Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ictimaiyyətin müxtəlif təbəqələrindən olan insanlarla görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین

Ölkənin müxtəlif ostanlarından, uzaq yoldan əziyyət çəkib gəlmiş hörmətli bacı və qardaşlar, xoş gəlmisiniz. Şəhidlərin adını, xatirəsini anmaqla bu gün siz bu hüseyniyəni inqilabi ruhiyyə ilə rayihələndirdiniz. Yeri gəlmişkən, həm surud oxuyan, həm də qrup şəklində Quran tilavət edən qardaşlarımızın da hər birinə təşəkkürümü bildirirəm. Əlbəttə, bir qədər səs-küy olduğuna görə bəziləri onların o gözəl tilavətini eşidə bilmədi; əldən buraxdılar; mən isə diqqətlə dinlədim və bərəkətindən də faydalandım. Qurani-Kərimin ayələri, kəlmələri istənilən məkan və zamanda oxunduğu zaman insanın ruhunu, mənəviyyatını qidalandırır, bərəkət gətirir. Xüsusilə də qardaşların “Əhzab” surəsindən seçdiyi həmin ayələr zəmanənin sərt üzü, problem və çətinlikləri ilə qarşılaşdıqları zaman İslam ümmətinin seçməli olduğu aydın və birbaşa kursu göstərir, müsəlmanların istənilən etapda problemlərlə üzləşdikləri zaman – eynilə həmin ayələrdə işarə olunan problemlər kimi – hansı yolla getməli olduqlarını müəyyənləşdirir; 

مِنَ المُؤمِنینَ رِجالٌ صَدَقوا ما عاهَدُوا اللهَ عَلَیه

“Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar.” (“Əhzab” surəsi, 23-cü ayə)

Möminlər Allah-taala ilə qəlbən bağladıqları əhd-peymana sadiq olsalar, işləri yoluna düşər, bütün çətinliklərı aradan qalxar. Şübhəsiz ki, həyat enişli-yoxuşludur, problemlər, maneələr var, heç bir xalqın yolu şüşə kimi hamar olmayıb; hər bir xalq qarşısında duran yolu öz əzmi, zəhməti ilə təmizləyib hamarlayaraq hədəfinə doğru irəliləməlidir. Mənəviyyat, mədəniyyət, maddi rifah və səadətin zirvəsinə yetişmiş xalqlar məhz belə etmiş, irəli məhz bu şəkildə addımlamışlar. Həmin ayələr bizə bunları öyrədir. 

Astanasında olduğumuz zilqədə ayı haram aylardan birincisidir. “Haram ay” o deməkdir ki, bu ayların ehtiramını gözləmək lazımdır. Allah-taalanın nəzərində haram olan dörd ay vardır:

 مِنهآ اَربَعَةٌ حُرُم

“...Bunlardan dördü haram aylardır.” (“Tövbə” surəsi, 36-cı ayədən)

Uca Yaradan dörd ayı digər aylardan daha hörmətli, daha üstün tutmuş, bu ehtiramın nələrə, hansı işlərə aid olduğunu bir sıra dini hökmlərlə müəyyən etmişdir. Müsəlmanlar bu ilahi təlimdən də ibrət götürməlidilər. Haram aylar – böyük arif, mərhum Hacı Mirzə Əli Qazinin (Allah ona Behişti nəsib etsin!) təbirincə desək, Allah-taalanın hörmət qoyduğu aylar – müsəlmanların Uca Yaradanla daha çox ünsiyyətdə olub, vaxtlarını daha çox ibadətlə keçirməklə özlərini mühüm və həssas meydanlar üçün hazırlayaraq yaşamalı olduğu aylardır. Bu gün İran xalqına – bu böyük və vüqarlı xalqa da lazım olan budur ki, tutduğu bu qürurverici yolda əzmlə, sürətlə və qürurla addımlamaqda davam etsin. 

Bugünkü toplantımız xüsusi bir toplantıdır; yəni ölkənin dörd bir yanından, bir neçə ostandan əziz xalqımızı təmsil edən insanlar bura toplaşıb. Bu gün burada ölkənin cənub-şərqindən tutmuş şimal-qərbinə kimi müxtəlif etnik qrupların nümayəndələri – farslar, turklər, kürdlər, bəluçlar iştirak edir. Bu, bir məna ifadə edir; bunun mənası odur ki, müxtəlif və çoxsaylı xalqları özündə birləşdirən vahid və bölünməz İranın bir hədəfi, bir yolu var. Bəli, dilləri, məzhəbləri müxtəlif ola bilər, amma İran xalqının qarşıya qoyduğu ali hədəflər eynidir; burada hamı öz əziz İranını dünyaya nümunəvi bir İslam ölkəsi kimi təqdim etməyi düşünür. “Nümunəvi İslam ölkəsi” isə o demək deyil ki, burada camaat hamısı yalnız namaz qılıb oruc tutmaqla, dua və təvəssüllə məşğuldur; xeyr, bunlar da var, bunlar mənəviyyatla bağlı məsələlərdir, amma mənəviyyatla yanaşı, burada maddi inkişaf, elmi nailiyyətlər, sosial ədalətin genişlənməsi, ictimai təbəqələşmənin azalması, aristokratik həyat tərzi meyillərinin aradan qaldırılması da var; bunlar bir müsəlman toplumunun özündə əks etdirməli olduğu xüsusiyyətlərdir. Belə bir toplumda insanlar, əlbəttə ki, xoşbəxt olacaq, özlərini əmin-amanlıqda və rahat hiss edərək öz ali hədəflərinə doğru addımlayacaq, Allah-taalaya da ibadət edəcək, eyni zamanda maddi inkişafa da nail olacaq; İran xalqı məhz belə bir cəmiyyətin arzusundadır, hamı bu məqsədin reallaşmasını istəyir. Şiə, sünni, kürd, bəluç, fars, türk ayrımı yoxdur, hamı buna can atır. Bəli, bu, bir örnək ola bilər, ortada bir örnək, nümunəvi bir model olandan sonra isə başqa müsəlman xalqları da öz yolunu tapacaq.

