Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Hüseyn (ə) adına Hərbi Akademiyada etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین

Bu gün mənim üçün çox gözəl və ürəkaçan bir gündür. Bu ölkənin, bu inqilabın gələcəyi üçün, doğrudan da, böyük ümidlər yaradan siz əzizlərimin – saf qəlbli, stimullu inqilabçı gənclərin arasında olmaq mənə çox xoşdur. Əvvəla, sizi Həzrət Mehdinin (Ruhlarımız ona fəda olsun!) mübarək mövludu münasibətilə təbrik edirəm; inşallah, hamınız bu gün və gələcəkdə o böyük imamın həqiqətən intizarında olanlardan, onun əsl silahdaşlarından olasınız.

3 xordad günü də unudulmaz günlərdən biridir; əziz İranımızın, onun İslam İnqilabının tarixində parlaq günlərdəndir. 3 xordad bir simvoldur; haqqın batil üzərində qələbəsinin, ilahi qüdrətin, Allah-taalanın qüdrət əlinin simvoludur; belə ki İmam Xomeyni (r.ə) buyurur: “Bizi qüdrətli bir əl qoruyur”. 3 xordad – Xürrəmşəhrin azad edildiyi gün belə bir gündür. Əziz məzunlar, həmçinin bu gün hərbi rütbəsini alan əziz gənclər, hamınızı təbrik edirəm. Çox gözəl bir yola başlayırsınız; Allah-taala sizə mənəvi dəstək olsun, uğurlar nəsib etsin, inşallah; inşallah, bu yolda ciddiyyətlə, möhkəm əzmlə, daha artıq stimulla irəliləyin.

Xürrəmşəhrin fəthinə gəlincə, siz gənclərdən çoxunuz o vaxtlar dünyada olmamısınız,yaxud olsanız da, uşaq olmusunuz, yaşınız çox az olub. Xürrəmşəhrin fəth edildiyi gün çox böyük bir hadisə idi. Səhv etmirəmsə, hələ xəbərin üstündən bir neçə saat keçməmişdi, mən prezident iqamətgahından imamın evinə tərəf yola düşdüm. Yolustü gördüm ki, insanlar çox böyük coşğu ilə küçələrə çıxıb; elə bil, mitinq idi, yürüş idi. Bizim avtomobilimizi görən kimi yaxınlaşıb təbrik etməyə başladılar. Bütün ölkədə birdən-birə, spontan şəkildə bir ümummilli bayram yaşanırdı; bu dərəcədə önəmli bir məsələ idi. Əlbəttə, o zaman insanların əksəriyyəti bu fəthin nəyin, hansı hadisənin nəticəsi olaraq baş verdiyini bilmirdi. Əhalinin o fədakarlıqlardan, o xırdalıqlardan, o inanılmaz və heyrətamiz səylərdən xəbəri yox idi; elə bu gün də çoxları bilmir. Mən tövsiyə edirəm ki, Xürrəmşəhrin fəthi ilə nəticələnmiş “Müqəddəs evə doğru” əməliyyatının, həmçinin digər əməliyyatların – “Fəthül-mubin” əməliyyatının və sairin təfərrüatları haqda yazılmış kitabları hamı oxusun; oxusunlar və görsünlər ki, nələr baş verib. Bir vaxtlar mən Müqəddəs Müdafiəni divarın yuxarısından asılmış böyük və möhtəşəm bir rəsm əsərinə bənzətmişdim; biz bu tabloya aşağıdan baxıb onu tərifləyirik, amma əgər bir qədər yaxınlaşıb o əsərdə işlənmiş elementləri, rəssamın məharətli priyomlarını, müxtəlif rənglərin bir-birinə necə ustalıqla qarışdırıldığını, müxtəlif naxışları, fırça işinin xırdalıqlarını görsək, heyranlığımız on dəfə artar. Müqəddəs Müdafiə mövzusunda yazılmış kitablar da əslində bu tabloya uzaqdan nəzər salan bizlər üçün həmin xırdalıqları aydınlaşdırır. Bəli, böyük bir hadisə idi. 

