Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Nəcəfabad əhalisi ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.‌(1)

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنة الله علی اعدائهم اجمعین

Mən İslam İnqilabının bütün dövrlərində ona inam və sədaqətlə xidmət göstərmiş və hazırda da xidmət göstərən, inqilabçı kişi və qadınlara sözün həqiqi mənasında – bunu üzgörənlik və nəzakət xatirinə demirəm – nümunə olan əziz nəcəfabadlı qardaş və bacılarıma xoş gəlmisiniz deyirəm. Xüsusilə də əziz şəhid ailələrini, çox hörmətli alimləri, habelə ictimaiyyətin müxtəlif təbəqələrindən olan insanları salamlayıram.

Cənab Həsənatinin Nəcəfabad haqqında dediklərini mən də tamamilə təsdiq edirəm; Nəcəfabad camaatının ölkənin digər bölgələrinə nisbətən bir çox imtiyaz və üstünlüklərə malik olduğuna – inqilab üçün keçmişdə göstərdikləri sədaqət və fədakarlığa – mən də şahidlik edirəm. Hələ islami mübarizəyə və inqilabi hərəkata ögey yanaşıldığı vaxtlarda Nəcəfabad bu mübarizə ideologiyasının çiçəkləndiyi bir məkan idi. Mən o vaxtlar – inqilabdan öncəki illərdə – Nəcəfabada gəldiyim zaman insanların inqilabla bağlı proseslərdə iştirakının, emosionallığının, hadisələri necə dərindən dərk etdiyinin yaxından şahidi olmuşdum; təkcə gənc nəsil, yaxud ziyalılar da deyildi, ictimaiyyətin bütün təbəqələri bu cür idi; hətta sadə kənd camaatından bəziləri ilə inqilabi mövzuda söhbət etdikdə onların necə aydın düçüncəli, məlumatlı və sabitqədəm olduqlarını görürdüm. Bu yolda zəhmət çəkmiş, çalışmış və camaatı məlumatlandırmış insanlara Allah rəhmət etsin.

İnqilab qələbə çalandan sonra da Nəcəfabad yenə ön sıralarda idi. Burda “Nəcəf” briqadası, şəhid Kazimi (2) və digər şəhidlər – o sədaqətli, mömin, fədakar, qeyrətli və peşəkar komandirlər haqqında danışıldı. Mən özüm bir neçə dəfə cəbhə bölgəsində, hərbi əməliyyatların getdiyi məntəqələrdə olarkən bu briqadanı iş başındaca görmüşdüm; onlarda olan o bariz xüsusiyyətləri insan orda da müşahidə edirdi. Mərd-mərdanə dayandınız, müqavimət göstərdiniz, sədaqət və fədakarlıq nümayiş etdirdiniz, nə qədər şəhidləriniz oldu, nə qədər müharibə əlilləriniz oldu. Sizin əməllərinizin mükafatı Allah taalanın dərgahındadır, adınız isə inqilab tarixinə qızıl hərflərlə yazılıb.

Yolunuza davam etməlisiniz; biz hələ yolun sonuna gəlib çatmamışıq; yenə də irəli addımlamalı, çalışmalı, cihad etməliyik. Mübarizə meydanları əvvəlki deyil, dəyişib, amma cihadın özü hələ də qalır. Biz bu əmanəti sonrakı nəsillərə ötürə bilsək, o zaman öhdəmizə düşən vəzifəni yerinə yetirmiş olarıq. Şükürlər olsun ki, gəncləriniz fəaldır, çalışqandır, məlumatlıdır; ölkə də gənclərindir. Ümidvaram, Allah-taala şəhidlərinizin, böyük şəxsiyyətlərinizin, bu şəhərin yetişdirib cəmiyyətə təhvil verdiyi görkəmli alimlərin – istər Nəcəfabadda, istər İsfahanda, istər Məşhəddə, istərsə də Qum və sair yerlərdə yaşayıb-yaradanlar olsun – yəni bu məhsuldar şəhərin yetirməsi olan alim və müctəhidlərin bərəkətini sizə nəsib edəcək, bu bərəkətin xeyirli nəticələrini bütün ölkəmizdə müşahidə edəcəyik.

