Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Salavat və salam olsun ağamız və peyğəmbərimiz Əbülqasim Müstəfa Mühəmmədə, onun pak-pakizə, nəcib, hidayətedici və hidayət olunmuş, məsum övladlarına. Allahım, salam olsun Fatiməyə, onun atasına, həyat yoldaşına, iki öğluna. Sənin salavatın, sənin mələklərinin və dostlarının salavatı olsun onlara.
Mübarək bayram günü münasibətilə sizi təbrik edir və proqram təşkil etmiş əziz qardaşlara təşəkkür edirəm. Həqiqətən, faydalandıq və həzz aldıq. Mərasimin sonunda ifa edilən və cənab Sazgar tərəfindən bəstələnən dini nəğmə də hər il bu mərasim üçün gözəl sonluq olur. Bu il də mərasim çox gözəl şəkildə icra edildi: gözəl məzmun, gözəl məna, dərs, təlim və xatırlatma oldu.(1)
Əziz qardaşların iştirak etdiyi bu gözəl mərasimdə (əlbəttə, burada dəyərli bacılar da var) mənim müraciətim daha çox sizə - Şəhidlər Sərvərini (s.ə) və Əhli-beyti (ə.s) mədh edib xatırlatmaq iftixarına nail olmuş qardaşlara ünvanlanıb. Allaha həmd olsun ki, bu arada məddahların xüsusilə, cavanların sayı tələb edilən səviyyədədir, çoxdur və yaxşıdır. Bəzi yerlərdə keyfiyyət də, həqiqətən, yaxşıdır. Məddahlıq məsələsi bizim ölkəmizə xas olan bir fenomendir, heç bir başqa yerdə bunun bənzəri yoxdur. Əlbəttə, şiə cəmiyyətinin özünəməxsus cəhətləri, digər islami və qeyri-islami cəmiyyətlərdə mövcud olmayan xüsusi cəhətlər növbənövdür. Məsələn, əzadarlığın özü və ya Əhli-beytin (ə.s) müsibətlərini yada salmaq – adətən, bu, moizə, nəsihət, maarifləndirici biliklərin və günün məsələlərinin, hər dövrün tələblərinə uyğun olan müxtəlif mətləblərin çatdırılması ilə yanaşı baş verir. Bunlar şiənin özünəməxsus cəhətlərinin bir parçasıdır və imamların (ə.s) dövründən bu günə kimi davam etməkdədir. Başqa yerlərdə bunlar yoxdur və onlar bu yoxluğu hiss edirlər. Bu yoxluğu başqa yerlərdə duyur və bir yolla onu doldurmağa çalışırlar, amma alınmır. Mədh, müsibət, mərsiyə, xatırlatma və sair mövzularda məddahlıq və nəğmə qoşmaq fenomeni də özünəməxsusluqlardan biridir. Bunlar da başqa yerlərdə yoxdur, bu formada, bu ümumilikdə, istər say, istərsə də məna, məfhum və sairə baxımından bu genişlikdə mövcud deyil. Bu fenomen elmi miqyasa maikdir. Yəni yeri var ki, tələbələrimiz, müəllimlərimiz, tədqiqatçılarımız əyləşib bu fenomen üzərində düşünsünlər, işləsinlər. Həm onu izah və təhlil etsinlər, həm də onu inkişaf etdirməyin elmi yollarını bizə göstərsinlər və öyrətsinlər. Biz əslində bu fenomeni diqqətdən kənarda qoymuşuq, halbuki bu, çox mühüm fenomendir. Allaha həmd olsun, keçən otuz ildən artıq bir dövrdə bu günkü kimi hər il məddah qardaşlarımızla birlikdə bu mərasimi təşkil etməyə gücümüz və imkanımız olmuşdur. Sizin aranızda yaşı bu mərasimlərin yaşından az olanlar da az olmaz. Otuz neçə ildir ki, bu mərasimlər keçirilir. Bu fenomen haqqında bir qədər söhbət etməyimiz üçün gözəl imkan yaranıb.
İnsanların adət üzrə bu sözləri dediklərinə görə yox, həqiqəti deməliyik ki, biz Həzrət Zəhranın (s.ə) əzəmətli məqamı haqqında, bu böyük şəxsiyyətin və onunla yanaşı məsum imamların nurlu həqiqəti barədə danışmağa acizik. Bizim dilimiz, ifadə qabiliyyətimiz, şüurumuz bu mövzularda söhbət edə bilmək səviyyəsindən aşağıdır.
