Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin islami şagird təşkilatlarının üzvləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین

Əzizlərim, çox xoş gəlmisiz. Bugünkü görüşümüz mənim üçün çox xoş və arzulanan bir görüşdür. Belə dinamik, yüksək əhval-ruhiyyəli, belə gözəl fikirlər səsləndirən, bu cür kəsərli fikirləri olan, belə gözəl çıxışlar edən gənclərin iştirakı, doğurdan da, bugünkü görüşümüzə bir şirinlik qatdı; inşallah, bu gün mənim üçün yaddaqalan bir gün olacaq.

Əvvəla, rəcəb ayı barədə bir iki kəlmə deyək. Hər bir insanın qəlbinin bir incə teli, varlığının bir mənəvi tərəfi var. İnsan varlığının bir çox müxtəlif tərəfləri var: instinktlər var, meyillər var, ehtiyaclar var. Hər bir insanda bütün insanlarda olan bu kimi cəhətlərdən biri də mənəviyyat aspektidir. Bu, çox incə bir cəhətdir və gənclik illərində onun zərifliyi, şəffaflığı və saflığı daha çox özünü göstərir. Əgər biz bəşər övladları bu aspekti özümüzdə gücləndirə bilsək, o, bizim digər aspektlərimizi düzgün istiqamətləndirər. Bu o demək deyil ki, mənəviyyat aspekti instinktlərin, ehtiyacların, ağlın və rassional yanaşmanın qarşısını  alsın;  yox, bütün bunlar öz yerində, amma mənəviyyat aspekti insan varlığında qorunanda, güclənəndə bütün digər aspektləri düzgün istiqamətləndirir. Həyatda gördüyümüz xəbis, zalım, qaniçən, pulpərəst, şəhvətpərəst, qarunqulu – bir sözlə, varlığında maddi aspektlərin üstünlük qazandığı insanlar o şəxslərdir ki, özlərində o mənəviyyat aspektini  inkişaf etdirməyiblər, tədricən bu cəhət onlarda zəifləyərək aradan gedib. Mən siz gənclərə demək istəyirəm ki, özünüzdə bu mənəviyyat aspektini gücləndirmək üçün rəcəb ayından istifadə edin, bəhrələnin. Rəcəb ayından sonra şaban ayı, ardınca isə ramazan – mənəviyyat baharı gəlir. Sizlər də – cənab Hacı Əliəkbərinin də qeyd etdiyi kimi – insanlığın baharının təcəssümüsünüz, belə ki ömrünüzün baharını yaşayırsınız; bu mənəviyyat baharından bacardığınız qədər istifadə edin. Allahı xatırlamaq, Allahın adını dilə gətirmək, bu ay üçün tövsiyə olunmuş dualar, onların məzmununa diqqət yetirmək, Quran oxumaq, vaxtın başlanğıcında namaz qılmaq, günahdan çəkinmək, gözəl əxlaq – bütün bunlar bu ayın bizim hamımız üçün yaratdığı böyük fürsətlərdir, amma siz gənclər bu fürsətlərdən daha yaxşı istifadə edə bilərsinizz; eynilə maddi fürsətlər kimi. Təsəvvür edin ki, bir meydandır; meydanın o başında finiş xətti çəkilib, bir mükafat da müəyyən olunub, mənə və sizə deyirlər ki, hansınız o xəttə tez çatsa, mükafatı qazanacaq. Kim tez çatar? Aydındır ki, siz gəncsiniz, güclüsünüz, həvəslisinizz,  mən özümə gəlib yerimdən tərpənincə siz ora çatıb mükafatı qazanacaqsınız. Mənəviyyat da eynilə bu cürdür; bunu bilin. Mənəviyyatda da sizlər daha tez, daha asan, daha sürətli və daha həzverici bir şəkildə öz məqsədinizə çata bilərsiniz. Sizin gördüyünüz bu adamlar, bizim vaxtımızda  olan, misal üçün, mərhum Ayətullah Behcət kimi insanlar – nurani bir insan idi; qoca və çox nurani – onlar cavanlıqdan, yəni sizin yaşınızda olduqları vaxtdan öz mənəviyyatına diqqətli yanaşmış adamlar idi. Bu şeylərə daha gec önəm verməyə başlamış insanların isə  mənəvi uğurları daha azdır. Bunları heç düşünməyənlər isə o nuranilikdən, o saflıqdan, o şəffaflıqdan məhrum qalır, əksər insanlar kimi olurlar. Bu, mənim  birinci qeydim. 

