Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Həsən Müctəbanın (ə) mövludu gecəsində şairlərlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

Həmd olsun aləmlərin Rəbbinə. Məhəmməd və Ali - Məhəmmədə və Bəqiyyətullah Mehdi Sahibəzzamana Allahın salamı və salavatı olsun. 

Mütəmadi olaraq hər il ramazan ayının ortalarında keçirdiyimiz bütün görüşlər kimi, bugünkü görüşümüz də mənim üçün çox xoş və arzulanandır. Ünsiyyət, ədəbiyyat, saf mənəviyyatla dolu bu görüşlərdə mən poeziyamızdakı inkişafın, irəliləyişin də şahidi oluram. Bugünkü gənclərin şeirlərini 10-15 il əvvəlki ilə müqayisə edəndə müşahidə etdiyim inkişaf məndə sevinc və Uca Yaradana minnətdarlıq hissləri yaradır. Əlhəmdulillah, gənclərimiz çox yaxşılaşıb, çox irəliləyib, şairlərin sayı artıb, yaradıcılıq keyfiyyəti yüksəlib, ölkəmizdəki poeziya hərəkatı, əlhəmdulillah, üzü inkişafa doğru gedir. Çox yaxşı, amma əlbəttə ki, mən bundan da artığını arzulayıram, poeziyamızda çatışmazlıqlar da var. Belə ziyalı, ağıllı, zövq və sənət əhli olan bir kollektivlə görüşəndə insanın deməyə sözü çox olur; çox şeyləri demək istəyirsən, amma nə vaxt var, nə də taqət; artıq 2 saat, ya bəlkə, bundan da artıqdır ki, burdasanız, dinləyirsiniz, üstəlik mənim də uzun-uzadı danışıb sizi yormağım yaxşı düşməz; amma yenə də deyiləsi sözlər çoxdur. Şair demişkən: 

حرفهای نگفته‌ام به دل است‌ 
غزل ناسروده را مانم‌ 

Yazılmamış qəzələ bənzəyirəm, qəlbimdə deyilməmiş sözlər çoxdur. 

Əziz dostumuz, görkəmli şairimiz Həmid Səbzvarinin xatirəsini də yad etməyimiz yerinə düşər; bu illər ərzində həmişə bu məclislərdə bizimlə bərabər olardı; həmişə – demək olar, bütün görüşlərimizdə – onun iştirakından bəhrələnərdik. Mərhum Həmid Səbzvarini xatırlayarkən insan sırf bir dostunu, bir şairi yad etmir, Həmidi, onun şəxsiyyətini yada salarkən, onun poeziya həyatına bütövlükdə bir nəzər salıb araşdırarkən hər dəfə yeni nələrsə öyrənirsən, zehninə, düşüncənə hansısa yeni anlayışlar ötürülür. Nə qədər ki şairlərimiz, bu əziz insanlar həyatda olur, heç kəs onların yaradıcılığı ilə bağlı belə araşdırmalar aparmır, nə qədər ki həyatdadırlar, heç kəs doğru-dürüst bir tədqiqat aparmağa vaxt tapmır – hə, bax kim yaradıcılığının tez bir zamanda tədqiq olunmasını istəyirsə, yolu budur(2) – elə ki dünyadan getdilər, ağıllarına gəlir, nəzər salırlar, tədqiq edirlər. Mərhum Həmidə gəlincə, əvvəla onun çox gözəl təbi var idi; həqiqətən, şair idi; yəni əldəqayırma deyildi, anadangəlmə şair idi. İkincisi, cürbəcür şeir janrlarında yaza bilirdi, söz ehtiyatı geniş idi, şeirində müxtəliflik var idi, aktual idi; əsas da budur ki, aktual idi. Yəni Həmidi tanıdığım gündən – mən onunla, onun şeiriyyatı ilə inqilabın əvvəllərində, ilk aylarında tanış olmuşdum və o çətin günlərimizdə, yaşadığımız o problemlərin, sıxıntıların içində o sanki bizə azadlığın havasını çatdıran kiçik bir pəncərə idi və şəxsən mən bunu qənimət bilir, çox dəyərləndirirdim – o gündən ömrünün sonuna qədər bu insan həmişə çağdaş idi, aktual idi; yəni şeirləri, yaradıcılığı aktuallığını itirmirdi. 

