Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ramazan ayının 12-ci günü universitet müəllimləri ilə görüşü zamanı etdiyi çıxış

Rəhman və Rəhim Allahın adı ilə (1). Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbülqasim Mustafa Məhəmmədə, onun pak və seçilmiş ailəsinə, xüsusilə də Allahın yer üzündə son höccəti İmam Mehdi Sahibəzzamana.

Çox xoş gəlmisiniz, əziz qardaşlar və bacılar. Dəfələrlə qeyd etdiyimiz kimi, bu toplantı simvolik bir toplantıdır; yəni bizim elmə, universitet müəllimlərinə və elm ocaqlarına olan ehtiramımızı nümayiş etdirir. Digər tərəfdən isə mənim üçün çox yaxşı bir fürsətdir ki, hörmətli məruzəçilərin çıxışlarını dinləməklə ölkə universitetlərində hökm sürən elmi və ideoloji atmosfer barədə ümumi bir təsəvvür əldə edirəm; yəni hörmətli məruzəçilərin toxunduğu məsələlər əhəmiyyətli olmaqla yanaşı, müəyyən dərəcədə ölkəmizin ali təhsil müəssisələrində mövcud olan atmosferi də əks etdirir; inşallah, biz bu məsələləri araşdıracaq və səlahiyyətli şəxslərə çatdıracağıq. Bir sözlə, bu toplantı mənim üçün çox faydalıdır.

Yeri gəlmişkən, bir məsələni də qeyd edək. Eşitdiyimə görə, bəziləri soruşurlar ki, mən məlumatları hansı kanallardan əldə edirəm. Mən tez-tez universitetlər, elmi inkişaf və bu sahədə mövcud olan vəziyyət barədə danışdığıma görə bəzi insanlar mənim bu məlumatları hansı kanallar vasitəsilə əldə etdiyimlə maraqlanırlar. Bu sualın cavabında deməliyəm ki, mən bu məlumatları əsasən universitetlərin öz içi ən alıram. Universitet müəllimləri, tələbələr, ölkənin elmi qurumlarının və universitetlərinin rəhbər işçiləri bizimlə əlaqə saxlayırlar; yəni mənim elmimiz, alimlərimiz və universitetlərimizlə bağlı reallıqlar barədə məlumatlanmağıma geniş bir məlumat şəbəkəsi yardımçı olur. Bəzən hörmətli nazirlərimiz müxtəlif vaxtlarda müxtəlif münasibətlərlə, yaxud da elə bizim sorğumuza cavab olaraq rəsmi hesabatlar təqdim edirlər. Vaxtaşırı universitet müəllimləri, alimlər, tələbələr, universitetlərlə əlaqəli şəxslər bizə müəyyən məlumatlar çatdırır, biz də onlardan faydalanırıq. Bəzən də bir qədər əvvəl adı çəkilən elmi məlumat mənbələrindən məlumatlar götürülür və tərcümə olunaraq mənə çatdırılır. Məsələn, “UNESKO”nun, “İSİ” (2) və ya “Scopus”un (3) bizim barəmizdə yaydığı məlumatları mənə təqdim edirlər. Mənim məlumatları əldə etdiyim kanallar bunlardır. Bu kanallar vasitəsilə əldə olunan məlumatları qarşılaşdırıb müqayisə etməklə isə onların doğruluğuna əmin olmaq olur. 

Qeyd etmək istərdim ki, bir ölkənin alimlərinin, aydınlarının və görkəmli simalarının vəzifələrindən biri də bir qədər irəli – gələcəyə baxmaqdır. İyirmi ildən sonra biz necə bir İrana sahib olmaq istəyirik? Bu, mühüm bir məsələdir. Bu gün bizim iqtisadiyyat, elm, texnologiya, əxlaq və mərifət barədə danışmaqda hədəfimiz iyirmi ildən sonra necə bir İrana sahib olmaq istədiyimizi müəyyən etməkdir. Əlbəttə, biz “İyirmi illik perspektiv inkişaf proqramı”nı 10-11 il bundan öncə müzakirə etmişik. Geridə qoyduğumuz bu on ili isə müxtəlif cür dəyərləndirənlər var. Ötən bu on il ərzində biz on il qədərmi irəliləmişik, yoxsa 5, 10, 12, yaxud 15 il qədərmi irəliləmişik – bu barədə fikirlər müxtəlifdir. İyirmi ildən sonra biz necə bir İrana sahib olmaq istəyirik? İyirmi ildən sonra bugünkü tələbələr rəhbər vəzifələrdə çalışacaq, ölkəni idarə edəcəklər. Siz universitet müəllimlərinin və universitetlərdə çalışan rəhbər kadrların işinin əhəmiyyəti məhz burada özünü göstərir; yəni bu gün sizin tələbələriniz olan insanlar iyirmi il sonra prezident, nazir, millət vəkili, idarə müdiri olacaq; ölkənin gələcəyi onların əlindədir. İyirmi ildən sonra siz nəyə sahib olmaq istəyirsiniz? Bu, çox mühüm bir məsələdir, çox mühüm bir sualdır. İnsanı düşündürən önəmli məsələlərdən biridir. Ölkənin alimləri – siz də onları təmsil edirsiniz – bu məsələyə diqqətsiz yanaşa bilməz.

