Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّدٍ و آله الطّاهرین
Əziz qardaşlar, bacılar, hamınıza xoş gəlmisiniz deyirəm; xüsusilə də dəyərli şəhid ailələrini, din alimlərini, hörmətli rəsmiləri, əhalini, əziz gəncləri salamlayıram. Bu uzun yolu qət edib gələrək bu gün hüseyniyəmizi iman və sizə xas ruh yüksəkliyi, həvəs, stimul atmosferi ilə rayihələndirdiniz. Əslində, mənim bu salamım bütün Təbriz və Azərbaycan əhalisinə ünvanlanır.
Hər ilin 29 bəhmən günü bizim üçün – yəni bu həqir bəndə üçün – çox xoş, arzuolunan bir gündür; əziz Azərbaycan əhalisindən, Təbriz camaatından həmişə gördüyümüz, hiss etdiyimiz, bələd olduğumuz hiss və emosiyaları bir daha yaxından duyur, yada salırıq; yəni o ruh yüksəkliyini, dinamikanı, stimulu, imanı, sayıqlığı. Xalq kütləsi üçün ən gözəl və təqdirəlayiq keyfiyyətlərdən biri də sayıqlıq, uzaqgörənlik, sabitqədəmlik, fəaliyyətində təşəbbüskarlıq, doğru yolun hansı olduğunu bilmək, bu yolda qarşılaşa biləcəyi təhlükələrdən qorxmadan irəli getməkdir. Hansı ki sizdə – dəyərli Azərbaycan, Təbriz əhalisində bunların hamısı var, dəfələrlə görmüşük, şahidi olmuşuq; Allaha şükürlər olsun. Mən bu ruh yüksəkliyini, emosionallığı, dərin və coşğun imandan xəbər verən bu çıxışları görəndə, doğrudan da, Allaha şükürlər edirəm, Allah-taalaya minnətdarlıq hissi keçirirəm. Bunlar Allahın yardımının nişanələridir. Allah-taala Quranda Öz peyğəmbərinə buyurur:
هُوَ الَّذی اَیَّدَکَ بِنَصرِه وَ بِالمُؤمِنین
– Allah-taala səni Öz yardımı, möminlərin əzmi, iradəsi və güclü qolları, möhkəm addımları ilə dəstəklədi.(2) Möminlərin rolu bax budur. Allah-taalanın Quranda buyurduğu kimi, siz gənclərin, qəlbi stimul və ruh yüksəkliyi ilə dolu siz əziz camaatımızın rolu bax belə böyükdür.
29 bəhmən günü unudulmaz bir gündür; əlbəttə ki, Təbriz və Azərbaycan əhalisinin adı ilə bağlı olan unudulmaz günlər çoxdur, təkcə 29 bəhmən günü deyil. Müasir tariximizdə, yaxın tariximizdə, Məşrutə dövründə, ondan əvvəl və sonra, şərh ediləcəyi, açıqlanacağı təqdirdə hər bir xalq üçün qürur və iftixar mənbəyi ola biləcək günlər çoxdur; onlar hamısı sizin – təbrizlilərin, azərbaycanlıların adı ilə bağlıdır. Əlbəttə ki, bu sahə az işlənib; o böyük xalq hərəkatları müxtəlif incəsənət sahələrinin dili ilə, mədəni-təbliğat işləri vasitəsilə açılmalı, danışılmalı, təkrarlanmalıdır. İnsafla deməliyik ki, bu sahədə bir az çatışmazlıq var, az işlənib. Buna baxmayaraq, 29 bəhmən o qədər canlı bir tarixdir ki, nə qədər az işlənsə də, effekti, parlaqlığı azalmır; əksinə, deyə bilərik ki, günü-gündən daha da artır. 29 bəhmən günü Təbriz əhalisi xalqın oyanışında, İran xalqının möhtəşəm hərəkatında müstəsna rol oynamış bir addım atıb.
