بسماللهالرّحمنالرّحیم
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین.
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
Ölkəmizin dörd bir yanında xalqın geniş rəğbət və marağı ilə keçən gözəl seçkilərə (2) və əlhəmdulillah, sanballı və nüfuzlu bir məclis təşkil olunduğuna görə Allah-taalaya bütün varlığımızla şükürlər edirik. Əziz qardaşlarım, möhtərəm cənablar, dəyərli din alimləri və ruhanilər, hamınıza xoş gəlmisiniz deyirəm. Xüsusilə də Xubriqan Məclisinə yeni gəlmiş, bu möhtərəm qurumda ilk dəfə təmsil olunan şəxsləri salamlayıram; əlhəmdulillah, onların arasında yüksək əhval-ruhiyyə və stimullu cavanlar, gənc və fəal müctəhidlər də var. Ümidvaram, Uca Yaradan hamımıza mənəvi dəstək olacaq və bizi öhdəmizə düşən vəzifələri yerinə yetirməyə müvəffəq edəcək.
Xubriqan Məclisinin rəhmətə getmiş üzvlərini də yad edək; bu məclisdə illər boyu bizim əzizlərimiz, böyüklərimiz təmsil olunub, işləyib, xidmətlər göstəriblər; Allah-taala onların məqamını uca etsin, inşallah. Belə şəxslərdən sonuncusu bizim əziz qardaşımız cənab Tibəsi idi (Allah ona Behişti nəsib etsin!); inşallah, Allah-taala bu çətin və təhlükəli mərhələdə o xidmətkar və zəhmətkeş insanın zəhmətlərinin əcrini ona inayət etsin, gördüyü işlər, çəkdiyi zəhmətlər onun gözünə çıraq olsun.
Bugünkü görüşümüz böyük bayramlar, dua, yalvarış, Allah qarşısında itaətkarlıq və istiğfar ayı olan şəban ayına təsadüf etdi; bunu da xeyirə yozaq. Önəmli bir ay idi (doğrudur, artıq sona çatmaq üzrədir). Ümidvaram, Allah-taala bizi bu ayın bərəkətlərindən bəhrələnməmiş qoymaz. Hansı ki:
اَلَّذی کانَ رَسولُ اللهِ صَلَّی اللهُ عَلَیهِ وَ آلِهِ یَدأَبُ فی صیامِهِ وَ قیامِهِ فی لَیالیهِ وَ اَیّامِه
– bu ayda Allahın rəsulu və onun ailəsi gecə-gündüz oruc tutub namaz qılmaq (3)...
Bu gün mən sizin üçün əsasən 3 məqamı vurğulamaq istəyirəm; onlardan birincisi bu məclisin mahiyyəti ilə bağlıdır; ikincisi bu məclisin kursu və öhdəsinə düşən vəzifələrlə bağlıdır – yəni bu məclisin rəhbər tutmalı olduğu fəaliyyət istiqaməti, kurs barədə nə düşündüyümü qeyd edəcəyəm; üçüncüsü isə əgər vaxtımız qalsa və görüşümüz çox uzun çəkməsə, sonda hazırkı etapda hər kəsin, o cümldən mənim, sizin, bu məclisin və başqalarının üzərinə düşən ümumi vəzifələrə toxunacağam.
Bu məclisin mahiyyətinə gəlincə, bu haqda düşünərkən mən görürəm ki, bu, Uca Yaradanın İslam Respublikasına əta etdiyi bir ilahi nemətdir; Xubriqan Məclisi Allah-taala tərəfindən bir nemətdir, çox böyük, əzəmətli bir fenomendir. Hərçənd bu məclis Konstitusiya ilə açıqlanan bəlli və xüsusi bir məqsəd üçün təsis olunub, amma həmin məqsədi nəzərə almasaq belə, Xubriqan Məclisi çox böyük bir hadisədir; fenomendir.
Nəyə görə?! Çünki XM ölkənin dörd bir yanından olan ruhani alimlərin, din elmləri üzrə ekspert və mütəxəssislərin təmsil olunduğu bir qurumdur, onlar daşıdıqları vəzifə məsuliyyətinin tələbi ilə hər il – iki dəfə və ya lazım gələrsə daha çox – bir araya gələrək fikir mübadiləsi etmək, düşünmək, aralarında koordinasiyaya nail olmaq üçün böyük bir potensial yaradırlar.
Heç yadımdan çıxmaz, inqilabi hərəkatın başlanğıcında – 41, 42-ci illərdə – dahi liderimiz İmam Xomeyni (Allah ona Behişti nəsib etsin!) əyalətlərin din alimlərinə ismarıc göndərir, tapşırıq verirdi ki, vaxtaşırı bir araya gəlib birlikdə otursunlar; arada ciddi və önəmli bir müzakirə mövzusu olmasa belə, qoy lap bir çay içmək üçün belə olsa, bir yerə toplaşıb bir-biri ilə görüşsünlər; yəni ölkədə din alimlərinin, din elmləri sahəsindəki mütəxəssislərin bir yerdə toplaşması, görüşməsi bu dərəcədə əhəmiyyətlidir.