Əgər biz iyirmi il sonrası ilə bağlı təsəvvürümüzdə arzuolunan bir mənzərə canlandırırıqsa, bu mənzərəni reallaşdırmaq vəzifəsi təhsil sisteminin üzərinə düşür; aşağı pillədən tutmuş ali təhsilə qədər. Məsuliyyət onların öhdəsindədir. Onlar bu gün iyirmi il sonra ölkəni idərə edəcək nəsli yetişdirirlər.

İndi mən bir neçə xüsusiyyət qeyd edəcəyəm; gəlin düşünək: iyirmi il sonra biz məhz bu xüsusiyyətlərə malik olan bir İran görmək istəyirikmi?! Birincisi, qüdrət, iqtidar! İyirmi il sonra biz qüdrətli bir İrana sahib olmaq istəyirikmi? Qüdrətli olmaq kiçikli-böyüklü düşmənlərin təhdidindən qorxub çəkinməmək, öz gücünə arxalanmaq deməkdir. Qüdrətli İran bu deməkdir. Müstəqillik! Bəzən bir ölkənin xarici düşmənlərdən qorxusu olmur, amma o, başqa bir gücə arxalanır. Eynilə atasına arxalanan bir uşaq kimi, özündən böyük bir gücə arxalanaraq özünü güclü və təhlükəsiz hiss edir. Biz də belə olmaq istəyirikmi?! Yoxsa, öz gücünə arxalanan, müstəqil bir İrana sahib olmaq istəyirik? Dindarlıq! Zənginlik! Ədalət! İqtisadi, sosial və hüquqi cəhətdən ədalətli bir İran! Xalqın hakimiyyətinin təmin olunduğu bir İran! Saf, çalışqan, canıyanan və təqvalı hökumət apparatına sahib olan bir İran! Biz belə bir İran istəyirikmi?! Söz yox ki, bunlar yaxşı istəklərdir.

Bəlkə, biz bu sadalanan xüsusiyyətlərə, bu məsələlərə bir o qədər də əhəmiyyət vermirik?! Hətta onlardan bəzilərinin əleyhinəyik?! Yəni bəlkə, biz başqalarından asılı olsa da, iqtisadi cəhətdən inkişaf etmiş və rifah içində yaşayan bir İran istəyirik?! Qeyd edim ki, belə bir şey heç mümkün də deyil. Hələ bu mövzunun özü ətrafında ayrıca danışmaq lazımdır ki, iqtisadi baxımdan başqalarından asılı olan bir ölkənin rifahda olması mümkündür, ya yox. Bəli, həmin ölkələrdə nəhəng sərvətə sahib olan insanlar yaranır, amma bütövlükdə o ölkələrin rifah, ideoloji və iqtisadi cəhətdən rahatlıq içində olması qeyri-mümkündür. Fərz edin ki, biz xaricdən asılı bir ölkə olmaq istəyirik və asılı olmaqda siyasi baxımdan heç bir problem görmürük; necə ki hazırda bəziləri açıq şəkildə bu sözü deyirlər. Yaxud da bir məhsuldan asılı olan bir ölkə istəyirik; təxminən indiki kimi; xam neftin satışından asılı olan bir ölkə. Və ya qapıları mədəni işğala açıq olan, ictimai, dini, etnik və siyasi cəhətdən qopuqluqlar yaşayan bir ölkə; hökuməti varlı aristokratiya tərəfindən idarə olunan bir ölkə; Amerikada olduğu kimi; bir tərəfdə sərvəti ilə zirvədə olanlar – İranın “Wall street”i (4) – bir tərəfdə də yoxsulluq və məhrumluq içində olan əksəriyyət! Biz bu xüsusiyyətlərə malik olan belə bir ölkə istəyirikmi?! Açıq-aşkar deyilən xəbərlərə əsasən, Amerikada havalar çox isti olanda dünyasını dəyişənlər olur. Evin içində kimsə istidən ölmür ki?! Bu, evsizlik deməkdir. Yaxud soyuqdan bir çoxları dünyasını dəyişir. Bəzən isti və soyuğun qurbanı olmuş insanların sayı xəbərlərdə açıqlanır. Çox vaxt isə bu barədə məlumatlar yayımlanmır. Bütün bunlar evsiz insanların başına gəlir. Bu o deməkdir ki, varlı bir ölkədə – Amerika varlı bir ölkədir – sərvət zirvələri ilə yanaşı, bədbəxtlik və yoxsulluq dərələri də vardır. Yaxşı, bəs biz nə istəyirik? Qeyd edim ki, bu iki mənzərənin arasında yer alan cürbəcür mənzərələr də mövcuddur.

Əgər qeyd etdiyimiz birinci mənzərədə olduğu kimi, iyirmi ildən sonra İranımızın maddi və mənəvi cəhətdən imkanlı, inkişaf etmiş, qüdrətli, nüfuzlu, daxili vəziyyəti baxımından maddi-mənəvi nemətlər içində yaşayan bir ölkə olmasını istəyiriksə (mənəvi nemət bayaq qeyd etdiyim o dindarlıqdır), bunun üçün müəyyən işlər görülməlidir. Bu işlərin ən əsası universitetlərdə görülür. Mənim universitetlərin, universitet müəllimlərinin və Təhsil Nazirliyinin fəaliyyəti üzərində bu qədər dayanmağımın və həssaslıq göstərməyimin səbəbi məhz budur. Bir qədər əvvəl məruzəçilərdən biri səmərəlilik, effektivlik barədə danışdı. Səmərəli işləri kim görməlidir? Bu qədər zəhməti ona görə çəkirik ki, səmərəli işlər görülsün. Səmərəli işi kim reallaşdırır? Elmli, səbirli, Allah yolunda çalışan, Allaha xatir iş görən, yalnız özü üçün gün ağlamağı düşünməyən, işbilən insanlar meydana atılaraq cəsarətlə işləyir və səmərəli işlər görür. Səmərəli işlər bu cür insanların əməyinin nəticəsi ola bilər. Biz buna nail olmaq istəyirik. Belə insanlar harada yetişdirilir? Əsasən universitetlərdə. Deməli, məsələ yenə də universitetlərə qayıdır. Universitetlərimiz ölkəmizin sabah, iyirmi il sonra ehtiyac duyacağı kimi olmalıdır. Universitetlərin məsələsi bu qədər əhəmiyyətlidir.

