Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
و الحمد لله ربّ العالمین و صلّی الله علی سیّدنا محمّد و آله الطّاهرین
Əziz qardaşlar! Xoş gəlmisiniz. Mən çox şadam ki, hər ilin 19 bəhmən günü siz əzizlərimlə – İİR Ordusunun Hərbi Hava Qüvvələrinin zabitləri ilə görüşmək üçün bir vasitə, bir bəhanə olur. Əlhəmdulillah, hər il Ordunun Hərbi Hava Qüvvələrinin gözəl, rəngarəng bağçasından bir dəstə gül burda iştirak edir və onlarla bir-iki kəlmə söhbət etmək fürsətimiz olur.
Bu gün çox mühüm bir əlamətdar gündür. Çünki 19 bəhmən günü o vaxtın ordusunun Hərbi Hava Qüvvələri İmamın yanına gəlib İslam İnqilabına qoşulduqlarını bildirəndə – o vaxt da onlar bir nümunə idi; xalvardan bir ovuc, bütöv bir bağçadan bir dəstə gül idi – əslində, ölkədə balans dəyişdi, ictimaiyyətin düşüncəsinə hakim olan balans tamamilə fərqli bir vəziyyət aldı. Məlum oldu ki, yüksək rütbəli zabitləri o dövrün şah sarayından asılı olan ordu ilə xalqa qarşı edilən təhdidlər əslində fantaziyadır, həqiqətəuyğun deyil; hansı ki saray özü də, onun amerikalı havadarları da bunu israrla önə çəkir, camaatı ordu ilə qorxutmağa çalışırdılar. O zaman mən bütün bu proseslərin canlı şahidi olmuşam, insanları, onlarda olan stimulu, şövqü yaxından görmüşəm; bu, bir hadisə idi və heyrətamiz bir hadisə idi. Bu hadisənin əhəmiyyətini həmişə uca tutmaq, bunu əlamətdar bir gün kimi qeyd etmək lazımdır. Məna yükü ilə dolu bu effektli hadisənin tariximizdən, zehinlərimizdən silinməsinə imkan vermək olmaz. Tarixdə baş verən mühüm, güclü təsirə malik olmuş hadisələr sırf xatirə olaraq qalmamalıdır; bunlar əslində bir ibrət dərsidir, qaranlıqda insanlara bələdçilik edən ulduzdur. Hərbi Hava Qüvvələrinin o dövrdə atdığı o addım, sanki, hazırda bu kollektivdə xidmət edən və eyni zamanda gələcəkdə də xidmət edəcək bütün hərbçilərə doğru yola bələdçilik edən bir ulduzdur. Əlhəmdulillah, HHQ o hadisədən sonra da düzgün və gözəl bir kursla irəlilədiyini göstərdi; bu, doğrudan da, belədir. Mən ordu ilə, silahlı qüvvələrlə, onların iştirakı ilə baş vermiş müxtəlif proseslərlə uzun illər boyu yaxından təmasda olmuş bir insan kimi qətiyyətlə şahidlik edə bilərəm ki, İİR-də HHQ sözün həqiqi mənasında çox parlaq fəaliyyət nümayiş etdirib: həm hərbi əməliyyatlarda, həm müdafiə sahəsində, həm daxili strukturun formalaşdırılmasında, həm də hərbi texnika və silahların tədarükündə. Artıq uzun illərdir ki, bizə kənardan heç bir şey satılmayıb – ən azından, önəmli sayıla biləcək bir şey almamışıq – buna baxmayaraq, HHQ öz ayaqları üzərində durmağı bacarıb; inşallah, bundan sonra da ayaqda qalacaq və günü-gündən daha da güclənəcək.
Məsələnin digər bir önəmli cəhəti bundan ibarətdir ki, xalqımız HHQ-nin 1356-cı ilin 19 bəhmən günü atdığı addıma dərhal cavab vermişdi. Bunun özü də bir ibrət dərsidir; yəni bəhmən ayının 21 və ya 22-si gecə HHQ-nin iqamətgahı qvardiya ordusu tərəfindən təhlükəyə məruz qalanda – hücum etmişdilər; özləri demişkən, “itaətsiz” HHQ-ni tənbeh etmək istəyirdilər – xalq HHQ-nin köməyinə tələsmişdi. Baxın, dərhal reaksiya verilir; yəni hər hansı bir hərbi strukturun xalqla birlikdə olmağı, xalqa xidmət etməyi, xalqa bağlılığı xalq tərəfindən dərhal cavablandırılır, xalq onun arxasında durur. Bir hərbi qüvvənin xalqa söykənib-söykənməməyində çox fərq var; fərqi böyükdür. O zaman HHQ atdığı addımın nəticəsini dərhal gördü.
Heç yadımdan çıxmaz, həmin gün gecə yarı – 21-i, ya 22-si gecəsi idi; biz gecələri İran küçəsində bir mənzilə gedir və səhərə qədər növbə ilə bir-bir oyaq qalıb gözləyirdik – mən eşitdim ki, İran küçəsində bir neçə nəfər camaatı Qələbə küçəsinə – qvardiya diviziyasının hücumuna məruz qalmış HHQ-yə kömək etməyə çağırır; bunu mən öz gözlərimlə görmüşəm. Yəni orda bir qrup adam HHQ-yə köməyə getmişdi, bir başqaları da şəhərin canına düşüb insanları çağırır, “Gəlin HHQ-yə kömək edin” – deyirdi; mənim olduğum bölgə İran küçəsi idi, söz yox ki, başqa yerlərə də getmişdilər. İnsanlar da köməyə tələsir, gedir, yardım edirdilər. Bu da önəmli bir məqamdır; yəni əgər siz xalqla birlikdəsinizsə, xalq da sizin arxanızda duracaq. Arxasında xalq duran bir ordunun isə düşmənlə üz-üzə gəlməkdən heç bir qorxu-ürküsü ola bilməz.
