.
Elmi tədqiqatlara ayrılan büdcə ilə də bağlı bir məqama toxunaq: əvvəla, elmi tədqiqatların büdcəsi azdır, ikincisi, heç o ayrılan məbləğ də verilmir. Düzdür, mən administrasiyalardan birindən – yadımda deyil, cənablardan hansı idi – elmi tədqiqatların büdcəsinin yüzdə 1.5, 2, maksimum 3 faizə çatdırılacağı barədə vəd almışdım, nə isə, 1.5 faiz olacağına söz veriblər. Sonradan universitet müəllimləri gəlib burda çıxış edəndə bildirdilər ki, nə 1.5, nə 2, nə 3? 0.6, 0.5 faizdən danışın, heç onun da hamısını vermirlər! Yaxşı, elə olsun ki, elmi tədqiqatlar üçün ayrılan büdcə verilsin.
Universitetlərlə sənaye müəssisələri arasında əlaqənin olması da vacib məsələlərdəndir. Mən illər öncədən bu məsələni vurğulayıram, buna çox israr etmişəm. Allah onun atasına – mərhum Dr. Ebtekara(8) rəhmət etsin, bura gəlmişdi, ona dedim ki, ölkə başçısından bunu istəmişəm. Söylədi ki, çox yaxşı, bizim işimizin əsas düyünlü yeri bax elə budur. O dedi ki, əsas məsələ budur. Nə isə, ömür vəfa etmədi; Allah mərhum Ebtekara rəhmət etsin! Hər halda, bu, önəmli bir məsələdir, hər iki tərəf üçün həvəsləndirici tədbirlər görmək lazımdır: həm elmi tədqiqatlara pul xərcləyən sənaye müəssisələri üçün – hər halda, əgər sənaye universitetlərin elmi araşdırmalarından istifadə etmək istəyirsə, xərc çəkir; bu xərci nəzərə alın; ya vergi güzəştlərinin içərisində, yaxud da buna bənzər başqa bir mexanizmlə – həm də elmi tədqiqat mərkəzləri, tədqiqat universitetləri və sair üçün; hər iki tərəfi bir-birinə yaxınlaşmağa həvəsləndirmək lazımdır.
Mənim toxunmaq istədiyim digər bir önəmli mövzu təhlükəsizlikdir. Allaha şükürlər olsun ki, bu gün ölkəmiz möhkəm bir təhlükəsizlik divarı arxasındadır. Baxın görün ətrafımızda nələr baş verir. Şərqdən Əfqanıstandakı o hadisələr, Pakistan və sair; qərbimizdə qonşu ərəb ölkələri, İraq, Suriya, Yəmən, Qərbi Asiya regionunda baş verən o hadisələr, həmçinin ətrafımızdakı Liviya, Misir və digər yerlərdə gedən proseslər. Bütün bunlara nəzər salanda insan, Allaha şükür, bu gün ölkəmizdə mövcud olan təhlükəsizliyin nə qədər böyük bir nemət olduğunu anlayır. Xoşbəxtlikdən, bu gün təhlükəsizlik qüvvələrimiz ölkəmizi güclü bir sipər kimi əhatə edərək risklərdən qoruyur, xalqımız təhlükəsizlik baxımından rahat yaşayır. Məncə, rəsmilərin xalqla söhbətlərində vurğulamalı, camaata xatırlatmalı olduğu məqamlardan biri də budur: təhlükəsizlik. Çünki
نعمتان مجهولتان الصّحه و الامان
– “İnsan ona verilmiş iki neməti xatırlamaz, qədrini bilməz: sağlamlıq və təhlükəsizlik”. Nə qədər ki əmin-amanlıqdır, heç kəs təhlükəsiz şəraitdə yaşadığının fərqinə varmır. Təsəvvür edin ki, evindən işinə gtmək istəyəsən, təhlükəli ola, məktəbə getmək istəyəsən, təhlükəli ola, ali məktəb təhlükəli ola, bu şəhərdən o şəhərə getmək üçün təhlükə hiss edəsən. Əlhəmdulillah, bu gün ölkəmizdə təhlükəsizlik var və bu, bizim hərbi və polis qüvvələrimizin çəkdiyi zəhmətin nəticəsidir.
