Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنة الله علی اعدائهم اجمعین
Möhtərəm cənablar, əziz qardaşlar, çox xoş gəlmisiniz! Əvvəla, Həzrət Siddiqeyi-Tahirənin (s.ə) şəhadəti ilə bağlı bu günlərlə əlaqədar olaraq, o məktəbin şagirdləri olan siz qardaşlarımın hamısına başsağlığı verirəm. Bu barədə bir məqamı qeyd etmək istəyirəm: diqqət yetirmək lazımdır ki, Fatimiyyə günlərində o həzrətin təqdirəlayiq keyfiyyətləri, şəhadəti haqda danışarkən, bu mövzular ətrafında söhbətlər edərkən müsəlmanlar arasında kofliktə yol aça biləcək məsələlərə toxunulmasın. Bu gün qorxunc və məşum beynəlxalq siyasətlər sünni və şiələr arasında konflikt salmaq məqsədini çox ciddi bir şəkildə izləyir. Bu gün regionumuzda müharibələr var; sizə deyim ki, bu müharibələrin heç biri dini ideologiya ilə bağlı deyil; cürbəcür siyasi, etnik və sair bu kimi motivləri olan siyasi müharibələrdir və dinlə, məzhəblə heç bir əlaqəsi yoxdur. Lakin düşmən – yəni Amerika, yəni İsrail, yəni İngiltərə bu savaşları, bu konfliktləri məzhəblərarası qarşıdurmaya çevirməyə çalışır; çünki onlar məzhəb konfliktlərini bu tezlik və asanlıqla yoluna qoymağın mümkün olmadığını bilirlər. Biz onların bu məqsədinin reallşamasına yardımçı olmamalıyıq. Bu gün bizim aramızda əhli-sünnədən olan elə qardaşlarımız var ki, Əhli-Beytin (ə) ziyarətgahlarını müdafiə etmək üçün bizimlə çiyin-çiyinə döyüşür, öldürülür, şəhid verirlər. Mənim yanıma Əhli-beyt (ə) ziyarətgahlarını müdafiə edərkən şəhid olmuş insanların ailələri gəlmişdi, onların arasında sünni məzhəbli ailələlər də var idi. Bəs elə isə Həzrət Zeynəbin (ə), Həzrət Əmirəl-mömininin (ə) və ya Həzrət Seyyidüş-şühədanın qəbrini qorumaq üçün öz cavan balasını odun-alovun içinə göndərmiş, sonra da bizimlə görüşərkən təəssüflənmək, qəm-kədər ifadə etmək, gileylənmək yerinə, övladı bu yolda şəhid olduğuna görə iftixar hisləri keçirdiyini bildirən bir sünni qardaşımızı incitməliyikmi? Onu özümüzdən uzaqlaşdıracaq bir şəkildə davranmalıyıqmı? Bunlar çox önəmli, başlıca məqamlardır. Bu gün ruhani ictimaiyyətimizin önəmli prioritetlərindən biri də bu olmalıdır ki, Amerikanın, sionistlərin böyük əzab-əziyyətlə reallaşdırmağa çalışdığı bir işi biz onlar üçün asanlıqla həyata keçirməyək; buna diqqət yetirin. Sistan və Bəlucestanda əhli-sünnə alimləri əhalini seçkiyə qatılmağa təşviq edirdilər; indi təkfirçi qruplar seçkiyə kömək etdiklərinə, dəstək verdiklərinə görə həmin insanları hədələyir. Təkfirçi qruplar təkcə şiələrin düşməni deyil, bütövlükdə İslam dövlətinin, bu dövlətə kömək edən hər kəsin düşmənidir; bunlara diqqət yetirmək lazımdır. Əlbəttə, mən dəfələrlə demişəm ki, etik normalara, məsləhətə uyğun hesab olunan mühüm cəhətlərə riayət etmək şərtilə tarixi mövzularda danışmağın heç bir problemi yoxdur, lakin bu gün məzhəblərarası konfliktin, kin-küdurətin yaranmasına yol aça biləcək halların qarşısının alınması son dərəcə böyük diqqət yetirilməli olan vacib məsələlərdən biridir.
Bugünkü iclasınız Xubriqan Məclisinin fəaliyyət müddəti ən uzun sürmüş çağırışının son iclasıdır. Bu illər ərzində – cənab Yəzdi qeyd etdi ki, 9 ilə yaxındır – Xubriqan Məclisinin hazırda fəaliyyətdə olan heyəti iclaslar keçirmiş, müəyyən işlər görmüş, mühüm məqamlara toxunmuş, müəyyən təsirə də malik olmuşdur. Bu illər ərzində dünyadan köçənlər də olub; səhv etmirəmsə – mənə verilən məlumata görə –Xubriqan Məclisinin üzvlərindən 17 nəfərə yaxını dünyasını dəyişib. Əlbəttə, yeni işə başlayacaq çağırışda da eynilə belə olacaq; dünya belədir; bəziləri yolun sonundadır və bəqa aləminə doğru hərəkət etmək hər bir bəşər övladını daim gözləyən bir səfərdir; qüdrət sahibi olan Allahın təqdiri belədir. Biz də diqqətli olub, ötən çağırışda Xubriqan Məclisinin üzvləri sırasında olmuş, iştirak etmiş, zəhmət çəkmiş və dünyadan getmiş əziz qardaşlarımız üçün Allahdan bağışlanma diləməliyik.
Mən xüsusilə mərhum cənab Təbəsi və cənab Xuzəlini yad etmək istəyirəm (hər ikisinin məkanı Cənnət olsun); bu iki gözəl qardaşımız Xubriqan Məclisində sözün əsl mənasında bir şəriət eksperti mövqeyini qoruyub saxlamış və bu sınaqdan, həqiqətən də, çox gözəl çıxmış insanlar idi. Mərhum cənab Təbəsinin (Allah ona rəhmət etsin) boğucu represiyalar dövründəki inqilabi mübarizə fəaliyyəti, sonradan da müqəddəs İmam Rza (ə) hərəmində, həmçinin ümumilikdə İslam İnqilabı ilə bağlı müxtəlif proseslərdə etdiyi xidmətlər sizlərdən çoxuna yaxşı məlumdur, intəhası onun şəxsiyyətinin bəzi qabarıq cəhətləri var ki, onları görməzliyə vurub qeyd etməmək, önə çəkməmək mümkün deyil; o böyük insana, o əziz qardaşımıza Allah rəhmət etsin. O, ən həssas dönəmlərdə öz inqilabi mövqeyini qəti və aydın şəkildə ortaya qoyur, qoruyur, bu mövqeyin üzərində qətiyyətlə durur və onu başqaları üçün açıqlayırdı. 1388-ci ildə baş verən iğtişaşlar zamanı mərhum cənab Təbəsi heç nəyi və heç kəsi nəzərə almadan, tanışlıq, üzgörənlik xatirinə ediləcək bütün güzəştləri bir kənara qoyaraq meydanda oldu; onun bu cür davranışının biz bir çox situasiyalarda şahidi olmuşduq; mömin, qətiyyətli, açıqsözlü bir insan idi. Bir insanın şəxsiyyətini qoruyub saxlayan, bir şəxsiyyət kimi onun bioqrafiyasında qalan şeylər bunlardır. İlahi haqq-hesab dəftərində də məhz bunlar qalır. Vəzifədə olduğu bütün dövr ərzində bu böyük və mömin insanın həyat tərzi dəyişmədi; o elə bizim inqilabdan öncə dəfələrlə getdiyimiz həmin evdə dünyadan köçdü; həmin ev, həmin əşyalar. Bizlər mebel üzərində oturmağın nə olduğunu bilməyəndə onun evində mebel var idi; o 40-45 ilin mebeli bu gün də onun evində durur; həmin əşyalardan istifadə edirdilər. Yaşayışını yaxşılaşdırmamışdı, dəbdəbəli həyat tərzinə can atmamışdı. Bütün bunlar camaata təsirini göstərir; onun əleyhinə təbliğatlar da çox aparılırdı, amma buna baxmayaraq, özünüz gördünüz ki, Məşhəd əhalisi onun dəfnində necə iştirak etdi, nəşinin arxasınca necə getdi. Cənab Təbəsinin cənazə namazının qılındığı, nəşinin son mənzilə yola salındığı gün indiyə qədər Məşhəddə şahidi olduğumuz ən böyük yürüşlərə bənzəyirdi. Məscidin o böyüklükdə həyəti izdihamla dolub daşırdı, hamısı da Məşhəd camaatı – ziyarət vaxtı da deyildi ki, deyəsən zəvvarlar gəlib; yox, Məşhədin öz əhalisi idi – insanlar gəlib bu insana son borclarını verdilər, qədirbilənlik ifadə etdilər. Dünyadan getmiş o əzizimizə Allah rəhmət etsin.