Allaha şükürlər olsun ki, Azərbaycan əhalisi ondan sonra da öz hərəkatını dayandırmayıb; uzun illər boyu – 56-cı ildən bu günə qədər 38-39 il ötüb; bütün bu vaxt ərzində – bu camaat həmişə cihad, mübarizə, müqavimət və fəaliyyətin ön sıralarında olub; bu, bir dəyərdir; xalqımızın bu şeyə ehtiyacı var; ölkəmizin gələcəyi bundan asılıdır. Bu, 22 bəhmənə də aiddir; 22 bəhmən il-ildən, günü-gündən daha canlı, parlaq və qabarıq formada qeyd edilməlidir; ölkəmizin buna ehtiyacı var.
Və mən bu ilin 22 bəhmən günü yazdığı qəhrəmanlıq tarixinə görə böyük İran xalqına dərin təşəkkür etməyi özümə borc bilirəm. Yürüşlərdə iştirak edən xalq kütlələrinin təxmini – təxmini, amma reallığa yaxın – statistiksını aparan mərkəzlərin mənə çatdırdığı məlumata görə, bu il ölkənin bütün şəhərlərində yürüşlərdə əhalinin sayı ötən ildən xeyli çox olub; elə sizin Təbrizdə ötən ilkindən bir faiz çox insan iştirak edib; eynilə bəzi digər şəhərlərdə də; bu məlumatları aparıcı rəsmi mərkəzlər hazırlayıb bizə ötürüblər. Bu, çox önəmlidir, çox dəyərlidir; bu onu göstərir ki, xalqın sarsılmaz əzmində azacıq belə olsun boşluq yaranmayıb. Özü də elə bir dövrdə ki, dünayaya ağalıq edən super-güclər, dünyanın İslam dövləti əleyhinə köklənmiş zalım və imperialist dövlətləri İslam İnqilabını xalqa unutdurmaq – ya tamamilə unutdurmaq, ya da zəiflətmək, xalqın məkfurəsində arxa plana keçirmək üçün əllərindən gələni edirlər. Bu gün dünyanın böyük dövlətləri ciddi surətdə buna çalışır, İran xalqı isə belə bir şəraitdə onların istədiyinin tam əksinə hərəkət edərək bu mərasimi hər il olduğundan daha böyük coşğu və izdihamla keçirir.
İnqilab bayramın mübarək olsun, əziz xalqımız! Allaha şükürlər olsun ki, mübarək də oldu. 22 bəhmən bayramı ölkənin dörd bir yanında ümumxalq miqyasda qeyd edilən bir bayram idi. Hələ 22 bəhməndən əvvəl mən demişdim ki,(3) qarşıdan iki bayram gəlir: biri 22 bəhmən günü qeyd edəcəyimiz inqilab bayramı, o biri isə seçki bayramı; seçki də ölkəmiz üçün böyük bir bayramdır. Seçki haqda çox danışmışıq. Təkcə gələn həftə baş tutacaq seçkilər barədə yox, bu müddət ərzində ölkədə keçirilən bütün seçkilərdə nə lazımsa demişik, yenə də nə lazımsa deyəcəyik, danışacağıq. Mən həqiqətləri deməkdən heç vaxt yorulmayacağam və inşallah, nəyi demək lazımdırsa, xalqımıza deyəcəyəm.
İslam İnqilabı İran xalqının təhqir olunduğu bir dövrə son qoydu; əvvəllər İran xalqı yadellilər, böyük dövlətlər tərəfindən təhqir olunurdu; elmi cəhətdən təhqir olunurdu, siyasi cəhətdən təhqir olunurdu, sosial cəhətdən təhqir olunurdu. Ölkədə at oynadan dövlətlər, əsas etibarilə də Amerika son illərdə istədiklərini Pəhləvi rejiminə diktə edir, onlar da deyilənləri eynilə yerinə yetirirdilər; Amerikadan əvvəl də ölkədə bu rol İngilislərə aid idi. İslam İnqilabı gəldi, bu dözülməz təhqiri aradan qaldırdı, ölkəyə və xalqa qürur, heysiyyət qazandırdı, müstəqillik bəxş