“Allah sizi nur şəklində yaratdı və öz ərşinə düzdü”.(2) Məsum imamların (ə.s) nurları haqqında deyilən budur. Biz daha özümüzdən nə söyləyə bilərik? Lakin bu böyük şəxsiyyətlərin həyatı, davranışı, onların bir bəşər övladı kimi bizə nümunə olmaları barədə deyiləsi söz çoxdur. Bu barədə çox danışılıb. Bəzi qardaşlar da bugünkü şeirlərində buna işarə vurdular. Danışmaq imkanı genişdir. Bu mövzuda bir neçə cümlə deyəcəyəm.
Biz həzrət Zəhranın (s.ə) şəxsiyyətinə ikinci baxış bucağından, yəni ülgü olmaq baxımından nəzər salmalıyıq. Uca Allah Quranda iki qadını möminlərə və iki qadını da kafirlərə ülgü olmaq baxımından nümunə gətirmişdir: “Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi”.(3) Sonrakı ayədə isə “İmranın qızı Məryəm”i(4) misal çəkərək, möminlərə - yalnız mömin qadınlara yox, kişi və qadınlara – iki nümunə göstərmişdir. Bu böyük şəxsiyyətlərə həmin baxış tərzi ilə, yəni nümunə kimi baxmaq və onlardan dərs almaq olar. Fatimeyi-Zəhra (s.ə) siddiq və siddiqələrin (doğrucul kişi və qadınların) içində Siddiqeyi-kübradır, yəni bu böyük şəxsiyyət ən böyük siddiqədir.
İndi ki istəyirik ondan dərs alaq, gərək qadınlar da dərs alsınlar, kişilər də. Hamı dərs alsın – alim də, cahil də. Görək bu böyük şəxsiyyət barəsində məsum imamların kəlamlarında buyurulan təriflərdə nə deyilir. İmam Rzanın (ə.s) ziyarətində növbə Həzrət Zəhraya çatanda salavat məqsədi ilə (bu ziyarət elə başdan-başa salavatdan ibarətdir) buyurur: “Allahım, salavatın olsun sənin peyğəmbərinin qızı Fatiməyə”.(5) Bu, bir xüsusiyyətdir. Bu xüsusiyyət çox mühümdür. Əlbəttə, özünü bənzədəsi misal deyil. Hamı Peyğəmbər qızı ola bilməz. Peyğəmbərin qızı olmaq formasında o həzrətə bağlılıq məqamın ucalığının göstəricisidir. “Sənin dostunun həyat yoldaşına”. Bu da ikinci xüsusiyyətdir. Əlbəttə, bu xüsusiyyət də əl çatası deyil və hamı Allahın dostunun həyat yoldaşı ola bilməz. Bu cəhət də o böyük şəxsiyyətin məqamının ucalığını, şən və cəlalının ucalığını göstərir. “Cənnət əhlinin gənclərinin ağası iki qoşa nəvə Həsənlə Hüseynin anasına”. Bu xüsusiyyətin faydalı cəhəti əvvəlki iki sifətinkindən daha artıqdır – iki nəvəni tərbiyə etmək kimi faydalı cəhət. O iki nəvə ki, cənnət əhlinin gənclərinin ağalarıdır. Onların anası həmin bu böyük şəxsiyyətdir. Bu ananın pak qucağı onları tərbiyə etməyə qadirdir. Bu, bizə ülgü və nümunə kimi təqdim edilə bilən məsələdir.
Daha sonra buyurur: “Əl-Tührətit-Tahirətil-Mütəhhərətit-Təqiyyətin-Nəqiyyətir-Rəziyyətiz-Zəkiyyə”.(6) Bunların hamısı faydalı cəhətlərdir. Paklıq üç sözlə bəyan edilib. Bu üç söz – tühr, tahir və mütəhhər – məna baxımından fərqlərə malikdir. Əlbətə, bu üç ifadənin hər birində paklığa və pakizəliyə işarə var: ruhun paklığı, qəlbin paklığı, düşüncənin paklığı, əxlaqın paklığı, yaşayışın başdan-başa paklığı. Bəli, bu, faydalı cəhətdir, bu, bizim üçün dərsdir. Gərək özümüzü paklaşdırmağa çalışaq, gərək özümüzü paklaşdıraq. Batini paklıq olmadan məqama çatmaq olmaz, bu böyük şəxsiyyətlərin vilayət həriminə də yetişmək olmaz. Batinin pak olması lazımdır. Batinin paklığı təqva ilədir, vərə ilədir, diqqət etməklədir. Daimi diqqət, özünə daimi nəzarət paklıq yaradır. Əlbəttə, insanın xəta etməsi mümkündür, ola bilər ki, bizi qara ləkələr bürüsün, amma bu qara ləkələri təmizləməyin yolunu da Allah bizə göstərib və öyrədib: tövbə, istiğfar. İstiğfar edək. İstiğfar üzr istəməkdir. “Əstəğfirullah”, yəni “ilahi, üzr istəyirəm”. Həqiqi şəkildə, ürəkdən, qəlbimizin dərinliyindən Allahdan üzr diləyək. Bu, istiğfardır. Bu, həmin qaranı, həmin ləkəni təmizləyir. “Ət-Tührətit-Tahirətil-Mütəhhərə”. “Ət-Təqiyyə” – həmin təqvadır. “Ən-Nəqiyyə” – həmin batini və qəlbi təmizlik, pakizəlikdir. Bunlar Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləridir. Biz bunları nümunə kimi, ülgü kimi nəzərdə tutmalı və özümüzü ona yaxınlaşdırmalıyıq.