Lakin bu hadisədən də daha böyük olanı bu idi ki, Xürrəmşəhr azad ediləndən, bu qədər əziyyət çəkiləndən, gənclər bu qədər tər tökəndən, bu qədər şəhidimiz düşəndən, bu qədər zəhmətlər çəkiləndən sonra İmam Xomeyni (r.ə) – Allahın göndərdiyi o adam, Allahın sözün əsl mənasında müdrik bəndəsi – buyurdu ki, “Xürrəmşəhri Allah-taala azad etdi!” Xürrəmşəhri Allah-taala azad etdi! Bu, çox önəmli bir cümlədir. Bu, nə deməkdir? Bu, o deməkdir ki, əgər siz cəhd göstərsəniz, çalışsanız, Allahın qüdrəti də sizin arxanızda durar. Arxa-dayağı olmayan ordu heç bir şey edə bilməz; arxada dayağı, çoxlu sayda ehtiyat qüvvəsi olan bir ordu isə hər şeyə qadirdir. Dayağı, ehtiyat qüvvəsi Allahın qüdrəti olan bir ordunu isə daha məğlub etmək mümkündürmü? İmam bizə bunu başa saldı; başa saldı ki, biz cəhd göstərəndə, çalışanda, tənbəllik etməyəndə, meydana girəndə, öz gücümüzü, bacarığımızı ortaya qoyanda o yerdə Allahın qüdrəti bizim arxamızda durur; ona görə də Xürrəmşəhri Allah-taala azad etmişdir. Bu məntiqlə Allah-taala dünyanın imperializmin ağalığı altında olan bütün bölgələrini də azad edə bilər. Bu məntiqlə Fələstin də azad edilə bilər. Bu məntiqlə istənilən xalq zülm və basqıdan qurtula bilər; bir şərtlə ki, bu məntiq gerçəkləşə. Bizim məntiqimiz bu olsa, sarsılmaz olarıq. Bu məntiqlə meydana girsək, heç bir qorxu bilmərik. Artıq qarşımızda duran böyük dövlətlərin hərbi, yaxud təbliğat, pul, maliyyə, iqtisadi imkanları bizim üçün qorxuducu, dəhşətli olmaz. Axı artıq Allahın qüdrətinə arxalanmış olacağıq. Əlbəttə ki, Allahın qüdrəti tənbəl insanların arxasında olmaz; fədakarlıq etməyə hazır olmayan xalqların arxasına keçməz. Allahın qüdrəti yalnız meydana atılan, hərəkət edən, çalışan, hər bir işə hazır olan xalqların arxasında olur; belələri Allahın qüdrətinə söykənir.

ذلِکَ بِاَنَّ اللهَ مَولَی الَّذینَ ءامَنوا وَ اَنَّ الکفِرینَ لا مَولی‌ لَهُم

“Allah iman gətirənlərin himayədarıdır. Kafirlərin isə heç bir himayədarı yoxdur!” (“Muhəmməd” surəsi, 11-ci ayə)

Bunu Quran ayəsi deyir. Sizin himayəçiniz Allah-taaladır. Sizin elə bir himayədarınız var ki, bütün varlıq aləmi onun qüdrəti altındadır. Sizin belə bir himayədarınız var, kafirlərin isə yoxdur.

Bədr döyüşündə kafirlər öz bütlərinin adını çəkib şüarlar səsləndirməyə başlayanda Peyğəmbər (s) müsəlmanlara göstəriş verir ki, desinlər:

اَللهُ مَولانا وَ لا مَولی‌ لَکُم

– Allah-taala bizim arxamızdadır, bizi himayə edir, bizim gücümüz onun gücünə söykənir, sizdə isə belə bir imkan yoxdur;(2) və elə bu cür də olur.

Hazırda 37-38 ildir ki, bu mübarək cücərtini – İslam Respublikasını, dövlət quruluşu şəklində təcəssüm etmiş inqilabı məğlub etmək üçün əllərindən gələn hər şeyi edirlər, amma bacarmırlar;

اَللهُ مَولانا

– Bizim himayəçimiz Allahdır. İran xalqı meydandadır; kənara çəkilib oturaraq elə hey nıqqıldayan, yaxud təkcə şəhvət və həvəslərini düşünən bir ovuc qeyrətsiz adama baxmayın; xalq meydandadır, xalq proseslərin içindədir. Bu xalqın arasında hər an canını fəda etməyə hazır olan nəhəng bir kütlə var. Allahın qüdrətinin insanın arxasında durmasına şərait yaradan da məhz elə budur. Qüvvələrin qeyri-bərabər olduğu döyüş bax bu deməkdir. 