Mərhum cənab Xuzəli də (Məkanı Cənnət olsun!) bir başqa cür və çox çətin bir sınaqdan çıxdı; öz sözünün üstündə durdu, inqilabın üzərində möhkəm dayandı. Söhbət yaxınlardan, qohum-əqrəbadan getdiyi bir yerdə tam qətiyyəti və şücaəti ilə öz mövqeyində qaldı. Mənim özümə dönə-dönə elə şeylər danışmışdı ki, onlar mənim qəlbimdə və yazıya aldığım xatirələrdə qalır, amma açıq-aşkar da bir çox şeylər deyib, insanlar eşidib. Bu insan inqilabın arxasında durdu. İnsanlara dəyər qazandıran, onların inqilabi hərəkatına məna verən məhz bu şeylərdir. Bu insanlara Allah rəhmət etsin. Ümidvaram ki, Allah-taala onları Öz rəhməti, Öz Cənnəti ilə qarşılayacaq;
کَاَنّی بِنَفسی واقِفَةٌ بَینَ یَدیک فَقَد اَظَلَّها حُسنُ تَوَکُّلی عَلَیکَ فَقُلتَ ما اَنتَ اَهلُهُ وَ تَغَمَّدتَنی بِعَفوِک
Ümidvaram ki, Uca Yaradan onları “Şəbaniyyə” minacatının bu fraqmetində(2) haqqında söz açılan şəxslərdən hesab edəcək.
Builki seçkilər çox dolğun mənalı və əhəmiyyətli idi. Bu seçkilərə qarşı bu qədər iş aparıldığına, üzərinə şübhə kölgəsi salmaq, dəyərini azaltmaq üçün bu qədər səy göstərildiyinə baxmayaraq, bu iki seçkidə 34 milyon insan iştirak etdi. Yəni faktiki olaraq, İran xalqı seçki qutularına 70 milyona yaxın səsvermə blankı saldı. Bu olduqca dəyərlidir, olduqca əhəmiyyətlidir; camaatımız, doğrudan da, özünü çox yüksək səviyyədə göstərdi. Səsvermə hüququna malik insanlardan 62 faizinin seçkidə iştirak etməsi digər ölkələrlə – özü də yalnız bəzi ölkələrlə yox, əksər ölkələrlə müqayisədə çox yüksək bir faiz göstəricisidir. Aldığım məlumata görə, son 10 ildə Amerikada əhalinin cürbəcür seçkilərdə – istər konqresə, istərsə də prezident seçkilərində iştirak göstəricisi heç 40 faizə çatmayıb. Xalqın bu iştirakı böyük məna kəsb edir; camaat sözün əsl mənasında İslam dövlətinə olan etimadını nümayiş etdirdi, bunu əməldə sübut etdi. Önəmli məqamlardan biri budur.
Əlbəttə, hər bir seçkidə kimlərsə kifayət qədər səs toplayır, kimlərsə toplaya bilmir; bunun da cürbəcür səbəbləri var. Mən elə buradaca Xubriqan Məclisinin geridə qalan 9 illik fəaliyyəti dövründə bu məclisdə iştirak etmiş, zəhmət çəkmiş və növbəti çağırışda təmsil olunmayacaq şəxslərə təşəkkür etməyi lazım bilirəm. Əlbəttə, elə böyüklərimiz var ki, onların səs toplayıb-toplamamağı şəxsiyyətlərinin əzəmətinə heç bir xələl gətirmir. Elə şəxsiyyətlər var ki, onlar Xubriqan Məclisində iştirak etməkdən daha çox, məclis özü onların burada iştirakından bəhrələnir. Misal üçün, cənab Yəzdi, cənab Misbah kimi; bunlar elə şəxsiyyətlərdir ki, Xubriqan Məclisində var olmaları ilə bu qurumun çəkisi, sanballılığı daha da artır. Xubriqan Məclisində təmsil olunmamaları ilə onlara heç bir şəkildə ziyan dəymir; bəli, onların olmamağı yalnız Xubriqan Məclisi üçün itkidir, xəsarətdir. İnsanların şəxsiyyətinin əzəməti onların mənəviyyatı, mənəvi mülkiyyəti, mənəvi sərmayəsi ilə ölçülür. Ümidvaram ki, Allah-taala yeni çağırışda Xubriqan Məclisində olacaq və daha öncə burada təmsil olunmamış üzvlərə və bütövlükdə bütün məclisə uğurlar nəsib edər, inşallah.
Ölkəmizdə seçkilər – o cümlədən builki seçkilər – bir neçə özəlliyə malikdir ki, mən onlar arasında daha önəmli hesab etdiyim bir neçəsini qeyd etmək istərdim. Biri odur ki, əhali istər bu seçkilərdə, istərsə də ölkəmizdə keçirilən bütün digər seçkilərdə iştirak edib-etməməkdə azaddır, istədiyi kimi hərəkət edə bilir. Bəzi ölkələrdə bu cəhətdən məcburiyyət var; hətta Qərb ölkələrində – Avropada və ondan kənarda da məcburiyyət var; yəni insanlar seçkidə iştirak etmədikləri üçün cərimə ödəyir, xərcə düşürlər. Bizim ölkəmizdə isə seçkidə iştirak etmədiklərinə görə insanlar heç bir xərcə düşmür; azad surətdə, həvəslə, stimulla seçkiyə qatılırlar; özlərinin bir fikri olur, o fikri reallaşdırmaq üçün gedirlər. Bu, olduqca dəyərlidir.
Ölkəmizdə keçirilən əksər seçkilərə xas olan və elə budəfəki seçkidə də açıq-aydın formada müşahidə olunan ikinci məqam fəal rəqabətdir. Seçkilərdə fəal rəqabət atmosferinin olmadığını iddia etməyə çalışanlar oldu, lakin bu, həqiqətə uyğun olan bir fikir deyildi, seçkidə rəqabət var idi. Müxtəlif siyasi cinahlar, müxtəlif şəxslər cürbəcür lozunqlarla, cürbəcür adlar altında, cürbəcür şüarlarla iştirak edib öz sözlərini dedilər; Xubriqan Məclisinə namizədlər Dövlət Teleradiosunun imkanlarından istifadə etdilər, parlamentə namizədlər şəhərlərdə öz təbliğat kompaniyalarını təşkil etdilər, bacardıqları kimi iş apardılar. Odur ki seçki fəal rəqabət atmosferində keçən bir seçki idi və əldə olunan nəticə tam bir rəqabətin məhsuludur.
