Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Müəllimlər həftəsi münasibətilə müəllim və pedaqoqlarla görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین.

Mənim əzizlərim, xoş gəlmisiniz! Ümidvaram, Müəllimlər həftəsi, bu günlə əlaqəli dəyərli xatirələr sizin hamınız – mənim əziz balalarım, qardaş və bacılarım üçün əbədi xoşbəxtlik, səadət və qürur mənbəyi olacaqdır.

Bugünkü gün münasibəti ilə sizi təbrik etdikdən sonra öncə şəhidlərinizin xatirəsini yad etməyimiz yerinə düşər; istər şəhid olmuş müəllimlər olsun – təxminən 4 min müəllim şəhid olub və bu heç də kiçik bir rəqəm deyil – istərsə  də Müqəddəs Müdafiə zamanı şəhid olmuş 36 min tələbə. Bilmək olmaz ki, əgər müəllimlərin ilıq nəfəsi olmasaydı, tələbələr istənilən şəraitdə cəbhəyə yollanardı, ya yox; bu iftixar da müəllimlərə aiddir.

Bundan sonra növbə gəlib sizə – ölkəmizin müəllim ictimaiyyətinə minnətdarlığımı bildirməyə gəlib çatır; çünki müəllimlər maddi gəlirlərinin azlığına rəğmən, bu ağır işin məsuliyyətini daşıyan bir ictimaiyyətdir. Yeniyetmə və gənc nəslin təlim-tərbiyəsini üzərinə götürməklə müəllimlər çoxsaylı çətinliklərlə üzləşir. Bu, kiçik, sadə bir iş deyil, çox çətindir, məsuliyyəti də ağırdır. Yenicə pöhrələnmiş fidanlarını, cavanlarını təhsil ocaqlarına yollayan ailələrin müəllimlərdən gözləntisi budur ki, məktəbə gedən övladları onların təlim-tərbiyəsi sayəsində evdə çiçək kimi ətir saçsın. İnsanlar bunu istəyir, hamının müəllimlərdən bir gözləntisi var. Eyni zamanda gəlin bir müəllimin aylıq gəlirini hansısa sahibkarın, varlının, biznesmen balasının aylıq gəliri ilə müqayisə edək; bəli, bunu müəllimlər də görür, bilir; müəllim peşəsini seçən insanların bir çoxu – hamısı olmasa da, əksəriyyəti – həyatda özünə başqa bir yol tutsaydı, daha yüksək qazanclı bir gəlir mənbəyi yarada bilərdilər, amma bunu etməyiblər. Müəllimlərə stimul verən amillərdən biri sevgidir, eşqdir, məsuliyyət hissidir. Öz gələcəyini qənaətlə quran müəllimlər yeniyetmə və gənclərin tərbiyəsini nəcibliklə, səbir və hövsələ ilə həyata keçirir. Bu dediklərimi hamıya aid etmək istəməzdim; istənilən halda, hər bir peşə sahəsində, hər bir kollektivdə arzuolunmaz insanlar var, amma ümumilikdə müəllim ictimaiyyəti üçün xarakterik olan cəhətlər bu qeyd etdiklərimdir.

Müəllim olmağın bir cəhəti də var ki, əgər əziz müəllimlərimiz, bu fəaliyyətə yenicə başlayan insanlar, bütövlükdə təhsil işçiləri ona diqqət yetirsələr, yaxşı olar; həmin cəhət bundan ibarətdir ki, bu iş, bayaq dediyim kimi, əziyyətli və az gəlirli olsa da, onu ixlasla yerinə yetirmək şansı var. Bu, olduqca mühüm bir məqamdır. Əbədi dünyada insanın qurtuluşu ixlasla gördüyü işlərdədir. Allah naminə, haqq naminə işləmək, səmimi-qəlbdən görülən iş insanın xilasına səbəb ola bilər; bir çox məqamlarda bu, özünü göstərmir. Hərdən insan bir çox işləri Allaha xatir etdiyini düşünür, amma sonradan bir qədər vicdanla diqqət yetirdikdə həmin niyyətə nə qədər başqa şeylərin qarışdığını anlayır:

وَ اَستَغفِرُکَ مِمّا اَرَدتُ بِه‌ وَجهَکَ فَخالَطَنی ما لَیسَ لَک

Sübh namazının nafilə və fərzi arasında oxunan bu duada(2) deyilir ki: “Allahım, Sənin yolunda etmək istədiyim, amma niyyətimə Səndən başqasını qarışdırdığım işlərə görə məni bağışla”; yəni araya Allah-taaladan başqasına xatir olan niyyət və düşüncə qarışıb. Bizim işlərimizin çoxu bu cürdür; mən elə özümü nəzərdə tuturam. İnsan işlərini mümkün qədər ilahi niyyətlə gördükdə bu, onun üçün mənəvi sərvətə çevrilir. Belə işlərdən biri də müəllimlik peşəsidir. Odur ki işinizi ixlasla görün. Niyyətiniz ixlaslı olarsa, işiniz də bərəkətlənər, məhsuldar olar.

Buna ən bariz nümunə şəhid Mütəhhəridir. Ayətullah Mütəhhəri ixlasla addım atar, işlərini Allaha xatir görərdi. Mənim onunla yaxın münasibətim vardı, elmi fəaliyyətinin şahidiydim, bu yolda ilahi niyyətlə hərəkət etdiyini anlayırdım. Zəmanəsinə bələd olan, dövrünün təlabatından xəbərdar olan, anlayan və həmin ehtiyacları, boşluqları ixlasla, Allah-taalaya xatir doldurmağa çalışan, ixlasla düşünən, danışan, yazan, zəhmət çəkən, münasibət bildirən bir insan idi. İlahi niyyətinin nəticəsi də bu oldu ki, gördüyü işlər qalıcı oldu, şəhid olmasından uzun müddət keçdiyinə baxmayaraq, kitablarını hələ də,  Sədinin təbirincə desək, “qızıl kağızı kimi aparırlar”(3). Düşünən beyinlər, müdriklik axtarışında olanlar indi də şəhid Mütəhhərinin kitablarını əldə etməyə can atırlar. İxlas budur.