Amma qeyd etdiyim bütün bu məsələləri reallaşdırmaq üçün müəyyən şərtlər, tələblər var. Mən həmin tələbləri bir neçə başlıq altında xülasələşdirmişəm: universitetlərin elmi cəhətdən inkişaf etməsi zəruridir, ictimai əxlaq zəruridir, universitet mühitində dini təqva zəruridir, siyasi uzaqgörənlik zəruridir, öz heysiyyətini uca tutmaq, öz kimliyi ilə fəxr etmək zəruridir. Bizim tələbələrimiz özlərinin iranlı-müsəlman kimliyi ilə fəxr etməlidir. Bunlar zəruri məsələlərdir və istəklərimizin gerçəkləşməsi üçün bunlara riayət olunmalıdır. Bunlardan hansısa olmasa, bir ayağımız axsayacaq. Vaxtımız olsa, bunların hər biri barədə bir neçə kəlmə danışacağam.

Mən tələbələrin qızlı-oğlanlı qarışıq ekskursiyaları və doğru olmayan bir sıra digər işlər barədə bəzi məqamları daim xatırladıram. Bu xatırlatmalar quru mühafizəkarlıq kimi başa düşülməsin. Belə işlər nöqsan və problemlər yaradır, universitetlərdə lazımi atmosferi pozur. Bu kimi məsələlərə laqeyd yanaşılması, əslində, bu gün bizim universitetlərdən olan gözləntilərimizə və universitetlərin ehtiyacına ziddir.

Elmi inkişaf məsələsi barədə məruzəçilər yaxşı söhbətlər etdilər; yəni müxtəlif elm sahələri barədə açıqladıqları məsələlər olduqca əhəmiyyətli idi. Bu, elmi hərəkatın göstəricisidir. Təxminən 80-ci illərin əvvəllərində elm və elmi inkişaf məsələsi müzakirə olunmağa başladı – yanlış xatırlamıramsa, ilk dəfə mən bu məsələni Əmir Kəbir Universitetində qaldırmışdım – və o vaxtdan indiyədək sözün əsl mənasında bir elmi hərəkat meydana gəldi. Ölkəmizdə elmi inkişaf üçün zəmin və potensial olduğuna görə bu sahədə inkişafın göstəriciləri son dərəcə yüksək oldu. Hazırda isə mən elmi inkişafın sürəti məsələsi üzərində durmaq istəyirəm. Universitet müəllimləri və rəsmilərlə keçirdiyimiz başqa bir toplantıda mən elmi inkişafın sürəti barədə danışaraq qeyd etmişdim ki, hazırda bu sürət azalmışdır (5). Hörmətli təhsil naziri mənə məktub yazaraq bildirdi ki, “xeyr, bizim elmi inkişafımız davam edir”. Məktubunda o, bu barədə olan statistikanı da mənə təqdim etmişdi. Mən bilirəm ki, elmi inkişaf davam edir; mənim demək istədiyim bu deyil ki, elmimiz inkişaf etmir. Mən görürəm ki, bizim elmi nailiyyətlərimiz var. Mənim diqqət çəkmək istədiyim mövzu elmi inkişafın sürətidir. Bizim sürətimiz azalmışdır. Bu gün bizim elmi inkişafın sürətini artırmağa ehtiyacımız vardır. Diqqət edin, əgər avtomobil yarışında hamı saatda 250-300 km sürətlə hərəkət edirsə və siz ön sıradasınızsa, 250-300 km/saat sürəti sizin üçün kifayət edir. Amma əgər arxa sıradasınızsa, artıq bu sürət sizə bəs deyil. Əgər siz də ön sırada olanlar kimi 250-300 km/saat sürətlə hərəkət etsəniz, həmişə arxada qalacaqsınız. Önə keçmək üçün, mütləq, sürəti artırmalısınız. Önə çatandan sonra, istəsəniz, başqaları ilə eyni cərgədə hərəkət edə bilərsiniz. Məruzəçilərdən bir neçəsi qeyd etdi ki (əlbəttə, bu məlumatlar rəsmi məlumat mənbələrində də mövcuddur) bəzi Avropa ölkələrində elmi inkişafın sürəti azalmışdır. Bunu biz də bilirik. Bunun səbəbi odur ki, onlar artıq öz potensialından istifadə etmişlər. Potensial işləndikdən sonra, məlum məsələdir ki, artıq inkişaf dayanır; baxmayaraq ki, elmin inkişafı heç zaman dayanmır. Amma biz belə deyilik. Bizi geridə saxlayıblar. Biz azğın, xəyanətkar və cahil – ən azı cahil – hökumətlərin ucbatından minimum altmış-yetmiş il geridə qalmışıq. Biz geridəyik və əgər bu qlobal yarışda önə keçmək istəyiriksə, öndə gedənlərin inkişaf sürəti ilə hərəkət edə bilmərik. Elmi inkişafın sürətini artırmalıyıq. Mən bunu tələb edirəm; yoxsa ki, inkişafın olduğunu mən də bilirəm. İnkişafın sürəti artmalıdır. Qeyd edim ki, biz elmi inkişaf baxımından dünya üzrə dördüncü yerdəyik. Bu barədə hörmətli nazir də mənə məlumat verib (6), mötəbər mənbələrdən birindən əldə edilmiş hesabatda da oxumuşam. Bəli, biz dördüncü pillədəyik, amma bu, kifayət etmir. Biz sürətlənməliyik. 