Siz bir məddah kimi Fatimeyi-Zəhranın (s.ə) barəsində söhbət etmək istəyən zaman gərək bunları öz ifadələrinizə, öz şeirlərinizə, mədhiyyələrinizə yerləşdirəsiniz. İmamların (ə.s) və Fatimeyi-Zəhranın (s.ə) mənəvi məqamlarından danışılan zaman dinləyən ürək işıqlanır. Siz bu mənəvi məqamlardan oxuyanda insanın qəlbi işıqlanır, insan aramlıq halı qazanır, xüzu halı əldə edir. Bu, çox yaxşıdır. Bunlar öz yerində qorunmalıdır və lazımdır, amma kifayət deyil. İndi ki hüzur halı əldə olundu, qəlbiniz işıqlandı, gərək dərs alaq. Dərs də bu faydalı cümlələrdədir. Yəni gərək hər bir minbər məclisinə - istər Fatimiyyə günlərində, istər aşurada, istərsə də başqa vaxtlarda – imamlardan (ə.s) alınan dərslər, insan olmaq dərsi, kamil olmaq dərsi, Allaha yaxınlaşmaq dərsi yerləşdirilsin. Biz dərs almalı, öyrənməliyik. Məhəbbət təklikdə kifayət etməz. Əlbəttə, məhəbbət təsirlidir, amma kifayət deyil. Vilayət lazımdır. Vilayət – təvəlla etməkdir, arxasınca getməkdir, onların ətəyindən yapışmaqdır. İnsan onların getdikləri yolu getməlidir; bu lazımdır.
Fikrimcə, bu, məddahlıq işində, xüsusilə, müqəddəslərin fəzilətləri barəsində danışanlar, şeir qoşan şairlər tərəfindən diqqət mərkəzində saxlanmalı olan bir nüansdır. Bəzən adam görür ki, heç bir rəvayətdə və məsumun heç bir cümləsində mövcud olmayan fəzilətləri xatırladırlar. Əslində bu, heç fəzilət də deyil. “Sənin üzünü Ayla müqayisə edən səhv edib” ifadəsində əslində sənin qiymətini əskildib.(7) Aya bənzətmək, Günəşə oxşatmaq bənzədilən həmin şəxsə dəyər gətirən iş deyil. Hələ bunlar mənəvi məqamları, ilahi məqamları məna əhlinin gözünü qamaşdıracaq dərəcədə böyük şəxsiyyətlər olsa necə? Bizim elə gözümüz də yoxdur ki, onların məqamını görüb anlamaq istəyək. Bəzən o qədər çox danışılır ki, heç nə anlaşılmır və dinləyici faydalana bilmir. Mənim siz əziz qardaşlara ilk sözüm budur ki, bu böyük şəxsiyyətlərin – istər Həzrət Zəhranın (s.ə), istərsə də hidayət imamlarının (ə.s) – mədhi zamanı onların həyatındakı faydalı mövzulardan istifadə edilsin.