Siz işinizi ixlasla görsəniz, sizin təlim-tərbiyəniz altında olan yeniyetmə və gənclərin hər biri bu ölkənin gələcəyini elə bir şəkildə qura bilər ki, siz onun yetişməsində rol oynamış bir müəllim kimi əbədi səadətə nail olarsınız; hərçənd heç kəs sizi tanımasa belə. Dahi İmam Xomeyniyə (r.ə) uşaqlıqda dərs vermiş müəllimləri heç kəs tanımasa da, onu bu cür tərbiyə edib yetişdirdikləri üçün imamın əməllərinin nəticəsi həmin müəllimlərin də əməl dəftərinə savab olaraq yazılmışdır.

Bəli, ixlas haqqında danışdıq; mən bunları siz müəllimlərə xitabən desəm də, bu o demək deyil ki, müəllimlər ixlaslı, qənaətcildirlərsə, ölkə rəsmiləri də onların üzləşdiyi problemlərə diqqətsiz yanaşmalıdır. Xeyr, mən dəfələrlə demişəm, həmişə də deyəcəyəm: səlahiyyətli şəxslər bilməlidirlər ki, təlim-tərbiyə müəssisələrinə çəkilən xərclər sadəcə pul xərcləmək deyil, əslində, bir yatırımdır; bu sistemə xərclənən pullar gələcəyə yatırılan kapitaldır, mayadır. Rəsmilər təhsil sisteminə bu cür baxmalı, bu yanaşma ilə büdcə ayırmalı, müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmalıdırlar. Doğrudur, müəllimlərin məişət rifahının aşağı olmasından sui-istifadə edən bəzi bədxahlar da var. Eşitmişəm ki, hətta Təhsil Nazirliyinin  özündə də belə sui-istifadəçi insanlar var; müəllimlərin maddi problemləri, məişət sıxıntıları müəyyən şəxslərin sui-istifadə hallarına yol verməsinə səbəb olur. İndiyə qədər müəllimlərimiz Allah-taalanın yardımı ilə öz təmiz adını qoruyub saxlaya bilib, bununla belə, bəziləri belə xoşagəlməz, qeyri-sağlam hərəkətlərə yol verməyə çalışır.

İndi isə keçək əsas məsələyə. Mənim əzizlərim! Siz yeni bir nəsil ərsəyə gətirmək istəyirsiniz. Bəs ölkənizin, gələcəyinizin necə, hansı keyfiyyətlərin daşıyıcısı olan bir nəslə ehtiyacı var? Bu, çox əhəmiyyətli bir nüansdır. Təlim-tərbiyə meydanı heç də bizim düşündüyümüz kimi boş, rəqibsiz bir meydan deyil. Biri var hansısa cudoçu və ya konqfuçu boş bir meydanda sadəcə məşq etmək istəyir, orda qarşısında rəqib olmadığına görə işi, təbii ki, asandır, rahatdır; yaxud da bir nəfər boş meydanda qılınc oynadır, zərbələr endirir, qarşısında da heç kəs yoxdur; amma biri də var qarşınızda rəqib durub, endirdiyiniz zərbələri boşa çıxarır, ona dəyməsinə mane olur, həm də qarşılıqlı zərbələr endirir; bu gün biz belə bir rəqiblə üz-üzəyik. Bəs o rəqib kimdir? Bu, beynəlxalq imperializim sistemidir! Kimlərsə ölkəmizin təhsil və tərbiyə sisteminin dünya imperializm sistemi ilə necə, hansı şəkildə üz-üzə olduğuna təəccüb edə bilər; bəli, bu sistemin bariz nümunəsi olan ABŞ, nəhəng sionist kapitalistlər və bir sıra digər müstəmləkçi dövlətlər bu sferada bizimlə üz-üzədir; bunlar beynəlxalq imperializm sisteminin nümayəndələri, təcəssümüdür. Mən indiyə kimi etdiyim çıxışlarımda bu sistem və onun fəaliyyəti haqqında ətraflı danışımışam, açıqlamalar vermişəm. Bu sistem yalnız bizim xalq üçün deyil, bütün dünya xalqları üçün planlar işləyib hazırlayır. Onlar bu və ya digər bir ölkənin gələcəyini quracaq nəslin onların maraqlarına uyğun şəkildə tərbiyə olunub yetişməsini istəyirlər. Bu sistem ayrı-ayrı ölkələrdə yetişməkdə olan nəsillərin qlobal məsələlərdə onlarla eyni düşüncə, mədəniyyət və mövqeyə sahib olmasını istəyir. Müxtəlif ölkələrdə imperializmin maraqlarına uyğun şəkildə yetişmiş ziyalılar, tədqiqatçılar, siyasətçilər və sair təbəqələrin nümayəndələri sonradan cürbəcür rəsmi qurumlarda onları təmsil etməlidir. İmperialist bir sistem üçün hansısa ölkənin söz sahiblərinin onlarla eyni düşüncə, əməl və mövqedə olmasından daha yaxşı nə ola bilər? Təbii ki, bu yolla onların işi asanlaşmış olur. Bu, imperializmin mədəni nüfuz proqramıdır və əlbəttə ki, qısa müddətə ərsəyə gətirilməyib, azından on illərdir ki, üzərində işlənilir, hazırlanaraq həyata keçirilir.