Siz gənclərə deyiləsi sözüm çoxdur – siz  özünüz özünüzə  yeniyetmə deyirsiniz, mənsə sizin hamınızı gənc adlandırıram – müxtəlif mövzularda sizə deyəsi cürbəcür sözlərim var. Axı necə olursa-olsun, siz bir baxımdan mənim qardaş və bacılarım, bir baxımdan övladlarım, bir baxımdan da nəvələrim hesab olunursunuz; əzizlərimsiniz; həm bu gün burda iştirak edənlər, həm sizin təmsil etdiyiniz təşkilatların üzvü olan bir neçə min şagird, həm də bütövlükdə ölkəmizin 12 milyonluq şagird ordusu – o əziz gəncimizin söylədiyi kimi – sizin hamınıza mənim münasibətim bü cürdür. Bəli, sizə deyəsi sözüm çoxdur, amma bu gün mən şagird təşkilatlarından, eləcə də Şagird Təşkilatları Assosiasiyasından bir istəyimi ehtiva edəcək əsas bir məsələyə toxunmaq istəyirəm. Giriş olaraq bunu deyim: biz imperializm cəbhəsi və onun uzantılarından ibarət bir düşmən cəbhəsi ilə çarpışma vəziyyətindəyik; bu, məlumdur. Onun mehvəri Amerika və sionizm, uzantıları, tör-töküntüləri isə gördüyünüz bu dövlətlər və yarımdövlətlərdir; biz bunlarla qarşıdurma vəziyyətindəyik; İslam İnqilabı və İslam dövləti bunlarla çarpışır. Bu çarpışma nə üstündədir? Və ya başqa sözlə desək, bizim imperializmlə olan bu qarşıdurmamız hansı müstəvilərdə gedir? Əgər onlarla qarşıdurma vəziyyətində olduğumuz sferaları sadalamaq istəsək, mən elə bu dəqiqə bir on dənəsinin adını çəkə bilərəm; oturub dərindən düşünsək, araşdırma aparsaq, bundan da çox olar; bizim imperializmlə qarşı-qarşıya gəldiyimiz məqamlar iyirmidən, otuzdan da çoxdur. Misal üçün, onlardan biri ölkənin müstəqilliyi məsələsidir – iqtisadi müstəqilliyi, siyasi müstəqilliyi, mədəni müstəqilliyi– bizim imperializmlə qarşıdurmada olduğumuz sferalardan biri budur. Başqalarının haqqına əl uzatmaq imperializmin, imperialist dövlətlərin xarakterik cəhətidir; istər 17-ci, 19-cu əsrlərə aid olan və ta 20-ci əsrə qədər  davam etmiş müstəmləkəçilik dövründə olsun, istərsə də sonralar tətbiq etməyə başladıqları və indiyə qədər də günü-gündən sayını və növünü artırdıqları cürbəcür yeni, modern metodlar. Məqsədləri əliuzunluq etməkdir; xalqların mənafeyinə, ölkələrə əl uzatmaq, öz ağalığını və mütləq nüfuzunu təmin etməkdir. İmperializmin məqsədi budur. Hansısa ölkə onların bu məqsədinə qarşı çıxmaq, öz müstəqilliyini – istər mədəni, istər siyasi, istərsə də iqtisadi müstəqilliyini – müdafiə etmək istəyəndə də, təbii ki, maraqlar toqquşur, qarşıdurma yaranır; bizim imperializimlə qarşıdurma vəziyyətində olduğumuz müstəvilərdən biri budur.

Digər bir qarşıdurma müstəvisi isə inkişafdır, tərəqqidir. Əgər dünya ölkələrinə ehtiyacsız olduğunu nümayış etdirmiş, onları vecinə almamış, onlardan asılı olmayan, onlara arxalanmayan – bu tip xüsusiyyətlərə malik İran ölkəsi tərəqqi və yüksəlişə nail olsa, bu, nümunəvi bir inkişaf modeli olar; yəni başqa ölkələr, başqa xalqlar üçün örnək olar. Bu inkişaf məsələsi bizimlə imperializm arasında savaşa səbəb olan müstəvilərdən biridir. Biz belə bir inkişafa nail olmaq istəyirik, onlarsa bizim buna nail olmağımızı istəmirlər.

Nüvə məsələsində imperialist dövlətləri səf çəkib bizim qarşımızda durmağa vadar edən motivlərdən biri də elə bu idi; düzdür, başqa bəhanələr gətirirlər, amma bir neçə əsas motivləri var idi. Biri bu idi ki, hansısa ölkə Amerika, İngiltərə və ya başqa bir güclü dövlətə söykənmədən, özü nüvə texnologiyaları kimi fövqəladə dərəcədə həssas bir sferada uğurlar qazana bilmişdi; bu, onlar üçün olduqca önəmli və təhlükəli idi, belə bir şeyin baş verməsini istəmirdilər. Və mən əminəm ki, əgər biz bunlara üz versək, bunlar sabah biotexnologiya, nanotexnologiya və sair müxtəlif elm sahələrinə görə də oyun çıxarıb problem yaradacaqlar. Elmi, iqtisadi, mədəni cəhətdən inkişaf İslam Respublikası ilə imperializm arasında fikir ayrılığı və qarşıdurma yaradan mövzulardan biridir.