Mühüm və diqqətəlayiq olan, buna görə Allaha, doğrudan da, şükür etməli olduğumuz digər bir xüsusiyyət seçkilərin asayiş dolu, təhlükəsiz bir atmosferdə keçməsidir; hətta müəyyən ixtilafların ortaya çıxma ehtimalı olan yerlərdə də; misal üçün etnik zəmində və ya iki şəhər arasında müəyyən ixtilaf, rəqabət yaşandığı yerlərdə; ölkəmizin hər yerində bu kimi faktlar var, amma heç bir yerdə xoşagəlməz bir hadisə baş vermədi. Böyük şəhərlərdə və sairdə ki, aydındır, ucqar bölgələrdə də belə idi. Seçki atmosferini poza, Allah eləməmiş, insanların can sağlığına xəsarət yetirə biləcək heç bir xoşagəlməz hadisə baş vermədi. Baxın görün bu gün ətrafımızda nələr baş verir: şərqimizdə, qərbimizdə, şimalımızda, cənubumuzda ölkələr ciddi asayiş pozuntusu yaşayır. Nəinki təkcə sakit şəraitdə, sağlam seçki keçirə bilmirlər, hətta sakit və sağlam həyatları belə yoxdur; evindən çıxan adam geri dönüb-dönməyəcəyini bilmir. Ətrafımızda olan ölkələrdə təhlükəsizlik, demək olar, bu dərəcədə pozulub. Ölkəmizdə isə, Allaha şükürlər olsun ki, belə bir möhtəşəm, yüksək seçici fəallığı ilə müşayiət olunan seçkilər baş tutur. Tehranda insanlar səhər saat 8-dən gecə saat 2-yə qədər səs verdi; mənə məlumat verdilər ki, Tehranın bəzi seçki məntəqələrində gecə 12-yə qədər yox, gecəyarı 2-yə qədər seçicilər gəlib səs verib gedirmiş; tam asayiş və təhlükəsizlik şəraitində. Bu, çox önəmli bir şeydir; bu, ölkəmizdə var olan, bir ölkə üçün ilahi nemət sayıla biləcək bir şeydir. Biz bunun qədrini bilməli, bizim üçün bu asayiş və təhlükəsizliyi təmin edə bilən insanlara – Daxili İşlər Nazirliyindən tutmuş Polis Qüvvələrinə, Keşikçi Korpusa, Bəsicə, bu sahədə effektiv təsirə malik olan hər kəsə – həqiqətən də, təşəkkür etməliyik.
Bütün digər seçkilərimiz kimi, budəfəki seçkinin də digər bir özəlliyi onun sağlam, şəffaf bir atmosferdə keçməsi, əmanətə yüksək səviyyədə riayət olunması idi; yəni bu illər ərzində düşmənimizin daim təbliğ etdiyinin tam əksinə olaraq, sağlam bir seçki keçirildi; özü də adətən seçki ərəfəsində bu təbliğat daha da güclənir; “A kişi, saxtalaşdırırlar; birinin adını deyirlər, yerinə başqasını seçirlər” – belə söz-söhbətləri eşitmisiniz; daim xaricdə bir qrup adam bunları deyib, ölkə daxilində də bir qrup onların ağzından alıb təkrarlayıb. Buna baxmayaraq, əlhəmdulillah, seçki sağlam şəraitdə keçdi və həmişə də elə bu cür olub. Bu, nə vaxtsa 1388-ci il seçkiləri kimi möhtəşəm bir seçkinin nəticələrini etibarsız hesab edərək ölkəmizdə o ziyanlı və qorxunc fitnəni törətmiş şəxslərin iddialarının, hərəkətlərinin əsassız olduğunu göstərdi; belə ki onlar ölkəmizi seçkilərin qeyri-sağlam, qeyri-şəffaf olmasında ittiham etmişdilər; xeyr, seçkilər sağlam və şəffaf idi; bu gün də belədir, əvvəlki dövrlərdə də həmişə belə olub, 1388-ci ildə də belə olub, 1384-cü ildə də belə olub; ölkəmizdə seçkilər həmişə sağlam mühitdə keçib. Bu kimi hallara heç vaxt yol verilməyib. Bəli, kənar-bucaqda, hansısa seçki məntəqəsində 10, 20, 100 səs oyan-buyan ola bilər; səhlənkarlıq ucbatından, yaxud qərəzlə, amma seçkilərin nəticəsinə təsir göstərə biləcək həddə və təşkilatlanmış surətdə hansısa saxtalaşdırma cəhdləri bizim ölkəmizdə qətiyyən yoxdur, heç vaxt olmayıb və ümidvaram, inşallah, bundan sonra da heç bir zaman olmayacaq.
Budəfəki seçkidə çox aydın surətdə müşahidə olunan digər bir məqam səs toplamamış insanların tamamilə alicənab şəkildə davranması idi. Əgər səs toplamamış namizədlər etiraz etmək, dava-dalaş salmaq, şikayətlənmək, tribunalardan hay-küy salmaq fikrinə düşsəydilər, sakitlikdən əsər-əlamət qalmaz və təbii ki, asayiş pozulardı. Baxın, cənab Yəzdi bugünkü iclasınızın əvvəlində də qeyd etdi, bundan öncə də deyib, yeni seçilmiş namizədlərdən məmnunluğunu, razılığını ifadə edib, onları təbrik edib; bu çox dəyərli, çox möhtəşəm bir haldır; bunlar dəyərdir, bu dəyərlərin qədrini bilmək lazımdır; 1388-ci ildə səs toplamadığına görə dava-dalaş salan, camaatı küçələrə çəkən, işi küçə qarşıdurmalarına qədər gətirib çıxaran, ölkəyə maddi ziyan vuran, düşməni ürəkləndirən, tamaha salan insanların alicənablıqdan uzaq davranışlarından tam fərqli olaraq; o zaman bütün bunlar baş vermişdi. O fitnəni Allah-taala özü yatırdı, yoxsa onların törətdiyi heç də kiçik bir fitnə deyildi. Bəli, bu da digər bir xüsusiyyət.
Seçkinin asayiş və təhlükəsizlik şəraitində keçməsində fəal iştirak etmiş qurumları sadalayarkən mən Milli Təhlükəsizlik Nazirliyinin adını çəkmədim, onlardan üzr istəyirəm. Bu qurum asayişin təmin olunmasında, baş verə biləcək müəyyən hadisələrin qarşısının alınmasında, doğrudan da, çox ciddi və effektiv iştirak edib.
Söhbətimin bu hissəsini yekunlaşdırarkən onu da qeyd etməliyəm ki, bu seçkidə camaatımız İslam dövlətinə etimadını, bu hökumətin arxasında olduğunu sübut etdi, İslam Respublikasına tabe olduğunu, İslam Respublikasının qanunlarını qəbul etdiyini, bu qanunlara uyğun şəkildə hərəkət etdiyini göstərdi; bu olduqca dəyərlidir; düşmənlərimizin izlədiyi planların tam əksinədir. Düşmənlər ölkəmizdə bir tərəfdə hökumətin, dövlətin, digər tərəfdə isə xalqın durduğu bir qütbləşmə yaratmaq istəyirlər. Xalqımız isə dildə nəsə demək, danışmaq əvəzinə, bunun heç də belə olmadığını gəlib meydanda öz hərəkəti ilə göstərdi. Əlbəttə, ondan qabaq da o cür əzəmət, o cür ruh yüksəkliyi ilə baş tutan 22 bəhmən yürüşü olmuşdu; bizim camaatımız, doğrudan da, belədir. Bir sözlə, sevindirici haldır ki, düşmənin seçkiyə olan inam və etibarı itirmək üçün göstərdiyi səylər heç bir nəticə vermədi və seçkilər xalqın böyük inam və etibarı ilə müşayiət olunaraq baş tutdu.