İkinci nüans xoşbəxtlikdən bu gün məddahlar arasında xeyli dərəsədə yayılmış olan günün cari məsələlərinə diqqət yetirmək amilidir. Bu gün də burada edilən çıxışların müxtəlif bölümlərində müqəddəs məkanların müdafiəçiləri, günün aktual məsələləri barədə eşitdiniz. Bunlar çox əhəmiyyətli məsələlərdir. Bunlar əsas məsələlərdir. Elə düşünməməliyik ki, bunlar bizm dindarlıq əhatəmizin xaricindədir. Siz baxın, aləmin məxluqatının ağası, Allahın ondan üstün heç bir varlıq yaratmadığı, bizim bu gün mənsub olduğumuzu iddia etdiyimiz dini və İslamı gətirmiş möhtərəm Peyğəmbər öz ölkəsinin cari məsələləri barəsində - o dövrdə həmin ölkə kiçik bir ölkə idi – nə qədər çalışıb-vuruşur, nə qədər zəhmət çəkirdi. Möhtərəm Peyğəmbər yalnız namaz, oruc, Allaha yönəlmək, ibadət və gecə namazının hökmlərini camaata öyrətmək üçün məsciddə oturmurdu. Xeyir, həmin məsciddə camaatı toplayır, onları cihada, vəhdətə dəvət edir, düşmən qarşısında agah olmağa çağırırdı. Bu sözlər bu gün mənə və sizə ünvanlanır. Gündəlik məsələlər göz yumulası məsələlər deyil.
Baxın, dünyada bir sistem mövcuddur: imperializm sistemi, qoluzorluluq sistemi, zülm sistemi. Əlbəttə, ta qədimlərdən həmin sistemlər mövcud olub, nəhayət, bu gün modernləşib, yeni vasitələrlə silahlanıb. Üstün qüvvələr millətlərə güc diktə edir. Bu güc diktəsinin həddi-hüdudu yoxdur. Əgər mal-dövlətləri varsa, əllərindən alırlar. Əgər qabiliyyəti olan insan resursları varsa, onları oğurlayırlar. Əgər onları hədələyən və rəqib yaradacaq istedadları varsa, bu istedadı boğurlar. Zor diktəsinin növləri və qisimləri var. Bu gün dünyada bu zor diktəsi mövcuddur: ümumdünya beynəlxalq sistemi adı qoyulmuş dünya cəmiyyəti. Əslində isə zor diktəsi sistemi. Dünya cəmiyyətindən məqsəd dünya dövlətləri və millətləri deyil. Dünya dövlətləri və millətləri özünü dünya cəmiyyəti adlandıran bu bir neçə üstün dünya gücündən narazıdır. Dünya cəmiyyəti elə o şəxslərdir ki, onların fəaliyyətinin əsasında bütün millətlərə, bütün ölkələrə zor diktəsi durur. İslam Respublikasında yaşayan bizlər həm İslam Respublikası quruluşundan əvvəl, tağut rejimi zamanında onun nümunəsini bir şəkildə görürdük, həm də İslam Respublikası quruluşu təşkil edildikdən sonra onun nümunəsini başqa bir şəkildə görürük. Bu gün dünyada bu formada bir sistem mövcuddur. Bu sistemdən narazı olanlar da çoxdur. Millətlərin çox hissəsi narazıdır. Amma millətlərin əlindən bir iş gəlmir, millətlərin səsini heç kim eşitmir. Nə əllərində o mediya var, nə də ümumiyyətlə onların sözü hesaba alınır. Tutaq ki, məsələn, on min nəfər bir elektron şəbəkədə və ya bu kimi yerlərdə toplanıb söz desin və ya küçədə bir yerə toplaşıb mitinq keçirsin. Nə olsun ki? Bundan 15-16 əvvəl Amerikanın İraqa hücumu zamanı Parisin və bəzi başqa Avropa ölkələrinin bütün küçələrində Amerika ilə müxalifət məqsədi ilə mitinqlər keçirildi. Nə təsiri oldu? Millətlər özlüyündə bir iş görə bilməzlər. Əgər dövlətlər öz millətlərinə dayaq olsalar, söz deyə bilərlər və bu söz dünyaya yayılar. Belə bir dövlət də dünyada yoxdur. Dövlətlər var, amma qorxurlar. Narazıdırlar, ancaq çəkinirlər. Deyəsən, ilin əvvəlində etdiyim çıxışda(8) söyləmişdim ki, tağut rejiminin başçıları da çox vaxtı Amerikanın işlərindən narahat idilər. Onlardan qalan xatirələrə adam baxanda görür ki, bəzi yerlərdə çox narazıdırlar, gizlində onların dalınca da danışırlar, amma onlara qarşı çıxmağa cürət etmirdilər. Dövlət olaraq, siyasi institut olaraq və cəmiyyəti idarə edən qrum olaraq buna cürət etmirlər. Bu gün dünyada vəziyyət belədir. Çoxları narazıdır, amma etirazlarını bildirməyə cürət etmirlər.