Mənim fikrimcə, Həmid Səbzvarinin yaradıcılığının misilsiz bir xüsusiyyəti də onun dini-inqilabi nəğmələrə yazdığı sözlərdir; həm kəmiyyət, həm də keyfiyyət, mahiyyət baxımından. Bu gün bizdə bu cəhətdən boşluq var; bu gün də bizə dini-inqilabi nəğmələr lazımdır; bu, real bir ehtiyacdır. Əlbəttə ki, mən söhbətimin sonunda bu mövzu ilə bağlı bir məqama toxunmaq istəyirdim, özüm üçün qeyd götürmüşdüm, elə yaxşı oldu ki, nəğmələrdən söhbət düşdü, qoy qeyd etdiyimi elə burdaca deyim. Məncə, nəğmələrə yazılan şeirlər poeziyanın çox təsirli, effektiv bir janrıdır; onların təsiri bir çox, belə demək mümkünsə, bütün şeir janrlarından güclüdür; yəni təsir dairəsi genişdir və effektini sürətlə göstərir. Misal üçün, hazırkı vəziyyətə uyğun bir nəğmə ola, gənclər düşərgələrdə, yaxud birgə toplandıqları digər yerlərdə onu oxuya; məsələn, gənc alpinistlər dağlara çıxarkən bir ağızdan oxuya, 22 bəhmən yürüşlərində gənclər qrup halında ifa edə. Bunlar çox əhəmiyyətli şeylərdir, bunlar bizim özünə, genişlənməsinə ehtiyac duyduğumuz bilgilərin, təlimlərin təkrarlanması, genişləndirilməsi deməkdir. Dini-inqilabi nəğmələr məhz bu işi həyata keçirir və çox tez bir zamanda da öz təsirini göstərir. Onlar mədəniyyət formalaşdırır; dini-inqilabi nəğmələrin bir xüsusiyyəti də odur ki, onlar cəmiyyətdə mədəniyyət formalaşdırır və səviyyə, təbəqə baxımından da məhdudiyyət tanımır. Yəni dini və dünyəvi elmlərin ən yüksək səviyyəsində olan insanlardan tutmuş sadə insanlara qədər hər kəsi sürətlə əhatə edir. Mərhum Həmidin nəğmələrində biz bunları müşahidə edirdik. 

Şəhid Məcid Həddad Adilə Allah rəhmət etsin – bizim bu cənab Dr. Həddad Adilin qardaşı – 60-cı illərin əvvəllərində mənə danışmışdı ki, 59-cu ildə Sənəndəc əks-inqilabçıların əlindən alınanda – Sənəndəc əks-inqilabçıların əlində idi, oranı ələ keçirmişdilər; bizim qüvvələr yalnız qarnizonda, o da blokada vəziyyətində idi – xalq sevinib küçələrə çıxmışdı; Sənəndəc azad edilməmişdən əvvəl küçələrə çıxmaq mümkün deyildi, təhlükəli idi, daim güllə səsləri eşidilirdi, əks-inqilabçıları ordan çıxarandan sonra isə Sənəndəc adi bir şəhərə çevrildi. Özü də Sənəndəc gözəl, ürəkaçan bir şəhərdir; görənlər bilir; hər kəsin qonaq olmağı arzu edəcəyi, çox qəşəng bir şəhərdir. O danışırdı ki, gördüm o təzə sıxılmış meyvə şirəsi satanlardan biri küçənin kənarında insanları meyvə şirəsinə qonaq edir. Gənclər də gəlib sıraya düzülüblər, hər kəs gözləyir ki, növbə ona gəlib çatanda şirəsini alıb içsin. Şirəsatan kökləri şirəçəkən maşına atıb dəstəyi sıxdıqca oxuyur: “Bu, şərqdən qalxan azadlıq harayıdır ...” Həmin şeiri Həmid təzəlikcə yazmışdı; bir, iki ay, bəlkə, bundan da az olardı ki, yazılmışdı, amma baxın, Sənəndəcdə meyvə şirəsi satan bir insan heç kəsin göstərişi olmadan şirə sata-sata o şeiri oxuyur; cənab Feyz demişkən(3), heç İslam hökumətinin tərəfdarı da olmayıb(4)ki, kimsə ona göstəriş verib “oxu” deyə, öz-özünə oxuyurmuş. Bax nəğmələr, onlara yazılan şeirlər budur; baharın təzə, təmiz havası kimi ciyərlərə işləyir; onları yaymaq, təbliğ etmək üçün kimlərisə məcbur etmək, şərhlər yazdırmaq, gözəl qiraətlərdə ifa etdirmək lazım deyil; əgər dini-inqilabi nəğmənin özü gözəl yazılıbsa, öz təsirini göstərir. Bu gün bizdə bu azdır. Belə görünür, bu gün bizdə buna ehtiyac var, mərhum Həmid Səbzvari isə (Allah ona Behişti nəsib etsin!) bu sahədə yaxşıların yaxşısı idi. Dəqiq yadımda deyil, əgər səhv etmirəmsə, mənə verilən rəqəmlərə görə, o, 400, bəlkə, bundan da artıq dini-inqilabi nəğmənin söz yazarıdır. Bunlar çox dəyərlidir; bunları diqqətdən kənarda qoymaq olmaz. Bayaq mən cənab Səyyarla cənab İrfanpurun adlarını çəkdim, dedim ki, onların birgə yazdığı şeiri eşitmişəm(5);əgər yanılmıramsa, xarici əks-inqilab şəbəkələri elə həmin şeirə həddən artıq həssaslıq göstərib vurmuşdular; yəni onlar bu işin əhəmiyyətini dərhal anlamışdılar – xatırladığım qədər, mənə danışdılar ki, “Foks nyus”dan və sairdən bu şeiri vurmağa başlayıblarmış – həmin misralara qoşulmuş gözəl melodiya, həmçinin şeirin gözəl məzmunu onları əsəbiləşdirmiş, yəni narahat etmişdi. Bizim özümüzün isə ondan xəbərimiz yoxdur; yəni təbliğ etmirik; yaxşı nəğmələri təbliğ etmirik. Məncə, gözəl şeirlərin yazılması yaxşıdır, amma o şeirlərə gözəl musiqilərin yazılması da çox yaxşıdır. Əlbəttə ki, mənim şeirlərdə işlədilən sözlər, ifadələr, tərkiblərlə bağlı da tövsiyələrim var, az sonra qeyd edəcəyəm. Əziz Həmidimizə Allah rəhmət etsin; inşallah, Allahın rəhmətinə layiq olar və qeyd etdiyim bu xidmətləri axirəti üçün bir ehtiyat olar.

