Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 1395-ci ilin ilk günü İmam Rza (ə) hərəmində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیین المعصومین سیّما بقیة الله فی الارضین
اللّهمّ صلّ علی فاطمة بنت محمّد اللّهمّ صلّ علی فاطمة بنت رسولک و زوجة ولیّک الطّهرة الطّاهرة المطهّرة التّقیّة النّقیّة الزّکیّة سیّدة نساء اهل الجنّة اجمعین
اللّهمّ صلّ علی ولیّک علیّ بن موسی‌ صلاةً دائمةً بِدَوام مُلکِکَ و سُلطانِک، اللّهمّ سَلِّم علی وَلیّک علیّ بن موسی‌ سلاماً دائماً بِدَوام مَجدِک و عظمتک و کبریائک

Allah-taalaya şükürlər olsun ki, hicri-şəmsi ilinin başlanğıcında siz əziz Məşhəd əhalisi, zəvvarlar və ölkənin digər yerlərindən bu müqəddəs vilayətə ziyarətə gəlmiş insanlarla bir daha görüşmək fürsətini mənə nəsib etdi. Əvvəla, yeni il münasibəti ilə bütün qardaş və bacıları yenidən təbrik edirəm.

Yeni ilin özünəməxsusluğu bundan ibarətdir ki, bu ilin həm başlanğıcı, həm də sonuhicri-qəməri təqviminə əsasən Həzrəti-Fatimeyi-Zəhranın (s.ə) doğum günü ilə üst-üstə düşəcəkdir. Allah-taaladan istəyim budur ki, iki dünya xanımı Həzrəti-Fatimeyi-Zəhranın (s.ə) hörmətinə xatir, bu ili həm İran xalqı, həm dünya müsəlmanları, həm də Əhli-Beyt aşiqləri üçün bərəkətli etsin. Və bu mübarək mövludun bərəkətindən, inşallah, hamı istifadə edərək yararlansın.

Builki səfərimdə və bu görüşdə hiss etdiyim yeganə çatışmazlıq bu müqəddəs məqbərənin ixlaslı qulluqçusu olan görkəmli alim, mücahid və mübariz insan, əziz qardaşım cənab Təbəsinin(1) yoxluğudur. Onun varlığı bizim üçün bir nemət idi; cənab Təbəsi İslam İnqilabının öncüllərindən hesab olunurdu və yoxluğu onu tanıyan hər bir insan üçün sözün həqiqi mənasında böyük bir itkidir. Allah-taaladan istəyim budur ki, onun pak ruhuna Həzrəti-Əbülhəsən Rzanın (ə) lütfünün kölgəsində rahatlıq bəxş etsin, ona öz rəhmət və mərhəmətini nəsib etsin.

Bugünkü söhbətimi bu ilin şüarını seçməklə başlayıram və davamında da bura toplaşan siz əziz qardaş-bacılar və bu söhbəti sonradan eşidəcək insanlar üçün, inşallah, bəzi açıqlamalar edəcəyəm. Mən söhbətimi güclü arqumentlər, dərin məntiq əsasında qurmaq istəyirəm. Çünki hazırda şüar xarakterli söhbətlər, fikirlər xalqımızın düşüncəsində özünə bir o qədər də yer tuta bilmir. Xalqımız, gənclər, ictimaiyyətin hər bir üzvü düşüncə sahibidir və ətrafdakı hadisələrə dəlil və məntiq prizmasından baxırlar. Buna görə də mən fikirlərimi əziz xalqımın düşüncəsinə uyğun olaraq, məntiqə əsaslanaraq izah edəcəyəm. Bu ilin şüarını iqtisadiyyatla bağlı seçməyimin(2) səbəbi də ölkənin ümumi vəziyyətinə nəzər salmağım, prosesləri ümumilikdə analiz etməyimdir. Bəlkə də, bəzi insanlar mənim bu ilin şüarını seçərkən mədəni, yaxud əxlaqi mövzulara üstünlük verəcəyimi düşünüblər, lakin mən ölkədəki məsələləri ümumilikdə diqqətə alaraq, bundan öncəki bir neçə ildə olduğu kimi, bu il də yeni ilin ölkədə, ictimaiyyət arasında bir diskurs şəklində yayılmalı olan şüarını iqtisadiyyatla bağlı seçdim. Bu barədə ətraflı danışacağam və istəyirəm ki, əziz gənclərimiz də məndən eşitdiklərini analiz edərək üzərində fikirləşsinlər. 

Hazırda imperialistlərin, xüsusilə də Amerikanın yürütdüyü siyasət xalqımızın beyninə xüsusi bir düşüncənin yeridilməsini tələb edir; bu düşüncə öncə ictimaiyyətin ziyalılarının, daha sonra isə tədricən bütövlükdə toplumun zehninə aşılanmalıdır. Onların nəzərdə tutduğu siyasət İran xalqında bir dilemma qarşısında olduğu, bundan başqa çıxış yolunun olmadığı təsəvvürünü yaratmaqdan ibarətdir. Həmin dilemma isə budur: İran xalqı ya Amerika ilə razılaşmalı, ya da Amerikanın təzyiqlərinə və onun yaratdığı problemlərə həmişəlik dözməlidir; bu ikisindən birini seçməlidir; onların istədikləri budur. Sözsüz ki, Amerika ilə anlaşmaq başqa hər hansı bir ölkə ilə anlaşmaq kimi deyil. Çünki Amerika dövləti böyük maddi sərvətə, geniş təbliğat sisteminə, təhlükəli silahlara və bir çox imkanlara malikdir. Amerika ilə razılaşmaq bu dövlətin bir sıra məcburiyyətlərini çarəsizlikdən qəbul etmək anlamına gəlir. Digər ölkələr üçün Amerika ilə razılaşmağın mənası budur ki, qarşı tərəf hansısa bir məsələdə onların xeyrinə lazımi güzəştə getmədən, həmin ölkələr onun xeyrinə öz mövqeyindən geri çəkilsin. Elə sonuncu nüvə razılaşmasında da – bu razılaşmanı təsdiqlədiyimizə, danışıqlarda iştirak edən rəsmiləri də qəbul etdiyimizə, onların etimada layiq insanlar olduğunu elan etdiyimizə baxmayaraq – burada da məsələ eynilə belə idi. Möhtərəm Xarici İşlər Naziri müəyyən məqamlarda mənə bildirdi ki, məsələn, anlaşmada bu yeri, ya da bu qırmızı xətti biz artıq qoruya bilmədik. Bunun mənası elə budur; yəni Amerika kimi, təbliğat vasitələrinə, geniş imkanlara, sərvətə, aktiv diplomatiyaya, müxtəlif qlobal siyası faktorlara malik, ölkələri təzyiq altında saxlayan bir dövlətlə üz-üzə gələndə, onunla anlaşmaya gedəndə qarşı tərəf israrlı olduğu bəzi məsələlərdə güzəştə getmək məcburiyyətində qalır. Amerikanın yürütdüyü siyasətə əsasən, bu, xalqımızın zehninə labüd və qaçılmazmış kimi sırınmağa çalışan bir dilemmadır: ya Amerikanın bir çox istəklərinin qarşısında geri çəkilməli, ya da Amerikanın təzyiqlərinə, təhdidlərinə, ona müxalif çıxmaqdan doğan zərərlərə dözməli, qatlaşmalıyıq. Onlar öncə bunu diskurs formasında ictimaiyyətin ziyalıları arasında, daha sonra isə tədricən xalq arasında yaymaq və toplumun düşüncəsinə aşılamaq niyyətindədirlər. Ölkə daxilində və xaricində artıq bu düçüncəni geniş surətdə, fəqli formalarda, müxtəlif çıxışlarla, sosial şəbəkələr vasitəsi ilə yaymaqdadırlar; bu fikri xalqımız arasında yaymaq üçün müəyyən insanlar da seçiblər. Qeyd etdiyim kimi, bu düşüncəni daxildə də qəbul edən, qəbul etmiş və başqalarına da qəbul etdirməyə çalışan müəyyən qüvvələr vardır. 