Bu qarışıq dünyada, bir-birinə qarışmış bu zülm və zor cəngəlliyində bir sistem yarandı. Onun dayaqları bu gün dünyada hakim olan sistemin əsaslandığı dayaqlarla - zülmə, istismara, militarzmə, fəsada tam ziddir. Bu quruluş İslam Repsublikası quruluşudur. Bu quruluş İslam, din, əsl islami düşüncə əsasında yarandı və əvvəldən bu quruluşun başında elə bir dəstə dayandı ki, onlar böyük güclərdən qorxmayan təbiətə malikdirlər. Bunlar ruhanilərdir. Bunu deyən bugünkü Qərb təhlilçiləri və sosioloqların özüdür. İnqilabın əvvəlindən bunu deyirlər. Deyirlər ki, bu axundlar bizdən qorxmurlar. Əlbəttə, bəziləri düşmən qüvvələrə bağlı ola bilərdilər və bu gün də ola bilərlər. Amma şiə cəmiyyətindəki ruhani quruluşunun təbiəti belədir. İndi iş belə gətirib ki, onlar bu quruluşun başında durublar. Camaat da onlarla həmkarlıq edir. Əvvəla, camaat istedadlı camaatdır. İkincisi, onların arasında cavanlar çoxdur. Bizim cəmiyyətimiz İnqilabın əvvəlindəki 35 milyon nəfərdən indi təqribən 80 milyon nəfərə çatıb. Yəni cəmiyyət birdən-birə artıb. xalqın əleyhinə işləsələr də, yenə xalqın istedadı çoxdur, xalq şücaətlidir, qorxmazdır. Bir ölkənin camaatı bu cür düşünürsə, hökumət başçıları da heç bir dünya gücündən qorxmazlar. Bu, imperializm üçün başlıca qorxudur, çox böyük təhlükədir. Buna görə də onun əleyhinə cəbhə təşkil edilir; necə ki, indi İslam Respublikasının əleyhinə cəbhə təşkil edilib. Hətta nəinki indi, İnqilabın əvvəlindən cəbhə qurulmuş, düşmən cəbhəsi yaranmışdı. O zamanlar Sovet İttifaqı ilə Amerika iki rəqib tərəf idi. Əgər onlar tutaq ki, yüz məsələdə bir-biri ilə fikir ayrılığına malik idilərsə, İslam Respublikası məsələsində və İslam Respublikası ilə düşmənçilik məsələsində həmfikir və həmkar idilər. Yəni belə bir quruluşla düşmənçilik etmək imperializmin təbiətindədir.
O zaman bir cəbhə təşkil etdilər və bu cəbhə indi də mövcuddur, növbənöv üslublardan istifadə edir. Təsəvvür edin ki, iyirmi il bundan əvvəl internet yox idi, amma indi var. Texnika günbəgün inkişaf edir. İslam Respublikasının əleyhinə ən qabaqcıl texnikalardan, ən geniş və sürətli vasitələrdən istifadə edirlər. İslam Respublikası da hər cür vasitədən istifadə etməyə özünü hazırlamalıdır. Düşmən diplomatik vasitələrdən yararlanır. Diplomatiya, siyasi danışıqlar, siyasi müzakirələr, siyasi mübadilələr bu vasitələrdəndir. Onlar bu vasitələrdən istifadə edirlər. Mən də siyasi danışıqların əleyhinə deyiləm; əlbəttə, hamısının yox, burada istisnalar var. Mən ümumdünya problemləri müstəvisində siyasi danışıqların tərəfdarıyam. Prezident olduğum dövrdən bu mövzuda fikir bildirirəm və yenə həmin mövqeyi izləyirəm. Vəziyyəti elə təqdim etməsinlər ki, guya biz danışıq aparmağın və ya buna oxşar vasitələrin əleyhinəyik. Xeyir, biz onlardan daha artıq dərəcədə tərəfdarıq, həm də bir çox məsələlərdə bu işlərə onlardan daha artıq bələdik. Bunu da bilirik ki, necə hərəkət etmək lazımdır. Düşmən siyasi danışıqlardan da istifadə edir. Bunu diqqət mərkəzində saxlamalıyıq.
Düşmən danışıqlardan istifadə edir, iqtisadi mübadilələrdən istifadə edir, embarqodan istifadə edir, müharibə və döyüş hədəsindən istifadə edir. Bütün bunların qarşısında müdafiə gücünə sahib olmaq lazımdır.