Əzizlərim! Şairlər ölkənin sərmayəsidir; hər bir ölkənin ən əziz və qürurverici sərmayələrindən biri onun şairləri, söz ustadlarıdır. Əlbəttə ki, bütün incəsənət adamları sərmayədir, amma digər incəsənət növləri arasında şeirin bir özünəməxsusluğu, özəlliyi var və bu özəllik şairlərin cəmiyyətdəki dəyərinin artmasına səbəb olur. Şairlər sərmayədir, ehtiyatdır və ölkənin həssas dönəmlərində onlardan istifadə olunmalıdır. Bu, çox aydın və təbii bir deduksiyadır: ölkənin istər mədəni, istər siyasi, istər sosial, istər ictimaiyyətlə əlaqələr, sosial bağlar, istərsə də xarici düşmənlə qarşıdurma sahəsində müxtəlif məsələlərdə köməyə ehtiyacı varsa, eynilə bizim neftdən gələn gəlirlər hesabına “bir gün nə vaxtsa ölkəyə lazım olar” deyə topladığımız Milli İnkişaf Fondu kimi, bu ehtiyatdan da istifadə olunmalıdır. Odur ki əgər bizim şeirimiz ölkənin xarici məsələlərinə qarşı heç bir mövqe sərgiləmirsə, belə şeirin ölkənin ehtiyaclarına heç bir köməyi dəyə bilməz; şairlər ölkəmizin ətrafında gedən xarici proseslərə mövqe bildirməlidir. 

Əlbəttə ki, sizlər bilirsiniz, mən dəfələrlə belə görüşlərimizdə demişəm ki, yazılan bütün şeirlərin hökmən hansısa mövqe ifadə etməsinin, siyasi, dini və sair bu kimi məzmunda olmasının tərəfdarı deyiləm. Aşiqanə qəzəllər deməyin də heç bir eybi yoxdur; axı belə şeirlər yazmaq şairlərin təbiətinə xas olan bir şeydir və heç bir eybi də yoxdur, amma elə o qəzəllər də insanların fəsad və azğınlığa yox, doğru yola hidayət olunmasına yol açmalıdır; əlbəttə, bu, öz yerində, demək istədiyim odur ki, sizdən dediyiniz hər bir şeirdə əvvəldən axıra qədər siyasi məsələlərə toxunmağınızı gözləmirəm, yox; ola bilsin, bir qəzəlin üç, dörd beytində eşqdən, insan hisslərindən və sair bu kimi məfhumlardan danışasınız, ardınca gələn iki beyt birdən-birə neştər kimi sancılsın; bizim gözəl şairlərimiz bu priyomdan həmişə istifadə ediblər; qəzəl deyiblər, amma gözlənilmədən ortadakı iki beytdə həssas bir məsələyə toxunublar, ona diqqət çəkiblər, əhəmiyyətini ortaya qoyublar. Axı şairin şeiri canlı, aktual olmalıdır. 