Diqqətiniz məndə olsun, qarşı tərəfin nə demək istədiyini söyləyim, sonra həqiqət nəyi tələb edirsə, onu da deyəcəyəm. Qarşı tərəf, yəni həmin təbliğat strukturu, beyin mərkəzi deyir ki, İran geniş iqtisadi potensiala malik bir ölkədir və onunla nüvə sahəsində anlaşma əldə etməkdə bizim məqsədimiz bu ölkənin həmin potensialdan istifadə edə bilməsinə şərait yaratmaqdır; bəli, bu razılaşma reallaşdı, amma bu, kifayət etmir, bir sıra başqa məsələlər də var ki, İran xalqı, İran dövləti, İran rəsmiləri onların həlli üçün qərarlar qəbul edib addımlar atmalıdır; məsələn, götürək elə bu gün Qərbi Asiya regionunda (yəni qərblilərin “Yaxın Şərq” adlandırdıqları regionda) gedən prosesləri; burada çoxlu münaqişələr, iğtişaşlar, narahatlıqlar var; bəli, bu problem bütün regiona aiddir və əgər siz də bu problemin ölkənizdən yan keçməsini istəyirsinizsə, bu münaqişələrin yatışmasına, durdurulmasına çalışmalısınız. Yaxşı, bəs bunun üçün nə etmək lazımdır? Amerika ilə əməkdaşlıq etmək, həmfikir olmaq, birgə iclaslar keçirərək müzakirələr aparmaq və Amerikanın istəyinə, yaxud onunla bağlanacaq bir razılaşmaya əsasən problemlərin həlli üçün bir model seçmək; bu, bir məsələ. 

Yaxud bizim həllini gözləyən başqa problemlərimiz var, Amerika ilə bir çox məsələlərdə fikir ayrılıqlarımız, ixtilaflarımız var. Onlar, mütləq, həll olunaraq tamamlanmalıdır. İndi fərz edin ki, həmin ixtilafların həlli üçün İran xalqı öz prinsiplərindən, qırmızı xətlərindən əl çəkmək məcburiyyətində qalarsa belə, bunu etməlidir; halbuki qarşı tərəf öz prinsip və dəyərlərində heç bir güzəştə getmir. Biz isə lazım gələrsə, problemlərin çözülməsi üçün – məsələn, ölkə iqtisadiyyatının güclü bir iqtisadiyyata çevrilməsi üçün – geri çəkilməli, güzəştə getməliyik ki, nəticədə, ölkə öz potensialından istifadə edə bilsin. Onların demək istədikləri budur. Buna əsasən də, nüvə məsələsində razılıq əldə olundu və bu razılaşmanı “Birgə Kompleks Tədbirlər Planı” adlandırdıq; amma belə çıxır ki, bununla yanaşı, bizim rahat şəkildə yaşaya bilməyimiz üçün başqa tədbir planları, məsələn, regiona aid bir BKTP, ölkə konstitusiyası ilə bağlı bir BKTP, beləcə 2-ci, 3-cü, 4-cü və sair BKTP-lər yaradılmalıdır. Bu, bir məntiqdir, həmin məntiqi ziyalılar arasında yaydıqdan sonra onların vasitəsi ilə toplumun zehninə aşılamağa çalışırlar. Bəs bu sözün arxasında duran məna nədən ibarətdir? Bu sözün mənası odur ki, İslam Respublikası İslam dininin hökmlərinə və İslam Respublikası quruluşunun özünəməxsus, qabarıq xüsusiyyətlərinə əsasən rəhbər tutduğu prinsiplərdən, Fələstin məsələsindən, regionda imperialist dövlətlərə qarşı gedən mübarizəni dəstəkləməkdən geri çəkilməli, regionun Fələstin, Qəzza, Yəmən, Bəhreyn kimi müdafiəsiz xalqlarına siyasi dəstək göstərməməli, himayədarlıq etməməli və öz arzu və istəklərini balanslaşdırmaqlabir qədər qarşı tərəfin, yəni Amerikanın reallaşmasını istədiyi maraqlara yaxınlaşmalıdır. Bu sözün mənası odur ki, hazırda regionun bəzi ölkə və dövlətləri öz xalqlarının istək və tələblərinin, eləcə də İslam qanunlarının əksinə gedərək sionist rejimi ilə razılaşıb Fələstin məsələsini arxa planda saxladıqları kimi, İslam Respublikası da bu cür etməlidir; bu sözün mənası odur ki, bu gün bəzi ərəb dövlətləri həyasızcasına sionist düşmənə dostluq əlini uzatdıqları kimi, İslam dövləti də sionist düşmən ilə barışıb razılaşmalıdır. 

Əlbəttə, məsələ bunlarla bitmir; düşmənin siyasi analizində irəli sürülən iddiaların mənası budur ki, əgər Amerika istəyərsə, İslam dövləti hətta öz müdafiə mexanizmlərindən belə əl çəkməlidir. Özünüz də gördünüz ki, raket məsələsinə görə dünyada necə qalmaqal yaratdılar: İslam Respublikasının niyə raketi var? Niyə uzaqmənzilli raketi var? Niyə İslam Respubikasının hazırladığı raket hədəfi düzgün təyin edir və dəqiq nişan alır? Niyə sınaq təlimləri keçirdiniz? Niyə görə hərbi təlimlər keçirirsiniz? Niyə? Niyə? Niyə? Amerikalılar ölkələrindən kilometrlərlə uzaq olan Fars körfəzində vaxtaşırı region ölkələrindən biri ilə birgə hərbi təlim keçirirlər – halbuki onlar burada heç bir səlahiyyətə malik deyillər – İslam Respublikası öz evində, öz ərazisində, hava və su sərhədləri daxilində hərbi təlim keçirir, onlar da “niyə təlim keçirdiniz”, “niyə bu addımı atdınız”, “niyə dəniz qüvvələriniz (yaxud hərbi hava qüvvələriniz) bu işi gördü?” – deyə qalmaqal yaradırlar. Düşmənin apardığı təhlilin mənası budur ki, biz bütün bunlardan əl çəkməliyik. Məsələ daha da ciddidir; tədricən onlar mövzunu bu istiqamətə çəkəcəklər ki, ümumiyyətlə“Qüds” briqadası nə üçün təşkil olunub, Keşikçi Korpusunu nə üçün yaratmısınız, nəyə görə İslam Respublikasının daxili siyasəti konstitusiyaya əsasən İslam dini ilə uyğunlaşdırılmalıdır; məsələ bu yerlərə qədər gedib çatacaq. Siz düşmənə müqavimət göstərmək iqtidarında olduğunuz halda – bir az sonra bunu da şərh edəcəyəm – geri çəkilsəniz, düşmən üstünüzə doğru irəliləyəcəkdir; düşmən heç vaxt dayanmır. Yavaş-yavaş işi o yerə catdırıb deyəcəklər ki, “siz ki deyirsiniz İslam Respublikası, bu ölkədə parlament, ədliyyə strukturu İslam qanunlarına və şəriətinə əsasən yönləndirilməlidir, bunlar azadlıq prinsiplərinin ziddinədir və liberalizm dəyərləri bunları qəbul etmir”. Tədricən bura da çatacaqlar. Əgər düşmənin önündən geri çəkilsəniz, onlar üstümüzə doğru irəliləyərək deyəcəklər ki, Keşikçi Şuranın cəmiyyətdəki rolu nədən ibarətdir, Keşikçi Şura şəriətə zidd olan qanunları nəyə görə qəbul etmir? Söhbət bundan gedir. Dəfələrlə qeyd etdiyim kimi, bu, İslam Respublikasının mahiyyətinin dəyişilməsi deməkdir. Yəni İslam Respublikası özünü formal olaraq qoruya bilsə də, faktiki olaraq öz mahiyyətindən tamamilə məhrum olacaqdır. Düşmən də bunu istəyir. Düşmənsayağı aparılan və ziyalıların, xalqın düşüncəsinə yeridilməyə çalışan bu təhlilin mənası odur ki, əgər İslam Respublikası və İran xalqı Amerika sarıdan gələn təhlükələrdən amanda qalmaq istəyirsə, İslam dövlətinin mahiyyətindən, İslam dinindən, dini təlimlərdən, öz milli təhlükəsizliyindən əl çəkməlidir. 

