Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین
Əzizlərim, hamınızı Zəhmətkeşlər günü münasibətilə təbrik edirəm! Hər il burda fəhlə və zəhmətkeşlərlə keçirdiyimiz bu görüşlər mənim üçün çox xoş, arzulanan görüşlərdir. Sizə deyiləsi sözlərim var, amma mənim üçün bunlardan daha üstün və əhəmiyyətli olanı ölkənin fəhlə və zəhmətkeşlər ictimaiyyətinə öz sevgi və bağlılığımı ifadə etmək, təşəkkürümü bildirməkdir. Bu gün mən həm sizlərə, həm də ümumilikdə ölkəmizin bütün zəhmətkeşlərinə öz sevgi və bağlılığımı bildirir, qəlbimin dərinliyindən Uca Allaha dua edib istəyirəm ki, fəhlə ictimaiyyəti qarşısında öhdəmizə düşən vəzifələri yerinə yetirə bilməyimiz üçün bizə mənəvi dəstək olsun; çətin, ağır vəzifələrimiz var.
Əvvəla, rəcəb ayıdır; Əmirəlmöminin Əlinin (ə) mübarək mövludu ilə Peyğəmbərin (s) besəti arasındakı günləri yaşayırıq; təvəssül, dua, zikr ayıdır. Əziz qaremizin burda tilavət etdiyi o ayələrdə buyurulur:
یااَیُّهَا الَّذینَ ءامَنُوا اذکُرُوا اللهَ ذِکراً کَثیراً * وَ سَبِّحوهُ بُکرَةً وَ اَصیلاً * هُوَ الَّذِی یُصَلّی عَلَیکُم وَ مَلٰئِکَتُه
“Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! Mələkləri ilə birlikdə sizi salamlayan Odur”. (“Əhzab” surəsi, 41,42 və 43-cü ayələr)
Siz Allahı yada salın, Allah-taala da sizə salavat göndərər, sizi salamlayar. Həm Müqəddəs Zat özü, həm də Onun mələkləri siz möminləri salamlayır. Və bilək ki, Allahı zikr etmək, Allahı yada salmaq insana doğru yolu göstərən, qarşısındakı maneələri aradan götürərək yolunu açan, əlindən tutub yardım edən bir şeydir, problemlərimizi həll etmək üçün bizə güc-qüvvət verə bilər. Problemlərimiz, düyünlü işlərimiz çoxdur və onları yalnız Allah-taalanın qüdrət əli və biz insanların bacarıqlı əlləri həll etməlidir. Bu bacarığı, bu gücü də bizə verən Uca Yaradandır. Allahı zikr etmək bizə bu düyünlü məqamları həll edib yolumuzu açmaqda yardımçı olur.
Bu gün mən bir neçə məsələni bir neçə cümlə ilə özüm üçün qeyd etmişəm, onları sizə çatdırmaq istəyirəm. Əvvəla, əmək, zəhmət məfhumları haqda ümumi, geniş yayılmış mənada danışmaq istəyirəm; daha sonra isə cəmiyyətdə qəbul edilmiş konkret anlamda işçilər, zəhmətkeşlər ictimaiyyəti barədə danışacağam. Birinci anlamda, yəni iş, əmək anlayışının geniş yayılmış mənasında cəmiyyətdə hər hansı bir işlə məşğul olan hər kəs işçidir, zəhmətkeş sayılır; istehsalatla bağlı işlər, xidmət sektorundakı işlər, administrativ işlər, elmi işlər – bütün bu işləri görən insanlar işçidir. Rəhbər vəzifədə çalışan bir insan özü də həmin o rəhbərlik postunda işçidir, konkret bir işi yerinə yetirir. Universitetlərdə, teoloji mərkəzlərdə dərs deyən müəllimlər, təhsil alan tələbələr, bütün bu işləri görən insanlar, dini işlərlə, təbliğatla məşğul olan adamlar hamısı bu mənada işçidir, zəhmətkeşdir.
Bu anlamda işin, əməyin başqa heç bir şeydə olmayan bir bərəkəti var. Dediyim bu anlamda iş, əmək konstruktiv, qurucu rola malikdir: həm insanın özünə, həm cəmiyyətə, həm də başqalarına konstruktiv təsir göstərir, buna görə də dəyərdir. Tənbəllik, bikarçılıq, vaxtını boş-boşuna keçirmək, gəncliyin fiziki və intellektual gücünü hədər etmək qınanır, dəyər yox, nöqsan, eyib hesab olunur; İslamın məntiqi budur. Haradasa hansısa işlə, fəaliyyətlə məşğul olan adam dəyər yaratmaqdadır. Əgər üstəlik bunu Allah yolunda, ilahi niyyətlə edirsə, həm də ibadətdir, savabdır.
Bu mənada iş, əmək haqda mən ümumi olaraq bunu tövsiyə etmək istərdim ki, biz cəmiyyətdə əməyi genişləndirməliyik. Gəlin hamıya tövsiyə edək ki, harada olmalarından asılı olmayaraq işləsinlər, gördükləri işin keyfiyyətini yüksəltsinlər, işin haqqını versinlər. Tutalım, əgər bir tələbə dərsini lazımınca oxumursa, bu o deməkdir ki, gördüyü işin haqqını vermir. Həmçinin əgər bir müəllim dərsin vaxtını düzgün bölmür, keçəcəyi dərsə hazırlaşmır, bir kitab üzü açıb araşdırmırsa, deməli, öz işinin haqqını vermir. Hər hansı vəzifə postunu tutan rəhbər işçi – nazir, idarə müdiri, deputat – özünü tamamilə işə həsr etmirsə, işinin haqqını verməmişdir. Hansısa rəhbər vəzifə tutduğumuz halda, özümüzü, vaxtımızı, bütün gücümüzü məsuliyyətini çiyinlərimizə aldığımız o işə həsr etmir, başqa işlərlə məşğul oluruqsa, işimizin haqqını verməmiş sayılırıq. Elə buna görə də mən dövlət adamlarına, hakimiyyətdə yüksək vəzifə tutan insanlara – istər parlamentdə olsun, istər nazirlər kabinetində, istər ədliyyə sistemində, istərsə də digər hakimiyyət strukturlarında – həmişə bunu tövsiyə edirəm ki, öhdənizə götürdüyünüz bu məsuliyyəti yerinə yetirmək üçün var gücünüzlə çalışın. Belə olmasın ki, tutalım, mən hansısa rəhbər vəzifəni qəbul edirəm, bir az o işə vaxt ayırandan sonra qalan vaxtımı şəxsi məsələlərə və başqa işlərə sərf edirəm; yox, belə olarsa, həmin işin haqqı verilməmiş sayılır. Odur ki ümumi anlamda işlə bağlı mənim əsas tövsiyələrim bunlardır; bu barədə çox danışmışıq, bir çox məqamlara toxunmuşuq; təkrara yol vermək istəmirəm.