Qərb siyasətinin mütəfəkkirləri dəfələrlə qeyd ediblər ki, biz 19-cu əsr müstəmləkə dövründə olduğu kimi başqa ölkələrə hərbi qüvvə və texnika yeridərək külli miqdarda pul xərcləyib muharibə aparmaqdansa, ən effektiv, asan, sərfəli bir üsuldan istifadə etməli – yəni həmin ölkələrin ziyalılarını, üzdə olan insanlarını yanımıza gətirməli, öz düşüncə və mövqeyimizi onların şüuruna yeritdikdən sonra ölkələrinə geri göndərməliyik. Bu yolla onlar bizim müftə vuruşan əsgərlərimizə çevriləcək və həmin ölkədə görmək istədiyimiz işləri onlar həyata keçirəcəklər. Məgər bu gün bu cür dövlətlərin varlığından xəbəriniz yoxdurmu? Məgər elə bizim öz regionumuzda Amerikanın dediklərini təkrarlayıb təsdiqləyən, onların istədiyi işləri həyata keçirən bu cür dövlətlər azdırmı? Bu dövlətlər onların bütün xərclərini öz öhdələrinə götürür, onlara xidmət göstərir, onlar üçün çalışırlar. Gördükləri işin qarşılığında da nə bir imtiyaz qazanır, nə də pul alırlar, əksinə, özləri pul xərcləyirlər. Qazandıqları imtiyaz yalnız budur ki, imperialistlər onların müxalifətin əli ilə devrilməsinə mane olur, hakimiyyətlərini qoruyub saxlayır. İmperialistlərin bizim gələcək nəslimiz – yəni sizin təlim-tərbiyəniz altında olan tələbələr üçün də bu cür planları var; bu işlərdə nə dərəcədə uğur qazanıb-qazanmadıqları ayrı bir mövzudur, amma belə planları var. Həmin plan və proqramlar vasitəsi ilə də öz düşüncələrini, mədəniyyətlərini, dillərini təbliğ edir, yayırlar.  

Elə bu məqamdaca mən bəzən Təhsil və Tərbiyə Nazirliyinin rəsmilərinə dediyim bir sözü burda da təkrarlamaq istəyirəm – ola bilsin, hazırkı rəsmilərə bu haqda bir şey deməmişəm, amma əvvəlkilərə həmişə tapşırırdım – ingilis dilinin ölkəmizdə bu şəkildə israrla yayılması düzgün bir şey deyil. Bəli, xarici dil bilmək vacibdir, lakin xarici dil yalnız ingilis dili deyil ki; elm öyrənmək üçün lazım olan dil təkcə ingilis dili deyil ki. Axı nəyə görə orta məktəblərdə başqa xarici dillər də tədris olunmur? İngilis dilinin əsas xarici dil olaraq qalmasında nəyə görə israrlıdırlar? Axı bu, Pəhləvi diktaturasının dövründən qalma bir ənənədir. Məsələn, nəyə görə ispan dili tədris olunmasın? Bu gün dünyada ispan dilində danışanların sayı ingilis dilində danışanlardan heç də az deyil; müxtəlif ölkələrdə, Latın Amerikasında, yaxud Afrikanın bəzi ölkələrində bu dildən istifadə edənlərin sayı çoxdur. Mən misal üçün deyirəm; ispan dili təbliğ olunub yayılsın deməklə onların işini qabağa aparmaq niyyətim yoxdur, sadəcə misal çəkirəm. Yaxşı, nəyə görə fransız, ya da alman dili tədris olunmur? İnkişaf etmiş bəzi şərq ölkələrinin dilləri də xarici dildir, onlar da elmi inkişaf üçün lazım ola biləcək dillərdir. Başqa ölkələrdə belə məsələlərə diqqət yetirir, hansısa xarici dilin ölkədə yayılmasının, müdaxiləsinin və nüfuzunun qarşısını alırlar; amma biz papadan da betər katolik çıxmışıq! Bu dilin asanca təbliğ olunması üçün meydanı boşaltmışıq, üstəlik onu orta məktəblərimizdə inhisarçı xarici dil etməkdən əlavə, hələ getdikcə daha aşağı təhsil pillələrinə – ibtidai siniflərə və uşaq baxçalarına da keçiririk! Nəyə görə? Halbuki biz ölkə xaricində fars dilini təblig etmək istəsək, bir aləm pul xərcləməli, nə qədər zəhmət çəkməli oluruq. Hələ o qədər əzab-əziyyətdən sonra nə vaxtsa fars dili kafedrasını ləğv etsələr, bunun səbəbini öyrənmək üçün diplomatik səviyyədə əlaqə yaratmalı oluruq. Xarici ölkələrdə fars dilinin təbliğinə nə bir şərait yaradırlar, nə tələbə yığmağa icazə verirlər, nə də bizə bir imtiyaz verirlər. Hələ bir bundan sonra biz də  onların dilinin təbliğinə öz büdcəmizdən pul ayıraq, bu yolda üzləşdikləri problemləri özümüz həll edək?! Bu, məntiqlidirmi? Mən başa düşmürəm! Bunu mən haşiyəyə çıxaraq  qeyd etdim ki, hamı diqqət yetirsin. Əlbəttə, mən demək istəmirəm ki, sabahdan orta məktəblərdə ingilis dilinin tədrisini dayandıraq, xeyr, demək istədiyim odur ki, nə iş gördüyümüzü dərk edək; qarşı tərəfin bu ölkədə necə və hansı xüsusiyyətlərin daşıyıcısı olan bir nəsil yetişdirmək istədiyini bilək.

Bəli, beynəlxalq imperializm – imperializm sistemi – belə bir yeni nəsil istəyir. Bəs biz? Biz ölkənin gələcəyi üçün necə bir nəslin arzusundayıq? Sizin bayaq oxuduğunuz o and çox yaxşıdır; onun mətnini bura gəlməmişdən əvvəl o yanda mənə göstərdilər, bir az əvvəl də diqqətlə qulaq asdım. Yeri gəlmişkən, onu da bilin ki, and içdinizsə, onu yerinə yetirmək sizə vacib olur; yəni hər hansı bir niyyətlə içdiyiniz andı icra etmək artıq sizə vacibdir, ona əməl etməlisiniz; yaxşı and idi, gözəl mətni var idi.

