بسماللهالرّحمنالرّحیم. الحمدلله ربّ العالمین، الحمدلله الّذی خلق السّماوات و الارض و جعل الظّلمات و النّور ثمّ الّذین کفروا بربّهم یعدلون والصّلاه و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین نحمدالله و نشکره و نستعینه و نستغفره و نتوب الیه
Möhtərəm iştirakçılar, əziz namazqılanlar, mübarək Fitr bayramı münasibətilə sizin hamınızı, habelə bütün İran xalqını və böyük müsəlman ümmətini təbrik edirəm. Fitr bayramının əzəmətini çatdırmaq üçün təkcə bunu qeyd etmək kifayətdir ki, bu gün qılınan namazların qunutlarında Allah-taalanı bu günə and veririk; bu, Fitr bayramı gününün nə qədər əzəmətli olduğunu göstərir. Mömin insanların bir aylıq ibadət, zikr, təvəssül, itaət və xidmətinin başa çatması bütün camaat üçün bayram, Peyğəmbəri-Əkrəm (s) üçün isə dəyərli bir ehtiyat və başucalığıdır.
Bu gün mən bu xütbədə onu demək istəyirəm ki, əlhəmdulillah, mömin xalqımız, ramazan ayını çox gözəl – mənəviyyat, Uca Yaradana diqqət, təvəssül, itaətkarlıq, dua və yalvarışlarla dolu bir şəkildə keçirdi. Biz ölkə rəsmiləri həm bu mömin xalqa, bu nurlu qəlblərə qibtə etməli, həm də bu mömin xalq qarşısında üzərimizə qoyduğu məsuliyyətə görə Allah-taalaya şükür etməliyik. İlin ən uzun və ən isti günlərində ölkəmizin dörd bir yanında insanlar oruc tutdu, orucağız istiyə dözdü, hətta gənclərimiz, yeniyetmələrimiz belə, şövq və rəğbətlə oruca gəldi. Müəyyən qüvvələr, xəbis əllər yeniyetmələrimizi oruclarını yeməyə təşviq etməyə çalışdı, amma Allaha şükürlər olsun ki, bunu bacarmadılar, heç bacarmayacaqlar da; amma yenə də qoy rəsmilər və xalqın sıravi nümayəndələri diqqət yetirsinlər, görsünlər ki, qərəzli və xəbis düşmənlər haralara qədər düşünüb, nələrə fikir veriblər; ölkədə yetişməkdə olan yeni nəsli dindən uzaqlaşdırmaq, orucu yeməyə sövq etmək üçün oturub planlar cızırlar, proqramlar hazırlayırlar. Əlhəmdulillah, xalq onların ağzından vurdu.
Bu ay ilahi ziyafət ayıdır; ilahi ziyafət qurulur, Allah-taala ev sahibliyi edir. Allah-taalanın bu ayda ev sahibi olaraq öz qonaqlarına təqdim etdiyi nemətlər isə qəlblərin nurlanması, günahların bağışlanması, insanların özündə mənəvi güc taparaq böyük və xeyirli işlərə müvəffəq olmasıdır. Belə işlər içərisində ən əhəmiyyətli olanlardan biri isə mübarək ayın son cüməsində – Qüds günü, dahi liderimiz İmam Xomeyninin (r.ə) tövsiyə və təkidi ilə ölkəmizin dörd bir yanında, eləcə də bir çox digər müsəlman ölkələrində keçirilən yürüşlərdir. Qüds gününün qeyd olunduğu cümə günündə bəzi şəhərlərimizdə hərarət o qədər yüksək idi ki, təbii ki, o istidə insan hərəkət edə bilmir, amma camaat həmin gün gəlib Qüds yürüşlərində iştirak etdi; ölkənin hər yerində, xüsusilə də daha isti iqlim şəraitinə malik cənub ostanlarında.
Xalqımız, doğrudan da, cihad etdi; orucağız, qızmar günəşin altında Fələstin məsələsinə qarşı mövqeyini fəryad edib çatdırmaq üçün qalxıb gəldi. Bu o deməkdir ki, bəzi müsəlman ölkələri Fələstin ideyasına xəyanət etdiyinə, bəziləri etinasızlıq göstərdiyinə, bəzi xalqların isə bu problemdən xəbəri olmadığına baxmayaraq, İran xalqı öz iştirakı və fəryadı ilə bütün düşmənlərin qarşısında durmağa və Fələstin problemini qaldıraraq bu məsələnin aktuallığını qorumağa hazırdır.