Söhbətimin canı isə ölkəmizin fəhlə və zəhmətkeşlər ictimaiyyəti ilə bağlıdır; xüsusi anlamda işçilər, istehsalat və xidmət sferasında, sənaye və kənd təsərrüfatı sahəsində çalışan zəhmətkeşlər haqda danışacağam; bu gün bizim üçün əsas mövzu budur.
Əvvəla, ölkəmizin fəhlə ictimaiyyətinin təqdirəlayiq xüsusiyyətləri haqda bir-iki kəlmə deməyi özümə borc bilirəm; indiyə qədər bəlkə 100 dəfə demişik, amma daha 100 dəfə də desək, yerinə düşər. Bizim fəhlə ictimaiyyətimiz ölkəsinə və dövlətinə sədaqətli bir ictimaiyyət olmuşdur; mən bunu bu 37-38 il ərzində fəhlə və zəhmətkeşlərin problemləri ilə yaxından təmasda olduğum üçün deyirəm. Ölkəmizin fəhlə ictimaiyyəti İslam İnqilabının gedişində sədaqət nümayiş etdirdi, iştirak etdi. İnqilabın ilk illərində baş verən olduqca mühüm və həlledici proseslərə qatıldı, var olduğunu göstərdi. İnqilabın əvvəllərində o vaxtkı solçular, marksistlər – hansılar ki sonradan hamısı Amerika imperializminin və başqalarının nökərinə, muzduruna çevrildilər – ölkə daxilində İran xalqının ümummilli hərəkatını o donuq proseslərə, özlərinin işlətdiyi ifadə ilə desək, “fəhlə inqilabına” çevirməyə, işin cilovunu xalqın, dinin, İslamın əlindən alıb “fəhlə hökuməti” adlandırılan bir qrup insana həvalə etməyə, inqilabı “fəhlə inqilabı” kimi təqdim etməyə çalışırdılar; inqilabın əvvəllərində belə şeylər var idi. Mən özüm o vaxtlar o qədim Kərəc küçəsində bir zavoda getmişdim, toplantılarında iştirak etdim, fəhlələri gördüm. Ölkə zəhmətkeşlərini – əvvəl Tehrandakıları, ardınca da bütün ölkəni – İmama, inqilaba, xalqa qarşı mübarizəyə çağırmaq, oranı bu proseslərin hərəkətverici ocağına çevirmək üçün gəlmiş, fəhlə ictimaiyyətinə yad ünsürləri yaxından gördüm. Mən ora gedirdim – gündüzlər, gecələr gedirdim – və müsəlman balaları olan mömin, müsəlman fəhlələrimizin düşmənlərin məkrli planları qarşısında necə sayıqlıq və uzaqgörənlik nümayiş etdirdiyinin şahidi olurdum. Bunlar inqilabın gedişində, ilk illərində baş verirdi, ondan sonra məcburən cəlb olunduğumuz savaş baş verdi, ölkəmizdə cürbəcür siyasi cərəyanlar, siyasi proseslər yarandı. Bütün bunlar baş verdiyi zaman bizim fəhlə və zəhmətkeşlərimiz dövlətə sədaqət nümayiş etdirdi. Təkcə dildə deməklə yox, öz canları, fiziki varlıqları ilə meydana atıldılar, var olduqlarını nümayiş etdilər və proseslərin gedişinə təsir göstərdilər; bu, bir reallıqdır; elə bu günə qədər də belədir.
Fəhlələrin gündəlik yaşayışında problemlər var – hörmətli nazirimiz onlardan bir hissəsini qeyd etdi; səylər də göstərilir və mən ümidvaram ki, inşallah, Allah-taala ona və bütün rəsmilərə qeyd etdikləri məsələləri reallaşdırmaqda dəstək olacaq; indiyə qədər həyata keçirilmiş işləri də Allah qəbul etsin, bərəkət versin; görülməmiş işləri həyata keçirməyə müvəffəq olsunlar; işləmək lazımdır – problemlər var, amma buna baxmayaraq, fəhlə ictimaiyyəti inqilaba zidd çağırışlara əhəmiyyət vermədi, qulaq asmadı. Onlar xalqı, fəhlə ictimaiyyətini, universitetlərin tələbə və müəllim kollektivini dövlətə qarşı qoymaq istəyirdilər; amma ölkəmizin fəhlə və zəhmətkeşləri öz dövlətinə qarşı çıxmadı, əksinə dövlətin arxasında durdu, onu müdafiə etdi. Bu, fəhlə ictimaiyyətimizin təqdir və tərifə layiq olan davranışıdır.
Mən birinci növbədə şükür üçün Allah-taalaya səcdə edirəm – çünki bunu edən Allahın qüdrət əlidir, qəlblər Onun əlindədir – ikinci növbədə isə bütün varlığımla ölkəmizin fəhlə ictimaiyyətinə təşəkkürümü bildirirəm. İnqilabla, İslam dövləti ilə bağlı proseslərdə siz çox gözəl davranmısınız, bu gün də gözəl davranmaqdasınız. Bu, mənim birinci sözüm.
Müqavimət iqtisadiyyatında fəhlə və zəhmətkeşlərin, əməyin, fabrik və zavodların roluna gəlincə isə bu, çox mühüm bir məsələdir. Müqavimət iqtisadiyyatı təkcə bir kəlmə söz deyil. Əməli tədbirlər olmalıdır demişik; bu o deməkdir ki, müqavimət iqtisadiyyatının siyasətlərinin(2) bircə-bircə hər bir bəndinə real, həqiqi surətdə əməl edilməlidir. Yəni qardaşlarımız – Allaha şükürlər olsun ki, işə can yandıran rəsmilərimiz – bu bəndlərdən hər biri üçün oturub fəaliyyət proqramı qurmalı və həmin proqramı addımbaaddım icra etməlidirlər. Müqavimət iqtisadiyyatında əməyin rolu böyükdür.