Bu gün dünyaya nəzər salsanız, görərsiniz ki, aralarında müştərək bir cəhət olan insanları cürbəcür adlar altında – assosiasiya, alyans, sindikat adları ilə – bir yerə toplayırlar və bu kollektivlər bəzən heç onların peşəsi ilə bir o qədər də əlaqəli olmayan böyük işlər görür. Tutalım, görürsən ki, iqtisadiyyatçılar assosiasiyası, beynəlxalq hüquqşünaslar assosiasiyası, beynəlxalq incəsənət xadimləri assosiasiyası ölkədə və ya dünyada baş vermiş hansısa siyasi məsələyə beynəlxalq səviyyədə münasibət bildirir. Yəni assosiasiyaları o məqsədlə yaradırlar ki, hər hansı bir şəkildə müştərək bir xüsusiyyətə malik olan insanlar fərqli siyasi təmayüllü olduqlarına baxmayaraq, bir araya gəlsinlər; bu birliyin, bu toplantının özü onların böyük işlər həyata keçirməsi, öz ölkələrində, hətta beynəlxalq miqyasda proseslərin gedişinə təsir göstərməsi üçün fürsət yaradır; hazırda bu, dünyada artıq adi hal alıb.
Və bu, bizdə də var; bunu bu ölkəyə Allah-taala hədiyyə edib. Din alimlərindən, xalqın etimadını qazanmış mötəbər və nüfuzlu ruhanilərdən bir qrupu bir araya gəlir və bu, çox nəhəng bir potensial formalaşdırır; bunun sayəsində böyük işlər həyata keçirmək mümkündür. Belə düşünmək lazım deyil ki, Xubriqan Məclisi oturub konstitusiya ilə nəzərdə tutulmuş halların ortaya çıxmasını gözləməlidir; yox, məclis üzvləri bir sıra başqa işlər də görə bilərlər.
Dünyada yaradılan, az öncə qeyd etdiyim o təşkilat, assosiasiya və alyansların xalqın arasında heç bir dayağı yoxdur; yalnız iqtisadiyyatçılar və ya hüquqşünaslardır; öz sahələrində kimlərsə onlara diqqət yetirir, amma cəmiyyətin içində dayaqları yoxdur; Xubriqan Məclisindən fərqli olaraq. Xubriqan Məclisində təmsil olunan insanların hər birinin xalqın içində az və ya çoxlu sayda dayağı var; hətta bəzilərini xalq arasında dəstəkləyən kütlənin dairəsi həddən artıq genişdir. Hansısa ostanın, şəhərin və ya teoloji mərkəzin təsir və nüfuza malik görkəmli ruhaniləri bir yerə toplaşır; müxtəlif məsələlərlə bağlı birlikdə düşünə bilərlər; ölkənin hansısa problemi üzərində dayanaraq onun həlli yollarını nəzərdən keçirə bilərlər.
Özü də heç də: “Nə olsun, icrası ki bizim əlimizdə deyil” – deməyin; doğrudur, hansısa işlərin icrası Xubriqan Məclisinin yox, aidiyyəti qurumların rəsmilərinin əlindədir, amma sizin əlinizdə icra səlahiyyətindən daha artıq olan bir şey var ki, bu da ictimai rəydir. Sizin hər biriniz ya imam-cümədir, ya vəli-fəqihin nümayəndəsidir, ya teoloji mərkəzin ali dərəcəli pedaqoqudur, yaxud tanınan, hörmətli bir ruhanidir. Siz ictimai rəyə təsir göstərə bilərsiniz. İctimai rəy formalaşdıqdan, hansısa məsələ ilə bağlı cəmiyyətdə diskurs yarandıqdan sonra bu, təbii olaraq, qanunverici və icraedici orqanların rəsmilərini, rəhbər şəxsləri öz arxasınca çəkib aparacaq; bu, təbii bir şeydir. Odur ki, mənim fikrimcə, bu baxımdan Xubriqan Məclisi fövqəladə bir təzahürdür; fenomendir; biz onun əhəmiyyətinə diqqət yetirməliyik.
Buna əsasən də Xubriqan Məclisinin bu yüksək və önəmli mahiyyətini nəzərə alaraq belə nəticəyə gəlirik ki, bu məclis İslam İnqilabının hədəfləri istiqamətində böyük işlər görə bilər. Bir neçə il əvvəl – deyəsən, bundan bir, yaxud iki çağırış əvvəl idi – mən elə Xubriqan Məclisində demişdim ki (4), siz müxtəlif məsələlərlə bağlı qətnamə çıxara bilərsiniz. Konkret bir məsələnin üzərində durun və deyin ki, Xubriqan Məclisinin rəyi, istəyi budur. Xubriqan Məclisinin üzvləri xalq tərəfindən seçilir, özü də adi, sıradan insanlar deyil, xalqla əlaqədədirlər, əhali onlara etimad edir, yüksək səviyyəli ekspert və mütəxəssislərdir. Nəzərdən keçirdikləri hansısa məsələ barədə istəkləri, tələbləri ola bilər; Ali Rəhbərlik Məqamından, hökumət kabinetindən, məhkəmə hakimiyyətindən, parlamentdən, yaxud digər strukturlardan. Xubriqan Məclisinin mahiyyəti ilə bağlı qeyd etmək istədiyim birinci məqam bu idi və zənnimcə, bu, çox önəmli bir məsələdir. Biz hamımız – həm siz, həm bizlər, həm də rəsmilər bu məclisin qədrini bilməliyik. Bu məclis böyük təsirə malik ola bilər.