Belə fikir ayrılığına yol açan mövzulardan biri də İslam Respublikasının regionda və dünyada qüdrətli varlığı məsələsidir; bu qüdrətli iştirak imperializmin planlarına əngəl olur. Hazırda Amerikanın Qərbi Asiya regionu üçün öz planı var (onlar özləri bu regionu Orta Şərq adlandırırlar, amma mən təkidlə vurğulayıram ki, biz bu ifadəni işlətməməliyik; buna dəlillərim də var, bir vaxtlar(2) demişəm); onların ötən 10-12 ildə “Böyük Orta Şərq”, “Yeni Orta Şərq” adları altında öz planlarını həyata keçirdiyinin siz də şahidi olmusunuz. Bu planlar onların müəyyən işlərə start verməsinə yol açıb, amma İslam Respublikasının qüdrətli iştirakı onların işlərinin irəliləməsinə əngəl olur. İxtilaf və qarşıdurmaya səbəb olan mövzulardan biri də budur.

Digər belə bir mövzu isə Fələstindir; digər biri müqavimət mövzusudur; digər bir ixtilaf müstəvisi Qərb mədəniyyətinin, Qərbə xas həyat tərzinin genişləndirilməsidir (belə ki hansısa ölkədə qərblilərin, yaxud amerikalıların qəbul etdiyi və rəvac verdiyi həyat tərzi genişlənərsə, həmin ölkənin ziyalıları Amerika, Qərb və ya qarşılarındakı hər hansı bir dövlətin siyasətləri qarşısında dilsiz-ağızsız qoyuna çevrilir; onlar məhz belə bir vəziyyətin yaranmasında israrlıdırlar, İslam Respublikası isə bunun qarşısını almaq istəyir).

Mən imperializmlə bizim ölkəmiz arasında qarşıdurmaya səbəb olan məsələlərdən yalnız bir neçəsini sadaladım; bayaq qeyd etdim ki, yadımda olanları demək lazım olsa, dalbadal bir 10 dənəsini saymaq olar, amma oturub ətraflı fikirləşsək – siz fikirləşsəniz, biz fikirləşsək – 10, 20, 30, bəlkə, bundan da çox olar.

İndi gəlib çatdıq mənim nəzərdə tutduğum əsas məsələyə. İslam Respublikası ilə imperialistlər arasında qarşıdurmaya səbəb olan mövzulardan biri də gənclərdir; gənclər mövzusudur. Bu gün bu gənclər mövzusu üstündə İslam Respublikası ilə Amerika, onun müttəfiqləri və sionistlər arasında olduqca genişmiqyaslı, gizli xarakterli bir yumşaq müharibə gedir. Bir neçə il öncə mən tələbə gənclərimizə xitabən demişdim(3) ki, “Siz yumşaq müharibənin zabitlərisiniz”; elə siz də beləsiniz, siz də yumşaq müharibənin zabitlərisiniz. Gənc bir adamda stimul və özünəinam varsa, düşüncə gücü və cəsarət varsa, deməli, o zabitdir – yumşaq müharibənin, yumşaq savaşın zabiti – bu, gənclərə xas olan bir xüsusiyyətdir.

İndi siz gözünüzün önünə İslam Respublikası üçün arzuolunan şəxsi keyfiyyətlərə malik bir zabitlə İslam Respublikasının düşməni üçün arzuolunan şəxsi keyfiyyətlərə malik olan bir zabit gətirin; bunları müqayisə edin, görün nə çıxır; hələ biz top-tüfəngli savaşlardan daha təhlükəli olan yumşaq müharibədən danışırıq; bəzən bizi hərbi hücum, bombardman və sair bu kimi şeylərlə də hədələyirlər, amma böyük qələt edirlər; elə deyil, bunu etmələri üçün zəmin yoxdur, buna cürət də etməzlər, etsələr belə, ağızlarının payını alarlar.

Yumşaq müharibə isə var; elə bu dəqiqə də yumşaq müharibə gedir, qarşı tərəf hücumlar etməklə məşğuldur; biz də bu tərəfdən məşğuluq; indi biz hücum edirik, yoxsa müdafiə olunuruq – bu, başqa mövzudur və mən bu fikirdəyəm ki, bu tərəf də müdafiə olunmaq yerinə hücuma keçməli, eyni zamanda öz müdafiə mərkəzlərini də qoruyub saxlamalıdır. Deməli, ortada bir savaş var; siz bu yumşaq müharibəni odlu-alovlu müharibələrlə, top-tüfəngli cəbhələrlə müqayisə edin; eynilə, misal üçün, bu gün İraq, Suriya, Yəmən və digər yerlərdə hökm sürən müharibə vəziyyətini təsəvvürünüzə gətirin; bu gün dünyada gedən savaşları, yaxud bir vaxtlar İranda 8 il sürmüş Müqəddəs Müdafiəni düşünün. Öz qərargahında, yaxud səngərdə oturmuş bir zabiti gözünüzün önünə gətirin; bu zabit iki cür ola bilər; onu iki cür xarakterizə etmək olar: bu zabit qətiyyətli, sayıq, qəlbi ümid və stimul dolu, çalışqan, fərasətli, öz fikrini irəli sürməyi bacaran, cəsur və fədakar biri ola bilər. Əgər qərargahda, yaxud səngərdə oturan zabit belə birisidirsə, o döyüş üçün yaxşı bir nəticə gözləmək olar. Bu variantda zabit şücaətli, rəşadətli, düşünən, imanlı, optimist, qərar verməyi bacaran, stimullu bir döyüşçüdür – bu, bir cür zabitdir. Amma həmin zabiti tamam başqa bir formada, başqa səciyyəvi xüsusiyyətlərlə də təsəvvür etmək olar. Təsəvvür edin ki, o, pessimist bir insandır; yəni döyüşməyin faydasız olduğunu düşünür; öz-özünə deyir ki, “nahaq dayanmışıq, xeyri yoxdur”; ümidsiz biridir. Və ya asanlıqla təslim olmağa, boyun əyməyə meyilli bir insandır, savaşmağa, müqavimət göstərməyə halı yoxdur; ola bilsin, bir qədər müqavimət göstərər, amma təzyiqlər, güc bir az çoxalan kimi təslim olacaq; psixologiyası budur. Yaxud tez aldanan bir adamdır; düşmənin aldadıcı təbəssümünə etimad edir və ya ümumiyyətlə düşmənin yalanını anlamır. Müharibə isə yalan və hiylə ilə doludur; bütün müharibələr belədir: 