Qürur və heysiyyət; qeyd etdik ki, tələbələr özlərində qürur və heysiyyət hiss etməlidir. Biz ölkəmizin reallıqlarından xəbərdar olmalıyıq. Bu gün burada deyilənlər reallıqların bir qismidir. Bu gün biz kosmos, nanotexnologiya, nüvə, biotexnologiya kimi sahələrdə bir çox işlər görmüşük, tibb sahəsində bu qədər inkişaf etmişik. Bu nailiyyətlər qeyd olunmalıdır. Özünü qürurlü, heysiyyətli hiss etmək məsələsində universitet müəllimləri tələbələrin psixologiyasına təsir göstərə bilər. Belə ki tələbələr dəyərli bir şəxsiyyətə sahib olduqlarını bilib bununla fəxr edə bilərlər. Əgər müəllim auditoriyada tələbələrini daim alçaldıb: “Siz acizsiniz, geridə qalmısınız,” – deyirsə, bu, xəyanətdir. Bu, sözün həqiqi mənasında xəyanətdir. Əgər müəllim bizim istedadlı tələbəmizi: “Burada niyə qalmısan? Xaricə get, oradakı imkanlardan istifadə et,” – deyə ölkəni tərk etməyə təşviq edirsə, bu, xəyanətdir. Çünki ölkənin ən yaxşı universitetləri böyük xərc çəkərək bu tələbəni yetişdirmişlər. Bu dəyərli fidanın bəhərindən istifadə etmək vaxtı çatanda isə gedib başqa yerdə meyvə verməlidir?! Özündə qürur və heysiyyət hiss etmək budur: tələbə hiss etməlidir ki, iranlı olmaq, müsəlman olmaq və inqilabçı olmaq bir iftixardır! O, bununla fəxr etməlidir. Düşünməlidir ki, düzdür, biz geridəyik, amma gücümüz var, çalışırıq, enerjimiz var, cavanıq, hərəkət edirik, irəliyə gedirik və ön sıraya çatacağıq. Mən fars dili barədə danışanda – belə ki hörmətli aparıcı da bu məsələyə toxundu – məqsədim yalnız bir dil kimi fars dilinin əhəmiyyətini vurğulamaq deyil. Söz yox ki, fars dili dəyərlidir və biz yeri düşdükcə bu barədə söz açmışıq. Mənim demək istədiyim budur: gəlin biz elmi cəhətdən elə bir məqama çataq ki, bir başqası bizim elmi nailiyyətlərimizlə tanış olmaq və onları mənimsəmək istəyəndə fars dilini öyrənmək məcburiyyətində qalsın. Necə ki siz bu gün bəzi elmi nailiyyətləri mənimsəmək üçün ingilis və ya fransız dillərini öyrənmək məcburiyyətindəsiniz. Mənim sözüm budur. Biz ölkəni bu səviyyəyə çatdırmalıyıq. Bunun üçün bizim gücümüz var, potensialımız var. Geridəyik, amma özümüzü önə çatdıracağıq. Necə ki çox-çox geridə olduğumuz halda, bu gün olduğumuz yerə çatmışıq. Mənim demək istədiyim budur.

Mən burada bəzi statistik rəqəmləri qeyd etmişdim, daha deməyə ehtiyac qalmadı, bəzilərini məruzəçilər qeyd etdilər. Dünya səviyyəli mərkəzlərin – o cümlədən, həmin elmi məlumat mənbələrinin; məsələn, “Science” (7) və “Nature” (8) kimi elmi jurnalların – İran barədə yazdıqları onların heyrət içində olduğunu göstərir. Məsələn, Kanadada fəaliyyət göstərən bir mötəbər elmi dəyərləndirmə müəssisəsi yazır: “İranın elmi uğurları təəccübləndiricidir”. Daha maraqlısı isə odur ki, sonrakı cümlədə yazır: “Bu, Qərbi narahat edir”. Əgər siz yaxşı adamsınızsa, nə üçün narahat olursunuz? Hansısa xalq elmi cəhətdən inkişaf edirsə, siz narahat olmalısınız? Dünyanın başqa bir məşhur elmi jurnalı – “Science” – yazır: “İran elm arenasında yeni ərsəyə gələn bir gücdür”. Bunu yazırlar, qeyd edirlər, nəşr edirlər. Elm arenasında yeni ərsəyə gələn bir güc! Mənim aldığım və rəsmi surətdə dərc edilmiş məlumatlara görə, UNESCO 2015-ci ildə – yəni keçən il – elmi inkişafın 2030-cu ilə qədər olan mənzərəsi barədə bir məlumat yaymışdır. Həmin məlumatda deyilir ki, İran “təbii resurslara söykənən” iqtisadiyyatı “elmi innovasiyalara söykənən” iqtisadiyyata dəyişmək istiqamətində çalışır. Bu, mənim dəfələrlə vurğuladığım və bu gün də məruzəçilərdən bəzilərinin toxunduğu bir məsələdir. Məhz buna görə mən elmi innovasiyalara söykənən iqtisadiyyatı inkişaf etdirmək üzərində bu qədər təkid edirəm. Həmin nəşrdə yazır: “Sanksiyaların müsbət təsiri olmuşdur. Sanksiyalar öz iqtisadiyyatını elmi nailiyyətlər üzərində qurmaq fikrinə düşməsi üçün İrana qeyri-müstəqim surətdə kömək etmişdir”. UNESCO-nun yaydığı məlumatda qeyd olunur ki, İranda aparılan elmi araşdırmalarda prioritet istiqamətləri kök hüceyrələri, nüvə, aerokosmos, enerji mübadilələri, informasiya texnologiyaları kimi sahələr təşkil edir. Onlar bizim gördüyümüz işləri zərrəbinlə araşdırır, izləyirlər. Bizim gördüyümüz işlər mühüm işlərdir. Bizim tələbələr də bunlardan xəbərdar olmalıdır. Xəbərdar olduqda qürur və heysiyyət duyacaqlar. Özləri ilə, iranlı olmaları ilə, inqilabçı olmaları ilə fəxr edəcəklər.