Bu gün bizim problemimiz budur; beynəlxalq imperializm sistemi hələ bir-iki əsr bundan öncə müsəlman xalqları arasında ixtilaf yaratmağın onun mənfəətinə uyğun olacağını başa düşərək bunu qarşısına məqsəd qoyub. Öz mənfəətlərini bu ixtilaflarda görüblər. Nəyə görə? Çünki belə olan halda müsəlmanların sərvətini qarət edə, onları haqları olan inkişafdan məhrum edə biləcəkdilər; yəni onları istismar edə biləcəkdilər. Dünyanın super-gücləri əldə etdikləri elmi irəliləyiş, texnoloji inkişaf, istehsal etdikləri silahlar sayəsində bu hədəfi reallaşdırmağı qərara alıblar və təəssüflər olsun ki, buna yetərincə nail olublar da. Məhz buna görə də meydana gəldiyi ilk gündən indiyə kimi İslam İnqilabı müsəlman xalqlarına və dövlətlərinə dostluq əlini uzatmış, onları birliyə, vəhdətə səsləmiş, düşmənin məkrli planlarına qarşı mübarizəyə dəvət etmişdir.

İran xalqı özünü sözün həqiqi mənasında nümunəvi bir müsəlman xalqı kimi dünyaya təqdim edə biləcək səviyyəyə çata bilsə, bu, İslam dininin ən böyük təbliği olacaq. O zaman başqa xalqlar da həmin istiqamətə üz tutacaq və İslam dininin bütün dünyada ucalaraq yayılmasına yol açan böyük İslam ümməti formalaşacaq. İntizarında olduğumuz, Qərbin azdırıcı və əxlaqsız mədəniyyətinə qalib gələcək İslam mədəniyyəti də məhz o gün reallaşacaqdır. Bütün bunların müqəddiməsi isə buradadır; müqəddimə odur ki, biz – İran xalqı örnək ola bilmək üçün irəliyə doğru addımlayaq. Hamı çalışmalı, səy göstərməlidir: həm dövlət rəsmilərimiz, həm də xalqımız. Təbii ki, bu, bir-iki ilə reallaşacaq bir məsələ deyil, uzun müddət tələb edən, vaxtaparan bir işdir. İslam sivilizasiyasının tarixinə nəzər salanda da görürük ki, o, öz inkişafının zirvəsini hicri-qəməri tarixi ilə 4-5-ci əsrlərdə yaşamışdır. Məhz bu dövrdə İslam dünyasında elmi inkişaf ən yüksək pilləyə çatmış, maddi elmlər sahəsində dünyanı irəli aparacaq bir çox böyük alim, tədqiqatçı və filosoflar meydana gəlmişdir. Qərb dünyası özü də hazırkı nailiyyətlərinin bir çoxunu məhz müsəlmanların həmin dövrdəki elmi hərəkatına borcludur. Əlbəttə, müasir dövrdə bizim sürətimiz daha çox olacaq və inşallah, nəticəyə daha tez çatacağıq, amma hər halda, bunlar vaxt tələb edən işlərdir. 

İnqilabın meydana gəldiyi gündən bəri aradan keçən bu 37-38 il ərzində biz bu yolda yaxşı irəliləmişik. İnsafla nəzər salan hər bir kəs, həqiqətən də, belə bir mənzərənin şahidi olar: bir vaxtlar hər cəhətdən Amerika və İngiltərədən asılı olmuş, inkişafdan geri qalmış, adı heç bir yerdə hallanmayan, zəlil İran bu gün elə bir səviyyəyə çatıb ki, ABŞ, İngiltərə və digər ölkələr İran İslam Respublikasının regiondakı nüfuz və imkanlarının qarşısını hansısa yolla almaq üçün bir cəbhədə birləşiblər, amma bunu bacarmırlar. Yəni İslam dininin, İslam dövlətinin, müsəlman İranının nüfuzu o dərəcədə genişlənib ki, xalqlara, o cümlədən şah diktaturası dövründə olduğu kimi bizim xalqımıza həqarət gözü ilə baxanlar bu gün onunla güclü bir rəqib kimi üzləşməyə məcburdur. Bu, xalqımızın nail olduğu ümumi inkişafdır. Elmdə irəliləmişik, siyasətdə irəliləmişik, İslam dininin nəzərdə tutduğu bir çox sahələrdə uğur qazanmışıq. Sosial ədalət baxımından da bu gün keçmişlə müqayisədə yerdən göyə qədər fərq var; şübhəsiz ki, İslamda nəzərdə tutulan və arzulanan o ideal ictimai ədalətin bərqərar olunmasına hələ çox var. Təəssüflər olsun ki, hazırkı cəmiyyətimizdə dəbdəbəli, aristokratik həyat tərzinin nümunələri, dinimizə uyğun olmayan cürbəcür mənfi hallar da az deyil, ancaq bütün bunları inqilabdan əvvəlki dövrlə müqayisə etdikdə – siz gənclər inqilabdan əvvəliki dönəmi görməmisiniz, mən öz adıma və görənlərin adına deyirəm – insan, həqiqətən də, şahidi olur ki, İran xalqının və İslam dövlətinin əldə etdiyi inkişaf o dövrlə müqayisədə gözqamaşdırıcıdır.