اَلحَربُ خُدعَة

“Müharibə hiylədən ibarətdir”.(4) Elə top-tüfəngli müharibələrdə də güclü və bacarıqlı bir komandirin görə biləcəyi ən əsas işlərdən biri hansısa manevrlə, hansısa hərəkətlə düşməni aldatmaqdır; düşmən elə bilsin ki, o, o yandan hücuma keçmək istəyir, diqqəti o tərəfə yayınsın, o da arxadan hücum etsin. İndi təsəvvür edin ki, bu zabit tez aldanan bir insandır. Düşmənin yalanlarının mahiyyətini anlamır, yalan olduğunu müəyyənləşdirə bilmir. Və ya ümumiyyətlə tənbəl, halsız biridir; yatıb-dincəlmək istəyir. Yaxud nəyəsə öyrəncəlidir, hər hansı bir asılılığı var; şəhvətpərəstdir, narkotik maddələrdən və ya bu son vaxtlar dəb düşmüş kompyüter oyunlarından asılılığı var (eşitdiyimə görə, bəzi insanlarda o oyunlara qarşı asılılıq yaranır); özünün və gözünü ona dikmiş başqa insanların müqəddəratını düşünmür, taleyinə etinasız yanaşır. Yaxud instinktlərinə düşkündür; misal üçün, təsəvvür edin ki, həmin o zabitin başı səngərdə öz maddi instinktlərini, heyvani tələbatını təmin etməyə qarışıb; yeyib-içməklə məşğuldur. Deməli, o zabit bu cür də ola bilər, bu kimi xüsusiyyətlərə də malik ola bilər. O zaman həmin döyüşün nəticəsi nə olacaq? Məlumdur. Deməli, yumşaq müharibənin zabitlərinin şəxsi keyfiyyətləri 2 cür ola bilər. 

Bizimlə düşmənlərimiz arasında kəskin fikir ayrılığına yol açan məqamlardan biri budur. Düşmən yumşaq müharibədə bizim zabitlərimiz olan gənclərimizin bir cür olmasını istəyir, İslam Respublikası isə onları başqa bir formada görmək arzusundadır. İslam Respublikasında dindarlığa, saf əxlaq və mənəviyyata, maddi instinktlərə ifrat dərəcədə düşkünlükdən çəkinməyə bu qədər önəm verilməsini fanatizmlə, onlar demişkən, dar düşüncəlilik, mürtəcelik və sairlə əlaqələndirmək lazım deyil; yox, bu, bir tərbiyə metodudur, yumşaq müharibənin zabit və komandirlərinin bəyənilən xüsusiyyətlərinə əsaslanan cəhətlərdir. Bizim Amerika ilə problemlərimizdən biri budur. Amerikalılar bizim gənclərimizdə o şücaətin, o optimizmin, o stimulun, o dinamizmin, o fiziki güc və bacarığın, o düşüncə qabiliyyətinin olmağını istəmir, onların düşmənə nikbin, öz komandanlıq vəzifəsinə və arxa cəbhəyə isə bədbin yanaşmasını istəyir; düşmən bizim gənclərimizi bu cür bəyənir. Onun radio, televiziya və internet vasitəsilə apardığı, bizim gənclərimizə ünvanlanan bütün təbliğatın və gördüyü bütün cürbəcür işlərin məqsədi budur; İran gəncini elə bir ünsürə çevirmək istəyirlər; nə doğru-dürüst imanı, nə elə bir şücaəti, nə stimulu, nə də ümidi olan bir ünsürə; buna çevirmək istəyirlər. İslam Respublikası isə bunun tam əksini istəyir; İran gəncinin fəal və effektiv olmağını arzu edir. 