Yaxşı bəs fəhlə və zəhmətkeşlər nə etməlidirlər ki, müqavimət iqtisadiyyatının reallaşmasında rol oynasınlar? Hamının rolu var: fəhlələrin də, müəssisə sahiblərinin də, dövlətin də, müxtəlif rəsmilərin də. Fəhlələrin rolu, ilk növbədə, öhdələrinə düşən məsuliyyəti hiss etməkdir; yəni hər bir fəhlə ona həvalə olunmuş iş üçün məsuliyyət hiss etməlidir – yeri gəlmişkən, bu məsuliyyət bizim hamımızda olmalıdır – ona tapşırılan işi məsuliyyətlə yerinə yetirməlidir; işinin keyfiyyətini artırmalıdır. Hər bir fəhlənin fikri, məqsədi işin keyfiyyətini artırmaq olmalıdır. Bu həm onun özü, həm də cəmiyyət üçün bərəkət gətirəcək bir şeydir. Böyük Məşhəd bazarında bir ayaqqabıçı var idi, tikdiyi ayaqqabılar məşhur idi. Ayaqqabının dərisi, üstü yırtılırdı, amma tikişlərinə heç bir şey olmurdu. Möhkəm görülən iş belədir. İşi elə görək ki, əlimizdən çıxan iş, atdığımız tikişlər düzgün, keyfiyyətli və möhkəm olsun; hər bir işçinin, fəhlənin vəzifəsi budur. Bunu demək asandır, bəs yerinə yetirmək necədir? Bax Allah-taala Peyğəmbərin dilindən buyurur:
رَحِمَ اللهُ اِمرَأً عَمِلَ عَمَلاً فَاَحکَمَه
– mən bu hədisi(3) indiyə qədər, bəlkə, 10 dəfələrlə oxumuşam – “Allah bir iş görən və həmin işi möhkəm şəkildə, lazımınca görən insana rəhmət etsin”. Buna nail olmağın öz tələbləri var.
Nə etməliyik ki, fəhlələrimiz, zəhmətkeşlərimiz gördükləri işin keyfiyyətini artırmaq üçün özlərində güc və bacarıq tapsınlar? Həmin tələblərin bir qismi dövlətin, bir qismi müəssisə rəhbərlərinin, bir qismi camaatın, bir qismi isə elə fəhlələrin öz üzərinə düşür. Fəhlənin öz işinin keyfiyyətini yüksəldə bilməsi üçün həyata keçirilməli olan işlərdən biri peşə bacarıqlarının yaradılmasıdır; burda da qeyd olundu, texniki peşə təhsilidir; mən illərdir ki, iş başına gələn hər Təhsil və Əmək Naziri üçün texniki peşə təhsili məsələsini vurğulayıram. Buna ciddi yanaşmaq lazımdır, bu, əsas işlərdən biridir. Fəhlələrin peşə bacarıqlarını artırmaq lazımdır; adi bir fəhlə sırf öz təcrübəsi hesabına irəli gedə bilməz; düzdür, əlbəttə ki, təcrübə də təsir göstərir, amma təhsil lazımdır. Fəhlələrin peşə bacarıqlarının artırılması rəsmilərin öhdəsinə düşür; bunun üçün həmin o texniki peşə təhsilini təmin etmək və digər görülməsi mümkün olan işləri həyata keçirmək lazımdır; bu məsələdə müəssisə sahibləri də, dövlət də rol oynaya bilər.
Digər bir mühüm məsələ işçilərin əməyinin mühafizəsidir; əgər fəhlənin beyni daim sabah o müəssisədə olub-olmayacağı barədə fikirlərlə məşğuldursa, əli işə yatmaz; əməyin mühafizəsi təmin olunmalıdır; bunun da yolları var, burda da müxtəlif dövlət strukturlarının rəsmilərinin, müəssisə rəhbərlərinin və başqalarının öhdəsinə məsuliyyət düşür. Özü də bu, təkcə Əmək Nazirliyinə aid olan bir məsələ deyil, bir çox hökumət strukturları ilə əlaqəlidir. Elə etməlidirlər ki, əməyin mühafizəsi təmin olunsun. Zavod və fabriklərin işinə ara verilməsi də böyük bəlalardandır; fəhlə üçün böyük müsibət sayılan hadisələrdən biri də işlədiyi müəssisənin işinə ara verilməsidir. Bu da iki cür olur: birinci halda işəgötürənin imkanları işi davam etdirmək üçün kifayət etmir. Misal üçün, əlində nağd pul yoxdur, materialı yoxdur və ya qurğuları köhnəlib, işləmir. Bu halda məsuliyyət əlində xammal və ya nağd pul olan, qurğuları təmir edən, yaxud dəyişən şəxslərin öhdəsinə düşür. Həmin müəssisə sahibinə kömək etmək onların vəzifəsidir, onlar ona yardım etməlidirlər. Banklar, idxal və ixracla məşğul olan qurumlar, sənaye və texnologiya sferaları, elmi əsaslı şirkətlər – bütün bunlar məsuliyyət daşıyır. İstehsalat müəssisəsinin işinə ara verilməsi hallarından biri budur; burda müəssisənin işinin dayanmasında sahibkarın heç bir günahı yoxdur, müəyyən amillərin təsiri ilə vəziyyət gəlib bu yerə çatır; həmin amilləri aradan qaldırmaq mümkündür. Çətindir, amma olar. O amilləri axtarıb üzə çıxarmaq və aradan qaldırmaq lazımdır. Dövlət qurumlarımızın və rəhbər işçilərimizin görməli olduğu böyük və mühüm işlərdən biri budur. Müəssisələrin işinə ara verilməsində bir situasiya budur, amma digər bir situasiya da var, ona yol açan səbəb isə sui-istifadədir. Bir nəfər bir zavod alır – dövlətdən özəlləşdirir, yaxud necəsə alır – sonradan baxır ki, o zavodun yerləşdiyi torpaq sahəsindən, ərazidən istifadə etmək onun üçün daha sərfəlidir, zavodu işlətmək ona sərf etmir, bəhanə tapıb zavodu dayandırır. Bizdə belələri də var, mənim xəbərim var. Bunlara qarşı da tədbir görmək lazımdır; belələrinə qarşı ciddi tədbir görülməlidir. Deyəsən, bir dəfə mən bu barədə elə zəhmətkeşlərlə keçirdiyimiz bu görüşlərdən birində demişdim. Krediti götürür – tutalım, xammal almaq və ya zavod tikmək üçün – aparıb o pulu qat-qat gəlirli bir yerdə bina tikməyə xərcləyir. Belələrinə qarşı ciddi tədbir görülməlidir; belə halları araşdırıb üzə çıxarmaq lazımdır; ədliyyə orqanları, dövlət, cürbəcür strukturlar, təhlükəsizlik orqanları bu işdə məsuliyyət daşıyır. Məsələ bunda deyil ki, kimsə varlanmaq istəyir və bunun üçün hansısa yoldan istifadə edir. Biz kiminsə varlanmağının əleyhinə deyilik. Qoy varlansınlar, amma nəyə görə bunu fəhlə ictimaiyyətini, yoxsul insanları əzib keçərək etmək istəyirlər? Bunun qarşısı alınmalıdır.
