Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Tehran məscidlərinin imam-cümələri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə(1).

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین

Əziz qardaşlar, hörmətli həmkarlarım, hamınıza xoş gəlmisiniz deyirəm. İnsanın özü üçün həqiqi iftixar saya biləcəyi şeylərdən biri də bir məscidin imam-cüməsi olaraq xidmət etməkdir və mən də bir həqir bəndə kimi bunu özümə iftixar sayıram; mən də sizin həmkarınızam. Çox xoş gəlmisiniz. Cənab Hacı Əliəkbərinin də qeyd etdiyi kimi, bugünkü görüşümüz, doğrudan da, çox önəmli və fərqli bir görüşdür, burada keçirdiyimiz digər görüşlərdən əsaslı surətdə fərqlənir. Dolğun məzmunlu çıxışına görə cənab Hacı Əliəkbəriyə də təşəkkürümü bildirirəm; onun nitqi həm faydalı və hərtərəfli idi, həm də gözəl, ifadəli və bəlağətli. Ruhanilərimizin, əlhəmdulillah, tutarlı fikirlərlə, gözəl, bəlağətli çıxışlar etdiyini görəndə mən sevinirəm. Cənab Hacı Əliəkbəri çox önəmli məqamları qeyd etdi və mənim tam olaraq bilmədiyim məsələlər barədə sevindirici xəbərlər verdi. Bu barədə mən də bir neçə məqama toxunacağam.

Qeyd etmək istədiyim birinci məsələ məscidin özünün əhəmiyyətidir. Yer üzünə gəldiyi ilk vaxtlardan İslam dini insanları zikr, dua, Allah-taalaya diqqət mehvəri ətrafında bir məkana toplamağa təşəbbüs göstərmişdir. İnsanlar bir araya toplaşdığı zaman, təbii ki, bunun təsiri, effekti böyük olur. Bir qrup adam bir yerə yığılır, öz sözünü deyir, yanındakıları eşidir, birgə qərar qəbul edir, bir-birinin fikirləri ilə tanış olur, aralarında fikir mübadiləsi aparırlar. Bu, harada baş verməlidir? Məsələn, Qərbdəki kimi, bir qayda olaraq müxtəlif işlər üçün təşkil olunan kübar klublarda? Bəlkə, qəhvəxanalarda? Yoxsa məsələn, Qədim Romadakı kimi, hamamlarda? Qədim Romada bu cür yığıncaqlar hamamlarda təşkil olunurdu. İnsanlar hamama getmək bəhanəsi ilə bir yerə toplaşır, söhbətləşir, fikir mübadiləsi aparırdılar. Bəs bu cür toplantılar namaz, ibadət mehvəri ətrafında keçiriləndə necə olur? Bunun fərqi böyükdür. İnsanlar zikr, namaz mehvəri ətrafında bir yerə toplaşanda bu yığıncaqlar tam başqa bir mənaya, tam başqa bir tendensiyaya malik olur, qəlbləri tam fərqli bir istiqamətə çəkir; bu, İslam dininin ortaya qoyduğu bir təşəbbüsdür. 

Doğrudur, hər bir dinin məbədi, ibadət məkanı var, amma məscid yəhudi, xristian və buddistlərin məbədlərindən, eləcə də bizim haqqında görüb-eşitdiyimiz digər ibadət yerlərindən fərqlənir. Peyğəmbəri-Əkrəm (s) məscidə təkcə ibadət edib çölə çıxmaq üçün getmirdi. Müsəlmanların üzləşdiyi və önəmli olan istənilən bir iş üçün yüksək səslə məscidə çağırış edilir, “اَلصلوٰةُ جامِعَة” – “Namaz qılınan məkana gəlin!” – deyilirdi. Bunlar hansı işlər idi? Qarşıda gözlənilən döyüş barədə məsləhətləşmək, xəbər vermək, güc və imkanları səfərbər etmək və sair. Və İslam tarixinə nəzər salanda görürük ki, məcsid həm də təlim mərkəzi olmuşdur. Rəvayətlərdə Məscidül-həram və ya Məscidül-nəbidə müxtəlif məzhəb və ideoloji məktəblərdən olan bu və ya digər şəxslərin silsilə dərslər keçdiyi barədə oxuyuruq, eşidirik. Bu o deməkdir ki, məscidlər insanların yalnız gedib ibadət edib çölə çıxdığı xristian kilsələrindən və ya yəhudi sinaqoqlarından fərqli bir məna ifadə edir. Məscid bir mərkəzdir, bazadır və bu mərkəz zikr və dua mehvəri əsasında qurulub.

Burdan namazın da əhəmiyyəti aydın olur. Biz özümüz, ayrı-ayrılıqda hər birimiz namaza başqa bir baxışla yanaşmalıyıq, buna ehtiyacımız var. Əlbəttə, Allaha şükürlər olsun ki, sizlər dərin düşüncə və məntiq sahibisiniz, dini-ilahi təlimlərlə tanışlığınız var; mən şəxsən özümə xatırlatmaqdan ötrü deyirəm; bizlər – ümumilikdə camaat namazın qədrini lazım və layiq olduğu qədər bilmirik. Namaz sözün əsl mənasında dinin dirəyidir. “Dirək” ona deyərlər ki, əgər o olmasa, tavan aşıb töküləcək və həmin tikili öz tikili formasını itirəcək. Namaz da belədir. Din özünün bütün əzəməti və möhtəşəmliyi ilə namaza söykənir. Bəs bu əzəmət və möhtəşəmliyə hansı namaz dayaq ola bilər? Əlbəttə ki, özündə namaz üçün tələb və arzu olunan xüsusiyyətləri əks etdirən namaz:

قُربانُ کُلِّ تَقیّ

– hər bir təqva sahibini Allaha yaxınlaşdıran(2), çirkinlikləri və pislikləri qadağan edən, özündə zikri ehtiva edən namaz:

وَ لَذِکرُاللهِ اَکبَر

“Allahı zikr etmək, şübhəsiz ki, (bütün başqa ibadətlərdən) daha üstündür”. (“Ənkəbut” surəsi, 45-ci ayə)

Biz namazda olan bu zikrə həm əməl etməli, həm də onu təbliğ etməli, yaymalıyıq.

