Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Peyğəmbəri-Əkrəmin (s) besətinin ildönümü ilə əlaqədar hökumət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşü zamanı etdiyi çıxış

Rəhman və Rəhim Allahın adı ilə.(1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbülqasim Mustəfa Muhəmmədə və onun pak, pakizə və seçilmiş ailəsinə; xüsusilə də Allah-taalanın yer üzündə qalan son höccəti İmam Zamana.

Əziz görüş iştirakçıları, qardaş və bacılar, hörmətli rəsmilər, bugünkü toplantımızda iştirak edən müsəlman ölkələrinin səfirləri, hamınızı Məbəs günü münasibətilə təbrik edirəm. Habelə mən bu bayram münasibətilə bütün İran xalqını, İslam ümmətini və bütün bəşəriyyəti təbrik etmək istəyirəm. Həqiqətən də, bu gün bəşəriyyət besətin həqiqi anlamını, Peyğəmbərin (s) nə üçün göndərildiyini dərk etməyə həmişəkindən daha çox ehtiyac duyur.

Qurani-Kərimin bu şərif ayəsində bütün bəşəriyyətə müraciətlə deyilir:

لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم

“Həqiqətən, sizə özünüzdən elə bir peyğəmbər gəlib ki, sizin əziyyətə düşməyiniz ona ağırdır. O, sizi(n hidayətinizi) istəyir”. (“Tövbə” surəsi, 128-ci ayə)
Ayənin son cümləsi isə belədir:

بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَحِيمٌ

“Möminlərə qarşı şəfqətli, mərhəmətlidir”.

Bəşəriyyətin əziyyət çəkməsi, insanların, bəşər cəmiyyətlərinin həyatda yaşadığı çətinliklər İslam peyğəmbərinin (s) mübarək qəlbinə ağır gəlir; “حَرِيصٌ عَلَيْكُمْ” – o, bütün varlığı ilə insanların hidayət olunmasını, səadətə qovuşmasını arzulayır. Besət, Peyğəmbərin (s) göndərilməsi bütün insanlar üçündür. Maraqlıdır ki, sonrakı ayədə Quran Peyğəmbərə (s) təskinlik verərək buyurur:

 فَإِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِىَ اللهُ لَا إِلٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ

“Beləliklə, əgər üz döndərsələr, de: “Mənə təkcə Allah kifayətdir. O Allah ki, Ondan başqa məbud yoxdur. Mən Ona təvəkkül etdim və O, əzəmətli ərşin Rəbbidir”. (“Tövbə” surəsi, 129-cu ayə)

– Bəşəriyyətə müraciət et, onların yaxşılığı və islahı yolunda çalış, yeganə və bənzərsiz olan Allaha təvəkkül et. Hər şey Onun əlindədir və onun müəyyən etdiyi qayda-qanunlar sənin bu hərəkatına xidmət edərək yardımçı olacaq. Bu gün bizim Peyğəmbərin (s) besətinin mənasını dərk etməyə ehtiyacımız var; bütün bəşəriyyətin, xüsusilə də İslam ümmətinin ehtiyacı var.

Məbəs bayramı insanlığın əzab-əziyyətinə son qoymaq naminə ayağa qalmaq, bu məqsəd uğrunda hərəkətə keçmək bayramıdır və elə buna görə də, həqiqətən, bayramdır. Bəşərin tarix boyu və eləcə də müxtəlif formalarda bu gün düçar olduğu ən başlıca əziyyətlər Allahdan qeyrisinə kölə olmaq, zülm və ədalətsizliyin hökm sürməsi, cəmiyyətdəki kəskin təbəqələşmə, yoxsulların zülmə məruz qalması və hegemonların etdiyi zorakılıqlardır. Bunlar insanların daim üzləşdiyi əzab-əziyyətlər olmuşdur. Zalım hakimlərin fasid və azğın həvəsləri ucbatından bəşəriyyət həmişə bu əziyyətlərə qatlaşmaq məcburiyyətində qalmışdır. Besət bu əziyyətlərə son qoymaq üçündür. Əslində, Məbəs günü ilahi fitrətə dönüş günüdür. Çünki bütün bu əzab-əziyyət, ağrı-acı, problemlər insan varlığında əmanət qoyulmuş ilahi fitrət üçün qəbulolunmazdır. Bu ilahi fitrət insanlığı haqqın, ədalətin, məzlumların nicatı yolunda mübarizənin tərəfdarı olmağa səsləyir. İnsanın fitrəti budur.