Baxın, burda müxtəlif strukturlar bir-biri ilə zəncirvari şəkildə bağlıdır; banklar, ölkənin bank sistemi, ixracat və idxalla bağlı qurumlar, sənaye və istehsalatla əlaqəli strukturlar – bütün bunlar bir-biri ilə əlaqəlidir. Hər biri həm digəri ilə əməkdaşlıq edərək onun işinə dəstək ola, həm də onun işini poza bilər. Ölkənin makroidarəetmə qurumları bu ikinci halların qarşısını almağa çalışmalıdır. Hamı bir-biri ilə müsbət əməkdaşlıq etməlidir ki, iş irəli getsin.
Fəhlələrin işinin daha uğurlu alınmasına səbəb olan amillərdən biri də iranlı fəhlənin əməyinin məhsulu olan malların təbliği, genişləndirilməsidir. Bu barədə daha sonra danışacağam, yerli malların təbliği barədə mənim deyiləsi sözüm çoxdur, bir azdan bir neçə cümlə ilə qeyd edəcəyəm. Fəhlənin daha uğurlu əmək fəaliyyəti ilə məşğul olması üçün tələb olunan şeylərdən biri də onun sağlam mühitdə işləməsidir; digər bir mühüm məsələ istehsal xərcləri hesablanarkən fəhlələrin əlhaqqına ayrılan payın artırılmasıdır. Bunu elə planlaşdırmaq olar ki, işəgötürənə də ziyan dəyməsin; artıq, lüzumsuz xərclərdən azaldılsın, fəhlənin əlhaqqına əlavə olunsun; bu, həyata keçirilsə, işçilər də işə həvəslənər. Düzgün metodlar var, bəzi dünya ölkələrinin təcrübəsində də rast gəlinir. Sevindirici haldır ki, rəsmilərimiz xalqa xidmət etməyi, doğrudan da, istəyirlər. Biz ölkəmizdə olan iman, həvəs və marağın gücü sayəsində həmin metodları taparaq bu sferalarda müsbət işlər həyata keçirə bilərik.
Mövzunun digər bir tərəfi işəgötürənlərə olan yanaşmadır. Mən illər öncədən dəfələrlə demişəm ki, fəhlə və onu işə götürən müəssisə rəhbəri bir-birinə zidd yox, bir-birini tamamlayan elementlərdir. Marksizm və dialektik marksizm təfəkkürünün əsasında əkslik, ziddiyyət, qarşıdurma yatırdı, İslam və dialektik İslam təfəkkürünün əsasında isə birgə hərəkət etmək, çiyin-çiyinə durmaq, birgə addımlamaq durur. Fəhlə və işəgötürən cəmiyyətin bir-birinə yardım edə biləcək iki üzvüdür, bir-birinin düşməni, ziddi deyillər; onlar hər birinin öz hüquqları olan iki həmkardır. Axı hər bir müəssisə rəhbəri əlindəki sərmayəni, misal üçün, aparıb hansısa banka qoya, bununla da heç bir başağrı və narahatlıq çəkmədən gəlir əldə edə bilərdi; ola bilsin, qazancı da o müəssisədəkindən daha artıq olardı; amma belə etməyib, bir müəssisə açaraq yeni iş yerləri yaradıb. Bu, çox yaxşı bir şeydir. Əgər bu işdə ilahi niyyət də olsa, bu əməlinə görə Allah-taala ona Behişti qarşılıq verəcək. Mən mömin bir adam tanıyırdım, sadə həyat sürürdü; pulu var idi, amma sadə yaşayırdı; bir dəfə mənə dedi: “Çoxları mənə deyir ki, dəlisən, nəsən, gətirib pulunu bu qədər təhlükəli, riskli olan, – özü belə deyirdi, – istehsalat sahəsinə qoymusan, apar pulunu qoy banka, gəlirini götürüb ye. Amma mən deyirəm ki, yox, mən bu puldan ölkənin, istehsalatımızın inkişafı üçün istifadə etməliyəm”. Deməli, bu, çox dəyərli bir şeydir və bu fəaliyyətdə gözlənməli olan haqlardan biri də fəhlələrin müəssisə sahibləri ilə səmimi əməkdaşlığıdır. Bir-birinizlə səmimi bir şəkildə əməkdaşlıq etməlisiniz. İşəgötürənin haqlarından biri də budur ki, dövlət, əlaqədar icra strukturları onun işini asanlaşdırsın; bayaq qeyd etdiyim kimi; misal üçün, əlində nağd vəsait yoxdursa, versinlər; xammalı yoxdursa, zavodu, yaxud maşınları köhnəlibsə, kömək göstərsinlər, əldə etsin. Müəssisə sahiblərinə yardım etməyin digər bir yolu ixrac üçün zəmin yaratmaqdır. Əlbəttə ki, eksport fəaliyyətinin özü üçün məhsul sahibi – işəgötürən özü zəmin yaradır, amma bunun üçün də dövlət qurumları şərait yaratmalıdır; kömək edə, zəmin yarada bilərlər. Bu yerdə Xarici İşlər Nazirliyimiz, müxtəlif nazirliklər rol oynaya bilər. Dövlətin işəgötürənlərə edə biləcəyi yardımlardan biri də xarici müştəri ilə əlaqə qurarkən onu himayə etməkdir. Bəzən elə olur ki, iş adamlarımız hansısa məhsulu eksport edir, həmin xarici ölkədə başına oyun açırlar, incidirlər; bu yerdə dövlətin üzərinə düşən məsuliyyət budur ki, gedib sinəsini sipər etsin, öz iş adamının arxasında dursun, ona yardım etsin, hansısa ölkədə kimsə – hökumət adamı və ya biznesmen – vəziyyətdən sui-istifadə etmək istəyir deyə bizim iş adamının haqqının pozulmasına imkan verməsin. Müəssisə sahiblərinə bu kimi yardımları göstərmək olar; onların haqqı bax bunlardır.