Mən bir az da Əhli-Beytin (ə) dürdanəsi, Siddiqeyi-Tahirə Həzrəti-Fatimeyi-Zəhranın (ə) şəhadəti ilə bağlı günlər haqqında danışmaq istərdim.“75 gün” rəvayətinə əsasən, yaşadığımız bu günlər o möhtərəm xanımın şəhadətinə təsadüf edir. Bu günlərdə Həzrət Əmirəlmöminin (ə) qəlbi qırıq, sinəsi qəm-qüssə ilə dolu bir halda öz əzizi ilə vidalaşır, Həzrət Peyğəmbərin (s) qiymətli əmanətini ona geri qaytarır; Əmirəlmömininin (ə) ürəyi qəmlə, kədərlə dolu idi, amma onun iradəsi, dözümü qətiyyən zəifləməmişdi; bu da bizim üçün bir dərsdir. Bəzən ürək qəm-qüssə ilə dolub-daşır – insan həyatında, istər şəxsi, istərsə də ictimai həyatda zaman-zaman bu cür hadisələr baş verir – ancaq insanın əzmi, iradəsi dəyişməz qalmalı, addımları möhkəm olmalıdır. Elə dərdli, ağır hadisələr var ki, dağları yerindən tərpədər, çatladar, ancaq mömin insanın iradəsini sındıra, əyə bilməz; insan tutduğu yolu davam etdirməlidir.

Seçki ərəfəsində olduğumuzu və seçkilərin ölkənin həyatında çox mühüm bir hadisə olduğunu nəzərə alaraq mən bu gün bu haqda bir neçə məqama toxunmaq istəyirəm.

Birinci məqam seçkinin əhəmiyyəti ilə bağlıdır. Seçki təkcə bizim kiminsə, yaxud kimlərinsə adını səsvermə blankına qeyd edərək seçki qutularına atmağımızdan ibarət bir hadisə deyil. Bizim ölkəmiz üçün seçki milli heysiyyətin ucaldılması deməkdir; seçki vasitəsilə xalq düşmən qarşısında sinəsini sipər edir, öz qüdrətini göstərir; ölkəmizdə seçkinin əhəmiyyəti budur. Düşmən 37 illik təzyiqlərinə, zülmkar sanksiyalarına, qərəzli və xəbis təbliğatlarına rəğmən, xalqın İslam quruluşuna olan sədaqətinə xələl gətirə bilmədiyini görəndə bu inqilabın əzəməti onun gözünü qorxudur, İran xalqı gözündə böyüyür, onun inqilabı əzəmət, böyüklük qazanır; bax seçki budur! Seçki milli qürur və suverenliyin qorunması, İran xalqının müqavimətinin göstəricisi deməkdir. Baxın, bayaq cənab Həsənati Nəcəfabad əhalisinin göstərdiyi sədaqət, apardığı müqavimət haqqında danışdı; həm siz qəlbinizdə fəxr, qürur hissi keçirdiniz, həm də mən; xalqın hər hansı bir kəsiminin sədaqəti, mübarizəsi, qətiyyəti və iradəsi üzə çıxanda, özünü göstərəndə bunu görən və eşidən hər kəsdə qürur hissi baş qaldırır; seçki İran xalqının sədaqətinin göstəricisi deməkdir. Səksən milyona yaxın bir xalq düşmənlə, minalarla dolu bir meydanda, qərəzli və xəbis niyyətli qarşıdurma və mübarizə arenasında bu cür şücaət və igidliklə öz varlığını, iştirakını elan edir; budur seçki! Baxın görün məsələ nə qədər önəmli, nə qədər ciddidir! İran İslam Respublikasının başıucalığını, mənafeyini düşünən hər bir vətəndaş bu seçkilərdə iştirak etməlidir və edəcək də; inşallah, özünüz də görəcəksiz! Cümə günü bütün dünya İran xalqının öz öhdəsinə düşən vəzifəni yerinə yetirmək, haqqı ödəmək üçün – çünki bu həm bir vəzifədir, həm də haqq – seçkilərə necə həvəslə qoşulacağının şahidi olacaq. Fikrimcə, seçkilərlə bağlı deyiləsi, mənim də həm əvvəllər, həm də indi dönə-dönə təkrar etdiyim ən əhəmiyyətli məqam budur: əsas məsələ seçkinin özüdür.

