Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ramazan ayının ilk günü təşkil olunan Quran məclisində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Xoş gəlmisiniz. Bugünkü məclisdən çox razı qaldıq, həqiqətən də, faydalandıq; Allaha şükürlər olsun ki, ölkəmizdə Qurani-Kərimlə, onun tilavəti ilə olan bu ünsiyyətin, bu bağlılığın çevrəsi gündən-günə genişlənməkdə, böyüməkdədir. Bu da inqilabın və İslam dövlətinin bərəkəti sayəsindədir.

Burada şəkilləri qoyulmuş bu əzizlərimizin(1) yoxluğu da, sözsüz ki, bizi kədərləndirir – səhv etmirəmsə, keçən il hamısı burada idi, bizimlə idi; bəziləri Quran tilavət etmiş, biz də onların qiraətini alqışlamış, bəyənmişdik – ümidvaram, Allah-taala, inşallah, bu əzizlərimizə Qurani-Kərimin yaxınlığında, Quranın kölgəsində, Quranın şəfaəti vasitəsi ilə Öz rəhmət və əfvinin ən ali dərəcələrini nəsib edəcək; Allah-taala ailələrinə də səbir versin; Uca Yaradan onların yarımçıq qalmış həcc ziyarətini ən gözəl bir şəkildə, tamamlanmış kimi qəbul etsin.

Qurani-Kərimin gözəlliyi yalnız onun məna və məzmununda deyil; Quranın söz və ibarələri də gözəldir. Məhz bu ifadə və bəyan gözəlliyi də səbəb olmuşdur ki, qəlblərini qıfıllayaraq Quranın üzünə bağlayanlar, nazil olan bu Qurandakı mənaları dərk və qəbul etmək, onlardan istifadə etmək istəməyənlər onun söz və ibarələrinin bu möcüzəli gözəlliyi qarşısında çıxılmaz vəziyyətdə, çarəsiz qalsınlar; bax bununla daha heç nə edə bilmirdilər. Quranın sözləri, ahəngi, üslubu özü bir möcüzədir. O nə şeirdir, nə də nəsr; Quran elə bir şeydir ki, nə şeir, nə də nəsr olmasa belə, onda həm ən yaxşı şeirin, həm də ən yaxşı nəsrin gözəlliyi var. Qurani-Kərimin bəzi ayələrində ara-sıra vəznə də rast gəlmək mümkündür, ancaq Quranın dilinin gözəlliyi vəzndə deyil. Vəzndən istifadə edilməyən yerlərdə belə, Quranda işlənən kəlmələr, onun dilindəki gözəllik insanı özünə cəzb edir; Quran haqqında “ovsunlayır” ifadəsini işlətmək düzgün deyil, insanın ürəyini oğurlayır, heyran qoyur demək daha doğru olar. Əslində, bu elə belədir də.

Quranın bu gözəlliyindən əlverişli bir vasitə kimi yararlanmaq lazımdır; Quranın nazil edilməsində məqsəd fəsahətli natiqləri, şairləri və başqalarını mat qoyub önündə diz çökməyə, gözəlliyini, mükəmməlliyini qəbul edərək təsdiqləməyə məcbur etmək üçün ortaya gözəl bir kəlam çıxarmaq deyildi; məqsəd yalnız bu deyildi; məqsəd bu idi ki, biz bu qapıdan, bu gözəllik qapısından keçib özümüzü Quran təlimlərinin o bərəkət və möhtəşəmlik dolu bağ-bağçasına çatdıraq; hədəf budur. Quranın sözləri nə qədər gözəl, ürəkoxşayandırsa, məna və məzmunu ondan min qat daha gözəldir; indi mən məşhur ifadə ilə “min dəfə” deyirəm, bəlkə də, minlərlə dəfə; biz ki bunu ölçməyə qadir deyilik! Bəs onu anlamağa kim qadirdir? O kəslər ki, Quranın mənası haqda dərindən düşünür, həqiqətlərin ürəklərinə yol tapması üçün qəlbinin qapılarını onun üzünə açırlar. İstənilən dövrdə, istənilən zaman gündəlik yaşamın problemləri ilə üzləşən və bu problemlərin həlli onun üçün mühüm olan hər bir şəxs Qurani-Kərimlə bu cür yaxından ünsiyyətdə olsa, Quranın möcüzəsini başa düşər; bəziləri daha az, bəziləri daha çox; bəzən daha az, bəzən isə daha çox.