Mənim fikrimcə, möhtərəm imam-cümələrimizin məscidlərdə görməli olduğu ən mühüm işlərdən biri də camaata namazın bu əhəmiyyətini açıqlamaqdır, namazın qədrini bilməliyik; namazın qədri bilinsə, namazların keyfiyyəti də artar. Doğrusunu demək lazımdır ki, bizim namazlarımız əksər hallarda ya keyfiyyətsiz olur, ya da lazımi qədər keyfiyyətli olmur. Namazdakı zikrlərin dərinliyinə varmaq lazımdır. Namazlarımızı o “çarvadar bəlaları”ndan qorumalıyıq; yəni namazda qəflətdən, namazın ehtiva etdiyi mənalara, namazla üz tutub müraciət etdiyimiz Allahın müqəddəs zatına qarşı diqqətsizlikdən; bəlalardan biri budur. Mərhum cənab Mişkini bir vaxtlar bu hüseyniyədə belə bir söz demişdi ki, əgər namazın əvvəlindən sonuna qədər insan beynindən keçən düşüncələri qeydə ala biləcək bir qurğu ixtira olunsa, ortaya çox əcaib bir nəticə çıxar. Namaza başladığımız andan sona qədər fikrimiz daha haralara getmir, haraları seyr etmir, necə problemlər həll etmir, hansı məsələlərə meyil etmir ki?! Mənim “çarvadar bəlası” adlandırdığım həmin o bəlalardan biri budur. Özümüzü bu bəladan, həmçinin duada(3) da qeyd olunduğu kimi, riya bəlasından:

وَ ابرَأ قَلبی مِن الرِّیاءِ وَ السُّمعَةِ وَ الشَّکِّ فی دینِک

qoruya bilməsək, namazımız adi bir namaz olacaq; namazın dərinliyinə yenə də varmayacağıq.

Yaxşı, biz «سُبحانَ رَبِّیَ العَظیمِ وَ بِحَمدِه» – “Rəbbim pakdır, əzəmət və həmd sahibidir” deyəndə bunu necə başa düşürük? Bu əzəməti öz qəlbimizdə, düşüncəmizdə necə təsəvvür edirik? Qarşısında baş əydiyimiz, tərif və təqdis edib tapındığımız o əzəmət nədir? Duada(4) qeyd olunan o “مَعدِنِ العَظَمَة”:

إلهى هَبْ لى کَمالَ الْانْقِطاعِ إلَیْکَ وَ أَنِرْ أَبْصارَ قُلُوبِنا بِضیاءِ نَظَرِها إِلَیْکَ حَتّى تَخْرِقَ أَبْصارُ الْقُلُوبِ حُجُبَ النُّورِ فَتَصِلَ إلى مَعْدِنِ الْعَظَمَةِ

– “əzəmət mədəni” haradadır? Nədir?

سُبحانَ رَبِّیَ العَظیم، سُبحانَ رَبِّیَ الاَعلی‌، اِیّاکَ نَعبُدُ وَ اِیّاکَ نَستَعین

“Rəbbim pakdır, əzəmətlidir, ucadır”. “Yalnız Sənə ibadət edirik və yalnız səndən kömək diləyirik”(5) – bu dərin məna və anlayışlara, yalnız Allah-taalaya aid edilən bu itaət və ibadətə, yalnız Ondan yardım diləməyə, qəlbimizi bu təlimlərlə tanış etməyə, namazı məhz bu keyfiyyətlə qılmağa diqqət yetiririkmi? Çalışıb özümüzdə bu şeyləri bir qədər yetişdirməliyik ki, bu yerlərə çata bilək.

Əlbəttə, sizin əksəriyyətiniz, Allaha şükürlər olsun ki, gəncsiniz, bu işlər də cavanlıqda çox asan olur. Bizim yaşımıza çatanlar üçün çox çətindir. Əgər bizim yaşımıza çatanda başlamaq istəsəniz, çox çətin olacaq. Gənc yaşlarında isə çox-çox asan olur. Namazınıza bu keyfiyyəti, bu rayihə və rəngi qazandırın; o zaman namaz insanın içini rövnəqləndirir və bu, bizim namazımıza diqqət yetirən, bizimlə birlikdə namaz qılan hər kəsə ötürülür. Camaat namazı və imam-cüməlikdən bəhs edən bəzi rəvayətlərdə oxuyuruq ki, iqtida edib namaz qılan insanların namazının yaxşı və ya pis olmağı imam-cümənin boynunadır. Burada namazı batil edən şeylər yox, məhz həmin o ali məfhumlar nəzərdə tutulur. İmam-cümənin namazında o məqam, o gözəlliklər olanda onlar iqtida edənlərə də ötürülür. Bax namaz budur. Toplumumuzda – müsəlman toplumunda – namaza yad olan şəxslərin varlığı çox böyük və önəmli bir problemdir. Cəmiyyətimiz elə olmalıdır ki, insanlar namazın arxasınca sevilən və arzulanan bir şey kimi getsinlər; daha boyunlarına qoyulmuş, canlarını qurtarmaq üçün etdikləri bir vəzifə kimi yox; namaza onlarda şövq və həvəs yaradan, cəzbedici bir şey kimi yanaşsınlar.

Məscid bax belə bir gövhərin mehvəri əsasında qurulur, belə parlaq bir həqiqətin ətrafına yığılan bir icmadır. Elə buna görə də məscid mühüm bir mərkəzdir, bazadır; müxtəlif dillərdə məşhur olan anlamı ilə, doğrudan da, bir bazadır. Məscid təkcə hansısa sosial məsələ üçün yox, bütün xeyir işlər üçün: özünütərbiyə, insan tərbiyəsi, ruhunu, mənəviyyatını, dünyasını düzəltmək, düşmənə qarşı mübarizə aparmaq, İslam sivilizasiyasının formalaşması üçün zəmin yaratmaq, insanların bəsirətini artırmaq və sair üçün baza rolunu oynaya bilər. Məscid belə bir yerdir.