Burada bir məqam da var, o da bundan ibarətdir ki, bəziləri – qeyd etməliyəm ki, qəsdən, yaxud bilmədən düşmənin dəyirmanına su tökərək – bəzi iradları Keşikçi Şuraya yönəldir; mən belə insanlardan, doğrudan da, narazıyam. Keşikçi Şura öz işini tam ciddiyyətlə, böyük zəhmət çəkərək, əlindən gələni edərək yerinə yetirdi. Keşikçi Şuranın yerinə siz də olsaydınız, bundan artığını etməyəcəkdiniz. Keşikçi Şura, cənab Şahrudinin də bayaq qeyd etdiyi kimi, 20 gün ərzində 12 min müraciətə baxmalı idi. Bəli, bu, qanunvericiliklə bağlı bir nöqsandır və əgər bu nöqsan aradan qaldırılsa, bu mövzu ətrafında həmişə ortaya çıxan problemlər ortadan qalxar. Qanunvericlikdə olan o problemi nəyə görə Keşikçi Şuranın ayağına yazmalıyıq? Namizədliyini irəli sürmək istəyən şəxslərin seçim kriterilərinə uyğun gəlib-gəlmədiyi ilə bağlı Keşikçi Şura tərəfindən aparılan araşdırmalarla bağlı söz-söhbətlər gəzir; mən bu sözləri danışan insanlara təəccüblənirəm. Bax siz hamınız din elmlərini gözəl bilən insanlarsınız, bir insanın hansısa vəzifə məsuliyyətini üzərinə götürmək üçün zəruri kriterilərə cavab verdiyini müəyyən etmədən onun namizədliyini təsdiq etmək olarmı? Onun qanunla həmin vəzifəyə uyğun olduğunu dəqiqləşdirmədən namizədliyini təsdiq edə bilərsinizmi? Allah-taala qarşısında buna görə cavab verə bilərsinizmi? Edə bilməzsiniz. Keşikçi Şuranın yerinə siz də olsanız, edə bilməzsiniz. Əgər Keşikçi Şura hansısa namizədin qanunla müəyyən olunmuş meyarlara cavab verdiyi barədə dəqiq nəticəyə gələ bilməyibsə, məcburdur ki, bunu elə bu cür də deyə. Dəqiq nəticəyə gəlinməyibsə, təbii ki, həmin şəxsin sənədləri geri qaytarılır, buna görə Keşikçi Şuraya nə irad tutmaq olar? Əgər Keşikçi Şuraya dəqiq nəticəyə gəlmək üçün vaxt verilməsini istəyirsinizsə, qanunda düzəliş etməlisiniz. Qanuna düzəliş edilməlidir – mən bundan öncə də bunu dəfələrlə demişəm; hazırda bu məsələ üzərində düşünürlər, inşallah, bir iş görərlər; əlbəttə ki, biz əsas seçki siyasətlərini işləyib hazırlayaraq Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuraya göndərmişik; orada da araşdırılıb; həmin siyasətlər əsasında düzgün bir iş görülərsə, buna sözümüz yoxdur – hazırda mövcud olan qanunla isə vəziyyət bu cür alınır; Keşikçi Şuranın başqa çarəsi yoxdur; kriterilərə cavab verib-vermədiyini dəqiq surətdə müəyyən edə bilmədiyi şəxslərin namizədliyini təsdiq edə bilməz; tam dəqiqliklə müəyyən etməlidir.
Deyirsiniz ki, qanunda 4 əsas orqan göstərilib;(3) lap yaxşı – əlbəttə ki, hələ bu da ayrıca bir müzakirə mövzusudur – tutaq ki, məlumatların əldə edilməsi üçün əsas mənbə kimi qanunla həmin orqanlar göstərilib. Əgər siz bir vəzifəli şəxs olaraq, namizədliyini irəli sürmək istəyən bir insanın layiqli, doğrucul bir insan olmadığı haqda bu və ya digər şəkildə öyrənmiş, bunu anlamışsınızsa, onun namizədliyini təsdiq edə bilərsinizmi? Edə bilməzsiniz; buna görə Allah-taala qarşısında cavab verə bilməzsiniz. Onda bəs Keşikçi Şuraya niyə bu qədər hücumlar edilir?!
Əlbəttə, bəzi insanların namizədliyi Keşikçi Şura tərəfindən qeydə alınmadıqda onlar bundan narahat olur. Ola bilsin ki, mənə də haradasa: “Bu iş üçün uyğun gəlmirsiniz” – deyilsə, narahat olaram, amma insan narahat olduğu zaman o məsələnin qanunla həlli yolu varsa, o yola üz tutmalıdır. Mən namizədliyi qeydə alınmadığına görə qəzetlərdə Keşikçi Şura əleyhinə cürbəcür yazılarla çıxış edən, “Mən o yerə layiq idim, sənədimi niyə geri qaytardılarə?” – deyən insanlara təəccüb edirəm. Lap yaxşı, tutalım siz layiqsiniz, tələblərə cavab verirsiniz. Keşikçi Şura səhv etmiş olsa belə, siz onlara müraciət etməli, onlar da qanuna müvafiq qaydada öhdələrinə düşən vəzifələri yerinə yetirməlidir. Əgər namizədliyiniz qeydə alınmayıbsa, buna görə Keşikçi Şuranı nüfuzdan salmaq olmaz. Keşikçi Şura imperialistlərin inqilabın əvvəllərindən bəri işini pozmaq istədiyi əsas mərkəzlərdən biridir. İnqilabın ilk illərindən etibarən Amerika sionizm və imperializmin zülmkar təbliğat maşını bir neçə mühüm qurumun işini pozmağa səy göstərmişdir ki, bunlardan biri də Keşikçi Şuradır. Biz namizədliyimiz qeydə alınmayıb deyə onlara kömək edib Keşikçi Şuranı nüfuzdan salmamalıyıq. Bəli, hansısa giley-güzarımız, yaxud problemimiz ola bilər; problemimizi deməliyik, amma Keşikçi Şuranı nüfuzdan salmamalıyıq. Bu önəmli hüquqi strukturun fəaliyyətinə kölgə salmamalıyıq. Keşikçı Şura əleyhinə xoşagəlməz söz-söhbətlər yaymaq, doğrudan da, İslama, şəriətə, qanuna və inqilaba zidd olan bir işdir.
Bəli, xalqımız özünü çox parlaq şəkildə göstərdi, ondan gözlənilən şəkildə hərəkət etdi. İndi bizim növbəmizdir; həm Xubriqan Məclisi, həm parlament, həm də möhtərəm hökumət kabineti öhdəsinə düşən vəzifələri yerinə yetirməlidir. Bizim üzərimizə müəyyən vəzifələr düşür. Xalq seçki meydanına çıxaraq öz nümayəndələrini seçdi. Məncə, öhdəsinə düşən vəzifələrə ən çox diqqət yetirməli olan başlıca qurum Xubriqan Məclisidir. Fikrimi bir cümlə ilə ifadə etmək istəsəm, belə deməliyəm: Xubriqan Məclisi öz inqilabi xarakterini qoruyub saxlamalı, inqilaba uyğun düşünməli, inqilaba uyğun davranmalıdır – qısası budur. Bu mövzunu ətraflı açıqlamaq istəsək, çox şey demək olar; biri budur ki, gələcək İnqilab Rəhbərini seçərkən Allah-taalanı nəzərdə saxlayın. Xubriqan Məclisinin yeni işə başlayan çağrışı bu sınaqla da üzləşə bilər; bunun baş verməsi heç də zəif bir ehtimal deyil. Yeni rəhbəri seçmək anı gələndə heç kəsi və heç nəyi nəzərə almasınlar, hər cür üzgörənliyi kənara qoysunlar, yalnız Allahı, öhdələrinə düşən vəzifələri, ölkənin ehtiyaclarını nəzərə alsınlar və rəhbəri məhz bu meyarlar əsasında seçsinlər. Məncə ən vacib vəzifə budur; diqqətli olsunlar. Bu mərhələdə, bu böyük vəzifədə lazımınca davranmasalar, səhlənkarlıq etsələr, işin bünövrəsində problem yaranacaq. Diqqət yetirilməli olan ən əsas və ən mühüm məsələ budur. Əlbəttə ki, XM-in bundan başqa digər vəzifələri də var; cənabların qeyd etdiyi kimi, XM böyük din alimlərindən, ostanların görkəmli şəxsiyyətlərindən təşkil olunur. Onlar təsir göstərə, xalqın sözünü eşidə, onu burda da eşitdirə bilərlər. XM xalqın tələb və istəkləri ilə möhtərəm dövlət və ədliyyə rəsmiləri arasında vasitəçi rolunu oynaya bilər; biri budur. Yaxud onların ictimaiyyət arasında tutduğu həqiqətən yüksək mövqeyi, dini ekspert statusunu nəzərə alsaq, onlar həqiqətləri, mühüm məsələləri xalqa çatdıra bilər; istər cümə namazlarında, istərsə də digər yerlərdə. Cənab Yəzdi çıxışının sonunda bir məsələni qeyd etdi; bu, aydındır, bizim əsas vəzifəmiz həqiqətləri izah etməkdən, açıqlamaqdan ibarətdir; danışmalı, aydınlaşdırmalı, açıqlamalıyıq, lakin bunu cürbəcür formalarda etmək olar. Hansısa həqiqəti fitnə və qarşıdurmaya yol açacaq bir şəkildə açıqlamaq bəyənilən bir iş deyil. Həqiqətləri xalqı məlumatlandıracaq, maarifləndirəcək, rəsmiləri problemin həlli yollarına istiqamətləndirəcək bir formada danışmaq, aydınlaşdırmaq isə çox bəyənilən bir haldır; bunun heç bir eybi də yoxdur. Öz qanuni mövqelərini qorusunlar. Öz mövqeyini ifadə etmək yaxşı bir şeydir; əlbəttə, qeyd etdiyim kimi, bu da iki formada ola bilər. Mövqe bildirmək fəsada səbəb olacaq, fəsad yaradacaq bir şəkildə olmamalıdır, amma həqiqətləri camaatı məlumatlandıracaq, rəsmiləri xəbərdar edəcək, onların minnətdarlıq etməsi ilə nəticələnəcək bir şəkildə açıqlamaq isə müsbət, bəyənilən bir haldır. Bəzən nə isə deyirsən, hətta tənqidi mahiyyətli olsa belə, rəsmilər gəlib buna görə sənə təşəkkür edirlər – mənim özümün başıma dəfələrlə gəlib, rəsmilər deyib ki, sizin qeyd etdiyiniz filan məqam bizim işimizi nə qədər asanlaşdırdı, rahatlıqla öz işimizi görə bilirik – ola bilsin, sizə təşəkkür də edərlər. Bu barədə deyəcəklərim də bu qədər. Bir sözlə, Xubriqan Məclisi ilə bağlı bunu qeyd etmək istəyirəm ki, şəxsi mənafe güdülməsin; üzgörənlik edilməsin; yalnız və yalnız haqqı, həqiqəti, Uca Yaradan qarşısında cavabdehlik edəcəyimiz vəzifələri nəzərə alaq; bütün diqqətimizi Allah-taalanın sorğu-sualına yönəldək.