Biz yalnız elmi nailiyyətlərimizlə qürur duymuruq. Yeni söz deməkdə də öz şəxsiyyətimizi hiss edirik; şair demişkən:

هین سخن تازه بگو

“Vaxtdır, yeni söz de!” (9)

Biz yeni söz demişik. Mənəviyyat və dinlə yanaşı olan xalq hakimiyyəti ideyası çağdaş dünyada yeni bir ideyadır. Elə düşünmək lazım deyil ki, mənəviyyata meyil köhnə, mürtəce və bəzilərinin ifadəsi ilə desək, “dəbdən düşmüş” bir məsələdir. Xeyr, belə deyil. Müasir dünya mənəvi boşluğa düşdüyü üçün təlatümdədir və bunu özləri də qəbul edirlər. Bunu deyirlər, təkrar edirlər. Amma nə etsinlər, mənəviyyatı haradan gətirsinlər? Mənəviyyatı insanlara iynə ilə yeridə bilməzlər ki! Yoxlarıdır, çətinlikdədirlər və günü-gündən çətinlikləri daha da artacaq. Bizim qurduğumuz din və mənəviyyatla yanaşı olan xalq hakimiyyəti sözün həqiqi mənasında xalqın hakimiyyətidir. Başqa yerlərdə xalq hakimiyyəti adı altında, əslində, bir partiyanın hakimiyyəti hökm sürür. Qərbdə partiya xalqın arasından baş qaldıran bir təşkilat, şəbəkə deyil; istər Amerikada olsun, istər İngiltərədə, istərsə də başqa yerlərdə. Buna diqqət yetirin. Qərb ölkələrində partiya klubdur, siyasi bir klub. Orada dir dəstə ağıllı insan bir araya gəlir və müəyyən şüarlarla, böyük maliyyə dəstəyi və müxtəlif təbliğat vasitələri ilə camaatı seçkilərə cəlb edir. Bu, həqiqi mənada xalq hakimiyyəti deyil. Burada – bizim ölkəmizdə isə sözün həqiqi mənasında xalq hakimiyyəti var və eyni zamanda dinlə, İslamla yanaşıdır. Bunlar insana öz şəxsiyyətini hiss etdirir. Əgər gənclərimiz öz şəxsiyyətini hiss etsə, heç bir konflikt və ziddiyyət yaranmayacaq. Xaricdə bizim minlərlə tələbəmiz təhsil alır. Əgər onlar bu sadaladıqlarımı özləri üçün iftixar hesab etsələr, İrana qayıdacaqlar. Söz yox ki, təhsillərini başa vurmalıdırlar. Mənim tələbələrin xarici ölkələrdə təhsil almasından heç bir qorxum yoxdur. Dəfələrlə demişəm ki, qoy tələbələrimiz getsinlər, təhsil alsınlar, öyrənsinlər və gəlib ölkəsinə faydalı olsunlar. Amma bu, nə zaman olar? Tələbə iranlı olması ilə fəxr edəndə, inqilabçı olması ilə fəxr edəndə. Öz şəxsiyyətini dərk və hiss etməyin mənası budur.