Bu təhlildə diqqətdən kənarda qalan bir neçə başqa mətləb də var ki, onlardan birinə toxunmaq istəyirəm. Belə ki bizim “5+1” ölkələri ilə nüvə danışıqları məsələsində amerikalılarla əldə etdiyimiz razılaşmada amerikalılar öz öhdəliklərinə əməl etmədilər və görülməsi lazım olan işləri görmədilər. Bəli, möhtərəm Xarici İşlər Nazirimizin dediyi kimi, kağız üzərində bir sıra işlər gördülər, amma saysız-hesabsız dolaşıq yollarla İslam Respublikasınınhədəflərinin reallaşmasını əngəllədilər. Bu gün başdan-başa bütün Qərb ölkələrinə, onların nəzarətdə saxladığı şirkətlərə baxın, bizim bank mübadilələrimiz problemlərlə üzləşir, banklarındakı əmanətlərimizi geri qaytarmaqda çətinliklərlə rastlaşırıq, banklar vasitəsi ilə görüləsi müxtəlif ticarət əməliyyatlarında maneələr yaradılır; araşdırma aparıb səbəbini soruşduqda məlum olur ki, amerikalılardan çəkinirlər. Amerikalılar sanksiyaları qaldıracaqlarını demişdilər, kağız üzərində qaldırdılar da, amma digər tərəfdən sanksiyaların qaldırılmasının öz təsirini tam olaraq göstərməməsi, gözlənilən nəticənin reallaşmaması üçün cürbəcür işlər görürlər. Buna görə də hansısa məsələ ilə bağlı amerikalılarla oturub müzakirələr edərək ortaq məxrəcə gəlməyin, yəni qarşılıqlı surətdə hansısa öhdəçiliklər götürməyin mümkünlüyünə inanan insanlar yaddan çıxarırlar ki, biz istər-istəməz bütün öhdəçiliklərimizi yerinə yetirməyə məcbur qalırıq, qarşı tərəf isə müxtəlif yollarla, cürbəcür metodlarla, hiylə ilə, saxtakarlıqla bu işdən boyun qaçırır, öhdəliklərinə əməl etmir. Bu gün biz bax belə bir vəziyyətin şahidiyik; yəni sırf zərərdir.

Amma məsələ bununla da bitmir. Mən şah diktaturası haqqında anlayışı olmayan, diktatura dövrünü görməmiş, İslam İnqilabının qələbəsi ilə bu ölkədə hansı hadisələrin baş verdiyindən xəbərsiz olan əziz gənclərimizə bir neçə mətləbi şərh etməyi lazım bilirəm. Diqqət edin; bizim yaşadığımız bu regionda – Qərbi Asiyada – sizin əziz ölkəniz olan İran regionun gözüdür: məşhur ifadə ilə desək, strateji mövqeyi baxımından misilsiz bir ölkədir; zəngin neft və qaz resursları baxımından da bütün bu regionda, bir baxımdan da bütün dünyada üstündür; neft və qazdan başqa digər zəngin resursları da vardır. Zəngin tarixi irsi, istedadlı insan resursları ilə böyük bir dövlətdir. Bura regionun gözüdür və bu önəmli ərazi bir zamanlar tamamilə amerikalıların nəzarətində olub, amerikalılar bu ölkədə istədikləri hər bir işi görüblər: ölkəni qarət edir, sərvətini aparırdılar; istismarçı, müstəmləkəçi bir dövlətin zəif bir ölkədə gördüyü bütün işləri onlar da burada həyata keçirir, ölkəni öz əllərində, güclü pəncələri arasındasaxlayırdılar. Belə bir vaxtda İslam İnqilabı yetişərək bu ölkəni onların pəncəsindən dartıb aldı. Elə buna görə də İslam İnqilabına qarşı olan kin, nifrət Amerika siyasətinin canından çıxmır. Onların düşmənçiliyi yalnız həmin dominantlığı bu ölkədə yenidən bərpa edəcəkləri gün sona çatacaq; onların hədəfi budur, bu məqsədi reallaşdırmağın ardıncadırlar. Əlbəttə, siyasətçidirlər, diplomatdırlar, siyasi işlərdə peşəkardırlar və hansısa məqsədə çatmaq üçün bir yol olduğunu və həmin hədəfə doğru tədricən, özünəməxsus yollarla hərəkət etmək lazım olduğunu bilirlər; hal-hazırda da bu işi görməkdədirlər. Buna görə də biz gözümüzü dörd açmalı, diqqətli olmalıyıq. 

İslam Respublikası onların əlindən yalnız İranı çıxartmadı, göstərdiyi igidlik və dirəniş ruhiyyəsi ilə – az sonra bu barədə də danışacağam – başqa ölkələri də müqavimətə ruhlandırdı. Hazırda siz özünüz də regionun bir çox ölkələrində, hətta regiondan kənarda da “Amerikaya ölüm!” şüarının səsləndirildiyinin, Amerika bayrağının yandırılmasının şahidi olursunuz. İran xalqı onlara qarşı müqavimət göstərməyin mümkün olduğunu nümayiş etdirdi, başqa ölkələr də bunu öyrəndilər, indi artıq Amerika vəziyyətə nəzarəti itirib. Amerikalılar “Böyük Yaxın Şərq” yaratmaq istədiklərini elan etmişdilər – gah dedilər “Yeni Yaxın Şərq”, gah da dedilər “Böyük Yaxın Şərq” – hədəf Qərbi Asiyanın bu hissəsində, müsəlman dövlətlərinin mərkəzində qondarma İsrail sionist dövlətini regionun bütün işlərinə, iqtisadi, siyasi və mədəni proseslərə hakim etmək idi; məqsədləri bu idi. Baxın, “Böyük Yaxın Şərq” şüarını səsləndirənlər indi Suriya, Yəmən, İraq, Fələstin məsələlərində uğursuzluğa düçar olublar və bütün bunların səbəbkarı kimi İranı, İslam Respublikasını görürlər.

Onların İslam Respulikası ilə düşmənçiliyi bax bu cürdür; İslam Respublikası ilə fikir ayrılıqları bir-iki məsələyə görə deyil, məsələ daha dərin və ciddidir. Keçmişdəki ağalıqlarını bərpa etmək ümidi ilə bu tərəfə doğru irəliləyərək gəlməkdədirlər.

Əziz gənclərimiz zalım Pəhləvi rejimini görməyiblər. Mən siz əzizlərimə, gənclərə onu da deyim ki, bu 50-60 il ərzində – yəni Pəhləvi hakimiyyəti dövründə və ondan bir az əvvəl ölkəmizdə işlərin idarəçiliyi əvvəlcə ingilislərin, daha sonra isə amerikalıların əlində olub və onlar bu vaxtərzində ölkədə istədiklərini ediblər. Məsələn, Pəhləvi dövlətini, Rzaxanı hakimiyyətə gətirdilər, bir müddət sonra ondan narazı qaldıqları üçün hakimiyyətdən uzaqlaşdırıb, yerinə Məhəmmədrzanı qoydular. Yəni bu böyüklükdə, bu əzəmətdə olan bir ölkədə amerikalılar, yaxud ingilislər xalqın gözü önündə ölkənin başçısını rahatlıqla, öz maraq və istəklərinə əsasən hakimiyyətdən qaldırır, yerinə başqa birini gətirir, bu məsələni öz aralarında həll edirdilər. İranda belə bir vəziyyət yaratmışdılar. Yaxşı, bəs ölkəyə bu şəkildə hakim olmağa necə nail olmuşdular? Ölkədə sonrakı illər, hətta onilliklər boyu ağalıq etmək üçün əvvəlcə İngiltərə, daha sonra isə Amerika rejimi daxildə qazdıqları bir sıra səngərlərdən istifadə edirdi. İslam İnqilabı gəldi və öz gəncləri vasitəsi ilə həmin səngərləri dağıdaraq yox etdi. Əvəzində isə İslam İnqilabını, İslam Respublikasını, milli kimliyi qorumaq məqsədi ilə öz səngərlərini yaratdı. Onlar geri gəlib əvvəlki dağıdılmışsəngərlərini bərpa etmək, inqilabın, inqilabçıların və gənclərimizin əli ilə qurulmuş səngərləri isədağıtmaq istəyirlər. Başlıca hədəfləri budur. 