Allaha şükürlər olsun ki, bugünkü HHQ ilə o vaxtkı və inqilabdan öncəki HHQ arasında yerdən göyə qədər fərq var. Heç deməsinlər ki, inqilabdan öncə HHQ-nin ixtiyarında, nə bilim, haranın istehsalı olan, yeni təyyarələr var idi, indi isə yoxdur. Düzdür, o vaxt HHQ üzdən bərq vurub parıldayırdı, amma içi puç idi; bu gün isə, ola bilsin ki, o vaxtkı qədər gözqamaşdıran parıltısı yoxdur, amma möhkəmdir, sarsılmazdır, öz daxilindən güc alaraq inkişaf edib. Bu gün siz yalnız özünüzə arxalanırsınız. Möhtərəm komandanınızın verdiyi hesabatda da eşitdiniz, detalları özünüz düzəldirsiniz, texnikanı özünüz düzəldirsiniz, bütün maddi-texniki imkanları özünüz istehsal edirsiniz, özünüz öz məsləhət bildiyiniz kimi hərəkət edirsiniz. O vaxt isə belə deyildi. Bəli, haqq-hesab eləmədən pulu alıb sovurur, əvəzində texnikanı HHQ-yə istədikləri qiymətə satırdılar; indi hökumət rəsmiləri pulun o vaxtkı kimi haqq-hesabsız verilməsinin qarşısını alıblar. Əlbəttə, inqilabdan sonra da təzə alınmış “F 14”-ləri geri qaytarmaq istəyənlər oldu, amma Allahın köməyi ilə, imkan vermədik; istəyirdilər geri qaytarsınlar ki, HHQ-də o texnika da olmasın. Bu gün HHQ güclüdür, təşəbbüskardır, əlində olan imkanlar o vaxtkı ilə heç müqayisə oluna bilməz; və günü-gündən də daha da güclənməlidir.
Bir xalqı düşmən təhdid edirsə, hakimiyyətin vəzifəsi ilk növbədə o xalqın təhlükəsizliyini qorumaqdır. Hakimiyyətin birinci vəzifəsi ölkənin, xalqın təhlükəsizliyini qorumaqdır. Təhlükəsizlik isə müxtəlif yollarla qorunur; bunlardan biri hərbi yoldur, hərbi cəhətdən güclənməkdir. Bu gün dayanıqlı təhlükəsizliyi qarant altına ala biləcək istənilən maddi-texniki vasitə sizin ixtiyarınızda olmalıdır. Bəzilərini özümüz düzəldirik, bəzilərini alırıq, olanları da qoruyub saxlamalıyıq. HHQ günü-gündən daha da irəli getməlidir; yəni heç bir hədlə kifayətlənib qane olmamalıdır.
Çalışın dövlətlə, möhtəşəm bir selə bənzəyən xalq kütləsi ilə olan bağlılığınızı bacardıqca möhkəmləndirin; özünüz görürsünüz, xalqımız aradan 37 il keçdiyinə baxmayaraq, dövlətin, inqilabın arxasında necə durub. Silahlı qüvvələrin onunla, onun yanında olduğunu, önündə gedərək onu qoruduğunu görmək xalqı daha da həvəsləndirir, ürəkləndirir. Silahlı qüvvələr də xalqın onun arxasında olduğunu, onun tərəfini tutduğunu görəndə işə daha da həvəslənir. Bu bir neçə cümlə HHQ barədə idi.