Qeyri-bərabər döyüş odur ki, iki qarşı tərəf tam fərqli mənbələrdən alınmış, müxtəlif mahiyyətli imkanlara malikdirlər; qeyri-bərabər döyüş budur; yəni tərəflərdən hər birinin əlində qarşı tərəfdə olmayan güc mənbələri, imkanlar var. Biz dünya imperializmi ilə qeyri-bərabər döyüş vəziyyətindəyik. Nəyə görə? Ola bilsin, onda elə imkanlar var ki, bizdə yoxdur, amma bizim də əlimizdə elə imkanlar var ki, onlar üçün əlçatmazdır. O imkanlar hansılardır? Allaha təvəkkül, inam, son qələbənin bizim olacağına arxayınlıq, mömin insanın gücünə, iradəsinə olan inam; bizdə bütün bunlar var; bax qeyri-bərabər döyüş belə olur. Qeyri-bərabər savaşda bir-biri ilə vuruşan, əslində, iradələrdir; hansı tərəfin iradəsi üstün gəldisə, qələbə də onun olacaq. Meydanda iradənizi zəifləməyə qoymayın; savaş meydanında iradənizdə tərəddüd yaranmasına imkan verməyin; döyüş meydanında tərəflərdən hansınınsa iradəsi zəiflədisə, mütləq, məğlub olacaq. İradənizi zəifləməyə qoymayın, düşmənin təbliğatının və vəsvəsələrinin sizin möhkəm iradə və əzminizdə tərəddüd yaratmasına icazə verməyin; öz möhkəm, sarsılmaz iradənizi qoruyub saxlayın; qələbənin qarantı budur.

Bu gün top-tüfəngli müharibələr aktual deyil; bu gün bizim ölkəmizin ənənəvi hərbi təcavüzlə üzləşə biləcəyi ehtimalı həddən artıq zəifdir, amma cihad öz yerində qalır; cihad başqa bir şeydir. Cihad təkcə top-tüfənglə döyüşmək demək deyil, ölüb-öldürmək demək deyil; cihadın mənası daha genişdir. Cihadlar arasında elə bir cihad var ki, Allah-taala Quranda onu “cihadi-kəbir” – böyük cihad adlandırmışdır:

وَ جهِدهُم بِه‌ جِهادًا کَبیرًا

“... və onlara qarşı onunla (Quranla)böyük bir cihad et!” (“Furqan” surəsi, 52-ci ayə)

Mübarək “Furqan” surəsindədir; “onunla” – yəni Quranla; “جهِدهُم بِه‌” – yəni onlara qarşı Quran vasitəsilə cihad et;“جِهادًا کَبیرًا” – böyük bir cihad. Bu ayə Məkkədə nazil olub. Əziz gənclər, diqqət edin, Məkkədə hərbi döyüş yox idi, Peyğəmbərə (s) və müsəlmanlara silah vasitəsilə döyüşmək əmri verilməmişdi, onlar başqa bir işi həyata keçirirdilər. Bu şərif ayədə Allah-taala məhz həmin o başqa iş haqda buyurur: 

وَ جهِدهُم بِه‌ جِهادًا کَبیرًا

Həmin iş nədən ibarətdir? O iş müqavimət, möhkəm durmaq, düşmənə boyun əyməməkdir.

فَلا تُطِعِ الکفِرینَ وَ جهِدهُم بِه‌ جِهادًا کَبیرًا

“Kafirlərə itaət etmə və onlara qarşı onunla (Quranla) böyük bir cihad et!”

Müşriklərə itaət etmə. Allah-taalanın “böyük cihad” adlandırdığı həmin o iş kafirlərə itaət etməməkdən ibarətdir. Bu bölgü o bildiyimiz “ən böyük cihad”, “ən kiçik cihad” bölgüsündən ayrıdır: hamısından çətin olan ən böyük cihad nəfsə qarşı edilən cihaddır; bizim batinimizi, kimliyimizi qoruyan şey; ən kiçik cihad isə düşmənə qarşı cihaddır, intəhası bu ən kiçik cihadın içində elə bir cihad da var ki, Allah-taala onu “cihadi-kəbir” – “böyük cihad” adlandırmışdır və bu, haqqında danışdığım həmin o şeydir. “Cihadi-kəbir” nədir? Yəni düşmənə, kafirlərə itaət etməmək. Savaş meydanında sənə qarşı döyüşən düşmənə itaət etmə. İtaət nədir? Yəni boyun əymək, arxasınca getmək, tabe olmaq. Nədə, hansı məqamda tabe olmamalıyıq? Müxtəlif arenalarda; siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, incəsənətdə; müxtəlif arenalarda düşmənə tabe olmaq olmaz; “cihadi-kəbir” budur.

Bu tabe olmamaq məsələsi o qədər önəmlidir ki, Allah-taala Öz Peyğəmbərinə (s) bunu dönə-dönə tövsiyə edir. İlk xəbərdaredici ayə mübarək “Əhzab” surəsindədir:

بِسمِ‌اللهِ‌الرَّحمنِ‌الرَّحیم * یاَیُّهَا النَّبِیُّ اتَّقِ اللهَ وَ لا تُطِعِ الکفِرینَ

“Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə”. (“Əhzab” surəsi, 1-ci ayə) 

Buyurur ki:

اِتَّقِ اللهَ وَ لا تُطِعِ الکفِرین

Ey Peyğəmbər! Təqvalı ol və kafirlərə itaət etmə!