etdi, bu xalqın insani dəyərini təsbit etdi. Bir xalq öz kimliyini hiss edəndə isə onun arasında istedadlar çiçəklənir və çiçəkləndi də; istedadlar çiçəkləndi, ölkəmiz inkişaf etdi. Bu gün ölkəmiz dünyanın ən nüfuzlu ölkələri sırasındadır; İran xalqı nəinki dostlarının, hətta düşmənlərinin də gözündə dünyanın ən hörmətli xalqlarındandır. Bu isə düşmənlərimiz üçün dözülməzdir. Bu, bir vaxtlar ölkəmizi özünə arxa baxça hesab edən Amerika və nə vaxtsa buranı özünə sanatoriya hesab edən İsrail üçün dözülməzdir; o vaxt onlar bura istirahətə gəlirdilər. İran xalqının düşmənləri üçün bir xalqın ayağa qalxıb imperializm əleyhinə mövqeyini açıq-açığına, heç kimi və heç nəyi nəzərə almadan, qətiyyətlə bəyan etməsi, başqa xalqları da buna ürəkləndirməsi dözülməzdir, buna görə də əllərindən gələni edirlər. Düşmənin bu səyləri nə vaxta qədər davam edəcək? O vaxta qədər ki, siz – İran xalqı onları məyus edə biləcək qədər güclənəcəksiniz. Düşmən sizin belə bir mərhələyə çatmağınıza əngəl olmaq üçün əlindən gələni edir. Nüvə məsələsi ətrafında qopardıqları bütün mərəkə – özünüz də gördünüz – insan haqları barədə dedikləri bütün sözlər, etdikləri təhdidlər, indiyə qədər tətbiq etdikləri və bundan sonra üçün də bizi təhdid etdikləri sanksiyalar sürətli templə irəlilədiyi yolda İran xalqının hərəkətini yavaşıtmaq və onu durdurmaq üçündür. Əlbəttə ki, İran xalqı belə şeylərlə azalmayacaq, zəifləməyəcək bir stimula malikdir.
Qarşıda bizi seçkilər gözləyir; mən müşahidə etdiyim, hiss etdiyim şeyləri əziz xalqımla bölüşməyi vacib hesab edirəm. Bəzi şeyləri rəsmilərin diqqətinə çatdırmalıyam və çatdırıram da, bəzi şeylərə isə bütövlükdə camaatımız, ictimaiyyətimiz diqqət yetirməlidir və mən onları xalqımız üçün qeyd etməyi özümə borc bilirəm: düşmən ictimaiyyətimizin fikrini öz çirkin hədəf və niyyətlərindən yayındırmaq məqsədi güdür. Müəyyən planlar cızır, müxtəlif yerlərdə onların ayrı-ayrı detallarını işləyib hazırlayır ki, vaxtı gələndə o detalları bir araya gətirib birləşdirsin və əsl planlarını reallaşdırsın. Biz buna imkan verməməliyik. Bunu kim etməlidir? Xalq. Ölkə sizindir, ölkə xalqındır, ölkənin yiyəsi əziz xalqımızdır; o, imkan verməməlidir; intəhası mənim kimi həqir bəndələrin vəzifəsi də əziz xalqımıza xəbərdarlıq etməkdir. Mən düşmənlərin ölkəmizdə baş tutacaq seçkilərlə bağlı iş apardığını görürəm; istəyirlər ki, seçki onların istədiyi formada keçsin. Əlbəttə ki, qəlblərinin dərinliyində çox istərdilər ki, ölkəmizdə heç seçki olmasın. Bir vaxtlar – bir neçə il bundan əvvəl də çalışdılar elə etsinlər ki, seçki baş tutmasın; Allah-taala imkan vermədi; ondan bəri ümidlərini üzüblər, bilirlər ki, ölkədə seçkini durdurmaq səyləri heç bir nəticə verməyəcək, ona görə də bir yol tapıb seçkiyə təsir göstərməyə, hər hansı bir yolla seçkini korlamağa çalışırlar. Xalqımız sayıq olmalı və onların istədiyinin tam tərsini etməldir.