Ölkədə gedən hazırkı proseslərə həsr olunan şeirlər də ayrıca bir mövzudur. Sevindirici haldır ki, hazırda belə aktual mövzulu, siyasi-ictimai mövqe sərgiləyən şeirlərimiz və şairlərimiz az deyil; Allaha şükürlər olsun ki, var; yəni 10-15 il bundan əvvəlki ilə müqayisədə bu gün bu baxımdan daha irəli getmişik, öndəyik; intəhası bu şeirlər təbliğ olunmur. Misal üçün, şəhid dalğıclar, yaxud məsumların (ə) ziyarətgahlarını qoruyarkən şəhid olmuş insanlar haqda neçə-neçə şeirlər yazılıb; götürək elə bu gün o cənabın (6) ziyarətgahları qoruyan insanlarla bağlı söylədiyi şeiri. Bunlar çox gözəl, diqqətəlayiq şeirlərdir. Nəyə görə təbliğ olunmasın ki? Mən soruşmaq istərdim ki, bunları təbliğ etməyin, yaymağın yolu nədir? Və ya məsələn, Şeyx Zəkzaki  haqda şeir yazılıb; Şeyx Zəkzaki(7) tutduğu yolda qətiyyətlə irəliləyən məzlum, şücaətli bir insan idi. Bu insandan intiqam almaq üçün ona hücum olundu. İndi misal üçün, biz bu şeiri tərcümə edib Şeyz Zəkzakinin sorağı çatan yerlərə göndərsək, görün nə qədər təsirli olar?! İnsanlara necə yüksək ruhiyyə bəxş edər?! Biz isə bunu etmirik; vicdanla demək lazımdır ki, bu məsələlərdə səhlənkarlığımız var. Və ya Fələstin məsələsi, Bəhreyn, Yəmən və sair; yaxud Amerikanın xəyanətləri. Elə bu nüvə anlaşması məsələsində amerikalılar az xəyanət etmədilər ki; bunları demək, çatdırmaq lazımdır. Bunları açıqlamaq təkcə siyasətçilərin işi deyil. Özü də bunu siyasətçilərin yox, incəsənət adamlarının etməyi daha yaxşıdır. İncəsənət sahələri içərisində də hamısından üstün, asan, parlaq olanı, sürətlə yayılanı şeirdir. Bunlar deyilməli, bəyan olunmalı, dünya ictimaiyyətinə çatdırılmalıdır. Eynilə Müqəddəs Müdafiə mövzusu; əlbəttə, mən bu mövzularda yazan qardaşlarımızın hamısına – əlhəmdulillah, bu gün bu məclisdə də onlardan bir neçəsi iştirak edir, az öncə şeirlərindən də söylədilər – səmimi-qəlbdən və dərin təşəkkürümü bildirirəm, gördükləri iş çox yaxşıdır, amma bu işi davam etdirmək, genişləndirmək, təbliğ etmək lazımdır, təbliğ olunmalıdır; amma gördüyüm qədər, elə bil, bəzi yerlərdə bunun əksi müşahidə olunur.

Hansısa dinsiz, ideologiyasız, bu 38 ildə İslam İnqilabına, İslam dininə aid anlayışlara zərrə qədər belə olsun meyil göstərməmiş bir incəsənət adamını yüksək tuturlar, amma bütün ömrünü bu şeylərə həsr etmiş bir sənətkara qətiyyən əhəmiyyət verilmir, hörmət qoyulmur, etinasız yanaşılır. Bu, çox yanlışdır. Rəsmilərimiz belə şeylərə diqqət yetirməlidirlər. Odur ki mənim vurğulamaq istədiyim məqamlardan biri budur: gəlin şeirimizin canlı, aktual, siyasi-ictimai mövqeyə malik olmasına və bu səpkili poeziyanın təbliğinə, genişləndirilməsinə çalışaq. Ayrı-ayrı şəxslər təbliğ etsin, “Səda və sima” Dövlət Teleradiosu təbliğ etsin, hökumət və qeyri-hökumət təşkilatları təbliğ etsin.