اِنَّ اللهَ کانَ عَلیمًا حکیمًا

“Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”

– Biz sənin çətinliklərini bilirik, səni özlərinə tabe etmək üçün sənə göstərdikləri təzyiqlərdən xəbərdarıq – təhdid edirlər, şirnikdirib ələ almağa çalışırlar – amma sən Allahın əmr və qadağalarına qarşı diqqətli ol, təqvalı ol, fikrin özündə olsun.
 “وَ لا تُطِعِ الکفِرین” – kafirlərə itaət etmə; Allah-taalanın Öz Peyğəmbərinə belə bir tonla haqqında xəbərdarlıq etdiyi o mühüm və böyük şey kafirlərə itaət etməməkdir.

Yaxşı, kafirlərə itaət etmə, bəs nə et?

وَ اتَّبِع ما یوحی‌ اِلَیکَ مِن رَبِّکَ اِنَّ اللهَ کانَ بِما تَعمَلونَ خَبیرًا

“Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır”. (“Əhzab” surəsi, 2-ci ayə)

Buyurur ki:

یاَیُّهَا النَّبِیُّ اتَّقِ اللهَ وَ لا تُطِعِ الکفِرینَ و المُنفِقینَ اِنَّ اللهَ کانَ عَلیمًا حکیمًا * وَ اتَّبِع ما یوحی‌ اِلَیکَ مِن رَبِّکَ اِنَّ اللهَ کانَ بِما تَعمَلونَ خَبیرا

Onlara itaət etmə; sənin bir proqramın var; nə etmək, necə yaşamaq lazım olduğu barədə əlində bir proqram var; ilahi vəhy səni yalqız qoymamışdır; Quran sənin ixtiyarındadır, İslam sənin ixtiyarındadır, İslamın gətirdiyi proqram sənin ixtiyarındadır; bu yolla get. Baxın, bunlar hamısı “Əhzab” surəsinin ilk ayələridir; bir-birinin ardınca; əvvəlcə:

اِتَّقِ اللهَ وَ لا تُطِعِ الکفِرینَ وَ المُنفِقین

Ardınca isə:

وَ اتَّبِع ما یوحی‌ اِلَیکَ مِن رَبِّک

Onun ardınca isə bu sualın cavabı gəlir ki, axı təhlükə var, təzyiq göstərirlər;

وَ تَوَکَّل عَلَی اللهِ وَ کَفی‌ بِاللهِ وَکیلا

– Bütün bu təzyiqlər qarşısında Allaha arxalan; Allaha söykən. Təvəkkül o demək deyil ki, işi buraxıb oturasan, elə bil, Allah gəlib sənin əvəzinə iş görəcək; belə deyil; təvəkkül odur ki, özün bir qolunu çırmalayıb işə başlayasan,tər tökəsən, çalışıb-vuruşasan; əmin olun ki, o zaman Allah-taala da sizə yardım edəcək; bu gün İslam Respublikasının üzləşdiyi məsələ budur. 

İslam Respublikasının üzləşdiyi məsələ odur ki, imperialist düşmən İslam İnqilabını diz çökdürmək niyyətindədir. O, bunu necə, nəyin vasitəsilə etmək istəyir? Düşmən İslam Respublikasını təslimçiliyə sürükləmək üçün öz mədəniyyətini ölkəyə sızdırmaqla, iqtisadi təzyiqləri ilə, cürbəcür siyasi manevrləri ilə, genişmiqyaslı təbliğatı ilə və sərəncamında olan xain ünsürlər vasitəsilə ölkədə hökm sürən atmosferi, əhval-ruhiyyəni sarsıtmağa çalışır. İmperialistlərdə İslam Respublikasına qarşı şiddətli qəzəb yaradan səbəb İran xalqının müsəlman olmağı deyil; onların qəzəbinə səbəb olan odur ki, xalqımız müsəlman olduğuna görə onlara boyun əymək istəmir; imperializmə tabe olmaq fikri yoxdur; düşməni qəzəbləndirən məhz budur. Buna cürbəcür don geydirməyə çalışırlar, amma məsələnin mahiyyəti bundan ibarətdir. Nüvə məsələsi bəhanə idi, raket məsələsi bəhanədir – bu raket məsələsini ortaya atıblar, “raket, raket” deyirlər, əlbəttə ki, heç bir xeyri də yoxdur, heç bir qələt edə bilməyəcəklər – insan haqları məsələsi, cürbəcür digər məsələlərin hamısı bəhanədir. Əslində, problem xalqın tabe olmamağıdır.