Odur ki imam-cümələrin vəzifəsi təkcə pişnamazlıq etmək, camaat namazlarının önündə durmaq deyil; pişnamazlıq da onların işlərindən biridir. Namazı təşkil edib qıldırmaq, haqq və ədaləti, dini, dini hökmləri təbliğ edib çatdırmaq imam-cümə və pişnamaz olaraq bizim vəzifələrimizdir. Yəni məscidin məhək daşı onun imam-cüməsidir, məscidin fəaliyyəti imam-cümənin ətrafında qurulur. Belə olan halda biz imam-cümələrin boynuna düşən məsuliyyət də artır.

Mənim fikrimcə, bir məscidə imamlıq etmək əsas, önəmli işlərdən biridir; buna ikinci dərəcəli bir məsələ kimi baxmaq lazım deyil. Gündəlik işlərinlə məşğul olmaq, cürbəcür işlərə vaxt tapmaq, sonra da günorta və ya axşamçağı yolların tıxacında yarım saat, 45 dəqiqə də gecikərək özünü birtəhər çatdırıb namaza durmaq – bu, məscidin haqqına məsuliyyətsiz yanaşmaq deməkdir. İmam-cüməliyə əsas, önəmli bir peşə kimi baxmaq lazımdır. Demirəm ki, imam-cüməyik deyə, bütün başqa işlərimizdən əl çəkək; yox, insan gücü və bacarığı çatan qədər digər elmi və qeyri işlərlə də məşğul ola bilər, amma məscidin haqqını vermək lazımdır. Gərək namazın vaxtı başlamamışdan əvvəl məscidə gedib arxayın bir şəkildə, təmkinlə namaza hazırlaşasan, namazı keyfiyyətli bir şəkildə qılasan. Ondan sonra əgər deyiləsi bir sözün, çıxışın varsa, camaata tərəf çevrilib söhbət edəsən, insanları maarifləndirəsən; Allaha şükürlər olsun ki, sizlər məscidlərdə bu səpkidə cürbəcür tədbirlər keçirirsiniz. Bizim dövrümüzdə, misal üçün, mən Məşhəddə imam-cüməlik etdiyim vaxtlarda belə işlər bir o qədər də adət halını almamışdı, belə şeyləri bilmirdilər, bilmirdik. Nə edirdiksə, yeni hesab olunurdu. Bu gün isə, əlhəmdulillah, belə tədbirlər geniş yayılıb. İki namazın arasında və ya namazdan sonra imam-cümənin ayaq üstə, yaxud minbərdə oturub camaatla söhbət etməsi; və ya misal üçün, məscidə bir lövhə gətirib, üzərində bir hədis yazaraq onu insanlar üçün açıqlaması; yaxud oturub məsciddəki cavanlarla bir maarifləndirici söhbət aparması, dini hökmləri izah etməsi, onların suallarını cavablandırması – hiss olunur və alınan məlumatlardan da görünür ki, bu gün bütün bu işlər geniş hal alıb. O vaxt isə belə deyildi. O vaxt imam-cümələr bir qayda olaraq yalnız gedib namazı qıldırıb çıxmaqla kifayətlənirdilər; indi, ola bilsin, bir-iki şəri məsələni də cavablandırırdılar, o da baxırdı ki, sual veriləcək, ya verilməyəcək; bundan o yana getmirdi. İndi isə, Allaha şükürlər olsun, belə şeylər geniş yayılıb. Bu kimi tədbirlərin keyfiyyətini günbəgün daha da artırmaq lazımdır.

Odur ki əsas məsələlərdən biri İslam dininin insanları namaz, zikr mehvəri ətrafında bir araya toplamasıdır. Bu, çox önəmlidir. Ona görə də əgər məsciddə hər hansı bir ictimai iş həyata keçirilirsə – məsələn, yoxsullara yardım üçün hansısa kooperativin təşkil olunması barədə qərara gəlinirsə və ya insanlar hansısa xeyir iş üçün imkanlarını birləşdirirsə – bu, namazın qılınmasına, zikrə olan diqqət sayəsində reallaşır, Allah-taala üçündür, mehvəri namazdır. Əgər insanlar düşmənə qarşı mübarizə aparmaq üçün məsciddə səfərbər olub yola düşürlərsə, bu, Allah yolunda cihad deməkdir, bu hərəkat Allaha, zikrə əsaslanır. Hər hansı bir şəhərin, məhəllənin təhlükəsizliyini və ya başqa bir zəruri işini həyata keçirməyi öz öhdələrinə götürürlərsə, bunun da əsasında yenə namaz, zikr durur.

Dahi liderimiz İmam Xomeyninin önəmli təşəbbüslərindən, o dahi şəxsiyyətin böyük hünərlərindən biri də inqilabın əvvəlindən məscidləri mehvər seçməsi idi. Xatırlayanlar bilir, inqilabın ilk günlərində hər şey bir-birinə qarışmışdı: silah gətirib yığmaq, götürüb harasa aparmaq lazım idi, Allah eləməmiş, etibarsız əllərə düşə bilərdi, nə isə bir iş baş verə bilərdi. Bütün bu işləri təşkil edəcək bir mərkəz, mərkəzi qərargah lazım idi. İmam elə inqilabın ilk günündə, hətta qələbə elan edilməmişdən əvvəl, yubanmadan bu mərkəzlərin hara olacağını müəyyənləşdirdi: məscidlər. Məsələn, kiminsə əlinə haradansa bir silah düşübsə, aparıb versin məscidə. Sonralar məscidlərdə genişmiqyaslı bir təşkilatlanma da aparıldı, inqilab komitələri yaradıldı. Uzun müddət inqilabın bütün işlərini bu komitələr apardı və əslində, elə ölkənin də bütün işləri onların vasitəsilə həyata keçirilirdi. Məscidin məhz belə bir xüsusiyyəti var ki, zikrə, ilahi yanaşmaya, Allah-taalaya qarşı diqqətə və sairə əsaslanır. Mənim vurğulamaq istədiyim məqam da elə budur ki, məsciddə insanlar ibadət, Allahı zikr etmək və sair bu kimi ilahi niyyətlər əsasında bir araya gəlib toplaşırlar.

