Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
Həmd aləmlərin Rəbbinə məxsusdur. Seyidimiz və peyğəmbərimiz Əbülqasim Mustafa Məhəmmədə, onun pak, təmiz və seçilmiş Əhli-beytinə, xüsusilə Bəqiyyətullah Mehdi Sahibəzzamana salavat və salam olsun!
Əziz qardaş və bacılar, çox xoş gəlmisiniz. İnşallah, ölkənin inkişafında həlledici rol oynayarsınız. Sizlər ölkənin və inqilabın ən böyük sütunlarından birini təşkil edirsiniz. Bu uğura nail olduğunuz üçün sizin hamınızı təbrik edirəm. Uca Allaha həmd olsun ki, sizə bu yüksək məqamı kəsb etmək uğuru bəxş etmişdir. İlk olaraq bir cümlə deyim: şəban ayının son və ramazan ayının yaxınlaşdığı günlərdir. Gəlin qəlblərimizi Allahın razılığına və ilahi vəzifələrimizə doğru yönəldək. Əziz qardaş və bacılar, üzümü sizə tutub bir də bunu demək istəyirəm ki, tutduğunuz mövqe və vəzifənin qədrini bilin və bilin ki, bu, çox keçici olan bir fürsətdir. Yəni dörd il bir göz qırpımında keçib gedir. Ömrümüz kimi; ömrümüz də belədir. İnsan dönüb arxasına baxanda vaxtın ildırım sürətilə keçdiyini, xoş anların, çətinliklərin, acıların, şirinlərin, ləzzətlərin və əziyyətlərin başa çatdığını görür. Əgər insan bu uzun ömür dəftərinə – tutalım, mənim kimi 70-80 yaşlı şəxsləri düşünək – Allah-taalanın qarşısında sorğu-sualını verə biləcəyi, buna ümid bəsləyə biləcəyi bir şəkildə nöqtə qoysa, nə yaxşı! Yox əgər insanın Allah-taala qarşısında sorğu-sual olunduğu vaxt bu uzun ömür dəftərində müdafiəsinə qalxa biləcəyi bir işi yoxdursa, onda ömrü ziyan olmuş olacaq.
“اِنَّ الاِنسانَ لَفی خُسرٍ اِلَّا الَّذینَ ءامَنوا وَ عَمِلُوا الصّالِحت”
“Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlərdən ... başqa.” ayəsində deyildiyi kimi(2). İman və saleh əməl. Əgər keçib getmiş ömür salnaməmizdə iman və saleh əməl varsa, yaxşıdır, ziyan çəkməyəcəyik, həmin əməllər qədər mənfəətimiz var. Əgər Allah eləməmiş, saleh əməl olmasa və ya insan sorğu-sual edildiyində görsə ki, əməli qüsurlu və mübahisəli ola bilər, onda onun vəziyyəti çox çətindir, çox!
Şərafətli “Əbu Həmzə” duasında Həzrət Əli (ə) Allah-taalaya belə buyurur:
اَللّهُمَّ ارحَمنی اِذَا انقَطَعَت حُجَّتی وَ کَلَّ عَن جَوابِکَ لِسانی وَ طاشَ عِندَ سُؤالِکَ اِیّایَ لُبّی
“İlahi, Sən məni sorğu-sual etdiyində dəlil-sübutumun tükənəcəyi, dilimin tutulacağı, cavab verə bilməyəcəyim, ağlım başımdan çıxacağı vaxt mənə rəhm et(3). Sən mənə sual verəndə mənim sənə verəcək cavabım olmayacaq – axı insanın əməlləri araşdırılacaq; insan gərək cavab verə bilsin;
کَلَّ عَن جَوابِکَ لِسانی
– dilim tutulacaq, cavab verə bilməyəcəyəm;
وَ انقَطَعَت حُجَّتی
– dəlil-sübutum tükənəcək – insanın özlüyündə həmişə dəlil və sübutları olur axı: “Filan işi buna görə gördüm, bunu ona görə etdim ...” Bunların hər birinə cavab verildikdən sonra adamın əli-qolu boşalır, dəlil-sübutu tükənir;
وَ طاشَ عِندَ سُؤالِکَ اِیّایَ لُبّی
– mənə dalbadal verilən bu suallar qarşısında beynim, qəlbim, ruhum çaşqınlıq içində itib batacaq. Elə belə də olacaq. Bunu mən özüm təcrübədən keçirmişəm, öz başıma gəlib. Demək istəmirdim, amma indi birdən yadıma düşdü, dilimə gəldi, deyirəm: 60-cı ildə (1981) Əbuzər məscidində başıma gələn məlum hadisə zamanı huşumu itirdim. Sonra məni qaldırdılar, məsciddən çıxarıb avtomobilə aparana qədər iki-üç dəfə də huşa gəlib yenidən özümdən getdim, nəhayət huşa gəldim. Huşa gəldiyim o iki-üç dəfədə hiss edirdim ki, son andır; yəni ölüm anı olduğunu hiss edirdim. Qəfildən bütün həyatım gözümün önünə gəldi. Öz-özümə düşündüm ki, yaxşı, indi təqdim etmək üçün nəyim var? Nə qədər düşündümsə, gördüm hamısı mübahisəlidir. Düzdür, mübarizə aparmışdıq, həbs olunmuşduq, döyülmüşdük, dərs demişdik, zəhmət çəkmişdik – insanın ağlına bunlar gəlir – amma həmin an gördüm ki, bütün bunların hamısına etiraz edə və deyə bilərlər ki, filan məsələdə sizin niyyətinizə Allahdan qeyri bir niyyət qarışdığına görə, heç nə, o əməl puç oldu! Birdən hiss etdim ki, heç yerdən yapışmamış bir adam kimi yerlə göy arasında asılı qalmışam. Dedim, İlahi! Vəziyyətim belədir, görürsən də, deyəsən, mənim heç nəyim yoxdur. Əgər Özün nə isə bir mərhəmət göstərməsən, mən öz haqq-hesabımla görürəm ki, əlimdə heç nə yoxdur. İnsan bu cür hallarla qarşılaşır. Ona görə də çalışaq, tutduğumuz bu məqamlardan istifadə edək.