Şagirdlərimizin təlim-tərbiyəsində diqqət mərkəzində saxlamalı olduğumuz birinci məsələ onlarda müstəqil bir milli və dini kimlik formalaşdırmaqdır; bu, birinci yerdə gəlir; müstəqil, özünə hörmətlə yanaşan bir kimlik. Biz gənclərimizi elə yetişdirməliyik ki, onlar müstəqil siyasət, müstəqil iqtisadiyyat, müstəqil mədəniyyət barədə düşünsünlər; əcnəbilərə baglılıq, onlardan asılılıq, yadlara etimad göstərib arxalanmaq gənclərimizdə psixoloji bir hal olaraq yaranıb inkişaf etməsin; bax bu baxımdan biz təhlükə ilə üz-üzəyik. Bunu mən sizə deyirəm! Özünüzün də gördüyünüz kimi, leksikonumuza Avropadan gəlmiş yeni bir xarici söz daxil olar-olmaz, böyüklü-kiçikli, ruhanisi, qeyri-ruhanisi və sair – hamı o sözdən istifadə etməyə başlayır. Axı niyə? Nəyə görə biz xarici sözləri işlətməyə bu qədər meyilliyik, həvəsliyik? Niyə? Axı bu bizə keçmişdəki məlum vəziyyətdən qalma mirasdır. Bu baxımdan hazırda mövcud olan vəziyyət eynilə mənim cavanlıqda – şah diktaturası dövründə gördüyüm vəziyyətə bənzəyir.Yadımdadır, mən özüm də gənc olanda, elə bil, xarici sözlər işlətməkdə yarışa girərdik. O zamanlar bu cür sözlərdən kim çox istifadə edirdisə, bu, onun daha elmli, daha məlumatlı və sair olduğundan xəbər verirdi. Amma bu, səhv düşüncədir. Gənclərimizdə, yeniyetmələrimizdə formalaşdırmalı və inkişaf etdirməli olduğumuz birinci şey milli kimlikdir, milli şüurdur. Yalnız bundan sonra müqavimət iqtisadiyyatı da məna kəsb edəcək. Məsələ belə deyil ki, əgər biz müqavimət iqtisadiyyatının reallaşmasını istəyiriksə, elə yüksək çinli dövlət rəsmiləri bir-birinin ardınca saysız-hesabsız iclaslar keçirsinlər, ard-arda göstərişlər versinlər, tapşırıqlar göndərsinlər, axırda da məlum olsun ki, heç bu proqram tam istədikləri şəkildə icra olunmayıb. Təbii ki, hazırda müqavimət iqtisadiyyatının reallaşması uğrunda zəhmət çəkilir, işlər görülür, amma nə qədər ki müstəqillik ruhiyyəsi, düşmənin qarşısında müqavimət, dirəniş psixologiyası tam olaraq formalaşmayıb, bu işin icrası, əlbəttə ki, çətin olacaq. Biri var sahib olduğumuz ehtiyatı – misal üçün, bəzi ailələr, xüsusilə də tədbirli ailələr özləri üçün ehtiyat tədarük edir; ölkəmizin də Allah tərəfindən bizə verilən neft kimi bir neməti, təbii ehtiyatı var – bir ucdan bazara çıxarıb xammal şəklində, əlavə dəyər olmadan satmağa adət edək; biri də var bunu əlavə dəyəri olan bir şeyə çevirək; bax bu, ölkə iqtisadiyyatı üçün faydalı və arzuolunandır; amma biz nə edirik, ucdantutma çıxarıb satırıq. Bəzən xarici ölkə başçıları ilə keçirdiyimiz görüşlərdə bəziləri giley-güzar edir ki, “sizinlə ticarət mübadilələrimizdə göstəricilər bərabər deyil, siz bizə daha çox satır, əvəzində daha az alırsınız”; mən bu sözün cavabında bir neçəsinə dönə-dönə demişəm ki, siz əsasən neft alırsınız; neft – yəni pul, qızıl; biz isə neftdən əlavə dəyər əldə etmirik, təbii ehtiyatlarımızı torpağın altından çıxarıb xammal şəklində sizə satırıq. Ticarət balansı baxımından bunları eyni götürmək olmaz. Bunlar olduqca önəmli məqamlardır. Müstəqil bir şəxsiyyət kimi formalaşan insan bu cür yaşam tərzindən uzaq duracaq; məhz o zaman müqavimət iqtisadiyyatı, neftsiz iqtisadiyyat, müstəqil mədəniyyət məna kəsb edəcəkdir.

Biz şagirdlərimizdə ali, parlaq şəxsi keyfiyyət meyarlarını oyatmalıyıq; elə oxuduğunuz andın mətnində də ilahi fitrətin dirçəldilməsi məsələsinə toxunuldu; bəli, düzdür; Allah-taala bizim hamımızın varlığında – sizdə də, məndə də – bir başlanğıc, bir maya yerləşdirib və bu mayanı inkişaf etdirmək, genişləndirmək, ondan yararlanmaq olar. Uşaqlarda bu mayanı aktivləşdirmək, gücləndirmək lazımdır.

Bax həmin keyfiyyət meyarları bunlardır; ən başlıcası, cərəyan yaradacaq anlayışlardır, uşaqlara ideoloji cərəyan yaradacaq, onları əməli işlər görməyə sövq edəcək anlayışları təlqin etmək, onlarda bu anlayışları hərəkətə keçirmək, canlandırmaq lazımdır; bunlar imandır; təfəkkürdür; düşünməyi öyrənsinlər; kollektivçiliyi, ictimai əməkdaşlığı, sosiumdan xoşagəlməz bir şəkildə təcrid olunmaqdan uzaq olmağı öyrənsinlər; İslam dinində çox ülvi bir anlam daşıyan ictimai öhdəçiliyi, qarşılıqlı ictimai məsuliyyəti öyrənsinlər.  