İkinci bir məqam odur ki, məscid müxtəlif sosial fəaliyyətlərin həyata keçirildiyi bir mərkəz kimi çıxış edir. Yəni biz insanları bu mehvərin ətrafına toplayanda onlardan nə istəyirik? İnsanlardan istədiyimiz şeylərdən biri onların hansısa ictimai işlər görməsidir. İslam cəmiyyətində hər kəsin üzərinə bir vəzifə, məsuliyyət düşür, hər kəs hansısa bir iş görməlidir; cəmiyyətin inkişafı naminə, ümmət üçün olan bir iş. Odur ki məscid insanlara ideyalar ötürən, müxtəlif vəzifələr tapşıran və onları cürbəcür işlərə cəlb edən bir mərkəzdir. Məscid ictimai fəaliyyətlərin həyata keçirilməsinə xidmət edir və bu fəaliyyətlərin mərkəzidir.

Məscidlərlə bağlı qeyd edilməsi vacib olan digər bir məqam isə onların müqavimət ocağı olmasıdır. “Müqavimət” deyiləndə dərhal ağıla hərbi, təhlükəsizlik və sair bu cür müqavimət formaları gəlir. Bəli, sözsüz ki, bunlar da müqavimətdir, amma mədəniyyət sferasında müqavimət bundan da yüksək əhəmiyyətə malikdir. Ölkənin mədəniyyət baxımından “qoruyucu sədləri”, istehkamları möhkəm olmasa, hər şey əldən gedə bilər. Sizə deyim ki, bu gün İslam İnqilabının qələbəsindən 37-38 il keçdiyinə baxmayaraq, düşmənlərin mədəniyyətimizi qoruyan bu sədləri yarıb keçmək niyyəti ilk gün olduğundan da artıqdır; nəinki azalmayıb, hətta, heç şübhəsiz, daha da artıb. İstifadə etdikləri metodları da ki, görürsünüz: bu virtual məkan, cürbəcür təbliğat vasitələri, peyklə yayımlanan kanallar və sair; yəni niyyətləri daha da güclənib. Bütün bu fəaliyyətlərin hədəfi isə məhz İslam dövlətinin yaranmasının əsasını, mayasını təşkil etmiş həmin o amil, yəni dinə imandır; vurmaq istədikləri hədəf budur. Dinə imanın əleyhinə olduqları üçün də İslam hökumətinə, İslam Respublikasına, ölkəmizin yürütdüyü siyasətlərə qarşı çıxırlar. Çünki bilirlər ki, əgər dinə iman olmasaydı, bu inqilab qələbə çalmayacaq, bu dövlət quruluşu yaranmayacaq, imperializm sisteminin əsasları belə bir güclü zəlzələ və təkanla sarıslmayacaqdı. İslami hərəkat və İslam İnqilabı imperializmin əsaslarını çox güclü bir şəkildə sarsıtdı. Düzdür, iki qütbə ayrılmışdılar, bir-birinə müxalif idilər, elə günü bu gün də elədir – böyük dövlətlər rəqiblərinin boğazını çeynəmək üçün fürsət gözləyən yırtıcı canavarlar kimidir, buna heç bir şübhə yoxdur – amma hamısı bir prinsipdə müttəfiq idilər və elə bu gün də müttəfiqdirlər: zəif xalqlar, zəif hökumətlər, yer üzündə yaşayan müxtəlif toplumlar üzərində güc və hegemonluq əldə etmək, onların iqtisadi və maliyyə resurslarını qarət etmək, öz qüdrət və hakimiyyətlərini günü-gündən daha da artırmaq; məqsəd budur. İslam İnqilabının ortaya çıxması ilə imperializmin izlədiyi bu əsas hədəfə güclü zərbə dəydi.

Gördüyünüz kimi, bu gün dünyanın maddiyyata əsaslanan bir nömrəli super-dövlətləri Qərbi Asiya regionunda – hansının ki adını da “Orta Şərq” qoyublar – öz güc və nüfuzunu itirib; hazırda Amerika Qərbi Asiya regionunda güc və nüfuzunu əldən verib. Onların bu regionla bağlı müəyyən hədəfləri, reallaşdırmaq istədikləri müəyyən işlər var; həmin məqsədlərin bir hissəsi sözügedən regionda İsrail rejiminin imperia dayaqlarını möhkəmləndirməkdən, digər bir hissəsi isə regiondakı nüfuz və hakimiyyət resurslarını bütövlüklə ələ almaqdan ibarətdir; belə ki region dövlətləri onların qoltuğuna sığınsın, onlara tabe olsun, onlar da bu dövlətlərin imkanlarından rahatlıqla istifadə edə bilsinlər; başqa sözlə, regionda ağalıq etmək istəyirlər. Lakin hələlik buna nail ola bilməyiblər. Onların məqsədlərinin reallaşmasına nə mane olub? İnqilabi İslam və ya İslam İnqilabı – hər iki ifadə doğrudur; inqilabi İslam da desək, doğrudur, İslam İnqilabı da – hansı ki bu gün ölkəmizdə İslam Respublikası formasında təcəssüm edib. Mane olan bu olub. Əgər İslam olmasaydı, Allaha iman olmasaydı, İslam təlimlərinə iman olmasaydı, insanlarımızda öz dini vəzifələrinə qarşı məsuliyyət və bağlılıq olmasaydı, başqaları kimi İslam Respublikası da Amerika və qeyrilərinin imperialist hakimiyyətinə tabe olardı; necə ki başqaları bunu edir. Odur ki onların hücumlarının hədəfi məhz İslam dövlətinin yaranmasının əsasını təşkil etmiş həmin o amildir; yəni imandır. Əgər İslam dininə iman olmasaydı, bizim gördüyümüz, əziyyətini fiziki olaraq, ətimizlə, qanımızla, sümüyümüzlə daddığımız o rejimin dəyişilməsi mümkün deyildi; onu dəyişən insanların İslam dininə olan imanı oldu. Allahın dəstək verib doğru yol göstərdiyi, necə mübarizə aparıb iş görmək lazım olduğunu yaxşı bilən bir mərcə-təqlid meydana atılaraq xalqın imanını bu ali hədəfə doğru çəkdi və camaat meydanlara axışdı. Xalq meydanlarda olandan sonra isə heç bir maddi güc heç bir şey edə bilməz. Əsas olan xalqın varlığı, xalqın proseslərdə iştirakıdır ki, bunu da dahi liderimiz İmam Xomeyni xalqın imanının bərəkəti sayəsində, bu imana arxalanaraq təmin etməyi bacardı. Elə buna görə də düşmən xalqımızın, gənclərimizin imanını hədəfə alır. 