Mənim fikrimcə, burda 3 sfera daha artıq diqqət tələb edir; birincisi, xalqın özünün təşkil etdiyi müdafiə səddidir və düşünürəm ki, əsas olan da elə budur. Ölkənin təhlükəsizliyini qoruyan 3 başlıca elementdən biri xalqın dini-inqilabi ruhiyyəsidir. Yəni bizim təhlükəsizlik qüvvələrimizi öz işlərini düzgün yerinə yetirməyə ürəkləndirən, həvəsləndirən məhz camaatın dini-inqilabi ruhiyyəsidir. Qorumalı olduğumuz amillərdən biri budur.
Digər bir sfera ölkəmizin təhlükəsizlik strukturları, hərbi və polis sistemidir. Bunları təşviq və təqdir etmək, dəstək vermək lazımdır. Onlar, həqiqətən də, işləyir.
Diqqətlə yanaşmalı olduğumuz üçüncü sfera isə təhlükəsizliyimizin maddi-texniki bazasıdır, o görülən işlərdir, cənab Dr. Ruhaninin bir neçə gün öncə gedib baxış keçirdiyi o raketlərdir. Bunlar önəmlidir, çox önəmlidir, ölkənin təhlükəsizliyinin qorunmasına böyük təsiri var. Ölkənin özünü müdafiə etmək iqtidarında olmağı və başqalarının da bizdə bu müdafiə gücünün olduğunu bilməyi çox əhəmiyyətlidir. Görün, bizim almaq istədiyimiz “S 300” məsələsində nə qalmaqal yaradıb, ardınca da necə hərəkətə keçdilər?! Bu işin baş tutmaması üçün Rusiyaya nə qədər get-gəl etdilər?! Halbuki “S 300” hansısa şəhəri vurmaq üçün deyil, hücumçudan müdafiə olunmaq üçündür. Bax belədir, düşmən ölkəmizin özünü müdafiə etmək iqtidarında olmağına dözə bilmir, sizin müdafiə qabiliyyətinə malik olmağınızı həzm edə bilmir. Odur ki əsas işlərdən biri bizim müdafiə sahəsində öz maddi-texniki bazamızı möhkəmləndirməyimizdir. Bu 3 amildən – xalqın ruhiyyəsi, təhlükəsizlik qüvvələrinin təşkilati gücünün qorunması və möhkəmləndirilməsi və maddi-texniki baza – bunlardan hansı zəifləsə, bizim ziyanımızadır və bunlardan birini zəiflədən şəxs ölkənin ziyanına addım atmışdır.
Mənim qeydlərim arasındakı 5-ci başlıq mədəniyyətdir. Mədəniyyət ölkəmizin çox mühüm prioritetidir. Mədəniyyət ədəbiyyatdan, incəsənətdən tutmuş həyat tərzinə, ümumi mədəniyyətə, ictimai etika və davranışa qədər hər şeyi əhatə edir. Bütün bu sahələrdə bizim öhdəmizə müəyyən vəzifə və məsuliyyət düşür. Mədəniyyət qurumlarımızın məsuliyyəti, həqiqətən də, böyükdür. Misal üçün, filmlər, kino, teatr; bütün bunlara diqqət və nəzarət olmasa, gör nələr olar! Mən bu sferalarda təzyiqlərin, sərt senzuranın, düşüncə sərbəstliyini boğmağın tərəfdarı deyiləm, bilirsiniz, azad düşüncəyə həddən artıq inanıram, amma azad düşüncə dinə, mənəviyyata qarşı laqeydlik demək deyil. Düşmənin “azad düşüncə” və “azad əməl” adı