Sizin əlinizə yaxşı bir fürsət düşüb. Dörd il ərzində ölkənin qanunverici və idarəedici orqanı olan İslami Şura Məclisində olacaqsınız. Qanunvericilik son dərəcə əhəmiyyətlidir. Mən dəfələrlə qeyd etmişəm ki, bu, qatarların hərəkəti üçün rels düzməyə bənzəyir. Siz ilk öncə dövlətin hərəkəti üçün relslər düzürsünüz, sonra Konstitusiyanın sizə verdiyi səlahiyyətlə – o cümlədən Konstitusiyada əksini tapan yoxlama və araşdırma ixtiyarı ilə – bu hərəkətin reallaşmasını qarant altına ala bilirsiniz. Təkcə tövsiyə vermək deyil, qanuna əsasən, nəzarət edə, araşdırma apara, yoxlaya da bilərsiniz. Bu, hökumətlə əməkdaşlığa da əsla zidd deyil. Mənə görə – və hər zaman da bu fikirdə olmuşam ki – bütün hökumətlərin dövründə parlament hökumətlə əməkdaşlıq etməlidir. Lakin əməkdaşlıq deyərkən mən parlament kimi öz hüququndan imtina etməyi nəzərdə tutmuram. Bütün hüquqlarınızdan istifadə etməli, yoxlama və araşdırma aparmalı, “nə üçün olmadı, nə üçün az oldu, niyə başqa cür oldu” deyə hesabat tələb etməlisiniz. Bu, çox mühüm bir fürsətdir, bunun qədrini bilin.
İnqilabın əvvəllərində prezident seçkiləri məsələsi gündəmə gəldiyi və müxtəlif namizədlər irəli sürüldüyü zaman mən və dostlarımızdan biri Tehrandan Quma – İmam Xomeyninin yanına yollanmışdıq. O vaxt İmam Qumda idi. Vaxt da çox dar idi, İmam da içəridə idi, amma deyirdik ki, necə olursa-olsun, onu görməliyik. Çünki İmam buyurmuşdu ki, əmmaməlilərin namizədliyi irəli sürülməsin, prezidentliyə namizəd olmasınlar. Biz də İmamla danışıq aparmağa getmişdik, getmişdik deyək ki, bu qadağanı ləğv etsin və biz Behiştinin namizədliyini irəli sürə bilək. Bizə görə, Şəhid Behişti (Allah ondan razı olsun) hər kəsdən yaxşı idi. İmamla bu məsələ barədə danışıq aparmağa getmişdik. Bir az söhbət etdik, İmam danışdı, biz dinlədik, o, bir söz dedi, biz başqa şey dedik. Sonra o bizə dedi: “Gedin məclisi qoruyun, parlamentlə məşğul olun”. O zaman parlament seçkiləri hələ keçirilməmişdi. İmam bizə dedi ki, gedib parlamentin işləri ilə məşğul olaq, parlament mühümdür. Bizə, yəni mənə və dostuma tövsiyəsi bu oldu. Yəni o, bizə hökumət məsələsi üzərində çox dayanmamağı məsləhət gördü. Onun nəzərində parlament hökumətdən, icraedici orqandan daha əhəmiyyətli idi. İndi siz də Allahdan istəyin; həqiqətən, kömək istəyin! Qarşıdan ramazan ayı gəlir, oruc fürsətdir, dua fürsətdir, gecələri oyaq qalmaq fürsətdir. Bu cür gecələrdə möminlərin adətən qıldığı gecə namazı fürsətdir. Dua edin, yalvarın, Allahdan istəyin ki, inşallah, sizə bu böyük işi yerinə yetirə bilmək üçün mənəvi dəstək olsun və uğur qazandırsın.
Mən bir neçə məqama toxunmaq istərdim: bunlardan biri parlamentin əsas vəzifəsi və əhəmiyyəti ilə bağlıdır; digəri qanunvericilik məsələsidir; iqtisadiyyat, mədəniyyət, ümumi siyasətlər, xarici siyasət və bu kimi məsələlərə də ayrı-ayrılıqda toxunmaq istəyirəm. Bütün bunlar barədə bir neçə cümlə deyəcəyəm, inşallah.
Konstitusiyaya görə, sizin vəzifəniz inqilabın nailiyyətlərini və İslamın əsaslarını qorumaqdır. Andınızda da bu var. Mən sizə ünvanladığım bəyanatda da qeyd etmişdim ki, bu and həqiqi anddır(4); yəni bu and pozularsa, cəriməsi var. Siz and içmisiniz ki, İslamın əsaslarını və inqilabın nailiyyətlərini qoruyacaqsınız; bu, mühüm bir məsələdir. Yaxşı bəs bu, nə zaman mümkün ola bilər? Parlament, həqiqətən də, işlərin başında olanda. Bu isə sizin əlinizdədir. “Parlament işlərin başında olmalıdır” fikri qulağa xoş gəlsin deyə söylənən gəlişigözəl bir söz deyil. Parlament, doğrudan da, işlərin başında olmalıdır; yəni qərar qəbul etməli və həmin qərarlar icra edilməlidir. Əlbəttə, sizə onu da deyim ki, müxtəlif hökumətlərin dövründə – indiki, əvvəlki, ondan əvvəlki, İmamın vəfatından sonrakı, İmamın zamanında olan bütün hökumətlərin dövründə, eləcə də mənim özümün başında durduğum hökumətin vaxtında – bəzən elə hadisələr baş verib ki, çətin vəziyyətdə qalmışıq. İndi də hökumətlər müəyyən çətinliklərlə üzləşir və vəliyyi-fəqihin imkanlarından istifadə edirlər. Bu var, amma o vaxt da mən daim buna diqqət etməyə çalışırdım ki, parlamentin qəbul etdiyi qərarlara mümkün olduğu qədər xələl gəlməsin. O zaman keçmiş hökumətlərdən biri büdcə qanununa zidd olan bir şey istəyirdi. O vaxt proqram yox idi, büdcə qanunu idi. Nə qədər israr etdilərsə, mən qəbul etmədim. Çətinlikləri olsa da, dedim ki, bizim bir parlamentimiz var, oturub qərar qəbul edib, böyük zəhmətlə büdcə qanunu qəbul edib, indi siz gəlin bir kəlmə ilə bütün qanunu alt-üst edin?! Belə olmaz axı! Parlament işlərin başında olmalıdır. Parlamentin hörməti, vüqarı, nüfuzu qorunmalıdır.