Bu ilin ramazan ayında ölkənin hər yerində xalqımızın dinə və mənəviyyata olan rəğbət və bağlılığının əlamətləri geniş miqyasda sərgiləndi, möhtəşəm Quran məclisləri təşkil olundu; əlhəmdulillah, bu məclislər dövlət televiziyası ilə də işıqlandırılırdı. Müqəddəs məkanlarda gündəlik təşkil olunan və artıq adət halını almış birgə cüz oxunuşları əhali tərəfindən çox müsbət qarşılanır; bu il də əksər şəhərlərdə təşkil olundu. Bu il, xüsusilə də paytaxt Tehranda adi vətəndaşların iftar süfrələri təşkil etməsi digər bir müsbət hal idi – düzdür, mənim hələ bölgələrdən dəqiq məlumatım yoxdur; əlbəttə ki, İmam Rza (ə) hərəmi kimi müqəddəs ziyarətgahlarda ümumi iftarlar təşkil olunurdu – vətəndaşlar hüseyniyələrdə, məscidlərdə, yollarda, məhəllələrdə, əksər küçələrdə iftar süfrələri açırmış, yoldan ötənlərə iftar yeməkləri təklif edirmiş, insanlar da yaxınlaşıb otururmuş; mənə onların şəkillərini və videogörüntülərini gətirmişdilər; mənəviyyata bu dərəcədə bağlılıq, insanların bir-birinə bu şəkildə xidmət göstərməyə can atması insanı, doğrudan da, mütəəssir edir. Bu il bu, geniş hal almışdı; əlbəttə, ötən illərdə də var idi, amma bu il ötənlərlə müqayisədə daha geniş yayılmışdı. Tehranda ki, demək olar, kütləvi hal almışdı, digər rayonların əksəriyyətində də bir qayda olaraq rast gəlinir (əlbəttə ki, məndə dəqiq məlumat yoxdur). Bu, o özünü göstərmək məqsədi ilə verilən, israfçı iftar süfrələrinin tam əksidir; o cür bahalı iftarlarda bəzən elə adamlar iştirak edir ki, heç buna haqqı çatmır; belə iftarları bəzən müəyyən rəsmi dövlət orqanları da təşkil edir, halbuki heç bir əsası yoxdur; bir qrup adamı otellərə yığırlar; elə insanları ki, heç o iftarlara ehtiyacları da yoxdur. Sadə vətəndaşların gördüyü bu iş isə onların etdiyinin tam əksidir. Özlərini “küçələri dolaşan aşiqlər” adlandıran bir qrup – çox layiqli də bir ad seçmişdilər – qapı-qapı gəzərək insanların evinə iftar yeməkləri aparırdı; bizə çoxlu sayda belə faktlar barədə məlumat verdilər, şəkillərini, videogörüntülərini gətirmişdilər; evlərdə iftar. Bunlar çox böyük, dəyərli işlərdir. Bunlardan əlavə, gecələri səhərə qədər dua, minacat məclisləri; məscidlərdə, hüseyniyələrdə, müxtəlif ictimai məkanlarda; özəlliklə də əhya gecələrində; hətta şəhidlərin məzarı başında. İnsanlar bir yerə toplaşıb qəlblərinin diqqətini Allaha yönəldirdilər. Bütün bunlar Allahın rəhmətinin cəlb edilməsi üçün bir vasitədir.
Ramazan ayının son 10 günündə icra olunan itikaf da getdikcə artmaqda olan bir sünnəyə çevrilir; inşallah, bu da mübarəkdir. Mənim aldığım məlumata görə, tanınmış, hörmətli həkimlərimizdən bəziləri ramazan ayının bəzi gecə və gündüzlərində xəstələrə təmənnasız olaraq – bir salavata xidmət göstərirmişlər. Bu o deməkdir ki, bu fədakarlıq, güzəşt tendensiyası əhalinin bütün təbəqələri arasında yayılmaqdadır. Daha bir ramazan ayını geridə qoyduq; bax belə bir ramazan ayı Allah-taalanın rəhmətinin cəlb edilməsinə səbəb ola bilər, inşallah.