ilə ölkəyə zərbə vurmasına imkan vermək olmaz. Bu gün ölkə üçün görülən yaxşı işlərin ən böyük qisminə imza atanlar məhz bizim gənc və mömin inqilabçı qüvvələrimizdir. Elə o elmi əsaslı şirkətlər, cürbəcür nailiyyətlər, işlər, fəaliyyətlər – bütün bunlar daha çox mömin gənclər tərəfindən həyata keçirilir. İndi təsəvvür edin, elə bir film istehsal oluna ki, bu gənclərin imanının kökünə möhkəm bir balta vura; yaxşı olar? Belə bir şeydən təhlükə hiss etmək lazım deyil? Burda məsələnin iki tərəfi var: hücum və müdafiə. Mədəniyyət sahəsində biz həm hücum baxımından zəifik, həm də müdafiə baxımından. Mənim fikrimcə, bu sferalarda iş görmək lazımdır. Xəmiri dinlə, inqilabla yoğrulmuş mədəniyyət bizim əsas işimizdir və onunla, həqiqətən də, məşğul olmalıyıq. Mədəni məhsullar, kitablar, kinolar, teatr, şeir, mətbuat, həmçinin görkəmli mədəniyyət xadimləri – hamısını diqqətdə saxlamaq lazımdır. Misal üçün, elə mədəniyyət xadimi var ki, bütün ömrünü inqilabın yolunda qoyub, elə mədəniyyət xadimi də var ki, tapdığı hər fürsətdə inqilaba zərbə vurub. Siz bu ikisi ilə necə davranardınız? Siz dövlət rəsmiləri, mədəniyyət qurumlarının rəsmiləri, yaxud misal üçün, İrşad Nazirliyinin, Elmlər Nazirliyinin və ya İslam Təbliğatı Komitəsinin rəsmiləri – təkcə dövlət strukturlarına aid deyil, eynilə başqaları da – yaxud “Səda və sima” Dövlət Teleradiosu, bu iki insana münasibətiniz, onlara qarşı davranış şəkliniz necədir? Bu, çox önəmlidir. Görəsən, ömrünü dinə və inqilaba xidmətə sərf edən o şəxs sizin gözünüzdə ömrü boyu din və inqilab yolunda bir addım belə atmamış, bəzən hətta bunlara zərbə vurmuş, xəncər saplamış o biri şəxsdən daha üstün və hörmətəlayiqdirmi? Axı bunlar çox əhəmiyyətlidir, bunlar diqqət yetirilməsi vacib olan məqamlardır. Əgər biz bu məqamlara diqqət yetirməyib ətrafdakıların təsiri altına düşərək, misal üçün, İslam İnqilabının, İslam dövlətinin və dini hakimiyyətin qatı müxaliflərindən olan birinin arxasınca düşsək, bu, mədəniyyət sahəsində rasional bir addım olmaz. Odur ki, mənim fikrimcə, həm azad düşüncə əhval-ruhiyyəsi olmalıdır, həm də ədalətli fəaliyyət proqramları qurulmalıdır. Mədəniyyət sahəsində nə özbaşınalıq və plansızlıq olmalıdır, nə də azad düşüncənin qarşısının kəsilməsi, irtica və diktatura. Mən bu ikisindən heç birini qəbul etmirəm. Düzgün yolu budur ki, fəaliyyət proqramları hazırlayaq, istiqamət verək, yaxşı metodlarla kömək edərək hücumların, zərbələrin və sairin qarşısını alaq; yəni həm hücum, həm də müdafiə.