Uşaqlar düzgün istehlakı öyrənməlidir; mən istehlak modelinin islah edilməsi haqqında dəfələrlə danışmışam – ilin əvvəlində etdiyim çıxışlarda, dövlət rəsmiləri ilə keçirdiyimiz xüsusi və ümumi iclaslarda – amma bizim istehlak modelimiz hələ ki lazımi şəkildə islah olunmayıb; biz çox pis istehlak edirik. Elə bir neçə gün əvvəl (4) bu hüseyniyədə keçirilən toplantıda qeyd etdiyim xarici məhsulların istehlakı məsələsi buna nümunə ola bilər. On, yüz milyardlıq lüks məhsulların qaçaqmalçılığı bunun göstəricisidir. Bəziləri tərəfindən küçələrdə təşkil edilən o uşaqsayağı oyunlar – əli pula təzəcə çatmış varlı insanların balaları bahalı avtomobillərlə küçələrdə şütüyürlər, o baş-bu başa gedib özlərini göstərirlər – bütün bunlar istehlak modelinin islah olunmamağından qaynaqlanır. Odur ki bu xüsusiyyətləri yeniyetmə və gənc nəslə uşaqlıqdan öyrətmək, aşılamaq lazımdır.

Gənc nəslə öyrətməli olduğumuz digər bir xüsusiyyət onlarla eyni fikirdə olmayan, müxalif mövqedən çıxış edən insanlara dözümlü yanaşmaqdır; biri bizə bir balaca irad tutan kimi, cavabında qayıdıb sinəsindən yumruqla vurmaq – bu, dözümsüzlüyün göstəricisidir; halbuki İslam dini bizdən bunu yox, tam əksini istəyir;

رُحَمآءُ بَینَهُم

“...onlar bir-biri ilə mehribandırlar...” (“Fəth” surəsi, 29-cu ayədən)

Şagirdlərə öyrədiləcək başqa bir önəmli xüsusiyyət ədəbli olmaq, etik qaydalara riayət etməkdir. Sizdən çoxunuz internetlə tanışsınız; sizcə, virtual məkanda ədəb-ərkan, həqiqətən də, gözlənilir? Abır-həyaya riayət olunur? Təbii ki, xeyr, riayət olunmur; və ya əksər hallarda riayət olunmur. Yeniyetmə və gənclərdə bax bunları inkişaf etdirmək lazımdır.

Digər önəmli bir xüsusiyyət dindarlıqdır; dəbdəbəyə, aristokratik həyat tərzinə vurğun bir şəkildə tərbiyə olunmasınlar; gənclərə dəbdəbəli həyata heyranlıq aşılanmamalıdır. Əlbəttə ki, əgər gənclərə aşılanmalı olan bu kimi müsbət keyfiyyətləri qeydə alıb siyahısını tutsam, oxusam, bir neçə səhifə olar, ancaq ən əhəmiyyətliləri bu sadaladıqlarımdan ibarətdir.

Bu xüsusiyyətləri gələcək nəslə bir müəllim olaraq siz aşılamalısınız; bu, sizin işinizdir, müqəddəs vəzifənizdir. Yeni nəsli bu cür keyfiyyətlərlə böyüdən, onlara bu mədəniyyəti təlqin edən məhz sizlər olmalısınız. Əgər siz ideoloji cərəyan yaradan bu anlayışları şagirdlərinizin zehninə, düşüncəsinə yeridə bilsəniz, bu ölkənin gələcəyinə çox böyük xidmət göstərmiş olacaqsınız. Xoşbəxtlikdən, müəllim peşəsi bu özəlliyə sahibdir; müəllimlər tədris etdiklərinə, öyrətdiklərinə görə, təbii olaraq, şagirdləri üzərində bir psixoloji və mədəni təsir gücünə, nüfuza malik olurlar; bəzi siniflərdəki çətin tərbiyə olunan şagirdləri demirəm, amma ümumilikdə bu cürdür. Teoloji mərkəzləri götürsək, orada tələbələr müəllim qarşısında itaətkar bir qul kimi otururlar. Düzdür, müasir mədəniyyətdə artıq belə deyil, amma yenə də müəllim şagird üzərində bir təsir gücünə malikdir və bu təsir gücündən müsbət mənada yararlanmaq mümkündür.

Müxtəlif qurumların rolu böyükdür; onlar təlim-tərbiyə prosesində elə bir atmosfer yarada bilərlər ki, müəllimlər öz işini rahatlıqla yerinə yetirə bilsin və bayaq oxuduğunuz andın mətnində yer alan prinsiplərə, eləcə və mənim qeyd etdiyim xüsusiyyətlərə sadiq qalsın.

Belə qurumlardan biri təlim-tərbiyə məsələləri üzrə müavinlikdir; bu strukturun təsis edilməsinə göstəriş verilmişdi və sevindirici haldır ki, artıq yaradılıb, işinə başlayıb,  ancaq bu, yetərli deyil; təlim-tərbiyə məsələləri üzrə müavinliyin öhdəsinə daha ağır məsuliyyət düşür. Bu qurum çalışqan, məqsədyönlü, müdrik və sağlam bir şəkildə fəaliyyət göstərməlidir; istər ideoloji, istər siyasi, istərsə də əxlaqi baxımdan sağlam olmalıdır; bunlar təlim-tərbiyə üzrə müavinliyin üzərinə düşən vəzifələrdir, onlara əməl olunmalıdır. Və əgər bu önəmli məsələlərdən hansınınsa icrasında – istər dinə uyğun formada düzgün davranmaq baxımından, istərsə də siyasi, yaxud əxlaqi cəhətdən – səhlənkarlığa yol verilərsə, ölkəmizin təhsil sisteminə və yetişməkdə olan nəslə zərbə vurulmuş olacaq.