Digər bir məsələ universitetlərdə siyasət məsələsidir. Mən bir neçə il bundan qabaq – illər öncə – universitetlərdə siyasət barədə bir cümlə işlətmişdim. O dönəmin dövlət rəsmiləri narahat olub bildirmişdilər ki, “siz nə üçün belə bir söz deyirsiniz?” O vaxt mən demişdim ki, universitetlərdən aktiv siyasi düşüncəni, siyasi fəaliyyəti yığışdıranlara Allah lənət etsin (10). Məndən gileyləndilər ki, siz gəncləri siyasi işlərə təşviq edirsiniz. O vaxt bu sözləri deyənlər indi bəzən universitetlər və tələbələr barədə riyakarcasına bəzi sözlər danışırlar, amma əsl əqidələri elə odur, o vaxtkıdır. Mənimsə əqidəm budur: universitet mühiti, təbii olaraq, müxtəlif düşüncə və görüşlərin toqquşduğu bir mühitdir. Bu, universitetin təbiətindədir. Səbəbi isə budur ki, bir tərəfdən gənclərin təfəkkürü, ideoloji düşüncəsi hələ onlara rahatlıq, sakitlik gətirəcək qədər püxtələşməyib – insan ideoloji cəhətdən püxtələşdikdə onda bir rahatlıq, sakitlik yaranır, daxilindəki təlatüm yatır; gənclər isə belə deyil – digər tərəfdən isə onlar enerji doludur, mübahisə etməyə və sair bu kimi şeylərə can atırlar. Mən öz xatirələrimi, cavanlıq dövrümü – əlli-altmış il bundan əvvəli – yada salıram. Bəzi adamlarla siyasi məsələlər, siyasi mübarizə barədə hay-küylü mübahisələr edirdik. Mübahisə etmək, qarşısındakının fikri ilə razılaşmamaq gənclərin xüsusiyyətidir; özəlliklə də tələbə gənclərin. Odur ki bunda heç bir problem yoxdur. Problem o zaman yaranar ki, bu xüsusiyyətdən inqilabi dəyərlərin əleyhinə istifadə edələr. Bax bu, pisdir. Universitetlərdə müxtəlif düşüncələrin, müxtəlif siyasi cərəyan və görüşlərin olmasının heç bir problemi yoxdur. Bir-biri ilə mübahisə edə, aralarında fikir ayrılıqları da ola bilər.

Bəs universitet rəhbərliyinin vəzifəsi nədir? Onların vəzifəsi inqilabın əsaslarına zidd olan siyasi cərəyanları dəstəkləmək və onlarla əməkdaşlıq etməkdirmi? Xeyr, bu, mütləq şəkildə yanlışdır və əslində onların öhdəsinə düşən vəzifənin tam əksidir. Təhsil Nazirliyinin rəsmilərindən və rektorlardan tutmuş auditoriyada tələbələrlə yaxından təmasda olan müəllimlərə qədər hamının vəzifəsi budur ki, universitetlərin bu təlatümlü mühitini inqilabın əsaslarına və hədəflərinə doğru istiqamətləndirmək üçün səy göstərsinlər; yəni gəncləri inqilabçı kimi yetişdirsinlər. Bir cümlə ilə desək, universitetlər inqilabçı olmalıdır, tələbələr inqilabçı olmalıdır, hər bir tələbə Allah yolunda çalışan bir müsəlman olmalıdır. Tələbələri bu istiqamətə yönləndirməlidirlər. Lakin mən bəzən bunun ziddini əks etdirən məlumatlar alıram. Mən üzümü burada iştirak edən rəsmilərə – Təhsil Nazirliyinin rəsmilərinə – tutaraq deyirəm ki, sizin məsuliyyətiniz böyükdür, siz çox diqqətli olmalısınız. Diqqətli olmalısınız ki, universitetlərdə inqilaba, inqilabi şüarlara, inqilabi dəyərlərə, dinə, inqilabçılığa və əziz liderimiz İmam Xomeyninin xatirəsinə zidd olan bir mühit yaranmasın. Bu olduqca zəruri tələblərdəndir. Universitetlərdə kimlərsə və ya müəyyən qruplar elə bir siyasi cərəyana ardıcıllıq edə bilər ki, bu, ölkənin parçalanmasına gətirib çıxara bilər. Bu ola bilər; bu bir reallıqdır. Sizlər bilavasitə universitetlərdə olduğunuza görə, yəqin ki, bəzi universitetlərdə bu kimi məsələlərin mövcud olduğundan xəbəriniz var. Şəxsən mənə bu barədə məlumatlar gəlib çatır. Bu siyasi cərəyanlar məqbul deyildir. Bunları dəstəkləmək olmaz. Elə siyasi cərəyanlar var ki, ölkəni başqalarından asılılığa sövq edir. Bunlar qəbuledilməzdir. Biz demirik ki, zor tətbiq etməklə, təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə və sair bu kimi yollarla onların qarşısı alınsın. Bu problemləri ağıl və tədbirlə, maarifləndirici işlər aparmaqla həll etmək lazımdır. Odur ki inqilabçılıq və intizam mühüm məsələlərdir.

Mənim bir neçə tövsiyəm var, vaxt az qaldığına görə onları qısaca söyləyirəm. Birinci tövsiyəm budur ki, ali təhsil rəsmiləri – istər Səhiyyə Nazirliyi olsun, istərsə də Elmlər Nazirliyi – tədqiqatçı və ixtiraçıların pessimizmə qapılmasına, işdən soyumasına şərait yaratmamalıdır. Bu bir təhlükədir. Özünüz gördünüz ki, elm adamları necə şövq və həvəslə məruzə etdilər. Bu şövq bizim bütün elmi tədqiqat mərkəzlərimizdə, universitetlərin nəzdindəki tədqiqat müəssisələrində müşahidə olunmalıdır. Hamı ümidvar olmalıdır. Onların məyus olmasına, işdən soyumasına imkan verməyin.

Mənim tövsiyə etmək istədiyim məsələlərdən biri də təməl elmlərə əhəmiyyət verilməsidir; mən bu məqama əvvəllər də toxunmuşam, bu gün də mütəxəssislər mənim bu fikrimi təsdiqlədilər. Alim və tədqiqatçılardan bir qrupu ilə görüşlərimizdən birində (11) mən sözügedən məsələ ilə bağlı bir bənzətmə apararaq demişdim: təməl elmlər banka qoyulan yatırıma bənzəyir, belə ki bu yatırım sizin həyatınızın zəmanətidir. Praktiki elmlər isə cibinizə qoyub xəclədiyiniz puldur. Bu da lazımdır. Praktiki elmlər kənara qoyula bilməz, onlara əhəmiyyət verilməlidir, lakin əsas təməl elmlərdir. Bu işi bilən alim və mütəxəssislərin dediyinə görə – belə ki biz də onlardan öyrənməliyik; yəni mən onlardan öyrənməliyəm – əgər təməl elmlər olmasa, praktiki elmlər də bir yana çıxa bilməz.