Mənim əzizlərim, mənim balalarım, mənim sizdən istədiyim budur: siz öz yaşıdlarınızın – sizinlə həmyaşıd olan orta məktəb şagirdlərinin – o doğru, bəyənilən xüsusiyyətlərə uyğun yetişdirilməsində rol oynamalı, onların məhz bu cür olmasına yardım etməlisiniz; islami təşkilatların vəzifəsi budur. Təbii, bu yalnız o zaman mümkün ola bilər ki, siz öz təşkilatınızı uğurla qurub, özünütərbiyə yolunda uğurla addımlayasınız. Əlhəmdulillah, bayaq cənab Hacı Əliəkbərinin də qeyd etdiyi kimi, islami təşkilatlarda vəziyyət bir çox hallarda məhz elə bu cürdür; onun məruzəsi məni, doğrudan da, sevindirdi; az-çox xəbərdar idim, məlumatım da var idi, amma o, bu gün burda açıq-aydın söylədi. Həm özünüzü, həm də başqalarını tərbiyə edin. Özü də bu təkcə sizə aid deyil; siz müsəlman şagird təşkilatlarısınız, müsəlman tələbə təşkilatları da eyni vəzifəni yerinə yetirir. İstənilən yerdə, istənilən islami təşkilat – istər şagird təşkilatı olsun, istərsə də tələbə təşkilatı – İran gənclərini qeyd etdiyim səciyyəvi keyfiyyətlərlə, qeyd etdiyim formada yetişdirmək əvəzinə, əksinə davranır, yaxud bu işdə səhlənkarlığa yol verirsə, bu o deməkdir ki, daşıdığı vəzifəyə zidd hərəkət edir; Allah-taalanın ondan istədiyinin əksinə davranır. “Məkarimül-əxlaq” duasında insan Allahdan onlarla şey istəyir; hansılar ki, kifayət qədər önəmlidir də; o cümlədən deyirik: 

وَ استَعمِلنی لِما تَسأَلُنی غَدًا عَنه

“Məni sabah – Qiyamət günü haqqında sorğu-sual edəcəyin işlərə məşğul et”;(5) məsuliyyət daşıyırıq; hər kəs məsuliyyət daşıyır. Siz gəncsiniz, biz qocayıq, amma hamımızın öhdəsinə məsuliyyət düşür; qocalar kimi, gənclər də məsuliyyət daşıyır, fərqi yoxdur. Siz, assosiasiyanız çalışmalısınız ki, əvvəla, auditoriyanızı kəmiyyət baxımından bacardığınız qədər genişləndirəsiniz; mən demirəm ki, təşkilatların sayını artırın, demək istədiyim odur ki, təşkilatlarınızın təbliğat dairəsini, yaşıdlarınız üzərində təsir dairəsini genişləndirin. Ola bilsin, qarşınızdakı insan heç təşkilatınızın üzvü olmaya, üzv olmaq istəməyə, eybi yoxdur, amma islami təşkilatlar elə etməlidir ki, özlərinə daha geniş auditoriyalar qazansınlar, daha geniş auditoriyalara təsir göstərmək imkanı əldə etsinlər və həmin təsir bayaq qeyd etdiyimdən, yəni müsəlman gəncin şəxsiyyətini, kimliyini formalaşdırmaqdan ibarət olsun; İslam Respublikasının istədiyi formada, İslam Respublikasının səciyyələndirdiyi şəkildə; Amerikanın və sionist kapitalistlərin səciyyələndirdiyi şəkildə yox. Bu, bir vəzifədir, bu işi yerinə yetirməyə çalışmaq lazımdır. Sizin assosiasiyanın həyata keçirdiyi tədbirlərdən xəbərim var; mənə hesabat da təqdim ediblər; baxmışam da; yaxşı da hesabatdır; həyata keçirilən tədbirlər də çox yaxşıdır, amma günü-gündən daha da gücləndirməlisiniz; bu tədbirləri kəmiyyət və keyfiyyət baxımından günü-gündən daha da artırmaq lazımdır. 

Ölkənin sizə ehtiyacı var; ölkənin bu gün ölkəmizdə olan milyonlarla şagird və tələbəyə kəskin ehtiyacı var. Bizim mömin, sədaqətli, optimist, yüksək ruhlu, fəal, təşəbbüskar gənclərə ehtiyacımız var, ölkənin ehtiyacı var, ölkənin gələcəyinin ehtiyacı var. Düzdür, İslam Respublikasının artıq 37 yaşı var və düşmən bütün səylərinə baxmayaraq, bu 37 ildə heç bir qələt edə bilməyib; bu doğrudur, amma şair demişkən: “Düşməni həqir və biçarə saymaq olmaz”;(6) daha uzun müddət üçün nəzərdə tutduqları planlar var. Necə ki biz 50 il bundan sonra haqqında danışırıq – məsələn, mən 3-4 il bundan əvvəl demişdim(7) ki, 50 il sonra üçün elm sahəsi ilə bağlı planlarımız bunlardır – yəni necə ki biz gələcək 50 ili düşünürük, onlar da 50 il bundan sonranı düşünür. Onların da məqsədi var, bu hərəkatın ardıcıl, davamlı olmasını əngəlləmək haqda düşünürlər; belə ki bu hərəkat təkcə İranla məhdudlaşmayıb, təkcə İranda qalmayıb, davamlı olub və müxtəlif yerlərdə, müxtəlif formalarda genişlənib. Biz isə buna imkan verməməliyik. Kim imkan verməməlidir? Siz; siz gənclər; gələcək sizindir. Həm sözün həqiqi mənasında özünüzü bir şəxsiyyət kimi formalaşdırın, həm də sabitqədəm olun. Sabah universitetə gedəcəksiniz, universitet tələbəsi olmağınız sizdə o dini, inqilabi şəxsiyyəti daha da gücləndirməlidir, zəiflətməməlidir. Bəzi insanlar belədir; ali məktəbə gedənə qədər bir cür olurlar, universitetə gedəndən  sonra tamam dəyişirlər! Belə olmamalıdır, bu psixologiya, bu ruhiyyə daha da güclənməlidir. Gedəcəyiniz universitetlər də müsəlman universitetidir, universitetlər də İslamındır, inqilabındır, bu inqilabçı xalqındır. Bu mahiyyət, bu kimlik davam etdirilməli, qalıcı olmalıdır; sabitqədəm olun. Sabitqədəm olmaq çox önəmlidir.