Mən dönə-dönə təkrarlayıram ki, bugünün gəncləri inqilabın əvvəlindəkilərdən daha irəli, daha yaxşı deyilsə, heç geri də deyil; hərçənd düşünürəm ki, daha irəlidirlər. Bunu ona görə deyirəm ki, müasir dövrdə mövcud olan bu qədər təbliğat vasitələrinə, imanın kökünü qazmaq üçün əldə olan bu qədər imkanlara baxmayaraq, inqilabçı gənclərimiz möhkəm dayanıb. Ölkəmizdə mədəniyyət, siyasət, sosial həyat, incəsənət sferalarında istənilən qədər mömin gənc var. Əlbəttə, əqidəsizlər, din və mənəviyyata bağlı olmayanlar da var, bunu da bilirik, xəbərsiz deyilik, amma mömin gənclərin bu möhtəşəm ordusu İslam İnqilabının möcüzələrindəndir. Bunlar bugünün gəncləridir; bu gənclər mənə məktub göndərib xahiş edir, ağlayıb özlərini öldürürlər ki, icazə verin, gedib Əhli-Beytin (ə) ziyarətgahlarının müdafiəsi uğrunda döyüşək; rahat yaşayışımızdan, arvad-uşağımızdan keçək; belə məktublardan 1 dənə, 2 dənə, 10 dənə də deyil, çoxdur. Məktub yazıb müraciət edirlər – özü də oxuyanda anlamaq olur ki, göz yaşları içərisində yazılmış bir məktubdur – xahiş edirlər ki, ata-anamızı razı salmışıq, bircə siz də icazə verin, gedib döyüşək. Hazırda bu cür gənclər var. Bu gənclərin imanını yox etmək istəyirlər. Bayaq mən mədəniyyəti qoruyacaq müdafiə istehkamından danışdım, bax o istehkam bu imanı qorumaq üçün lazımdır. 

Məscid mədəni səfərbərliyin, bu sferada həyata keçirilən hərəkatın böyük bazasıdır; məscidlərdə hansı iş metodundan istifadə etməyin daha məqsədəuyğun olduğunu, nə kimi işlər görmək lazım olduğunu öyrənib bilmək lazımdır. Əvvəla onu deyim ki, sizin namazında sizə iqtida edən insanlarla, məscid əhli ilə etdiyiniz söhbətlər televiziya ilə edilən çıxışlardan dəfələrlə daha təsirli və effektlidir. Mən bunu dəfələrlə qeyd etmişəm ki, üzbəüz görüşmək, bir-birinin gözünün içinə baxıb nəfəsini duymaq tam başqa bir şeydir; özü də bu, yalnız bizim toplantılarımızda özünü göstərir; əlbəttə, bütövlükdə İslamda, cümə namazlarında və sairdə bu var, amma şiələr arasında daha çox özünü göstərir. Bu rövzə məclisləri, vəz və xütbələr, cürbəcür məclislər çox önəmlidir. Bunlara layiqincə dəyər vermək lazımdır; bunlar internetdən də effektlidir, televiziya və radiodan da. Düzdür, əhatə dairəsi məhduddur, amma məscidlərin əmələ gətirdiyi bu geniş silsilə, bu möhtəşəm təşkilat hər yerdə və yaxşı işləsə, təsiri bütün o media vasitələrini üstələyər və siz auditoriyanızda olan o gənclərə sözün həqiqi mənasında immunitet qazandıra, onları ardı-arası kəsilmədən üz tutub ölkəmizə, dövlətimizə tərəf axışan bu “mikroblar”, “viruslar” əleyhinə peyvəndləyə bilərsiniz. Odur ki məscidlər həm də müqavimət ocağıdır, intəhası bir neçə cür müqavimətin ocağıdır: siyasi müqavimətin, mədəni müqavimətin, yeri gəldikdə hərbi və təhlükəsizlik baxımından müqavimətin; necə ki keçmişdə məscidlərdə bunun şahidi olmuşuq.

Cənab Hacı Əliəkbərinin təqdim etdiyi statistik rəqəmlər çox əhəmiyyətlidir; o dedi ki, şəhidlərimizin 97 faizi səfərbərliyə məscidlərdən qoşularaq cəbhəyə getmiş insanlar olub; araşdırmaq lazımdır, əgər bu, doğrudursa, çox önəmli bir faktdır. Onlar arasında hər təbəqədən insanlar olub: universitet tələbələri olub, ticarətlə məşğul olanlar olub, orta məktəb şagirdləri olub, amma hamısı məscidə gedib-gələn adamlar olub. Məsciddən yola düşərək döyüş meydanlarına gediblər, ölümü gözə alıblar; dildə demək asandır; ölümünü gözə almaq, canını fəda etmək dildə asandır:

وَ لَقَد کُنتُم تَمَنَّونَ المَوتَ مِن قَبلِ اَن تَلقَوهُ فَقَد رَاَیتُموهُ وَ اَنتُم تَنظُرون

“Siz (Bədr döyüşündə) ölümlə qarşılaşmazdan əvvəl ölüm (şəhid olmağı) arzulayırdınız. (Uhud döyüşündə isə) artıq onu gördünüz və durub baxdınız”. (“Ali-İmran” surəsi, 143-cü ayədən)

Adam dildə deyir ki, bəli, canımdan keçərəm, amma meydanda ölümlə üzləşəndə başqa cür olur; çox çətindir. Bu gənclər məscidlərdən müharibəyə yollanaraq Allah yolunda canlarından keçiblər; döyüşə yola düşdükləri məkan məscid olub; bu, çox böyük, önəmli bir məsələdir.