İkinci məqam isə bundan ibarətdir ki, bizim İran xalqı olaraq builki seçki ərəfəsində və ümumiyyətlə bu 37 il ərzində ölkəmizdə baş tutmuş müxtəlif seçkilərdə göstərdiyimiz həssaslığı bədxahlarımız da göstərir; onlar da müxtəlif üsullarla seçkilərə irad tutmağa çalışıblar. Cürbəcür üsullarla: bundan bir müddət əvvəl seçkilərin yalan olduğunu və İranda ümumiyyətlə seçkinin olmadığını deyirdilər; amma seçkilər hamının gözü önündə keçirilirdi. Seçkilər əleyhinə əvvəlki illərdə bu cür təbliğat aparılırdı. Bir müddət də başqa bir təbligat üsulu ilə vətəndaşların seçkilərə qoşulmasına açıq-aydın mane olmağa çalışdılar; hətta bir dəfə seçkilərdən birinə 2-3 gün qalmış ABŞ prezidenti: “Səsverməyə getməyin!” – deyə İran xalqına müraciət də etmişdi. Bəs camaat nə etdi? Xalq inadla həmin seçkidə həmişəkindən daha aktiv oldu, səsverməyə daha çox insan qoşuldu. İnsanların səsvermə məntəqələrinə getməsinə əngəl olmaq üçün işlətdikləri digər bir hiylə və təbliğat üsulu da bu idi. Digər bir vasitə isə bundan ibarət idi ki, insanlarda seçkilərin faydasız, mənasız olması, nəticələrin öncədən müəyyənləşdirildiyi haqda təsəvvür yaratmağa çalışırdılar; “Səsvermə blankına birinin adını yazırsan, qutudan bir başqasının adı çıxır” və sair bu kimi iradlar tutur, bu cür fikirlər yayırdılar; hamınızın yadında olar; nisbətən gənc olanlar, yəqin ki, o günləri görmədikləri üçün xatırlamazlar, amma əksəriyyətin yadındadır. Həmin iradı toplumun düşüncəsinə yeritmək üçün şüar formasına da salmışdılar, deyirdilər. Təəssüflər olsun ki, ölkə daxilindəki bir qrup məlumatsız insan da onlarla birgə bu havanı çalırdı; bir müddət də bu vasitədən istifadə etdilər. Amma bunların heç birinin onlara faydası olmadı, bu kimi vasitələr xalqın inamını, iradəsini zəiflətmədi, insanların seçki hadisəsinin əhəmiyyətinə olan inamına, dərkinə kölgə sala bimədi. İndi də başqa yolları təcrübədən keçirirlər. Əlbəttə, artıq Amerika rəsmiləri topladıqları təcrübəyə əsasən anlayıblar ki, mövqelərini açıq-aşkar ortaya qoymamalıdırlar, çünki onlar nə düşündüklərini bəlli etdikcə İran xalqı da əksini edir. Odur ki Amerika rəsmiləri bu dəfə sakit durublar, susublar, qorxudan danışmırlar ki, birdən nə isə deyərlər, camaat da yenə onların dediklərinin əksinə hərəkət edər. Amerika və İngiltərəyə köçüb orada imperializmin süfrəsinin tör-töküntüsünü yeyənlər isə ciddi şəkildə işlə məşğuldurlar; radiolarda, müxtəlif medialarda, sosial şəbəkələrdə və sairdə gecə-gündüz çalışırlar. Onların gördüyü işlərdən biri də yalançı sorğular nümayiş etdirməklə insanların, guya ki, seçkiyə maraq göstərmədiyi barədə nəticə çıxarmaq, bu istiqamətdə fikirlər formalaşdırmaqdır.

Son vaxtlar öyrəndikləri və hazırda da işlətdikləri üsullardan biri də əsassız ikitirəlik yaratmaqdır; yalançı ikitirəlik. Bu, ciddi bir məsələ olduğu üçün mən bu uydurma ikitirəlik haqqında siz hörmətli bacı və qardaşlarımla daha ətraflı danışmaq istəyirəm.