Bu gün onların ciddi surətdə nail olmağa çalışdığı işlərdən biri də Keşikçi Şuranın işini pozmaqdır. Əziz qardaş və bacılar, baxın, Keşikçi Şuranın işinin pozulması çox əhəmiyyətlidir. Amerikalılar inqilabın əvvəlindən bu yana ölkədə, İslam Respublikasında bir neçə məqamın kəskin şəkildə əleyhinə olublar ki, onlardan da biri Keşikçi Şuradır. Keşikçi Şura məsələsini ortadan yığışdırmaq üçün çox çalışdılar, çapaladılar, ölkə daxilindəki bəzi məlumatsız, diqqətsiz insanlardan da sui-istifadə etdilər, amma əlbəttə ki, bacarmadılar və bu gün də bacarmırlar; indi də Keşikçi Şuranın çıxardığı qərarların üzərinə şübhə kölgəsi salmaq istəyirlər. Bunu etməyin mənası nədir? Əziz gənclərimiz buna ciddi diqqət yetirsinlər; Keşikçi Şuranın qərarları sual altına salınır, onların qeyri-qanuni olduğu iddia edilirsə, bu nə deməkdir? Bu o deməkdir ki, qarşıda gələn seçkilər də qanunsuzdur; bəs seçki qanunsuzdursa, qanuna ziddirsə, bu nə deməkdir? Bu o deməkdir ki, həmin seçki nəticəsində formalaşan parlament də qanunsuzdur. Parlamentin qanunsuz olması isə o deməkdir ki, 4 il ərzində o parlamentdən gəlib keçən bütün qanunlar etibarsız sayılacaq; yəni bu, 4 il müddətində ölkəyə parlament və qanun boşluğu yaşatmaq deməkdir. Keşikçi Şuranın işini pozmağın mənası budur və düşmən də elə bunu istəyir. Əlbəttə ki, ölkə daxilində düşmənin səsinə səs verənlərin çoxu nə etdiyinin fərqinə varmır. Mən heç kəsi xəyanətdə ittiham etmirəm; fərqinə varmırlar, anlamırlar, amma məsələnin mahiyyəti budur. Keşikçi Şuraya qarşı yönələn təxribatlar, Keşikçi Şuranın işinə şübhə kölgəsi salmaq, şura tərəfindən qəbul edilmiş qərarların qanuna zidd olduğunu söyləmək əslində Keşikçi Şuranın işini pozmaq deyil, seçkini pozmaqdır, parlamenti pozmaqdır, parlamentdə həyata keçiriləcək 4 illik qanunvericilik fəaliyyətini pozmaqdır; bunu istəyirlər. Görün necə məharətlə plan qurublar. Mən bunu ictimaiyyətə çatdırmalıyam; ictimaiyyət bunu bilməldir. Keşikçi Şuranın əleyhinə danışan insanlar nə etdiklərini özləri də anlamırlar, fərqində deyillər, amma gördükləri işin mahiyyəti bundan ibarətdir. Düşmən bütün səylərini İslam Respublikasını dinə əsaslanan xalq hakimiyyətindən – bu misilsiz, yeni, müsəlman xalqları üçün cəlbedici olan təzahürdən məhrum etməyə yönəldib; bunun üçün çalışır. Əgər bacarsaydılar, seçkiləri dayandırardılar, amma bunu bacarmadılar və bacarmayacaqlar da; əllərindən gəlsəydi, Keşikçi Şuranı ortadan götürər və ya onun nəzarət funksiyasını ləğv edərdilər, amma bunu da edə bilmədilər. Bütün bunlara müvəffəq olmadıqlarına görə indi bu yollara əl atırlar, bu yollardan istifadə etməyə cəhd göstərirlər; buna görə də diqqətli olmalıyıq.