Bir dəfə mən, deyəsən, ya cənab Laricaniyə, ya da parlament sədrlərindən hansınasa, demişdim ki, məşrutənin əvvəlindən Rza xan hakimiyyətə gələnə qədər belə olub. Rza xan gələndən sonra parlament, qanun, qanunvericilik və sair, hamısı toz olaraq havaya sovrulub. Ancaq Rza xandan əvvəl – məşrutənin yenicə hakimiyyət başına gəldiyi o dönəmdə qanunvericilik, parlament və şura məclisi kimi məsələlər aktual olub; deyəsən, parlamentin ikinci, yoxsa üçüncü çağırışı olub; xülasə Rza xan hakimiyyətə gəlməzdən əvvəl – parlamentin sədri Mötəmənül-mülk(5) olub. O, Qacarlar dövrünün xeyirxahlığı ilə ad qazanmış adamlarından olub. Mötəmənül-mülkün qardaşı Müşirüddövlə isə baş nazir olub(6). O da xeyirxahlığı ilə tanınırdı. Yəni Qacarlar dövründə və Pəhləvi hakimiyyətin əvvəllərində bu iki qardaş nisbətən xeyirxah hökumət adamları kimi tanınıb. Böyük qardaş Müşirüddövlə hökumətin rəhbəri və baş nazir, kiçik qardaş Mötəmənül-mülk isə parlamentin sədri olub. Bir dəfə hökumətin başçısı – baş nazir – parlamentdən orada məruzə etmək üçün vaxt alır; məsələn, səhər saat səkkizdə çıxış edəcəyini deyir. Səhər saat səkkiz olur, Müşirüddövlə vaxtında gəlib çata bilmir. Mötəmənül-mülk saatına baxır və səkkizdən beş dəqiqə keçdiyini gördükdə deyir: “Daha baş naziri buraxmayın”; “Daha baş naziri buraxmayın”! Beş dəqiqə sonra Müşirüddövlə özünü çatdırır, ancaq onu parlamentə buraxmırlar. Bax belə. Baş nazir təyin edilmiş vaxtdan gec gəlir, parlamentin sədri olan qardaş, özü də kiçik qardaş onu parlamentə buraxmır. Parlamentin gücü bax budur, məclisin ciddiliyi budur. Bunu qorumaq lazımdır. Bu, sizin öz əlinizdədir, siz bunu edə bilərsiniz.
Parlamentdə bu xüsusiyyətləri sözün əsl mənasında təmin edə və zəmanət altına ala biləcək şeylərdən biri özünənəzarətdir. Mən bunu səkkizinci məclisdə demişdim(7). Parlament özü-özünə nəzarət etməlidir. Nəticə etibarilə, parlament bir qrup insandan təşkil olunur, biz insanlar isə hamımız səhvə yol verə bilərik. Bunun zarafatı, böyüyü-kiçiyi, qocası-cavanı yoxdur. Hamımız səhvə yol verə, doğru yoldan sapa bilərik. Bunun qarşısını kim almalıdır? Parlament özü. Özü də müxtəlif sampalar ola bilər. Parlament öz üzvlərinə nəzarət etsə, parlamentarilərin yanlışının qarşısını alsa və deputatlar bu bir neçə ildə saflığını və təmizliyini qoruya bilsə, o zaman dili uzun olar, harada nöqsan görsə, danışa bilər. Parlament buna riayət etməlidir. Xahiş edirəm, özünənəzarət məsələsinə, parlamentin özünənəzarətinə laqeyd yanaşmayın. Bunu qoruyun.
Qanun barədə də bir məqama toxunmaq istəyirəm. Qanunvericilik sizin əsas vəzifənizdir, lakin qanunlar iki şəkildə çıxarıla bilər: yaxşı və pis. Yaxşı qanun da çıxarmaq olar, pis qanun da. Qanunun pis və ya yaxşı olması da sırf onun mahiyyətcə yaxşı, yaxud pis olmağından asılı deyil. Xeyr, bəzən siz yaxşı bir qanun qəbul edirsiniz, ancaq bu, yarıtmaz bir qanunvericilik olur. Niyə? Ona görə ki, həmin qanun qəbul edilərkən diqqətsizliyə yol verilib, başqa qanunlarla uyğunluğu gözlənməyib, məzmununda dəqiqlik və aydınlığa riayət olunmayıb. Birincisi, qanun keyfiyyətli olmalıdır; qanunların sayının artması, çoxluğu o qədər də xoşagələn bir hal deyil. Qanun keyfiyyətli olmalıdır. Bayaq cənab Doktor Laricani qeyd etdi ki, budəfəki məclisdə müxtəlif ixtisaslı deputatlar yer alıb, bu, məni, həqiqətən, çox sevindirir. Şükürlər olsun Allaha! Mütəxəssislərin, başıçıxan, məlumatlı və ağıllı insanların parlamentdə olması bu cəhətdən çox qiymətlidir. Qanunların möhkəm və əsaslı olmasına diqqət yetirin. Yəni qanunun qəbul edilməsi üçün irəli sürülən dəlillər elə olmalıdır ki, istənilən adam baxanda: “Bəli, bu, möhkəm və əsaslı bir qanundur” – desin. Qanun əhatəli olmalıdır. Müxtəlif aspektlərə səthi və diqqətsiz yanaşma qanunu faydasız edir. Qanun aydın olmalıdır, elə olmalıdır ki, tez-tez düzəliş etmək lazım gəlməsin, davamlı olaraq parlamentdən qanunların izahı tələb olunmasın. Qanun aydın və əhatəli olmadıqda parlamentdən daim izah tələb edirlər ki, “bu yerdə bunu nəzərdə tutmusunuz, ya başqa bir şeyi?” Bəzən də parlamentin verdiyi izahın nəticəsi qanunun öz məzmununa zidd olur. Belə bir qanun yaxşı qanun deyil; yəni qanunun məzmunu yaxşı ola bilər, ancaq qanunvericilik yaxşı deyil, qanunvericilik pisdir. Odur ki qanun keyfiyyətli olmalıdır.