Gəlin o səngərlərdən bir neçəsini sizin üçün sayım: müstəmləkəçi dövlətlərin – yəni öncə İngiltərə, sonra isə Amerikanın –ölkəmizdəki ən mühüm səngərlərindən biri onların əli ilə hakimiyyətə gətirilmiş diktator şah rejiminin özü idi. Hakimiyyətə kənar qüvvələrin əli ilə gətirilmiş şah diktaturası onların səngəri idi; məhz onun əli ilə ölkədə istədiklərini edir, iqtisadiyyatı, mədəniyyəti, siyasəti idarə edir, vəzifə postlarında istədikləri kimi yerdəyişmələr edir, hökumətin tutduğu mövqeyi istədikləri istiqamətəyönəldir, bu ölkəni, bu dövləti öz meyil və istəklərinə uyğun olaraq oyan-buyana dartışdırırdılar. Qısası, diktator rejimin özü Amerika və İngiltərənin bu ölkədəki ən önəmlisəngəri idi. Bu, bir səngər. Bəli, İslam İnqilabı meydana gələrək bu səngəri məhv etdi, aradan götürdü; ölkədə monarxiya hökumətinin kökünü kəsdi, şahlıq üsuli-idarəsinin, bir şəxsin hakimiyyətinin yerinə xalq hakimiyyətini bərqərar etdi. Vaxt var idi, deyirdilər ki, ölkənin yiyəsi var, yaxşı bəs ölkənin yiyəsi kimdir? Əlahəzrət! Bu söz dönə-dönə dillərdə təkrar olunurdu: ölkənin yiyəsi var! Kimdir yiyəsi? Şah! Yəni əxlaqsız, ləyaqətsiz, əcnəbilərdən asılı, milli dəyərlərdən, demək olar ki, tamamilə məhrum olan bir fiqur ölkənin yiyəsi idi. Bəli, İslam İnqilabı meydana gələrək bu qəsbkar və yalançı “yiyə”ni hakimiyyətdən kənarlaşdırdı, ölkəni həqiqi sahibinə – hansı ki seçki təşkil edir, seçkidə istirak edir, tələb edir, təsdiqləyir, inkar edir – xalqa təslim etdi. İslam Respublikasının və İslam İnqilabının darmadağın etdiyi birinci səngər bu idi. 

Yalnız bu deyildi, başqa səngərlər də vardı. Digər psixoloji və real səngərlər də var idi. Onlardan bir-ikisini sizin üçün sadalayım. Həmin psixoloji amillərdən biri qorxu faktoru, qorxu səngəri, super-güclər qarşısında fobiya idi. Ölkədə elə iş aparmışdılar ki, Amerika super-gücünə qarşı qorxu hissi bütün insanlara hakim kəsilmişdi. Qeyd etdim ki, ölkədə insanlara son onilliklərdə Amerikaya, ondan əvvəl də İngiltərəyə qarşı qorxu aşılanmışdı. Ölkədə hansı hadisə baş verirdisə, deyirdilər ki, həmin işdə ingilislərin barmağı var, yəni sözün həqiqi mənasında ingilisləri super-güc bilirdilər. Bu qorxu faktoru təkcə xalqa aid deyildi, hakim dairələr özləri də Amerikadan qorxur, çəkinirdilər. O dairələrdən olan insanların qələmə aldığı, inqilabdan sonra çap olunmuş xatirələrdən görünür ki, Məhəmmədrza və yaxınları da bəzən üzləşdikləri təhqirlərə, saymazlığa görə amerikalılara qəzəblənirmişlər, ancaq başqa çıxış yolları yox imiş, itaət etməyə məcbur imişlər, çəkindikləri üçün itaət göstərməyə məcbur imişlər, qorxurmuşlar. İslam İnqilabı meydana gələrək bu qorxu səngərini yox edir. Bu gün İslam Respublikasında gözüaçıq, məlumatlı, dini dəyərlərə sadiq olan bir nəfər belə görməzsiniz ki, Amerikadan qorxub çəkinsin. Xalq qorxu hissini bir kənara atıb. Millət nəinki Amerikaya, hətta bütövlükdə müstəmləkə cəbhəsinə qarşı qorxu hissini özündən kənarlaşdırıb. 8 il çəkmiş Məcburi Müharibə dövründə – təəssüflər olsun ki, gənclərimiz tariximizin o qızıl səhifələrindən, nurlu dövrlərindən məlumatsızdır – ABŞ, NATO, keçmiş Sovetlər Birliyi, tam mənasında ləyaqətsiz və iradəsiz mürtəceərəb dövlətləri və başqaları Səddama kömək edirdi; hamı kömək edirdi. Yəni dünyanın şərqində və qərbində olan dövlətlər Səddamın lehinə, İslam Respublikasının əleyhinə vahid cəbhədə birləşmişdi. Amma bütün bunlara rəgmən, İslam Respublikası narahatçılıq keçirmədi, ruhdan düşmədi, duruş gətirdi və Allah-taalanın köməyi ilə bütün düşmənlərinə qələbə çaldı. 8 illik müharibə boyunca düşmən İran torpağının bir qarışını belə ala bilmədi. Xalq qorxu hissini bu cür məhv etmişdi. Bəli, mən qeyd etdim ki, mömin, məlumatlı, islami dəyərlərə sadiq insanlar Amerika kimi bir gücdən çəkinmir, amma ola bilsin ki, bu gün də qorxu hissi keçirənlər var, lakin bu qorxu məntiqsizdir. Məhəmmədrza kimilərinin Amerikadan qorxması məntiqli olsa da, indikilərin qorxusu məntiqsizdir. Çünki onların xalq kimi bir arxası, dayağı yox idi, bu gün isə İslam Respublikasının bu böyük millət kimi bir dayağı var!

Düşmənin ölkəmizdə ağalıq etmək üçün hazırladığı səngərlərdən biri də insanlara özünə inamsızlıq, bir xalq kimi özünə güvənməmək hissini aşılamaq idi. İnsanlarımız Qərb ölkələrinin möhtəşəmliyini görür, elmi-texniki nailiyyətlərini, gözqamaşdıran mədəniyyətini müşahidə edirdilər, öz ölkələrində isə bunların heç biri yox idi. İrandabunlardan əsər-əlamət də yox idi, inkişafdan geri qalmışdı. Buna görə etimadsızlıq, inamsızlıq hissi keçirirdilər. Pəhləvi dönəmində hökumət adamlarından biri belə bir fikir səsləndirmişdi ki, “iranlı getsin lüləinini düzəltməklə məşğul olsun!” Siz lüləinin nə olduğunu bilməzsiz. Lüləin saxsıdan (metaldan yox) düzəldilmiş aftafaya deyərdilər. Keçmişdə aftafanı bir qayda olaraq saxsıdan düzəldərlərmiş. Həmin adam da deyirdi ki, iranlının bacarığı ancaq saxsıdan aftafa düzəltməyə yetir. İranlı hara, nə isə ixtira etmək hara?! O günlər xalqı aşağılayacaq belə sözlər danışırdılar. Həmin dövrün başqa bir tanınmış siması isə belə demişdi: “İnkişaf etmək, irəliləmək istəyən iranlı başdan-ayağa qərbli, avropalı olmalıdır. Hər bir məsələdə özünü onlara bənzətməlidir ki, bəlkə, inkişafa doğru bir addım ata bildi”. Yəni özünəinam məfhumu yox idi. İslam İnqilabı meydana gələrək bu inamsızlığı tamamilə özünəgüvən, milli kimliyə inama çevirdi. Bu gün iranlı gənc: “Biz bacararıq!” – deyir. Elmi inkişafın bir çox sahələrində – bü gün şükürlər olsun, reallaşmış inkişaf və qazanılan nailiyyətlərdən başqa – gənclərimiz bəzən elə yeni təkliflər irəli sürürlər ki, aidiyyati qurumlar həmin təklifləri reallaşdırmaqda çətinlik çəkir. İranlı gənc artıq özünə güvənir. Özünəinam olmadıqda inkişaf da olmaz. Özünəgüvən olduqda şüar: “Biz bacarırıq!” – olur, ardınca bacarıq gəlir, ölkə də qadir bir ölkəyə, xalq da bacarıqlı bir xalqa çevrilir. Bu gün biz bunları müşahidə edirik. 