İslami Şura Məclisinə gəlincə, indiyə qədər bu barədə çox danışmışıq; uzun illər boyu, müxtəlif parlamentlərin və hökumət kabinetlərinin fəaliyyətdə olduğu dövrlərdə mən həmişə parlamenti hökumətə dəstək olmağa, kömək etməyə təşviq etmişəm. İndi də bu fikirdəyəm ki, parlament hökumətə kömək etməli, onun yolunu işlərin icrası üçün hamarlamalıdır. Çünki icraiyyə işləri, icraçılıq vəzifəsi heç də asan deyil, çox çətindir. Əlbəttə, qanunvericilik önəmli bir məsələdir, lakin icraçılıq etmək, yəni daşlı-kəsəkli bir ərazidə hərəkət etmək, maneələri aradan qaldırıb irəli getmək asan bir iş deyil, hamı onlara kömək etməlidir. Amma bu o demək deyil ki, parlament qanunla müəyyən olunmuş vəzifələrinə səhlənkar yanaşsın; yox, parlament qanunla öhdəsinə düşən vəzifələri tam olaraq yerinə yetirməlidir. Parlamentin vəzifələri qanunda – əsasən Konstitusiyada, eləcə də adi qanunvericilikdə – açıq-aydın əksini tapmışdır, var, hansı vəzifələr olduğu konkretləşdirilib. Həmin vəzifələri tam olaraq yerinə yetirməli, buna səhlənkar yanaşmamalıdırlar, intəhası niyyətləri hökumət komandasına kömək etmək, dövlətlə əməkdaşlıq edib ona dəstək olmaq olmalıdır; bunlar bir-biri ilə ziddiyyət təşkil etmir.
Hökumət nümayəndələrinə də bir şeyi demək istəyirəm; çox yaxşı ki, möhtərəm prezidentimiz də burada iştirak edir. Əlbəttə, xüsusi iclaslarda, hökumət nümayəndələri ilə keçirdiyimiz görüşlərdə mən lazım bildiyim məsələləri onun diqqətinə çatdırıram, amma bura da yaxşı fürsətdir. Hökumət ölkənin prioritetlərini diqqət mərkəzində saxlasın; bizim müəyyən prioritetlərimiz var. Əlbəttə ki, ehtiyaclar çoxdur, ölkəmizin ehtiyacları genişdir; yəni ola bilsin, heç saymaqla da qurtarmaz, lakin rasional yanaşmaya əsasən, prioritetləri, daha təcili surətdə həllini gözləyən, yaxud daha əsaslı məsələləri önə keçirməliyik. Məncə, 3 məsələ var ki, əsas və prioritet əhəmiyyəti baxımından, həllini gözləyən digər məsələlərdən daha önəmlidir. Bunlardan biri müqavimət iqtisadiyyatıdır. Müqavimət iqtisadiyyatı olmadan ölkəmiz inkişaf etməyəcək, biz müqavimət iqtisadiyyatına əməl etməsək, iqtisadi problemlərimiz həllini tapmayacaq, əksinə, çətinliklər günü-gündən daha da artacaq. Mən hökumət kabinetindəki əziz qardaşlarımıza demişəm ki, bir müqavimət iqtisadiyyatı qərargahı təşkil etsinlər, başına da bir komandan qoysunlar; müharibədir də; iqtisadi müharibə də müharibədir. Düzdür, orda top-tüfəng yoxdur, amma bundan daha təhlükəli vasitələr var. Bu bir müharibədir, qərargah olmalıdır, qərargaha da komandir lazımdır. Mən təkliflər də verdim, qəbul da etdilər, hazırda müəyyən işlər də görülür, intəhası bu işlər hiss olunmalıdır, nəticəsi görünməlidir. Dövlətin həyata keçirdiyi işlərin – tutalım, haradasa bağlanmış hansısa sazişin – müqavimət iqtisadiyyatının hansı sferasına aid olduğu dəqiq müəyyən olunmalıdır. Biz əziz rəsmilərimizin diqqətinə bunu çatdırmışıq ki, siz filan yerdə filan məhsulu alırsınız, yaxud nə barədəsə saziş bağlayırsınız, lap yaxşı, həmin sazişin müqavimət iqtisadiyyatının böyük arenasında, bu nəhəng tabloda hansı yerdə qərarlaşdığı dəqiq müəyyən olunmalıdır. Yəni iqtisadiyyat sferasında gördüyümüz bütün işlərin, bütün iqtisadi fəaliyyətlərimizin meyarı irimiqyaslı və hərtərəfli bir proqram olan müqavimət iqtisadiyyatı olmalıdır. Müqavimət iqtisadiyyatını da təkcə mən irəli sürməmişəm; birgə surətdə, hamılıqla düşünüb-daşınaraq bu fikrə gəlmişik. Sonra da istisnasız olaraq hamı – hakimiyyəti dəstəkləyənlər də, müxaliflər də – bu siyasətin məqsədəuyğun olduğunu təsdiqləyərək ölkənin yeganə nicat yolunun müqavimət iqtisadiyyatı olduğunu deyiblər. Deməli, ilk 3 prioritetdən biri budur.