Bəli, seçki bir növ yarışmadır, müsabiqədir. Müsabiqələrdə hamı qalib gəlməyə, rəqibindən irəli keçməyə çalışır, zəhmət çəkir. Hər bir müsabiqənin mahiyyəti də elə həyəcan, sevinc, rəqibindən önə keçməyə can atmaq və sairdən ibarətdir. Seçki də yarışmadır: biri irəli keçir, digəri geri qalır. Seçki düşmənçilik, kiminləsə konfliktə, intriqaya girmək deyil; bu, ikitirəlik demək deyil. Radio və televiziya verilişlərində, müxtəlif medialarda gedən çıxışlarda müntəzəm olaraq İran xalqının qütbləşdiyi, yəni bir-biri ilə düşmənçilik edən, bir-birinin əleyhinə çalışıb-vuruşan iki tərəfin olduğu barədə xəbərlər yayırlar. Bəli, İran İslam Respublikasında yalnız bir qütbləşmə, ikitirəlik var, bu da inqilab və imperializm arasındakı ikitirəlikdir. İmperializmin ölkədə ağalıq etdiyi dövrün qalığı olanlara, onların tərəfdarlarına, davamçılarına, həmfikirlərinə gəlincə, bəli, onlar İslam İnqilabını sevmir, inqilabla araları yoxdur. Bu ikitirəlik var, amma bütövlükdə İran xalqı, inqilabın tərəfdarı olan insanlar İslam quruluşunu dəstəkləyirlər, İmam Xomeyniyə (r), onunla bağlı xatirələrə – İmamı bir an belə olsun görməmiş, İmamın vəfatından sonra dünyaya gəlmiş nəsil – onun göstərişlərinə, səsinə, tövsiyələrinə, İmamın əsasını qoyduğu prinsiplərə aşiqdirlər. İran xalqı hamılıqla bu ideyalara bağlıdır; bəli, İmam Xomeynini (r.ə) və İslam İnqilabını sevənlərlə inqilab və rejimin prinsiplərini qəbul etməyənlər arasında, əlbəttə ki, bir qütbləşmə var. Bununla belə, mən İslam rejimini, hakim quruluşu qəbul etməyənlərə də müraciət edərək: “İranı ki sevirsiniz, elə isə ölkənin mənafeyi, başıucalığı naminə seçkilərə qatılın” – demişdim; indi bəziləri qulaq asır, qəbul edir, bəziləri isə qəbul etmir. 

Budəfəki seçki ərəfəsində də insanlara ictimaiyyət arasında qütbləşmə olduğu barədə fikir aşılamağa çalışırlar; uydurma qütbləşmə. Əlbəttə, bu ideyanın əsası, mənbəyi xaricdədir, ancaq daxildə də bəziləri tərəfindən hərdən təkrar olunur. Xaricilərin təbliğatı haqda az-çox məlumatı olanlar, xəbərləri izləyənlər anlayırlar ki, bu, onların işidir. Onlar ictimaiyyətə parlamentdə “dövlətin tərəfdarları” ilə “dövlətin əleyhdarları” arasında qütbləşmə getdiyini təlqin edirlər; guya ki, İranda xalqın bir hissəsi parlamentdə dövlətin tərəfdarı olan deputatları dəstəkləyir, digər bir hissəsi isə dövlətin əleyhinə olanları. Xeyr, İran xalqına nə dövləti dəstəkləyən bir parlament lazımdır, nə də dövlətin əleyhinə olan. Xalq öz vəzifə məsuliyyətini dərk edən bir parlament istəyir; elə bir parlament ki, qanunla öhdəsinə düşən vəzifələri bilə, işinə qarşı tələbkar, dindar, cəsarətli ola, Amerikadan çəkinməyə, həqiqətən də ölkənin irəliləyişini istəyə, ölkənin inkişafını bu millətin istedadlı gənclərinin elmi cəhətdən yetişdirilməsində görə. Xalq əhalinin dərdindən, ölkənin problemlərindən xəbərdar olan, bunların həlli yolunda çalışan – qanunvericilik də elə bu deməkdir – bir parlament tələb edir. Dövlətin tərəfdarı və əleyhdarı olan parlament nə deməkdir?! Bu, uydurma bir qütbləşmədir. Ölkənin vətəndaşları arasında sorğu keçirin və hər birinə belə bir sualla müraciət edin ki, siz ölkədə mövcud olan problem və çətinliklərdən xəbərdar olan, əhalinin dərdini bilən və bunları həll etməyə, yoluna qoymağa çalışan bir parlament istəyirsiniz, yoxsa hansısa qüvvələrə tərəfkeşlik edən bir parlament? Xalqın cavabı nə olacaq? Aydın məsələdir ki, xalq birinci variantı seçəcək. Çünki xalq üçün əhəmiyyətli olan budur. Camaat parlamentarilərin dindar, məsuliyyətli, qorxmaz, cəsarətli, düşmənin hiyləsinə, yalanlarına uymayan, milli heysiyyət və suverenliyə önəm verən, onu ayaqlar altına atıb tapdalamayan bir parlament istəyir. Xalq imperializmin tamahkarlığına və haqsız tələblərinə müqavimət göstərəcək, əli İrandan kəsildiyi üçün ölkənin idarəçiliyini yenidən ələ keçirməyə, bura geri qayıtmağa çalışan tamahkar güclərin önündə duruş gətirə biləcək bir parlament arzusundadır. Xalq bu xüsusiyyətlərin daşıyıcısı olan bir parlament istəyir. İqtisadiyyatın daxildən güc alaraq inkişaf etdirilməsindən danışırıq; camaat iqtisadiyyatın daxildən güclənməsi üçün sözün əsl mənasında vaxt qoyacaq, rels atacaq bir parlament tələb edir; belə ki hökumətin də vəzifəsi həmin zamanlama və relslər əsasında hərəkət etmək olsun. Xalqımızın istədiyi bax bunlardır. 