Toxunmaq istədiyim ikinci məqam isə Xubriqan Məclisinin rəhbər tutduğu kurs və istiqamətlə bağlıdır. Bu barədə fikrimi bir cümlə ilə belə ifadə edə bilərəm ki, Xubriqan Məclisinin rəhbər tutduğu kurs İslam İnqilabının, onun qarşıya qoyduğu idealların kursudur; yəni bu məclis İslam İnqilabının və inqilabi hədəflərin yolunda irəliləməlidir. İnqilabın hədəfləri hansılardır? Birinci növbədə İslamın hakimiyyəti; İslam İnqilabı əsas etibarilə bunun üçün ortaya çıxıb; İslam dininin hakimiyyətə gəlməsini, özünəməxsus mənada hakimlik etməsini təmin etmək üçün yaranıb. İnqilabın hədəfləri aşağıdakılardır: Allahın dininin hakimiyyəti, azadlıq, ictimai ədalət, ümumi rifah, yoxsulluq və cəhalətin kökünün kəsilməsi, Qərbdən baş alıb bütün dünyaya yayılan, bu gün xüsusiyyətlərini müşahidə etdiyimiz, dağıdıcı selə bənzəyən əxlaqsızlığa qarşı mübarizə. Ölkələrdə homoseksualizmi qanuniləşdirirlər; nəinki qanuniləşdirirlər, hətta buna etiraz edən insanları çox kəskin bir şəkildə pisləyirlər. Bundan da o yana əxlaqsızlıq olar?! Əvvəllər bəziləri elə düşünürdülər ki, Qərbdə kişi-qadın münasibətləri sərbəst olduğuna görə orda şəhvətpərəstlik, cinsi məsələlərə həvəs və maraq azdır. Burda məhdudiyyət olduğuna görə
الاِنسانُ حَریصٌ عَلی ما مُنِع
– insan qadağan olunan şeyə daha həris olar. İndi məlum olur ki, yox, əksinə imiş. Orda azadlıq olduğuna, kişi-qadın münasibətlərində heç bir hədd-hüdud olmadığına baxmayaraq, onlarda cinsi həvəs günü-gündən daha güclü, daha aktiv, daha qaba, daha təcavüzkar bir formada özünü büruzə verir. Və hazırkı səviyyəsində də dayanıb qalmayacaq; bilmirəm nə vaxt, amma gələcəkdə məhrəmlər arasında nikaha da gedib çıxacaqlar! İş gedib daha həssas məsələlərə çatacaq. Yəni əxlaqsızlıq dünyası bu istiqamətə getməkdədir. Bu, onların əxlaqi cəhətdən durumu.
İqtisadiyyatlarına gəlincə; çirkli pulların yuyulması. Düzdür, çirkli pulların yuyulması haqda danışarkən bunu bir cinayət əməli kimi təqdim edirlər, amma dünyanın ən əhəmiyyətli şirkət və kompaniyalarının işi elə bu maliyyə fırıldaqları, çirkli pul oyunları vasitəsilə əllərindəki sərvətin həcmini daha da artırmaqdır; və təbii ki, ayrı-seçkilik, təbii ki, günü-gündən dərinləşən təbəqələşmə. Bu, baş alıb bütün ölkələrə, bütün toplumlara tərəf gedən dağıdıcı bir seldir; İslam İnqilabının hədəflərindən biri də bu dağıdıcı selə qarşı mübarizə aparmaqdır.
İnqilabın hədəflərindən biri də imperializmin ağalığına müqavimət göstərməkdir. Ağalıq etmək, öz ağalığını təmin etmək üçün çalışmaq, ağalığını genişləndirmək imperializmin xarakterindədir. Müqavimət göstərməyən istənilən xalq, istənilən dövlət imperializmin toruna düşüb onların əsirinə çevriləcək. İnqilabın hədəfləri bunlardır. Xubriqan Məclisinin də hərəkət kursu inqilabi hədəflərin kursudur.
Və bu, çox çətin bir işdir; ən çətin işlərdən biridir. Diqqət edin, üstündə rəqabət, yaxud düşmənçilik gedən bir şeyi əldə etmək çətindir, amma onu qoruyub saxlamaq daha çətindir. Tutalım, bir müsabiqəyə qatılıb böyük zəhmət və əziyyətlə çox dəyərli bir əşya, yaxud qiymətli daş qazanırsınız; onu qoruyub saxlamaq əldə etməkdən daha çətin olur. Səbəbi də məlumdur; çünki siz mübarizə meydanına atılanda hücum edən tərəf olursunuz; meydana hücumçu əhval-ruhiyyəsi ilə, motivasiya ilə girirsiniz, hədəfinizin nə olduğunu bilir və konkret hədəfin arxasınca gedirsiniz; amma onu əldə etdikdən sonra artıq həmin şeyi sizin əlinizdən almaq istəyən qarşı tərəf hücum edən tərəf olur, hücumçu ruhiyyəsi, motivasiya onda olur. Siz onun hansı tərəfdən hərəkətə keçəcəyini, hansı tərəfdən hücum edəcəyini bilmirsiniz, o isə plan qurub sizin üstünüzə hücuma keçir. İnqilab çətin bir iş idi; inqilabın ortaya çıxması asan bir məsələ deyildi; təşəbbüskarlıq tələb edirdi, səy tələb edirdi, ürək yanğısı tələb edirdi. Bəli, dahi İmam Xomeyni (r.ə) bu xalqı, o fəal və mübariz kütlələri öz ruhiyyəsi, təqvası, imanı, nümayiş etdirdiyi dürüstlüklə hərəkətə gətirdi və nəticədə bu çətin iş reallaşdı, inqilab uğurlu oldu, qələbə çaldı, nəticədə dövlət quruluşu formalaşdı, amma onu qoruyub saxlamaq daha çətindir; qoruyub yaşatmaq daha çətindir. Düşmənlər, bu inqilabın ərsəyə gəlməsi üçün əslində kimə qarşı mübarizə aparılırdısa həmin qüvvələr bekar oturmayıblar, düşmənçiliklərindən əl çəkməyiblər. Onlar bu inqilabı sizin əlinizdən qoparıb almaq niyyətindədirlər. Özünüzün də müşahidə etdiyiniz kimi, son bir neçə ildə bəzi ölkələrdə xalq çox böyük hərəkatlar həyata keçirdi, amma düşmənlər həmin hərəkatların nailiyyətlərini gəlib onların əlindən oğurlayıb apardı və bu xalqları quru yurdda qoydu.