İkinci prioritet elmi sıçrayışdır. Biz ölkəmizin elmi sıçrayışının dayanmasına imkan verməməliyik. Əgər ölkəmiz elmlə məşğul olsa, elmini inkişaf etdirsə, yüksək mövqe tutacaq. Sözün həqiqi mənasında:
اَلعِلمُ سُلطان
Güc istəyiriksə, nüfuz istəyiriksə, bir başqasını lider bilib ona müraciət edən yox, dünya ölkələrinin, müxtəlif dövlətlərin lider bilib üz tutduğu bir ölkə olmaq istəyiriksə, elmimizi gücləndirməliyik; və bu mümkündür, realdır. 14-15 il bundan əvvəl mən elm məsələsini, mövcud elmi hüdudları aşmaq, sürətli elmi inkişafa təşəbbüs göstərmək məsələsini ortaya qoymuşdum; bəziləri dedilər ki, mümkün olan iş deyil; hətta çıxıb televiziya ekranlarından da: “Olası iş deyil” – deyənlər oldu. Bu gün özünüz görürsünüz ki, olub; hamı da etiraf edir ki, olub. Ölkəmizin elmi inkişaf tempi dünya elminin orta inkişaf tempindən bir neçə dəfə artıq idi. Əlbəttə ki, biz çox geridə olduğumuz üçün bu inkişaf tempi hələ bir neçə il ardıcıl davam etməlidir ki, o ön sıralara çataq. Amma əvvəl bu sürət daha artıq idi, indi azalıb; bu barədə də mən xəbərdarlıq etmişdim, amma bir qrup adam etiraz etdi. Dünən, ya bu gün idi, xəbərlərdə eşitdim, Elmlər Naziri deyib ki, ölkəmizdə elmi inkişafın tempi yavaşıyıb; baxın! Mən bunu 6-7 il bundan əvvəl söhbətlərimdən birində demişdim, bəzilərinin də xoşuna gəlməmişdi, etiraz etmişdilər, amma indi Elmlər Naziri deyir ki, elmi inkişafın sürət tempi azalıb. Azalmasına imkan verməməliyik; elmi inkişafı tam ciddi surətdə davam etdirmək lazımdır. Elmi inkişafı davam etdirsək, elmi əsaslı iqtisadiyyata nail olacağıq; hansı ki az investisiya tələb edir, amma ortaya çıxardığı məhsul çoxdur.
Üçüncü prioritet isə mədəni baxımdan risk və təhlükələrdən qorunmaqdır. Bu barədə mən bir neçə kəlmə açıqlama verim, daha sonra bir qədər də ətraflı danışacağam; söhbətimiz bir qədər uzanır, amma xahiş edirəm, bir az dözün. Biz ölkəmizi, xalqımızı, cəmiyyətimizi mədəniyyət baxımından, belə deyək, immunlaşdırmalıyıq. Bunun üçün konkret fəaliyyət proqramları olmalıdır. Biz əvvəlcə bu məqsədi qəbul etməli, onun doğruluğuna inanmalı, inam əldə etdikdən sonra isə gedib bu iş üçün fəaliyyət proqramları hazırlamalıyıq. Bu, bizə elə-belə müyəssər olası bir iş deyil; bir-iki çıxış edib kitab yazmaqla da əmələ gəlməyəcək; ölkəni və ictimaiyyəti mədəni cəhətdən risklərdən qorumaq, bu sferada rast gəlinə biləcək təhlükələrə qarşı immunlaşdırmaq üçün işləmək lazımdır, planlı şəkildə iş görmək lazımdır.
Qeyd etdiyim bu işlər həyata keçirilərsə, nəticəsi ölkənin inkişafı olacaq. Əgər ölkəmiz ilk növbədə bu 3 prioriteti diqqətdə saxlasa, inkişaf edəcək; görüləsi sonrakı işlər də var, amma birinci növbədə bu 3 prioritet məsələdir. İnkişaf dedikdə mən formal inkişafı nəzərdə tutmuram, həqiqi, real inkişafı nəzərdə tuturam. Formal inkişaf odur ki, iqtisadiyyatı bir balaca rövnəqləndirəsən, xaricdən bir az mal gətirib bər-bəzək düzəldəsən; bu olur formal inkişaf. Bu cür inkişaf tez bir zamanda camaatı bir qədər məmnun edə bilər, amma sonda ölkənin ziyanına tamamlanacaq. İnkişaf həqiqi, dərin olmalı, möhkəm daxili əsaslara söykənməlidir; bax bu olar inkişaf; əsl inkişaf budur. Dünən eşitdim, Keşikçi Korpusun möhtərəm baş komandanı o raketlər və sair haqda televiziyada söhbət edirdi, deyirdi ki, əgər ölkəni tamamilə blokadaya alsalar belə – belə ki kənardan heç bir şey gətirilməsin, kənara da heç bir şey çıxarılmasın – o raketlərin istehsalında biz heç bir problemlə üzləşmərik; bax bu, inkişaf deməkdir. Elə etməlisiniz ki, sanksiya tətbiq etsələr, təzyiq göstərsələr belə, inkişafınız dayanmasın və düşmən sizinlə kompromisə getmək lazım olduğunu hiss etsin. Belə bir həqiqi inkişafa nail olmaq istəyiriksə, öz inqilabi xüsusiyyətlərimizi qoruyub saxlamalı, cihad əzmli hərəkatımızı davam etdirməli, milli qürur və heysiyyətimizi qorumalı, əriyib yox olmamalı, dünya mədəniyyəti və iqtisadiyyatının təhlükəli mədəsində həzm olub getməməliyik; bu sadaladıqlarıma riayət etsək, bu, olacaq.
Seçkidən qabaq mən düşmənin ölkəyə nüfuz etməsi məsələsinə toxunmuşdum. Cənablar! Bu, çox mühüm bir məsələdir. Düşmənin yol tapıb ölkəyə nüfuz etməsi önəmli bir məsələdir və mən də bunu ağlıma gələn hansısa ehtimala əsasən demirəm; yox, bizim çox şeydən xəbərimiz var. Ölkədə baş verən və bir qayda olaraq sıravi insanlar, bəzən isə hətta dövlət adamları üçün də qaranlıq qalan bir çox məqamlar haqda biz məlumat alırıq. Mən bunu dəqiq məlumatım əsasında deyirəm ki, ölkəmizə nüfuz etmək planı imperializmin, Amerikanın ciddi surətdə izlədiyi bir plandır; ölkəmizə nüfuz etməyə səy göstərirlər. Yanlış bilinməsin! Bu nüfuz etmə səyləri haradasa çevriliş etmək üçün deyil; yox, İranda, İslam Respublikasında, İslam Respublikasının qurduğu strukturda çevriliş etməyin heç bir mənası olmadığını bilirlər. Görürsən haradasa çevrilş etmək, birini hakimiyyətdən uzaqlaşdırıb başqa birini gətirmək üçün hansısa silahlı qüvvənin daxilinə yol tapıb nüfuz edirlər; ölkəmizlə bağlı isə məsələ belə deyil, bura nüfuz etmək cəhdləri çevriliş üçün deyil, başqa iki məqsədi var. Bunlardan biri rəsmilərdir, ikinci hədəf isə xalqdır. Rəsmilər bu nüfuz etmə cəhdlərinin hədəfindədir; nəyə görə? Məqsəd nədir? Məqsəd rəsmilərimizin hesablamalarını dəyişməkdir; yəni onlar buna nail olmaq istəyirlər ki, İslam Respublikasının rəsmiləri atacaqları hansısa addım barədə mühakimə yürüdərkən onun gəlir-çıxarını nəzərə alaraq o işi görmək lazım olub-olmadığı barədə nəticəyə gəlsinlər. Rəsmilərin düşüncə və iradəsi düşmənin ovcunun içində olandan sonra artıq onun gəlib bilavasitə hansısa işə müdaxilə etməsinə ehtiyac qalmayacaq, ölkənin rəsmisi onun istədiyi kimi qərar verəcək. Bax elə mənim hesablamalarım dəyişsə, artıq düşmənin istədiyi qərarları qəbul edəcəyəm; onun istədiyi işləri havayı həyata keçirəcəyəm. Bəzən bu işləri hətta özüm də bilmədən – yəni əksər hallarda özüm də bilmədən görəcəyəm. Elə ona görə də rəsmilərimizin hesablamalarını dəyişməyə çalışırlar. Deməli, birinci hədəf rəsmilərdir.
İkinci hədəf isə xalqdır; xalqın inancları dəyişməlidir: İslama inancı, inqilaba inancı, siyasi İslama olan inancı, İslam dininin şəxsi məsələlərdən başqa, ictimai vəzifələrə də malik olduğuna, hakimiyyətə gəlməli, cəmiyyətin formalaşdırılmasında, sivilizasiya quruculuğunda iştirak etməli olduğuna bəslədiyi inam; bu inanc və ideyaların yerini onları inkar edən inanc və etiqadlar tutmalıdır. Bütün bunlar xalqın təfəkküründən silinməli, yerini tamamilə əksi tutmalıdır.