Başqa bir məqam isə düşmənin ölkə daxilinə nüfuz etməsi məsələsi ilə bağlıdır. Bundan bir müddət əvvəl mən düşmənin ölkəyə nüfuz etməsindən ehtiyatlı olun deyə xəbərdarlıq etmişdim. Bəziləri bundan boş yerə narahatlıq keçirdilər; narahat olmaq lazım deyil. Amerikalılar nüvə müzakirələrindən sonrakı mərhələ üçün İran və region əleyhinə ayrı-ayrılıqda yeni planlar hazırlayıblar. Bu, əvvəllər də bizə məlum idi, indi də aydındır. Onların İran üçün də, regionumuz üçün də indiyə qədər də planları olub, hazırda da var; əllərini əllərinin üstünə qoyub oturmayıblar ki! Öz çirkin planlarına qarşı regionda kimin möhkəm durduğunu da yaxşı bilirlər, anlayırlar. Yaxşı, bəs əgər düşmənin ölkənin daxili üçün müəyyən planları varsa, onları həyata keçirmək üçün nə edir? Ölkəyə nüfuz etməsini təmin edəcək müəyyən ünsürlərdən – agentlərdən istifadə edir. Agentlik etmək təkcə kiminsə bilərəkdən, məqsədli şəkildə, düşməndən aldığı pul qarşılığında hansısa quruma, sisitemə daxil olması demək deyil ki! Xeyr, bəzən bir insan agentlik edir, düşmənin ölkəyə nüfuz etməsinə işləyir, amma özü belə bundan xəbərsiz olur! İmam Xomeyni (r.ə) deyirdi ki, bəzən düşmən bir neçə vasitə ilə öz sözünü ölkənin tanınmış insanlarının ağzından eşitdirir. İmam sayıq və təcrübəli idi. Bəzən düşmən müxtəlif yollardan, fərqli vasitələrdən istifadə etməklə ölkənin tanınmış simalarının əli ilə öz fikrini, istəyini həyata keçirir; hansılar ki ondan heç bir pul-para da almayıblar, heç bir öhdəçilik də boyun olmayıblar. Məgər biz bunları görməmişikmi? Məgər bunları yaşamamışıqmı? Elə parlamentdə deputatlardan biri durub İslam dövlətini yalançılıqda ittiham etməmişdimi?! Həmin şəxs parlament kürsüsündən – o ümumxalq tribunadan: “Biz 10-13 ildir dünyaya yalan deyirik, dünyanı aldadırıq!” – söyləməmişdimi?! Bəli, o, düşmənin sözünü deyirdi, düşmənin dediyini təkrarlayırdı. Düşmən bizi yalançılıqda ittiham edirdi, indi də öz aramızadan biri önə çıxıb deyirdi ki, İslam rejimi dünyanı aldadır! Bu, agentlik etmək deyilmi? Ola bilsin ki, o şəxsin özünün belə bundan xəbəri yoxdur, bu hərəkətinin düşmənə agentlik etmək olduğunu da heç bilmir. 