Vacib məsələlərdən biri də eksport üçün nəzərdə tutulan məhsulların sağlamlığına və keyfiyyətinə ciddi nəzarət etməkdir. Bəzi insanlar qeyri-sağlam məhsullar ixrac etməklə ölkənin adını batırırlar. Həmin məhsul xarici bazarlara çıxanda və keyfiyyətsiz olduğu məlum olanda bu, ölkənin nüfuzuna zərbə vurur. Təkcə ölkənin nüfuzuna yox, burdan ixrac olunan məhsulların satışına da ziyan vurur. Sağlamlığa nəzarət olmalıdır. Bunlar vacib məsələlərdir.
İndi keçək daxili istehsal məsələsinə. Mən daxili istehsalın haqqının həddən artıq ciddi tərəfdarıyam və düşünürəm ki, daxili istehsala müqəddəs bir şey kimi baxılmalı, daxili istehsala dəstək vermək vacib bir vəzifə hesab edilməlidir. Daxili istehsala dəstək verməyi hər kəs özünə borc bilməlidir. Bunun yollarından biri odur ki, daxildə analoqu olan məhsullar xaricdən qətiyyən idxal edilməsin. Mən bunu dəfələrlə demişəm; rəsmi surətdə idxal edilməsin; qaçaqmalçılıq məsələsi barədə də az sonra danışacağam, bu özü də çox önəmli bir mövzudur. Üsulları da var; daxildə analoqu olan məhsullarda tarifi artırmaq, yaxud onların idxalının qarşısını almaq olar. Əlbəttə, bəhanələr gətirirlər – mən o bəhanələri də bilirəm, eşitmişəm, indi qeyd edəcəyəm də – amma əsas prinsip daxili istehsala rəvac vermək olmalıdır. Mənə məlumat çatıb ki, Tehranda – deyəsən, rayonlarda da var – bəzi satış mərkəzləri yalnız daxili məhsul satacaqları ilə bağlı qayda müəyyən ediblər; elan da yapışdırıblar; şəklini çəkib mənə gətirmişdilər, gördüm. Böyük bir posterdə elan yazıb vurublar ki, bu ticarət mərkəzində yalnız daxili məhsul satılır. Bərəkallah! Belə qeyrətli, islahatçı insanlara əhsən! Həmin ticarət mərkəzində nə mal varsa, hamısı daxili istehsalın məhsuludur. Bunun tam əksi olan ticarət mərkəzləri də var: içəri girirsən, hara baxırsan, xarici mallardır. Təəssüf ki, belə – özü də böyük ticarət mərkəzlərindən bəziləri elə hökumət strukturlarının özünündür. Nəyə görə belə edirlər? Belə hallar qınanmalıdır. Fors eləməkdən ötrü öz fəhlələrimizi işsiz qoyub, xarici ölkələrin fəhlələrinə pul qazandırmaq istəyirsiniz?! Tanınmış xarici marka məhsulları gətirirlər, bir ovuc pullular, indi-indi əli pula çatmışlar da – təəssüf ki, ölkəmizdə də onlardan az deyil – xarici marka arxasınca qaçırlar; özləri demişkən, “xarici brend” axtarırlar. Mənim o “brend” sözündən də çox acığım gəlir. Xarici malın satışı və istifadəsi cəmiyyətdə dəyərlərə zidd bir davranış hesab olunmalıdır; yalnız daxildə analoqu olmayan məhsullar istisnadır. Daxildə analoqu yoxdursa, eybi yoxdur, ətrafımıza hasar çəkməmişik ki! Biz dünya ilə əməkdaşlıq edirik, mübadilə edirik, satırıq, alırıq; elə də ola bilər ki, hansısa malın ümumiyyətlə daxildə istehsalı sərfəli olmasın – belə də olur – o halda idxal etməyin eybi yoxdur. Amma o malın ki, özümüzdə istehsalı var, olmasını istəyirik, bizim fəhləmiz həmin işlə məşğuldur və əlavə dəyər yaradır, o yerdə bizim öz malımızı kənara qoyub, yalnız xarici markadır, filan Avropa ölkəsinin filan məşhur zavod və ya fabrikinin istehsalıdır deyə gedib eyni malı xaricdən və bəzən də qat-qat bahasına alıb gətirib istifadə etməyimiz dəyərlərə zidd hesab olunmalıdır.
Xarici məhsulların idxalının, qeyd etdiyim kimi, rasional bir şəkildə qarşısını almaq lazımdır. Mən bu mövzuda ifrata yol verməyin yox, müdrik, tədbirli davranmağın tərəfdarıyam. Mən demirəm ki, qapıları bağlayıb oturun, yox, deyirəm, diqqətli olun, baxın görün nəyi idxal etmək lazımdırsa, gətirin, nəyi kənardan gətirmək lazım deyilsə, gətirməyin. Bilmirəm, o Amerika avtomobillərinin idxalı nə məsələdir dillərə düşüb, bəziləri danışır; Amerika avtomobillərindən heç amerikanlar özləri istifadə etmirdilər; bu barədə Amerika mətbuatında da yazılırdı, görmüşdük; deyirdilər yanacaq çox işlədir, ağırdır. Təsəvvür edin ki, biz Amerikanın, misal üçün, iflasa doğru getməkdə olan filan avtomobil zavodunun məhsulundan istifadə edirik; özü də Amerikanın!(4) Bunların qarşısını ciddi şəkildə almaq lazımdır. Bunu kim etməlidir? Rəsmilər, möhtərəm nazirlərimiz özləri. Bilirəm, müəyyən adamlar var, arxadan təzyiq göstərirlər – maddi maraqları var, xeyir güdürlər, ona görə təzyiq göstərirlər – bu təzyiqlərə qarşı çıxsınlar, qəbul etməsinlər. Deyirlər, ölkəyə bir neçə milyard dollarlıq kosmetik vasitə gətirilir, bilmirəm, bu, doğrudur, ya yox? Mən araşdırmamışam, elə bilirəm, siz də bir o qədər dərindən araşdırmış olmazsınız; əgər doğrudursa, çox pis. Bir neçə milyard dollarlıq kosmetik vasitə idxalı! Özü də bizim ölkəmiz kimi, belə şeylər üçün bu qədər maneə və problem olan bir ölkədə; bircə ondan ötrü ki, tutalım, hansısa əli təzəcə pula çatmış varlı bir ailə bunları əldə etmək istəyir. Eşitdiyimə görə, bəziləri heç sağlam məhsul da deyil. Belə şeylərə qarşı çıxsınlar, mübarizə aparsınlar, imkan verməsinlər.