Müstəqilliyə olan inamı dəyişmək istəyirlər. Əlbəttə ki, bəzi insanlar bu məsələdə naşılıq edir, bəzən mətbuatda gedən yazılarda ölkənin müstəqilliyini açıq-aşkar şəkildə köhnəliyin qalığı olan bir şey adlandırır, ölkələrin müstəqilliyinin bu gün artıq önəmli və aktual bir mövzu olmadığını deyirlər. Bu nə deməkdir? Bu o deməkdir ki, dünyanın coğrafi xəritəsində yalnız bir dövlət olmalıdır, həmin dövlət qərar verməli, hamı da onun qərarlarını yerinə yetirməlidir – mərkəzi istilik sistemi kimi – o özü haradasa nəyisə istehsal edəcək, başqaları isə yalnız istehlakçı olacaqlar. Bu ideyanı təbliğ edirlər; düşmənin nüfuz etməyi bax budur. Əlbəttə ki, bu, düşmənin həyata keçirməyə çalışdığı bir işdir.
Xalqın inanc və ideyalarına nüfuz etməklə izlədikləri hədəflərdən biri də Qərbin xəyanətlərini unutdurmaqdır. Cənablar! Biz Qərbdən çox zərbələr görmüşük. Hazırda dünyada gedən təbliğatda tez-tez bir məsələ vurğulanır ki, nəyə görə İslam Respublikasında bəzi insanlar Qərbin əleyhinədir, Amerikanın əleyhinədir; hərdən də özəlliklə mənim adımı qeyd edirlər. Biz Qərbin bizə nələr etdiyini yaddan çıxarmamalıyıq. Hər kəs bilir ki, mən Qərb dövlətləri ilə əlaqələri tamamilə kəsməyin tərəfdarı deyiləm; az sonra bu barədə də danışacağam. Mən 8 il prezident olduğum dövrdə o ölkələrlə, o prezidentlərlə oturub-durub söhbət etmişəm. Eynilə bu gün də; bu gün də möhtərəm ölkə başçımızın xarici qonaqlarının səfər proqramında mənimlə görüş də yer alır. Həmin görüşlər zamanı onlarla oturub söhbət edəndə bir-birini söymürük ki! Qarşılıqlı anlaşma şəraitində oturub söhbətləşirik. Mən Qərblə münasibət saxlamağın əleyhinə deyiləm, amma məsələ budur ki, kiminlə münasibətdə olduğumuzu dərk etməli, qarşımızda necə birinin durduğunu bilməliyik.
Qərb dünyası, Qərb ölkələri qacarlar dövrünün ortalarından bəri ölkəmizin əleyhinə fəaliyyətlərinə başlayıblar. Qacarlar sülaləsindən olan şahların zəifliyi bunların daim ölkədə müəyyən imtiyazlar əldə etməsinə, daim bizə təzyiq göstərmələrinə, bizim rahat yaşamımızın çərçivəsini daraltmalarına, inkişafımızı əngəlləmələrinə səbəb olub. Sonradan isə ölkədə öz adamlarını hakimiyyətə gətirmək lazım olduğunu düşündülər və elə belə də etdilər; Rzaxan onların öz adamı idi. Düzdür, bəziləri bunu da sual altına salıb Rzaxanı hakimiyyətə ingilislərin gətirmədiyini deyirlər. Bu qədər açıq-aydın olan bir məsələni, şah diktaturasının öz hökumət rəsmilərinin, ingilislərin özlərinin dönə-dönə dilə gətirib etiraf etdikləri bir şeyi bunlar inkar etmək istəyirlər. Reallıq budur ki, Rzaxanı hakimiyyətə onlar gətirmişdilər, amma sonradan bu adamı əllərində istədikləri kimi oynada bilməyəcəklərindən ehtiyatlanaraq onu götürüb oğunu qoydular. Daha sonra ölkə daxilində milli hərəkat adı altında baş qaldırmış hərəkatı boğaraq 28 mordad senarisini həyata keçirdilər. 28 mordaddan sonra Cəhənnəm maşını olan SAVAK-ı işə saldılar. Bütün bunları qərblilər edib, həmin o ingilislər edib; ingilislərdən sonra isə növbə Amerikanın idi. Ölkənin kənd təsərrüfatını məhv etdilər, elmi inkişafını dayandırdılar, çalışan beyinləri oğurlayıb apardılar və ya durdurdular, gəncliyi əxlaqsızlığa, dinsizliyə, narkomaniyaya, içki düşkünlüyünə və sair bu kimi yollara sürüklədilər. Bütün bunlar Qərbin ölkəmizdə törətdiyi əməllərdir. Mən demirəm ki, bizim bunda heç bir günahımız yoxdur, amma işlərin idarəçiliyi, hər şeyin ixtiyarı onların əlində idi, onlar ediblər. Bizim təqsirimiz odur ki, bu vəziyyətə əlac etmək barədə düşünməmişik, müqavimət göstərməyə çalışmamışıq. Əgər bu gün də müqavimət göstərməsək, həmin vəziyyət yaranar; yenə də köhnə hamam, köhnə tas olar.
Daha sonra İslam İnqilabı baş verdi; inqilabın qələbə çaldığı ilk gündən etibarən Qərb dünyası bizə qarşı çıxdı. Təkcə qarşı çıxmaq, müxalif mövqe tutmaq da deyildi, bizim əleyhimizə mübarizə aparmağa başladılar. Bunlar Səddama da, ölkənin sərhəd bölgələrində baş qaldırmış əks-inqilabi qüvvələrə də dəstək oldular; pul da verdilər, silah da verdilər, siyasi-ideoloji cəhətdən də yardımlar göstərdilər. İnqilabın, inqilabla hakimiyyətə gəlmiş hökumət aparatının, şəxsən İmam Xomeyninin (r.ə) və digər inqilab rəsmilərinin əleyhinə şayiələr yayan, onlara iftiralar atan, düşmənçilk aparan məhz onlar idi. Müharibədə Səddama əllərindən gəldiyi kimi kömək etdilər; şəhərlərimiz Səddam tərəfindən bombalandı, amma Səddamın arxasında duran onlar oldu; onlar olmasaydı, Səddam bu işi görə bilməzdi. Kimyəvi silahları, raketləri, “Miraj” qırıcılarını Səddama onlar verdi, Səddam üçün döyüş strategiyasını onlar qurdu, o döyüş əməliyyatları onlar tərəfindən hazırlandı, hərbçilərimizin bütün gediş-gəlişinin peyk vasitəsilə çəkilmiş görüntülərini İraqa, Səddama ötürən Amerika oldu; onlar bizimlə bu cür davrandılar. Müharibə qurtarandan sonra bizə qarşı sanksiya tətbiq edən də onlar oldu. Biz onlara qarşı heç bir düşmənçilik, əleyhdarlıq etməmişik; özümüz özümüz üçün bir bina ucaltmışıq və ona sadiq qalacağımızı demişik. Onlar isə müstəqil, onlara tabe olmayan bu binanı ucaltdığımıza görə bizimlə düşmənçilik etməyə başlayıblar. Biz nə edək?