Həmçinin qanunlar arasındakı təzadlılıq; bizim qarşılaşdığımız problemlərdən biri də qanunların çoxluğudur. Müxtəlif məsələlərlə bağlı bu qədər qanunumuz var! Bayaq cənab Doktor Laricani ölkədə torpaqdan istifadənin planlaşdırılması məsələsinə toxundu. Bu məsələ hələ mən prezident olduğum vaxtdan Nazirlər Kabineti tərəfindən irəli sürülüb. O vaxtdan otuz, otuz neçə il keçir. O vaxt ölkə ərazisindən səmərəli istifadə və torpaqlardan istifadənin planlaşdırılması məsələsi hökumət tərəfindən qaldırılmış və qərara alınmışdı ki, bu istiqamətdə tədbirlər görülsün; hələ “amayeş” (farsca “planlaşdırma” mənasındadır – red.) sözü ilə bağlı da mübahisələrimiz olmuşdu ki, bu söz fars sözüdürmü, nə deməkdir, kökü hansı sözdür? Bu məsələ bütün hökumətlər tərəfindən də diqqətdə saxlanıb, ancaq hələ də reallaşmayıb. Qanun da qəbul etmişik, torpaqdan istifadənin planlaşdırılması ilə bağlı qanun da var. İndi siz gəlin ona bir neçə qanun da əlavə edin?! Birbaşa yollarla getmək lazımdır. Tutalım, siz ölkə ərazisindən səmərəli istifadə proqramı əsasında əyalət və regionların imkan və potensialı ilə tanış olaraq ölkənin müxtəlif ostan və bölgələrinin imkanlarından istifadə etmək istəyirsiniz. Çox yaxşı, amma əgər bu olmasa da, bununla yanaşı başqa yollar da var. Tutaq ki, misal üçün, Xorasan əyalətində elmi prinsiplər əsasında torpaqdan istifadənin planlaşdırılması reallaşmayıb, ancaq ola bilsin, oranın valisi və yerli orqanlar bu əyalətin potensialları haqqında elə şeylər bilir ki, mərkəzdə oturanların onlardan heç xəbəri yoxdur. Bu özü də bir imkandır, bu vasitələrdən də istifadə etmək lazımdır. Demək istədiyim budur ki, qanunların çoxluğu, sayının artırılması yaxşı deyil, əsas odur ki, qanun keyfiyyətli və əhatəli olsun.
Korrupsiyaya zəmin yaradan qanunların qarşısı alınmalıdır; yəni bu baxımdan diqqətli olun. Hazırda bizim parlamentə aid olmayan – doğrudur, bəzən bizim parlamentdə də olub; yadımdadır, bu illər ərzində bir neçə dəfə şahidi olmuşam – ancaq dünya parlamentlərində bir qayda olaraq müşahidə edilən məsələlərdən biri budur ki, bir qanunu təsdiq edirlər, on gün sonra onu ləğv edirlər. Bu on gündə müəyyən adamlar milyardlar qazanır! Qanun korrupsiyaya səbəb olur. Yəni qanun belədir ki, tutalım, nəyinsə satışını qadağan edirlər, nəyinsə idxalına və ya ixracına qadağa qoyurlar. İstifadə etməli olan şəxslər bu qadağadan istifadə edir. On gündən sonra qadağanı götürürlər. Elə adam olur ki, bir gecəyə milyarder olur! Belə qanunlar korrupsiyaya səbəb olur. Belə qanunlar var. Diqqətli və ehtiyatlı olun ki, qəbul etdiyiniz qanunlar korrupsiyaya yol açmasın, belə hallara qarşı olsun.
Qanunla bağlı mühüm məqamlardan biri də budur ki, milli maraqlar ayrı-ayrı regionların problemlərindən üstün tutulmalıdır. Əlbəttə ki, sizlər ölkənin müxtəlif regionlarından gəlmisiniz, camaatın da sizdən gözləntiləri var, amma bu gözləntilərin tam olaraq reallaşması məqbul deyil, onlar müəyyən həddə qədər reallaşa bilər. İnsanlar düşünə bilər ki, indi ki siz seçilib gəlmisiniz, oranın yol, su, elektrik, büdcə – bütün problemləri həllini tapacaq, amma yox, bu heç mümkün də deyil. Doğrudur, siz istər-istəməz region əhalisinin istək və gözləntilərinin müəyyən qədərini diqqət mərkəzində saxlamağı özünüzə borc bilirsiniz. Müəyyən həddə qədər, yəni milli maraqlara zidd olmadıqca bunun problemi yoxdur. Bəzən isə gözləntilər milli maraqlarla təzad təşkil edir. Tutalım, hansısa ostanda hava limanı tikilməsinə israr edirlər – hava limanı xərc aparan məsələlərdəndir; baha başa gələn infrastrukturlardan biri də hava limanıdır – hava limanı olmasını istəyirlər. Siz baxıb görürsünüz ki, əslində orada hava limanına təcili bir ehtiyac yoxdur. Bəli, həmin ostan üçün bir üstünlük olacaq, lakin qonşuluqda, misal üçün, bu və ya o biri tərəfində yaxın hava limanları var. Ölkənin pulunu, dövlətin imkanlarını, potensialını prioritet olmayan bir şey üçün sərf etməkdir! Burada siz milli mənafeyi lokal mənafedən, bir regionun maraqlarından üstün tutmalısınız. Demirəm ki, regionların istəklərinə tamamilə etinasız yanaşın, belə bir şey mümkün də deyil, ancaq milli maraqlarla təzad təşkil etdikdə qanunvericilikdə milli maraqlara, mütləq, riayət edin.
Qanunla bağlı demək istədiyim başqa bir məsələ budur ki, mütəxəssislərdən, ixtisaslaşmış qurumlardan istifadə edin. Mütəxəssis potensialından istifadə edə biləcəyiniz mühüm subyektlərdən biri hökumətdir. Hökumətin müxtəlif sahələrdə yaxşı mütəxəssisləri var. Dövlətin ixtisaslaşmış qurumlarından – istər Dövlət Proqramları Komitəsi olsun, istər də başqa strukturlar – mütləq, istifadə edin. Bu təkcə onlarla da məhdudlaşmır. Hökumətdən kənara da nəzər salsanız, görərsiniz ki, hazırda iqtisadi problemlər sahəsində – az sonra bu barədə qısaca danışacağam – hökumət strukturlarında təmsil olunmasalar da, hansısa universitetdə dərs deyən və ya ixtisasca iqtisadçı olan güclü mütəxəssislər var. Qərar qəbul edərkən ölkədəki mütəxəssislərdən, mütləq, istifadə olunmalıdır.