“Nəhcül-bəlağə”də Əmirəl-mömininin (ə) peyğəmbərlərin göndərilməsinin səbəbi barədə bir kəlamı var. Bu kəlam barədə dərindən düşünmək lazımdır. O həzrət buyurur:

لِیَسْتَأْدُوهُمْ مِیثاقَ فِطْرَتِهِ

Peyğəmbərlər insanları bəşərin varlığında qoyulmuş fitri öhdəliyə əməl etməyə, bu öhdəliyi etiraf etməyə yönəldirlər. Allah-taala insandan azad olmasını, ədalətlə yaşamasını, faydalı ömür sürməsini, Ondan qeyrisinə kölə olmamasını istəmişdir.

لِیَستَأْدُوهُمْ مِیثاقَ فِطْرَتِهِ وَ یُذَکِّرُوهُمْ مَنْسِیَّ نِعْمَتِهِ

Peyğəmbərlər unudulmuş nemətləri insanların yadına salmaq üçün göndərilmişlər; Allahın onlara bəxş etdiyi o nemətləri! Biz varlığımızın, sağlamlığımızın, ağlımızın, Mütəal Allahın daxilimizdə əmanət qoyduğu gözəl xislətlərin necə bir nemət olduğunu unuduruq; insan bunları yaddan çıxarır. Peyğəmbərlər isə bu nemətləri insanların yadına salır.

وَ یُذَکِّرُوهُمْ مَنْسِیَّ نِعْمَتِهِ وَ یَحْتَجُّوا عَلَیْهِمْ بِالتَّبْلِیغِ

Peyğəmbərlər insanlara son dəlil-sübutu, haqq sözü çatdırmaq, həqiqəti açıqlamaq üçün göndərilmişlər. Danışmaq, həqiqətləri bəyan etmək peyğəmbərlərin ən mühüm vəzifəsidir. Peyğəmbərlərin düşmənləri cəhalətdən, həqiqətin gizli, üstüörtülü qalmasından istifadə edir, münafiq maskası arxasında gizlənirlər. Peyğəmbərlər isə bu cəhalət örtüyünü qaldırır, münafiqlərin maskasını yırtıb atırlar.

وَ یُثِیرُوا لَهُمْ دَفَائِنَ الْعُقُولِ

Peyğəmbərlər insanların varlığındakı ağıl xəzinəsini yenidən açmaq, onları düşünməyə vadar etmək üçün göndərilmişlər. Görün, nə qədər böyük hədəflərdir! Peyğəmbərlərin göndərilməsində məqsəd bunlardır. Bu gün bəşərin bu şeylərə nə qədər böyük ehtiyacı var! İnsanlarda ağıl xəzinələri açıldıqdan sonra isə:

وَ یُرُوهُمْ ءَایَاتِ المَقْدِرَةِ

– onların düşüncəsini tövhidə, Allahın nişanələrinə tərəf yönəldir, Rəbbin qüdrətinə dəlalət edən nişanələri onlara göstərirlər. Peyğəmbər vasitəsilə hidayət edilməyən ağıl həqiqəti olduğu kimi görə bilməz. Peyğəmbərlər sanki insan ağlının əlindən tutub ona bələdçilik edir, düzgün istiqamətə yönəldirlər, insan da Allahın ona bəxş etdiyi güc və bacarıqla bu çətin həyat yolunu qət edir. Peyğəmbərlər insanlara bu dünyanın həqiqətlərini açıqlayırlar. Təfəkkür gücü, düşünmək qabiliyyəti insan üçün çox mühümdür, amma bu, Allahın hidayəti, istiqamətləndirməsi altında olmalıdır. Besətin hədəfləri bunlardır.