Bizdə elə bir parlament var idi ki, nüvə müzakirələrinin çox gərgin şəraitdə getdiyi, o zaman danışıqlarda iştirak edən komandaya rəhbərlik edən hazırkı prezidentin qarşı tərəflə min bir əziyyətlə, zəhmətlə çox qızğın müzakirələr apardığı, əslində isə İranın sözünü yeritmək üçün çarpışıb-vuruşduğu bir vaxtda o parlamentdə qarşı tərəfin sözünə yaşıl işıq yandıracaq 3-cü dərəcədə təcili bir layihə müzakirəyə qoyulmuşdu. O zaman cənab Ruhani gileylənərək mənə bildirmişdi ki, biz orda məqsədimizə yaxınlaşmaq üçün mübarizə aparırıq, burda isə bəzi cənablar düşmənin xeyrinə layihə hazırlayırlar. Belə hərəkətlər düşmənin ölkəyə nüfuz etməsi deyil, bəs nədir? Nüfuz etməyin daha buynuzu-qulağı olmur ki! Nəyə görə düşmənin ölkəyə nüfuz etməsinin adı çəkilən kimi bəziləri dərhal qəzəblənib: “Niyə nüfuz dediniz, niyə nüfuzdan danışdınız?” – deyirlər? Bəli, nüfuz məsələsini diqqət mərkəzində saxlamaq lazımdır. Düşmən ölkəyə nüfuz etmək fikrindədir. Bəs elə isə bu məsələyə kim diqqət yetirməlidir? Buna məlumatlı bir şəkildə həm əhali, həm rəsmilər, həm də siyasətçilər, siyasət adamları diqqət yetirməlidir; onlar daha diqqətli və ehtiyatlı davranmalıdırlar. Diqqət etməli, düşmənin istədiyinin əksinə hərəkət etməlidirlər. Elə ki gördünüz düşmən ikitirəlik salmaq üçün nə isə edir, məsələn, sizi tərifləyir, deməli araya şübhə toxumu səpmək niyyətindədir. Düşmən sizə dost ola bilməz, ona görə də düşmənin belə bir hiylə işlətdiyinin şahidi olan kimi dərhal, çək-çevir etmədən ona nifrətinizi bəlli edin, onun tərifinə ehtiyacınız olmadığını deyin. Siz ki deyirsiniz düşmən bu cür hərəkətlərlə araya təfriqə salmaq, konflikt yaratmaq məqsədi güdür, elə isə əhalidə yanlış təsəvvür, tərəddüd yaranmasına şərait yaratmayın. Bu məsələlərə diqqətli yanaşmaq lazımdır. Qayıdaq yenə də İmamın (r.ə) göstərişlərinə; İmam buyururdu: “Elə ki gördünüz düşmən sizi tərifləməyə başlayıb, öz davranışınızdan şübhələnin, baxın görün hansı yanlış addımı atmısınız ki, düşmənin xoşuna gəlib və buna görə də sizi tərifləməyə başlayıb.” İslam İnqilabının göstərişləri bunlardır, bu cür davranmaq, bu şəkildə irəliləmək lazımdır; səhlənkarlıq etmək olmaz. Ölkəni idarə etmək asan iş deyil. Bu böyüklükdə, bu əzəmətdə, bu igidlikdə bir xalqı irəliyə doğru aparmaq balaca iş deyil. Ehtiyatlı və diqqətli davranaraq, gözünü dörd açaraq addımlamaq, düşmənin qarşısında sarsılmaz iradə ilə hərəkət etmək lazımdır. Qeyd etmək istədiyim digər bir mühüm məqam bu idi.

Digər önəmli bir məqam isə leksikonumuzda düşmənin işlətdiyi siyasi ifadələrdən istifadə etməməklə əlaqəlidir. Mən bunu xüsusilə müxtəlif siyasi sferalarda, hökümət və qeyri-hökumət strukturlarında fəaliyyət göstərən hörmətli qardaşlarımıza, dostlarımıza həmişə israrla tapşırmışam; nitqinizdə düşmənin istifadə etdiyi siyasi ifadələrdən istifadə etməyin. İslam İnqilabının düşmənləri ilk gündən “radikal” və “mötədil” ifadələrini ortaya atdılar; “filankəs radikaldır, radikal yönümlüdür”, “filankəs mötədildir, orta yol tutur”. Onların fikrincə, hamıdan daha radikal olan isə əvvəllər İmam Xomeyni (r.ə) idi, hazırda da ən radikal düşüncəli şəxs mənəm. “Mötədil” sözü ilk baxışdan gözəl bir sözdür, ancaq İslam təlimləri başqa cür deyir; gəlin İslam maarifini, İslam təlimlərini düzgün dərk edək. İslam dini orta həddin, orta yolun tərəfdarıdır:

وَ کَذلِکَ جَعَلنٰکُم اُمَّةً وَسَطًا

“Beləliklə də sizi orta yol tutan (ədalətli və seçilmiş) bir ümmət etdik ki ...”(3)

Yaxşı bəs İslamın nəzərdə tutduğu “orta yol” hansıdır? Bu anlayış “radikal” anlayışının antonimidirmi? Xeyr. İslam maarifindəki “orta yol”, “orta hədd” anlayışı “düzgün olmayan, əyri yol”, “düz yoldan sapmaq” anlayışlarının antonimi kimi işlədilir.