Fikrimcə, əgər biz qəlb sahibi olsaq:

لِمَن کان لَهُ قَلبٌ اَو اَلقی السَّمعَ وَ هُوَ شَهید

“Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!” (Qaf surəsi, 37-ci ayədən), əgər biz düşüncə sahibi olsaq, Quranın dediklərini cani-dildən dinləsək, bu gün onun təlimlərinin möcüzəsini min il bundan öncəkilərdən daha çox dərk edə bilərik. Bu dolaşıq, təlatümlü, problemlərlə dolu dünyada – bu super-dövlətlər, bu elmi inkişaf – məhz belə bir aləmdə Quran irəli çıxıb danışanda,

یَهدی لِلَّتی هِیَ اَقوَمُ وَ یُبَشِّرُ المُومِنینَ

“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, möminlərə müjdə verir!” (İsra surəsi, 9-cu ayədən) – deyəndə insan bunu açıq-aydın hiss edir ki, “Həqiqətən də, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, möminlərə müjdə verir!”

Bəli, sizin kimi xoşsəsli qarilərin tilavətini eşidəndə – bu gün mən, həqiqətən də, sizin tilavətinizdən həzz aldım; istər tək oxuyanlar olsun, istər xor şəklində, istərsə də ifa olunan o dini nəğmələr – insan sözün həqiqi mənasında ürəkdən mənəvi zövq alır; iki cür zövq: biri bu tilavətlərin, səslərin, ifaların özündən, o biri isə – mənim üçün bu ikincisi birincidən daha üstün, daha önəmlidir – ölkənin Quran oxuyanlarının gündən-günə inkişaf etdiyini görməkdən. 20, 30 il bundan öncə ölkədə belə şeylərdən əsər-əlamət yox idi, inqilabdan öncə ölkədə ümumiyyətlə ortayaşlıların, gənclərin, yeniyetmələrin, uşaqların Quranla, Quranın əzbərlənməsi, müxtəlif üslüblarla tilavəti ilə məşğul olduğunu görmək mümkün deyildi.

Bu gün sizin yaratdığınız bu gözəllik – bunu bacardığınız qədər daha çox yaradın, yaratmalısınız – Quran maarifinə açılan bir pəncərə olmalı, bizi Quranla yaxından tanış etməli, aramızda ünsiyyət qurmalıdır. Quran tilavətini xanəndəliklə qarışıq salmaq olmaz; xanəndəlik başqa bir söhbətdir; əlbəttə, təəssüflər olsun ki, hazırda Misirin qareləri arasında elələrinə rast gəlirik ki, Quran oxuyurlar, amma elə bil xanəndədirlər, mahnı kimi oxuyurlar; belələri var. Öncəki nəsillərin qareləri – Şeyx Mustafa İsmail, Şeyx Əbdulfəttah Şəşaii, hətta Məhəmməd Rüfət – bu böyük şəxsiyyətlərin hamısı musiqini yaxşı bilirdilər, amma Quranı Qurana məxsus ahəng və avazla oxuyurdular; kafe-restoranlarda səslənən boş, bayağı musiqilərlə qarışmasına yol vermirdilər. Bu gün bəziləri buna diqqət etmir; belələrini Misir qareləri arasında görürük. Bu gözəlliklər bizi Qurani-Kərimə yaxınlaşdırmalıdır; Quranla ünsiyyətimizi daha da artırmalıdır.