Qarşıda bizi iki bayram gözləyir: biri 3 gündən sonra qeyd edəcəyimiz 22 bəhmən – inqilab bayramı, o biri isə seçkilər. Əslində, seçki də bir bayramdır. Bu iki bayramı əziz tutmalıyıq. Bunlar ikisi də bizim üçün dolğun məna və məzmun kəsb edən bayramlardır. İnqilab bayramı olan birinci bayrama – 22 bəhmən gününə gəlincə, ötən 37 il ərzində xalqımız həmişə bu günü əsl bayram kimi qeyd edib. Bayram deyəndə hər il təkrar olunan əlamətdar bir gün nəzərdə tutulur. [Fars dilində] “eyd” – bayram sözünün kökü də “əud” – adət etmək, vərdiş etmək, bir işi təkrar-təkrar görmək mənasındadır. Yəni müəyyən əlamətdar hadisə ilə bağlı bir günü hər il təkrar olaraq qeyd edirik; sevinclə, şadyanalıqla qeyd edirik. Bu illlər ərzində xalqımız da inqilabın qələbəsi günü kimi müəyyən olunmuş 22 bəhmən gününü hər il ardıcıl olaraq belə şadyanalıqla, qüdrət və qüvvətlə qeyd edib. Bu həm İranda, həm də bütün dünyada misilsiz olan bir təzahürdür. Yəni inqilab edən ölkələr olub, amma dünyanın heç bir yerində inqilabın ildönümü ölkənin dörd bir yanında xalq kütlələrinin belə fəal, genişmiqyaslı və möhtəşəm iştirakı şəraitində qeyd olunmayıb. Mənim bu dediklərim reallıqdır, ehtimal və ya təhlil deyil, konkret məlumatlara əsaslanır; reallıq belədir. İnqilab etmiş ölkələrdə inqilabın ildönümünü qeyd edirlər: bir qrup adam çıxıb tribunada durur, o birilər də gəlib onların önündə parad keçirir, bu da olur inqilabın ildönümü; camaat da hərə öz işi ilə məşğuldur. Bizim ölkəmizdə isə inqilabın ildönümü əsasən elə xalq tərəfindən qeyd olunur, əziz tutulur, qorunur. Məhz xalq soyuq havada, yağışda-qarda, yolların sürüşkən olduğuna baxmayaraq, hər cür çətin iqlim şəraitində bu meydana gəlir və özünü göstərir; xalqın iştirakı var. Bu, bitməyəcək bir silsilədir. Bu il 22 bəhməndə iştirak edən insanların, bəlkə də, yarısı heç 1357-ci ilin 22 bəhmənini görməyib, buna heç yaşları da çatmır; 1357-ci ilin 22 bəhmənindən sonra dünyaya gəliblər, amma yenə də iştirak edirlər. Əslində bu, inqilabın yenidən həyata keçirilməsi deməkdir. Çünki bizim inqilabımız top-tüfənglə, bu kimi şeylərlə həyata keçirilən bir inqilab deyildi, insanların küçələrdə öz fiziki varlığı ilə iştirak edərək həyata keçirdikləri bir inqilab idi. İnsanlar nəinki təkcə istək və arzuları, iradələri, hiss və emosiyaları ilə, həm də cismi, fiziki varlığı ilə meydanlarda idi. Çətin idi də; qarşılarında silah var idi, ölüm var idi, cürbəcür təhlükələr var idi; bütün bu təhlükələrə qatlaşıb küçələrə çıxmışdılar. Bu polad kimi əyilməz iradənin möhkəmliyi ölkədə heç bir dayağı olmayan, xaricdən asılı, çürük Pəhləvi rejiminin kökünü kəsdi; yəni xalqın iradəsi, əzmi, sevgisi və mənəvi dayağı ilə yanaşı, küçələrdə, proseslərdə fiziki varlığı; bunlar xalqın iştirakının nişanəsidir. Xalqımız ötən 37 il ərzində bu iştirakı qoruyub, Allahın köməyi ilə, bu il də görəcəksiniz ki, camaatımız küçə və meydanlarda düşmənin belini qıran, gözqamaşdıran bir şəkildə iştirak edəcək.
Bu xatirənin köhnəlməsinə imkan vermək olmaz; bu böyük, möhtəşəm hadisənin yaddaşlardan silinməsinə imkan verilməməlidir. İnqilab bu gün də var, davam edir, biz hələ bu yolun yarısındayıq. Əzizlərim! Baxın, inqilab birdəfəyə baş verən bir hadisə deyil. İnqilab bir dəyişiklikdir, dəyişikliklər isə tədricən həyata keçir. Bəli, əvvəlcə inqilabi hərəkat olmalıdır, inqilabi quruluş təşkil olunmalıdır, amma bu inqilab öz əsaslarını möhkəmlədib hədəflərini reallaşdırmayınca hələ davam etməkdədir; bunlar tədricən, zaman ötdükcə baş verir. O hədəflər unudular, o hadisə yaddan çıxarsa, üzdə inqilab etmiş ölkələrin əksəriyyətində gördüyümüz vəziyyət olar. Bəzi inqilablar var ki, elə beşiyindəcə boğulub – elə bizim öz dövrümüzdə, son bir neçə ildə baş vermiş inqilablar kimi; onlar, doğrudan da, beşiyindəcə boğuldu – bəziləri isə dünyaya gələndən sonra gənc ikən məhv edilib. Səbəb isə az öncə dediyimdir; səbəb elan olunmuş hədəflərdən yayınmaqdır. O hədəflər qorunmalıdır; sosial ədalət, islami həyat tərzinin sözün əsl mənasında gerçəkləşməsi (hansı ki dünya və axirətdə başıucalıq məhz islami həyat tərzindədir), elm, ədalət, əxlaq, heysiyyət və inkişafın paralel surətdə mövcud olduğu bir müsəlman toplumunun formalaşdırılması – hədəf bunlardır. Biz hələ ki bu hədəflərə çatmamışıq, yarıyoldayıq.