Bu sahədə məsuliyyət daşıyan digər bir önəmli qurum “Səda və sima” Dövlət Teleradiosudur; “Səda və sima” çox böyük rol oynaya bilər. Mən keçənilki çıxışımda da bu mövzuda proqramların hazırlanmasının vacib olduğu barədə danışmışdım(5), amma bu məsələ hələ ki reallaşmayıb; lazımınca reallaşmayıb. Teleradio Şirkətinin təlim-tərbiyə ilə bağlı ayrıca bir fəaliyyət istiqaməti olmalıdır. Yeni ideyalar ortaya qoya biləcək mütəxəssislər bu sahədə konkret fəaliyyət proqramı tərtib etməlidirlər. Bir neçə gün əvvəl – deyəsən, keçən həftə idi – hüseyniyədə bir qrup yeniyetmə və gənclə görüşümüz vardı.(6) Aralarından biri mənə yaxınlaşıb bir şikayət məktubu verdi; oxudum, gördüm ki, düz yazıb, haqlı irad bildirib. O yazmışdı ki, televiziya və radioda azyaşlılar və böyüklər üçün xüsusi verilişlər hazırlanır, amma biz orta məktəb şagirdləri üçün münasib bir proqram yoxdur. Baxdım ki, düz deyir, haqlıdır. Gənclərimizə ideoloji, psixoloji, dini və elmi cəhətdən faydalı, yararlı ola biləcək hansı proqramlar var? Doğrudur, bəzi kanallarda elmi verilişlər var, amma bunlar mütəmadi yayımlanan proqramlar deyil. Peşəkar səviyyədə xüsusi proqramlar hazırlanmalıdır. Odur ki adını çəkdiyim bu qrum da ciddi məsuliyyət daşıyan qrumardan biridir.

Gənc nəslin tərbiyəsində məsuliyyət daşıyan başqa bir qurum Rabitə Nazirliyidir. Günümüzdə virtual məkanın təsir dairəsi real həyatımızdan daha genişdir; bəziləri internetlə nəfəs alır, hətta ümumiyyətlə həyatları orada keçir. Gənclərin də virtual aləmlə sıx əlaqəsi var; cürbəcür imkanlarından yararlanırlar, sosial şəbəkələrindən, elmi proqramlarından istifadə edirlər, müxtəlif işlər görür, informasiya mübadiləsi edirlər; amma yenə də bu, insanı büdrədə, yanlış yola sürükləyə biləcək bir məkandır. Heç kəs demir ki, yol çəkməyin, əgər hansısa bölgədə yola ehtiyac varsa, lap yaxşı çəkin, istəyirsiniz lap magistral yol çəkin, amma ehtiyatlı olun! Hansısa ərazidə torpaq sürüşməsi ehtimalı varsa, lazımi hesablamalar aparılmalı, təhlükəsizlik tədbirləri görülməlidir. Biz öz informasiya qurumlarımıza, ümumilikdə Rabitə Nazirliyinə, Ali Kiberməkan Şurasına – hansı ki o qurumdan da mənim narazılığım var – bu barədə tapşırıqlarımızı vermişik. Mən demirəm ki, bu yolu bağlayın, xeyr, çünki bu heç məntiqli də deyil. Kimlərsə oturub, düşünüb-daşınıb, internet adlı yeni bir yol yaradıblar – özləri demişkən, kiberməkan – lap yaxşı, istifadə edin, ancaq bu istifadə sağlam bir şəkildə olmalıdır. Başqaları bundan düzgün şəkildə yararlanır; bir sıra ölkələr öz mədəniyyətlərinə, milli mentalitetlərinə uyğun olaraq virtual məkandan istifadəyə məhdudiyyət qoyublar. Bəs biz niyə belə etməyək? Nəyə görə bu məsələyə səhlənkar yanaşırıq? Nəyə görə bu kontrolsuz və qayda-qanunsuz məkanı başlı-başına buraxmışıq? Müəyyən qurumlar məsuliyyət daşıyır, onlardan biri də Rabitə Nazirliyidir.

Adlarını çəkdiyim qurumlar hamısı Təhsil Nazirliyinə kömək etməlidir, çünki Təhsil Nazirliyi təkbaşına bütün işlərin öhdəsindən gələ bilməz; həmin qurumlar ona yardımçı olmalıdır. Mən dönə-dönə demişəm ki, Təhsil Nazirliyinə kömək etmək lazımdır; bax kömək deyəndə mən bunları nəzərdə tuturdum. Kömək deyəndə hamının ağlına dərhal maddi yardım gəlməsin; bu sadalananlar da yardımdır; gərək hamı birgə əməkdaşlıq etsin ki, Təhsil Nazirliyi sözün əsl mənasında ayaqda duraraq öhdəsinə düşən işləri həyata keçirsin.

Təlim-tərbiyə sahəsində həyata keçirilməli olan digər işlərdən biri də pedaqoqlara gənclik və təravət ruhiyyəsinin aşılanmasıdır; gəlin müəllimlərin qocalmasına yol verməyək. Mən qocalıq dedikdə fiziki baxımdan yaşlanmağı nəzərdə tutmuram; bəzi insanlar gənc olsalar da, ruhiyyələri qocadır, bəziləri qoca olsalar da, ruhiyyələri cavandır. Elə müəllim tanıyıram ki, təxminən 70 ilə yaxındır işləyir, amma dərs deməkdən, öyrətməkdən hələ də əl çəkməyib; bunlar önəmli, dəyərli xüsusiyyətlərdir. Odur ki təlim-tərbiyə ocaqlarında bu ruhiyyəni dirçəltmək lazımdır.

Digər bir məsələ hazırda ölkəmizdə mövcud olan təhsil sisteminin köhnəlmiş vəziyyətdə olmasıdır. Bizim təhsil sistemi köhnəlib, zamanın tələblərinə cavab vermir; biz bu sistemi avropalılardan götürmüşük, indiyə kimi də toxunulmaz bir muzey eksponatı kimi qoruyub saxlayırıq! Düzdür, ara-sıra xırda-para dəyişikliklər edirik, amma bu sistem artıq köhnəlib, mütləq, yenilənməlidir. Əlbəttə, bayaq cənab nazirin qeyd etdiyi dəyişikliklər layihəsi bu yolda irəliyə doğru atılan bir addımdır, yaxşı layihədir, amma mən digər bir önəmli məsələni diqqətinizə çatdırmaq istəyirəm, o da bundan ibarətdir ki, təlim-tərbiyə sistemini yeniləmək üçün biz yenə də başqalarının əlinə göz dikməməliyik, hansısa Avropa ölkəsində bu sahədə hansı dəyişikliklərin getdiyinə baxmamalıyıq,həmin yeniliklərin üzünü köçürməyə səy göstərməməliyik. Ekspertlər, mütəxəssislər toplanmalı – əlbəttə yaxşı olardı ki, təcrübələrdən də yararlansınlar – özləri yeni təhsil sisteminin layihəsini hazırlamalıdırlar. Elə həmin o dəyişikliklər layihəsi də ilk baxışdan yaxşıdır, irəliyə doğru bir addımdır; onun icrasını dəqiqliklə, tənqidi yanaşma əsasında həyata keçirmək lazımdır, baxsınlar görsünlər harasında nöqsanlar var. Hər halda, hər bir qeyri-ilahi varlığın, hər bir bəşər övladının işində nöqsan olur; axtarıb həmin nöqsanları tapmaq lazımdır. Qüsurlar, çatışmazlıqlar müəyyən edilərək hərtərəfli ölçülüb-biçilmiş, yaxşı bir layihə hazırlanmalıdır.