Şah diktaturasının inqilabdan əvvəl 50 il sürmüş hakimiyyəti zamanı bu ölkədə universitetlər fəaliyyət göstərirdi. Həmin universitetlərdə həm məsuliyyətli və bir pedaqoq kimi yaxşı müəllimlər çalışır, həm də istedadlı tələbələr təhsil alırdılar – sayları günümüzdəkinə nisbətən az olsa da, həmin tələbələr də istedadlı İran gəncləri idi – amma bu müddət ərzində İranda nə bir elmi inkişaf, nə də ki yeni bir ixtira baş vermişdi. Niyə görə? Çünki bacaracaqlarına, öhdəsindən gələcəklərinə inamları yox idi; bu inamsızlığı xalqın zehninə yeritmişdilər. Hazırda isə ölkədə elmi, texnoloji sferalarda tez-tez yeniliklər baş verir. Bu nailiyyətləri görən düşmən, təbii ki, əsəbiləşir. Bu gün ölkəmiz elmin inkişaf etmiş bir çox sahələrinə tətbiq olunan sanksiyalara rəğmən, dünyanın 10 ölkəsindən biridir.Bu inkişafın daha çox nəzərəçarpan, xalqın və sizin gözünüz önündə olan göstəricliləri Keşikçi Korpusun, Ordunun və digər hərbi qüvvələrin ixtiyarında olan hərbi texnikadır. Bunlardan başqa, gənclərin nanotexnologiya və nüvə enerjisi kimi müxtəlif sahələrdə əldə etdiyi yeniliklər də özünəgüvənin nəticəsidir. Düşmənin İranda özü üçün qazdığı səngərlərdən biri xalqa özünəinamsızlığın təlqin edilməsi olmuşdursa, digər tərəfdən xalqa, onun gənclərinə ən böyük qələbələri qazandırmış səngər də özünəgüvən, “Biz bacararıq!” düşüncəsinin formalaşması olmuşdur. Bu da düşmənin səngərlərindən bir başqası idi.

Düşmənin səngərlərindən daha birisi isə dini siyasətdən uzaq tutmaq idi. İnsanları dinin siyasət arenasında, ictimai quruluşda, cəmiyyətin hansı şəraitdə yaşamasındaheç bir rol oynamadığına inandırmışdılar.Bu düşüncəni hamıya təlqin etmişdilər. Dinlə əlaqəsi olmayanlar öz yerində, hətta dindarlar və bəzi din alimləri belə, İslamın siyasi məsələlərdə rol oynadığına inana bilmirdilər. Halbuki İslamın Yer üzünə gəlişi ilk başlanğıcdan siyasi xətlə müşayiət olunmuşdur. Peyğəmbərin (s) Mədinədə gördüyü ilk iş hökumət təşkil etmək olmuşdur. Ölkəmizdə isə beyinlərə tamamilə əks bir düşüncə yeritmişdilər və bu səngər vasitəsi ilə İslam rejiminin, ölkənin və xalqın əleyhinə fəaliyyət gostərirdilər. Meydana gələn İslam inqilabı isə bu səngəri məhv etdi. Hazırda nəinki təkcə din alimləri və teoloji mərkəzlər, hətta universitetlərdə təhsil alan gənclər, tələbələrimiz ölkənin əsas problemlərini Qurani-Kərim və İslam dini baxımından təhlil edir, araşdırır, bu istiqamətdə səylər göstərirlər.

“Düşmən” deyərkən mən Amerika dövlətini nəzərdə tuturam; nəzakət naminə bunu gizlətmirəm də. Əlbəttə ki, onlar: “Biz sizin düşməniniz yox, dostunuzuq” – deyirlər. Bu məqsədlə də xalqımıza Novruz bayramı münasibəti ilə təbrik mesaji yollayır, guya ki, gənclərimizə ürəyiyananlıq edir, ya da Ağ Evdə (Novruz bayramı münasibəti ilə) “həftsin” süfrəsi açırlar. Amma bunlar uşaq başı aldatmaqdır, buna heç kəs inanmaz. O yandan da sanksiyaları qüvvədə saxlayırlar,o yandan da ABŞ Maliyyə Nazirliyi, özlərinin də etiraf etdiyi xüsusi metod və yollarla dünyanın iri şirkət, müəssisə və banklarının əməkdaşlıq üçün İslam Respublikasına yaxınlaşmasına mane olur; bir yandan bu işləri görürlər, sanksiya tətbiq edir, təhdid edirlər – bu da ki əsl düşmənçilikdir – bir yandan da Ağ Evdə “həft sin” süfrəsi açırlar, ya da xalqımıza ünvandıqları Novruz bayramı mesajında deyirlər ki, “biz iranlı gənclərin işsizlik problemini düşünürük!” Bunlara heç kəs inanmaz. Onlar bizim xalqı hələ tanımayıblar; İran xalqını tanımayıblar. İran xalqı düşüncə sahibidir, gözüaçıq xalqdır, düşmənlərini tanıyır, onların düşmənçilik mexanizmlərindən də xəbərdardır. Bəli, bizim Amerika xalqı ilə heç bir problemimiz yoxdur; bizim heç bir xalqla problemimiz yoxdur; bizim problemimiz yürüdülən siyasətlərlədir, siyasətçilərlədir; düşmən onlardır!

Söhbətimi xülasələşdirim ki, sözümün canı diqqətdən yayınmasın. Bir sıra reallıqlar var: bu reallıqlardan biri ölkəmizdə geniş potensial və imkanların mövcud olmasıdır; həm təbii, həm insan resurslarımız, həm də beynəlxalq imkanlarımız var. Ölkəmiz bu imkanlarına görə daxildə müstəsna inkişaf potensialına sahibdir. Bu, bir reallıq. İslam Respublikası bu gün həm regional, həm də bəzi məsələlərdə beynəlxalq müstəvidə nüfuzlu bir gücə çevrilib; bu da mövcud olan digər bir reallıq. Buna görə də, gəlin öz qədrimizi, dəyərimizi, bu xalqın əzəmətinin qiymətini bilək.

İkinci başqa bir reallıq budur ki, Amerika məlum məsələlərə görə bizimlə düşməndir; qeyd etdiyim kimi, “düşmən” deyərkən mən Amerika siyasətçilərini və onların yürütdüyü siyasəti nəzərdə tuturam. Nüvə anlaşmasında onlar öhdəçiliklərinə tam əməl etmədilər və bizi başqa sanksiyalarla təhdid etdilər. Dediyim kimi, ABŞ Maliyyə Naziri İslam Respublikasının nüvə anlaşmasının nəticəsindən faydalanmaması üçün durmadan ciddi şəkildə çalışır. Bəli, bunlar düşməncilikdir. Daim təhdid edirlər; daim bizi daha çox sanksiyalar tətbiq etməklə qorxudurlar. Bir neçə ay sonra ABŞ-da prezident seçkilərinə start veriləcək və 9 ay sonra hazırkı administrasiya dəyişmiş olacaq. Hazırkı rəhbərliyin qəbul etdiyi minimal öhdəçilikləri sonradan hakimiyyətə gələcək hökumətin yerinə yetirib-yetirməyəcəyinə dair də heç bir zəmanət yoxdur. Hələ indidən Amerikanın prezidentliyinə namizədlər İran haqqında mənfi çıxışlar etməkdə öz aralarında, sanki, yarışa giriblər; daha düşmənçiliyin buynuzu-qulağı olmur ki! Mən “Amerika düşməndir” dedikdə bəziləri “niyə düşmən deyirsiniz” deyə narahatçılıqkeçirirlər; düşməndir də; bunlar düşmənçilikdir. Bu da başqa bir reallıq(3). Diqqət edin, unutmayın, mən xalq və dövlət arasında əl və söz birliyi olmalıdır demişdim; bunu yadınızdan çıxartmayın. Hamı çalışmalı və dövlətə kömək etməlidir. Kiminsə dövlətə düzgün istiqamət verəcək bir təklifi varsa, qoy etsin. Dövlətə kömək etmək lazımdır.