Sevindirici haldır ki, bu gün fəaliyyət göstərən Yazıçılar Birliyi, doğrudan da, çox müsbət işlər həyata keçirir, lakin onların imkanları, fəaliyyət dairəsi məhduddur. İmkanlarını genişləndirmək lazımdır ki, həqiqətən işləyə bilsinlər; istər bu sadaladığım sahələrdə, istərsə də yeni, gənc şairlərin yetişdirilməsi sahəsində. Müsbət bir haldır ki, elə bütün bu sahələrdə müəyyən işlər görürlər də.

İnsanlar arasında geniş yayılan, işlək olan şeirlərdən də danışsaq, yerinə düşər; növhə və mərsiyələrin şeirləri bu qəbildəndir. Növhə çox təsirli bir şeydir, güclü təsirə malik ola bilər; əlbəttə ki, məna və məzmunca dolğun olsa. Misal üçün, Aşura günü və ya bəzi digər matəm günlərində milyonlarla insan, hazırda isə əksəriyyəti gənclər durub bir növhə oxuyana qulaq asır və o şeir, o sözlər, o ritm onlarda bir hiss-həyəcan yaradır; sinə vururlar, göz yaşı tökürlər, qəlblərində dini anlayışlara qarşı inam, emosiya, sevgi daha da artır; bu, çox dəyərli bir fürsətdir. Biz bu fürsətdən istifadə etməliyik. “Biz” deyəndə ki, yəni ölkəmiz istifadə etməlidir, İslam dini istifadə etməlidir, İslam Respublikası quruluşu istifadə etməlidir. Əlbəttə ki, mən bunu Əhli-Beyti (ə) mədh edən qruplara da demişəm, siz şairlərə də deyirəm. Misal üçün, yadımdadır, inqilab dövründə, elə məhərrəm ayı idi, Cəhrəmdə (o vaxt biz Məşhəddə idik) bir mərsiyə məclisinin kasetini mənə gətirmişdilər, o qədər təsirli idi ki; əvvəla həm şeirin özü, sözləri, mənaları gözəl idi, ikincisi melodiya gözəl idi, üçüncüsü isə hərəkətverici idi, insanı həyəcanlandırırdı, yol göstərirdi; çox dəyərli idi. Ondan sonra Yəzddən də bir kaset gətirmişdilər; bu iki şəhər mənim yadımdadır, başqa yerlərdə beləsini görməmişəm. O dövrün inqilabi mübarizə ilə bağlı olan siyasi anlayışlarını növhə, mərsiyə formatına köçürmüşdülər. Müqəddə Müdafiə dövründə də bizdə belə şeylər var idi; cənab Ahəngranın oxuduğu o növhələr – şeirlərinin müəllifi də çox hörmətli şairimiz cənab Moəllimi idi, Allah ona rəhmət etsin; Əhvazda onun üçün şeir yazırdı – onlar da eynilə; onlar da çox öyrədici şeir və növhələr idi. Biz bu işi ciddi surətdə davam etdirməliyik. Əlbəttə ki, növhələrə yazılan şeirlərin öz xüsusiyyətləri var. Yəni burada işlənən sözlər, ifadələr, o şeirlərin konstruksiyası müəyyən xüsusiyyətlərə malik olmalıdır ki, yerinə otursun, növhəxan o şeiri oxuya bilsin. Amma mən xahiş edirəm ki, növhəxanlar, mərsiyəxanlar bu məqama diqqət yetirsinlər, şairlərdən bunu istəsinlər, belə şeirləri qəbul etsinlər, götürüb istifadə etsinlər; siz əziz şairlərimiz də bu sahədə əlinizdən gələni edin.

Cənablardan biri bir şeir oxudu(8), axırlarında belə bir fikir var idi ki, əgər qılınc çəksəniz, gəlib sizin önünüzdə duracaq, sizin düşmənlərinizin qarşısında sipər olacaq sinələr çoxdur. Mən söylədim ki, qılıncı artıq çəkmişik, döyüşürük, sağdan-soldan zərbələr endiririk; intəhası bu gün döyüş meydanlarının və qılıncların növü o ilk illərdəkindən fərqlənir; biz yumşaq müharibə şəraitindəyik; siyasi müharibədəyik, mədəni müharibədəyik, təhlükəsizliyimizi hədəfə alan, içimizə nüfuz etməyə çalışan qüvvələrlə müharibə aparırıq. Burda bir-biri ilə savaşanlar fikirlər və iradələrdir. Bu gün bizim təsirli, effektiv vasitələrə çox ehtiyacımız var. Bu vasitələrdən ən önəmli bir qismi isə, mənim fikrimcə, şeirdir ki ona da siz diqqət yetirməlisiniz.