Mənim növbəti tövsiyəm budur ki, elmi diplomatiya çox önəmlidir. Ümumiyyətlə, diplomatiya mühüm bir məsələdir: iqtisadi diplomatiya da mühümdür, mədəni diplomatiya da mühümdür, elmi diplomatiya da mühümdür; diplomatiya çox önəmli bir məsələdir. Lakin diqqətli olmaq lazımdır ki, elmi diplomatiyada, yəni elmi əlaqələr quran zaman (belə ki mən də bu əlaqələrin qurulmasının tərəfdarıyam) aldanmayasan. Baxın, biri gəlib iş adamı adı ilə bizim bir iqtisadçımız, yaxud iş adamımızla hansısa ölkənin hansısa restoran və ya otelində görüş təyin edir və söhbət edib sövdələşir. Amma araşdırdıqda məlum olur ki, o, İsrail rejiminin təhlükəsizlik xidmətinin əməkdaşıdır və iş adamı adı altında öz məqsədlərini həyata keçirmək iştəyir. Bu vəziyyət elm sahəsində də keçərlidir. Bəli, xarici ölkələrin alimlərindən faydalanın. Mən tələbələrlə görüşlərdə dəfələrlə demişəm ki, biz kiməsə şagirdlik etməkdən, kimdənsə öyrənməkdən utanmırıq. Biz başqalarından öyrənirik, amma diqqətli olmalıyıq ki, elmi əlaqələr qurub elmləri mənimsədiyimiz zaman ölkənin təhlükəsizliyinə müdaxilə olunmasına yol açmayaq. Onlar ölkəmizin təhlükəsizliyinə müdaxilə etmək üçün istənilən yoldan istifadə edirlər; hətta elmdən də. Belə şeylər əvvəllər də baş verib və təəssüflər olsun ki, bu gün də bəzi yerlərdə var.

Daha bir tövsiyəm elmi məqalələr barəsindədir. Elmi məqalələrin statistikasını təqdim etdilər; mənim də bu barədə məlumatım var. Məqalələrin sayı artmışdır. Amma elmi məqalələr ölkənin ehtiyaclarına yönəlməlidir. Bu gün bizim neft sənayesi, kənd təsərrüfatı, müxtəlif sənaye sahələri, informasiya texnologiyaları ilə bağlı araşdırmalar aparmağa və elmi məqalələr yazmağa ehtiyacımız var. Yazılan məqalələr hansısa ölkənin ehtiyacına istiqamətlənməməlidir. Mənim xüsusilə vurğulamaq istədiyim məsələlərdən biri də budur: elmi məqalələrin ölkənin ehtiyaclarına yönəlməsi.

Növbəti bir məsələ kompleks elmi plan məsələsidir. Belə bir ümumi, hərtərəfli planın hazırlanması yaxşı bir işdir, amma bu plan həm bütün universitetlər üçün açıqlanmalı, həm də bir proqrama çevrilməlidir.

Digər bir mühüm məsələ isə müqavimət iqtisadiyyatıdır; Dr. Derəxşan (12) bu barədə, həqiqətən, yaxşı söhbət etdi. Müqavimət iqtisadiyyatı bizim üçün həm milli qürur mənbəyi, həm də hazırkı çətinliklərin həlli yoludur. Məndən soruşurlar ki, siz milli qürur məsələsi üzərində bu qədər dayanır və çıxışlarınızda daim bu məsələni vurğulayırsınız, bəs əhalinin nağd vəsaitə olan tələbatı barədə nə düşünürsünüz? Mənim cavabım budur: əgər müqavimət iqtisadiyyatı sözün həqiqi mənasında – deyildiyi və arzu olunduğu kimi – icra olunarsa, həm milli qürur təmin olunar, həm də ölkənin ehtiyacları qarşılanar. Çünki müqavimət iqtisadiyyatı daxili imkan və potensiala, milli istehsala söykənir.

Mənim növbəti tövsiyəm budur ki, universitetlərdə mədəni işlərin aparılmasına əsas məsələ kimi yanaşılsın; yəni bu, əlavə bir iş deyil. Mədəni işlərə əhəmiyyət verilməlidir. Söz yox ki, mədəni işlər dedikdə, mən universitetlərdə, məsələn, konsertlərin və ya rəqs tədbirlərinin keçirilməsini nəzərdə tutmuram (13). Bunlar mədəni iş deyil, əksinə, mədəniyyətə zidd işlərdir. Rəhbər şəxslər meydanı dəyərləri uca tutan tələbə və müəllimlərə verməlidir. Qoy dəyərləri uca tutan müəllim və tələbələr universitet mühitində sözün həqiqi mənasında nəfəs alsınlar. Mənim dəyərləri uca tutan, inqilabçı tələbə və müəllimlərə tövsiyəm budur ki, ictimaiyyət içərisində təsirli rol oynamağa çalışsınlar. Mən gəncləri “yumşaq müharibənin zabitləri” adlandırmışam. Siz müəllimlər isə yumşaq müharibənin komandirlərisiniz. Elə isə komandirlik edin, komandir kimi rolunuzu ifa edin! Yumşaq müharibə davam edir. İki-üç il bundan əvvəl mən ilk dəfə “yumşaq müharibə” ifadəsini işlətdiyim gündən bu günədək bu müharibə bir neçə dəfə güclənmişdir. Düşmən bizimlə müharibə aparır. Xanım Qəhrəmaninin (14) qeyd etdiyi fars dili məsələsi, əgər diqqət edilərsə, çox mühüm məsələdir. Bizimlə mədəniyyət arenasında hər cəhətdən müharibə aparırlar. Səbəbi də aydındır və mən bunu dəfələrlə demişəm. Belə olan halda biz də müharibəyə hazır vəziyyətdə olmalıyıq.