İslam Respublikası imperializmə tabe olmağı qəbul etsəydi, raketi ilə də razılaşardılar, nüvə enerjisi və bu sahədəki cürbəcür şeylərlə də razılaşardılar, insan haqlarının da adını ümumiyyətlə çəkməzdilər. İlahi təlimləri rəhbər tutan İslam Respublikası kafir və imperialist düşmənə, küfr və imperializm cəbhəsinə boyun əymək niyyətində deyil; əsl səbəb budur; bütün çalışıb-vuruşduqları buna görədir.

Əlbəttə, bunu dilə gətirməməyə çalışırlar, amma bəzən səsləndirdikləri bəyanatlar onları ələ verir. Elə bundan bir neçə gün əvvəl Amerika rəsmilərindən biri İslam Respublikası əleyhinə irəli sürülən ittihamları sıralayırdı: raket, nə bilim nə, nə bilim nə; və ideologiya! Özlərindən asılı deyil; özlərini ələ verirlər. Onun dediyi o ideologiya təfəkkür tərzidir; sizi kafir düşmənə, küfr və imperializm cəbhəsinə boyun əyməməyə vadar edən islami təfəkkür tərzi. Düşmənçiliyə səbəb olan da, sizi qüdrətli edən də bax budur; sizə güc qazandıran budur. İran xalqını ayaqda saxlayan məhz bu stimuldur; İran xalqında möhkəm əzmi, müqavimət ruhunu qoruyub saxlayan budur. İslam Respublikasının və İran xalqının islami və inqilabi kimliyinin qorunub saxlanması – düşmənin kəskin narazılığına səbəb olan bax budur; çarələri də yoxdur. Ölkəmizdə önəmli qərarların işlənib hazırlandığı və qəbul olunduğu mərkəzləri öz təsir dairələrinə sala bilmək üçün çox çalışdılar, amma bacarmadılar; və Allahın mənəvi dəstəyi, köməyi sayəsində bundan sonra da bacarmayacaqlar.

Siz inqilabın keşikçilərisiniz, inqilabın. Əlbəttə ki, bütün İran xalqı inqilabın keşiyində durur, yaxud durmalıdır, amma siz məhz bu adla iftixar və başucalığı qazanan bir qurumsunuz: İslam İnqilabı Keşikçiləri Korpusu. Siz bu böyük cihadı öz fəaliyyətinizin, gördüyünüz hər bir işin sərlövhəsi etməlisiniz. Bu gün hamıdan çox da elə Keşikçi Korpusa qarşı aqressivdirlər; ad çəkəndə, yava-yava danışanda, böhtan atanda öz yalanlarının və nalayiq danışıqlarının hədəfi kimiən çox Keşikçi Korpusu seçirlər. Səbəbi budur ki, Keşikçi Korpus ayaqda durduğunu, müqavimət göstərdiyini nümayiş etdirib. Bu ruhiyyəni, bu tendensiyanı, bu mənəvi halı əldən verməyin.

Əziz gənclər! Mənim əziz balalarım! Gələcək sizindir, sabahkı gün sizə aiddir! Məhz siz bu tarixi bütün izzət və vüqarı ilə qorumalısınız. Bu məsuliyyətin yükü məhz sizin çiyinlərinizə düşür. Xürrəmşəhrlərin fəthi hələ qabaqdadır; döyüş meydanında yox, bəlkə ondan da çətin bir meydanda. Əlbəttə ki, bu meydanda hərbi döyüşlərdən sonra qalan xarabalıq və dağıntılar yoxdur; əksinə, ardınca abadlıq və quruculuq gətirəcək, amma daha çətin, daha ağırdır. Müqavimət iqtisadiyyatı deyirik; bu o deməkdir ki, bu böyük və əsaslı siyasətin iqtisadiyyata aid olan hissəsini müqavimət iqtisadiyyatı təşkil edir. Deyirik ki, mömin, islamçı, inqilabçı gənclər həyata keçirdikləri könüllü mədəni işləri buraxmasınlar, davam etdirsinlər; ölkənin bütün mədəniyyət strukturlarının rəsmilərini də bu istiqamətdə işlər görməyə dəvət etmişik və edirik; bütün bunlar həmin o tabe olmamaq prinsipinin, böyük cihadın mədəniyyətlə bağlı hissəsidir. Ölkənin bütün istedadlı insanlarını öz bacarıq və istedadlarını ortaya qoyub bu ölkənin inkişafı naminə işlətməyə dəvət edirik, hökumət nümayəndələrini və digər rəsmiləri də onlara dəstək olmağa çağırırıq. Bu da o böyük cihadın ictimai fəallarla bağlı sferasıdır. Bu böyük cihadın müxtəlif sferaları var: 