Təhsil sistemində olduqca əhəmiyyətli rola malik olan digər bir qurum da Pedaqoji Universitetdir; yəni gələcəyin müəllimləri olan əziz gənclərimizin təhsil aldığı mərkəz. Ora olduqca mühüm bir məkandır. Bu ali təhsil ocağının müəllimlik peşəsi üçün lazım olan ali meyarlar əsasında, keyfiyyət və kəmiyyət baxımından inkişaf etdirilməsi üçün mümkün qədər çox yatırım etmək lazımdır. Bayaq qeyd etdiyim kimi, oxuduğunuz o andın mətni çox yaxşıdır, bir şərtlə ki, ona əməl də edəsiniz; and içiriksə, üzərimizə sözün həqiqi mənasında məsuliyyət götürməliyik. Qısa müddətli pedaqoji kurslar da olur, amma onlar bir o qədər də özünü doğrultmur.

Təlim-tərbiyə sahəsində mühüm olan digər bir məsələ texniki peşə təhsilidir. Mən çıxışlarımda dəfələrlə bu məsələyə toxunmuşam. Övladlarımız gənclik dövrünə qədəm basana qədər düz 12 il təhsil alır, dərs oxuyur, universitetə hazırlaşırlar. Məgər cəmiyyətdəki bütün peşələrə yiyələnmək üçün mütləq bu yolu qət etmək, universitetə getmək lazımdır? Mənə verilən məlumatlara əsasən, 12 min peşə sahəsi var; bu 12 min peşəyə yiyələnmək üçün bütün o dərslər, o qədər zaman sərf edib o yolu keçmək, universitetə getmək lazımdırmı? Bəlkə, heç də belə olmamalıdır və əsas məqsəd müxtəlif işlər, istedad tələb olunan müxtəlif sferalar üçün şagirdlərdə bacarıqların formalaşdırılması, onların gələcəkdə səmərəli əmək fəaliyyəti üçün hazırlanması olmalıdır? Bəzi insanlar incəsənət sahəsində, yaradıcılıqda istedada sahibdirlər, amma əllərinə bir şey verib düzəlt desən, donub qalarlar; bəziləri isə əksinə, istehsalatda bacarıqlıdırlar; bəziləri fəlsəfə sahəsində, bəziləri sosial məsələlərdə, bəziləri isə xidmət  sektorunda bacarıq və istedad nümayiş etdirir. Bu istedadları tapıb üzə çıxarmaq, tanımaq, inkişaf etdirmək lazımdır ki, işləsinlər, yeni-yeni təşəbbüslər göstərsinlər.  Biz bu təşəbbüskarlıq, innovasiyalar məsələsini bu qədər vurğulayırıq, yaxşı bəs bunu kim reallaşdıra bilər? Aydın məsələdir ki, adi insanlar innovativ təşəbbüslərlə çıxış edə bilməz. Hər hansı bir sahədə innovasiyaya imza atmaq üçün insan öncədən yetişdirilməli, müəyyən bacarıqlar əldə etməlidir.

Başqa bir məsələ də diktatura dövrünə xas olan ad və istilahların işlədilməsidir; bəziləri israrla belə adlardan istifadə edir; mən başa düşmürəm, nəyə görə biz “pişahəng” (pioner) ifadəsini işlətməliyik? Axı bu, şah diktaturası dönəmindən qalma bir ifadədir; buna nə ehtiyac var? Hər bir sözün, ifadənin özünəməxsus məna yükü var. İslam Respublikasının həyata keçirdiyi ən böyük işlərdən biri də leksikonumuza yeni məna yükünə malik ifadələri gətirməsi oldu; məsələn “imperializm”, “məzlumlar”, “imperializm sistemi” və sair. Bunlar digər millətlərin görkəmli siyasətçilərinin, siyasi fəallarının bizdən götürüb mənimsədiyi ifadələrdir. Elə isə o zaman bizim diktatura dövründən qalma sözləri işlətməyə nə ehtiyacımız var? Bizdə, məsələn, şagird bəsici var, avanqard şagirdlər var, yaxud Müsəlman Şagird Cəmiyyəti və ya müsəlman  şagird birlikləri var; bunlar İslam Respublikasına məxsus olan adlardır. Hökmən köhnə adların, ifadələrin arxasınca qaçmağımız nəyə lazımdır?

Toxunmaq istədiyim başqa bir məsələ də orta məktəblərimizin problemləri ilə əlaqəlidir. Düzdür, Konstitusiyaya əsasən – və elə doğru-düzgün düşünəndə də belə nəticəyə gəlmək olar ki – təhsil dövlətə aid olan bir məsələdir, amma bu o demək deyil ki, onun bütün yükü, ağırlığı dövlətin çiynində olmalıdır; lakin təhsil sahəsində dövlətin də rolu olmalıdır. Bu gün ölkəmizdə dövlət məktəblərinin bir-birinin ardınca qeyri-kommersiya təşkilatlarına çevrilməsinin doğru, müsbət bir hal olub-olmadığı hələ məlum deyil. Bəzilərinin adı qeyri-kommersiya təşkilatı olsa da, kommersiya təşkilatı olaraq fəaliyyət göstərir; eşitdiyimə görə, bəzi insanlardan çox ağır təhsil haqqı tələb edirlər. Dövlət məktəblərinin səviyyəsini yüksəltmək lazımdır ki, ailələrin bu məktəblərə rəğbəti artsın.