İslam dini, heç şübhəsiz, zülm və hegemonluğu dağıdıb məhv etmək əzmindədir;
لِیُظهِرَهُ عَلَی الدّینِ کُلِّه
“Onu (İslamı) bütün dinlərin fövqündə etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (“Tövbə” surəsi, 33-cü ayədən)
Şübhə yox ki, İslam ona qarşı cəbhə olan küfrü məğlub etmək iqtidarındadır. Amma hansı İslam? Yalnız ixtiyarında dövlət, hakimiyyət, hərbi qüvvə, media, siyasət, iqtisadiyyat və cürbəcür çoxsaylı vasitələr olan İslam küfr, imperializm və zülmü dağıdıb məhv edə, yaxud məhdudlaşdıra, hücum və təzyiqlərinin qarşısını ala bilər. Dövlət, hökumət quruluşu yaratmağı bacarmış İslam müqavimət göstərə bilər; yoxsa ayrı-ayrı şəxslər – lap müsəlman aləmində görkəmli bir sima olsa belə – yaxud bu gün dünyada rast gəlinən islami cərəyanlar hakimiyyətə gəlməyi hədəfə almırlarsa, imperializm üçün heç bir təhlükə törətmirlər; çünki bu şəkildə onların əlindən heç bir iş gəlməz; küfr, zülm və imperializmi məhv edə bilməzlər. Siz mübarizə aparmağa, müqavimət göstərməyə, küfr cəbhəsi qarşısında sinəsini sipər etməyə qadir olan belə bir İslama nail olmusunuz, bunun üçün zəhmət də çəkmisiniz, amma onu hansı yollarla qoruyub saxlamaq fikrindəsiniz? Düşmən qarşısında onu qorumaq, keşiyində durmaq lazımdır; bu elə bir şey deyil ki, bir kənara buraxasan, özü özbaşına qorunub qalsın; düşmən hücumlar edir.
Düşmən bir neçə cür hücum edir: biri sərt hücumlardır – müharibədir, savaşdır; düşmən bunu təcrübədən keçirib və məğlub olub; bizə qarşı başladılmış 8 illik savaş bu qəbildən idi; beynəlxalq miqyaslı bir müharibə idi; biri Səddama kimyəvi silah verdi, biri “Miq” təyyarəsi verdi, biri “Miraj” təyyarəsi verdi, biri havadan müdafiə texnikası verdi, o biri müharibə planları verdi. Hətta döyüş planları və səngərlərin yerləşdirilməsi də başqalarının köməyi ilə olurdu. Onlar hamısı kömək etdilər ki, bəlkə, Səddam bu müharibəni uda; amma bacarmadı.
Sərt hücumların bir nümunəsi 8 illik savaşdır. Digər bir nümunəsi isə ölkədə – bütün sərhədyanı bölgələrdə başlatdıqları etnik iğtişaşlardır. Yadınıza gələr, hər yerdə iğtişaşlar törədirdilər, hər yerdə müharibə salırdılar; lakin düşmən qələbə qazana bilmədi; bunlar qan-qadalı, sərt müharibələr idi. Terrorçu cərəyanlar, terrorla bağlı problemlər yaratdılar və ya bu qüvvələri fəallaşdırdılar. Amerika neft platformalarına hücum etdi; Amerika sərnişin təyyarəsini vurub yerə saldı; əllərindən nə gəldisə, etdilər; bunlar sərt müharibələr idi. Bütün bu cəhdlərində uğursuzluğa düçar oldular; İran xalqı və onun dahi lideri İmam Xomeyni (r.ə) qarşısında məğlub olub daha da qorxuya düşdülər. Allah-taala dahi imama bir güc vermişdi; ondakı o iman, təvəkkül, onun uzaqgörənliyi, o böyük insanda açıq-aydın müşahidə olunan öz hədəfinə bütün varlığı və qəlbi ilə bağlılıq xüsusiyyəti, Yaradanın ona verdiyi heybət – belə ki başqaları ondan qorxurdular, düşmənlər imamdan sözün əsl mənasında qorxurdular;
کَاَنَّهُم حُمُرٌ مُستَنفِرَةٌ * فَرَّت مِن قَسوَرَةٍ
“Onlar sanki vəhşi eşşəklərdir. (O eşşəklər ki) aslandan hürküb qaçarlar!” (“Müdəssir” surəsi, 49-50-ci ayələr)
– İmamın səsi, onun çağırışları heyvanları qorxuya salan bir aslan nərəsi kimi düşmənləri qorxuya salırdı. Bəli, bu mərhələdə onlar məğlub oldular.