Yaxşı, bəs biz qarşıya məqsəd qoymaq istədiyimiz həmin o örnək, nümunə səviyyəsinə çatmaq üçün nə etməli, hansı yolla getməliyik? Mən bunu iki kəlmə ilə belə ifadə edərdim ki, həmin yol bu xalqın sahib olduğu daxili imkan və potensiala arxalanmaqdan ibarətdir. Bizim potensialımız çox böyükdür. Bu xalq bir çox sahələrdə istifadə olunmamış potensiala sahibdir. Məhz elə bu saysız-hesabsız daxili potensialı nəzərə alaraq biz inkişaf proqramının siyasətlərini müəyyənləşdirərkən 8%-lik iqtisadi artımı qarşıya məqsəd qoymuşuq və demişik ki, proqramın icrası müddətində ölkə bu inkişaf həddinə nail olmalıdır. Proqramın icrasına başladığımız ilk vaxtlar bəziləri iqtisadiyyatda 8%-lik artıma nail olmağın qeyri-mümkün olduğunu söyləyirdilər, amma sonradan rəsmilər özləri gəlib mənə bildirdilər ki, yox, sizin yazdığınız rəqəm elə düz imiş; 8%-lik iqtisadi artımın reallaşması mümkündür. İntəhası işləmək lazımdır, düzgün siyasətlər, dəqiq planlaşdırılmış düzgün strategiyalar lazımdır; tənbəlliklə, passivliklə, başqalarına güvənməklə bu işi həyata keçirmək olmaz; konkret fəaliyyət proqramı ilə irəli getmək lazımdır. Ölkəmizin sahib olduğu potensial buna imkan verir, ölkənin potensialı olduqca böyükdür. 80 milyona yaxın olan əhalimizin 30%-dən çoxu 20-35 yaş arasında olan insanlardır; yəni gənclərdir. Gənclik isə dinamika, stimul və yüksək əhval-ruhiyyənin təcəssümüdür. Ölkəmizin bu qədər gənc vətəndaşı var; onların arasında milyonlarla ali təhsilli, savadlı, təşəbbüskar mütəxəssis var. İnfrastruktur imkanlarımız çox genişdir; bu 37 il ərzində biz ölkəmiz üçün müxtəlif sferalarda olduqca güclü və effektli infrastrukturlar yaratmışıq – biz deyəndə, yəni dövlət rəsmiləri yaradıblar, mən nəkarəyəm ki – irəliyə doğru addımlamaq, inkişaf etmək üçün ölkədə hər bir şey hazırdır. 

Şükürlər olsun ki, bu inkişafa nail olunub da. İran İslam İnqilabının 30 ilini adını çəkmək istəmədiyim bəzi ölkələrin 30 ili ilə müqayisə edin. Həmin ölkələr bu 30 ili ABŞ-ın kölgəsi altında yaşayıblar, hətta Amerikadan kreditə nağd pul da götürüblər; yəni ildə bir neçə yüz milyon və ya milyard dollar kredit alıblar. Nəticəsi nədir? 30 ildən sonra hazırladıqları statistik məlumatdan aydın oldu ki, paytaxtlarında qəbirstanlıqlarda yaşayan 2 milyon evsiz-eşiksiz insan var. Amerikanın hansısa ölkə üzərində nüfuz və ağalığı bax bu cür sonluqla nəticələnir. Elə buna görə də mühüm olan daxili potensiala arxalanmaqdır.