Problemlərdən biri də qaçaqmalçılıqdır. Dəfələrlə, müxtəlif kabinetlərin zamanında idxal barədə rəsmilərlə etdiyimiz söhbətlər zamanı mənə deyiblər ki, əgər biz tarifləri həddən artıq qaldırsaq, yaxud idxalın qarşısını alsaq, həmin məhsul ölkəyə qaçaqmalçılıq yolu ilə gətiriləcək. Sizcə bu, düzgün bir arqumentdirmi? Bəli, qaçaqmalçılığın qarşısını ciddi surətdə almaq lazımdır. İndiyə qədər biz qaçaqmalçılıq əleyhinə ciddi tədbirlər görməmişik; qaçaqmalçılıqla ciddi mübarizə aparmaq lazımdır. Qaçaqmalçılıq deyəndə mən Bəlucestanda hansısa kasıb bir adamın gedib o tərəfdən çiynində bir şey gətirib bu tərəfə keçirməyini nəzərdə tutmuram; bunlar elə bir şey deyil, o qədər də əhəmiyyət daşımır; onlara qarşı mübarizə aparılmasa belə, eybi yoxdur. Mən böyük miqyasda, təşkilatlanmış surətdə gedən qaçaqmalçılığı nəzərdə tuturam. Ölkəyə qaçaqmalçılıq yolu ilə onlarla, yüzlərlə konteyner müxtəlif mallar gətirilir. Bax bunlara qarşı tədbir görmək lazımdır; biz hökumətik, gücümüz var, edə bilərik; bunlara qarşı ciddi şəkildə mübarizə aparmalıyıq. Bir neçə dəfə ciddi tədbir görüləndən sonra ya qarşısı alınacaq, ya da ən azından azalacaq. Qaçaqmalçılıq ölkə üçün böyük bir bəladır; bu, dövlət xətti ilə, gömrük yolu ilə gələn idxaldan da qat-qat pisdir: əvvəla, bu yolla gətirilən malların sağlam məhsul olub-olmadığı məlum deyil, ikincisi, bundan dövlətə heç bir gəlir gəlmir, üçüncüsü isə idxalla bağlı qeyd edilən irad bura da aiddir, yəni daxili istehsalın bazarını öldürür. Bunlar heç də kiçik ziyanlar deyil; qaçaqmalçılığın qarşısını ciddi surətdə almaq lazımdır. Qaçaqmalçılıqla mübarizə mexanizminə ciddi yanaşmaq lazımdır; bu iş üçün ən möhkəm adamlarımızı təyin etməliyik; alınacaq da; şəxsən mən belə düşünürəm ki, alınacaq; ya qarşısı alınacaq, ya da tamamilə qarşısı alınmasa belə, önəmli dərəcədə azalacaq. Bu, çox vacib bir məsələdir.
Mənim əlaqədar rəsmilər – istər Kənd Təsərrüfatı və Sənaye Nazirləri, istərsə də bəzi digər hökumət rəsmiləri ilə görüşlərimiz zamanı dəfələrlə müzakirə etdiyim digər bir mühüm məsələ də var: bəzən hansısa məhsulların ölkə daxilində istehsalı mümkün olduğu halda, onların xaricdən idxal edilməsindən böyük məbləğdə gəlir əldə edən bəzi insanlar bunun qarşısını alırlar. Əgər alınsa, rüşvətlə – yoldaş, al bu pulu, bu zavodu dayandır, yaxud tikmə – əgər razılaşmadısa, hədələməklə, cinayətlə. Mən ayrı-ayrı məhsulların adını çəkmək istəmirəm; elə mallar tanıyıram ki, onları daxildə istehsal etmək üçün imkanlar var, amma bir qrup adam bu malların idxalından mənfəət götürür deyə ölkədə istehsalına imkan vermirlər. Əlində sərmayəsi olan bir sahibkar gəlir, ölkədə geniş istifadə olunan hansısa məhsulun istehsalına təşəbbüs göstərir, gedib ona deyirlər ki, cənab, sən bu malı istehsal etmə! Al bu 10 milyardı, 30 milyardı, amma o malı istehsal etmə! Bu halda ya qarşı tərəf onların dediyi ilə razılaşıb işini rahat edir, ya da əgər razılaşmırsa, təzyiq göstərib onun üçün cürbəcür problemlər yaradırlar, yoluna qanunlardan müxtəlif maneələr çıxarırlar, yaxud bir yolla cinayətə əl atıb həmin insana zərbə vurur, peşman edirlər. Bunlar heç də adi məsələlər deyil, təhlükəsizliklə bağlı olan çox önəmli məsələlərdir; bunlara sadə baxmaq olmaz. Qaçaqmalçılıq da bu qəbildəndir; qaçaqmalçılıq daxili istehsal üçün öldürücü zəhərə bərabərdir.
Digər bir mühüm məsələ ən son texnologiyalardır. Bəzən biz deyirik ki, filan məhsulun ölkə daxilində istehsalı mövcud olduğu halda, nə üçün xaricdən gətirirsiniz? Cavab verirlər ki, bizdəki texnologiyalar köhnəlib, bu gün dünya dəyişib, ortaya yeni işlər, yeni texnologiyalar çıxıb, buna görə də xaricdən idxal etməyə məcburuq. Mənim də bu sözə cavabım var. Əlbəttə ki, mən idxalın əleyhinə deyiləm; mən idxalın, xüsusilə də texnologiyaların idxalının qətiyyən əleyhinə deyiləm. Mən özüm bu ölkənin prezidenti olmuşam, icraiyyə məsələləri ilə əlaqəm olub, bilirəm; eybi yoxdur, bəzən lazım olur, amma qədərində. Harada bir əksiklikləri olursa, “Daxili sənayenin texnologiyaları geridə qalıb” – deyirlər. Yaxşı, bəs bizim ölkəmizdə bu qədər düşünən beyinlər var! O beyinlər ki, 2000 km məsafə qət edib 10 metrdən də az yanlışlıqla hədəfə vuran raketlər istehsal edir! Bu, balaca bir şey deyil!(5) (Mən yalnız misal çəkmək istədim; raketlərin adı gələn kimi gənclər həyəcanlandılar). Demək istədiyim odur ki, düşmənlərimizi belə gördükləri işin əhəmiyyətini etiraf etməyə məcbur edəcək raketlər istehsal edən o beyinlər məgər 100 kilometrə, tutalım, 13 litr yanacaq işlədən bir avtomobilin yanacaq sərfiyyatını 5 litrə endirə bilməz? Bunu reallaşdıra bilməz? O beyin bunu etməkdə aciz qalar? Nəyə görə gənclərə müraciət etmirsiniz? Nəyə görə bu yaradıcı beyinlərə müraciət etmirsiniz? Nə üçün onlardan kömək almırsınız?