Çalışın ki, qanunlar ali dövlət sənədləri və elan edilmiş siyasətlərlə uyğunluq təşkil etsin. Məsələn, altıncı inkişaf proqramı sizin üçün gündəlikdə duran bir məsələdir, çox da mühüm bir proqramdır. Sizə bunu deyim ki, altıncı inkişaf proqramı son dərəcə əhəmiyyətlidir. Bu proqrama laqeyd yanaşmaq, səhlənkarlıq etmək, diqqətsizlik göstərmək olmaz; yəni bu proqramı, doğrudan da, tam, yaxşı və dəqiq bir şəkildə tamamlamalısınız. Doğrudur, hazırda həm iqtisadi, həm də siyasi cəhətdən spesifik bir vəziyyət hökm sürür. Ölkəmizin hazırkı vəziyyəti xüsusi səciyyə daşıyır. Sizin hazırlayacağınız beşillik proqram sözün əsl mənasında mükəmməl olmalıdır. Təbii ki, bu proqram tənzimləndiyi zaman mühüm dövlət sənədlərindən biri olur və hər hansı bir qanunu qəbul etmək istədiyiniz zaman siz onun bu proqrama və ya digər proqramlara, misal üçün, Konstitusiyanın 44-cü maddəsinin ümumi siyəsətlərinə və sairə uyğun olmasına diqqət yetirməlisiniz.
Qanunvericilik barədə bu qədər; inşallah ki, sizlər bu nüansa diqqət yetirirsiniz. Əlbəttə, bəzi dostlar qəzetlərdə və sairdə çıxış edərək: “Yeni seçilmiş deputatların çoxu parlament təcrübəsi olmayan, parlamentə bələd olmayan şəxslərdir” – deyirlər. Mediada bu cür fikirlər gözə dəyir. Mən isə hesab edirəm ki, bu, təhlükəli bir şey deyil, fürsətdir. Ümumiyyətlə, seçkilər və yerdəyişmələr özü bir fürsətdir. Parlamentlərdə həm bu sahəyə öyrəşməmiş, ona yeni nəfəs gətirəcək insanların, həm də daha əvvəl orada təmsil olunmuş, yəni köhnə tərkibdən olan deputatların iştirakı, köhnələrin öz təcrübəsini yenilərə ötürməsi yaxşı bir şeydir, bir fürsətdir. Başqalarının təcrübələrindən faydalanaraq bu fürsətdən bacardıqca yüksək əhval-ruhiyyə, həvəs və maraqla, yaxşıca istifadə edin. Qanunla bağlı qeyd etmək istədiyim, zənnimcə, ən önəmli olan məsələlər bunlar idi.
İqtisadiyyat məsələsi. Əziz qardaş və bacılar, baxın, həqiqətən, iqtisadiyyat ölkəmizin əsas məsələsidir. Özü də təkcə bu gün yox; mən beş-altı ildir ki, mütəmadi olaraq bu məsələnin əhəmiyyətini vurğulayıram. Hələ beş-altı il bundan əvvəl ilin ilk günü –bayram çıxışımda demişdim ki, bizi iki yöndən təhlükə gözləyir və onlardan biri, bəlkə də, ən önəmlisi iqtisadiyyatdır(8); reallıq da elə budur. O vaxt hələ sanksiyalar yox idi, tətbiq edilməmişdi. Düşmən iqtisadiyyatdan bizə qarşı bir silah kimi istifadə etdi, biz də, bəlkə, bir qədər naşılıq edərək bu silahdan çox qorxub narahat olduğumuzu göstərdik. Buna görə də o daha da cəsarətləndi və bizə təzyiq göstərməyin yolunu tapdı. Hər halda, iqtisadiyyat məsələsi çox mühüm bir məsələdir. Biz ölkənin iqtisadiyyat problemini həll etməliyik. Təbii ki, qanunların icrası hökumətin vəzifəsidir, məhz hökumət meydanın ortasında olub iş görməlidir, ancaq siz də bu işdə ona çox kömək göstərə bilərsiniz. Əsas diqqət mərkəzində durmalı olan ən mühüm məsələlər durğunluq və daxili istehsaldır. Daxili istehsal çox önəmlidir. Bir neçə gün bundan öncə mən çıxışlarımdan birində qeyd etdim ki(9), hökumətin iqtisadi məsələlərlə bağlı atdığı hər bir addımın müqavimət iqtisadiyyatı proqramının harasında yer aldığı tam dəqiq və aydın olmalıdır. Müqavimət iqtisadiyyatı ayrı-ayrı xanalardan təşkil olunmuş bir cədvəldir. Atdığımız hər bir addımın bu cədvəlin hansı xanasını doldurduğu aydın olmalı, bilinməlidir. Hökumət bir sövdələşmə həyata keçirmək istəyirdi, bizim idarədən əlaqə saxlayıb oradakı məsul şəxsdən soruşdular ki, yaxşı, bu, müqavimət iqtisadiyyatının harasında yer alır? Atılan hər bir addımı izah etməli, aydınlaşdırmalıdırlar ki, bu, müqavimət iqtisadiyyatının harasına aiddir; müqavimət iqtisadiyyatına zidd olmamalıdır; təkcə zidd deyil, neytral da olmamalıdır. Odur ki daxili istehsal məsələsi çox önəmlidir; durğunluq probleminin həllini tapması çox mühümdür.