Mənim düşüncəmə görə, poeziya sahəsində görülməmiş işlər çoxdur; az öncə qeyd etdiyimiz kimi. Bunlardan biri tərcümə məsələsidir; bu axşam o(9)mənə dedi ki, urdu dilinə şeirlər tərcümə ediblər. Çox yaxşı, lazımlı bir işdir. Qoy müxtəlif mövzulu fars şeirləri tərcümə olunsun; misal üçün, Fələstin mövzusunda, Müqəddəs Müdafiə mövzusunda, qadın mövzusunda, regional problemlərlə bağlı, Yəmənlə bağlı. Bunların üzərində işlənsin, tərcümə olunsun, ərəb dilinə, urdu dilinə, ingilis dilinə, bir sıra digər dillərə; yaxşı tərcümələr; və nəşr olunsun, yayılsın, ölkənin sərhədlərindən kənarda əks-səda doğursun. Məsələn, fars şeirində Fələstin mövzusu – mən misal olaraq deyirəm – ayrıca bir mövzudur; İranla İraq arasındakı 8 illik müharibədə nələr olub, o savaş nə məsələ idi; axı bunları bilmirlər. O iraqlı doktor xanım bizim bir dostumuza demişdi ki, İrana birinci, ikinci səfərlərində – Səddam gedəndən sonra – kimə çatsa, elə bilirmiş, müharibədə həlak olmuş iki qardaşını öldürən o adamdır; bu gözlə baxırmış, kin bəsləyirmiş; sözünün ardından belə anlaşılır ki, Süleymanini(10) tanıyana qədər bu belə olub. Süleymaninin gəlib bu cür fədakarlıqlar etdiyini görəndən sonra isə münasibəti tam dəyişib. Düzü, mən əsasən o xanımın fikirlərinin əvvəlki qisminə diqqət çəkmək istəyirdim, sonunu nəzərdə tutmurdum; yəni demək istədiyim budur ki, baxın, bir iraqlı gənc, bir qadın, bir ana məsələnin nə olduğundan, nələr baş verdiyindən xəbərsizdir. Biz evimizdə oturmuşduq, təyyarələr gəlib bizi bombardman etdilər, indi biz nə etməli idik? Əli-qolu bağlı oturmalı idik? Gəlib sərhədlərimizi pozmuşdular, bir neçə kilometr ərazimizi tutmuşdular, nə edəydik? Oturub gözləməli idik ki, bir az da irəli gəlsinlər, yoxsa gedib müdafiə olunmalı idik? Yaxşı, biz də müdafiə olunduq da. Bu, bir həqiqətdir və bu həqiqət İraq gəncləri, İraq anaları, o savaşda yetim qalmış İraq övladları üçün nəyə görə işıqlandırılmamalıdır? Başqalarına nəyə görə izah olunmamalıdır? Bütün bunları şeirin dili ilə həyata keçirmək olar. 