İndi bəziləri gəlib desələr ki, “sabahkı dünya müzakirə dünyasıdır, raket dünyası deyil”, əgər bu söz bilməməzlik üzündən deyilsə, eybi yox, bilməməzlikdən olub. Amma əgər bilərəkdən deyilsə, xəyanətdir. Belə bir şey mümkündürmü? Əgər İslam Respublikası quruluşu elm ardınca getsə, texnologiya ardınca getsə, siyasi müzakirə ardınca getsə, ticarət və iqtisadiyyatla bağlı növbənöv tədbirlərin ardınca getsə - əlbəttə, bunların hamısı lazımdır - amma müdafiə qüdrətinə malik olmasa, özünü qorumaq bacarığına sahib olmasa, hər yoldan ötən, hər xırda dövlət onu hədələyəcək ki, əgər filan işi etməsən, raket atacağıq. Əgər sizin müdafiə imkanınız olmasa, geri çəkilməyə məcbur olacaqsınız. Gördüyünüz bağırtı ilə danışan, hərbə-zorba gələn, səhv edən, pis sözlər danışan və zorla diktə edən dünya güclərinin hamısı daha çox malik olduqları silahlara arxalanır. Biz onların qarşısına əliboş çıxaqmı? Öz raket texnologiyalarını nümayiş etdirən ordu yalnız iranlıların iftixar və qürur mənbəyi deyil. Ordunun raketləri bu qədər diqqət və gözəlliklə sınaqdan keçiriləndə yan-dövrəmizdə olan və ürəyi Amerikanın, sionist rejimin əlindən qan ağlayan bir çox azadlıqsevər millətlər də sevinir. Biz onları dağıdaq və deyək ki, bu gün artıq raket vaxtı keçib? Xeyr, raket zamanı keçməyib! Düşmən daim özünü zəmanəyə uyğunlaşdırmaqla, hazırlaşmaqla məşğuldur. Biz sadəlövhcəsinə arxaya çəkilib “yox” deyəkmi? Necə ki, İnqilabın ilk vaxtlarında bizim F-14-lərimizi satmaq, geri qaytarmaq istəyəndə mən icazə vermədim. Xəbər tutdum ki, o zamanın müvəqqəti dövlət başçılarından biri deyib: “Tağut rejiminin aldığı bu F-14-lər bizim dərdimizə yaramaz. Bəs bu F-14-ləri neyləyək? Geri qaytaraq”. O zaman biz öz mövqeyimizdə durduq, səs-küy saldıq, danışıqlara getdik, əks tərəflə üz-üzə gəldik. Bu işi görməyə cürət etmədilər. İstəyirdilər ki, geri qaytarsınlar. Bir müddət ötdü, İran-İraq müharibəsi meydana çıxdı, bizə hücum etdilər. O zaman məlum oldu ki, əlimizdə olan həmin vasitələrə, həmin F-14-lərə, F-4-lərə və sairəyə nə qədər ehtiyaclıyıq. Bu gün də bəziləri həmin havanı oxuyurlar ki, “raket nədir, raketlərlə neyləyəcəyik? Zəmanə raket zəmanəsi deyil”. Bəs nə zəmanəsidir? Bu gün hər şeyin zəmanəsidir. Müzakirənin də zamanıdır. Gərək danışıqlarda da güclü olasan, elə danışıq aparasan ki, sonra bizi aldatmasınlar. Biz danışıqlar aparaq, bunu kağızlara köçürək, yazaq, imzalayaq, sonra onlar üzdə elə bir iş görsünlər ki, axırda embarqo aradan qaldırılmasın, ticarət öz yoluna düşməsin! Görünür ki, burada bir problem var. Biz qoymamalıyıq ki, bu problemlər yaransın. Gərək o sahələrdə də özümüzü gücləndirək. Ölkədaxili iqtisadiyyatda da həmçinin. Biz “əməli tədbirlər” dedik.(9) Danışmaq yetər. “İki yüz dəfə danışmaq yarım hərəkətin tayı olmaz”. Çox təkrar edəndə və ardıcıl “müqavimət iqtisadiyyatı” deyəndə söz kəsərdən düşür. Yəni bir şey çox təkrar olanda yorğunluq yaradır. Əməl edək. Məqsədim budur ki, ölkənin ehtiyacı vardır.