Hərdən görürəm, bəzi qardaşlarımız deyir ki, biz bütün dünya ilə münasibət qurmalı, əlaqədə olmalıyıq; bəli, düzdür, əlbəttə ki, bütün dünya ilə – Amerika və İsraili çıxmaq şərtilə – münasibət saxlamaq lazımdır; bunda bizim üçün heç bir problem yoxdur. Əvvəla, “bütün dünya” təkcə Qərb və Avropa deyil. Təxminən 4 il bundan əvvəl elə bu Tehran şəhərində dünyanın 130-140-dan çox ölkəsinin iştirakı ilə bir sammit keçirilmədimi? 40-a yaxın prezident və baş nazir iştirak edirdi; dünyanın hər yerindən bura gəlib Qoşulmayanlar Hərəkatının sammitinə qatıldılar.(4) Bizim onlarla heç bir problemimiz yoxdur; dünya təkcə Avropa deyil ki; dünya daha geniş bir məkandır. Bu gün güclər də bütün dünyaya yayılıb, bölünüb. Dünyanın şərqi – yəni Asiya regionu – bu gün böyük bir güc mərkəzidir. Bizim bütün bunlarla əlaqəmiz var; heç bir sözümüz də yoxdur. Bizim Avropa ilə də heç bir problemimiz yoxdur, avropalılar bizim üçün problem yaradıblar. Bu yaxınlarda Avropa dövlətlərindən birinin prezidenti burda səfərdə idi, mən ona dedim ki, Avropa öz siyasətində Amerikadan asılılıqdan qurtulmalıdır. Avropalılar Amerikanın yürütdüyü siyasətin arxasınca getdilər: o, bizə qarşı sanksiyalar qoydu, bunlar da onun yolu ilə getdilər, o, bizim əleyhimizə təbliğat apardı, bunlar da eyni hərəkəti etdilər. Yaxşı, bəs onda biz nə edək? Müxtəlif olaylarda ilk olaraq bizə qarşı düşmənçilik edən avropalılar olub. “Mikonos” restoranında baş vermiş o hadisədə ölkəmizin o vaxtkı prezidentini ittiham etdilər, məhkəməyə vermək istəyirdilər. Həmin hadisəyə görə mühakimə edilməli olan insanlar arasında onun da adını çəkirdilər! Yaxşı, biz bunlarla nə edək? Gedək yalvaraq? Deyək, siz Allah, bizə qarşı daha yaxşı olun? Biz onlara heç bir şey etməmişik; düşmənçilik edən onlardır. Əgər biz düşmənlərimizin ədavəti qarşısında qüdrət və cəsarətlə durmasaq, bizi yeyərlər, diri-diri udarlar. “Biz” deyəndə mən ölkəmizi, xalqımızı nəzərdə tuturam; yoxsa mənim və mənim kimilərin nə önəmi var? Ölkəni udarlar. Biz ölkəyə, xalqa, hazırkı tariximizə görə məsuliyyət daşıyan rəsmi şəxslərik; buna icazə verməməliyik. Demək istədiyim odur ki, onların bizə qarşı davranışı bu cür olub.
İndi də yol tapıb ölkəyə nüfuz etmək üçün planlar cızmağa, iş aparmağa başlayıblar; ölkəyə nüfuz etmək üçün cürbəcür yollar tapıblar, mən özlüyümdə hesablamışam, təxminən 10-a yaxın mühüm metod işləyib hazırlayıblar və artıq hərəkətə keçiblər; elə bu dəqiqə də iş aparmaqdadırlar. Həmin yollardan biri elmdir; universitetlərlə, elm adamları ilə, professorlarla, tələbələrlə əlaqəyə girmək yolu ilə, üzdə elmi konfranslar adı altında, əslində isə ölkəyə nüfuz etmək məqsədilə təhlükəsizlik orqanları üçün çalışan adamlarını bura göndərmək – bir metod budur. Digər bir yol mədəniyyət, incəsənət sferasıdır. Xüsusi xidmət orqanları tərəfindən göndərilmiş bir insan incəsənət xadimi adı ilə, tutalım, hansısa musiqi festivalı üçün bura gəlir (əlbəttə ki, xoşbəxtlikdən, Milli Təhlükəsizlik Nazirliyimiz duyuq düşüb, qarşısı tez alınıb), yəni incəsənətlə bağlı bir tədbirdə – misal üçün, musiqi festivalında – iştirak etmək adı ilə yüzdə-yüz təhlükəsizlik orqanları ilə əlaqədə olan, siyasi məqsədlər izləyən bir insanı seçib bura göndərirlər. Yaxşı, bəs bu adamı nə üçün göndərirlər? Digər bir yol iqtisadiyyata nüfuz etməkdir. Yol tapıb ölkəyə nüfuz etmək üçün cürbəcür metodlar nəzərdə tutublar; diqqətli, ehtiyatlı olmalıyıq.
Doğru yol odur ki, biz özümüzü daxildən gücləndirək və başqalarından tamamilə ehtiyacsız bir vəziyyətə gətirək. Dünya güclü, zəngin və ehtiyacsız bir ölkəyə hörmətlə yanaşacaq; hörmətlə yanaşmağa məcburdur. Əgər İran İslam dövləti güclü və ehtiyacsız olsa, bu gün özünü çəkib dağ başına qoyanlar gəlib bizim qapımızın ağzını kəsdirib minnətçi düşərlər. Əlbəttə ki, indiyə qədər bu hələ baş verməyib; hazırkı gediş-gəlişlərin indiyə qədər bizim üçün heç bir müsbət mənası olmayıb. Ola bilsin, gələcəkdə olacaq – bilmirəm – amma indiyə qədər gördüyümüz bu diplomatik gediş-gəlişlərin heç bir təsiri olmayıb. Bir müddət əvvəl burada səfərdə olan Avropa ldierlərindən birinə mən bunu da söylədim – cənab Ruhani də iştirak edirdi – dedim ki, nəticə göz önündə olmalıdır; kağız üzərində oturub danışıqlar aparmağın, sonradan reallaşmayacaq hansısa məsələlər barədə razılığa gəlməyin, həmin məsələləri haradasa əldə edilmiş bir anlaşma ilə şərtləndirməyin heç bir faydası yoxdur; nə baş verdiyi, hansı işlərin həyata keçirildiyi göz önündə aydın şəkildə məlum olmalıdır. İndiyə qədər bu olmayıb. Əlbəttə, ümidvaram ki, cənabların göstərdiyi ciddi səylər sayəsində bu iş reallaşacaq. İslam Respublikasının 37 illik təcrübəsi göstərir ki, biz güclənməli, möhkəmlənməliyik; ideoloji cəhətdən güclənməliyik, siyasi cəhətdən güclənməliyik, iqtisadi cəhətdən güclənməliyik, mədəni cəhətdən güclənməliyik, elmi cəhətdən güclənməliyik. Güclənəndən sonra isə, təbii ki, nüfuz və hörmət qazanacağıq; bu gün xalqların beynəlxalq arenada nüfuz və hörməti məhz bununla təmin olunur.
Ümidvaram ki, inşallah, Uca Yaradan hamıya uğur nəsib edər. Mən, əlbəttə ki, ölkə rəsmilərimizə təşəkkürümü bildirirəm, zəhmət çəkirlər; mən müxtəlif hökumət strukturlarının necə çalışıb zəhmət çəkdiklərini görürəm. İnşallah, düzgün yolda, sirati-müstəqimdə, doğru olan işləri görərlər, Allah-taala da, inşallah, onlara yardımçı olacaq.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
__________________________
(1) Bu görüş Xubriqan Məclisinin 4-cü çağırışının 19-cu iclasının sonunda baş tutmuşdur. Görüşün əvvəlində Ayətullah Məhəmmədi Yəzdi (Xubriqan Məclisinin sədri) və Ayətullah Seyid Mahmud Haşimi Şahrudi (Xubriqan Məclisinin sədr əvəzi) məruzə ilə çıxış etmişlər.
(2) “Məfatihül-cinan”, “Şəbaniyyə” minacatı, “Xudaya, mərhəmətinə o qədər ümidvaram ki, sanki, hüzurunda dayanmışam və Sənə olan layiqli təvəkkülüm başımın üstünə kölgə salıb; Sən layiq olduğun kimi fərman verərək məni Öz əfv və güzəştinlə əhatə etmisən”.
(3) İslami Şura Məclisinə namizədliyini irəli sürən şəxslərlə bağlı araşdırma aparılarkən sorğu göndərilən 4 rəsmi orqan aşağıdakılardan ibarətdir: Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Polis Qüvvələrinin Şəxsiyyətin İdentifikasiyası şöbəsi, Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsi.
(4) Qoşulmayanlar Hərəkatının 1391-ci il 5-10 şəhrivər tarixində Tehranda baş tutmuş 16-cı sammiti nəzərdə tutulur.