Besət – peyğəmbərlik cəbhəsinin qarşı tərəfində isə cahiliyyət cəbhəsi durur. Cahiliyyət tarixin müəyyən dönəminə aid bir məsələ kimi başa düşülməməlidir; yəni heç də belə düşünməməliyik ki, o vaxt Peyğəmbər (s) cahiliyyətlə üz-üzə idi, hazırda isə həmin dönəm ötüb keçib. Cahiliyyət təkcə o dövrə aid deyil, eynilə peyğəmbərlik missiyası kimi, cahiliyyət də davam edir. Şair demişkən:

Bu şirin və şor su bir-birinin kənarında

Sur çalınanadək insanlar üçün axacaq.(2)

Bu iki cəbhə insanlar arasında mövcuddur. Peyğəmbərlərin missiyasına əks cəbhədə duran bu cahiliyyət elmsizlik mənasında deyil; bu cəhalət elmin əksi olan cəhalət deyil. Hazırda olduğu kimi, bəzən elmin özü də cahiliyyətə xidmət edir. Müasir dünyada bəşər elmi tərəqqi etmişdir, amma bu elm cahiliyyətə xidmət göstərməkdədir; həmin o cahiliyyətə ki, Peyğəmbər (s) onun ortadan qaldırılması üçün göndərilmişdi. Bu cahiliyyət Allah-taala və peyğəmbərlər vasitəsilə hidayət olunan ağıla əks mövqedə dayanır. İnsanın həyatında ağıl, özü də peyğəmbərlərin hidayəti və himayəsi altında olan ağıl hakim olarsa, o, xoşbəxtliyə qovuşacaq. Buna can atmaq lazımdır. Əks halda, yəni ağlı insana hakim olmadığı təqdirdə şəhvət və qəzəbi, nəfsinin istəkləri ona hakim olacaqdır. Belə olduğu zaman isə insan bədbəxtliklərin qızmar kürəsində yanıb qovrulur. Bu, tarix boyu da belə olub, indi də belədir.

İnsanların əməllərinə şəhvət və qəzəb hakim kəsildikdə, iki dünya müharibəsində göründüyü kimi, milyonlarla insan qana bələnir, insan həyatı dəyərini itirir, insan haqlarına hörmət aradan gedir. Şəhvət və qəzəbin, yaxud əksinə – peyğəmbərlər vasitəsilə hidayət olunmuş ağılın hakimiyyəti bütün müstəvilərdə mövcuddur: fərdi müstəvidə də, ictimai müstəvidə də, beynəlxalq müstəvidə də. Əgər dünya miqyasında beynəlxalq arenada güc və səlahiyyət sahibi olan şəxslərin davranışına Allah-taala tərəfindən hidayət olunmuş ağıl hakim kəsilərsə, dünya bir cür olar, nəfsi istəklər, hakimiyyət hərisliyi, fitnəkarlıq hakim kəsilərsə, bir başqa cür. Bəşəriyyətin problemi budur. Peyğəmbərlik missiyası bu cəhalət cərəyanına əks mövqedə durur. Bu cərəyan istənilən dövrdə mövcud ola bilər və ona qarşı mübarizə aparmaq baxımından bütün insanlar məsuliyyət daşıyır.

Müstəmləkəçilik, xalqların alçaldılması, onların milli sərvətinin talanması, insan resurslarının puç edilməsi cahiliyyətin hakimiyyətindən irəli gəlir. Cahiliyyət hökmranlıq edəndə, bu gün dünya ölkələrində müşahidə etdiyiniz kimi, bir çox xalqlar imperializmin tapdağı altında əzilir, onların milli sərvətləri qarət edilir, özləri təhqir olunur, illərcə inkişafdan geri qalırlar. Müstəmləkə altında olan xalqlardan bəziləri on, bəziləri isə yüz illərlə inkişafdan geri düşüb.