اَلیَمینُ وَ الشِّمالُ مَضَلَّةٌ وَ الطَّریقُ الوُسطی‌ٰ هِیَ الجادَّة

“Yəni sağ və sol tərəflər qaranlıqdır, zəlalət yoludur və orta yol isə ədalət yoludur”(4)

Bunu “Nəhcül-bəlağə” deyir. Orta yol – yəni düz yol. Bu düz yoldan sapsanız, kənara çıxsanız – istər sağa, istərsə də sola – bu artıq orta yol olmayacaq. Demək, orta yolun ziddi radikallıq deyil, əyri yoldur. Orta yolda olmayan düz yoldan çıxmış, sapmış olandır; amma bu orta yolda bəziləri sürətlə, iti addımlarla, bəziləri isə asta, ləng addımlarla irəliləyir. Düz yolda sürətlə addımlamaq, təbii ki, yaxşı bir şeydir:

سابِقوا اِلی‌ مَغفِرَةٍ مِن رَبِّکُم

“(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın”.(5)

Hər kəsdən önə keçməyə çalışın. Bu gün ölkə sərhədlərindən kənarda “radikal” ifadəsini işlədənlər bununla müəyyən məqsəd güdür, konkret bir mənanı nəzərdə tuturlar. Buna görə də ölkə daxilindəki dostlarımız, qardaşlarımız ehtiyatlı davranmalıdırlar ki, düşmənin bu ifadələrlə izlədiyi məqsədi təkrarlamasınlar. “Radikal” sözünü işlədənlər, əslində, İslam İnqilabı yolunda daha qətiyyətlə, möhkəm addımlarla irəliləyən şəxsləri nəzərdə tuturlar; islamçı qüvvələri “radikal” adlandırır, onların istəklərinə itaət göstərənlərə isə “mötədil” deyirlər. Amerika, İngiltərə və onlar kimilərin siyasi leksikonunda işlədilən “radikal” və “mötədil” sözlərinin mənası budur: “radikal” – İslam İnqilabı ideyasına bağlı olanlar, “mötədil” isə onların, yəni düşmənin istək və maraqlarına təslim olub boyun əyənlərdir. Yaxşı, bəs onlara itaət göstərənlər kimlərdir? Sevindirici haldır ki, İranda “mötədil” düşüncəli insanların olmadığını, camaatın hamısının “radikal” olduğunu özləri də etiraf edirlər. Bax bu, döğru sözdür; İran xalqı arasında nə kimsə onlara bağlıdır, nə də kimsə onlardan asılıdır. Hərdən diqqətsizlik edib səhvə yol verən, ayagı büdrəyən, yanlış addım atanlar olur, amma bütövlükdə İran xalqı İslam İnqilabının tərəfdarıdır, bu inqilabın yolu ilə gedir, onun davam etməsini israrla istəyir; onlar isə bu xüsusiyyətlərin daşıyıcılarını “radikal” adlandırırlar. Elə isə biz niyə onların sözlərini təkrar etməliyik? Onlar İŞİD-i də radikal adlandırırlar, məgər İŞİD radikaldır? Onlar azğın, İslamın, Quranın qoyduğu düz yoldan çıxmış bir dəstədir. Bizdə bu mənada radikallıq yoxdur. Odur ki düşmənin xüsusi mənalar nəzərdə tutaraq istifadə etdiyi bu kimi sözləri təkrarlamamağa diqqət göstərmək lazımdır.

