Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الطّیبین الطّاهرین المعصومین سیّما بقیّةالله فی الارضین
Bugünkü görüşümüz olduqca ürəkaçan və arzuolunan bir görüşdür. Əziz qardaşlarımızın, gənclərimizin qiraətində Qurani-Kərimin gözəl tilavətindən bəhrələndik; başqa ölkələrdən gəlmiş qonaqlarımızı – həm Quran ustadlarını, həm də müsabiqə iştirakçılarını da salamlayıram.
Bu Quran müsabiqələrinin gözəl cəhətlərindən biri də müxtəlif ölkələrdən olan müsəlman qardaşların bir-biri ilə tanış olması, ünsiyyət qurmasıdır. İmperialistlər yürütdükləri müxtəlif siyasətlər vasitəsilə bizi bir-birimizdən ayırmağa, müsəlman xalqları bir-birinə qarşı laqeydləşdirməyə, yadlaşdırmağa, hətta onları qarşıdurmaya sövq etməyə çalışır; müsəlman xalqlar onların bu istəyinin tam əksinə hərəkət etməlidirlər; bacardığınız qədər, mümkün olan hər yolla bir-birinizlə ünsiyyətinizi daha da artırın. Bunun yollarından biri də bu cür görüşlərin təşkil edilməsidir. Quran İslam dininin mehvəridir, bütün müsəlmanlar üçün müştərək mənbədir, ən böyük ilahi nemətdir; Allah-taalanın bu mənəvi süfrəsindən hamılıqla istifadə etməliyik. Quranla əlaqəli tədbirlər, Quran müsabiqələri də elə hamının bu işi həyata keçirməsi üçün bir fürsətdir.
Bu müsabiqələrin bərəkətli cəhətlərindən biri də odur ki, gənclərimiz, müxtəlif insanlar, ictimaiyyətin müxtəlif təbəqələri Quranla ünsiyyətdə olmaq imkanı tapır. Bu gün İslam ümmətinin Qurani-Kərimdən uzaq düşməsi bir reallıqdır; bizim yaşayışımız, həyatımızın reallıqları Qurani-Kərimin həqiqətlərindən çox-çox uzaqdır! Biz özümüzü Qurani-Kərimə yaxınlaşdırmalıyıq; İslam ümmətinin xoşbəxtliyi onun Qurana, Quran maarifinə, Quranın ibrətverici dərslərinə yaxınlaşmasından asılıdır. Bunun yollarından biri də budur ki, insanlar, gənclər, kişi və qadınlar Quranla sıx ünsiyyətdə olsun. Quran müsabiqələrinin bərəkətlərindən biri də budur. Bu arada mən bu müsabiqəni təşkil edənlərə, icraçılara, zəhmət çəkib onu ərsəyə gətirənlərə öz təşəkkürümü bildirirəm. Diqqət edin! Hazırda İslam dünyasına və müsəlmanlara zərbə vurmaq üçün külli miqdarda pullar xərclənir, böyük işlər görülür. Dünyanın tağutları – azğın super-gücləri İslam dünyasından, bir milyard yarımlıq müsəlman cəmiyyətindən qorxur, buna görə də var gücləri ilə,müxtəlif yollarla müsəlman aləmini zəiflətməyə çalışırlar; çünki bilirlər ki, İslam dünyası onların tamahkar niyyətlərinə qarşıdır. Onlar yaxşı bilirlər ki, əgər İslam dünyasının səsi ucalarsa, artıq xalqlara bu cür zülm edə bilməyəcəklər. Buna görə də dünyadakı məzlumların problemlərini, Fələstin məsələsini – bir müsəlman ölkəsinin işğalını unutdurmaq üçün İslamı susdurmağa, səsini boğmağa çalışırlar; budur məqsədləri. Əgər biz Qurana və onun hidayətinə sığınsaq, onların bu məkrli planlarına üstün gələ bilərik; mücahidəmizi davam etdirsək, qalibiyyət, mütləq, bizim olacaqdır. Bunun üçün Qurani-Kərimdən yapışmaq lazımdır; İslam dünyası Allahın ipindən tutmağa möhtacdır, bu yolla güclənməli, müqavimətini bu yolla sığortalamalıdır; hazırda İslam dünyasının ehtiyac duyduğu şey budur.