Cəvahirləl Nehru (3) öz xatirələrində yazır ki, ingilislər Hindistanı ələ keçirməmişdən qabaq bu ölkə öz dövrünə görə mütərəqqi bir mədəniyyətə malik idi, hətta inkişaf etmiş sənayesi və sənaye məhsulları var idi. İngilislər bu torpaqlara soxulduqdan sonra o böyük və geniş ölkəni ələ keçirib, özlərinin inkişaf edə bilməsinə şərait yaratmaq üçün Hindistanı qəsdən inkişafdan geridə saxladılar. Kiçik və uzaq bir ölkə olan İngiltərə Hindistan kimi böyük bir ölkənin milli sərvətlərini qarət edib qüdrətləndi, o ölkəni isə quru yurdda qoydu. Müstəmləkəçilik budur. Şəhvət və qəzəbin hakimiyyəti budur.

Birinci və ikinci dünya müharibələrindən sonra – deyilənlərə və yazılanlara görə – güclü dövlətlərin əli ilə onlarla regional müharibə baş verib. Qərbi Asiya, Şimali Afrika regionlarına baxın, görün nələr baş verir! Bu müharibələri kim törədib? Şər əməlli, azğın insanlara silah-sursatı, pulu kim verir? Kim onları ölkələrdə fitnə-fəsad törətməyə, infrastrukturu dağıdıb məhv etməyə təşviq edir? Şeytan bax budur.

وَ كَذٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِىٍّ عَدُوًّا شَيَاطِينَ الْانْسِ وَ الْجِنِّ يُوحِى بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا

“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər”. (“Ənam” surəsi, 112-ci ayədən)

Bəli, belədir. Şeytanlar əl-ələ verib şəbəkə yaradırlar və onlar dünyada gedən proseslərə hakim kəsildiyi zaman bəşəriyyətin vəziyyəti bax bu gün müşahidə etdiyimiz kimi olur. 

Həqiqi möminlərin, İran İslam Respublikasının sionizmlə düşmənçiliyi bu həqiqətlərdən qaynaqlanır. Bizim kiminləsə şəxsi ədavətimiz yoxdur. Sionist rejim və sionist sərmayədarların geniş şəbəkəsi dövlətlərə, Amerika Birləşmiş Ştatları kimi bir ölkəyə hakim kəsildikdə, kimin irəli getməsi, hansı namizədin və hansı partiyanın hakimiyyətə gəlməsi onların himayəçiliyindən asılı olduqda dünya bu gün gördüyünüz vəziyyətdə olur. İslam ümməti və İran xalqının böyük hərəkatının, dünyada baş qaldırmış islami oyanışın səbəbləri bütün bunlardır. Elə buna görə də onlar əlac yolunu İslamın, İranın və şiəliyin adını ləkələməkdə görürlər.

Bu gün dünya ictimaiyyətində İslama, İrana, şiəliyə qarşı fobiya yaratmaq Amerika və onunla əlbir olan dövlətlərin danılmaz siyasətlərindəndir. Onlar bu cür davranırlar, bu, onların qəti və danılmaz siyasətidir. Xalqlar qəflətdə olanda, onlar öz işlərini irəli apara bilirlər, xalqların oyanışı isə onların işinə əngəl yaradır. O zaman qəzəblənib hay-küy salırlar ki, nə üçün siz Qərbi Asiya regionunda iştirak edirsiniz, nə üçün bizi öz işimizi görməyə qoymursunuz? Bu yaxınlarda Amerikanın sözçüləri açıq-aşkar elan etdi ki, bizim İrana qarşı çıxmağımızın və ya məsələn, sanksiyalar tətbiq etməyimizin səbəbi bu ölkənin Amerikanın Qərbi Asiya – onların təbirincə desək, Orta Şərq – regionu ilə bağlı yürütdüyü siyasətlərin əleyhinə olmasıdır. Bu nə deməkdir? Bu o deməkdir ki, ey İran xalqı, siz ayıq-sayıq, gözüaçıq olduğunuza, regionda nələrin baş verdiyini dərk etdiyinizə görə geri çəkilin, qoyun biz öz işimizi görək, istədiyimizi edək! Yəni şeytanlıqlarımızı davam etdirək. Cahiliyyət budur. Bu gün dünyada belə bir cahiliyyət mövcuddur.