Aranızdakı əlaqə də kəsilməsin. Müsəlman gənclər təşkilatları arasında hazırda mövcud olan əlaqə kəsilməməlidir. Çalışın bu əlaqənizi qoruyub saxlayasınız. Bu mübarək zənciri, aranızdakı bu əlaqəni qoruyun; həm indi, həm də orta məktəb yolunu başa vurub tələbəlik yoluna qədəm qoyandan sonra və ya olduğunuz hər bir yerdə.

وَ تَواصَوا بِالحَقِ‌ّ وَ تَواصَوا بِالصَّبر

“Haqqı və səbri tövsiyə edənlər”(8) – ayəsinin bir nümunəsi olun. Bir-birini qoruyub yaşatmağa çalışın; eynilə alpinistlərin təhlükəli yüksəkliklərdə kəndirlə bir-birini kəmərlərinə bağladıqları kimi; beləcə dağın başına çatana qədər birinin ayağı sürüşsə də, aşağı yıxılmır; bir-birinə kəndirlə bağlı olduqları üçün biri sürüşsə də, o birilər onu tutub yuxarı çəkir; bağlılıq, əlaqə bax belə bir şeydir.

تَواصَوا بِالحَقِ‌ّ وَ تَواصَوا بِالصَّبر

Bir-birinizə həm haqq yolla getməyi, həm də səbirli olmağı tövsiyə edin. Səbir – dözümlülük, mübarizlik, sabitqədəmlik, xoşagəlməz hadisələrlə qarşılaşarkən doğru yoldan sapmamaq, qorxmamaq, tərəddüd  etməmək deməkdir. Mənim sizə demək istədiklərim bax bunlar idi.

Əlbəttə ki, rəsmilərin də öhdəsinə müəyyən vəzifələr düşür. Sevindirici haldır ki, bu gün Təhsil və Tərbiyə Nazirliyinin başında dindar, imanlı insanlar durur. Bu, bir fürsətdir, ondan istifadə etmək lazımdır. Hər hansı bir kollektivin rəhbərliyi dindar, imanlı olduqda  bir çox yaxşı işlər görmək imkanı yaranır;  o uşaqlar, mənim o gözəl balalarım, o oğlanla qız çox gözəl danışdılar; yəni onlar, həqiqətən də, çox düzgün məqamlara toxundular və mən həm öz idarəmizə, həm də Təhsil və Tərbiyə Nazirliyinə tövsiyə edirəm ki, onların dediyi məqamları qeyd etsinlər, diqqət yetirsinlər, araşdırsınlar, önə çəksinlər. Mənim demək istədiyim budur ki, əvvəla təkcə müsəlman gənclər təşkilatlarının yox, bütün şagirdlərin inqilabi işlərlə məşğul olması üçün asudə vaxt yaratmaq lazımdır. Təlim və tərbiyənin, ən çox da təlimin metodları elə olmalıdır ki, şagird gənclərimizin bütün vaxtı, gücü, istedadı, fiziki və intellektual gücü sırf kitab-dəftərə sərf olunmasın; bəzən belə olur; görürsən ki, şagirdin bütün fiziki və intellektual gücü, psixologiyasının və əsəblərinin potensialı kitablara sərf olunur; nə əyləncə üçün, nə idman üçün, nə də inqilabi işlər üçün asudə vaxtı qalır; bu, bir nöqsandır; elə etsinlər ki, şagirdlərimizin boş vaxtı da qalsın. Əlbəttə ki, bu, bir-iki günün işi deyil, bunun üçün xüsusi proqram olmalıdır. Ola bilsin, bugünə-sabaha alınmaz, amma bu istiqamətdə iş görülməlidir. Uşaqlar inqilabi ruhda yetişdirilməlidir, ona görə də onlara inqilabi işlər, inqilabi fikirlər üçün boş vaxt imkanı yaratmaq lazımdır; bu, bir. 