Biz zəif olmamalıyıq, güclü olmalıyıq. Güc-qüvvət yalnız müxtəlif silahlara, pul-paraya sahib olmaqla ölçülmür; gücün, qüdrətin əsl dayağı Allah-talaya bəslənən iman və bu yolda sabitqədəm olmaqdır. Allah-taala buyurur:
فَمَن یَکفُر بِالطّاغوتِ وَ یُؤمِن بِاللهِ فَقَدِ استَمسَکَ بِالعُروَةِ الوُثقی لَا انفِصامَ لَها
“…Hər kəs Tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm ipdən (dəstəkdən) yapışmış olar…” (“Bəqərə” surəsi, 256-cı ayədən)
Allah-taalaya iman varsa və tağut – Allahdan qeyrisinə itaət, günah, azğınlıq inkar edilirsə, bu elə o möhkəm ipdən yapışmaq deməkdir, gücün, iqtidarın mənbəyi də elə budur. Biz İslam dünyasında bunu təbliğ etməli, bu düşüncənin yayılmasına çalışmalıyıq. Təəssüflər olsun ki, bu gün İslam dünyasında Qurani-Kərimdən yapışmaq əvəzinə, gedib tağuta sığınanlar, onlara arxalananlar da var. Bunlar regionumuzda Amerikanın siyasətini, istəklərini, rəyini həyata keçirənlərdir, tağuta arxalanıb onu rədd etməyənlərdir; ən böyük tağut, ən böyük şeytan da elə Amerikadır. Güclü olmağın birinci şərti Allaha iman gətirmək və tağutu inkar etməkdir; tağut inkar edilməlidir.
İran xalqının Amerikanın haqsız tələb və istəkləri qarşısında bu cür möhkəm dayanması onun qüdrətinin əsas cəhətidir. Bu gün biz güclü xalqıq. İranda İslamın malik olduğu mövqe hansısa ölkədə dini, yaxud siyasi bir liderin yüksək mövqe tutmasından tamamilə fərqlənir; biz bir dövlətik – müxtəlif imkanlara, 80 milyonluq əhaliyə, silah-sursata, iqtisadiyyata, siyasətə və inkişafda olan elmə sahib olan bir dövlət; bu gün İran İslam Respublikası budur. Düşmən güclü, cəsur İslamdan qorxur; İrandan qorxur, çəkinir, elə buna görə də bizə hücümlar edir; onların bizə qarşı hücüma keçməsinin səbəbi qorxmalarıdır. Qorxurlar və bilirlər ki, İİR dünyada təsir və nüfuza malikdir. Biz ona görə belə bir nüfuz əldə edə bilmişik ki, müsəlman xalqlarla düz-düzünə danışır, düzgün münasibət qururuq, dediyimizi yerinə yetirir, sonuna qədər gedirik. Tağutların verdiyi vədlər İslam Respublikasını və İran xalqını aldada bilməmişdir; onların nə vədləri bizi aldatmadı, nə də təhdidləri qorxutmadı; biz onların təhdidlərindən qorxmuruq, vədlərinə də aldanmırıq. Bu elə belə də olmalıdır, bu yolla getmək lazımdır; bu gün İslam ümmətinin bu yola, bu kursa ehtiyacı var: tağut, zülm və azğınlıq inkar edilməli, Allah-taalaya iman gətirilməlidir; bu olarsa, heç vaxt qırılmayan ən möhkəm ipdən yapışmış olacağıq.
Təəssüflər olsun ki, bəzi müsəlman dövlətləri öz xalqlarına qarşı namərdlik edir; bir sıra müsəlman dövlətləri İslam ümmətinə xəyanət edir, öz ölkələrində Amerikanın nüfuzu üçün şərait yaradır, böyük şeytan olan ABŞ rejimi ilə əməkdaşlıq edirlər; onların siyasətlərini reallaşdırırlar. Bu gün müsəlmanlar, regionumuz belə bir problemə düçar olub; bunu etməklə həmin hökumətlər çox böyük bir günah işləyir.