İnqilab hadisəsi, onun mahiyyəti daim bizim qəlblərimizdə və zehnimizdə yaşamalıdır; qalmalıdır. Yeri gəlmişkən, elə düşmən cəbhəsi də daha çox bu məqama önəm verir. Xarici xəbərlərdə özünüz görürsünüz, hansısa Amerika rəsmisi deyir ki, “biz İslam Respublikasının öz hakim rejimini dəyişməsini istəmirik, davranışını dəyişməsini istəyirik”; belə deyirlər də, eşitmiş olarsınız. “Davranışın dəyişməyi” deyəndə onlar bax elə bunu nəzərdə tuturlar. Demək istəyirlər ki, indiyə qədər İslam Respublikası inqilaba uyğun davranıb, inqilabi yanaşma əsasında davranıb, inqilaba xidmət edib, bunu dəyişmək istəyirik. Bir neçə ay bundan əvvəl mən öz diplomatlarımızla görüşdə(2) də dedim ki, İslam Respublikasının adı bunları bir o qədər də qorxutmur; heç İslam Respublikasının başında əmmaməli bir prezidentin durmağı da. İslam Respublikası öz mahiyyətini, islamçılığını, inqilabi ideologiyasını itirsə, bunlar onunla çox yaxşı dil taparlar. Onların düşmənçiliyi İslam Respublikasının mahiyyəti ilədir; düşmən cəbhəsi belədir. Bütün səyləri İslam Respublikasının dini-ilahi hədəflərə, ona qüdrət və heysiyyət qazandıran hədəflərə doğru irəliləyişini yox etməyə yönəlib; bu ölkədə öz ağalığını yenidən bərpa etmək niyyətindədir.
Biz uzun illər boyu düşmənin ağalığı altında yaşamışıq; hər dövrdə bir cür; Qacar dövründə bir cür, Pəhləvi dövründə bir cür. Qacar dövründə iki düşmənin ağalığı altında idik: İngiltərə və o dövrün Rusiyası. O vaxt hələ Sovet İttifaqı da yox idi. Biri bir imtiyaz əldə edirdi, o biri gəlib deyirdi ki, ona imtiyaz vermisiniz, mənə də verin; bu da imtiyaz alırdı. Ölkədə iki böyük dövlət arasında hansısa imtiyazlar əldə etmək uğrunda yarış gedirdi. Ölkədə hakimiyyətdə olan o şərəfsizlər də xalqı və onun hədəflərini bunlara qurban etmişdilər. O vaxt İranın əhalisi heç 15-20 milyondan artıq deyildi; bu xalqın hər şeyini onlar qurban verdilər. Onların vaxtında bu cür, Pəhləvi hakimiyyəti dövründə də bir başqa cür; əlbəttə ki, daha betər bir formada; yəni onların hədəflərinə xidmət etdilər, ölkəni onlar üçün açıb ortaya qoydular. İran və İslam mədəniyyəti xalqı müqavimətə təşviq edə biləcəyinə görə bu mədəniyyəti dəyişdilər. Tənbəki olayında xarici şirkətin ağzından vurmağa müvəffəq olmuş o ruhiyyəni, məşrutə məsələsində xalqı meydana çəkib gətirə bilmiş o stimulu Pəhləvi dövründə məhv etməyə çalışdılar; büyün səylərini buna yönəltmişdilər. Rza xan və Məhəmmədrza da onlara xidmət edirdi, istədiklərini həyata keçirirdilər. Əlbəttə, özlərinin də bir ideologiyası yox idi, əqidəsiz adamlar idi, amma onlar nə tapşırıq verirdilərsə, yerinə yetirirdilər. Uzun illər boyu ölkəmizdə vəziyyət bu cür olub.
Bu ölkə öz müsəlman mayası, İran insanının istedadı, İran toplumunun qonşuluqda və dünyada yaşayan bir çox toplumlarda rast gəlinməyən spesifik üstünlükləri, dahi İmam Xomeyni kimi müstəsna və qeyri-adi bir liderin önə çıxması sayəsində bu qədər təzyiqlərin yükü altından xilas olmağı, öz sözünü deməyi, öz işini həyata keçirməyi, öz addımını atmağı bacarıb. Bax bunu yox etmək istəyirlər; bu gün düşmən cəbhəsinin niyyəti budur.
Düzdür, bu gün düşmən hərdən hay-küy salıb İrana qarşı hərbi əməliyyatlardan da danışır – ola da bilər; biz bunu çox zəif ehtimal hesab etsək də, qeyri-mümkün hesab etmirik – amma hazırda onun əsas fəaliyyəti yumşaq müharibəyə yönəlib. Yumşaq müharibənin məqsədi isə bir ölkədən ona qüdrət qazandıran amilləri almaq, ölkəni həmin amillərdən məhrum etməkdir. İslam Respublikası və İran xalqından onları qüdrətli edən amilləri alıb xalqımızı zəif, zəlil, itaətkar bir xalqa çevirmək istəyirlər; məqsədləri budur. Bir xalqı itaətkar hala gətirəndən sonra isə artıq odlu-alovlu müharibələrə heç ehtiyac da qalmır. O zaman lap birdən lazım gəlsə də, heç bir narahatlıq keçirmədən müharibəyə başlaya bilərlər; halbuki indi buna cürət etmirlər. Allah eləməmiş, bir gün İran xalqı zəifləyəndən, onu qüdrətli edən amilləri əldən verəndən sonra bu iş onlar üçün çox asan olacaq. İnqilabın şüurlarda yenidən dirçəldilməsi, əməldə, sözdə, davranışlarda, verilən qərarlarda, qəbul edilən qanunlarda inqilabi məfkurənin, inqilabi tendensiyanın göz bəbəyi kimi qorunması – bax bunlar o dəhşətli vəziyyətin yaranmasının qarşısını ala, xalqı öz möhkəm və dəyişməz kursu ilə irəli apara bilər. İnqilab bayramı barədə bu qədər. İnşallah, Allahın köməyi ilə, 22 bəhmən günü xalqımız küçələrdə, müxtəlif arenalarda düşməni məyus edəcək bir şəkildə iştirak edəcək. İndi isə seçki bayramı barədə; seçki də bir bayramdır.