Dünyada cahiliyyət hökm sürəndə, şeytani qüvvələr hakimiyyətdə olanda, günah və tüğyan baş alıb gedir. Tağut budur.

اَلَّذِینَ ءَامَنُوا یُقاتِلونَ فِی سَبِیلِ اللهِ وَ الَّذینَ کَفَروا یُقاتِلونَ فِی سَبیلِ الطّاغُوتِ

“İman gətirənlər Allah yolunda, kafir olanlar isə Tağut yolunda vuruşurlar”. (“Nisa” surəsi, 76-cı ayədən)

Bu, meyardır. Tağutu gücləndirəcək hər hansı bir addım atan şəxs onun cəbhəsində yer almış olur. Tağutun işi fəsad törətmək, günah və fəsadı yaymaqdır.

وَ اِذا تَوَلّیٰ سَعیٰ فِی الاَرضِ لِیُفسِدَ فیها وَ یُهلِکَ الحَرثَ وَالنَّسلَ وَ اللهُ لا یُحِبُّ الفَسادَ

“(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (İslam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz!” (“Bəqərə” surəsi, 205-ci ayədən)

Allah-taala insanlığın xeyir və yaxşılığını, tağut isə fəsad və məhvə uğramasını istəyir. Bombanı atıb bir neçə şəhərdə yüz minlərlə insanı məhv edirlər, üstündən uzun illər keçəndən sonra heç üzr istəmək belə istəmirlər. Onlara Hirosima hadisəsi üçün üzr istəməli olduqlarını deyəndə etiraz edirlər. Etdikləri hərəkətə görə üzr istəmək belə istəmirlər. Özləri və ya əlaltıları Əfqanıstan, İraq və digər region ölkələrinin infrastrukturunu dağıdır, amma özlərini heç o yerə qoymadan işlərini davam etdirməkdədirlər.

اِذَا تَوَلّیٰ سَعَیٰ فِی الاَرْضِ لِیُفسِدَ فِیهَا وَ یُهلِکَ الحَرْثَ وَالنَّسْلَ

– yer üzündə fəsad və dağıntı törətmək bax budur.

Cahiliyyət cərəyanı, cahiliyyət cəbhəsi bax budur. Bugünkü cahiliyyətin mahiyyət və mənası Peyğəmbər (s) dövründəki cahiliyyətlə eynidir. Əlbəttə ki, vasitələri, forması, metodları yenidir. Bu vəziyyət bütün müsəlmanların, bütün İslam ümmətinin üzərinə mütləq bir vəzifə qoyur. Bu vəzifə onlara qarşı çıxmaqdan, mübarizə aparmaqdan ibarətdir.

Qurulduğu vaxtdan bəri İran İslam Respublikası heç bir müharibəni özü başlatmamış, heç bir ölkəyə qarşı heç bir hərbi əməliyyat həyata keçirməmişdir, amma öz sözünü və şüarını uca səslə demiş, elan etmişdir. Əziz liderimiz İmam Xomeyni “amerikasayağı İslam”la mürtəce İslamı bir tutmuş, eyni gözdə görmüşdür. Bu ikisi əsl İslama ziddir və ondan qorxur.

Müsəlman ölkələrində fəsad törədən, İslamın adını ləkələyən, İslam adı ilə kameralar önündə insanların ciyərini çıxarıb dişləri ilə parçalayan, milyardlarla izləyicinin gözü qarşısında insanları diri-diri yandıran o azğın qruplaşmalar Qərb dövlətləri tərəfindən gizli bir şəkildə himayə edilir, dəstəklənir. Üzdə İŞİD-ə qarşı koalisiya təşkil edirlər, amma mən etibarlı mənbələrin verdiyi məlumatlara əsasən deyə bilərəm ki, bu koalisiya həqiqi deyil, bu mübarizə həqiqi deyil. Bu, formal bir işdir. Mediada, guya ki, o azğın qruplaşmaların əleyhinə təbliğat aparıb informasiya vermək istəyəndə onları “İslam Dövləti” adı ilə təqdim edirlər; yəni ki, insanlarla o şəkildə davranan, uşaqları o şəkildə qətlə yetirən, yeniyetmələri aldadıb kamikadzeyə çevirən İslam Dövlətidir! İslamafobiya bax budur.