Onların düşmənçilik və qarşıdurmasının digər bir etapı yumşaq müharibədən ibarət idi. Yumşaq müharibənin bir növü bu vaxta qədər şahidi olduğumuz şeylərdir: iqtisadi sanksiyalar, azdırıcı təbliğat və sair. Düşmən ilk gündən bəri bu işlərə start verib və davam etdirib; İslam Respublikasına qarşı iflicedici sanksiyalar tətbiq etdiklərini düşünürdülər; bu da effekt vermədi; bununla da heç nəyə nail ola bilmədilər; onlar bu sanksiyalar, bu iqtisadi blokada sayəsində İslam Respublikasını iflic vəziyyətə salmaq istəyirdilər, amma olmadı. Elə sanksiyalar dövründə ölkədə böyük işlər reallaşdırıldı; mən o zaman xarici jurnallardan birində nəşr olunmuş bir məlumatda İsrail rejiminə bağlı olan bir generalın səsləndirdiyi fikirləri oxumuşdum; o deyirdi ki, mən İrana düşmənəm, İranı sevmirəm, amma bu ölkəni yüksək qiymətləndirirəm; onlar sanksiyalara rəğmən filan raketi ərsəyə gətirə biliblər (o zaman yenicə sınaqdan bir raket çıxarılmışdı, onlar da peyk və sair vasitəsilə izləyib xəbər tutmuşdular), mən bunu təqdir edirəm. Sanksiyalara baxmayaraq, sanksiyaların tətbiq olunduğu bir dövrdə, başqalarının köməyi olmadan, iqtisadi təzyiqlər şəraitində bu işlər görüldü. Apardıqları yumşaq müharibə variantlarından biri də bəzi başqa ölkələrdə İslam Respublikasının dayaqlarını vurmaq olmuşdur; belə ki bir çox ölkələrdə İslam Respublikasının dayağı, strateji dərinliyi sayılan birlik və təşkilatları vurublar, dağıdaraq yox ediblər; ya yox ediblər, ya da ən azından onlara zərbə vurublar; amma bu da təsir göstərməyib, bacarmayıblar; bunların heç biri istənilən nəticəni verməyib. Odur ki həm sərt müharibədə məğlubiyyətə düçar olublar, həm də yumşaq müharibədə.
Üçüncü etapda isə yumşaq müharibənin bir başqa növünü həyata keçirməkdədirlər; onu da deyim ki, bu təkcə bu günə aid deyil, bir neçə il əvvəldən başlanıb, neçə illərdir ki, start verilib, intəhası günü-gündən daha da genişlənir. Bax bu, çox təhlükəlidir və mən yeri düşdükcə müxtəlif rəsmilərə bu barədə dönə-dönə xəbərdarlıq edirəm. Yumşaq müharibənin bu növü düşmənin mühüm qərarların işlənib hazırlandığı və qəbul olunduğu strukturlara nüfuz etməsindən ibarətdir; xalqın inanclarında dəyişiklik etmək məqsədilə nüfuz etməkdən ibarətdir; hesablamaları dəyişmək üçün nüfuz etməkdən ibarətdir. Biz rəsmilər burda oturmuşuq və öz işlərimizlə bağlı müəyyən götür-qoy edir, planlar qururuq, öz hesablamalarımız var; bu hesablamaların nəticəsi olaraq bu və ya digər şəkildə mövqe seçirik; əgər onlar bizim hesablamalarımızı dəyişməyə müvəffəq olsalar, bizim seçdiyimiz mövqe də dəyişəcək. Onların gördüyü əsas işlərdən biri budur: rəsmilərin hesablamalarını dəyişmək; xalqın inanclarında dəyişiklik etmək; mühüm qərarların düşünüldüyü və qəbul olunduğu strukturlarda dəyişiklik etmək. Bu, özündə inqilabın əsas prinsiplərinə, bu prinsipləri qoruyan, onların keşiyində duran qurumlara hücumları ehtiva edən çox təhlükəli bir işdir. Keşikçi Korpusa hücumlar edirlər – təbiğat hücumları; Keşikçi Şuraya hücumlar edirlər; mömin qüvvələrə, islamçı gənclərə hücumlar edirlər; bu gün xarici radio və televiziya kanallarında aparılan təbliğat bu cür fikirlərlə doludur; bilmirəm, siz nə dərəcədə izləyirsiniz, nə dərəcədə xəbəriniz var; xüsusilə də öz auditoriyalarını həmin istiqamətə yönəltmək üçün internet vasitəsilə ardıcıl surətdə bu sahədə iş aparırlar. İnqilabın tərəfdarı olan ruhanilərə hücumlar edir, onları “hakimiyyətin axundları” və sair bu kimi adlarla vururlar. Bir sözlə: bu yumşaq müharibədə göstərilən bütün səylər İslam dövlətini ona qüdrət qazandıran faktorlardan məhrum etmək üçündür. Elə etmək istəyirlər ki, İslam dövləti öz daxilindəki, iqtidarının mənbəyi olan faktorlardan məhrum olsun. Zəifləyəndən sonra, iqtidarının amillərini itirəndən sonra, güclü olmayandan sonra isə artıq onu məhv etmək, oyan-buyana çəkişdirmək böyük dövlətlər üçün çətin bir məsələ olmayacaq; İslam dövlətini tabeçiliyə vadar etmək istəyirlər.