جهِدهُم بِه‌ جِهادًا کَبیرًا

Bu, dünya ilə əlaqəni kəsmək demək deyil; bəziləri bu ilahi siyasəti vurmaq üçün yalandan deyirlər ki, “İnqilab tərəfdarlarının dediyi kimi olsa, dünya ilə əlaqəni kəsmək lazımdır”; xeyr, biz dünya ilə münasibətləri kəsmək lazım olduğunu demirik, ölkənin ətrafına hasar çəkilməsini də istəmirik; gediş-gəliş etsinlər, əlaqə saxlasınlar, mübadilələr etsinlər, alğı-satqılar həyata keçirsinlər, amma özlərinin əsl kimlik və şəxsiyyətini itirməsinlər. Bizim dediyimiz budur:

وَ اَنتُمُ الاَعلَونَ اِن کُنتُم مُؤمِنین

“Əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz”. (“Ali-İmran” surəsi, 139-cu ayədən)

İslam dövlətini təmsil edən bir nümayəndə kimi davransınlar, danışarkən o cür danışsınlar. Ölkənin mənafeyinin tələb etdiyi istənilən yerdə, istənilən şəxslə müqavilə bağlayın, amma o masanın arxasında oturub o müqaviləni imzalayarkən özünüzü müsəlman İranının, İslam dininin bir təmsilçisi kimi aparın. Qoy hər kəs ağıl və tədbirlə davransın; bu cihadda müdrik olmaq lazımdır, ixlas lazımdır. Bu cihad hərbi cihad kimi deyil ki, kimlərsə onun meydanlarında parlasın və onlara istər şəhid olmuş, istər həyatda olan, yaxud əlil və ya veteran bir müharibə iştirakçısı olaraq qəhrəman kimi baxılsın – bizlər şəhidlərimizlə, əlil və veteranlarımızla fəxr edirik, elə deyilmi? – bu elə bir cihaddır ki, kimsə onun yolunda həddən artıq zəhmət çəkdiyinə baxmayaraq, heç kəs onu üzdən tanımaya da bilər; bu cihadda ixlas olmalıdır.

Bu gün düşmən İslam dövlətinə əsaslı zərbə endirməkdən ümidini üzüb, çünki ölkə daxilində kifayət qədər iman, stimul, hazırlıq və sədaqət olduğunu bilir; elə buna görə də əsaslı zərbə vurmaqdan əllərini üzüblər, ölkəyə nüfuz etməkdən isə ümidlərini kəsməyiblər. Bu gün nüfuz etmək üçün vasitələr də çoxdur.

İran gənclərini özlərinin bəyəndiyi şəkildə yetişdirməyə çalışırlar. İran gəncləri Amerika və imperializmə xoş gələn tərzdə yetişsə, artıq Amerika ölkə daxilində öz planlarını həyata keçirmək üçün xərcə düşməli, pul buraxmalı olmayacaq; o gənclər özləri pulsuz-parasız nökər kimi onlar üçün işləyəcək; İran gənclərini bu cür yetişdirmək istəyirlər. Bir neçə il əvvəl 3-4 nəfər şəxsiyyətsiz adam elə danışır, elə hərəkət edirdi ki, o vaxt İrana gəlmiş bir amerikalı geri qayıdanda demişdi: “İranda atəş açmaq üçün əli silahlı bizim əmrimizi gözləyən adamlar var”. 3-4 nəfər şəxsiyyətsiz adamı görüb aldanmışdı. Amerikalıların ən böyük problemi də budur ki, bizim ölkəmizi tanımırlar, xalqımızı tanımırlar, tanıya bilmirlər də. İmperializmin problemi budur ki, daha çox xarici görünüşə baxır; zahirdə görünənə diqqət yetirir, batinə isə varmır. Güc və iqtidarı da zahiridir, fiziki bədənlər üzərindədir; qəlblərə özü istədiyi kimi hakim kəsilə bilmir. Yanılıblar, amma ölkəyə nüfuz etməkdən ümidlərini üzməyiblər; yol tapıb nüfuz etmək, qəlbləri zəbt etmək, beyinləri dəyişmək istəyirlər. 