Parlament çox əhəmiyyətlidir; İslami Şura Məclisi olduqca əhəmiyyətli bir mövqeyə malikdir. Nəyə görə? Çünki hökumətin hərəkət etməsi üçün relslər salan parlamentdir. Təsəvvür edin ki, hökumət relslər üzərində hərəkət edən qatardır; o relsləri parlament öz qanunları ilə salır. Əlbəttə ki, qanunların ərsəyə gəlməsində parlament və hökumət birgə çalışır: hökumət qanun layihəsini təqdim edir, parlament də onu götür-qoy edir, lazımi düzəlişlər edir və təsdiqləyir. Relslər atılır və hökumət də onların üzərində hərəkət etməlidir. Parlament xalqın rifahı, sosial ədalət, iqtisadi problemlərin həlli, elmi inkişaf, texnoloji tərəqqi, milli qürur və istiqlaliyyət üçün çalışarsa, onun saldığı relslər də bu hədəflərə aparacaq; yox əgər parlament Qərbdən, Amerikadan qorxub-çəkinər, dəbdəbəli həyat marağının güclü təsiri altında olarsa, onun atdığı relslər də bu istiqamətə yönələcək; ölkəni bədbəxt edəcək. Parlamentin əhəmiyyəti bunlardan ibarətdir; bunlar xırda məsələlərdirmi? İmam Xomeyninin (r.ə) buyurduğu kimi,(4) parlamentin əhəmiyyəti onun bütün işlərin başında durmasındadır. “İşlərin başında durmaq” deyəndə bu o demək deyil ki, parlament və ya deputatlar işlərin icrasının bütün mərhələlərində önəmli rol oynayır; yox, işlərin icrası mərhələsində parlamentin qətiyyən heç bir rolu yoxdur. İşlərin icrasını həyata keçirən böyük bir struktur – hökumət var, buna baxmayaraq, parlament hərəkət kursunu müəyyən edir, gediləcək yolu müəyyənləşdirir. Hökumət bu yolla qanuna müvafiq surətdə getməlidir; bu relslərin üzərində irəliləməlidir. Yaxşı, bəs o relsləri kim salacaq? Bu iş kimə həvalə olunacaq? O relslər hansı istiqamətdə atılacaq? Parlamentin və deputatların əhəmiyyəti bu məqamda aydın olur. Əlbəttə ki, düşmən də elə buna görə hər işə əl atır. Parlament barədə bu qədər.
Xubriqan Məclisi isə əsas, prinispial, infrastruktur əhəmiyyəti baxımından parlamentdən də önəmlidir. Bu qurumun ölkənin cari məsələləri ilə işi yoxdur, amma Ali Rəhbəri təyin edir. Kimin Ali Rəhbər olacağı, ölkənin başlıca siyasətlərini və önəmli qərarlarını kimin müəyyən edəcəyi Xubriqan Məclisində kimlərin təmsil olunmasından asılıdır. Xubriqan Məclisi lazım gəldiyi zaman Ali Rəhbəri müəyyən edən bir qurumdur; onun üzvləri İslam İnqilabına ürəkdən bağlı, xalqını sevən, düşmənin məkrli planlarından xəbərdar olan, düşmən qarşısında mətin və mübariz insanlar olarsa, bir cür, yox əgər Allah eləməmiş, bu keyfiyyətlərə malik olmayan insanlar olarsa, bir başqa cür davranacaqlar. Elə buna görə də hazırda düşmən Xubriqan Məclisi ilə də bağlı həssaslıq göstərir.
İngiltərə radiosu Tehran camaatına təlimat verir ki, filankəsə səs verin, filankəsə səs verməyin! Bu nə deməkdir? İngilislər İrana müdaxilə etmək üçün darıxıb. Vaxt var idi, ölkənin padşahı mühüm bir qərar qəbul etmək istəyəndə İngiltərə səfirini çağırıb ondan soruşurdu ki, “bunu edim, etməyim?” Bir vaxtlar ingilislər ölkənin işlərinə bu dərəcədə müdaxilə edirdilər. Sonra da Amerika, bir müddət isə hər ikisi; bu gün həmin əllər kəsilib; bu gün inqilabın, xalqın sayıqlığının bərəkəti sayəsində bu müdaxilələrin qarşısı alınıb. İndi yenə darıxıblar, radio ilə camaata təlimat verirlər ki, filankəsə səs verin, filankəsə verməyin. Elə buna görə mən deyirəm ki, camaatımız seçkidə gözüaçıq, məlumatlı olsun, bilərək hərəkət etsin; düşmənin nə istədiyini bilsin; aydındır ki, düşmənin nə istədiyini biləndə siz onun istədiyinin əksini edəcəksiniz. Bu seçkilərin əhəmiyyəti ondadır ki, bir neçə gün əvvəl – 22 bəhməndə baş tutan yürüş kimi, bu seçki də İran xalqının oyanışının, İslam İnqilabı və İslam Respublikasının arxasında durduğunun, ölkənin suverenliyini, öz milli qürurunu müdafiə etdiyinin təcəssümüdür. Elə buna görə də mən bütün İran xalqına səslənib deyirəm ki, seçkiyə qatılın, iştirak edin, fikrinizi bildirin. Seçki önəmli bir məsələdir. Düşmənlərimiz heç nədən utanan, çəkinən deyil; başlarında da Qərb dövlətlərinə, xüsusilə də Amerikaya ağalıq edən, təhlükəli, insanlıqdan uzaq sionist şəbəkəsi durur.