Odur ki məscidlər həm müqavimət ocağıdır, həm də mədəni fəaliyyətlərə stimul verən, onları istiqamətləndirən, insanların mədəni cəhətdən gözüaçıqlığını təmin edən bir mərkəzdir. Mədəniyyətin içində siyasət də var. Onu da qeyd edək ki, siyasət təkcə kiminsə tərəfini tutub, o birinə müxalif olmaq deyil. Siyasət cəmiyyətin ümumi kursuna olan yanaşmadır. Cəmiyyətimiz hansı istiqamətə gedir? Görəsən, hədəflərimizə doğru gedirik, yoxsa yoldan sapmışıq, hədəflərdən uzaqlaşmaqdayıq? Siyasətin əsl mənası budur. Daha sonra isə bu yanaşma fonunda ayrı-ayrı şəxslərin, partiya və cərəyanların öhdəsinə düşən vəzifələr aydınlaşır və aşağıdakı suallar meydana çıxır: görəsən, sosial ədalətə doğru gedirikmi? Görəsən, həqiqi dini suverenliyə doğru irəliləyirikmi? Görəsən, İslam sivilizasiyasının yaradılmasına doğru gedirik, yoxsa Qərb və Amerikadan asılılığa, qərblilərin özlərindən qondardığı mənasız ideyaların təsiri altına düşməyə doğru? Həyat tərzimiz bizi hansı istiqamətə çəkib aparır – bu, çox önəmli bir məsələdir. Siyasi yanaşma budur və gördüyünüz kimi, bu yanaşma öz başlanğıcını mədəniyyətdən götürür. Odur ki mədəniyyətin içərisində siyasət də var. Cəmiyyətdə gedən proseslərə bu baxımdan yanaşmaq lazımdır. Uzaqgörən olmayan bəzi insanlar hər şeyi bir şəxslə dostluq və ya düşmənçilik etməkdə görürlər. Ayağı büdrəyən insanların əksəriyyəti bu cürdür. Bu və ya digər şəxsin, yaxud cərəyanın nə əhəmiyyəti var? Diqqətlə baxıb cəmiyyətdə hansı proseslərin getdiyini bilmək lazımdır. 

1388-ci ildə baş verən fitnə zamanı hələ ilk günlərdə mən o işin başında duran şəxslərdən birini yanıma çağırıb dedim ki, sizin başladığınız bu iş yadların əlinə keçəcək və düşmən bundan istifadə edəcək. Hazırda siz üzdə bu dövlətdənsiniz, bu hökumətin tərəfindəsiniz və özünüz demişkən, mədəni şəkildə bir etiraz edirsiniz – misal üçün, seçkiyə etiraz – amma gördüyünüz iş bilavasitə bu dövlətin özünə düşmən olan qüvvələrin istifadəsinə keçəcək. Qulaq asmadı; yəni nə dediyimi anlamadı. İndi, əlbəttə, mən məsələyə nikbin yanaşaraq deyirəm ki, anlamadı, ola bilsin, bəzi insanlar başqa fikirdədir. Bildiklərini etdilər, axırı da nə oldu, gördünüz. Deyirdilər: “Seçki bəhanədir, hökumət formaldır”. Yaxşı, indi üzr gətirə bilərlər ki, bu, nə dediyini anlamayan, mənasız danışan bir ovuc gəncin ortaya atdığı bir söz olub; amma belə deyil. Əgər mənim ətrafımdan olan, mənim himayəmdə olan bir nəfər mənim qəbul etmədiyim bir söz danışırsa, mən nə etməliyəm? Onu özümdən uzaqlaşdırmalıyam, bu sözü qəbul etmədiyimi elan etməliyəm; yoxsa mənim hesabıma çıxılacaq. Belə bir situasiyada insan yaxın ətrafından olan həmin adamın ağzından çıxmış sözə bütün nüfuzu və çəkisi ilə dəstək olmuş sayılır. Ağızdan çıxan söz belədir. Bax ölkədə gedən proseslərə bu aspektdən yanaşmaq lazımdır. Mənim dediyim siyasi gözüaçıqlıq budur. Kimin bizi hara apardığını, hara dəvət etdiyini, hansı səmtə çəkdiyini bilməliyik. Baxmalıyıq ki, İslam dininin qarşıya qoyduğu hədəflərə, cəmiyyətdə dini əqidə və imanın günbəgün daha da artmasına doğru gedirik, yoxsa düşmənimizin arzu etdiyi kimi, dinə qarşı daha da laqeydliyə, dinə müxalif olan qütbələrə daha da yaxınlaşmağa doğru? Siyasi gözüaçıqlıq budur. Bunu bilsək, ondan sonra kimin tərəfini tutmaq, kimi dəstəkləmək lazım olduğu da aydınlaşacaq. Kimi dəstəkləmək lazım olduğunu məhz belə bir makroyanaşma əsasında müəyyənləşdirmək lazımdır. Vacib məsələlərdən biri də budur. 

Bir məsələ də var ki, mən onu dəfələrlə qeyd etmişəm: məscidlər günün istənilən vaxtı xalqa açıq olmalıdır. Doğrudur, bayaq təqdim olunan statistikaya diqqət yetirsək, deyə bilərik ki, əlhəmdulillah, vəziyyət müəyyən dərəcədə elə bu cürdür, bu tələb məscidlərimizdə reallaşıb, lakin tam olaraq riayət edilməlidir. Namaz vaxtı məscidlər açıq olmalıdır. Hər 3 vaxtda məscidlərdə camaat namazları qılınmalıdır; bu cür qayda qoyulmalıdır. İndi, ola bilsin, məsələn, mənim 3 vaxt gedib camaat namazı qılmaq imkanım yoxdur; mütləq, yerimə başqa bir adam qoymalıyam ki, həmin məsciddə 3 vaxt namaz qılınsın. Özü də məscidlərin qapısı günortadan qabaq zöhr və əsr namazları üçün açıldıqdan sonra gecəyə – işa namazından sonraya qədər açıq qalmalıdır. Məscidlərin qapısı bağlanmamalıdır. Mən eşitmişəm, bəzi insanlar deyirdilər ki, axşama yaxın Tehrana çatıblar, zöhr və əsr namazlarını qılmaq istəyirmişlər, hansı məscidə gediblərsə, qapısı bağlı olub; əlbəttə, bir neçə il əvvəlin söhbətidir. Belə olmamalıdır, məscidlər açıq olmalıdır. 