Üçüncü reallıq isə bundan ibarətdir ki, zahirən qüdrətli görünən bu düşmənin ədavət vasitələri məhdud sayda deyil; onların aktiv şəkildə istifadə etdikləri bir neçə vasitə vardır: birincisi təbliğatdır – iranafobiya, ikincisi ölkəyə nüfuz etmək, üçüncüsü isə sanksiyaların tətbiqidir. Mən son bir neçə ayda dönə-dönə düşmənin ölkəyə nüfuz etməsi haqqında danışmışam, ona görə də bu haqda danışmayacağam; təbligat vasitəsi haqqında da söhbətlər çox olub. Odur ki sanksiya haqqında danışmaq istəyirəm.

Düşmənin üç əsas təsirli vasitələrindən biri sanksiya tətbiq etməkdir. Düşmən ölkəmizin və xalqımızın sanksiyalara özü üçün bir zərbə, ziyan kimi baxdığınıhiss edib. Təəssüflər olsun ki, onda bu fikrin güclənməsinə biz özümüz də təsir göstərmişik. Müəyyən mərhələdə, haralardasa“ay aman, sanksiyalar var”, “sanksiyalar var”, “sanksiyalar götürülməlidir”, “sanksiya qüvvədə qalarsa, zərərimizə nəticələnəcək” deməklə, bu kimi düşüncələr ilə sanksiyaların təsirini şişirtmişik; digər tərəfdən yenə də sanksiyaların qaldırılması məsələsini də “əgər sanksiyalar qaldırılarsa, belə olacaq, elə olacaq” yanaşması ilə məsələni böyütdük, şişirtdik; sanksiya qaldırıldı, heç bir hadisə də baş vermədi və əgər bu minvalla irəliləsək, yenə də heç bir hadisə baş verməyəcək. Amma düşmən sanksiya vasitəsi ilə İran xalqına təzyiq göstərə biləcəyini hiss etdi; düşmən bunu hiss etdi. Odur ki bu gün bizim qarşımızda duran məsələ əsas etibarilə sanksiya məsələsidir.

Elə isə sanksiya ilə mübarizə aparmaq üçün nə etməliyik? Söhbətimin əvvəlində də dedim ki, düşmən bizə iki yol göstərir; deyir ki, ya Amerikaya təslim olmalı və onun hər istəyinə itaət göstərməlisiniz, ya da təzyiq və sanksiya davam etdiriləcək; bu dilemmadır, bunun da yanlış və yalan olduğunu dedim. Amma başqa bir dilemma da var: ya sanksiyadan qaynaqlanan problemlərə dözməli, ya da onlara qarşı “müqavimət iqtisadiyyatı” vasitəsi ilə mübarizə aparmalıyıq.(4) Çox yaxşı, hazır olmağınız yaxşıdır. İntəhası bu proqram üçün təkcə hazır olmaq kifayət etmir; dedik ki, hərəkət etmək, əməli işlər görmək lazımdır. Əlbəttə, möhtərəm hökumət administrasiyası müqavimət iqtisadiyyatı sahəsində bir sıra işlər görüblər; mən demişdim ki, müqavimət iqtisadiyyatı üçün baş qərargah təşkil edilsin, təşkil olundu və qərargahın başına da möhtərəm prezidentin birinci müavini gətirildi; bir sıra işlər icra olunub, hesabatını da mənə təqdim ediblər; bu gün yeni il mesajı vasitəsi ilə əziz xalqımıza bu barədə demişəm. Lakin bunlar müqəddimə xarakteri daşıyır. Mənə məlumat veriblər ki, görülən işlər nəticəsində ticarət sektorunda canlanma müşahidə olunub, yəni qeyri-neft sektorunda ixracımız idxalımıza nisbətən daha çox olub; bu xəbər olduqca yaxşı xəbərdir; yaxud keçən illə müqayisədə idxalımız daha az olub; bunlar yaxşı xəbərlərdir, intəhası yetərli deyil və bununla iş bitmir; əsaslı işlər görülməlidir. Mən əməli tədbirlərin görülməsi baxımından vacib olan bəzi işləri qeydə almışam ki, onları da diqqətinizə çatdırıram.

Birincisi, möhtərəm hökumət rəsmiləri ölkənin prioritet olan iqtisadi fəaliyyətlərini, iqtisadiyyat zəncirlərini təyin etməli və diqqətlərini onlara yönəltməlidirlər; ölkədəki bəzi iqtisadi fəaliyyətlər prioritet əhəmiyyət daşıyır, sanki, bir ana xətt rolunu oynayır ki, ondan da iqtisadiyyata, daxili istehsala çoxlu qapılar açılır; ona görə də diqqət onların üzərində cəmlənməlidir; onlar müəyyənləşdirilməli, yol xəritəsi təyin edilməli və hamının vəzifəsi aydınlaşmalıdır.

Qeyd etdiyim əməli tədbirlər sahəsində diqqət olunası ikinci məsələ daxili istehsalı canlandırmaqdan ibarətdir. Mənə təqdim olunan hesabata əsasən, bu gün bizim istehsal imkanlarımızın 60%-i durğunluq vəziyyətindədir; bəziləri normadan aşağı işləyir, bəziləri isə tamamilə fəaliyyətsiz haldadır; biz daxili istehsalı canlandırmalı, rövnəqləndirməliyik. Əlbəttə, bunun da yolu vardır; bu yolu iqtisadçı ekspertlərin bir çoxu bilir. Mən möhtərəm hökumət rəsmilərinə tənqidçilərin iradlarını oxumağı, dinləməyi dönə-dönə tapşırmışam; bəzən çox yaxşı təkliflər irəli sürürlər; həmin təkliflər vasitəsilə ölkənin daxili istehsalını canlandırmaq, hərəkətə gətirmək mümkündür.

Üçüncü məsələ: hər halda, bizim xarici ticarət əlaqələrimiz də var. İdxalımız var, ehtiyac duyduğumuz bəzi məhsulları xaricdən gətirməyə, almağa məcburuq, bunun da eybi yoxdur. Amma diqqətli olmalıyıq ki, bu ticarət əlaqələri daxili istehsalımızın gücünü zəiflətməsin. Məsələn, ölkəyə təyyarə idxal etmək istəyirik; mənə deyiblər – dövlət rəsmiləri özləri deyiblər –ki, əgər bu məbləğin müəyyən faizi qədər pulu daxildə təyyarə istehsalı sənayesinə yatırsaq, xaricdən alacağımızdan daha çoxunu əldə edə bilərik və bu yolla daxili istehsal da inkişaf edər. Lazım olan bütün məhsulları xaricdən idxal etsək, bu ticarət və idxalın ölkənin daxili istehsalı üçün necə bir bəla ola biləcəyini düşünməsək, yanlış addım atmış olarıq. Odur ki, daxili istehsalın zəifləməməsi üçün xarici ticarətdə atdığımız addımlara diqqət etməliyik.