Mən neçə ildir ki, sənaye müəssisələri ilə universitetlərin əməkdaşlıq etməli olduğunu vurğulayıram; sənaye ilə universitetlərin əməkdaşlığının nəticəsi bax bu məqamda ortaya çıxır. Sənaye universitetlərə kömək edir ki, onun üçün yeni metodlar yaradıb təqdim etsinlər; həm bu, xeyir götürsün, həm də o. Sənayeni universitetlərlə, elm adamları ilə əlaqələndirin. Sevindirici haldır ki, hazırda elmi əsaslı şirkətlər sahəsində bir çox işlər həyata keçirilir və iranlı gənclərin işləmək bacardığını müşahidə edirik. Elə burda – bu hüseyniyədə mənim üçün sərgi təşkil etmişdilər, gəlib baxdım; bir qrup oğlan uşağı – məktəb şagirdləri – birlikdə işləmişdilər. Gəlib soruşdum, siz hansı işləri görmüsünüz? Biri dedi mən bunu istehsal etmişəm, o biri dedi mən onu istehsal etmişəm; məktəb uşaqları! Bax bizim intellektimiz budur, bizdəki insan kapitalı budur! Nəyə görə biz bu insan kapitalından istifadə etməyib, təkcə ən son texnologiya ilə istehsal olunub deyə xarici avtomobillərin arxasınca qaçmalıyıq? Gəlin biz də o ən son texnologiyanı ölkəmizdə yaradaq. Mən bir çox misallar gətirə bilərəm, amma demək istəmirəm, demək olmaz; bəziləri öz aramızda qalmalıdır, açıqlanmamalıdır. Əgər siz gənclərimizin haralarda, hansı sferalarda necə böyük işlər həyata keçirdiyini bilsəydiniz, doğrudan da, heyrətlənərdiniz; bizdə belələri çoxdur, mənim də bu haqda kifayət qədər məlumatım var; bunlardan istifadə edək. Texnologiyalarımızın köhnə olması idxal üçün bəhanə olmamalıdır.
Mənim demək istədiklərim bunlar idi. Mən ölkəmizin fəhlə və zəhmətkeşlərinə də, sahibkarlarına da, müəssisə rəhbərlərinə də, hökumət adamlarına da – hamısına nikbin yanaşıram; heç kimə qarşı bədbin deyiləm. İntəhası işlər hansısa məqamda axsayır; baxın görün bu axsama harada baş verir, nəyə görə baş verir, problem nədədir. Təsəvvür edin ki, siz bir neçə qalın boru ilə böyük bir hovuza elə hey su tökürsünüz, amma o, heç vaxt ağzına qədər dolmur; bir ətrafına dolanın, baxın görün harasında bir çat, yarıq var ki, su ordan sızır, ona görə də dolmur; rəsmilər bir axtarıb bu şeyləri tapsınlar.
Əzizlərim! Ölkəmiz irəli gedə bilər. Mən dönə-dönə deyirəm, İslam sivilizasiyasından, ölkəmizin İslam sivilizasiyasının zirvəsində yer tuta biləcəyindən danışıram. Bu təkcə şüarçılıq, özünü öymək deyil, ölkənin reallıqlarını nəzərə alaraq deyilən sözlərdir. Biz edə bilərik, bacararıq; iqtisadiyyatımızı inkişaf etdirə bilərik, sənayemizi inkişaf etdirə bilərik, kənd təsərrüfatımızı inkişaf etdirə bilərik, zəruri sahələrdə özünütəminetməyə nail ola bilərik; rəsmilər səy göstərməlidirlər. Çıxışımın əvvəlində də qeyd etdiyim kimi, vəzifə məsuliyyəti daşıyan hər kəs tutduğu postun haqqını verərək lazımi səviyyədə çalışıb səy göstərməlidir.
Əlbəttə, düşmənimiz var və o, öz düşmənçiliyini edir. Biz şüşə kimi hamarlanmış asfalt yolla getmirik; qarşımıza daim maneələr, əngəllər çıxarırlar. Bunu kimlər edir? Başda Amerika və sionizm olmaqla düşmənlərimiz. İşlərimizə pəl vururlar, hiylə qururlar, hələ bir istəyirlər də ki, biz bunu anlamayaq. Hərdən hətta uzaqdan gileylənirlər də ki, “nəyə görə bizə bədbin yanaşırsınız?” Bədbin yanaşmalı olduğumuz şeyləri görürük də, gözümüzü bağlaya bilmərik ki! Hazırda ölkəmizin bank əməliyyatlarında bir problem yaşanır, bunu bütün rəsmilər deyir. Bank mübadilələri vasitəsi ilə həyata keçirilən bütün əlaqələr, işlər hazırda çox böyük çətinliklə üzləşib, zəhmətlə reallaşır. Nəyə görə? Deyirlər ki, dünyanın böyük bankları razılıq vermir. Yaxşı, nəyə görə? Dərdləri nədir? Banklar elə ona görə yaranıb ki, qarşılıqlı əməkdaşlığı təmin etsin. Dünyanın hansısa böyük və məşhur bankı nəyə görə bu qədər sərvəti və 80 milyonluq bazarı olan bir ölkə ilə əməkdaşlıq etmək istəməsin ki? Ortada bir əngəl olan var; əngəl olan kimdir? Amerika. Mən azı-çoxu 100 dəfə demişəm ki, Amerikaya inanmaq olmaz; indi hər şey tam aydın olur. Kağız üzərində yazırlar ki, qoy banklar gedib İranla əməkdaşlıq etsin – hansı ki bu, yalnız kağız üzərindədir, heç bir real dəyəri yoxdur – əməldə isə bankların canına elə qorxu salırlar ki, yaxın gələ bilməsinlər; iranafobiya. Deyirlər ki, İran terrorçu ölkədir və ola bilsin, terrorçu davranışlarına görə biz bu ölkənin üzərinə sanksiya qoyduq. Bu nə deməkdir? Bu, banklara verilən mesajdır ki, diqqətli olun, İrana sanksiya tətbiq oluna bilər, yaxın getməyin. Kağız üzərində “banklar, gedin əməkdaşlıq edin” yazırlar, təlimat göndərirlər, amma reallıqda elə edirlər ki, banklar irəli getməyə cürət etməsin, xarici investorlar gəlib bura investisiya qoymağa ürək etməsin. Faktiki olaraq bunu edirlər. Özləri bütün terrorçulardan betərdirlər; özləri adlı-sanlı terrorçulara kömək ediblər, bizdə olan məlumata görə, hazırda da kömək etməkdədirlər, sonra da İrana terrorçu deyirlər. Qarşı tərəf – amerikalılar – deyir ki, investorların gedib İrana sərmayə qoymaq istəməməyinin səbəbi bu ölkənin daxili vəziyyətidir. İranın daxili vəziyyətinə nə olub ki?! Bu regionda İrandan daha təhlükəsiz ölkə hansıdır? Amerikanın özü burdan daha təhlükəsizdir? Elə özlərinin yaydığı statistikaya görə, Amerikada hər gün bir neçə nəfər terror nəticəsində qətlə yetirilir. O Amerika burdan təhlükəsizdir? O xalq etirazlarının, iqtisadi problemlərin, fəhlə çıxışlarının olduğu Avropa ölkələri burdan – birlik və təhlükəsizliyin olduğu İran kimi bir ölkədən daha stabil və təhlükəsizdir?