Bu gün qeyd olunan Fitr bayramı eyni zamanda Peyğəmbəri-Əkrəmə (s) sonsuz ehtiramın ifadə olunduğu bir gündür;
جعلته لِلمُسلِمینَ عیدا، وَ لِمُحَمَّدٍ صلّی اللهُ علیهِ وَ آلِه ذُخرًا و شَرَفًا و کرامتًا وَ مَزیدا
Bu bayram insanlar tərəfindən böyük İslam peyğəmbərinə (s) hörmətin ifadə olunduğu, onun uca tutulduğu bir gündür. O insanlar tərəfindən ki, Allah-taala Peyğəmbəri-Əkrəm (s) haqda onlara belə buyurur:
عَزیزٌ عَلَیهِ ما عَنِتُّم
“... sizin əziyyətə düşməyiniz ona ağır gəlir...” (“Tövbə” surəsi, 128-ci ayə)
İnsanların çətinliyə, əziyyətə düşməsi ona ğır gəlir. Pərvərdigara! Səni and veririk Məhəmməd və Ale-Məhəmmədə, bu ramazan ayını və bu bayram gününü İran xalqı və dünyanın bütün müsəlmanları üçün mübarək et.
بِسمِاللَّهِالرَّحمنِالرَّحیمِ * وَالعَصرِ * اِنَّ الاِنسانَ لَفی خُسر * اِلَّا الَّذینَ ءامَنوا وَ عَمِلُوا الصّالِحتِ وَ تَواصَوا بِالحَقِّ وَ تَواصَوا بِالصَّبر
İkinci xütbə
بسماللهالرّحمنالرّحیم والحمدلله ربّ العالمین نحمده و نستعینه و نستغفره و نتوب الیه و نصلّی و نسلّم علی حبیبه و نجیبه و خیرته فی خلقه سیّدنا و نبیّنا ابی القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما علیّ امیرالمؤمنین و حبیبته الزّهراء المرضیّه سیّده نساء العالمین و الحسن و الحسین سیّدی شباب اهل الجنّه و علیّ بن الحسین و محمّد بن علیّ و جعفر بن محمّد و موسی بن جعفر و علیّ بن موسی و محمّد بن علیّ و علیّ بن محمّد و الحسن بن علیّ و الخلف القائم المهدی، حججک علی عبادک و امنائک فی بلادک
Əziz qardaş və bacılar, hamınızı Allaha qarşı təqvalı olmağa dəvət edirəm. Bu xütbədə İslam dünyası, müsəlman ümməti ilə bağlı müəyyən məsələlərə toxunmaq istəyirəm. Təəssüflər olsun ki, bəzi ölkələrdə insanların bayramı yasa çevrildi; Bağdadda öz ağalarının göstərişi ilə insanlar arasında qondarma, dəyişdirilmiş bir İslamı yaymaq istəyən cinayətkar, terrorçu ünsürlər bir neçə yüz ailənin sinəsinə əzizlərinin dağını çəkdi. Həmçinin İstanbulda, Banqladeşdə, bəzi digər ölkələrdə insanlar ramazan günlərində, oruclu halda terrorçuların hücumlarına məruz qaldılar. Bu, Amerika, İsrail və İngiltərənin təhlükəsizlik orqanları tərəfindən, bu dövlətlərin təhlükəli əlləri ilə yetişdirilmiş terrorun nəticəsidir, İslam dünyasında belə şeyləri yaradan onlardır. Əlbəttə ki, bunun ziyanını özləri də çəkəcəklər – necə ki getdikcə çəkirlər də – amma bu, onların günahı, onların təqsiridir; bu, yaddaşlardan silinməyəcək bir suçdur.
Təəssüflər olsun ki, ramazan ayında bəzi müsəlman ölkələrində – Suriya, Yəmən, Liviya və bəzi digər bölgələrdə – müharibə odu alovlanırdı. İslam dünyasının belə bir vəziyyətə düşməsi insanı, həqiqətən də, kədərləndirir. Bəziləri aralarındakı siyasi çəkişmələri vətəndaş müharibəsinə çeviriblər; siyasi çəkişmə bir şeydir, vətəndaş müharibəsi tam başqa bir şey; Suriya və bəzi digər yerlərdə belə müharibələri körükləyən isə məhz böyük dövlətlərin müdaxiləsi olmuşdur. Bu gün artıq 1 il 3 aydan çoxdur ki, Yəmən əhalisi bombardmana məruz qalır; amma yenə də, afərin Yəmən xalqına ki, Qüds günü havanın o cür isti olmasına, raket atəşlərinə baxmayaraq, o cür möhtəşəm bir yürüş təşkil edə bilmişdi. Əhsən o camaata, əhsən Yəmən xalqının başında duran müdrik rəhbərliyə! Suriyada da xalq imperializmin onların başına açdığı böyük bir oyuna düşüb.
