Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Bayramınız mübarək! Həm Novruz bayramı, həm də Siddiqeyi-Kübra Fatimənin (ə.s) mövludu siz əziz qardaş və bacıların həm özünə, həm də ailə üzvlərinizə, övladlarınıza və həyat yoldaşlarınıza sözün əsl mənasında mübarək olsun! Şübhəsiz, məsul şəxslərin həyat yoldaşları ilahi savabdan mühüm pay alırlar. Onlar sizin daşıdığınız məsuliyyətə, göstərdiyiniz fəaliyyətə və üzləşdiyiniz problemlərə görə xeyli zəhmət çəkib dözürlər. Amma nəticə ilə siz üz-üzə qalır, təriflənirsiniz, hamı sizə təşəkkür edir, heç kim onlara minnətdarlıq etmir. Mən onları – sizin həyat yoldaşlarınızı və ailə üzvlərinizi də – təbrik edirəm, səbr etdiklərinə, sizinlə əl-ələ verdiklərinə görə onlara təşəkkürümü bildirirəm. Onlar bunu edirlər ki, siz, inşallah, öhdənizdə olan mühüm vəzifələrı, ağır məsuliyyətlərı və böyük işlərı ən gözəl şəkildə icra edə biləsiniz.
Novruz bayramı biz iranlılar üçün bir imkandır. İndi bəziləri bu bayramı Qədir-Xüm günü ilə, bəziləri də başqa günlərlə uyğunlaşdırırlar; mən bu uyğunlaşdırmaların doğru-dürüstlüyü barədə hökm verə bilmərəm. Hətta bu konkret günün İslam tarixində baş verənlərlə əlaqəsini nəzərə almasaq belə, Günəş ilinin başlanğıcı və möhtərəm Peyğəmbərin hicrətinə bağlı olan bu bayram əslində böyük və gözəl bir imkandır. Bayramlar bu cürdür, insana bir başlanğıc və yeni era əhval-ruhiyyəsi təlqin edir. Yeni bir eraya daxil olmaq duyğusu insan qəlbində yeni sevinc hissinin oyanmasına, özünə yeni proqram hazırlamasına, təşəbbüs irəli sürməsinə yardım edir. Bu, çox yaxşıdır. Ona görə də dünyanın bütün millətləri yeni il bayramına əhəmiyət verir. Bu əhəmiyyət bəzi yerlərdə dini çalar qazana bilər (xristianlar və başqaları kimi), bəzi yerlərdə isə qətiyyən dini çalar daşımadan sadəcə yeni ilin başlanğıcı sayıla bilər. İlin başlanğıcı yeni gün, yeni iş, yeni təşəbbüs deməkdir; mənası budur. Bu, insan üçün gözəl bir duyğudur.
Novruz bayramının başqa bir bərəkəti də bu görüşlər, bu həmrəylikdir. Ölkənin əsas məsul şəxsləri olan sizlər bura toplaşmısınız. Hakimiyyətin üç qoluna - icra strukturlarına, qanunverici orqanlara, ədliyyə sisteminə, həmçinin, inqilabi təsisatlara və bəzi qurumlara mənsub olanlar yığışıb bir-birinin yanında əyləşiblər və birlik nümayiş etdirirlər. Bu, çox qiymətli amildir və ölkə üçün böyük əhəmiyyətə malikdir.
Milli birlik elə bir məsələdir ki, Allaha həmd olsun, İslam Respublikası İnqilabın əvvəlindən bu günə kimi bu məziyyətə sahibdir. Amma milli birliklə yanaşı başqa bir amil də mövcuddur – ölkənin məsul şəxslərinin vəhdəti, söz və ürək birliyi. Bu, çox mühüm amildir. Zövqlər və baxış tərzləri arasındakı fərqliliklərlə də ziddiyyət təşkil etmir. Bəli, hər kəsin öz baxış tərzi var. Ola bilər ki, hər hansı siyasi, iqtisadi və ya başqa məsələdə siz bir mövqeyə maliksiniz, amma qardaşınız, dostunuz, sizinlə eyni idarədə və ya başqa qurumda çalışan həmkarınız fərqli düşünür. Eybi yoxdur, mühüm olan budur ki, istiqamət, yol və məqsəd eyniliyi qorunsun. Məsul şəxslərin birliyini və son mənada milli birliyi formalaşdıran da budur. Bu, çox yaxşı cəhətdir. Bizim bugünkü islasımız həmin söz və iş birliyinin, ünsiyyət və mehribanlığın göstəricisidir. Bunun qədrini bilməli, bu imkandan istifadə etməliyik.