İkincisi, etibarlı şagird təşkilatlarının fəaliyyəti üçün şərait yaradılmalıdır; eynilə bu müsəlman şagird təşkilatları kimi, bu assosiasiya kimi; bunlar bir təşkilatdır; etibarlı, dindar; yaxud bəsic – şagird bəsici; təşkilatdır; etimada layiq və dindar bir təşkilat. Bunlara meydan verilsin, meydan verilsin ki, işləsinlər; şərait yaradılsın, imkanlar yaradılsın – bu gənclərin də burda qeyd etdiyi kimi – maddi imkanlar, mənəvi imkanlar; bunlara meydan versinlər, qədrlərini bilsinlər. Sizdə olan bu stimulu pul, təbliğat və sairlə də yaratmaq istəsəydik, heç vaxt mümkün olmazdı; 

لَو اَنفَقتَ ما فِی الاَرضِ جَمیعًا مآ اَلَّفتَ بَینَ قُلوبِهِم

“Yer üzünün bütün sərvətini xərcləsəydin belə, onların qəlbləri arasında ülfət yarada bilməzdin”.(9)

Mən də burda deyirəm: əgər bütün sərvətimizi də xərcləsəydik, bu qədər stimul, bacarıq, şövq və marağı bir yerə toplaya bilməzdik. Bu, daxildən qaynayıb daşan bir şeydir; bunu Allah edib; qəlblər Allahın əlindədir; mənim də, sizin də qəlbimiz Allahın əlindədir. Bunun qədrini bilməliyik. İndi bu uşaqlar meydana atılıblar; gənclərimiz – istər Müsəlman Tələbə Təşkilatları Assosiasiyasında olsun, istər bəsicdə və sairdə – gəlib meydana giriblər, Allah naminə, inqilab üçün, ölkə üçün hansısa işlər görmək istəyirlər; onlara meydan vermək, maddi və mənəvi dəstək olmaq lazımdır.

Üçüncü məqam: bəzi məktəblərdə inqilabi işlərə qarşı çıxırlar; o iki əziz gəncimiz də burda qeyd etdilər, mən də eşitmişdim, məlumatım var idi. Tutalım, uşaqlar 22 bəhmən üçün – məsələn deyirəm – proqram hazırlamaq istəyirlər, məktəb rəhbərliyi isə onlara kömək etmək əvəzinə, əngəllər yaradır; bəzən hətta rəsmən qarşısı alınır; yox, bu kimi tendensiyalara qarşı mübarizə aparılmalıdır. Uşaqlar dərslərini oxumalıdır, lap yaxşı, oxusunlar; mən də dərs oxumağın tərəfdarıyam, bilirsiniz, amma dərslə yanaşı inqilabi işlər də görülməlidir.

Əzizlərim! Ölkəmizin gəncləri insanda ümid doğurur; gəncliyimiz ümidvericidir; belə deyil ki, mənim az sayda gənclərin yanlış yollara getdiyindən, pis işlər gördüyündən xəbərim yoxdur; yox, onlardan da xəbərim var, amma ölkəmizin gəncliyinə ümumilikdə nəzər salanda Allah-taalaya şükürlər edirəm. Onları azdırmaq üçün  bu qədər amillərin, bu qədər böyük marağın, əsas diqqətini məhz gənclərin üzərində cəmləmiş belə geniş düşmən cəbhəsinin mövcud olduğuna baxmayaraq, bizim mömin, dindar, inqilabi ideyaların daşıyıcısı olan, təvəssül edən, mənəviyyata təşnə və aşiq olan möhtəşəm bir gənclər ictimaiyyətimiz var. Bu, balaca bir şey deyil, çox böyük, önəmli bir məsələdir. Gənclərimizdən bir qrupu Quranla məşğul olur, bir qrupu etikafı sevir, bir qrupu Ərbəində piyada İmam Hüseyn (ə) məqbərəsinə getməyin həvəskarıdır, bir qrupu inqilabi meydanlarda çıxış etməyi, inqilabın zahiri atributları üzərində möhkəm durduğunu nümayiş etdirməyi xoşlayır. Bu, çox möhtəşəm, çox dəyərli bir şeydir. Düşmən bütün bunların əleyhinədir.

Sizə onu da deyim ki, İslam Respublikasının düşməni bu günə qədər həmişə məğlub olub; buna heç bir şübhə yoxdur; bunu bilin. İndiyə qədər məğlub olub, mən bunu dönə-dönə demişəm, sübutu da göz qabağındadır; arqumenti açıq-aydındır, başa düşülməyəsi, qaranlıq, dolaşıq deyil.  Sübutu odur ki, bu inqilab yarandığı, İslam dövləti qurulduğu zaman onlar ilk gündən bu rejimi yer üzündən silməyi qərara almışdılar; ən azından inkişafına əngəl olmalı idilər. Aradan 37 il keçib, bu dövlət günü-gündən inkişaf edərək çiçəklənib, güclənib, bu ağacın gövdəsi yoğunlaşıb, qol-budaq atıb, düşmən isə heç bir qələt edə bilməyib.