Mənim bir neçə gün öncə (5) haqqında danışdığım “cihadi-kəbir” – böyük cihadın yeri bax burda görünür;
فَلا تُطِعِ الکٰفِرینَ وَ جٰهِدهُم بِه جِهادًا کَبیرًا
“Kafirlərə itaət etmə və onlara qarşı onunla (Quranla) böyük bir cihad et!” (“Furqan” surəsi, 52-ci ayə)
Təfsirlərdə qeyd olunur ki, ayədəki “onunla” əvəzliyi ilə Quran nəzərdə tutulur; hərçənd əvvəlki ayələrdə Quran kəlməsi işlədilmir, amma həm mərhum Təbərsi “Məcməül-bəyan” təfsirində, həm də mərhum Əllamə Təbatəbai ayəni məhz bu şəkildə təfsir etmişlər; mərhum Əllamə Təbatəbai deyir ki, “onunla” əvəzliyi ilə Quranın nəzərdə tutulduğu konteksdən görünür; o gün mən də öz çıxışımda bu ayəni qeyd etdim, sonradan ağlıma gəldi ki,
فَلا تُطِعِ الکٰفِرینَ وَ جٰهِدهُم بِه
– yəni itaət etməməklə cihad et; itaət etməmək cümlədəki feildən alınan və həmin feildə gizlənən məsdərdir;
فَلا تُطِعِ الکٰفِرینَ وَ جٰهِدهُم بِه
– yəni itaət etməməklə böyük bir cihad et. Deməli, böyük cihad elə itaət etməməkdir; bu məna ağlabatandır; əlbəttə, mən araşdırmadım ki, görüm müfəssirlər arasında bu ehtimalı qeyd edənlər var, ya yox, amma hər halda, bu, önəmli bir ehtimaldır. Böyük cihad budur; düşmənə itaət etməmək, onun arxasınca getməmək naminə cihad. Odur ki Xubriqan Məclisinin də yolu, istiqaməti budur; inqilabi kurs, inqilabçılıq yolu, inqilab yolu ilə getmək, İslamın, Allahın dininin hakimiyyətini təmin etmək.
Əgər biz ilahi hökmlərin, Allahın hökmünün bərqərar edilməsi naminə çalışmaycağıqsa, onda burda nə işimiz var? Mənim burda nə işim var? Qoy elə bundan əvvəlkilər – ya özləri, ya da onlar kimilər gəlib hökuməti idarə etsinlər. Biz ona görə burdayıq ki, Allahın dininin hakimiyyətini bərqərar etmək istəyirik; Allahın dininin hakimiyyəti reallaşmalıdır; biz bunun arxasıncayıq; məhz buna görə də bu yolda öldürülən şəxs Allah yolunda şəhid olmuş sayılır; məhz buna görə xalqımız bu yolda öz cavanlarından səxavətlə keçdi və hələ də keçməkdədir; əgər bu olmasaydı, iqtisadiyyatı inkişaf etdirməyə qalsa, bunu başqaları da edirlər. Mən axund və ya ruhani nəyə görə gəlib bu işlərlə məşğul olmalı idim ki? Öz dərsimin, dini bəhslərimin arxasınca gedərdim də. Bəli, bu işləri başqaları da görə bilir və görür də; dünyada da bunu edənlər var. Allahın dini, bu dinin hakimiyyətini təmin etmək, ilahi hakimiyyəti bərqərar etmək məsələsi olmasaydı, mənim, yaxud sizlərin burda olmağımıza heç bir zərurət olmazdı. Demək, əsas məsələ budur:İslamın hakimiyyətini bərqərar etmək.
Və novatorluq – mən novatorluq məsələsini dönə-dönə vurğulayıram; intəhası novatorluq qayda-qanun çərçivəsində olsun, həm də bunu savadlı insanlar etsin, daha savadsız və ya yarımsavad adamlar yox – dini məsələlərdə novatorluq. Din bütün dövrlər, istənilən şərait üçün gəldiyinə görə onu genişləndirmək mümkündür. Odur ki Allahın dini müəyyən məqamlarda ictihad və hökm çıxarma sahəsində mütəxəssis olan müctəhidlər vasitəsilə genişləndirilə bilər. Buna nümunələri biz İmam Xomeynidən (r.ə) görmüşük; bəzilərinə əməl olundu, bəziləri isə ən azından onun öz dövründə deyildi.
Və düşmənin vurduğu yaraları sağaltmaq; mühüm işlərdən biri də budur. Düşmən bu inqilaba yaralar vurur, biz o yaraları sağaltmalıyıq. Həmin yaralardan biri məzhəb – şiə-sünni – və tayfa ayrı-seçkiliyidir, digəri siyasi cinahlar arasındakı ixtilaflardır; daha bir yara cəmiyyətdə süni şəkildə qütbləşmə yaradılmasıdır; bunlar düşmənin hazırda bizə vurmaqda olduğu yaralardır, onları müalicə etmək, sağaltmaq lazımdır.
Hər halda, mənim daim vurğuladığım məqam budur ki, biz həmişə inkişaf və dəyişiklik prinsipini rəhbər tutmalıyıq. Durğunluq yolverilməzdir; daim irəli getmək, inkişaf etmək lazımdır; intəhası İslam İnqilabının və dinin hədəfləri yolunda. Bu möhtərəm və sözün əsl mənasında möhtəşəm məclisin yolu və kursu ilə bağlı qeyd etmək istədiklərimin ikinci hissəsi də bunlardan ibarət idi.