Sonda qeyd etmək istədiyim başqa bir məqam da var. Hörmətli qardaşlar, bacılar, mənim balalarım, əziz gənclər! Siz kimi seçsəniz, nəyi seçsəniz, özünüz üçün seçmiş olacaqsınız. Yaxşı seçiminizin nəticəsi sizin özünüzə geri qayıdacaq; diqqətsiz seçim etsəniz, bu işin mənfi nəticəsi də özünüzə geri dönəcək; bu işin xüsusiyyəti budur. Öz azad iradənizlə addım atırsınız, ona görə də çalışın ki, işi lazımi səviyyədə həyata keçirəsiniz. Əgər düzgün və diqqətli seçim etsəniz, bunun sizə iki faydası olacaq: əvvəla, bu işi düzgün yerinə yetirdiyiniz üçün Allah-taala sizdən razı qalacaq, ikincisi, böyük ehtimalla, işin nəticəsi də düzgün olacaq. Əgər işi lazımi şəkildə yerinə yetirsək, sonu yaxşı nəticələnməsə belə, o birinci mükafat öz qüvvəsində qalacaq. Hərtərəfli düşünülmüş şəkildə, uzaqgörənliklə görülən işi Allah-taala sizdən qəbul edəcək; iş əsnasında hansısa səhv buraxmış olsanız belə. Diqqətsiz yerinə yetirilən işdən isə həm Allah-taala narazı qalacaq, həm də haqqa uyğun olmaq ehtimalı daha zəif olacaq. Odur ki səs verməmişdən öncə namizədlərlə tanış olun, sonra səs verin; dindarlığına, məsuliyyətinə, İslam İnqilabına olan sədaqətinə, bağlılığına, qətiyyətinə, iradəsinə, cəsarətinə, qorxmazlığına əmin olun, sonra səs verin; istər parlament seçkiləri olsun, istərsə də Xubriqan Məclisinə seçkilər, fərqi yoxdur, hər ikisi eyni dərəcədə önəmlidir, hər iki mövzunun əhəmiyyəti haqda da bundan əvvəl danışmışam. Namizədlər haqqında məlumatınız yoxsa da, “Tanımıram, ona görə də səs verməyəcəyəm” – deməyin, dindarlığına, məsuliyyətinə, gözüaçıqlığına əmin olduğunuz adamlardan həmin namizədlər haqqında soruşub öyrənin; çıxış yolu budur. Odur ki yol da, hədəf də, öhdəmizə düşən dini vəzifə də məlumdur, aydındır, görüləcək iş də böyük, əhəmiyyətli bir işdir. İnsan ilahi məqsəd daşıyan böyük bir işi düzgün həyata keçirmiş olarsa;

اِن تَنصُرُوا اللهَ یَنصُرکُم

“Əgər siz Allaha (Onun dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər”.(6)

Siz Allah-taalaya yardım etmək üçün addım atsanız, Allah-taala da, hökmən, sizə yardım edəcək. O zaman seçkilərin nəticəsi necə olursa-olsun, ölkənin xeyrinə sona çatacaqdır, inşallah. Və mən buna qəti surətdə əminəm ki, düşmənin cidd-cəhdinə baxmayaraq – 37 ildir ki, İslam İnqilabına zərbə vurmaq üçün durmadan, fasiləsiz olaraq çalışır, amma onun istəyinin əksinə olaraq – bizim inqilabımız və ölkəmiz inkişaf edib, irəliləyib və bilin ki, bundan sonra da Allah-taala son qələbəni İran xalqına və bu qüdrətli ölkəyə nəsib edəcəkdir. İnşallah, siz də bu seçkidə istədiyiniz nəticəni əldə edəcəksiniz və Allah-taala da düşmənlərinizi məğlub edəcək. İlahi yardımın sayəsində düşmən bu inqilaba, bu quruluşa heç bir zərbə vura bilməyəcək!

Aləmlərin Rəbbindən əziz şəhidlərimizi, habelə bu yolu bizə göstərmiş dahi öndərimiz İmam Xomeynini (r.ə) dərgahında ən uca məqamlara yetirməsini istəyirik və dua edirik ki, İran xalqına qarşısına çıxan bütün məsələlərdə, xüsusilə də iki gün sonra baş tutacaq seçkidə uğur qazandırsın inşaallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_______________________

(1) Görüşün əvvəlində Nəcəfabadın imamcüməsi Höccətül-İslam Mustafa Həsənati çıxış etmişdir. 
(2) Keşikçı Korpusun Quru Qüvvələrinin komandiri şəhid Əhməd Kazimi. 
(3) “Bəqərə” surəsi, 143-cü ayədən.
(4) “Nəhcül-bəlağə”, 16-cı xütbə.
(5) “Hədid” surəsi, 21-ci ayə
(6) “Məhəmməd” surəsi, 7-ci ayədən.