Dördüncü: bizim xaricdə pullarımız var; məsələn, neft satmışıq, pulunu ödəməyiblər. Nüvə anlaşmasında bu pulların qaytarılması tələbi qoylub – məbləğin böyük bir qismi qaytarılmayıb, hansısa problemlər yaranıb; əlbəttə, bu məsələnin arxasında daAmerikanın əli olduğu görünür; sözsüz ki, başqa səbəblər də var, amma bəzi ABŞ qurumlarının ləyaqətsiz davranışları da bu pulların ölkəmizə geri verilməməsində rol oynayır; hər halda, gec-tez qaytarılacaq – xaricdəki pullarımız qaytarıldığı zaman (bir neçə on milyardı artıq qaytarılıb) onları elə xərcləmək lazımdır ki, israf olunmasın, hədər getməsin. Bu, ölkəyə əlavə olaraq daxil olan və ölkənin, misal üçün, ilk növbədə istehsalat sahəsinin ehtiyac duyduğu vəsaitdir; ona görə də diqqətli olmalısınız ki, gələn pullar boş yerə, lazımsız məhsulların alışına, mənasız işlərə xərclənməsin, israf olmasın; yəni xarici banklardan və maliyyə mərkəzlərindən ölkəyə daxil olan maliyyə resursları düzgün idarə olunmalıdır.

Beşinci təklif: iqtisadiyyatımızda mühüm və əhəmiyyətə malik sferalar vardır; məsələn, neft və qaz, yaxud avtomobil, təyyarə, qatar və gəmilər üçün mühərrik istehsalı kimi sahələr mövcuddur. İqtisadiyyatın bu mühüm və strateji sferalarına elmi innovasiyalar gətirilməlidir. Mənim həmişə vurğuladığım elmi əsaslı iqtisadiyyat da elə budur. Gənclərimiz, alimlərimiz innovasiyalara imza atmaq, ölkəmizdə texnologiyaların səviyyəsini yüksəltmək, inkişaf etdirmək iqtidarında olduqlarını göstəriblər. 2000 km uzaqlıqdan yalnız bir neçə metr səhvlə hədəfi vura biləcək raketlər hazırlamaq kiçik bir işdir? Bunu etməyə qadir olan beyinlər, istedadlar digər müxtəlif sahələrdə də yeniliklər edə, məsələn, yanacağa qənaət edən yeni avtomobil mühərriki, yaxud fərqli formada bir qatar mühərriki də istehsal edə bilər. Hazırda ölkəmizdə iqtisadiyyat və istehsal sahəsində elə şirkətlərimiz var ki, məhsulları xaricdə istehsal olunan analoqundan daha yaxşı və ya onlara bərabərdir. Hazırda bu cür şirkətlərimiz var; onları gücləndirmək lazımdır. Odur ki daxili istehsalın mühüm sahələrinin yeni elmi nailiyyətlərə əsaslanması müqavimət iqtisadiyyatının əsas şərtlərindən biridir və hökmən həyata keçrilməlidir.

Altıncı təklif: biz keçmişdə investisiya qoyduğumuz bəzi sahələrdən yararlanmalı, onlardan istifadə etməliyik. Biz AES-lərin tikintisinə, neft-kimya sektoruna bir vaxtlar yaxşı sərmayə yatırmışıq. Bu gün özümüzün də, başqa ölkələrin də bizim tikdiyimiz, ucuz başa gələn AES-lərə ehtiyacı var. Ona görə də biz daha ölkə daxilində AES tikmək üçün xaricdən avadanlıqlar almamalı, yaxud mütəxəssislər gətirməməliyik. Daxili istehsalın dirçəldilməsi üçün kapital yatırılıb, iş görülüb, zəhmət çəkilib, bu sahələr canlandırılmalı, onlardan istifadə olunmalıdır.

Yeddinci təklif: bütün xarici sövdələşmələrdə texnologiyanın qarşılıqlı surətdə ötürülməsini şərt qoymalıyıq. Əlbəttə, hökümət rəsmiləri mənə məhz bu cür etdikləri haqqında məlumat veriblər. Ancaq mən israrla təkrar edirəm ki, bu məsələ diqqətdən kənarda qalmasın. Məsələn, hansısa texnoloji vasitəni, yaxud məhsulu almaq istəyirlərsə, onu hazır məhsul şəklində almasınlar, istehsal texnologiyası ilə birlikdə ökəyə gətirsinlər. Xarici sazişlərində bu məsələni ciddi surətdə diqqətdə saxlasınlar.

Səkkizinci təklif: korrupsiya, inhisarçılıq və qaçaqmalçılıqla ciddi şəkildə mübarizə aparılmalıdır. Bunlar ölkə iqtisadiyyatına zərər vuran, əhalinin mənfi nəticəsini gördüyü mühüm problemlərdir. Biz iqtisadiyyatın müxtəlif sferalarında cürbəcür əyri yollarla tayfa monopoliyası qurub xüsusi imtiyazlardan yararlanan, yaxud maliyyə və iqtisadi məsələlərdə korrupsiyaya yol verən müəyyən dairələrə qarşı səhlənkarlığa yol versək, ölkəyə hökmən ziyan dəyəcək. Ona görə də səhlənkarlığa qətiyyən yol verilməməlidir. Əlbəttə, çıxışlarda, müsahibələrdə, qalmaqallarda, xüsusilə də siyasi xarakterli qalmaqallarda gəlişigözəl sözlər danışılır, amma bunların faydası yoxdur. Məsələn, iqtisadi cinayət törətmiş bir şəxs həbs olunur, onun özü və törətdiyi əməllər barəsində qəzetlərdə siyasi məqsədlərlə cürbəcür məqalələr yazılır, şəkilləri dərc olunur və sair; bu kimi əməllərin faydası yoxdur; min dəfə deməkdənsə, ayağa durub bir iş görmək yaxşıdır. Bu gün qarşıya çıxa biləcək korrupsiya hallarının qarşısını kəsmək, irəliləməsinə mane olmaq lazımdır. Qaçaqmalçılıq problemi də eyni ilə bü cürdür. Qaçaqmalçılıqla da sözün həqiqi mənasında mübarizə aparılmalıdır.

Doqquzuncu təklif: enerjidən səmərəli istifadə məsələsi. Mən bir neçə il bundan əvvəl, ilin təhvil olması münasibətilə etdiyim çıxışda qeyd etmişdim ki (5), ekspertlərin dediyinə görə, əgər biz enerjinin səmərəliliyini yüksəldə bilsək, enerjiyə qənaət edə bilsək, büdcəyə yüz milyard dollar qənaət etmiş olarıq. Bu, heç də kiçik bir rəqəm deyil, olduqca böyük bir məbləğdir. Bu məsələyə ciddi yanaşın. Ölkədə müxtəlif sahələrdə çoxlu sayda işlər həyata keçirilir, onlardan bəzisi faydasız, bəziləri isə zərərlidir. Odur ki diqqəti bu kimi sferalara yönəltmək lazımdır. Bunlar icra olunarsa, məhz o zaman “Əməli tədbirlər” şüarı reallaşar; əməli tədbirlər görmək, hərəkət etmək elə bu işlərdir– bu arada, “Enerjinin səmərəliliyinin yüksəldilməsi haqqında” qanun layihəsinin parlamentdə səsverməyə qoyulmasından da xəbərim var – rəsmilər araşdırsınlar, baxsınlar görsünlər, əgər bu məsələlər, həqiqətən də, deyildiyi kimidirsə, onlara diqqət yönəltsinlər, icrasına başlasınlar.

Onuncu təklif: orta və kiçik sənaye sektoruna xüsusi diqqət yetirilsin. Hazırda ölkədə neçə min orta və kiçik fabrik və zavod var. Mənə təqdim olunan statistik məlumata əsasən, dediyim fabrik və zavodların 60%-nin çalışmadığı doğrudursa, bu, əsl zərərdir. Əhali arasında məşğulluğu təmin edən, dinamika yaradan, maddi gəlirləri aşağı olan təbəqənin rifahının yaxşılaşması üçün şərait yaradan məhz bu kiçik və orta sənaye müəssisələridir. Bu sahələr gücləndirilməli və inkişaf etdirilməlidir.