Mən bundan qabaq seçki barədə bir qədər danışmışam, bu mövzuda deyiləsi sözlər də çoxdur. İslam Respublikası üçün seçkilər sanki canlı bir orqanizmə köçürülən təzə qan kimidir; xalqın gücünü, qüvvəsini təzələyir. Hakimiyyətdə zaman-zaman müəyyən qruplar iş başına gəlir, müəyyən işlər görür; görüləsi işlərdən bir hissəsini həyata keçirə bilir, bir hissəsini həyata keçirməyə müvəffəq olmur, bəziləri işləyə bilir, bəziləri işləyə bilmir. Xalqa belə bir hüquq verilib ki, müəyyən olunmuş mərhələdən sonra – parlament, prezident və sair üçün 4 il, Xubrian Məclisi üçün bundan bir qədər artıq vaxt keçdikdən sonra – gəlib hansı vəzifənin kimə həvalə olunacağı, kimin gedəcəyi barədə qərar versin. Seçkinin mənası budur; ölkəyə, xalqa, əhaliyə yeni ruh, yeni nəfəs bəxş etmək, damarlarına təzə qan axıtmaqdır; seçki budur. Elə buna görə də mən seçkilərdə hamının iştirak etməsi üzərində bu qədər israrla dururam. Seçkilərə kütləvi surətdə hamı qatılanda ölkə nüfuz qazanır, İslam Respublikası nüfuz əldə edir, ölkə sığortalanır, İslam Respublikası sığortalanır. Seçkilər o ali ideallara yenidən beyət etmək, ehtiram və sadiqlik ifadə etmək deməkdir; seçkinin mənası budur. Odur ki bu böyük hadisədə iştirak etmək hər bir kəsin vacib vəzifəsidir.
İnqilabın əvvəlindən bu günə qədər başda Amerika olmaqla düşmən cəbhəsinin daimi hədəflərindən biri də xalqla dövlət arasında təhlükəli bir qütbləşmə yaratmaq olmuşdur; hansı ki bu, İslam Respublikasının əsaslarına – yəni xalqla dövlət arasında sıx bağlılıq prinsipinə tamamilə ziddir. Onlar həmişə xalqla dövlət arasında belə bir uçurum yaratmaq istəyiblər; əlbəttə ki, buna müvəffəq ola bilməyiblər. Bu işdə düşmənin ümidini qıran amillərdən biri də seçkilərdir; yəni seçkilər xalqla dövlət arasındakı sıx bağlılığı nümayiş etdirir və düşmənin böyük maraq göstərdiyi o qütbləşməni tamamilə yox edir. Buna əsasən, seçkilər
اِن تَنصُرُوا الله
ayəsinin real nümunəsidir.
Quran deyir:
اِن تَنصُرُوا اللهَ یَنصُرکُم
“Siz Allaha kömək etsəniz, Allah-taala da sizə kömək edəcək”.(3) Allah-taalaya kömək etmək nədir? Necə olur? Allah-taalaya kömək etmək Onun şəri qanunlarda əksini tapan iradəsinin yer üzündə reallaşmasına çalışmaqdır. İslam Respublikası bu köməyin ən böyük nümunəsidir. İslam Respublikasına bu və ya digər şəkildə kömək edən hər kəs Allaha kömək etmişdir. O zaman onun bu hərəkətinin cavabı nə olur? یَنصُرکُم – Allah-taala da sizə kömək edir. Məgər belə olmayıbmı? Allah-taala bu köməyin cavabını inqilabın elə ilk günlərindən verməyibmi? Sınaqlar olmayıbmı? İnqilabın əvvəlindən bu günə qədər bizimlə kimlər qarşı-qarşıya gəlib? Qoy hər kəs bu mövzuya, doğrudan da, bir diqqətlə yanaşsın; əlbəttə ki, mütəfəkkirlər, mütəxəssislər bunu edir. İnqilabın əvvəlindən dünyanın bir nömrəli maddi gücləri İslam Respublikası ilə kəllə-kəlləyə gəlib, amma heç bir şey edə bilməyib. Bu, inqilablar üçün səciyyəvi bir haldır ki, hansı ölkədə inqilab baş versə, orada bir müddət qarışıqlıq, nizamsızlıq yaşanır. Bunlar ölkədə qarışıqlıq yaşanan o ilk günlərdə ölkəni bölməyə çalışdılar; çevriliş etməyə cəhd göstərdilər, amma olmadı. Bu ölkəni məcburən müharibəyə təhrik etdilər və 8 il müharibə aparmağa vadar etdilər. Elə ilk günlərdən sanksiyalar tətbiq etdilər; bu gün gördüyünüz sanksiyalar əvvəlkilərin davamıdır və əlbəttə ki, günü-gündən daha da şiddətləndiriblər. Yaxşı, bütün bunlara hansı ölkə dözə bilərdi? Bu qədər təhdid qarşısında hansı ölkə müqavimət göstərə bilərdi? İslam Respublikası və İran İslam dövləti isə duruş gətirdi, müqavimət göstərdi, özünü nəinki təkcə qorudu, həm də gücləndirdi. Bu gün İslam Respublikasının güc-qüdrəti ilk günlərdəki ilə müqayisə oluna bilməz; regional, müəyyən məsələlərdə isə qlobal əhəmiyyətli bir gücdür; sizin ölkəniz müəyyən məsələlərdə qlobal miqyasda əhəmiyyət daşıyır, dünyanın böyük dövlətləri sırasındadır. Bəzi qlobal məsələlərdə rəyi, mövqeyi dünyanın birinci dərəcəli dövlətlərindən daha effektlidir; bu gün vəziyət bu cürdür, İran belə bir gücə çevrilib. Yəni Allahın köməyi gəlib; sizin Allaha etdiyiniz kömək ardınca Allahın köməyini gətirib, Allah-taala sizə Öz yardımını edib. Allah-taala kömək etməsəydi, bunlar olmazdı. Allaha edilən bu köməyi davam etdirmək lazımdır. Əhalinin seçkidə iştirakı da bu köməyin nümunələrindən biridir.