Bunlar məsələnin yalnız bir tərəfidir. Xalqın inamını sarsıtmaq üçün düşmənin gördüyü işlər və etdiyi səylər də məsələnin başqa tərəfidir. O zaman burada siz rol oynayırsınız, çox mühüm bir rol. Sizin hərəmi qoruyanları müdafiə etməyiniz də çox dəyərli işdir. Oxunan şeirlər, danışılan sözlər – bunlar çox qiymətlidir, bunda şübhə yoxdur. Necə ki, müqəddəs müdafiə dövründə deyilən şeirlər, oxunan nəğmələr xeyli təsirə malik idi. Şübhəsiz, bu gün də o cür təsirə malikdir. Bununla yanaşı, daha bir məsələ də var ki, onun əhəmiyyəti əgər çox deyilsə, az da deyil. Bu, gənclərin inamını möhkəmlətmək məsələsidir. Düşmən inamı sarsıtmaq istəyir – İslama inamı, İslam quruluşunun faydalı olmasına inamı, İslam quruluşunun davam etmə imkanına olan inamı. Düşmən aşkar həqiqətlərin əleyhinə də iş görür, təbliğat aparır. Bəzən aydın olan bir məsələnin əleyhinə qalxır və fırıldaqla, yalanla, gözbağlıcalıqla öz dediyini sübuta yetirmək istəyir. İslam quruluşu yarandığı gündən bu günə kimi daim ağır hücumlara tuş gəlib – ağır hərbi, ideoloji hücumlar, embarqo və s. Eyni zamanda, İslam quruluşu bu 37 ildə inkişaf etdi, bur gün olmadı ki, inkişafdan qalsın. Hər cəhətdən inkişaf etdi, hər baxımdan güc qazandı, əzəmət qazandı. Bu gün düşmən baxıb görür ki, İnqilabın əvvəlində yaranmış o zəif və nazik fidan bu gün qollu-budaqlı bir ağaca çevrilib. “O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər”.(10) Bunu gözləri ilə görürlər. Bu qədər yaşamaq, inkişaf etmək və güclənmək bacarığına sahib olan bir quruluş bundan sonra da bu cür güclü olacaq, günbəgün qüvvətlənəcək. Gələcək perspektivlər üçün nəzərdə tutduğumuz bu kimi məsələlər xəyal deyil, reallıqdır. Mən üç-dörd il bundan əvvəl tələbə gənclərə və elm insanlarına demişdim: “Siz gərək elə edəsiniz ki, əlli ildən sonra kim zəmanənin elmi nailiyyətlərini bilmək istəsə, fars dilini öyrənməyə məcbur olsun”.(11) Bu, ola bilər, bu, mümkündür. Necə ki, bu on-on beş il ərzində dediyimiz elmi hərəkət və elmi inkişaf baş verdi. Gənclər çalışsalar, səy və iradə sahibi olanlar çalışsalar, bütün çətin işlər asan olar. Biz irəliləyə bilərik. Eyni zamanda düşmən gənclərimizin inamına təsir göstərməyə çalışır: “Bunun nə faydası var, alınmayacaq, xeyri yoxdur”. Bunlar düşmənim psixoloji müharibə apardığı meydanlardır və siz məddah olaraq bu meydanlarda təsir göstərə bilərsiniz, gənci ideoloji bünövrə baxımından qüvvətləndirə bilərsiniz.
Mən hərdən bəzi məddah məclislərinə etiraz edirəm. Tutaq ki, mühərrəm ongünlüyündə adam görür ki, məsələn, bir məclisdə hamı tullanıb-düşür. Bəzən mənə şəkillər gətirib göstərirlər. İndi bu vasitələr çoxalıb. Əlbəttə, məndə bunlar yoxdur, amma hərdən bu şəkilləri və sairəni gətirib mənə göstərirlər. Yaxşı, bunun nə xeyri var? Bunun hansı təsiri var? Bunun harası əzadarlıqdır? Mənim etirazım gənclərin emosionallığından narahat olduğuma görə deyil. Gənc emosionaldır, gənc enerji mənbəyidir, həmişə istəyir ki, enerjisini xərcləsin. Mən ona görə deyirəm ki, yer üzünün bu böyük vəzifələri kənarda qalmasın. Beş min ya on min gənc bir yerə toplaşıb ürəklərini sizin ixtiyarınıza verəndə, siz uca, ustalıqla hazırlanmış, dərin mənalı bir çıxışla onları öz işlərinin arxasınca əzmlə gedən faydalı insanlara çevirə bilərsiniz. Eləcə də, onları arzusuz, düşüncəsiz, ümidsiz, mənəvi baxımdan yoxsul insanlara çevirə bilərsiniz. Bu işi də görmək olar. Siz bu imkandan istifadə edin və həmin birinci maddəni seçin. Mənim sözüm budur.