Digər bir məqam budur ki, bəzi insanlar, mənim az öncə dediklərimin əksinə olaraq, məscidləri siyasi məsələlərdən tamamilə uzaq tutmaq istəyirlər, imam-cümələrə: “Siz siyasətə qarışmayın, öz işinizlə məşğul olun” – deyirlər. “Öz işiniz” deməklə də bunu nəzərdə tuturlar ki, gedin namazınızı qılıb çıxın; yəni sırf pişnamazlıq. Bu, elə sekulyarizmdir. Sekulyarizmin mənası dinsizlik deyil ki; sekulyarizm dinin şəxsi əməl və ibadətlərdən başqa, həyatın heç bir müstəvisində özünü büruzə verməməyi deməkdir; yəni dinin cəmiyyətdə hökm sürən ictimai quruluşla heç bir işi olmamalıdır; qoy hər kəsin özü üçün, öz qəlbində, öz əməllərində Allahla müəyyən əlaqəsi olun. Bəli, Qərb və Şərq dünyasındakı cürbəcür ictimai quruluşlarda belədir; sekulyarizm budur. Düşmənlərimizin istədiyi də elə budur; bunu arzulayırlar. Əleyhinə olduqları din, mübarizə apardıqları iman o imandır ki, İslam dövlətinin yaradılmasına cəhd göstərir, İslama güc və hakimiyyət qazandırmağa çalışır; bax buna qarşıdırlar. İslamdan qorxurlar, amma hansı İslamdan? Güclü olan, ixtiyarında nizamlı sistemlər olan, siyasəti, hakimiyyəti, ordusu, silahlı qüvvələri olan, elmi nailiyyətlər əldə etmiş, beynəlxalq nüfuza malik olan İslamdan. Bax bu cür İslamdan qorxurlar; yoxsa hansısa islami partiya və ya cərəyanın bir ölkədə, yaxud bütün dünyada lap bir milyon tərəfdarı olsa belə, ixtiyarında bir güc, hakimiyyət yoxdursa, onun nəyindən qorxacaqlar? Beləsindən qorxuları yoxdur, əleyhinə heç bir iş görmürlər. Əleyhinə çıxdıqları, qarşı olduqları, düşmənçilik etdikləri, kin bəslədikləri İslam qüdrətli İslamdır. Belə olan halda biz də götürüb İslamı özünün əsl ocağında, yəni məscidlərdə cəmiyyətin problemlərindən, siyasi məsələlərdən, cəmiyyətin ümumi kursundan, cəmiyyətdə gedən dəyişikliklərdən tamamilə uzaqlaşdıraq? Bu, məscidlərə böyük bir zülm etmək olar. 

Bir məsələni də qeyd etmək lazımdır: məscidlərdə gənclərə xüsusi yer ayrılmalıdır; yəni gəncləri məscidlərə cəlb etmək üçün, doğrudan da, xüsusi proqramlar hazırlamaq lazımdır. Bu o demək deyil, biz ortayaşlı və ahıl insanların məscidlərə gəlməsinin əleyhinəyik; yox, möminlər hamısı məscidlərə gəlməli, onlardan bəhrələnməlidir, lakin gəncləri məscidlərə xüsusilə cəlb etmək lazımdır. Gənclərin məscidi öz evləri, özlərinə aid bir məkan bilməsinin, məscidlərlə ünsiyyətdə olmasının, tez-tez məscidlərə getməsinin bərəkəti çox böyükdür. Cəmiyyətdə iş görən gənclərdir, ictimai hərəkatların avanqardı gənclərdir, çalışıb-vuruşan onlardır. Gəncləri cəlb edə biləcək şey, bəzilərinin düşündüyü kimi, məscidə tennis masasının qoyulması deyil. Bəziləri düşünür ki, gəncləri məscidlərə cəlb etmək üçün ora onların başını qata biləcək hansısa vasitələr gətirmək lazımdır. Amerikada bir keşişin kilsədə etdiyi kimi; bu barədə Misir yazıçılarından biri öz kitabında yazır. Deyir, getdim gördüm kilsənin qapısında bir elan vurulub ki, bu axşam saat filandan filana qədər kilsə ilə yanaşı salonda, mehrabın o biri tərəfində aşağıdakı proqram baş tutacaq: rəqs, canlı ifa, musiqi, yüngül şam yeməyi, ünsiyyət və sair. Həmin misirli yazıçı yazır ki, bu elana həssas yanaşdım, axşam gedib baxdım, gördüm, bəli, necə yazılıbsa, elə o cürdür; kilsənin salonudur, içində kabareyə bənzər bir başqa salon da var. Qızlar, oğlanlar, kişilər, ortayaşlılar gəlib tamaşa edir. Ortada fəallıq edən də gənc oğlan və qızlardır. Musiqi var, rəqs var, mahnı oxuyan var. Axırda da keşiş gəlib işıqları bir az azaltdı ki, bir qədər alaqaranlıq olsun, xüsusi bir atmosfer yaransın(6). Yazıçı deyir, bu yerdə daha mən çölə çıxdım, ertəsi gün gəlib kilsədə o keşişi tapdım, dedim, dünən mən sizin o məclisdə idim, axı bu nə deməkdir? Dedi ki, cənab, gəncləri kilsəyə cəlb etmək istəyirik. Gəncləri cəlb etmək istəyirmiş! Əgər gənclər musiqi ilə, rəqslə, mahnı oxumaqla cəlb olunacaqsa, daha ora niyə gedirlər, kabareyə gedərlər də! Gəncləri cəlb etməyin yolu onların qəlbinə hakim kəsilməkdir. Gənclərin qəlbi bir ayrı aləmdir, onların öz halı, öz vəziyyəti var. Gənclərdə mənəviyyata olan meyil də Allahın böyük sirlərindən biridir. Mən yaşda olanlara bir mənəvi söz desən, düzdür, qulaq asaram, ən uzağı bir qədər təsirlənərəm, amma həmin söhbəti bir gənclə etsən, tamamilə dəyişər, çevrilib bir başqa adam olar. Gənclərin qəlbi həqiqəti daha tez qəbul edir, ilahi fitrətə daha yaxındır; 