Bu gün müsəlman xalqların, İslam ümmətinin öhdəsinə düşən vəzifə isə maarifləndirmə uğrunda mübarizə aparmaqdır; birinci dərəcəli məsələ budur. Din alimləri, görkəmli simalar, ziyalılar, auditoriyaya xitab etmək imkanı olan bütün şəxslər maarifləndirmə işləri aparmalı, İslam dünyasının reallıqlarını onlardan xəbərdar olmayan insanlara açıqlamalıdırlar; bu maarifləndirmə, əslində, elə cihaddır. Cihad yalnız əlinə silah alıb döyüş meydanında savaşmaq demək deyil; insan öz məfkurəsi, ideyaları, əməlləri, apardığı təbliğat işləri, həqiqəti açıqlaması, eyni zamanda malı ilə də cihad edə bilər. Biz bu vacib dini vəzifəmizi – maarifləndirmə, həqiqətləri bəyan etmə missiyasını lazımınca yerinə yetirmədiyimiz üçün bu gün bir qrup insan azğınlığa düçar olub və İslam dünyasına kömək etdiklərini zənn edərək, əslində, İslamın əleyhinə fəaliyyət göstərirlər. Bu terrorçu qruplar regionumuzda müsəlman xalqların təhlükəsizliyinə, asayişinə qənim kəsilib; düşmən əvəzinə müsəlmanlarla savaşırlar. Vəhhabilərə yaxın olan bu təkfirçi dəstələr düşmənin əziyyətini öz üstünə götürüb, düşmənin görmək istədiyi işi onun yerinə özləri həyata keçirir, müsəlmanlar arasında müxtəlif qarşıdurmalar yaradırlar. Müsəlmanların başı bir-biri ilə savaşmağa qarışsa, Fələstin məsələsini unutmuş olacaqlar; necə ki Fələstin probleminin artıq yaddaşlardan silindiyini görürük. Odur ki həqiqətləri açıqlamaq, maarifləndirmə ilə məşğul olmaq, bu yolda işləmək lazımdır; bunun üçün Quranla bağlı belə tədbirlərdən, yığıncaqlardan istifadə edin. Müxtəlif ölkələrdən bura gəlmiş iştirakçılar öz həmvətənlərini məlumatlandırsınlar, maarifləndirsinlər. Onları Quran təlimlərinə, Quranda göstərilən cihada, Quranın bizdən istədiyi təbligat, aydınlaşdırma işinə istiqamətləndirsinlər:
لَتُبَیِّنُنَّه و لِلنّاسِوَلاتَکتُمونَه
“Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” (“Ali-İmran” surəsi, 187-ci ayədən)
Bunları insanlara deyin, açıqlayın.
İnşallah, Allah-taala İslam ümmətinin irəliləyişi üçün zəmin yaradacaq. Biz cihad etsək, bu yolda addım atsaq, sırf Allaha xatir niyyətlə hərəkət etsək, Allah-taala da bizə, mütləq, yardım edəcəkdir; yox əgər tənbəllik etsək, üzərimizə düşən vəzifəni yerinə yetirməsək, təbii ki, Onun köməyinə arxalanmamalıyıq. Allah-taala işləyən, çalışan insandan öz yardımını əsirgəmir; hərəkət edən xalqın, işləyən insanın Allah-taala da köməyinə çatar; odur ki zəhmət çəkməli, hərəkət etməliyik, Allah-taala da yardımçımız olacaq.
Mən əminəm ki, qələbə İslamındır; bu küfr cəbhəsi bütün genişliyinə, əlindəki bütün imkanlara, bütün maddi təmtərağına, top-tüfənginə rəğmən, gec-tez İslam ümmətinin, mücahid və mübariz İslam cəbhəsinin önündə geri çəkilməyə məcbur olacaq.
وَلَوقاتَلَکُمُالَّذینَکَفَروالَوَلَّوُاالاَدبارَثُمَّلایَجِدونَوَلِیًّاوَلانَصیرًا
“Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq, arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.” (“Fəth” surəsi, 22-ci ayədən)
Bu, Allah-taalanın müəyyən etdiyi qaydadır və ona heç bir şəkk-şübhə ola bilməz. Bunun yalnız bir şərti var: biz səy göstərməli, çalışıb-vuruşmalı, addım atmalı, iş görməliyik; biz bunu etsək, Allah-taalanın qoyduğu qaydaya əsasən, düşmən təslim olmalıdır və olacaq da.
Ümidvaram, Allah-taala bizi Quranla yaşadacaq, Quranla öldürəcək, Qiyamət günündə də Məhşər meydanına Quranla gətirəcək.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
____________________
(1) Bu görüş 33-cü beynəlxalq Quran müsabiqəsinin sonunda baş tutmuşdur. Görüşün əvvəlində Vəqflər və Xeyriyyə İşləri Komitəsinin sədri Höccətül-İslam Əli Məhəmmədi məruzə ilə çıxış etmişdir. Görüş zamanı Quran ustadlarından və müsabiqədə yüksək yer tutmuş iştirakçılardan bir neçəsi Qurani-Kərimdən ayələr tilavət etmişlər.