Müqavimət iqtisadiyyatının reallaşması istiqamətində əməli tədbirlər həyata keçirmək üçün bu on təklifdən istifadə oluna bilər. Əlbəttə, rəsmilər bir sıra başqa işlərlə də bağlı araşdırmalar aparırlar. Mən də bu on məsələni təklif kimi irəli sürürəm.Bu işlər həyata keçirilsə, bax bu, bir inqilabi cərəyan, inqilabi hərəkat, ölkəni problemlərdən xilas edəcək müqavimət iqtisadiyyatının gerçəkləşməsi olacaq, biz Amerikanın qarşısında davam gətirə biləcəyik və ölkəmizə tətbiq olunan sanksiyalar effektsiz qalacaq. Amerikanın bizə sanksiya tətbiq etməməsi üçün bizim öz dəyərlərimizdən, qırmızı xətlərimizdən və prinsiplərimizdən keçməyimizə ehtiyac qalmayacaq. Biz müqavimət iqtisadiyyatı siyasətinin reallaşmasını həm nəzəri, həm də praktik olaraq izləməklə ölkəyə toxunulmazlıq qazandıra bilərik; ölkəyə toxunulmazlıq qazandırdıqdan sonra isə sanksiyalar tətbiq olunsa belə, qorxudan əsmərik. Qoy lap sanksiyalar qoyulsun; ölkədə müqavimət iqtisadiyyatı həyata keçirilərsə, düşmənin embarqoları bir o qədər əhəmiyyətli nəticələr verməyəcək. İnqilaba, möminə layiq hərəkət bax bu olar! Bunlar reallaşandan sonra, ola bilsin, möhtərəm dövlət rəsmiləri gəlib 1395-ci ilin sonunda hesabat verəcəklər ki, neçə min zavodda, fabrikdə, aqrar və maldarlıq müəssisəsində işlər bərpa olunub.Bu barədə ictimaiyyətə də məlumat verəndə əhali işlərin nəticəsini öz gözü ilə görmüş olacaq, hiss edəcək və insanlarda inam, etibar yaranacaq. 

Sözsüz ki, əhali də dövlətə kömək etməlidir. Sizə onu deyim ki, camaat – istər siyasətçilər, istər iqtisadçılar, istərsə də sadə xalq olsun – hər kəs dövlətə yardım etməli, ölkə rəsmiləri ilə əməkdaşlıq etməlidir. Əlbəttə ki, bu işlər yalnız hökumət kabinetinə də aid deyil, işlərin irəliləməsi üçün hakimiyyətin hər üç qolu bir-biri ilə əməkdaşlıq etməlidir. Və camaat da onlara yardım etməlidir; bu kömək vacibdir, rəsmilər, xüsusilə icraedici hakimiyyət də məsələyə tam ciddiyyətlə yanaşmalıdır. Əgər bu hərəkatı reallaşdıra bilsək – qeyd etdiyim kimi, bu, bir inqilabi hərəkatdır – həm işlərin tempi sürətlənəcək, həm də uğurlar əldə olunacaq. Biz inqilab əzmi ilə işə girişdiyimiz hər bir sferada bunu müşahidə etmişik. Baxın! Olduqca həssas və strateji əhəmiyyət daşıyan nüvə sahəsində avanqardlıq etmiş şəhid alimlərimizin, öz elmi tədqiqatları ilə avanqard olmuş şəhid Tehrani Müqəddəmin, kök hüceyrələri sahəsində avanqard olan şəhid Kaziminin (6) həyata keçirdiyi işlər böyük işlərdir. Mədəniyyət sferasında da bir sıra işləri ilə avanqardlıq etmiş şəhid Avininin, eləcə də bu son dövrlərdə mərhum Sələhşurun adlarını qeyd etmək lazımdır. Bu insanlar ölkədə həyata keçirilmiş inqilab əzmli işlərin liderləri olmuşlar. Bu şəxsləri ictimaiyyətə tanıtdırmaq, təblig etmək, onların dəyərini bilmək və adlarını uca tutmaq lazımdır. İnqilabi işlər bax budur! Mənim dönə-dönə “mömin, inqilabçı qüvvələrə hörmətlə yanaşın, onların hörmətini saxlayın” deməyim məhz buna görədir; bir işi inqilabi əhval-ruhiyyə ilə, inqilab əzmi ilə görürsənsə, mütləq, irəliləyəcək!

Mən müqavimət iqtisadiyyatı haqqında danışdım; mədəniyyət sahəsi ilə bağlı da qısaca – bir iki cümlə demək istəyirəm. Mədəniyyət sahəsi ilə əlaqəli məsələlərin mənim üçün nə qədər mühüm olduğunu bilirsiniz, mən bu sferaya aid olan işlərə böyük əhəmiyyət verirəm. Deyəsən, ya ötən il, ya da inişil yeni ilin gəlişi münasibəti ilə etdiyim çıxışda mən bir mövzuya toxunmuşdum (7), onu bu gün də qeyd etmək istəyirəm: mədəniyyət sahəsində könüllü xalq dərnəklərinin fəaliyyəti genişləndirilməlidir. Hazırda ölkənin müxtəlif regionlarında özü düşünən, yaradan, çalışan, mədəni tədbirlər keçirən minlərlə könüllü xalq dərnəyi var. Aidiyyatı qurumlar onlara dəstək olmalıdır. Mədəniyyət sahəsində çalışan rəsmi qurumlar nə İslam dinini, nə İnqilabı, nə İslam dövlətini, nə də islami dəyərləri qəbul etməyənlərə qucaq açmaqdansa, müsəlman balalarına, mömin cavanlara, inqilabçı və dindar gənclərə qucaq açsınlar; onlar işləyə bilərlər və hazırda da işləyirlər; dəyərli mədəni tədbirlər keçirirlər. İnqilabçı gənclərimiz bütün sferlarda çalışıb işləyə bilərlər. Əziz gənclər! Bu ölkə sizindir, gələcək sizindir, elə bu gün də sizə məxsusdur. Bunu bilin ki, əgər siz Allah-taalaya iman və təvəkküllə, özünüzə inamla meydana girsəniz, nə Amerika, nə də ondan da böyüyü sizin qarşınızda heç bir qələt edə bilməz!

Pərvərdigara! Burada deyib-eşitdiklərimizin Sənə xatir və Sənin yolunda olmasına qərar ver! Öz böyüklüyünə xatir, bunları bizdən qəbul et. Pərvərdigara, Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) xatir, əziz şəhidlərimizin və öndərimiz İmam Xomeyninin (r.ə) pak ruhlarını bizdən razı et.

Pərvərdigara! Bu millətə günbəgün artan hərtərəfli hörmət, nüfuz, qüdrət və bacarıq nəsib et. Pərvərdigara! Bizi İslam dininə, müsəlmanlara, bu xalqa və bu ölkəyə xidmət etməkdən məhrum etmə. Pərvərdigara! Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) xatir, nə dediksə, nə istədiksə, həmçinindilə gətirmədiyimiz, amma ehtiyac duyduğumuzu bildiyin şeyləri bizə lütf et. Pərvərdigara! Əziz qardaşımız mərhum Təbəsinin (r.ə) pak ruhunu Məhşər meydanına imamlarla (ə) birgə gətir.

Allahın salamı, rəhməti vəbərəkəti nəsibiniz olsun.

________________________

(1) Müqəddəs İmam Rza (ə) hərəminin mərhum qulluqçusu Höccətül-İslam vəl-muslimin Abbas Vaiz Təbəsi 
(2) “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” şüarı. 
(3) İştirakçılar: “Ümid və tədbir dövləti! Sayıqlıq, sayıqlıq!” – deyə şüarlar səsləndirir. 
(4) Zaldan istirakçıların səsi ucalır: “Ey azad Rəhbər! Səninlə bərabər addımlamağa hazırıq, hazır!”
(5) 1388-ci ilin ilk günü müqəddəs İmam Rza (ə) hərəmində zəvvarlar və əhali qarşısında görüş zamanı edilən  çıxış. 
(6) “Royan” Embrion Tədqiqatları Mərkəzinin direktoru Dr. Səid Kazimi Aştiyani 
(7) 1393-cü ilin ilk günü müqəddəs İmam Rza (ə) hərəmində zəvvarlar və əhali qarşısında görüş zamanı edilən çıxış