Ölkədə həyata keçirilməsi faydalı olan işlərdən biri də Quran tilavəti məclislərinə rəvac verməyimizdir; əlbəttə ki, az-çox var, inqilabdan əvvəl də hansısa formada var idi, inqilabdan sonra isə daha da yüksək səviyyədə təşkil olunur, ancaq yenə də genişləndirilməlidir. İnqilabdan əvvəl də Quran məclisləri olurdu, Quranın oxunuşu mərhələ-mərhələ öyrədilirdi. O vaxtlar elə mən özüm də nə qədər belə məclislər təşkil etmişdim, iştirak edirdim, görürdüm; amma o vaxt həmin məclislərin məqsədi başqa idi. O vaxt onlar Quranı öyrənmək üçün təşkil olunurdu. Növbə ilə tək-tək oxuyub öyrənirdilər. Lakin Quran tilavəti məclislərində məqsəd bu olmalıdır ki, insanlar bir arada toplansın, qarelər gəlib bir saat ərzində, bundan az və ya çox tilavətlə məşğul olsun, auditoriya da yalnız Quranı dinləmək üçün gəlib iştirak etsin; insanlar gəlib Quranı dinləsinlər. Bu, çox təsirli bir şeydir, bəzən insanın özünün Quran oxumasından da təsirli olur. Elə insanlar var ki, Quranın mənasını anlayırlar, o sözlərin mənasını dərk edirlər. Əlbəttə, dilimizin Quran dili olmaması biz ərəb olmayanların şanssızlığıdır. Ərəblərin dili Quran dilidir; qare hansısa ayəni təkrarən oxuduqda, 2-3-5 dəfə üzərində dayandıqda iştirakçılar hamısı onun nə demək istədiyini anlayır. Fikrimi daha yaxşı çatdırmaq üçün bir bənzətmə etmək istərdim; düzdür, bir az naqis bir bənzətmə ola¬caq: mə¬sə¬lən, Sədinin “Gülüstan”-ında oxuduğumuz “Hesabı təmiz olan haqq-hesabdan qorxmaz” cümləsi hamımıza tanışdır. Deyən kimi, mənasını hər kəs anlayır, dinləyir. Qare bundan min dəfə daha hikmətli olan – həm keyfiyyət, həm də kəmiyyət baxımından – Quran ayələrini oxuyanda ərəbdilli auditoriya onların mənasını anlayır, ərəbdilli olmayanlar isə başa düşə də bilər, düşməyə də. Odur ki, əvvəla, Qurani-Kərimin dili ilə tanış olmağa çalışın; Quranın dili ilə tanış olmalıyıq; bu, bir üstünlükdür və əgər cəmiyyətimizi bu keyfiyyətlə təmin edə bilsək, çox yaxşı olar. Konstitusiyamızda və inqilabdan sonra tənzimlənmiş ilk qanunlarda da bu, öz əksini tapıb, vurğulanır, qeyd olunur ki, biz ərəb dilini – Quranın dilini – öyrənməliyik. Ərəb dilini öyrənmək imkanı olmayanlar, yaxud da bunu bacarmayanlar da, yaxşı olar ki, həmin məclislərdə iştirak etsinlər, Quranı açıb qarşılarına qoysunlar, qare Quranı oxumağa başlasın – indi burada qarelərimiz təxminən 10-12 dəqiqə tilavət edirlərsə, orda bir saat, yarım saat, bir, yaxud da iki nəfər xoş səslə, tilavətin o gözəl qiraət üslubları ilə oxuyur – onlar da dinləsinlər, qarşılarında Quran, mənasını başa düşməsələr də, tərcüməyə nəzər salsınlar, qarenin oxuduğuna diqqət etsinlər. Bu, ölkədə Quran maarifinin təbliğinin genişlənməsinə səbəb olacaq işlərdən biridir: Quran məclisləri; yəni əslində Qurani-Kərim üçün təşkil olunan məclislər. Əhli-beyt (ə) üçün təşkil olunan əzadarlıq, yaxud da mövlud məclisləri kimi; iki agır əmanətdən biri Əhli-beyt (ə), digəri isə Qurani-Kərimdir; Quranın rəvac tapması üçün məclislər təşkil edin. İnşallah, bu işi ölkədə həyata keçirsəniz, təbliğinə şərait yaratsanız və siz qarelər – bu, sizin işinizdir – bu cür məclislər təşkil etməyə çalışsanız, ölkədə Quran hərəkatının inkişaf surəti artacaq və toplum Qurani-Kərimlə daha da yaxından tanış olacaq.

Mənim əzizlərim, bunu bilin ki, bu gün dünya Qurani-Kərimə möhtacdır; istər bunu qəbul edib etiraf etsinlər, istərsə də etiraf etməsinlər. Bu gün dünyada mahiyyət, düşüncə, iman boşluğu yaşanır; imansız insan içi boş, çürük meyvə kimidir. Hazırda qərb ölkələrində müşahidə etdiyiniz, gündən-günə də artan çoxsaylı qətl və cinayətlərin səbəblərindən biri elə budur; intiharların artmasının bir səbəbi də budur. Bəşəriyyətin artıq insanların beynini, qəlbini və ruhunu qidalandırmaq üçün təqdim edəcək heç nəyi yoxdur. Deyirlər, danışırlar, özlərindən nə isə toxuyurlar, amma artıq insanların ürəyinə yol tapmır. Quran isə yox, yol tapır, qəbul edilir. Quranın bir damlası – hamısı yox, yalnız bir damlası – müasir dövrə uyğun bir ifadə tərzi ilə insanlara ötürülsə, ürəkləri cəzb edər, məftun edər. Bunun özümüz də şahidi oluruq. Bu gün bəşəriyyət Qurani-Kərimə möhtacdır.