Bəzən düşmən inkişafın qarşısını almaq üçün müxtəlif manelər yaradır. Bəli, belə hallarda çözüm yolu düşünərək gedib o maneələri aradan qaldırmaq rasional bir addımdır, amma düşmənə etimad etmək olmaz. Buna misal olaraq, nüvə danışıqları və BKTP məsələsini qeyd etmək olar. Bu gün bizim öz diplomatlarımız, həmin müzakirələrdə əvvəldən axıra qədər iştirak etmiş rəsmilərimiz özləri bildirirlər ki, Amerika götürdüyü öhdəliklərə əməl etmir, Xarici İşlər Naziri və digər rəsmilərinin üzdə təmkinli davranışlarına, yağlı və mülayim dilinə baxmayaraq, arxada təxribat törədir, ölkəmizin dünya ölkələri ilə iqtisadi əlaqələr yaratmasına mane olur. BKTP rəsmiləri özləri bunu deyirlər. Mən bunu hələ bir il, il yarım əvvəl daim deyir, təkrarlayırdım ki, amerikalılara inanmaq olmaz. O vaxt bu sözü qəbul etmək bəzilərinə ağır gəlirdi, bu gün isə BKTP rəsmiləri özləri deyirlər. Nüvə danışıqlarında iştirak etmiş möhtərəm rəsmilərimiz elə keçən həftə qarşı tərəflə Avropada toplantı keçirdilər. Bu sözləri onlara da dedilər, amma heç bir cavab ala bilmədilər. Nümayəndələrimiz onlara öhdəliklərinə əməl etmədiklərini, sözlərinin üstündə durmadıqlarını, yerinə yetirilməsi lazım olan işləri görmədiklərini, arxadan təxribat apardıqlarını irad tutsalar da, onların veriləsi bir cavabı olmadı. BKTP-nin imzalanmasından 6 ay keçib, amma xalqın məişət durumunda hiss olunacaq, nəzərə çarpacaq heç bir dəyişiklik baş verməyib; halbuki BKTP əslində elə sanksiyaların qaldırılması üçün idi, məqsəd zülmkarcasına tətbiq olunan sanksiyaların götürülməsi idi. Belə deyildimi? Nə isə, sanksiyalar qaldırılmadı; indi də deyirlər ki, tədricən, yavaş-yavaş düzələcək! Məgər söhbət sanksiyaların tədricən qaldırılmasından gedirdi? Həmin ərəfədə dövlət rəsmiləri mənə də, xalqa da deyirdilər ki, bu danışıqların nəticəsi olaraq, İran üzərinə götürdüyü müəyyən öhdəlikləri yerinə yetirəcək, bununla da bütün sanksiyalar birdəfəyə aradan qaldırılacaq; yəni Amerikanın İran xalqı üçün yaratdığı zülmkar və xəbis maneələr ortadan qaldırılacaq. Bəli, bu vədin üzərindən artıq 6 ay keçib, amma sanksiyalar qaldırılmayıb. 80 milyon əhalisi olan bir ölkə üçün 6 ay az müddətdirmi? Amerikanın bu çirkin davranışları olmasaydı, bu 6 ay ərzində möhtərəm dövlət rəsmilərimiz azmı iş görərdilər? Bu nüvə danışıqları bizim üçün bir təcrübə oldu. Keçən il – keçən il idi, ya il yarım öncə idi, dəqiq tarixi yadımda deyil (1) – ümumi çıxışlarımdan birində mən demişdim ki, BKTP və nüvə danışıqları bizim üçün bir nümunə olacaq; baxaq görək amerikalılar nə edəcəklər; indi şirin dillə, yumşaq danışırlar, gah məktub yazıb əməkdaşlıq etmək niyyətində olduqlarını bildirir, müzakirələrdə, iclaslarda iranlı rəsmilərlə yağlı dillə danışırlar, görək əməldə nə edəcəklər. Əməldə nə etdikləri artıq aydın oldu! Üzdə söz verir, xoş dillə danışır, yaltaqlıq edirlər, əməldə isə məkrli planlar hazırlayır, təxribat törədir, işlərin irəliləməsinə mane olurlar; bax bu oldu Amerika; bu oldu təcrübə. İndi də deyirlər gəlin regiondakı problemlər barədə danışaq! Biz isə artıq qazandığımız təcrübədən bilirik ki, bu, bizim üçün öldürücü zəhərə bərabərdir. 

Bu təcrübələr bizə göstərdi ki, Amerikanı heç bir məsələdə etimad ediləcək bir tərəf-müqabil olaraq görüb, onunla müzakirə aparmamalıyıq. İnsan düşmənlə də anlaşa bilər, amma verdiyi sözün üzərində duran, müxtəlif bəhanələrlə sözündən dönməyəcəyinə, öhdəliklərindən boyun qaçırmayacağına əmin olduğu bir düşmənlə! Belə bir düşmənlə anlaşmaq mümkündür, bəli. Ancaq düşmənin alcaq niyyətli, boyun aldığı öhdəlikləri yerinə yetirməməkdən qətiyyən çəkinməyən, vədini pozan, öhdəliklərini nə üçün yerinə yetirmədiyini soruşanda da yenə gülümsəməyə başlayan, yağlı dillə özünə müxtəlif şəkildə bəraət qazandırmağa çalışan biri olduğu dəqiqləşəndən sonra isə belə bir düşmənlə danışıqlar aparmaq olmaz. Mənim bu illər ərzində daim ABŞ-la müzakirələrə getmək lazım olmadığını vurğulamağımın səbəbi də elə budur. Bunlar onu göstərir ki, Amerika və onun kimi digər dövlətlərlə aramızda olan nüvə, regional və bir sıra başqa problemlər danışıqlar yolu ilə çözülməyəcək. Ona görə də biz özümüz bir çıxış yolu seçməli və həmin yolla da getməliyik. Qoy düşmən sizin arxanızca qaçsın, qoy o, sizin arxanızca sürünsün. Siyasətçi və diplomatlarımız Amerikanın bu cür müzakirələrlə hər şey əldə etmək, əvəzində isə qarşı tərəfə heç bir şey vermək istəmədiyini açıq-aydın elan edirlər. Heç bir şey vermək istəmirlər! Siz bir addım geri çəkilsəniz, o, bir addım irəli gələcək. Mən Amerika ilə danışıqlara getmək lazım olmadığını daim deyirəm, bəziləri etiraz edir, “Müzakirələr aparmağın nə eybi, nə iradı var?” – deyirlər. Eybi budur: Amerika ilə danışıqlara getmək sizi doğru yolunuzdan sapdıracaq, hansısa üstünlüyü sizdən alacaq (danışıqlara qatılırsınızsa, bu o deməkdir bir imtiyazı əldən verib, başqa bir imtiyaz qazanırsınız; danışıqların mənası budur da; danışıqlara getmək oturub söhbətləşmək, deyib-gülmək, zarafatlaşmaq demək deyil ki; danışıqlar odur ki, bir şeyi ver, başqa bir şeyi al), verməli olduğunuzu sizdən götürəcək, amma özü verməli olduğunu sizə verməyəcək; hegemonluq edəcək. İmperialist budur, beynəlxalq imperializm belə olur; hegemonluq edir özünü başqalarından üstün bilir, verdiyi sözün üstündə durmur, vədinə əməl etmir, öhdəlikləri qarşısında məsuliyyət hiss etmir. İmperializm budur! Onlar öz vədlərinə xilaf çıxırlar. Dahi İmam Xomeyni bu haqda buyurmuşdu ki, “Amerika böyük Şeytandır!” Bu, sözün həqiqi mənasında misilsiz bir ifadədir. Allah-taala Qiyamət günü Şeytanın ona itaət edənlərə belə deyəcəyini buyurur: 