Mən buna inanıram ki, həmkarlıq olmadan ölkədə işlər irəli getməyəcək. Biz 30 ildən artıq müddət ərzində çoxlu təcrübə qazandıq. Əgər ölkənin məsul şəxsləri bir istiqamət üzrə və bir hədəfə doğru - ümumi hədəflərə, əsas hədəflərə, inqilabi hədəflərə doğru - həmfikir olsalar, yüzlərlə başqa məsələdə yanaşma fərqləri olsa da, ziyanı olmaz və işlər irəli gedər. Əsas budur və biz bunu istəyirik. Allaha həmd olsun, adam hiss edir ki, bu istədiyimiz vəziyyət ölkədə mövcuddur. Yəni güc strukturlarının məsul şəxsləri ilə ölkənin əsas başçıları dövlətin qarşısında duran məqsədlərin çoxunda həmfikirdirlər, ürəkləri birdir və eyni baxış tərzinə malikdirlər. Ola bilər ki, yol, metod, üslub və sairədə baxışlar fərqlənsin.
Novruz bayramının bərəkətlərindən biri də budur ki, bir yerə toplaşmışıq. Məsələn, biz cənab Cahangirini(1) nə vaxtdan bəri görmürdük, Allaha həmd olsun ki, Novruz bayramının bərəkətindən onunla və digər dostlarla görüşdük. Bu çox yaxşıdır.
Mən bu görüşdə, əvvəla, müxtəlif sahələrdə, xüsusilə, müqavimət iqtisadiyyatına aid olan sahələrdə zəhmət çəkən əziz dostlara təşəkkür etmək imkanı qazandım. Bu böyük layihənin müdir və qərargah rəisi vəzifəsinin icrasını adını çəkdiyim cənab Cahangiriyə həvalə etmək nəzərdə tutulur. Mən təkid edirəm ki, bu iş sözün əsil mənasında komandanlıq şəklində həyata keçsin. Hər orqanın öz siyasəti, öz adi və normal iş qaydası olur. Komandirin işi budur ki, baxıb görsün bu işlərin hansı biri iqtisadi siyasətin hüdudları daxilindədir, hansı biri müqavimət iqtisadiyyatına yabançıdır, hansı biri müqavimət iqtisadiyyatına ziddir. Bunlar ölçülüb-biçilməlidir. Birinci qrup qüvvətləndirilməli, ikinci qrup mümkün olduğu qədər müqavimət iqtisadiyyatı iqtiqamətində yönləndirilməli, üçüncü qrupun qarşısı tam şəkildə alınmalıdır. Yəni bu gözlənilir. Xəbərim var ki, cənablar - həm cənab Cahangiri, həm də onun həmkarları bu işlə məşğuldurlar, işləyirlər. Bu işi gördüklərinə görə onlara əşəkkür etməliyik.
Biz bu ilə “start və praktiki tətbiq” adı verdik.(2) Start və praktiki tətbiqdən məqsədimiz budur ki, işlərə hərtərfli və əhatəli start verilsin. İlin sonunda hesabt tələb edə bilək, dostlar hesabat versinlər ki, bu qədər iş, məsələn, on bənd üzrə iş görülüb. Tutaq ki, istehsal sahəsində və ya elmi istehsal sahəsində bu işlər həyata keçirilib. Yaxud məsələn, ticarət əlaqələri, xarici ticarətlə bağlı bu addımlar atılıb; yəni konkret işlər görülüb. Bizim gözləntimiz budur və ümid edirik ki, inşallah, bu iş baş tutacaq.