Əlbəttə ki, mənim seçki barədə danışası sözüm çoxdur. Bu günlərdə ictimaiyyətdə təşviş yaradan, insanların qəlbinə şübhə toxumu səpən bəzi fikirlər də səsləndirilir, bəzi söz-söhbətlər gəzir; bunlar yanlış, layiq olmayan, məsələlərə Allahı nəzərə almadan, sırf siyasi nöqteyi-nəzərdən yanaşmaqdan irəli gələn söz-söhbətlərdir; bu günlərdə bəzən belə şeyləri eşidirik. Amma mən hazırda o mövzulara girmək, həmin söz-söhbətlərə münasibət bildirmək istəmirəm. Mənim demək istədiyim budur: xalqımız bilməlidir ki, onun nüfuzu, başucalığı, iftixarı, düşmən cəbhəsi qarşısında müqaviməti öhdəsinə düşən inqilabi vəzifəni layiqincə yerinə yetirməyindən asılıdır, həmin vəzifələr içərisində ən əhəmiyyətli olanlarından biri isə seçkilərdir. Üzümü xalqımıza tutub demək istədiyim budur. Seçki ilə bağlı rəsmilərimizə də bir müraciətim var. Bəli, rəsmilər, dövlət rəsmilərimiz, doğrudan da, çox zəhmət çəkirlər, çalışırlar. Həm seçkinin keçirilməsi üçün, həm də digər məsələlər üzərində işləyir, zəhmət çəkirlər. Demək istədiyim budur ki, qəzet-təbliğat xarakterli məsələlər rəsmiləri əsas, davamlı, ardı gələn məsələlərdən yayındırmasın. Seçki çox əhəmiyyətli bir məsələdir; qeyd etdiyim və qeyd edəcəyim kimi, son dərəcə əhəmiyyətlidir, amma seçki yalnız müəyyən mərhələyə aid olan, müvəqqəti bir məsələdir, bu mərhələ sona çatır, ortada qalan isə ölkənin əsas məsələləri olur. Həmin məsələlərdən biri də ölkə iqtisadiyyatıdır; düşmənin iqtisadiyyat vasitəsilə ölkəyə təzyiq göstərə bilməməsi, öz iradə və istəklərini diktə edə bilməməsi üçün kompleks tədbirlər yolu ilə ölkəyə iqtisadiyyat sferasında müqavimət qabiliyyəti qazandırmaqdır. Əgər biz neftdən asılı olmasaq, öz daxili istehsalımızı gücləndirsək, neftin qiyməti yüz dollardan iyirmi neçə dollara düşəndə əl-ayağımız əsməz. Əgər biz daxili istehsalı rövnəqləndirə bilsək, durğunluğu aradan qaldırsaq, düşmən hansısa məhsulun idxalını məhdudlaşdıranda, ona qadağa qoyanda qaşqabağımızı töküb kefimizi pozmarıq. Daxili iqtisadiyyatı gücləndirmək lazımdır. Ölkəmiz böyük bir ölkədir; biz 4 mövsümü yaşayan, böyük bir ölkəyik, ölkəmizin zəngin potensialı var və ən önəmli potensialımız da insan kapitalımızdır; istedadlı, effektli, gənc, stimullu insan kapitalı. Dünya ölkələri arasında ali təhsilli insanların sayına görə ən yüksək göstəricilərdən biri bizə aiddir; mütəxəssislərin sayına görə ən yüksək yerlərdən biri bizimdir; bir çox elm sahələrində dünyanın öndə gedən 5-6 ölkəsi sırasındayıq. Bu insan potensialı balaca bir şey deyil, bir ölkənin inkişafı üçün ən yüksək resursdur. Deməli, bu geniş ərazili məmləkət, bu fəsil dəyişikliyi, ölkənin ayrı-ayrı bölgələrindəki bu iqlim müxtəlifliyi, ölkədə mövcud olan bu böyük resurslar – bütün bunlar bizə öz iqtisadiyyatımızı dayanıqlı vəziyyətə gətirmək qabiliyyəti qazandıran imkanlardır. Siz öz iqtisadiyyatınıza daxildən müqavimət gücü versəniz, başqaları sizə sanksiyalar tətbiq etmək əvəzinə, gəlib sizə minnətçi olacaqlar; sizin iqtisadi sanksiyalardan, iqtisadi qadağalardan heç kefinizi də pozmadığınızı, geri çəkilmədiyinizi, məğlubiyyəti qəbul etməyə məcbur olmadığınızı görəndə daha qələt edib sizə sanksiya qoymayacaqlar. Başa düşəcəklər ki, bunun heç bir faydası yoxdur. Əsas məsələ budur. Elə buna görə də mən dönə-dönə “müqavimət iqtisadiyyatı” deyib dururam. Mən hələ 10-12 il bundan öncədən yüksək səslə deyirəm ki, əgər biz ölkə iqtisadiyyatına daxildən müqavimət gücü qazandırsaq, düşməndən qaynaqlanan çətinliklərin böyük bir hissəsi aradan qalxacaq, gənclərimiz üçün, işsizlərimiz üçün, işsizlikdən və durğunluqdan irəli gələn bir çox sosial problemlərin aradan qaldırılması üçün konkret həll yolları tapılacaq.