Bu gün biz müsəlmanların vəzifəsi besətin həqiqətini, peyğəmbərlərin əslində nə üçün göndərildiyini bilmək və bunu dünyaya çatdırmaqdır. Peyğəmbərlik missiyası bəşəriyyətin nicatı naminə çalışmaq deməkdir. Peyğəmbərlik insan toplumları içərisində düzgün bir sistemin qurulmasıdır. Besətin mənası budur. Peyğəmbərlik hər bir bəşər övladının xeyrini istəməkdir. Biz bütün insanların xeyrini istəyirik. Hətta tağut rejimlərin fəsad törədən başçıları üçün də dua edirik ki, Allah-taala onları hidayət etsin; ya hidayət edib düz yola gətirsin, ya da ömürlərini qısaltsın ki, daha bundan artıq fəsad törədə bilməsinlər, bundan artıq Allahın qəzəbinə gəlməsinlər. Bu da, əslində, xeyir üçün edilən duadır. İslam bütün bəşəriyyətin xeyrini istəyir, Peyğəmbər (s) bunu istəyir.

Və İslam ümmətinin bu hərəkatı – İran İslam Respublikası qurulduqdan sonra dünyada başlanmış və bütün səylərinə rəğmən son qoya bilmədikləri, günbəgün daha da güclənmiş, möhkəmlənmiş bu hərəkat, mütləq, qələbə çalacaq. Düşmənlərin düşmənçiliyi bu böyük hərəkatı yox edə bilməz.

Burada biz bayaq oxuduğum Quran ayəsinin tövsiyə və əmrinə əməl etməliyik:

فَقُل حَسبِیَ الله

– Gördün ki, sənə qarşı çıxırlar, səndən üz döndərirlər, hər tərəfdən müxtəlif vasitələrlə səni mühasirəyə alıblar, onda de: 

فَقُل حَسبِیَ اللهُ لَا اِلٰهَ اِلّا هُوَ عَلَیْهِ تَوَکَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِیمِ

Bizə yol göstərən, bizi bu yerə çatdıran da məhz əziz liderimiz İmam Xomeyninin bu təvəkkülü olmuşdur. İnşallah, İran xalqı bu təvəkküllə yoluna davam edəcək və İslam ümməti islami oyanış sayəsində bu həqiqətləri günbəgün daha da bariz surətdə gerçəkləşdirəcək. 

İslam dini və müsəlmanlar sonda, mütləq, qələbə çalacaq, amma bizim üzərimizə müəyyən vəzifələr düşür: həm ayrı-ayrı fərdlərin, həm bütövlükdə ictimaiyyətin, həm ölkələrin siyasi liderlərinin, həm də müsəlman ölkələrinin başçılarının müəyyən vəzifələri var. Kim öz vəzifəsinə əməl etsə, Allah-taaladan mükafatını alacaq, yox əgər əməl etməsə, onda:

فَسَوْفَ یَأْتِی اللهُ بِقَومٍ یُحِبُّهُمْ وَ یُحِبُّونَهُ

“Allah elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər”. (“Maidə” surəsi, 54-cü ayə)

Allahın yükü, onsuz da, yerdə qalmayacaq, bu yolu davam etdirənlər olacaq. Ümidvaram ki, inşallah, biz də bu yükü heç bir zaman yerə qoymayanlardan olarıq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

(1) Görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış etmişdir. 
(2) Mövləvi, “Məsnəviye-mənəvi”, 1-ci dəftər. 
(3) Cəvahirləl Nehru Hindistan İngiltərənin müstəmləkəçiliyindən azad olub müstəqilliyini əldə etdikdən sonra ölkənin ilk baş naziri olmuşdur.