Lakin hər kəsin öhdəsinə düşən ümumi vəzifələr də var ki, mən söhbətimizin çox uzanmaması üçün onları qısaca olaraq qeyd edəcəyəm. Bir cümlə ilə: biz ölkəmizə güc və iqtidar qazandırmalıyıq; ölkə güclü olmalıdır. İnqilabın qalıcı olmasının, inkişaf etməsinin, inqilabi amalların gerçəkləşməsinin yolu sözün geniş mənasında bizim ölkəyə iqtidar qazandırmağımızdan ibarətdir. Əgər bu vəzifəni həyata keçirməyi bacarsaq – yəni dövlət, parlament, məhkəmə hakimiyyəti, silahlı qüvvələr, inqilabi qurumlar, bu Xubriqan Məclisi bu sahədə bir iş görə, yardım edə bilsə, biz inqilabı sözün əsl mənasında qoruya biləcəyimizdən arxayın olarıq. Ölkəmiz güclənsə, imperialistlərin qarşısında da üstünlük qazanacağıq; bunu sizə deyim. Ölkə zəif olsa, imperialistlər bir yana, super-güclər bir yana, əhəmiyyətsiz, zəif və nüfuzsuz dövlətlər də adamdan tələbkarlıq edəcəklər. Zəif olsaq, bu cür olacaq, amma güclü olsaq, yox.
Güc-qüdrət də nisbi bir məsələdir; insan gücləndikcə hər etapda bir işi həyata keçirə bilər. Məsələn, nüvə danışıqları olayında – əlbəttə, mən indi o mövzuya girmək istəmirəm – dəyərli dostlarımız dedilər ki, biz düşmən qarşısında üstünlük qazanmışıq və bu günə qədər ölkəmizdə nüvə sənayesinin olmağını istəməyənlər indi sənədə imza atıb bizdə bu sənayenin olmağı ilə razılaşırlar. Yaxşı, bu, necə əldə olundu? Bu, biz öz gücümüzü göstərəndən, onların bizim müvəffəq ola biləcəyimizi heç təsəvvürlərinə belə gətirmədikləri bir işi həyata keçirəndən, yəni uranı 20 faiz zənginləşdirməyə nail olandan sonra oldu. Onlar özləri də, bu texnologiyanın mütəxəssisləri də yaxşı bilir ki, uranın 99 faizə qədər zənginləşdirilməsi işində ən çətin olanı 20 faizə qədər zənginləşdirmə mərhələsidir. Əgər bir ölkə 20 faizə qədər irəli gedə bilsə, ondan sonra 90-a, 99-a qədər qalxmaq asandır, çox çəkmir; onlar bunu bilirlər. İslam Respublikası bu yolu qət etdi; yəni uranın 20 faiz zənginləşdirilməsinə nail ola bildi, 19 min yeni nəsl sentrifuqa qura bildi, 10 minə yaxın birinci nəsl sentrifuqanı işə sala bildi, 2-ci, 3-cü, 4-cü nəsl sentrifuqalar istehsal edə bildi; Ərak ağır su reaktorunu ərsəyə gətirə bildi; ağır su istehsal edən zavodu yarada bildi – hansı ki indi bizdən bunu pul verib alırlar. Bu işləri həyata keçirə bildiyimizə görə indi düşmən o minimum həddi – ölkəmizdə nüvə sənayesinin olmasını qəbul etdi; əgər bu işləri görməsəydik, qəbul etməyəcəkdilər. Mənim də, bütün dostlarımızın da yadındadır, bundan 10-12 il əvvəl – danışıqların əvvəlki etapında müzakirələr bunun üstündə gedirdi ki, məsələn, ölkəmizdə 5 sentrifuqanın işləməsinə icazə versinlər; razılaşmırdılar. Biz əvvəlcə 20 sentrifuqa demişdik, icazə verməmişdilər, sonradan güzəştə gedib dedik 5 sentrifuqa olsun, buna da razı olmamışdılar. Dedik bircəsi olsun, yenə də: “Olmaz!” – dedilər. Biz bacarmırıqsa, bizdə yoxdursa, gücümüz çatmırsa, düşmən bu şəkildə davranır. Amma düşmənin varlığına rəğmən, siz 19 min sentrifuqa qurmusunuzsa, işə salmısınızsa, 2-ci, 3-cü, 4-cü nəslini də istehsal etmisinizsə, bir sıra əlavə işlər də həyata keçirmisinizsə, o zaman düşmən qəbul etməyə məcburdur; güc budur. Güc-qüdrət olandan sonra hətta imperialistlərdən də imtiyaz almaq olar. Bu, Amerika və ya başqa birinin bizə verdiyi bir imtiyaz deyildi, bu, bizim öz gücümüz hesabına əldə etdiyimiz bir imtiyaz idi.
Bütün sferalarda da belədir; iqtisadiyyatda da belədir. Müqavimət iqtisadiyyatı da elə budur; mən bu məsələni dönə-dönə təkrarlayıram, vurğulayıram, əlhəmdulillah, dostlarımız operativ komandanlıq qərargahı da yaradıblar, müəyyən işlər görürlər, ümidvaram ki, inşallah, nəticələrini də göz önündə müşahidə edəcəyik. Biz iqtisadiyyatda güclənsək, iqtisadi qüdrətimiz artsa, artıq sanksiyaların heç bir mənası olmayacaq, sanksiyalar artıq, lazımsız bir şey olacaq. Biz daxildə iqtisadi cəhətdən güclənə bilsək, onlar özləri bizə əl açacaqlar, bizimlə iqtisadi əlaqələr qurmağa can atacaqlar. Nəinki bizə qarşı sanksiyalar tətbiq etməyəcəklər, hətta bəlkə gəlib bizdən onlara sanksiya qoymamağımızı istəyəcəklər; bu, təbii bir haldır. Siyasətdə də, digər müxtəlif sferalarda da eynilə bu cür.