Mən belə bir fikir işlətmişəm ki, etibarsız insanlar universitetlərdə təmsil olunmasın. Məndən soruşurlar ki, etibarsız insanlar kimlərdir? Etibarsız insanlar hansısa bir bəhanə ilə hakimiyyəti problem qarşısında qoyan insanlardır. Hansı ölkədə buna icazə verilir ki, mövcud hakimiyyət problemlə üzləşsin? Azadlığın mehvəri olduğunu iddia edən Amerika buna icazə verərmi?! Con Steynbek – “Qəzəb salxımları” romanının, eləcə də bir neçə başqa romanın müəllifidir – ən ağır təzyiqlərə məruz qaldı. Amerikada kim sosializm qoxusu gələn – sosializmin özünü demirəm, cüzi belə olsun sosializm qoxusu gələn – bir söz desəydi, o adamı müxtəlif şəkillərdə blokadaya alardılar: canını, namusunu və sairi terror edərdilər. Onlar belədir; onlar öz hakimiyyətlərinin problemlə üzləşməsinə icazə vermirlər. Biz isə seçki bəhanəsi ilə, filan-bəhman bəhanələrlə hakimiyyətimiz üçün problem yaradırıq. Müxtəlif bəhanələrlə hakimiyyəti problemlə üz-üzə qoyan insanlar etibarsız insanlardır.

Sosial elmlər barədə də özüm üçün bir qeyd götürmüşdüm, bu barədə də danışacaqdım, amma artıq vaxt qurtarıb, zənnimcə, hələ vaxtdan bir qədər keçmişik də; ona görə də geniş açıqlama vermirəm. Demək istədiklərimin xülasəsi isə budur: Qərb sosial elmlərinin insana yanaşması Qərb dünyasının insana olan yanaşmasından qaynaqlanır. Biz sosial elmlərin bütün nailiyyətlərini inkar etmirik, hansı mövzulardan istifadə etmək mümkündürsə, istifadə edirik, amma Qərbdən gələn sosial elmlərin ümumi quruluşu və mahiyyəti Qərbin insana olan baxışlarına və insanla bağlı dünyagörüşünə söykənir. Onlar insana bir cür yanaşır, biz isə bir başqa cür – Qərbin maddiyyatçı yanaşmasından fərqli yanaşırıq. Ona görə də biz İslam dininə əsaslanan sosial elmlərə dəyər verməliyik.

İlahi! Dediklərimizi, göstərdiyimiz səyləri, düşündüklərimizi, eşitdiklərimizi Özün üçün və Öz yolunda qərar ver. Bunları bizdən qəbul et. Ramazan ayının səfasını qəlblərimizin üzərinə çək. İlahi! Məhəmməd və Ali-Məhəmməd xatirinə, ölkəmizi, cəmiyyətimizi, universitetlərimizi, müəllimlərimizi, tələbələrimizi, elmimizi günü-gündən Öz ali hədəflərinə doğru daha çox yönəlt. Allahın salamı və mərhəməti nəsibiniz olsun.

_______________________

(1) Ramazan ayında baş tutan bu görüşün əvvəlində universitet müəllimlərindən 11 nəfəri çıxış etmişlər.  
(2) İSİ – elmi nəşrlər və məqalələr barədə biblioqrafik məlumatların təqdim edilməsi ilə məşğul olan təşkilatdır. 
(3) Scopus –  5 mindən çox beynəlxalq elmi nəşr barədə  biblioqrafik məlumatları 25 milyondan çox sənəddə toplayaraq təqdim edən vahid referativ məlumat bazası. 
(4) Wall street – Amerikanın Nyu-York şəhərində ən böyük maliyyə və iqtisadi mərkəzlərin yerləşdiyi küçədir. Amerika əhalisinin 1 faizini təşkil edən zəngin insanları simvolizə edir.   
(5) Universitet rektorları, elmi tədqiqat mərkəzlərinin, elm və texnologiya parklarının direktorları ilə görüş (20.08.1394)  
(6) Elm və Texnologiya Naziri cənab Fərhadi də görüşdə iştirak edir.  
(7) Science – həftəlik elmi jurnaldır 
(8) Nature – həftəlik elmi jurnaldır 
(9) Mövləvi, “Divani-Şəms”, 546-cı qəzəl. 
(10) Orta məktəb şagirdləri və tələbələrlə görüş (12.08.1372) 
(11) Elm xadimləri ilə görüş (13.07.1390) 
(12) Əllamə Təbatəbayi adına Universitetdən Dr. Məsud Derəxşan 
(13) Ali Məqamlı Rəhbər özü və iştirakçılar gülür.  
(14) “Əz-Zəhra” Universitetindən Dr. Süsən Qəhrəmani