Mənim möhtərəm ölkə rəsmilərimizə tövsiyəm bundan ibarətdir ki, seçki ilə bağlı mətbuatda yer alan qalmaqallar onların başını qatmasın, onları məşğul etməsin; iqtisadiyyat haqda düşünsünlər. Resursları lazım olan səmtə – yəni istehsala istiqamətləndirsinlər; istər sənaye istehsalı olsun, istərsə də kənd təsərrüfatı. Bu böyüklükdə, bu möhtəşəmlikdə, bu qədər növbənöv, çeşidbəçeşid məhsulları olan bir ölkədə insan xaricdən idxal olunmuş meyvələri görəndə – indi mən qəzetlərdə görürəm, siz isə küçə-bazarda – xəcalət çəkir! Öz potağalımız, almamız ağacda qalır, biz gedib xaricdən meyvə gətirək?! Bunları düşünmək, bunların üzərində işləmək lazımdır. Ölkəni daha artıq asılılığa, idxala yox, daxili istehsala yönəltsinlər. Yoxsa ortaya seçki kimi bir məsələ çıxan kimi hamının diqqəti dağıla, hamı başını ona qata, belə olmaz. Seçki ötəri bir məsələdir; onun haqqında kim düşünməlidirsə düşünür, kim nə etməlidirsə edir. Ölkə rəsmiləri beyinlərini bu şeylərlə məşğul etməsinlər. Mən bunu əziz xalqımıza da, möhtərəm rəsmilərimizə də deyirəm: biz bütün siyasətlərimizdə, bütün davranışlarımızda qarşımızda geniş bir düşmən cəbhəsinin olduğunu nəzərə almalıyıq; bütün diqqətimizi buna yönəltməliyik. Xalq düşmənin varlığını nəzərdən qaçıran heç bir şəxsi, heç bir strukturu təqdir etməz, “Bunların hamı ilə arası yaxşıdır” –deyə alqışlamaz. Düşmən üzünə gülümsəyir, sən də gülümsəyirsən, olsun, amma diqqətli ol, bax gör o gülüşün arxasında nə var! Düşmənçilikləri unutmaq, düşməni yaddan çıxarmaq olmaz. Bizim qarşımızda bir düşmən cəbhəsi var. Bu gün biz təhlükəsizlik məsələmizdə, iqtisadiyyat məsələmizdə, məişətimizdə, mədəniyyətimizdə, gənclərin məsələsində, sosial problemlərdə bu düşmənin rolunun nədən ibarət olduğuna baxmalı, bütün sferalarda buna əsasən siyasət yürütməli, qanunvericiliyimizi bu əsaslar üzərində qurmalı, hər bir davranışımızda və danışığımızda bunu əsas götürməliyik. Düşməndən bixəbər olmaq başucalığı gətirən bir şey deyil; bilməliyik ki, düşmən var. Bəziləri etiraz edir ki, “niyə durmadan “düşmən, düşmən” deyirsiniz?”; yaxşı, axı deməsək, düşmənimiz olduğu yadımızdan çıxar, onda da düşmən gəlib biz dünyadan bixəbər ikən istədiyini edər.
Həm düşməni tanımaq lazımdır, həm onun düşmənçiliklərinə bələd olmaq lazımdır, həm də Sədi demişkən – Sədinin təxminən bu mövzuda bir beyti var: düşmənin əlindən heç nə gəlməyəndə özünü dost kimi göstərər, düşmən özünü dost kimi göstərəndə isə heç bir düşmənin edə bilməyəcəyi işləri görər(4) – yəni düşmənin dost cildinə girib vura biləcəyi zərbələrdən ehtiyatlı olmaq lazımdır. Biz hamımız bu şeylərə diqqət yetirməliyik. Düzdür, əlhəmdulillah, ölkə rəsmilərimiz çox yaxşı işləyir, insafla demək lazımdır ki, çalışır, əllərindən gələni edirlər, intəhası daha da diqqətli və ehtiyatlı olmaq lazımdır. Çünki bu, yaramaz, üzlü və həyasız bir düşməndir.