اِنَّ اللهَ وَعَدَکُم وَعدَ الحَقِّ وَ وَعَدتُکُم فَاَخلَفتُکُم

“Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım”. (“İbrahim” surəsi, 22-ci ayədən)

Şeytan öz davamçılarına: “Allah-taala sizə doğru vəd vermişdi, sizlərsə Allahın vədinin ardınca getmədiniz, həmin vədə sadiq qalmadınız” – deyəcək; “Mən sizə yalan vəd vermişdim, sizsə mənim ardımca gəldiniz! Mən vədimə xilaf çıxdım, sizə vəd verdim, amma vədimə əməl etmədim” – Qiyamət günü Şeytan öz ardıcıllarını bu cür məzəmmət edəcək. Daha sonra Allah-taala Şeytanın onlara belə deyəcəyini buyurur:

فَلا تَلومونی وَلوموا اَنفُسَکُم

– yəni “Məni yox, özünüzü məzəmmət edin”. Bu deyilənlər Amerikanın bugünkü davranışına tamamilə uyğundur. Şeytan bu sözləri Qiyamət günü deyəcək, Amerika isə hazırda deyir; söz verir, amma yerinə yetirmir, vədini pozur. Özünə çatacaq imtiyazı nağd alır, nisyə vəd etdiyi imtiyazısa vermir. Amerika bu cürdür. Odur ki başqalarına inanmaq, etibar etmək olmaz.

Qoy əziz gənclərimiz ölkənin irimiqyaslı məsələləri, siyasətləri haqqında danışılan bu şeylər haqda dərindən fikirləşsinlər. Mənim bu dediklərim konkret təcrübədən, düşməni tanımaqdan, onun necə bir düşmən olduğunu bilməkdən irəli gəlir. Bunlar elə-belə, əsassız danışılan sözlər deyil ki, kimsə desin, bir başqası da cavab versin ki, “Xeyr, elə deyil”. Yox, əziz gənclərimiz bu söylənənlərə diqqətli yanaşmalıdırlar. Xoşbəxtlikdən, ölkəmizdə dərin düşüncəli, istedadlı gənclər olduqca çoxdur. Qoy oturub analiz etsinlər, araşdırsınlar, o zaman hansı yolu tutmaq lazım olduğu da müəyyənləşəcək.

O yol hansıdır? O yol az öncə vurğuladıqlarımdan ibarətdir: ölkənin daxili potensialına, daxildəki imkanlara, bacarıqlı və istedadlı gənclərə, onların təşəbbüskarlığına, gördükləri işlərə, yiyələndikləri elmi biliklərə, biliklərini yeni texnologiyalara çevirmək bacarığına güvənmək, arxalanmaqdır. Bizim potensialımız olduqca genişdir. Statistik məlumatlar göstərir ki, (əlbəttə, bu məlumatlar bir neçə il əvvələ aiddir) ölkəmizdə bir neçə yüz min kiçik istehsal müəssisəsi var. Bu olduqca önəmlidir! Mən çıxışlarımda dəfələrlə vurğulamışam ki, möhtərəm ölkə rəsmiləri iqtisadiyyat sferasında kiçik və orta istehsalat müəssisələrinin fəaliyyətini genişləndirməlidir. Ölkəmizdə bir neçə yüz min bu cür müəssisə var. Yeni iş yerlərinin açılması, sahibkarlıq fəaliyyətinin dirçəlməsi üçün həmin müəssisələri yenidən canlandırmaq lazımdır.

Mən elmi tutumlu iqtisadiyyatın vacibliyini israrla vurğulayıram; sevindirici haldır ki, bir neçə ildir ölkədə bu sahədə işlərə start verilib, əhəmiyyətli işlər də görülüb, lakin elmi tutumlu istehsal müəssisələrinin fəaliyyəti daha da genişləndirilməlidir. Biz yerli istehsala arxalanmalıyıq. İndiyə qədər mən yerli məhsullardan istifadə məsələsini dönə-dönə vurğulamışam, yenə də sizə, əziz xalqımıza deyirəm ki, yerli məhsullardan istifadə edin, İran fəhlələrinin işinə rəvac verin, İran zəhmətkeşlərinin əməyinə dəstək olun. Təəssüflər olsun ki, reallıq bu cür deyil. Müxtəlif sferalarda, misal üçün, məişət avadanlıqlarının istehsalı sahəsində yerli fabriklərimiz fəaliyyət göstərir, gözəl, bəyənilən, xarici analoquna bərabər, bəzən ondan da yaxşı məhsullar istehsal olunur, amma bazara çıxanda görürsən ki, hamısı xarici mallardır. Nəyə görə? Bunlar haradan gətirilir? Bax elə buna görə də mən daxildə analoqu olan məhsulların idxalının qarşısını almaq lazım olduğunu təkidlə vurğulayıram; yolu budur.