Daxili istehsaldan və bu kimi məsələlərdən asılı olan məşğulluq məsələsi də çox önəmlidir. Biz hamımız davamlı olaraq deyirik – hökumət rəsmisi deyir, parlament deyir, qəzetlərdə çıxış edən müstəqil iqtisadçı ekspertlər deyir ki, müəssisələrin filan faizi dayanıb və ya potensialının yarısından azını işlədir. Yaxşı, axı nə baş verir? Axı necə olursa-olsun bunlar işə düşməli, işləməlidir! Bu müəssisələr işləsə, məşğulluq da olacaq. Gənclərin işsizliyinə görə dövlət o gənclərin öz evində keçirdiyindən daha çox utanc və xəcalət hissi keçirir, bunu bilin! Mən özüm işsiz qalmış gənclər haqqında düşünəndə utanıram. Bəzi şəhərlərdə işsizlik səviyyəsi yüksəkdir. Əlbəttə, biz işsizliyin səviyyəsini və ya necə deyərlər, faiz göstəricisini müəyyən rəqəmlərlə ifadə edirik, 12%, 10% – o verilən statistik rəqəmlər – amma bu, orta hesabdır. Adam bu rəqəmləri görəndə utanır. Yəni bu statistikanı düşünəndə, bu həqiqəti araşdıranda mənim keçirdiyim utanc hissi evinə işsiz və əliboş gedən gəncin keçirdiyi utanc hissindən az deyil, bəlkə də çoxdur. Bunu aradan qaldırmalıyıq.
Bayaq qeyd olunan, mənim də dəfələrlə vurğuladığım qaçaqmalçılıq məsələsi çox ciddi bir problemdir. Qaçaqmalçılıq dövlətin kürəyinə sancılan xəncərdir. Bir qrup adam qaçaqmalçılıqla öz şəxsi mənafeyindən ötrü ölkənin mənafeyini məhv edir. Bununla mübarizə aparmaq lazımdır. Təbii ki, bu, asan bir mübarizə deyil, çünki qaçaqmalçılıq yolu ilə milyardlarla gəlir əldə edən adamlar öz əməllərindən belə asanlıqla əl çəkməyəcəklər. Tədbir görmək lazımdır və əlbəttə ki, bunu hökumət etməlidir, ancaq hökumətin atdığı addımların dayağı parlamentdir. Məhz siz bunu istəməli, qərar qəbul etməli, fəliyyət proqramı hazırlamalısınız. İqtisadiyyat barədə də bu qədər.
Növbəti məsələ mədəniyyət məsələsidir. Əlbəttə, mədəniyyət uzunmüddətli bir dövr üçün iqtisadiyyatdan daha mühümdür. İqtisadiyyat bizim hazırkı prioritetimiz olan təcili bir məsələdir, mədəniyyət isə davamlı və çox önəmli bir məsələdir; hətta iqtisadiyyatın özü üçün də əhəmiyyətlidir. Əziz qardaş və bacılar! Mən mədəniyyət məsələsinə qarşı bir laqeydlik olduğunu hiss edirəm. Mədəni qurumlarda – istər dövlət, istərsə də qeyri-dövlət strukturları olsun – mədəni fəaliyyətlərə qarşı bir laqeydlik, qeyri-ciddilik var. İstər faydalı mədəni məhsulların istehsalı, istərsə də zərərli olanların qarşısının alnması işində səhlənkarlığa yol verilir. Mədəni məhsulların əhəmiyyəti fiziki istehlak məhsullarının əhəmiyyətindən heç də az deyil, əksinə çoxdur. Misal üçün, hansısa kukuruzların sağlamlıq üçün zərərli oluğunu dönə-dönə deyir, insanları o kukuruzları yeməməyə çağırırlar. Zərəri nə qədərdir, nə kimi zərəri var, əhalinin neçə faizi üçün zərərlidir – bu barədə hər zaman danışırlar. Ancaq heç kəs cürət edib hansısa film, kitab, kompüter oyunu və sairənin zərərindən danışmır, çünki informasiya azadlığının, azad informasiya mübadiləsinin qarşısını almaqda ittiham edilməkdən çəkinir. Bu sözləri deyənlər özləri bu məsələlərdə bizdən daha sərt təzyiq göstərirlər, inanın buna. Hazırda informasiya baxımından dünyanın ən azad regionları, tutalım, Avropa ölkələri, o cümlədən ABŞ-dır, lakin vətəndaşların şəxsi informasiyalarına nəzarət, dövlətin həssas yanaşdığı məsələlərə müdaxilə ilə bağlı ABŞ-dan gələn dəqiq və danılmaz xəbərlər adamı, həqiqətən də, təəccübləndirir. Bizdə informasiyalara onlarda olanın onda biri qədər nəzarət yoxdur, etmirik. Burada bir filmi qadağan edən kimi və ya tutalım, hansısa virtual əməliyyata məhdudiyyət, yaxud qadağa qoyan kimi, onlar orda dərhal hay-küy salırlar. Biz də inanırıq. Biz də inanırıq ki, həqiqətən, yanlış bir hərəkət etmişik. Xeyr, cənab! Ayıq olmaq lazımdır! Bizim vəzifəmiz faydalı mədəni məhsul istehsal etmək, zərərli mədəni məhsulun qarşısını almaqdır. Mən bu sahədə bir laqeydlik olduğunu hiss edirəm. Sizlər bunu nəzərə almalı, bu mövzuya əhəmiyyət verməlisiniz.