Daha bir mühüm məqam budur ki, doğrudur, insafən, şairlərimiz xeyli irəli gedib, inkişaf edib. Bu gün mən baxıram, həm gənc nəslin arasında, həm orta yaşlı şairlər içərisində, doğrudan da, şairlər püxtələşib; yəni ölkədə poeziya inkişaf edib və ümumilikdə hiss etmək olur ki, şeirimiz əvvəl olduğundan bir addım öndədir, intəhası bu o demək deyil ki, artıq biz lazım olan səviyyəyə çatmışıq və daha irəli getməyə ehtiyac yoxdur. Mən bunu dəfələrlə vurğulamışam, yenə də təkrar edirəm: xahiş edirəm, öz şeirinizi daha da püxtələşdirməkdən, gələcəkdə deyəcəyiniz şeirlərin səviyyəsini daha da yüksəltməkdən əl götürməyin. Yəni bu gün sizin yazdığınız şeirlər çox yaxşıdır, biz də eşidəndə bəyənirik, həzz alırıq, alqışlayırıq, amma bu o demək deyil ki, fəth ediləsi zirvə elə budur. Yaxşı şeirlərdir, amma biz istəyirik ki, sizin şeirləriniz zirvədə olsun, məqsədimiz budur. Buna nail olmağın, belə desək, vasitələrindən biri isə sözdür, çox gözəl, yerində işlədilmiş söz və ifadələrdir. Bəzən görürsən, yaxşı bir şeirdir, amma çiy, yerinə oturmayan ifadələr işlədilib; bu, yaxşı deyil. Şeirdə gözəl söz və ifadələr olanda yaxşı olur. Və şeirin səviyyəsini yüksəltmək lazımdır; şeirin səviyyəsini müəyyən etmək isə bu işin bilicilərinin, ustadların səlahiyyətindədir. Eşitdiyimə görə, bəziləri öz şeirlərini hazırda məşhur olan internet məkanında yayırlar; misal üçün, biri bir şey yazır, baxırsan şeir kimi bir dəyəri yoxdur, amma misal üçün, bir neçə min nəfər o şeiri layk edir; o laykların heç bir dəyəri yoxdur; şairə və şeirə dəyər qazandıran mütəxəssis rəyidir; poeziya adamı olan, şeirin, ümumiyyətlə yaxşı və pis şeirin nə olduğunu anlayan insanların fikridir. O layklar şeirin yaxşı və ya pis olmağının meyarı deyil. Hər halda, çalışıb şeirin səviyyəsini qaldırmaq lazımdır.

Hörmətli cənab nazir(11) də burda ikən bir şeyi qeyd etmək istəyirəm. Hazırda yeni nəsil şairlər yetişdirmək üçün qısamüddətli kurslar təşkil olunur, amma məncə, bir günə, beş günə, iki həftəyə şair yetişdirmək mümkün deyil. Bu, xalq dərnəklərinin və sairin işidir. Əgər hökumət strukturları da nə isə bir iş görmək istəyirlərsə, qoy onlara kömək etsinlər. Dövlət qurumları onlara yardım etməli, fəaliyyətini gücləndirməli, maddi cəhətdən təmin etməlidir ki, onlar da öz işlərini yerinə yetirə bilsin.

Daha bir məqama toxunmaq istərdim: mərhum cənab Behcəti (Allah ona rəhmət etsin!) “Əbu Həmzə” duasını nəzmə çəkmişdi – bizim köhnə və əziz dostumuz; o da cənab(12) kimi Yəzddən idi, intəhası cənab Behcəti Ərdəkandan idi, cənab Mibəddəndir; Ərdəkanla Mibəd arasında isə bir qayda olaraq müxtəlif məsələlərə görə ixtilaf olur; yaxşı bir şair idi. Duanın nə qədərini şeir dilinə çevirdiyi indi dəqiq yadımda deyil. Bir hissəni özü mənə oxumuş və demişdi ki, həmin hissəni nəzmə çəkmək onun üçün çox çətin olub, tamamlaya bilmirmiş. Hünər tələb edən mühüm işlərdən biri də dəyərli, diqqətəlayiq dini mətnlərin şeir dilinə köçürülməsidir. Bu, ayrıca bir sahədir, ayrıca bir fəaliyyət sferasıdır. Kinomatoqrafçılar demişkən, bu da bir janrdır. Demirəm ki, hər şeyi bununla məhdudlaşdıraq, amma görüləsi işlərdən biri də budur. Çünki o duaların özlərində də ali mənalardan əlavə, çox yüksək söz və ifadə potensialı var. Əlimizdəki dualar, misal üçün, “Ərəfə” duası, “Əbu Həmzə” duası, “Şəbaniyyə” minacatı, “Səhifeyi-Səccadiyyə”dəki dualar ali mənalarla, İslam dininin ən ülvi təlimləri ilə doludur və insafla demək lazımdır ki, bütün bunlar həmin dualarda ən gözəl, ən yaxşı söz və kəlmələrlə ifadə olunur. Bunları poetik dildə əks etdirməyiniz çox yaxşı olardı.