Qaçaqmalçılıq məsələsinə gəlincə, mən aidiyyətli qurumların rəsmilərinə dönə-dönə tapşırmışam ki, qaçaqmalçı bandaları ələ keçirəndə onların ölkəyə gətirdiyi külli miqdarda, çəkisi min tonlarla olan məhsulları hamının gözü önündə od vurub yandırsınlar; qoy qaçaqmalçılığa, daxildə analoqu olan xarici məhsulların idxalına zərbə dəysin. Aydın məsələdir ki, xarici məhsul idxal olunduqda yerli istehsal zəifləyir; istər gömrük və sair bu kimi qanuni yollarla olsun, istərsə də qaçaqmalçılıq yolu ilə; təəssüflər olsun ki, bu ikinci qeyri-qanuni yoldan daha çox istifadə olunur. Yerli istehsal zəiflədikdə isə bu gün üzləşdiyimiz vəziyyət meydana gəlir: gənclərimiz işsiz qalır, iş yerlərimiz azalır, iqtisadiyyatımızda durğunluq hökm sürməyə başlayır, əhalinin yaşayışı çətinləşir. Daha bu problemləri də Amerika və Avropa ilə əlaqələr qurmaqla həll etmək olmaz ki! Bunları özümüz həll etməliyik. Bu işlərin həlli öz üzərimizə düşür: bir yolu da budur.

Ölkənin imkan və potensialları olduqca genişdir, sahibkarların fəaliyyəti üçün də imkanlar çoxdur. 80 milyon əhalisi olan (təbii ki, əhalinin sayı 150 milyona da çata bilər; həmişə qeyd etdiyim kimi, inşallah, rəsmilər də bu gün ölkəmizdə, xoşbəxtlikdən, var olan bu gənc nəslin daha da çoxalmasına, yox olmamasına kömək göstərsinlər; gənc nəslin yaranması prosesi dayandırılmamalıdır; illər keçdikcə ölkə əhalisinin tədricən yaşlaşmasına imkan verməsinlər), bu qədər əhaliyə, bu cür potensiala, dörd mövsümün verdiyi imkanlarla sahib olan bu ölkə maddi cəhətdən inkişaf edə, vətəndaşlarımızın rifahı ilə bağlı problemlər həll oluna bilər; yolu budur.

Mən vətəndaşlarımızın məişət rifahı, problemləri haqqında çox fikirləşirəm, bu cür problemlərin varlığı məni çox narahat edir. Amma nə qədər çox düşünür, bu barədə mütəxəssislərlə, vəziyyətə bələd olan, məlumatlı insanlarla nə qədər çox danışıb məsləhətləşirəmsə, sonda yenə də mütləq şəkildə yerli istehsala arxalanmaqdan başqa bir çıxış yolu olmadığını görürəm. Xarici biznesmenlərin gəlib-getməyinin bizə nə xeyri, nə isti-soyuğu var? İndiyə qədər nə ediblər? Bir ilə yaxındır gedib-gəlirlər, hələ heç bir iş görməyiblər. Nail olmaq istədikləri bir şey varsa, İran bazarını ələ keçirməkdir ki, o da bizim zərərimizədir. O heyətlərin gediş-gəlişinin faydası bu olmalıdır ki, ölkəyə investisiya yatırılsın, yeni istehsalat müəssisələri açılsın, ölkəyə ehtiyac duyulan sahələrdə müasir texnoloji avadanlıqlar gətirilsin; bunlar olmalıdır; ancaq bunlar ya tamamilə yoxdur, ya da çox azdır. Möhtərəm rəsmilər bu məsələlərə diqqət göstərməli, bu hədəfləri izləməlidirlər. İlimizi “əməli tədbirlər ili” elan etmişik; əlbəttə, hazırda işləyirlər, çalışırlar, amma inşallah, nəticələr də göz önündə olmalı, xalq onları bilavasitə öz yaşayışında hiss etməlidir; yolu budur.

Əlbəttə ki, mədəniyyət sferası, mənəvi dəyərlər və sair bu kimi məsələlər haqqında da deyiləsi sözlər çoxdur, amma mən indi həmin məsələlərə toxunmaq, onlar haqqında danışmaq istəmirəm; bu barədə yeri gəlincə danışarıq. İqtisadi məsələlər, rifah problemləri haqqında isə deyəcəklərim bunlar idi. Əgər xalqın gündəlik güzəranının yaxşılaşmasını, mövcud iqtisadi problemlərin həll olunmasını, sosial təbəqələşmənin aradan qaldırılmasını istəyiriksə, bu işlərə diqqət yetirməliyik.

Ən önəmli məsələlərdən biri də hökumət daxilində korrupsiya probleminin qarşısının alınmasıdır. Bu məsələ artıq qaldırılıb, deyilib və rəsmilər də, şükürlər olsun ki, bu cür korrupsiya hallarının, artıqtamahlığın, mənimsəmələrin, ağlasığmaz həcmli əməkhaqlarının qarşısının alındığını açıq-aşkar bildirirlər. Allaha şükür, mənə verilən məlumata əsasən, bəzi qurumlarda bu tədbirlər artıq həyata keçirilib, reallaşıb. Bu kimi tədbirlər daha da genişləndirilməli, davam etdirilməli, yarımçıq saxlanmamalıdır. Korrupsiyanın qarşısı, mütləq, alınmalıdır.