Mən belə hiss edirəm ki, nəzərdə tutulmuş bu sistem həmin işlərin öhdəsindən gələ bilər. Parlament də, inşallah, kömək edər, digər qurumlar da bu prosesdə bacardıqları rolu oynaya bilərlər. İnqilabi təsisatlar bu sahədə real rol ifa edə bilərlər. Mühüm olan budur ki, bu mərkəzçilik ideya və əməl mərkəzçiliyidir. Komandanlığın xüsusiyyəti budur, yəni həm ideya, həm də əməl olmalıdır. Bu, yalnız əlaqələndirici ştab deyil, komanda mərkəzidir, qərargahdır. Biz bu problemi müzakirə etdiyimiz iclasda qərargahla ştabın fərqini izah etdik. Qərargah - əməliyyatların komandanlıq mərkəzidir, hərbi qərargah kimidir. Yəni qarşıya qoyulmuş məqsədə çatmaq üçün müxtəlif vasitələrdən faydalanır. Buna görə də həm ideya mərkəzidir - gərək oturub düşünsünlər, həm də hərəkət mərkəzidir – yəni gərək əmr verilsin, əmr icra olunsun, işin nəticəsi də görünsün. İnşallah, bu işlər yerinə yetirilməlidir. Biz bunu gözləyirik və mən tam ümid edirəm ki, inşallah, bu iş həyata keçəcək.
Əlbəttə, biz öz gözləntilərimizi çox yüksəltmirik. Maneələrdən, problemlərdən də xəbərim var. Problemlərimizdən biri maliyyə qıtlığıdır. Gərək bunu aradan qaldırasınız. Baxıb görün ki, harada qənaət edə bilərik. Harada mümkündürsə, qənaət edin. Qənaət olunmuş məbləği də boşluq olan sahələrə yönəldin. Çox işlər var ki, həm onlara pul xərclənir, həm də qənaət imkanı var. Bu yolla resurs qıtlığının yerini doldurun. Ola bilər ki, qurumlar bir az çətinliklə üzləşsinlər, amma əgər bu iş səylə icra edilsə və idarəçilik də yaxşı səviyyədə olsa, iş fayda verəcək.
Mən inanıram ki, bizim idarəçilik sarıdan da əskikliyimiz yoxdur. İnsaf xatirinə deyək ki, ölkəmizdə yaxşı idarəçilik bacarığına malik olanlar var. Mənim illərlə təcrübəm var, həm dövlət vəzifəsində işləmişəm, həm də kənarda müxtəlif dövlətlərin işini izləmişəm. Həqiqət və insaf xatirinə deyək ki, bizim görkəmli idarəçilərimiz var. Həm stimul baxımından idarəçilikləri yaxşı səviyyədədir, həm də ideya və praktiki tətbiqat sarıdan idarəçiliyə layiqdirlər. İdarəçilik bacarığına malik olanlarımız az deyil. Bizdə ardıcıllıq və mərkəzləşmə lazımi səviyyədədir. Əsas məsələ mərkəzləşmədir – qərar qəbul etməkdə mərkəzləşmə, rəhbərlikdə mərkəzləşmə, icrada mərkəzləşmə.
Mən möhtərəm prezidentimizə də demişəm ki, prezidentin işi çoxdur. İnsanlar kənardan baxanda diqqət yetirmirlər ki, prezidentin icra etməli olduğu işlərin və fəaliyyətin əhatəsi nə qədər genişdir. Ölkəni idarə etmək müxtəli cəhətlər baxımından asan iş deyil, çox çətin işdir. İmamın (r.ə) sağlığında bəziləri ona müraciət edir, hərdən müəyyən işlərdən, hadisələrdən ona şikayətlənirdilər ki, məsələn, filan yerdə filan iş belə oldu. O, cavabında dönə-dönə deyirdi ki, ölkəni idarə etmək çətin işdir. Hal-hazırda da bu cürdür. Biz özümüz ölkə idarəçiliyini təcrübə etmişik, həqiqətən, çətin işdir, asan iş deyil. Buna görə də prezident çox məşğuldur. Dövlətdə mühüm və üstün yerə sahib olan onun birinci müavini, inşallah, bu sahələrdə tam və bütöv səlahiyyətlərlə işlərə müdaxilə edə bilər. Bizim gözləntimiz budur. Yəni biz istəyirik ki, bu iş baş versin.