İsrail rejimi yox, sionist şəbəkəsi; İsrail rejiminin özü bütöv Amerika imperializminin kiçik bir hissəsidir. Təəssüflər olsun ki, bu gün dünyanın bir nömrəli biznesmenlərindən, kapitalistlərindən ibarət, dünyanın təbliğatı, bankları əlində olan bu şəbəkə bir çox ölkələrə ağalıq edir; Amerikaya ağalıq edirlər, Amerikanın siyasətinə ağalıq edirlər, Avropa dövlətlərinin çoxuna ağalıq edirlər; onların qarşısında sayıq olmaq lazımdır. Amerikalılar onların düşündüyü, onların istədiyi kimi hərəkət edirlər.
O nüvə məsələsindən, nüvə danışıqlarından sonra – yaxşı, müəyyən məqamlar deyildi, danışıldı və bu uzun proses həyata keçdi – iki gün bundan əvvəl yenə də bir Amerika rəsmisi deyir: “Biz elə edəcəyik ki, dünyanın böyük sərmayədarları, investorları gedib İrana sərmayə qoymağa ürək etməsinlər”. Düşmənçiliyi görürsünüz?! Bax Amerika budur. Bu danışıqların baş tutmasına çalışan insanların bir məqsədi də xarici investisiya ilə ölkədə iqtisadi problemlərin həllinə nail olmaq idi – insafən, danışıqları həyata keçirmiş rəsmilər, doğrudan da, zəhmət çəkdilər, tər tökdülər, həqiqətən buna vaxt sərf etdilər çox da çalışdılar, zəhmət çəkdilər; – bu gün isə Amerika bunun qarşısını alır. İndiyə qədər bir neçə dəfə demişdilər; dünən, srağagün, 3 gün bundan əvvəl daha biri yenə də deyib ki, “elə edəcəyik, investorlar İrana sərmayə qoymağa ürək eləməsin”. Elə buna görə mən dönə-dönə deyirəm ki, Amerikaya inanmaq olmaz; buna görə deyirəm ki, bunlar etimada layiq deyil.
Amerika siyasətçiləri etiraz edir ki, nəyə görə İranda keçirilən yürüşlərdə, toplantılarda kütlə “Amerikaya ölüm!” şüarları səsləndirir? Yaxşı, siz özünüz belə edirsinizsə, daha İran xalqının nə deməyini istəyirsiniz? Keçmişiniz odur, dünəniniz odur, bugünkü davranışlarınız da göz qabağındadır. Sizin düşmənçiliyiniz heç gizli, üstüörtülü də deyil. Düzdür, özəl görüşlərdə gülümsəyir, əl uzadıb görüşür, yağlı sözlər deyir, xoş danışırlar; amma bu, özəl diplomatik görüşlərə xas olan bir şeydir; heç bir əhəmiyyəti yoxdur, dəyəri yoxdur, reallığa heç bir təsir göstərmir. Reallıq budur ki, müqavilə bağlayıblar, danışıqlar aparıblar, 2 il çək-çevir edib çənə döyüblər, məsələ tamamlanandan sonra indi deyirlər ki, “biz imkan verməyəcəyik”; xarici investorların qorxub geri çəkilməsi, yaxına gəlməməsi üçün yeni sanksiyalar qoymaq istədikləri ilə təhdid edirlər. Hələ bir bunu açıq-açığına deyirlər də! Amerika budur; belə bir düşmənin qarşısında gözünü yumub hər şeyi yaxşılığa yozmaq olmaz. Onlar əhdinə vəfasızdır, etimada layiq deyil. Əziz İran xalqı! Sizin qarşınızdakı düşmən belə bir ünsürdür; ayıq-sayıq olmaq lazımdır. Bizə yersiz başağrısı lazım deyil; bəziləri heç də deməsinlər ki, “siz elə həmişə Amerikanı düşmənçiliyə təhrik edir, məcbur edirsiniz”. Yox, Amerikanı təhrik etməyə lüzum yoxdur, Amerika elə düşməndir. Amerika bir vaxtlar İrana yiyəlik edib, inqilab gəlib və bu ölkəni onun əlindən alıb; indi də heç cür geri durmaq istəmir, təzədən ölkədə ağalıqlarını bərpa etməyə çalışırlar. Amerika budur.