Məddahlıq – dünya varlıqlarının ən üstünlərinin tərifidir. Onun mövzusu - dünya varlıqlarının ən üstünləri olan Əhli-beytin (ə.s) tərifidir. Ona görə də məddahlığın hörməti ucadır. Məddahlığın real mənası bundan ibarətdir. Amma siz baxın, görün, məsələn, Dibil Xüzai kimi şair “Mədarisi-ayat” qəsidəsində nə deyir? “Mədarisi-ayat” həmin qəsidədir ki, Həzrət İmam Rza (ə.s) bu qəsidəyə görə müəllifi ruhlandırmış və ona öz libasını bağışlamış, mükafat vermişdi. Bu, elə bir qəsidədir ki, əslində Abbasilər sülaləsinin taxt-tacını, Abbasilərin varlıq səbəbini sual altına alır və onları məhkum edir. Yəni sırf siyasidir. Belə deyil ki, sırf rövzəxanlıq və sırf mərsiyəxanlıq olmalıdır. Xeyir, mərsiyəxanlıq da lazımdır. Amma məhz mərsiyəxanlıqla yanaşı qərar tutan məsələ imamların (ə.s) diqqətini qazanıb. Dibilin qəsidəsi, Kümeytin qəsidəsi, o zamanın şairlərinin söylədikləri digər qəsidələr. Başqaları da bunları oxuyur və ifa edirdilər, necə ki, indi siz gözəl səslə oxuyursunuz. İstər şairin özü, istərsə də başqası gəlib qəsidəni camaat üçün oxuyurdu. Kütləvi təbliğat vasitələri bundan ibarət idi. Bu gün siz də bundan istifadə edə bilərsiniz, kütləvi təbliğat vasitələrindən yararlana və camaatı hidayət edə bilərsiniz. Mənim fikrimcə, bu, çox əsas işdir.
Məlum sözdür ki, deyirlər: “Hər elmin şərəfi o elmin mövzusuna bağlıdır”. Mövzusu daha şərəfli olan elmin özü də şərəflidir. Əgər bu fikri elmdən peşələrə inikas etdirsək, sizin peşənizin mövzusu, işiniz, səyləriniz Əhli-beyti (ə.s) mədh etmək, dinləyicilərin bəsirətini artırmaq və onları ayıltmaqdır. Bu, hər şeydən üstündür, çox dəyərlidir. Bu dəyərdən istifadə edin. Allaha həmd olsun ki, məddah toplumu da çoxdur. Bu gün bura təşrif gətirmiş toplum diqqətəlayiq toplumdur. Amma bütün ölkədəki məddah ifaçıların sayı bundan daha artıqdır. Allaha həmd olsun ki, bu say hər yerdə çoxdur. Elə adamlar var ki, bu işi sevirlər və bu işlə məşğuldurlar. Hər halda, bu, çox mühüm bir missiyadır. Bu missiyaya əhəmiyyət verməlisiniz. Əlbəttə, burada şairlər də mühüm rol ifa edirlər, şeir yazan şairlər mühüm rol oynayırlar. Gözəl şəkildə ifa edilməyən şeirin təsiri azdır. Siz gözəl şəkildə, yüksək səviyyədə ifa etsəniz, o zaman dinləyicidə təsir buraxar.
Ümid edirəm, Uca Allah sizə yardım edəcək, bizə də yardım göstərəcək ki, əvvəlcə öz vəzifəmizi təyin edə bilək, sonra inşallah, onu həyata keçirək.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
________________________
(1) Görüşün əvvəlində bir neçə məddah və şair şeir oxumaqla Fatimeyi-Zəhranın (s.ə) fəzilətlərini zikr etdilər və onu öydülər.
(2) “Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh. 613.
(3) Təhrim surəsi, 11-ci ayədən.
(4) Təhrim surəsi, 12-ci ayədən.
(5) “Kamilüz-ziyarat”, səh. 310.
(6) “Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh. 603.
(7) Vüsuqüd-dövlənin bu beytinə işarədir:
Sənin üzünü Ayla müqayisə edən səhv edib
Dedi ki, (Ay) səninlə həmtərəzidir, (bununla da) sənin qiymətini əskiltdi.
(8) Müqəddəs Məşhəd şəhərində İmam Rza (ə.s) hərəminin zəvvar və xidmətçiləri qarşısındakı çıxış (01.01.1395-ci il).
(9) 1395-ci ilin şüarına işarədir: “Müqavimət iqtisadiyyatı: əməli tədbirlərl”.
(10) İbrahim surəsi, 25-ci ayədən.
(11) Gənc alimlər Yeddinci Milli Konfransının iştirakçıları ilə keçirilmiş görüşdəki bəyanat (17.07.1392-ci il).