فِطرَتَ اللهِ الَّتی فَطَرَ النّاسَ عَلَیها

“Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut”. (“Rum” surəsi, 30-cu ayədən)

Gənclərin qəlbi öyüd-nəsihətə, mənəvi-irfani söhbətlərə daha tez meyillənir, daha möhkəm bağlanır. Gəncləri cəlb edə biləcək şeylər bunlardır. Siz danışığınıza, davranışınıza, etdiyiniz söhbətlərə bir az mənəviyyat, həqiqi irfan – təxəyyül məhsulu olan formal irfan yox, həqiqi irfan qatın, görəcəksiniz ki, gənclər necə cəlb olunub sizə sarı gəlir. Gəncləri məscidlərə cəlb edə biləcək şeylər bunlardır, hansısa oyun aləti gətirib qoymaqla deyil. Oyun üçün gələcəklərsə, elə gedib oyun zalında oynayarlar da.

Bir məqama da toxunaq; sevindirici haldır ki, bu gün İslam Respublikasında əksəriyyətinin 30-40 il yaşı olan məscidlər var. Bu məscidlərimizin çox gözəl, danışmağa və dinləməyə layiq keçmişi var; əksəriyyəti bu cürdür. Bu məscidlərə nə qədər böyük alimlər, necə imam-cümələr gəlib-gedib, hər birinin özünəməxsus davranışı, insanlarla münasibət saxlama tərzi olub; bu məscidlərə necə möminlər gəlib, onlarda necə gənclər tərbiyə olunub; bu məscidlərdən dəfələrlə səfərbərlik təşkil olunub, insanlar müharibəyə yola salınıb, onlara şəhid nəşləri gətirilib. Bütün bunlar tarixdir, bir məscidin həyatında maraqlı, diqqətəlayiq məqamlardır. Bütün bu xatirələri qoruyub saxlamaq lazımdır. Bu məscidlərdən hər birində bu gün onlara gəlib-gedən və sabah gəlib-gedəcək insanlar üçün həqiqətən ibrətverici və maraqlı xatirələr ola bilər. Həmin xatirələri müxtəlif formatlarda – kitab, məqalə, fotoşəkil, klip və sair formatında yenidən canlandırmaq, yaymaq, insanlara çatdırmaq olar. Bu məscidlərdən neçəsində bu gün bütün ölkənin tanıdığı şəhidlər tərbiyə olunub; bu insanlar Allah-yolunda şəhid olublar. Biz bu tarixi yaşatmalıyıq. 

Və unutmayaq ki, Məscid günü əsasən inqilabi mahiyyət daşıyan bir gündür; yəni İslam Respublikasının istəyi və tələbi ilə İslam Konfransı Təşkilatında “Beynəlxalq Məscid günü” kimi təsdiqlənmiş bu gün Məscidül-əqsanın yandırılması ilə bağlıdır; sionist düşmənlə mübarizə ilə bağlıdır; bu günün qeyd olunmasının əsasında məhz belə bir hadisə durur; Məscid gününə məhz bu aspektdən yanaşmaq və bu istiqamətdə hərəkət etmək lazımdır.

Sizə onu da deyim ki, bu gün edilən bütün düşmənçiliklərə rəğmən (təbii ki, hazırda nələrin baş verdiyi barədə bizim daha geniş məlumatımız var; istər maddi, istər yarımmaddi, istərsə də ideoloji sferada; istər gizlində, istərsə də aşkarda; İslam Respublikası əleyhinə müxtəlif formalarda bir çox işlər həyata keçirilir), Quranda buyurulduğu kimi, bu “xoş söz” – yəni İslam Respublikası günbəgün daha da möhkəmlənməkdədir. Quran buyurur:

کَشَجَرَةٍ طَیِّبَةٍ اَصلُها ثابِتٌ وَ فَرعُها فِی السَّمآء

“Xoş bir söz (“La ilahə illallah, Muhəmmədun rəsulullah”) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir” (“İbrahim” surəsi, 24-cü ayədən)

Şükürlər olsun ki, Allah-taala bizlərdən Öz lütf və mərhəmətini əsirgəməyib; biz buna görə şükür etməli, Allahın verdiyi nemətin qədrini bilməli və inşallah, bu yolda ümidlə irəli getməliyik. Bura toplaşmış əziz qardaşlarım, sizə baxanda mən hiss edirəm ki, məscidlərimizin gələcəyi də, inşallah, keçmişdəkindən qat-qat yaxşı olacaq. Ümidvaram ki, Allah-taala Öz lütf və mərhəmətini sizə şamil edəcək və sizi doğru yola istiqamətləndirəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________

(1) Ümumdünya Məscid günü münasibətilə baş tutan bu görüşün əvvəlində Məscidlərlə İş Mərkəzinin sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədcavad Hacı Əliəkbəri çıxış etmişdir. 
(2)  Kafi, 3-cü cild, səh 265. “Namaz hər bir təqva sahibini Allaha yaxınlaşdırar”. 
(3)  Kafi, 2-ci cild, səh. 586. “Dua kitabı”
(4) İqbalül-əmal, 2-ci cild, səh. 687. 9-cu bab. 
(5)“Həmd” surəsi, 5-ci ayə.
(6) İştirakçılar gülür