Özü də Quran müasir dünyaya hakim olmağa qadirdir də; iş görə, irəli gedə bilər. Müxtəlif qüvvələr, super-dövlətlər, atom silahları, sionist rejim və başqaları Qurani-Kərimin qarşısında heç bir qələt edə bilməz. Önəmli olan budur ki, biz Qurandan qaynaqlanan imanımızın dayaqlarını gündən-günə daha möhkəmlədək, Quranı necə, hansı dillə ötürmək lazım olduğunu bilək, onun təlimlərini başqalarına çatdıraq. Bu, kiməsə yardım etmək üçün 1 stəkan suya 1 damcı qüvvətləndirici dərman töküb ona verməyə bənzəyir. Bir damcı əvəzinə beş damcı töksəniz, zərərli ola bilər, həzm olunmaya bilər. Quranın təbligi üçün də bu cür münasib bir dil tapmaq lazımdır. Lakin ilk öncə biz özümüzü, qəlbimizi, ruhumuzu Quran maarifi ilə doyurmalı, doldurmalıyıq; buna özümüz də çox möhtacıq.

Qurani-Kərimin bərəkəti mənim naqis bir dillə açıqladığım bu xüsusiyyətlərlə məhdudlaşmır. Quranın bərəkəti sonsuzdur, bitib-tükənməzdir. Hörmət və başıucalıq, güc-qüvvət, hər cür tərəqqi, maddi rifah, mənəvi yüksəliş, intellektual və ideoloji inkişaf, mənəvi rahatlıq – bunlar hamısı Quranda və Quranla birgə addımlamaqdadır. Mənəvi rahatlıq:

فَاَنزَلَ اللهُ سَکینَتَهُ عَلی رَسولِهِ وَ عَلَی المُؤمِنینَ وَ اَلزَمَهُم کَلِمَهَ التَّقوی وَ کانوا اَحقَّ بِها وَ اَهلَها

“...Allah Öz elçisinə və möminlərə (mənəvi) rahatlıq nazil etdi...” (Fəth surəsi, 26-cı ayədən) 

İnsan öz dinində mənəvi rahatlıq və sakitlik tapanda təqvası artır:

هُوَ الَّذی اَنزَلَ السَّکینَهَ فی قُلوبِ المُؤمِنینَ لِیَزدادوا ایمانًا مَعَ ایمانِهِم 

“Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur.” (Fəth surəsi, 4-cü ayədən) 

Bu rahatlıq insanda imanın gündən-günə artmasına səbəb olur; kimə, nəyə iman? Allah-taalaya, ilahi qüdrətə; ardınca buyurur: 

وَ لِلّهِ جُنودُ السَّماواتِ وَ الارض

“Göylərdəki və yerdəki ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın tutulması, günəşin batması və sair) Allahın ixtiyarındadır...” (Fəth surəsi, 4-cü ayədən)

Hər şey Allah-taalanın əlindədir, Allahın ordusudur. Başqa bir yerdə isə buyurur:

وَ ما یَعلَمُ جُنودُ رَبِّکَ اِلا هُو

“Sənin Rəbbinin qoşunları barədə yalnız O Özü bilir.” (Muddəsir surəsi, 31-ci ayədən)

Uca Yaradanın Özündən savayı heç kəs Onun ordularını sayıb-hesablamağa qadir deyil. Quran budur: sonsuz və fövqəladə bir güc. Biz də, inşallah, həmin gücdən öz potensialımız çatan qədər istifadə etməliyik.

Hər halda, ümidvaram, Allah-taala siz gəncləri qoruyacaq, sizi bizə bağışlayacaq, inşallah. Allah sizi saxlasın, Quranı qoruyun, inşallah, Quranda buyurulduğu kimi yaşayın və dünyanı da o cür tərk edin.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________

(1) Qarelər: Həsən Daneş, Möhsen Hacı Həsəni Kargər, Məhəmmədsəid Səidizade, Əmin Bavi, Fuad Məşəli