Gec oldu, söhbətimiz də uzun çəkdi; son olaraq bunu demək istəyirəm ki, mənim əzizlərim, ölkənin gələcəyini qurun, bu ölkəni siz qurmalısınız. Ölkənin quruculuğunda rolu olan qüvvələrdən biri də siz müəllimlərsiniz; bu fürsətdən – imkan və bacarığınızdan istifadə edin. Möhtərəm nazirimiz haqda eşitdiklərimə və müşahidələrimə əsasən deyə bilərəm ki, o, yüksək intellekti və əməli fəaliyyəti baxımından, əlhəmdulillah, təqdirəlayiq bir kadrdır. Bu fürsəti qiymətləndirin. Əlbəttə, cənab nazir çalışmalıdır ki, onun həmkarları da intellektual və praktik cəhətdən bu böyük, məsuliyyətli işdə, həqiqətən də, etimad edilə biləcək insanlar olsun. Sizlər ölkəni qurmalı, onu güclü, qüdrətli bir ölkəyə çevirməlisiniz. Güc-qüdrət yalnız silaha sahib olmaqla ölçülmür; qüdrət və onu yaradan amillərin ən önəmlisi elm və milli kimlikdir. Fərdlərin şəxsiyyət kimi formalaşması, müqavimət psixologiyası, milli mənlik, inqilabi mənlik və sair – bunlar güc-qüdrət yaradan amillərdir. Bizim xalqımıza qüdrət bəxş edən iman olmuşdur, inqilab ona güc qazandırmışdır. Siz güclü olsanız, bunu görən düşmən məcburən geri çəkiləcək. Yox əgər biz düşmənin qarşısında öz gücümüzün dayağı olan prinsip və amilləri nümayiş etdirməkdən çəkinsək, qorxsaq, yaxud üzgörənlik etsək, düşmən həyasızlaşacaq.

Bu gün İran xalqı düşmənin danışdığı başından böyük sözlərin hamısına cavab vermək iqtidarındadır. Oturub planlar çəkir, layihələr hazırlayırlar ki, İranın Fars körfəzində hərbi təlimlər keçirməsinə mane olsunlar. Elədikləri qələtə bax da! Özü dünyanın o başından durub bura gəlib hərbi təlim keçirir; sizin burda nə işiniz var? Çıxın gedin o Donuzlar körfəzinə, orada ürəyiniz istəyən hərbi təlimi keçirin. Fars körfəzində sizin nə işiniz var axı? Fars körfəzi bizim evimizdir. Fars körfəzi böyük İran xalqının məskənidir; Fars körfəzi sahilləri, üstə gəl Oman dənizinin böyük bir hissəsi bu xalqa məxsusdur; ona görə də bu ərazidə var olmalı, hərbi təlimlər keçirməli, qüdrətini nümayiş etdirməlidir. Biz böyük tarixi keçmişi olan, qüdrətli bir xalqıq; düzdür, keçmişdə hakimiyyətə gəlmiş üzüqara padşahlar bizi bir müddət inkişafdan geri salıblar, bu ölkənin üzərinə ölü torpaq səpiblər, amma sonda rədd olub gediblər. Xalqımız sayıq bir xalqdır, böyük bir xalqdır, imkan verərmi? Bu acgöz, tamahkar, monopolist dövlətlərlə bu cür qətiyyətli davranmaq lazımdır. Mən demişəm, bunlar bizim qarşımızda, heç şübhəsiz, məğlub olublar; məğlubiyyətlərinin sübutu da göz önündədir, çünki onlar İslam Respublikasının mövcudluğunu, varığını istəmirdilər, ancaq İslam Respublikası özünü bir dövlət olaraq qorumaqdan başqa, güc-qüvvəsini on qat artırıb; bəli, bu inkişaf onların məğlubiyyətidir. Bunu Qurani-Kərim bizə öyrətmişdir:

تُرهِبونَ بِه‌ عَدُوَّ اللهِ وَ عَدُوَّکُم

“Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün ...” (“Ənfal” surəsi, 60-ci ayədən). 

Özünüzü elə hazırlayın ki, Allah-taalanın və sizin düşmənləriniz hər zaman qorxu və vahimə içində olsun. Mən düşmən dedikdə hansısa qonşu, rəqib ölkəni, yaxud bizimlə düşmənçilik etməyən bir dövləti nəzərdə tutmuram, düşmən bizimlə düşmənçilik edəndir və hamı da o dövləti yaxşı tanıyır.

Uca Yaradandan istəyim budur ki, Onun rizasına səbəb olan yolu davam etdirməyimiz üçün sizə də, bizə də uğurlar nəsib etsin, inşallah. Siz gənclərin vüqarlı və işıqlı fəaliyyətinin bərəkəti sayəsində bu ölkənin gələcəyi bütün xalq üçün xoşbəxtlik mənbəyi olacaqdır, inşallah.

Allahın salamı, bərəkəti və rəhməti üzərinizə olsun.

_____________________

(1) Görüşün əvvəlində ilk olaraq Pedaqoji Universitetin tələbələri Ali Məqamlı Rəhbərin hüzurunda müəllim andı içmişlər. Daha sonra Təhsil Naziri cənab Əliəsğər Fani məruzə ilə çıxış etmişdir. 
(2) “İqbalul-əmal”, c.1, səh 123, azacıq dəyişiklik ilə.
(3) Sədi Şirazinin “Gülüstan” əsəri, giriş bölümü.
(4) Ali Məqamlı Rəhbərin fəhlə və zəhmətkeşlərlə görüşü zamanı etdiyi çıxış
(5) Ali Məqamlı Rəhbərin islami radio və televiziya təşkilatlarının rəhbərləri və nümayəndələri ilə görüşü zamanı etdiyi çıxış ( 1394.07.20)
(6) Ali Məqamlı Rəhbərin islami şagird təşkilatlarının üzvləri ilə görüşü zamanı etdiyi çıxış (1395.02.01)