Ölkənin əlacı isə xalqın sayıqlığında, əhalinin dini inancından qaynaqlanan stimulun qorunub saxlanmasında, mömin və stimullu gənclərin işə cəlb edilməsində və ölkənin daxildən gücləndirilməsindədir; yeganə yol budur. İran xalqı daxildən güclənməlidir; iqtisadiyyatı güclü olmalı, elmi güclü olmalı, administrativ orqanları güclü olmalı və bütün bunlardan daha önəmlisi, imanı günü-gündən daha da güclənməlidir. Çıxış yolu budur; İran xalqı da bu günə qədər məhz bu yolla gedib. Müəyyən düşmənlər bu inqilabı hələ nazik gövdəli bir fidan olduğu zaman kökündən qoparıb atmaq, məhv etmək istəyirdilər, amma bacarmadılar, bu gün o nazik çubuğa bənzəyən fidan irigövdəli bir ağaca çevrilib:
کَشَجَرَةٍ طَیِّبَةٍ اَصلُها ثابِتٌ وَ فَرعُها فِی السَّمآءِ * تُؤتی اُکُلَها کُلَّ حینٍ بِاِذنِ رَبِّها
“... kökü yerdə olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər”. (“İbrahim” surəsi, 24-25-ci ayələr)
Bu gün inqilab budur. Bu gün düşmən qələt edib onu yıxmaq fikrinə düşər. Xalqımız öz birliyini qorusun, bölünməzliyini qorusun, İslam İnqilabını, onun əsas prinsiplərini, ideallarını müdafiə etməkdə həmrəyliyini qorusun; bu ölkənin müqəddəratına biganə olmayan möhtərəm rəsmilər xalq üçün Allah naminə, Allahın razılığını qazanmaq xatirinə işləsinlər; daxili güc və potensiala inanıb arxalansınlar.
Əlbəttə, biz demişik ki, müqavimət iqtisadiyyatı daxildən güc alıb inkişaf edir və xarici əlaqələrə açıqdır. Mən heç vaxt deməmişəm ki, ölkənin ətrafına hasar çəkək, amma bu daxildən güc alıb inkişaf etmək məsələsini də unutmayın. Milli iqtisadiyyatımız daxildən coşub daşmasa, heç bir yerə gedib çıxa bilməyəcək. Doğrudur, iqtisadiyyat sahəsində dünya ölkələri ilə əməkdaşlıq çox yaxşıdır, amma bu, ağıllı bir əməkdaşlıq olmalı, iqtisadiyyatın daxildən inkişafını təmin etməlidir. Yolu isə budur ki, xalqımız, rəsmilərimiz möhkəm durub sayıq, məlumatlı şəkildə hərəkət etsin. Əziz gənclər! Allahın lütfü və dəstəyi sayəsində siz o günü görəcəksiniz ki, Amerika, hələ ondan da böyüyü, Amerikanın bütün müttəfiqləri İran İslam Respublikasının qarşısında heç bir qələt edə bilməyəcək.
Ya Rəbbi! Bu əziz xalqa Öz rəhmət və lütfünü nazil et. Pərvərdigara! Bu ölkədəki stimulu, imanı və böyük mənəvi şövqü günü-gündən daha da artır. Əziz qardaş və bacılar, sizə təşəkkürümü bildirirəm. Bütün Azərbaycan və Təbriz əhalisinə də salamlarımı çatdırıram; məndən də salam yetirin.
____________________________
(1) Görüşün əvvəlində vəli-fəqihin ostan üzrə nümayəndəsi Möhsün Müctəhid Şəbüstəri çıxış etmişdir.
(2) “Ənfal” surəsi, 62-ci ayədən
(3) Ali Məqamlı Rəhbər İİR Ordusu Hava və Havadan Müdafiə Qüvvələrinin zabitləri ilə 19.11.1394-cü ildə baş tutan görüş zamanı səsləndirdiyi fikirləri nəzərdə tutur.
(4) «Səhifeyi-İmam”, c. 17, səh 115.