Düşmənin bütün səyləri Fələstin məsələsini unutdurmaq üçündür. İslam dünyasının başını daxili problemləri ilə qatmaq istəyirlər ki, Fələstin məsələsi yaddan çıxarılsın və İsrail rejiminin öz xəbis məqsədlərini həyata keçirə bilməsi üçün fürsət yaransın. Biz bilməliyik ki, Fələstinin azadlığı uğrunda mübarizə dini xarakter daşıyan bir mübarizədir, təkcə ərəblərə yox, bütün müsəlmanlara aiddir. Bu, dünyanın istənilən yerində yaşayan hər bir müsəlmanın vəzifəsidir; əllərindən gələn hər bir şəkildə bu mübarizəni, bu fəryadı, bu hərəkatı davam etdirməlidirlər. Bu dərəcədə əhəmiyyətli bir məsələnin ərəblərin daxili problemi miqyasında kiçildilməsi səhv bir yanaşmadır.
Ölkəmizin daxili məsələləri ilə bağlı da bir məqama toxunmaq istəyirəm – o əmək haqlarını, beytülmaldan haqsız şəkildə və zülmlə edilən mənimsəmələri nəzərdə tuturam. Bu gün bu mövzu camaat arasında həddən artıq yayılıb, xəbərlər ağızdan-ağıza dolaşır. Bu kimi mənimsəmələr qeyri-qanunidir, günahdır, İslam İnqilabının ideallarına xəyanətdir. Sözsüz ki, indiyə qədər bu məsələdə səhlənkarlığa yol verilib, diqqətsizlik edilib, amma bütün bunlar kompensasiya edilməlidir. Belə olmasın ki, elə hay-küy salaq, bununla da məsələ bitsin, hər şey yaddan çıxsın; ölçü götürmək lazımdır. Sevindirici haldır ki, möhtərəm prezident və hakimiyyətin digər iki qolunun başçıları bu mövzu ilə əlaqədar ölçü götürəcəklərinə söz veriblər; məsələ ilə ciddi surətdə məşğul olmaq lazımdır; qanunsuz olaraq mənimsənilmiş pullar geri qaytarılmalıdır. Kimlərsə qanun pozuntusuna yol veribsə, cəzalandırılmalıdır, qanundan sui-istifadə olunubsa, həmin şəxslər işdən uzaqlaşdırılmalıdır. Elələri o qurumlarda çalışmağa layiq deyil.
Əlbəttə, bunu da diqqətdən qaçırmayaq ki, İslam dövlətinin düşmənləri bu olaydan dövlətimiz əleyhinə bir rıçaq kimi istifadə etmək istəyirlər. Belə mənfi hallara yol verənlər ölkəmizin rəsmi qurumlarında təmizlik və sədaqətlə işləyən rəhbər işçilər kollektivi ilə müqayisədə kiçik bir azlığı təşkil edir, sayları çox azdır, amma elə o azlıq da ziyanvericidir, o azacıq say da nöqsandır; bu nöqsanı aradan qaldırmaq lazımdır. Biz yoxsulluqdan irəli gələn bəlaları araşdırıb üzə çıxarırıq, onların aradan qaldırılması istiqamətində fəaliyyət proqramları hazırlayırıq, iclaslar keçiririk, amma dəbdəbəli, aristokratik həyat tərzindən irəli gələn bəlaları isə doğru-dürüst bilmirik. Cəmiyyətdə dəbdəbə, israfçılıq, parlaq, aristokratik həyat tərzi varsa və genişlənirsə, nəticədə belə bir vəziyyət ortaya çıxır, bu kimi olaylar meydana gəlir, hamı yalnız bir qənimət əldə edib özünü doydurmaq, qarnını haram malla doldurmaq barədə düşünür. Bu təzahürə qarşı ciddi şəkildə mübarizə aparmaq lazımdır; günahkarların işdən çıxarılması, həmin strukturlardan kənarlaşdırılması, beytülmaldan qanunsuz olaraq götürülmüş pulların geri qaytarılması ilə bağlı, mütləq, tədbir görülsün. Bu, hamının vəzifəsidir; camaat bu məsələyə önəm verir və əgər araşdırma aparılıb lazımi ölçü götürülməsə, xalqın dövlətə olan etimadı azalar, bu isə böyük bir faciədir. Ciddi tədbirlər görərək xalqın etimadını qoruyub saxlamaq lazımdır. Ümidvaram, Allah-taala bütün rəsmilərə mənəvi dəstək olub uğurlar qazandıracaq.
بِسمِ اللهِ الرَّحمنِ الرَّحیم* قُل هُوَ اللهُ احدٌ * اَللهُ الصَّمَدُ * لَم یَلِد وَ لَم یولَد * وَ لَم یَکُن لَهُ کُفُوًا اَحَدٌ
والسّلام علیکم و رحمةالله و برکاته