Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin seçkidə iştirak etdikdən sonra Dövlət Teleradiosunun müxbirinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər

Müxbir: Salam.

Ali Məqamlı Rəhbər: Salam, cənab Həyati.

Müxbir: Ölkənin media ictimaiyyəti, xüsusilə də Dövlət Teleradiosunun kollektivi adından Sizi salamlayıram.

Ali Məqamlı Rəhbər: Mən də sizi salamlayıram, Allahın mərhəməti nəsibiniz olsun.

Müxbir: Bundan əvvəl bütün seçkilərdə olduğu kimi, bu dəfə də səsvermənin ilk dəqiqələrində seçkiyə qatılaraq səs verdiniz. İran xalqına mesajınız nədir?

Ali Məqamlı Rəhbər: Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Mən cənab Həyatini də, digər dostlarımızı – müxbir qardaş və bacılarımızı da salamlayıram. İslam təlimlərində, bu dinin göstərişlərində xeyir iş üçün irəli düşüb tələsmək tövsiyə olunur, buyurulur:

فَاستَبِقُوا الخَیرات

– yəni xeyir işdə həmişə irəli düşməyə, birinci olmağa çalışın. Biz də bu böyük və xeyirli işdə mümkün olduğu qədər ilk saatlarda iştirak etmək istədik; belə ki seçki məsələsi həm bizim vəzifəmiz, həm də hüququmuzdur. Seçkilər həmişə böyük əhəmiyyət kəsb edir, müəyyən etaplarda isə əhəmiyyəti daha da artıq olur. Mənim əziz xalqımıza tövsiyəm bundan ibarətdir ki, əvvəla, bundan öncə də qeyd etdiyim kimi, hamı səsvermədə iştirak etsin; hamı – kim İranı sevirsə, kim İslam Respublikasını sevirsə, kim xalqın əzəmət, möhtəşəmlik və nüfuzunu istəyirsə, bu seçkidə iştirak etsin.

İkinci növbədə əziz camaatımızın hamısına tövsiyəm budur ki, qabağa düşməyə çalışsınlar, yəni bu vəzifəni yerinə yetirməyə, bu hüququ reallaşdırmağa tələssinlər. Bu işdə tələsmək, önə keçmək üçün çalışmaq heç də tələskənlik, hövsələsizlik demək deyil; bu, xeyir işdə birinci olmağa can atmaqdır. Səsverməni son saatlara saxlamasınlar. Birincisi ona görə ki, qeyd etdiyim kimi, insan xeyir işə nə qədər tez başlasa, bir o qədər yaxşıdır, ikincisi isə, adamın başına, Allah eləməmiş, hər bir hadisə gələ bilər, bir saat sonra nə olacağını heç kəs bilmir ki! Bu dəqiqə sağ-salamatıqsa, bunu etmək iqtidarındayıqsa, bizi bu işdən saxlayacaq önəmli bir məsələ yoxdursa, gərək elə indicə qalxıb gedək və işimizi görək. Bəzi adamlar işin axırına saxlayır, onda da bir əngəl çıxır. Qarşımıza bir iş, bir əngəl çıxa biləcəyi ehtimalını nəyə görə nəzərə almayaq? İkinci tövsiyəm də budur.

Üçüncü tövsiyəmsə budur ki, qoy xalqımız seçkiyə qatılmaqla, doğrudan da, xeyir iş görməyi niyyət etsin, səsverməyə Allah naminə bir iş görmək niyyəti ilə getsin; bu böyük işə ölkəmizin nüfuzunu daha da artırmaq, tam müstəqilliyini təmin etmək məqsədi ilə qoşulsun (hansı ki seçkilərdə iştirak etməyin nəticəsi də elə bunlardır), milli qürur və milli müstəqilliyə cavab versin; yəni səsvermədə iştirak etmək bu böyük ehtiyaca cavab vermək deməkdir. Bizim tamah gözünü bizə dikmiş düşmənlərimiz var, ona görə də bu seçimimiz elə olmalıdır ki, düşməni məyus etsin, ümidini qırsın. Qoy camaatımız diqqətli olsun, uzaqgörənliklə, gözüaçıqlıqla səs versin. İnşallah, Allah-taala da onların əcrini verəcək. Bu, o gözəl əməllərdəndir ki, bu dünyada yaxın və uzaq gələcəkdə faydalanacağımız mükafatından başqa, axirət mükafatı da var. Bundan da yaxşı nə ola bilər?!

İnşallah, hamınıza uğurlar diləyirəm. İnşallah, bütün İran xalqı bundan əvvəlki seçkilərdə olduğu kimi, bu seçkidə də uğurla iştirak edib ölkəsinə tərəqqi və nüfuz qazandırar.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

Müxbir: Xalqa ünvanladığınız bu mesaja görə Sizə sonsuz təşəkkürümü bildirirəm.

Ali Məqamlı Rəhbər: Çox sağ olun. Allah sizi qorusun.