Və altıncı başlıq – deyəsən, bu daha sonuncu olacaq; sonuncu olmasa da, sona yaxındır – inkişaf proqramı məsələsi; altıncı inkişaf proqramımız gecikir. Altıncı inkişaf proqramı, doğrudan da, mühüm bir məsələdir. Proqram həm koordinasiya yaradır, həm səmərəli əməkdaşlığa yol açır, həm də ardıcıl olaraq gələn inkişaf proqramları bizi perspektiv planda qarşıya qoyulmuş hədəflərə yaxınlaşdırır. Yəni əgər bu proqramlar zənciri haradasa qırılsa, biz o hədəflərə çata bilməyəcəyik, bu, gün kimi aydındır. Odur ki inkişaf proqramı çox əhəmiyyətlidir. Bu proqramın hazırlanması prosesi Konstitusiyada da konkret şəkildə öz əksini tapıb: siyasətlər elan olunur, hökumət o siyasətlər əsasında proqram hazırlayır, daha sonra isə həmin proqram qanuna çevrilir və onun detallarına əməl etmək hər kəsin üzərinə bir vəzifə kimi qoyulur. Buna görə də inkişaf proqramının ərsəyə gəlməsi prosesində parlamentin də payı var. Fikrimcə, bu işi mümkün qədər tez bir zamanda həyata keçirməli, tamamlamalısınız. Bu məsələ daha bundan artıq gecikdirilməməlidir. Əlbəttə ki, inkişaf proqramında da əsas məsələ budur ki, iqtisadiyyat sferasında müqavimət iqtisadiyyatı olsun, mədəniyyət sferası bayaq qeyd etdiyim xüsusiyyətləri özündə əks etdirsin, elm və texnologiya sferası da – belə ki bu 3 sahə daha önəmlidir – bundan öncə sadalanan tələblərə cavab versin: elmi tədqiqatlara böyük diqqət ayrılsın, elm inkişaf etdirilsin.
Zənnimcə, bir məqama da toxunmaq lazımdır ki, bu da virtual məkandır. Mən cənab prezidentdən xahiş etmək istəyirəm ki, bu məsələni diqqətdə saxlasın, çünki virtual məkan, doğrudan da, getdikcə genişlənən və qarşısını almağın da mümkün olmadığı bir dünyadır; yəni həqiqətən də, sonu yoxdur. Əvvəli var, amma baxdıqca sonu görünmür. Bu məkanda nə qədər irəli getsən, yenə də uzanır, davam edir. Bu isə hər bir ölkə üçün böyük fürsətlər yaratmaqla yanaşı, təhlükələr də törədir. Biz elə etməliyik ki, o fürsətlərdən maksimum dərəcədə yararlanaq, o təhlükələrdən isə mümkün qədər uzaq qalaq. Ali Kiberməkan Şurası da elə bu məqsədlə təsis olunub. Misal üçün, cənab Dr. Cahangirinin hesabatında bu sferaya, demək olar ki, qətiyyən toxunulmadı. Bircə cümlə qeyd etdi ki, nə bilim, filan sahədə filan işi görmüşük; tutalım, milli təhlükəsizlik şəbəkəsi üçün önəmli olan hansısa sferada hansısa işi həyata keçiriblər. Cənab Cahangiri axtarış sistemlərini qeyd etdi. Axtarış sistemləri bir neçə ildir ortaya çıxdığına görə artıq bizim proqramçılar da belə sistemlər yaradırlar. Hazırda orda-burda gənclər, bəlkə, onlarla belə sistem proqramlaşdırıb düzəldiblər, yaradıblar; yəni yeni bir şey deyil. Cənab Cahangiri də onu vurğulayır; milli təhlükəsizlik şəbəkəsi məsələsində isə hələ irəli gedə bilməmişik, halbuki ölkə daxilində belə bir şəbəkənin olmağı çox önəmlidir. Cənab Vaizi(9) də, digər yoldaşlar da bu məsələnin vacib əhəmiyyətinə inandıqlarına baxmayaraq, bu sahədə irəliləyiş əldə olunmayıb. Bu məsələni, inşallah, diqqətdə saxlamalıyıq ki, sonra kompensasiya edilməyəcək zərbələr almayaq.