Hökumət kabineti, parlament və digər strutkurlar ölkəyə iqtidar qazandıran amillərin təmin olunmasına çalışmalıdır və Xubriqan Məclisi də bunu tələb edə bilər. Siz bunu məndən, əzizimiz cənab Ruhanidən, parlamentdəki millət vəkillərindən, məhkəmə hakimiyyətindən tələb edə bilərsiniz; həmin amillərin təmin edilməsi tələbi ilə çıxış edə bilərsiniz. Qeyd etdiyimiz kimi, ilahi bir fenomen, nemət olan bu möhtəşəm, bu müstəsna kollektiv bu kimi işləri həyata keçirə bilər. Müəyyən məqama diqqətinizi yönəldin, o məsələnin üzərində işləyin, ictimai rəyi də həmin istiqamətə yönəldin; bax bu, Xubriqan Məclisi üçün, həqiqətən də, layiqli bir fəaliyyət olar.
Əlbəttə, əgər cəsarət göstərib bu kimi qurumlarda inqilabçılığın meyarlarının hansılar olduğu barədə danışsaq, mənim fikrimcə, inqilabçılığın meyarı təqvadır, şücaətdir, gözüaçıq olmaqdır, qətiyyətdir, «لَومَةَ لآئِم» – qınayanların qınağından(6) qorxmamaqdır; inqilabçılığın meyarları bunlardır. Əgər biz təqvalıyıqsa, lazımi qədər şücaətliyiksə, qətiyyətliyiksə – əlbəttə ki, qətiyyət tələb olunan yerdə; nəyisə üstüörtülü demək lazım olan yerdə yox; belə yerdə qətiyyət zərərlidir – bunlara riayət edə biliriksə, deməli, inqilabçıyıq. Düşməni düzgün tanıyaq. Düşmən bütöv bir cəbhədir; bir adam, yaxud konkret hansısa dövlət deyil, bütöv bir cəbhədir. Biz bu cəbhəni tanımalı, bu cəbhə ilə kimlərin əlaqəli olduğunu bilməli, bizi özünə oxşatmaq üçün hansı cinahdan və necə hərəkətə keçə biləcəyindən xəbərdar olmalıyıq. Düşmən cəbhəsini də tanımalıyıq, onun işlətdiyi düşmənçilik metodlarına da bələd olmalıyıq; düşmənin hansı tərzdə düşmənçilik etdiyini bilməliyik. Bəzən görürsən ki, düşmən meydana atılaraq hansısa xəbis məqsədini reallaşdırmaq üçün bir işə başlayır və biz onun məqsədinin nə olduğunu doğru-dürüst bilmirik; üzdən baxıb bunun yaxşı bir iş olduğunu görür və müsbət qarşılayırıq; halbuki o bununla öz çirkin məqsədini güdür. Olub; ölkəmizdə belə hallar olub və elə bu gün də var ki, onlar konkret hədəflə hansısa bir işə başlayıblar, biz də işin zahirinə baxıb demişik, əcəbdir! Bu ki yaxşı bir işdir, nə problem ola bilər?! Halbuki gözüaçıq olsaq, düşmənin məqsədindən xəbərimiz olsa, belə tez aldanmarıq.
Düşmənin qarşısında mənəvi-psixoloji cəhətdən sınmaq da lazım deyil; məsələnin əsas tərəflərindən biri də budur. Mənəvi-psixoloji cəhətdən sınmaq zərərli bir haldır; öz içində sınan şəxs meydanda, heç şübhəsiz, sınacaq. Hər bir insanın birinci məğlubiyyəti öz içində üzləşdiyi məğlubiyyətdir – hiss edə ki, bacarmayacaq, hiss edə ki, xeyri yoxdur, qarşı tərəf ondan qat-qat güclüdür, hiss edə ki, əlindən heç bir iş gəlməyəcək; mənəvi-psixoloji cəhətdən sınmaq bax budur. İçimizdə bu sınma ortaya çıxarsa, meydanda mütləq şəkildə məğlub olacağıq. Bu sınma olmamalıdır; diqqət etmək lazımdır ki, bu sınma yaranmasın.
Dahi liderimiz İmam Xomeyniyə (r.ə), şəhidlərimizə Allah rəhmət etsin, Məhəmməd və Ali - Məhəmmədə (ə) salavat!
_________________________
(1) Xubriqan Məclisinin 5-ci çağırışının öz işinə başlaması münasibətilə keçirilən bu görüşün əvvəlində XM-in sədri Ayətullah Əhməd Cənnəti çıxış etmişdir.
(2) Xubriqan Məclisinin 5-ci çağırışına seçkilər 07.12.1394-cü ildə baş tutmuşdur.
(3) «Misbahul-mütəhəccid”, c.2, səh. 829
(4) Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə 27.12.1383-cü ildə keçirilən görüş nəzərdə tutulur.
(5) İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzunları ilə 03.03.1395-ci ildə keçirilən görüş nəzərdə tutulur.
(6) “Maidə” surəsi, 54-cü ayədən