Dəbdəbəyə, zadəgan həyat tərzinə meylin də qarşısı, mütləq, alınmalıdır; bu, ölkə üçün bir bəladır. Dəbdəbəli, aristokratik yaşam tərzi toplumun yuxarı dairələrində özünə yer tutanda getdikcə aşağı təbəqələrə də yayılır. Onda da görürsən ki, heç maddi vəziyyəti yaxşı olmayan bir ailə oğlunu evləndirmək, qızını köçürmək, ya bir qonaqlıq vermək istəyəndə dəbdəbə qurmaq, aristokratlar kimi davranmaq məcburiyyətində qalır. Dəbdəbəçilik, zadəgan həyat tərzi mədəniyyət hesab olunanda bax belə bir vəziyyət yaranır. Ona görə də bu kimi meyillərin qarşısı, mütləq, alınmalıdır. Rəsmilərin davranışları, danışığı, verdiyi göstərişlər bu dəbdəbəçiliyə, aristokratik həyat tərzinə zidd olmalıdır; eynilə İslam dinində olduğu kimi.

Mənim ölkənin problemləri ilə bağlı demək istədiklərim bunlar idi. İqtisadi problemlər haqqında danışarkən mən xalqımıza da, hökumət nümayəndələrinə də bunları daim deyirəm; mənim dediyim budur ki, gəlin öz daxili potensialımıza arxalanaq, güc və imkanlarımızı aşkara çıxaraq. Ölkənin problemləri də, onların həlli yolları da müəyyənləşdirilib. Gəlin o həll yolları üçün fəaliyyət proqramları hazırlayıb irəli gedək.

Regiondakı problemlərə gəlincə. Bu gün regionda durum olduqca gərgindir; prosesləri izlədikdə burada da yenə Amerikanın əli olduğu aydınlaşır. Bəli, Səudiyyə dövlətinin İsrail rejimi ilə açıq-aşkar əlaqələr qurması, gediş-gəliş yaratması İslam ümmətinin kürəyinə saplanmış xəncərdir. Heç şübhəsiz, Səudiyyə dövlətinin atdığı bu addım – sionist rejimlə açıq əlaqələrə girmələri, həqiqətən də, İslam ümmətinə arxadan vurulan zərbədir. Müqəssirdirlər, İslam ümmətinə çox boyük xəyanət ediblər, amma bu hadisədə də Amerikanın rolu var. Səudiyyə dövləti Amerikaya tabe olduğu üçün, onun ağalığı altında olduğu üçün, gözünü onun ağzına dikdiyi üçün bu cür böyük bir səhvə yol verdi; bu hadisədə Amerikanın əli var.

Yaxud Yəmənin təxminən il yarımdır bombardman olunması; zarafatdır? Bir ölkəni, özü də hərbi obyektləri yox, bazarları, xəstəxanaları, evləri, ictimai yerləri, küçələri, məktəbləri heç bir səbəb olmadan bombardman etmək! Bu, kiçik, əhəmiyyətsiz bir məsələ deyil, çox böyük bir cinayətdir. Nə ramazan ayı bilirlər, nə haram ay bilirlər, nə azyaşlıları nəzərə alırlar; nə qədər uşaq öldürürlər! Bəli, bu çox böyük bir cinayətdir və təəssüflər olsun ki, Səudiyyə hökumətinin əli bu cinayətə də bulaşıb. Ancaq bu da Amerikanın havadarlığı, onun yaşıl işıq yandırmağı, Amerikadan gətirilmiş hərbi təyyarlər, silah-sursat sayəsində baş verir; Səudiyyə hökuməti üçün bütün bu imkanları yaradan ABŞ-dır. Hətta BMT bu hadisələrlə əlaqəli ağzını açıb bir söz demək istədikdə (ömründə bir dəfə haqqına söz deyib etiraz etmək, günahkarı qınamaq istəyirdilər) onları da pulla, təhdidlə, yaxud müxtəlif təzyiqlərlə susdururlar. BMT-nin o üzüqara, bədbəxt katibi özü etiraf edib dedi ki, mənə təzyiq göstərdilər. Yaxşı, əgər təzyiq göstərirlərsə, bacarmırsansa, kənara çəkil! Nəyə görə hələ də postunda qalıb insanlığa xəyanət edirsən? Axı bu hərəkətin insanlığa xəyanətdir. Bu olayda da ABŞ-ın əli var.

Bəhreyn məsələsində də; yad bir ölkənin ordusu bu ölkənin ərazisinə daxil olub xalqa təzyiq göstərir, hücüm edir. Bu hadisədə də onlara yaşıl işıq yandıran Amerikadır. O Səudiyyə hökuməti usaq-muşaq əlində qalmış bir dövlətdir; həqiqətən də, hazırda o dövlət bir dəstə ağılsız uşağın əlində qalıb; ancaq hadisələri analiz etdikdə, dərindən izlədikdə anlamaq olur ki, onlara havadarlıq edən, arxa duran, doğrudan da, Amerikadır.

Eynilə o təkfirçi terror dəstələri də. Düzdür, hazırda onlara qarşı koalisiya yaratdıqlarını iddia edirlər (söz yox ki, elə indi də onlara qarşı mübarizə aparmaq üçün doğru-dürüst bir iş görmürlər; mənə çatan məlumata görə, müəyyən yerlərdə hətta onlara köməklik də edirlər), ancaq həmin qrupları yaradan da elə Amerikanın özüdür. ABŞ rəsmilərindən bəziləri özləri bunu etiraf ediblər. Özləri deyiblər ki, müsəlmanlar arasında konflikt yaratmaq, əməvi və mərvani İslamını yaymaq üçün İŞID-in meydana gəlməsinə biz köməklik göstərmişik. Bu vəhhabi və təkfirçi İslamı elə əməvilərin, mərvanilərin İslamıdır, həqiqi İslamdan kilometrlərlə uzaq olan bir İslamdır; İslam dinini bədnam etdilər. Əlbəttə ki, indi özlərinin də əleyhinə çevrilib. Məşhur bir fars atalar sözündə deyildiyi kimi, külək əkən, fırtına biçər. İndi yavaş-yavaş fırtınanın bəlasını çəkəcəklər. Amma hər halda, günah onlarındır, bu işi görən onlar olub.