Mən xalqın mənafeyi və problemlərinin həlli naminə istər dövlət, istərsə də parlament tərəfindən atılan hər bir addımı ciddi şəkildə dəstəkləyir və himayə edirəm. Mühüm olan odur ki, insan milli mənafe baxımından faydalı və lazımlı bir iş gördüyünü hiss etsin. Əgər mən istər icraedici orqanların, istərsə də qanunverici, eləcə də, ədliyyə orqanlarının hər hansı sahədə xalqa xidmət etmək və xalq üçün bir iş görmək istədiyini görsəm, ciddi şəkildə onu müdafiə edəcəyəm, xalqın mənafeyi və problemlərinin həlli naminə yönələn bu işləri himayə etmək üçün bütün güc və qüvvəmdən istifadə edəcəyəm.
Mühüm olan budur ki, biz özümüzə arxalanaq, əsas budur. Biz özümüzə arxalanmalıyıq, başqalarına arxalanmaq olmaz, yadlara arxalanmaq olmaz, inanmaq olmaz. Mən nüvə danışıqları gedişində dəfələrlə, bəlkə dörd-beş dəfə dedim ki, amerikalılara inanmaq olmaz.(3) İndi özünüz araşdırıb görürsünüz. Danışdıqları sözlər, verdikləri bəyanatlar, göstərdikləri reaksiya mənim o vaxt dediklərimi təsdiq edir. Yəni onlara inanmaq olmaz. Əlbəttə, amerikalılar əxlaqsızlığın və ədəbsizliyin mənbəyidirlər, amma onlar da tək deyillər. Onlar kimi əxlaqsız, tərbiyəsiz və bədxasiyyət olan başqaları da var. Onlara etibar etmək olmaz. Biz özümüzə inanmalı, özümüzə arxalanmalıyıq, işləri bacaracağımızı və Uca Allahın da bizə yardım edəcəyini bilməliyik. Möminlərin Əmiri (İmam Əli) buyurub: “Biz hadisələr meydanına sədaqətlə qədəm basıb hərəkət etsək, Uca Allah mütləq bizə qələbə bəxş edəcək”.(4) Həyat eniş-yoxuşludur. Hətta fərdi həyat da eniş-yoxuşludur, o ki ola sosial həyat və bir millətin həyatı. Bəzən insan problemə düçar olur, bəzən narahatlıqlarla, arzuolunmaz hallarla üzləşir, bəzən də çətinliklərin həlli ilə rastlaşır; hər şey ola bilər. Əsas budur ki, inşallah, həmin düz xətti, sıratəl-müstəqimi izləyək və irəli gedək.
Hər bir halda, Uca Allahdan sizin üçün yardım diləyirəm. Mən həmişə dua edirəm, ölkə başçılarından ötrü dua edirəm. Bu yolda irəliləyən, hər yerdə və hər formada çalışan kəslərin hamısı üçün dua edirəm. Doğrudur, bizim duamızın əhəmiyyəti və dəyəri yoxdur; hər halda, biz öz dua etmək vəzifəmizi yerinə yetiririk. Siz də çalışın, iş görün ki, inşallah, məqsədə çataq.
Mən istehsal məsələsini bir daha vurğulayıram. Daxili istehsala ciddi yanaşmaq lazımdır. Bütün işlərin açarı daxili istehsaldır. Hər iki sahədə - həm Sənaye və Ticarət Nazirliyi, həm də Kənd Təsərrüfatı Nazirliyi səviyyəsində istehsal məsələsinə ciddi baxmaq lazımdır. İnşallah, Uca Allah da sizə yardım edər.
___________________________
(1) Prezidentin birinci müavini.
(2) İlin şüarına işarədir: “Müqavimət iqtisadiyyatı: start və praktiki tətbiq”.
(3) O cümlədən, xalq kütlələri ilə görüşdəki bəyanatda (18.06.1394-cü il).
(4) “Allah bizim sədaqətimizi görəndə bizə qələbə bəxş edər, düşmənlərimizə əzab endirər” (“Nəhcül-bəlağə”, 56-cı xütbə).