Düşmənlərin iddialarının tam əksinə və onlara göz dağı olaraq, İranın daxili vəziyyəti çox yaxşıdır. Amerika rəsmiləri “İrana qarşı sanksiyalar sistemi ortadan qaldırılmayıb” deyir, bunun mənası nədir? Mənası odur ki, xarici investorlar qorxub yaxına gəlməsin; bunlar iranafobiyanı yayırlar. İnsanları açıq-açığına İrandan qorxudurlar ki, heç kəs yaxına gəlməsin. Bizim belə bir düşmənimiz var və biz gördüyümüz hər bir işdə bu düşmənin varlığını nəzərə almalıyıq.
Bu düşmən 37-38 ildir ki, var, amma buna baxmayaraq biz irəli getmişik. Mən deyərdim ki, hələ bundan sonra 100 il də o düşmən düşmənliyində qalsa, onlara göz dağı olaraq, biz daha 100 il də irəli gedəcək, inkişaf edəcəyik. Amerika düşməndir; biz bunu üzə vursaq da, vurmasaq da, düşməndir; istər mən öz çıxışlarımda bunu dilə gətirib deyim, istərsə də deməyim. Mənə deyirlər ki, siz niyə elə “düşmən, düşmən” deyə təkrar edirsiniz? Tutaq ki, mən düşmən demədim, bununla düşmənçilik qurtaracaq? Düşmən düşməndir; o, bu ümummilli hərəkatın, inqilabın, hökumət quruluşunun özünün əleyhinədir. Vaxt var idi ki, Amerika bu ölkədə hər işin ağası idi, bu gün isə burda heç səfirliyi də yoxdur. Çünki hakimiyyətə İslam dövləti gəlib. Elə ona görə də İslam dövlətinin əleyhinədir və əvvəlki vəziyyətin yenidən bərpa olunmasını istəyir. Deyirlər ki, “pəncərələri açın”; öz bayram mesajında o cənab(6) İran şairlərindən birindən bir sitat gətirərək deyib ki, “pəncərələrinizi açın”. Mən eşidəndə dedim, hə, pəncərələri açın ki, qapıdan qovduğunuz biz pəncərədən gələk; pəncərələri açın ki, biz rahatca içəri girə bilək!
Rəsmilər – hökumət nümayəndələri, icraedici hakimiyyətin rəsmiləri, parlamentdə, məhkəmə hakimiyyətində, cürbəcür inqilabi qurumlarda təmsil olunan rəsmilər, eləcə də sadə xalqın nümayəndələri bir şeyə diqqət yetirsinlər: biz məzlumuq, zülmə məruz qalırıq, amma güclüyük; rəhbərimiz, imamımız Əmirəlmöminin kimi. Əmirəlmöminin ən məzlum, amma ən güclü idi. Biz öz qədrimizi bilsək, gücümüzü, nəyə qadir olduğumuzu bilsək, bu gücdən ən yaxşı, ən humanist, İslama ən uyğun şəkildə istifadə etsək, bütün bu maneələrə üstün gələrik. Bəli, yolumuz hamar deyil, amma bizim daşlıqda da irəli getmək üçün gücümüz var. Xoşbəxtlikdən, bu gün getdiyimiz yol heç daşlıq da deyil; inqilabın əvvəllərində belə idi. Bu gün rəsmilərimiz və xalqımız öz gücümüzə arxalanmağa önəm verməlidirlər.
Bir neçə gündən sonra – yəni 2 gündən sonra – ölkəmizin bəzi şəhərlərində seçkilər olacaq; seçkilərə önəm verin, seçkilərə qatılın, seçkini buraxmayın. Seçki önəmlidir. Mən əziz xalqımıza dəfələrlə üz tutub demişəm– həm bu isfənd ayında baş tutan seçkilərdə, həm də daha əvvəl ölkədə keçirilmiş parlament və ya prezident seçkilərində – dönə-dönə təkrar etmişəm ki, seçkidə iştirak etsinlər. Seçicilərin seçkidə iştirakı həlledici bir məsələdir. Bəziləri buna önəm vermir. Siz seçki məntəqəsinə gəlməsəniz, o emosiyaları, o meyli, o həvəs və marağı, iradəni seçki qutusuna ötürməsəniz, iş çətinləşəcək. Seçkilərə qatılın; seçkilərin ikinci etapının əhəmiyyəti birincidən heç də az deyil. Mən orda necə “Hamının seçkidə iştirak etməsi lazımdır” – deyirdimsə, eynilə burda da deyirəm ki, hamı seçkiyə qatılmalıdır. Uca Yaradandan da kömək istəyin və inşallah, Allah-taala hamınıza yardımçı olacaq.
Allahın salamı və rəhməti nəsibiniz olsun.
______________________
(1) Görüşün əvvəlində Kooperasiya, Əmək və İctimai Rifah Naziri cənab Rəbii hesabatla çıxış etmişdir.
(2) Müqavimət iqtisadiyyatının 29.11.1392-ci ildə elan edilmiş başlıca siyasətləri nəzərdə tutulur.
(3) «Məsaili-Əli İbn Cəfər və mustədrikətuha”, səh.93, azacıq fərqlə.
(4) İştirakçılar «Amerikaya ölüm!” şüarını səsləndirir.
(5) İştirakçılar təkbir deyir.
(6) ABŞ prezidenti Barak Obama nəzərdə tutulur.