Ötən il mən burda(13) Əxəvanın bir beytini oxudum – əlbəttə ki, o, bu şeiri tam başqa bir məqsədlə deyib – “Ey mənim tənhalığımın ismət və möhtəşəmlik dolu ən gözəl anlarının pənahı və dayağı, ey mənim şirin və gur çayım!”(14); baxın, nə gözəl bir şeirdir. O vaxt mən dedim ki, bu şeiri oxuyanda onu dualara həsr edirəm. Dua da bu cürdür: “Ey mənim tənhalığımın ismət və möhtəşəmlik dolu ən gözəl anlarının pənahı və dayağı, ey mənim şirin və gur çayım!” Əlbəttə ki, bu şeiri yazan şair onu tam başqa bir mövzuya həsr edib; indi əgər siz dualarla bağlı həm gözəl kəlmə və ifadələrin işləndiyi, həm də gözəl məna və məzmunu olan, bu cür musiqili, axıcı – şeirin musiqili olması özü ayrıca bir mövzudur; axıcı, gözəl, saf, musiqili bir şeiri söyləyən insanın heç vaxt nə dili dolaşar, nə də bu kimi başqa sıxıcı hallar keçirər – bu cür gözəl üslublu şeirlər yaza bilsəniz, məncə, çox yaxşı olar.

Və son olaraq dini şeirlərə toxunmaq istəyirəm. Sevindirici haldır ki, dini şeirlər yazan bəzi şairlərimiz, doğrudan da, çox gözəl yazırlar; onlardan bir neçəsi bu gün burda da iştirak edir. Onların şeirlərində imamlar haqda (ə) – istər mərsiyə kimi, istər mədh kimi, məsumların üstün keyfiyyətlərini tərif etmək üçün – çox gözəl, mənalı fikirlər var, amma bəziləri belə deyil. Elə etmək lazımdır ki, dini şeirlər imamların (ə) təlimlərini, onların insanlara öyrətdiyi şeyləri özündə əks etdirən bütöv bir məcmu olsun. Yəni misal üçün, siz bu şeiri bir məddaha verəndə və o, onu hansısa yığıncaqda oxuyanda həmin şeir auditoriyaya bir neçə yaxşı minbər söhbəti qədər təsir göstərsin; hansı ki elə belədir də. Yəni əgər şeirin məzmunu, doğrudan da, yaxşıdırsa – məsələn, cənab İnsaninin(15) bugünkü görüşdə oxuduğu şeir – şeir yaxşı bir şeirdirsə, incəsənətin üslubundan istifadə olunuğuna görə bir neçə yaxşı minbər söhbəti qədər effekti ola bilər; bir də var ki, şeir elə alışdığımız, adi, poetik deyim kimi camaatı ağlatmaqdan başqa heç bir dəyəri olmayan fikirlərdən ibarət olur; əlbəttə, onu da deyim ki, ağlatmaq özü də bir üstün cəhətdir, lakin məqsəd təkcə bu olmamalıdır. Gəlin Kumeyt, Dibil və bu kimi şairlərin imamlar (ə) haqqında söylədiyi şeirlərə nəzər salaq, görək onlar necə deyib, nələr deyib, o gözəl qəsidələrində hansı mənalara yer verib. Yaxşı şeir yazmaq istəyən kəs bu cür şeirlər yazmalıdır. Poeziya məclislərini idarə edən şəxslər bunlar haqda məlumatlı olsa, çox yaxşı olar.

İnşallah, Allah-taala hamınızı qorusun, saxlasın, işləyə, yaxşı işləyə, lazım olan işləri vaxtında görə, ölkənizin, cəmiyyətinizin, dövlətinizin ehtiyaclarına cavab verə biləsiniz.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_____________________

(1) Ali Məqamlı Rəhbərin çıxışından öncə şairlərdən bir neçəsi öz şeirlərindən oxumuşlar. 
(2) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülür. 
(3) Cənab Nasir Feyzin aşağıdakı beytinə işarə olunur: “Qafiyə təkrar olundu, amma problem deyil, çünki bu şeiri yazan şair hökumətin tərəfdarıdır”. 
(4) Ali Məqamlı Rəhbər bu sözləri deyərkən gülür. 
(5) Söhbət cənab Məhəmmədmehdi Səyyar və Milad İrfanpurun birlikdə yazdıqları “Kuberq oteli” şeirindən gedir. 
(6) Höccətül-İslam Seyid Məhəmmədmehdi Şəfii 
(7) Nigeriya şiələrinin lideri
(8) Cənab Əmir Amoli
(9) Cənab Əlirza Qəzvə 
(10) Qüds Korpusunun komandiri general Qasim Süleymani
(11)  İslam Mədəniyyəti və İrşadı Naziri cənab Əli Cənnəti 
(12) Höccətül-İslam Zəkəriyya Əxlaqi 
(13)  İmam Həsənin (ə) mövludu münasibətilə şairlərlə keçirilən görüş (10.04.1394) 
(14) Mehdi Əxəvan Salis, «Şahnamənin sonu”, 3-cü qəzəl. 
(15) Əli İnsani