Siyasətlərlə bağlı. Siz İslami Şura Məclisi olduğunuz üçün inqilabçı bir qurumsunuz. İslami Şura Məclisi inqilab əsasında formalaşmış, inqilabçı bir qurumdur, ona görə də siz həmişə inqilabçı kimi davranmalı, inqilabçı olmalı və inqilabçı olaraq da qalmalısınız. Əlbəttə, inqilabçı olmağın cürbəcür formaları var. Srağagün İmamın ziyarətgahında mən bu barədə bir qədər danışdım(10). Orada olmusunuzsa, yaxud dinləmisinizsə, eşitmisinizsə, bilirsiniz. İnqilabın qoyduğu müəyyən qaydalar, prinsiplər var. İstənilən halda, siz qanunlar üzərində işləyərkən hər zaman inqilabçı kimi davranın, mövqe seçərkən inqilabçı kimi davranın. Mövqe də iki cürdür: biri özünü sizin nitqinizdə, danışığınızda əks etdirən şəxsi mövqeyiniz, digəri isə parlamentin ifadə etdiyi ümumi mövqe. İnsafən, bu cəhətdən doqquzuncu məclisin fəaliyyəti çox yaxşı idi. Siyasi cəhətdən inqilaba müxalif olan etirazçı cərəyanlarla mübarizədə mövqe sərgiləmək, mövqeyə malik olmaq lazımdır. Baxın, hazırda ABŞ konqresi ABŞ hökumətinə etiraz edir ki, “siz İranla xoş davranırsınız” (ABŞ hökumətinin bizə qarşı düşmən münasibətdə olduğuna ki heç şübhə yoxdur; yəni mənim bu dediklərim təəssübkeşlikdən irəli gəlmir, zənn və güman da deyil, bunları dəqiq və aydın məlumatlara əsasən deyirəm. ABŞ-ın İslam Respublikasına münasibəti qatı düşmən münasibətidir). Durmadan qətnamə qəbul edir, danışırlar, nələrsə edirlər. Yaxşı, bunların cavabını kim verməlidir? Bunların qarşısına kim çıxmalıdır? Bunların ağzını kim yummalıdır? Siyasi arenada düşmən əks reaksiyalar əsasında hesabını aparır. Əgər o, bir sözü dedi və siz sakit dayandınızsa, bir cür nəticə çıxarır; əgər sakit durub başınızı da aşağı saldınızsa, başqa nəticəyə gəlir; sakit durub, başınızı aşağı salıb, hələ bir öz-özünüzə nırçıldadınızsa, onda hesabını bir başqa cür aparır. Əgər başınızı qaldırıb cavab verdinizsə, bir başqa nəticə çıxarır. Düşmən sizin passiv olduğunuzu, geri çəkilənlərdən olduğunuzu hiss etsə, özünü yığışdırmayacaq. Ümumiyyətlə, siyasətdə özünü yığışdırmaq yoxdur, daim irəli gəlirlər, daha çox istəyirlər. Müxtəlif hadisələrdə – ən sonuncusu da elə nüvə danışıqlarıdır – özünüz bunun şahidi olmusunuz. Davamlı olaraq tələb edirlər, daha çox istəyirlər, təhdid edirlər. O zaman nüvə fəaliyyətləri, nüvənin zənginləşdirilməsi, iyirmi faiz zənginləşdirmə və sair məsələlərdən söhbət gedərkən müharibə variantının da seçim variantları içərisində olduğunu deyirdilər. Bu sözləri indi də yenidən təkrarlayırlar; həm dövlət rəsmiləri təkrarlayır, həm parlamentariləri, həm də gələcək prezidentliyə namizədləri. Hazırda meydanda olan iki-üç namizəd də dönə-dönə təkrar edir ki, “əgər iş başına gəlsək, belə edəcəyik, elə edəcəyik!”
Dostlar, bir nüans var ki, ona çox diqqət yetirmək lazımdır: baxın, ölkəmizin daxilində bəzi çatlar var; etnik çatlarımız var, ideoloji çatlarımız var, misal üçün, sünni və şiəmiz var, siyasi cinahlar arasında, özünüzün də gördüyünüz kimi, çatlar var. Nə qədər ki bu çatlar aktivləşməyib, zəlzələ baş verməyəcək. Bunun eybi də yoxdur, ixtilafların olmasının heç bir eybi yoxdur. Amma əgər bu çatlar aktivləşsə, o zaman zəlzələ baş verəcək. Düşmənin də çalışdığı bu çatları aktiv vəziyyətə gətirməkdir. Bunu yaddan çıxarmayın! Bu ixtilafların alovunu daha çox şölələndirmək üçün daim bu ocaqları körükləyirlər. Çalışın bu baş verməsin. Siz əqidəli olun; indi biri bir siyasi cinahdandır, o biri başqa bir cinaha tərəfkeşlik edir, üçüncüsü bir başqa cinahın arxasınca gedir – olsun, heç bir eybi yoxdur. Amma bu, yaxalaşma və söz savaşı ilə nəticələnməməlidir. Belə ki söz savaşının da sonu bəzən əlbəyaxa davaya gedib çıxır; فَإنَّ الحَرب اوّله اللسانُ – “Bütün müharibələr adətən söz savaşı ilə başlayır”(11). Ehtiyatlı olun ki, düşmən bu çatları akivləşdirməsin. Mühüm cəhətlərdən biri budur. Hansısa siyasi hadisə ilə bağlı parlamentdə sizlərdən kiminsə öz siyasi baxışı əsasında, başqa birisinin də öz siyasətinə uyğun fikir bildirməyində heç bir problem yoxdur. Ancaq bunu dava-dalaş və ixtilaf üçün səbəbə çevirməyin. Eyni prinsipi mən hökumətlə qeyri-hökumət qurumlarına, hökumətlə parlamentə, hökumətlə xalqa da aid edərdim. Xalq hansısa hökumətin siyasətlərini – çoxunu, hamısını və ya bir qismini – qəbul etməyə bilər və bunun heç bir eybi də yoxdur. Kimin müxalifi yoxdur ki?! Etiraz edilməyən, tənqid olunmayan adam varmı?! Bizim hamımıza müxalif çıxanlar, etiraz edənlər, tənqid edənlər var, bunda heç bir problem də yoxdur. Problem onda olar ki, bu müxalifət yaxalaşma ilə nəticələnsin. Diqqətli olun ki, bu, parlamentdə baş verməsin. Əgər parlamentdə gərginlik yaranarsa, – bəzi dövrlər olub ki, parlamentdə gərginlik yaşanıb – bu gərginlik xalqa sirayət edəcək, xalq arasında psixoloji də olsa gərginlik yaranacaq. Əgər parlamentdə sakitlik olsa, bu sakitlik xalqa sirayət edəcək və bu sakitlik, mənəvi rahatlıq çox önəmlidir:
هُوَ الَّذی اَنزَلَ السَّکینَةَ فی قُلوبِ المُؤمِنینَ لِیَزدادوا ایمانًا مَعَ ایمانِهِم
“Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur” (Fəth surəsi, 4-cü ayədən). Mənəvi rahatlığın xüsusiyyəti budur – mənəvi rahatlıq elə psixoloji rahatlıqdır, insanın ruhunun təlatümdə olmamağıdır – iman üstünə iman artırır, insana imanını artırmaq fürsəti verir. Bu çox mühüm və əhəmiyyətli bir məsələdir. Düşmən dünya ictimaiyyəti səviyyəsində İran İslam Respublikasını ittiham etməyə, ölkə səviyyəsində daxilimizdəki çatları daha da aktivləşdirməyə, regional – Qərbi Asiya regionu səviyyəsində isə bu strateji regionla bağlı mühüm və həssas planlarını inkişaf etdirməyə, qarşısındakı maneəni, yəni planlarının gerçəkləşməsinə mane olan İran İslam Respublikasını neytrallaşdırmağa çalışır. Düşmənin çalışdığı budur. Onların İraqla bağlı planları var, Suriya ilə bağlı planları var, Fələstinlə bağlı planları var, Livanla bağlı planları var; özü də konkret planları. Bir vaxtlar ağızlarından qaçırıb “Yeni Orta Şərq” və “Böyük Orta Şərq” adlarını çəkmişdilər; xarici siyasətlərinin başında duran o xanım ötən illərdə demişdi. Səhvə yol vermişdilər, ancaq demişdilər. Onların, özləri demişkən, bu Orta Şərqlə bağlı (hansı ki indi də Böyük Orta Şərq və Yeni Orta Şərq deyirlər) öz planları var; qeyd edim ki, Orta Şərq ifadəsi də yanlış bir ifadədir, tamamilə Qərbin təkəbbürlü, imperialist düşüncə tərzindən qaynaqlanır; yəni Qərbə, Avropaya nə qədər yaxındırsa, adı olur Yaxın Şərq, nə qədər uzaqdırsa, olur Uzaq Şərq, nə qədər orta uzaqlıqda yerləşirsə, olur Orta Şərq; bu, Avropanın meyarıdır; bu böyüklükdə Asiya meyar deyil. Səbəbi də odur ki, bu region müxtəlif cəhətlərdən: müsəlmanların mövcudluğu, İslamın mövcudluğu, sionist rejimin mövcudluğu, zəngin neft ehtiyatlarının olması, dünyanın mühüm su yollarının burada yerləşməsi – Hörmüz boğazı buradadır, Babül-məndəb boğazı buradadır, bir neçə mühüm boğaz buradadır; bu boğazlar dünya səviyyəsində çox mühüm əhəmiyyətə malikdir, geopolitik cəhətdən çox əhəmiyyətlidir, strateji baxımdan çox önəmlidir – çox həssas bir regiondur. Buna görə də bu regiona çox həssas yanaşırlar, bura ilə bağlı öz planları var. Planlarını maneəsiz və problemsiz həyata keçirmək istəyirlər. İndi isə İslam Respublikası gəlib və bunların planlarının qarşısını alıb. İraqı udmaq istəyirdilər, İslam Respublikası qoymadı. Bunlar bundan narahatdırlar, planları alt-üst olub, İraqı udmaq istəyirdilər. Bilirsiniz, İraq çox zəngin bir ölkədir, çox zəngindir. İraqı udmaq istəyirdilər. İraqı ələ keçirməklə İranı daim təhdid altında tutmaq istəyirdilər. Eynilə şərqdən də bir başqa cür təhdid etmək istəyirdilər, məqsədləri bu idi. İslam Respublikasının siyasətləri onlara mane olub, imkan verməyib, ona görə də bu maneəni aradan qaldırmağa çalışırlar. Oxşar məsələ Suriyaya, Fələstinə də aiddir; hamısı bunların siyasətidir; bu siyasətlərin qarşısında durmaq lazımdır. İmperializmin əsl simasını ifşa edin. İmperialistlərlə, imperializm sistemi ilə bağlı hansısa həqiqətlərdən xəbəriniz varsa və ya hansısa həqiqətlər barədə məlumat əldə edirsinizsə, onları açıqlayın, deyin, bu istiqamətdə ictimai fikir formalaşdırın, nitqlərinizdə, ümumi mövqelərinizdə buna yer verin.
Ehtiyatlı olun ki, söz və davranışlarınız ABŞ-ın məqsədlərinə kömək etməsin. Keçmişdə belə hallar olub, bəzi parlament nümayəndələri elə fikirlər səsləndirib ki, həmin sözlər yüz faiz sionist rejimin dəyirmanına su töküb. Yəni doxsan faiz də yox, yüz faiz! Sanki onlar diktə edib, bu da burada deyib. Bizdə belə hallar olub; əlbəttə, nadir də olsa, olub. Ayıq olun ki, belə hallar baş verməsin.
Yaxşı, söhbətimiz uzun çəkdi. Adətən mən bu görüşlərdə uzun-uzadı danışmamağa çalışıram. İnşallah, Allah sizə uğur bəxş edər, yardımçınız olar. Biz də sizin üçün dua edirik. Cənab Doktor Laricani dedi ki, dua edim. Həqiqətən, mən sizlər, siz qardaş və bacılarım üçün həmişə dua edirəm. Siz də bizim üçün dua edin ki, inşallah, çiyinlərimizdə olan bu yükü, yüngül yox, ağır olan bu yükü qaldıra bilək.
İlahi! Səni and verirəm Məhəmməd və Ali-Məhəmmədin haqqına, bizə bizdən razı qalmağına səbəb olacaq işləri nəsib et! Səni razı salmaq uğurunu bizə bəxş et! Sahibəzzamanın qəlbini (Ruhumuz ona fəda olsun!) bizdən razı et! Əziz şəhidlərimizi Peyğəmbərlə məhşur et!
Allahın salam və rəhməti nəsibiniz olsun.
_____________________
(1) İslami Şura Məclisinin onuncu çağırışının işə başlaması münasibətilə təşkil edilmiş bu görüşün əvvəlində İslami Şura Məclisinin sədri cənab Doktor Laricani çıxış etmişdir.
(2) “Əsr” surəsi, 2-ci ayə və 3-cü ayənin bir hissəsi
(3) Misbahul-mutəhəccidin, c.2, səh.592
(4) İslami Şura Məclisinin onuncu çağırışının işə başlaması münasibətilə müraciət (04/03/1395)
(5) Hüseyn Pirniya
(6) Həsən Pirniya
(7) İslami Şura Məclisinin sədri və nümayəndələri ilə görüşdə edilmiş çıxış (08/-3/1390)
(8) O cümlədən 1386-cı hicri-şəmsi ilinin gəlişi münasibətilə edilmiş çıxış
(9) İmam Xomeyninin vəfatının 27-ci ildönümü ilə bağlı mərasimdəki çıxış (14/03/1395)
(10) İmam Xomeyninin vəfatının 27-ci ildönümü ilə bağlı mərasimdəki çıxış (14/03/1395)
(11) “Davanın əvvəli dildir”; ərəbcə olan bir beytdən azacıq fərqlə