Və son olaraq o həddən artıq yüksək əmək haqları məsələsinə toxunmaq istəyirəm; təsadüfən, cənab prezident də çıxışının sonunda bu məsələyə toxunmuşdu. Mən xahiş edirəm ki, bu olayın üstündən asanlıqla keçib getməyəsiniz. Bəli, qeyd olunan mənada bu işin ucundan tutub ucuzluğa getmək müsbət bir hal deyil – belə ki elə daim araşdırma aparılsın, “filankəs bu qədər alır”, “bəhmənkəs o qədər alır” kimi statistikalar təqdim olunsun – amma digər tərəfdən də sizin bu məsələyə verdiyiniz reaksiya və görəcəyiniz tədbirlər çox önəmlidir; yəni nə kimi tədbirlər gördüyünüz barədə camaata məlumat verməlisiniz. Bu olayla xalqın etimadına zərbə dəyib. Baxın, camaat o böyük-böyük rəqəmlərin və sairin çoxunu o qədər də yaxşı anlamır, amma 40, 50, 60 milyon tümən məbləğində maaşın nə demək olduğunu necə lazımsa anlayır. Yəni ayda 1 milyon, 1 milyon 200 min, 1 milyon 500 min maaş alan adam 50 milyonun nə demək olduğunu yaxşı bilir. Ölkəmizdə əmək haqqı bu qədər olan insanlar az deyil. Xalqın etimadını bu cür işlərlə itirmək lazım deyil; cənab Ruhani tam doğru olaraq qeyd etdi ki, bizim əsas sərmayəmiz xalqın ümid və etimadıdır. Siz bu qədər zəhmət çəkəsiniz, çalışasınız, işləyəsiniz, sonra da kimsə gəlib, məsələn, bu ədalətsiz əmək haqları kimi bir məsələ ilə hər şeyi korlaya. 1 milyonla 50 milyon arasındakı fərq ədalətsizlik deyilmi? Hazırda elə sizin hökumət strukturunda maaşı 1 milyon, 1 milyon 200 min, 1 milyon 500 min, 2 milyon olan işçiləriniz yoxdurmu? Var, çoxdur. Amma kimlərsə 30 milyon, 40 milyon maaş alır! Bu, ədalətsizlik deyil? Camaata həmdərd olun ki, insanlar onlara acıq gələn bir məsələnin sizi də narahat etdiyini hiss etsinlər. Eyni zamanda bu olayla bağlı zəruri ölçü götürmək, bu kimi halların qarşısını almaq, belə şeylərə imkan verməmək əzmində olduğunuzu da göstərin; qoy xalq bunu görsün. Hər halda, bu, önəmli bir məqamdır. Mənim fikrimcə, qanunu pozanlar üçün qətiyyən üzrlü səbəb axtarmaq lazım deyil; sərt ölçü götürmək lazımdır; Özü də bu təkcə icraedici hakimiyyətə aid deyil, bütün struktur və təşkilatlar üçün keçərlidir. Buna hamı riayət etməlidir. Düzdür, icraedici hakimiyyət göz önündədir, digərləri ilə müqayisədə daha geniş və çoxşaxəli struktura malikdir, amma belə hallara qarşı ölçü götürmək təkcə icraedici hakimiyyətin işi deyil, zərurət olduğu zaman məhkəmə orqanları da öz növbəsində lazımi tədbirləri görməlidir.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
______________________
(1) Hökumət həftəsi ilə əlaqədar baş tutan bu görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani, prezidentin birinci müavini İshaq Cahangiri, ölkə başçısının elm və texnologiya məsələləri üzrə müavini Surna Səttari, Neft Naziri Bijən Namdarzəngənə, Kooperasiya, Əmək və Sosial Rifah Naziri Əli Rəbii, Yol və Şəhərsalma Naziri Axund Abbasi və prezidentin müavini, Dövlət Proqramları və Büdcə Komitəsinin sədri Məhəmmədbaqir Noubəxt hesabatla çıxış etmişlər.
(2) Kənd Təsərrüfatında Cihad Naziri Mahmud Höccəti
(3) Sənaye, Mədən və Ticarət Naziri Məhəmmədrza Nemətzadə
(4) İqtisadiyyat və Əmlak Məsələləri Naziri Əli Teyyibniya
(5) Mərkəzi Bankın baş direktoru Vəliyullah Seyf
(6) Görüş iştirakçıları gülür
(7) Elmlər, Elmi Tədqiqatlar və Texnologiya Naziri Məhəmməd Fərhadi
(8) Mərhum Dr. Təqi Ebtekar o dövrdə prezidentin elm və texnologiya məsələləri üzrə müşaviri olmuşdur.
(9) Rabitə və Kommunikasiya Texnologiyaları Naziri Mahmud Vaizi