Bu gün Amerika dünya ictimaiyyətinin ən elementar suallarını belə cavablandırmır. Dünya ictimaiyyəti Amerikaya sual verir ki, sizin bir ölkənin artıq 10-11 aydır Yəməni bombaladığından, şəhərləri məhv etdiyindən xəbəriniz var? Bu barədə məlumatınız var, ya yox? Əgər məlumatınız varsa, nəyə görə onu müdafiə edirsiniz? Əgər məlumatınız varsa, nəyə görə etiraz etmirsiniz? Əgər bilir və bunu cinayət hesab edirsinizsə, nəyə görə yanacaq daşıyan təyyarələriniz onlara kömək edir? Nə üçün kömək edirsiniz? Nə üçün dəstəkləyirsiniz? Siz ki insan haqlarından dəm vurursunuz, buyurun, cavab verin. Minlərlə dinc əhalinin, minlərlə uşaq və qadının, evlərdə, xəstəxanalarda, məktəblərdə, tamamilə müdafiəsiz vəziyyətdə qətlə yetirilməyi terror deyilmi? Bu, dövlət terrorunun ən həyasız və qəddar bir forması deyilmi? Bunu nə üçün himayə edirsiniz? Amerikalılar bu suallara cavab vermirlər; saf-saf dünya ictimaiyyətinin gözünün içinə baxıb insan haqlarının tərəfdarı olduqlarını iddia edirlər. Hələ bu Yəməndir; son bir ilin məsələsidir; o tərəfdən 60-65 ildir ki davam edən Fələstin məsələsi var. Görürsünüz ki, Fələstin xalqına nələr edirlər, evlərini necə xaraba qoyurlar, əkin yerlərini məhv edirlər, yaşayış məskənləri salıb silah gücünə yəhudiləri orda necə məskunlaşdırır, silahla da saxlayırlar. Bunları görürsünüz, bəs nə üçün onları müdafiə edirsiniz? Nə üçün pul verirsiniz? Nəyə görə Amerikadakı, öz təbirinizcə desəm, yəhudi lobbisi qarşısında həmişə çəkinir, yaltaqlıq edirsiniz? Nə üçün? Bunlar dünya ictimaiyyətinin ən sadə suallarıdır. Bunlardan bir kəlməsinə də cavab vermirlər. Sonra da dostluq iddiası edirlər, insan haqlarının tərəfdarı olduqlarını deyirlər, demokratiya iddiası edirlər. Regionumuzda Amerikanın müttəfiqi olan ölkələrdə seçkinin heç adını da çəkmək olmur, seçki adlı bir şeydən heç xəbərləri də yoxdur, ümumiyyətlə seçkinin nə olduğunu anlamırlar, demokratiyanın tərəfdarı olan Amerika isə onlarla qardaşlıq müqaviləsi bağlayıb; özü də necə! Əlbəttə ki, onları hər cür müdafiə də edir. Bizim düşmənimiz belə bir düşməndir; Amerika belə bir varlıqdır. Əlbəttə, mən dəfələrlə qeyd etmişəm ki, bunları deyərkən biz Amerikada hakimiyyətdə olan administrasiyanı, Amerika hökumətini nəzərdə tuturuq, Amerika xalqı ilə heç bir işimiz yoxdur. Amerika hökuməti belə bir hökumətdir. Ən xoşagəlməz işləri həyasızcasına görür, sonra da dünya ictimaiyyətinin üzünə gülür, heç o suallarına da cavab vermir! Yaxşı, əgər doğrudan da veriləcək bir cavabları varsa, qoy dünya ictimaiyyətinə cavab versinlər. Qarşısında belə bir düşməni olan ölkə həmişə diqqətli olmalıdır; İran xalqı diqqətini toplamalıdır. Allahın köməyi ilə, xalqımız həmişə diqqətlidir və diqqətli olub. Elə xalqın bu möhtəşəm hərəkatı da indiyə qədər bu hiyləgər, qədar və yaramaz düşmənin məkrli planlarını puça çıxara bilib və Allahın köməyi ilə, bundan sonra da bu düşməni xar edəcək.
Əzizlərim! Daşıdığınız vəzifə məsuliyyətinin qədrini bilin, gəncliyinizin qədrini bilin. Siz gəncsiniz, həvəslisiniz, vəzifəniz də var, işləyə bilərsiniz; belə bir atmosferdə, belə bir mühitdə işləmək ibadətdir. Allah naminə, saf niyyətlə, ölkəmizi, ordumuzu və Hərbi Hava Qüvvələrimizi bu hədəflərə doğru irəli aparmaq üçün işləyin. Nə qədər çox işləsəniz, Allah-taala da ömrünüzə və zəhmətinizə bir o qədər çox bərəkət verəcək.
Ümidvaram ki, inşallah, İmam Xomeyninin (r.ə) pak ruhu, şəhidlərimizin, xüsusilə də İİR Ordusu HHQ-nin sıralarından şəhid olmuş hərbçilərin pak ruhları sizin və bizim hamımızdan razı qalacaq.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
___________________________
(1) Görüşün əvvəlində İİR Ordusu HHQ-nin baş komandanı briqada generalı Həsən Şahsəfi məruzə ilə çıxış etmişdir.
(2) Xarici İşlər Naziri, nazirliyin və İranın xaricdəki nümayəndəliklərinin əməkdaşları ilə 10.08.1394-cü ildə baş tutan görüş nəzərdə tutulur.
(3) “Muhəmməd” surəsi, 7-ci ayədən.
(4) Sədi, “Gülüstan”, 8-ci bab.