Bu, İran xalqına və ölkəyə can yandıran hər kəsin, o cümlədən siz əziz keşikçi gənclərin və bütövlükdə böyük bir struktur olan İslam İnqilabı Keşikçiləri Korpusunun öhdəsinə düşən böyük bir vəzifədir. Sizin işiniz təkcə döyüşmək deyil; Keşikçi Korpus inqilabın keşiyində durur. Əlbəttə ki, İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi xarakteri mütləq surətdə zəifləməməlidir; korpus bir hərbi quruma layiq olduğu səviyyədə öz işinə ən gözəl, ən innovativ, ən müasir formada davam etməlidir; amma təkcə bu deyil. Həqiqətləri açıqlamaq vəzifəsi bu gün hər kəsin çiyinlərinə düşür; o cümlədən sizin də. Mən bu həqiqətləri açıqlamaq məsələsini ona görə bu qədər vurğulayıram ki, bu gün o böyük cihad daha çox həqiqətləri açıqlamaq üzərində durur; demək, açıqlamaq, maarifləndirmək; bu gün maarifləndirmə lazımdır. Çalışın dərinliyə vararaq insanları da məsələlərin mahiyyətinə, həqiqətinə varmağa sövq edəsiniz. Təhsil aldığınız akademiya bu sahədə böyük işlər görə, həqiqətlərin açıqlanmasını özünün əsas fəaliyyət proqramlarından birinə çevirə bilər; həm öz kollektivi içərisində, həm də imkanı çatdığı qədər daha geniş müstəvidə.

İnqilabın şüarlarını qoruyub saxlamaq lazımdır; əsas hədəflərdən biri budur. Bu böyük cihadın ən mühüm hissələrindən, ən önəmli işlərindən biri də inqilabi şüarların qorunub saxlanmasıdır. Şüarlar hədəfləri bəlli edir, şüarlar bizə yolu göstərir, şüarlar insanların yolu azmaması üçün qoyulan yol nişanları kimidir;

(3) اَلیَمینُ وَ الیَسارُ مَضَلَّةٌ و الطَّریقُ الوُسطی‌ هِیَ الجادَّة 

Sağa-sola sapmasınlar, doğru yolla, orta yolla getsinlər; şüarların rolu budur, hünəri budur. Bu şüar və həqiqətlərə münasibətdə də təkcə emosiyalarla kifayətlənmək olmaz. Əlbəttə ki, mən hisslərə, emosiyalara çox böyük önəm verirəm, amma təkcə bu kifayət deyil; lazımdır, ancaq kifayət deyil. Bütün bu şüarların dərinliyinə varmaq, mənasına, mahiyyətinə dərindən diqqət yetirmək lazımdır. Hər bir məsələnin dərinliynə varmağa çalışın; dərinliyə vardıqdan sonra qəlbinizdə özünə yer tutacaq inamı heç bir qüvvə sizdən uzaqlaşdıra bilməz. Gah hamıdan daha qatı və barışmaz mövqedə duran, gah da 180 dərəcə çevrilən insanların problemi də onlarda bu dərin inamın olmamağıdır.Belələrini görmüşük; inqilabın əvvəllərində bəzi insanlar elə qatı düşüncəli, odlu-alovlu idilər ki, əsl, köhnə inqilabçıları da qəbul etmirdilər, onlara da irad tuturdular, amma yanaşmaları səthi idi. Bu səthilik də canlarının bəlası oldu, 180 dərəcə dəyişdilər; yolları, mövqeləri dəyişdi. Hər bir məsələdə dərinliyə varmağa çalışın; dərindən düşünməyə, dərinliklərə nəzər salmağa çalışın və bu yolda saleh ustadların göstərişlərindən yararlanın. 

Mühüm işlərdən biri də yeni kadrların yetişdirilməsidir. Gələcək sizindir; gələcəkdə sizlər ümümilikdə ölkə və onun idarəetmə sistemi üçün ləyaqətli və gözəl kadrların yetişdirilməsi və istiqamətləndirilməsində layiqli rol oynaya bilərsiniz. İnqilabın bu 37 il ərzində qazandığı təcrübəni yazıya alın; bu, bir elmi işdir, elmi-tarixi araşdırma işidir. Bu gün bizim dönüb keçmişə bir nəzər salmağa ehtiyacımız var; gəldiyimiz yollara, özümüzün və başqalarının gördüyü işlərə,başımıza gələnlərə, yolumuzun üstündə üzləşdiyimiz əcaib-qəraib eniş-yoxuşlara, inqilabın çətinliklə də olsa, dayanmadan keçib gələ, öz hədəflərinə yaxınlaşa bildiyi cürbəcür dolanbac yollara; bütün bunlar yazıya alınmalı, tərtib edilməlidir. Bunun üçün elmi iş aparılmalıdır. Sizin oxuduğunuz akademiya fərqli bir ali təhsil ocağıdır.Əlbəttə ki, mənim bu sözüm təkcə sizə ünvanlanmır, bütün universitetlərə, bütün elmi və teoloji mərkəzlərə aiddir. Amma yenə də İmam Hüseyn (ə) adına Akademiya elə İmam Hüseyn (ə) adına Akademiyadır! Fərqli bir ali təhsil müəssisəsidir; sizin öhdənizə daha böyük məsuliyyət düşür.