Deməli, indiyə qədər heç nə edə bilməyiblər; özü də təkcə bizdə deyil; baxın, İslam dünyasında, Livan və Fələstində mübariz gənclərin əleyhinə nələr etdilər; nəyə nail ola bildilər? Livanda Hizbullaha qarşı təbliğatla, eləcə də əməli tədbirlərlə nə qədər fəaliyyət göstərdilər, hədələdilər, təhdidlərini reallaşdırdılar. Buna baxmayaraq, Hizbullar öz rəşadətli varlığını İslam dünyasında nümayiş etdirir. İndi tutaq ki, hansısa xaricdən asılı, korrupsion, içi puç, simasız dövlət neftdən gələn dollarlar hesabına hansısa bəyanatında, məsələn, Hizbullahı ittiham edir. Cəhənnəmə etsin! Nə əhəmiyyəti var?! Hizbullah orda günəş kimi parlayır. Hizbullah İslam dünyasının qürur mənbəyidir. Livandakı Hizbullah partiyası, hizbullahçı gənclər bütün İslam dünyasının iftixarıdır. Onlar 3 ərəb ölkəsinin ordusunun 2-3 döyüşdə görə bilmədiyi bir işi görüblər; onlar İsraili məğlub ediblər. Onların İsrailə yaşatdığı o məğlubiyyətdən əvvəl ən azı 2 döyüşdə – birinci döyüşdə ölkələr hamısı gücünü birləşdirməmişdi, amma ikinci döyüşdə Misir, İordaniya və Suriya İsrailə qarşı hərbi qüvvə çıxarmış və məğlub olmuşdular – 3 ölkənin qoşunu – özü də Misir, Suriya, İrodaniya kimi güclü ordusu olan ölkələr – sionist rejiminə qarşı qoşun çəkdi, amma müharibəni uduzdu. Hizbullah isə həmin o İsrail rejimini – hələ bir qədər də gücləndikdən sonra – 33 gün ərzində məğlub etdi. Bu, balaca bir şeydirmi? Önəmsiz bir faktdırmı? “Onlar İslam dünyasının fəxridir” desək, yanlış olarmı?  Hardasa bir tör-töküntü onları qınayırsa da, qoy qınasın, nə önəmi var? Həqiqət getdikcə genişlənməkdə, yüksəlməkdədir. Həqiqət öz yolunda hansısa çətinliklərlə üzləşə bilər, amma sonda qələbə qazanacaq. Quran buyurur:

فَاَمَّا الزَّبَدُ فَیَذهَبُ جُفآء

Suyun üstündəki köpük zahirən diqqət çəkir; çayın üzərinə baxanda su qaynayıb bir-birinə toxunduğu zaman çoxlu köpük görünür, amma bu köpük qalıcı deyil.

فَاَمَّا الزَّبَدُ فَیَذهَبُ جُفآء

O köpük çıxıb gedir, məhv olur.

(10)وَ اَمّا مایَنفَعُ النّاسَ فَیمکُثُ  فِی الاَرض

Xeyirli olan, insanların həyatı üçün əhəmiyyətli olan, yəni o saf, axar su isə qalır. Həqiqət də belədir, həqiqət qələbə qazanacaq, həqiqət öz hədəflərinə çatacaq. Bəli, yolunda problemlər, çətinliklər olur. Şərti budur ki, o problemlər  qarşısında təslim olmasın; haqqın əsgəri, haqqın zabiti, haqq yolun yolçusu bu problemlər qarşısında özünü itirməsin. Özünü itirməyib çətinliklər qarşısında dözdüsə, nəticə əldə edəcək; necə ki əldə edib də; istər ilkin İslam dövründə, istər müqavimətin olduğu hər bir dövrdə, istərsə də maddiyyatın üstünlüyü dövrü olan müasir dövrümüzdə.

Əzizlərim, həqiqət sizə aiddir, siz haqq yolun yolçususunuz. Gələcək sizindir. İnşallah, elə bir gün gələcək ki, sizin mübarizliyinizin bərəkəti sayəsində bu çətinliklər də azalacaq, getdikcə azalıb tədricən aradan gedəcək və inşallah, siz zirvədə olacaqsınız. Bu gün bura gəlməmiş uşaqlara mənim salamımı çatdırın. Dedilər ki, bu görüş hər il keçirilsin. İndi dəqiq tarixi nə vaxt olar, bilmirəm, amma mənim sözüm yoxdur, sizi nə qədər tez-tez görsək, bizim üçün də yaxşıdır.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_______________________

(1) Görüşün əvvəlində vəli-fəqihin Müsəlman Şagird Təşkilatları Assosiasiyasındakı nümayəndəsi  Höccətül-İslam Hacı Əliəkbəri məruzə ilə çıxış etmişdir. 
(2) Ümumdünya Əhli-beyt (ə) Cəmiyyətinin və İslami Radio və Televiziya Kanalları Asossiasiyasının üzvləri ilə görüş zamanı edilən çıxış. (26.05.1394) 
(3) Tələbələrlə görüş. (16.05.1391)
(4) Kafi, c.7, səh. 460. 
(5) “Səhifeyi-Səccadiyyə”, 20-ci dua.
(6) Sədi, “Gülüstan”, 1-ci bab. 
(7) Məsələn, Gənc Alimlərin 7-ci Ümummilli Forumunda edilən çıxışda. (17.07.1392) 
(8) “Əsr” surəsi, 3-cü ayədən. 
(9) “Ənfal” surəsi, 63-cü ayədən 
(10) “Rəd” surəsi, 17-ci ayədən