Digər hadisələr də eynilə bu cürdür. ABŞ regiondakı problemləri həll etmək istədiyini iddia edir, halbuki reallıq bunun əksini göstərir. Bu problemləri yaradan, yaxud daha da kəskinləşdirən Amerika özüdür; problemlərin həllinə mane olan, əngəllər törədən elə Amerikadır. Region xalqlarının öz əlində olsa, problemləri çözərlər. Mən yenə də müsəlman ölkələrinə, qonşu ərəb dövlətlərinə səslənirəm. Onlar bilməlidir ki, ABŞ etimada layiq deyil. Amerika onlara bir alət, vasitə kimi baxır; regionda İsrail rejimini qoruyub saxlamaq, özünün imperialist maraq və siyasətlərini yürütmək üçün bir vasitə. Əslində, Amerikanın o dövlətlərə heç bir bağlılığı yoxdur; onların pulundan istifadə edir, gücündən öz məqsədləri üçün yararlanır. Bunu da yalnız regionda İsrail rejiminin və öz imperialist maraqlarının qalıcılığını, qorunmasını təmin etmək üçün edir. Onlar məhz bununla məşğuldurlar.

Fikrimcə, regiondakı problemlərin həlli yolu müsəlman xalqlarının və dövlətlərinin birliyində, onların imperializmə, Amerika və bəzi Avropa dövlətlərinin hədəflərinə qarşı mübarizə aparmasındadır. Bəzi Avropa dövlətləri də Amerikanın istəklərinə tabe olduqlarına görə region xalqlarının gözündə nüfuzunu itirib. Halbuki onların hətta İran xalqının da gözündə hörməti vardı, ancaq Amerikaya itaət etdiklərinə görə rüsvay olublar. Onların hədəflərini müəyyənləşdirmək və bu hədəflərə qarşı mübarizə üçün hərəkətə keçmək lazımdır. Xalqlar bunu bacaracaq və əlbəttə ki, bizim xalqımız da bu yolda ayağa qalxıb.

Sizə bir şey də deyim: bütün bu deyilənlər Amerikanın regiondakı mövqeyinin gündən-günə daha da zəiflədiyini göstərir. Planları artıq ifşa olunub və hansı məqsədi güddüyü məlumdur: Amerikanın məqsədi müxtəlif ölkələrin işinə müdaxilə etməkdir. Belə deyil ki, elə ancaq bizimlə düşməndirlər, başqa dövlətlərlə isə dost; xeyr, Türkiyədə baş verən hadisələri gördünüz. Əlbəttə, hələ qəti sübut olunmayıb, amma çox böyük ehtimalla, Türkiyədə baş verən çevriliş cəhdi də amerikalıların hazırldığı plan idi. Əgər sübut olunarsa, bu, ABŞ üçün çox böyük bir rüsvayçılıq olacaq. Türkiyə Amerika ilə yaxşı münasibətlərdə olan bir ölkə idi və regionda onların müttəfiqi olduğunu deyirdi. Bununla belə, Türkiyə ilə də dil tapıb yola getmək istəmirlər. Çünki orada da hakim dairələrin İslam dininə meyli var, onlarsa İslamın, İslama meyillənmənin əleyhinədirlər. Elə buna görə də hətta orada da çevriliş törətməyə çalışırlar. Sözsüz ki, çevriliş cəhdi yatırıldı, səbəbkarlar məğlub oldu və Türkiyə xalqının da nifrətini qazandı. Eynilə başqa yerlərdə: İraqda, Suriyada və başqa ölkələrdə də vəziyyət bu cürdür. Şükürlər olsun ki, gündən-günə mövqeləri zəifləməkdədir.

Əgər biz İran xalqı Allah-taalanın verdiyi vədə nikbin yanaşıb, onun həyata keçməsi üçün lazım olan zəmini hazırlasaq, problemlər həll olunar. Uca Yaradan buyurur:

اِن تَنصُرُوا اللهَ یَنصُرکُم

“...Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və addımlarınızı möhkəmlədər”.(“Muhəmməd” surəsi, 7-ci ayədən)

Əgər siz Allah-taalanın dininə dəstək olub özünüzdə ilahi stimulu gücləndirsəniz, Uca Yaradan da, mütləq, sizə yardım edəcəkdir. Allah-taalanın yardım etdiyi kəsi isə dünyada heç bir kimsə məğlub edib zəiflədə bilməz, gündən-günə güclənər və uğurları çoxalar. Ümidvaram, Uca Yaradan İran xalqına bütün sferalarda – təhlükəsizlikdə, iqtisadiyyatda, siyasətdə, elmdə, mədəniyyətdə, hərbi işdə, inşallah, qələbə nəsib edəcək və siz əziz xalqımızı hər gün əvvəlkindən daha xoşbəxt və müzəffər edəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_____________________

(1) Ali Məqamlı Rəhbərin Həzrəti-Fatimənin (s) mövludu münasibətilə Əhli-beyt (ə) məddahlarından bir qrupu ilə görüşü zamanı etdiyi çıxış (20.01.1394)