Mühüm məqamlardan biri də budur ki, izah etməyi, həqiqəti açıqlamağı əsas işiniz bilin. Mən bir şeyi müşahidə edirəm ki, bəzən hansısa şəxsin, yaxud toplantının əleyhinə olan kütlə, insanlar, ola bilsin, yaxşı, mömin gənclər hay-küy salıb qalmaqal yaratmağa, şüarlar səsləndirməyə can atırlar; mən belə işlərlə razı deyiləm. Bunların heç bir xeyri yoxdur; bunu mən keçmişdə də belə işlərin içində olan insanlara həmişə tapşırmışam. Hansısa toplantıda sizin qəbul etmədiyiniz bir adam çıxış edirsə – siz haqlı da ola bilərsiniz, haqsız da – durub o məclisi pozmağın, aranı qarışdırmağın heç bir xeyri yoxdur. Xeyir yalnız doğru olanları açıqlamaqda, düzgün addım atmaqda, ağıllı və tədbirli davranmaqda ola bilər; faydalı olan yalnız bunlardır. Hərdən bəzi insanlar qəsdən belə hərəkətlər edərək mömin, islamçı gənclərin üstünə atır; bundan da ehtiyatlı olun.

Qeyd etmək istədiyim sonuncu məqam isə budur: bütün dediklərimiz, görməli olduğumuz bütün işlər, həyata keçirilməsi üçün kifayət qədər güc və imkanlarımız olan işlər Allah-taala qarşısında dua və yalvarış etməyimizdən, Uca Yaradana diqqət yönəltməyimizdən, Allah-taala ilə aramızda olan rabitəni artırmağımızdan asılıdır. Qəlblərin Allah-taala ilə rabitəsi elə bir rabitədir ki, əgər o təmin olunsa, məhz bizim inqilabi kimliyimiz, əzm və iradəmiz az öncə haqqında danışdığım o zəmini yaratmağa müvəffəq olacaq.

Əziz gənclər, Quranla ünsiyyətinizi qoruyub saxlamağa çalışın; Allaha şükürlər olsun ki, bizim cavanlarımızın arasında Quran hafizləri çoxdur. Quranı qorumağa, tilavət etməyə, ilahi ayələrin mənası haqda dərindən düşünməyə önəm verin; namaza diqqət ayırın, namazı gözəl bir şəkildə, diqqətlə, Yaradanın hüzurunda olduğunu dərk edərək qılmağa çalışın. Namazda “hüzuri-qəlb” olmalıdır deyirik, bu o deməkdir namaz zamanı insanın bütün qəlbi, diqqəti namazında olsun, uzaqlaşmasın, yayınmasın. Bəzən namaz qılırıq, ürəyimiz başqa bir yerdə olur; “hüzuri-qəlb” də elə odur ki, ürəyimiz namaz qıldığımız məkanda olsun, səccadəmizdə olsun, bütün diqqəti qıldığımız namazda olsun, başqa bir yerdə olmasın. Siz gənclər bunu bir məşq edin; ola bilsin, əvvəl-əvvəl bir az çətin olacaq, ancaq davamlı olaraq məşq edin, getdikcə asanlaşacaq, sizdə bir adət halını alacaq. Əgər bunu indi məşq edib özünüzdə yarada bilsəniz, həmişə işinizə yarıyacaq; əgər cavanlıqda məşq edib alışmasanız, mənim yaşıma çatanda çətin olacaq. Namazla, Quranla, təvəssüllə, şəban ayının dua və minacatları ilə Allah-taala ilə ünsiyyət qurun. Qarşıdan ramazan ayı gəlir; bu ayın mübarək gündüz və gecələri ilə özünüzü, ruhunuzu saflaşdırın, rayihələndirin, nurlandırın, inşallah, bütün bu böyük işləri həyata keçirməyə müvəffəq olacaqsınız.

Əziz liderimiz İmam Xomeyninin (r.ə) xoş xatirəsini də yad edək; bu yolu bizə açmış o dahi insana Allah rəhmət etsin; əziz şəhidlərimizə Allah rəhmət etsin; şəhid və veteranlarımızın ailələrinə Allahın salamı olsun.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

__________________

(1) İmam Hüseyn(ə) adına Akademiyada keçirilən bu görüşün əvvəlindəKeşikçi Korpusun baş komandanı general Məhəmmədəli Cəfəri və akademiyanın rektoru admiral Mürtəza Səffari hesabatla çıxış etmişlər. 
(2) “Xisal”, c.2, səh. 397-398
(3) “Nəhcül-bəlağə”, 16-cı xütbə, azacıq fərqlə.