Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ölkənin şəhid idmançılarına həsr olunmuş konfransın təşkilat şurası ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

Əziz idmançılar, qardaş və bacılar, əvvəla, sizə sonsuz təşəkkürümü bildirirəm ki, ölkəmizin böyük şəhidlər ordusu içərisindən şəhid idmançıları seçib ayırmaq, onları cəmiyyətə tanıtmaq, insanlara Allah, din və inqilab yolunda fədakarlıq etməyin, canından keçməyin və ya əlil olmağın ictimaiyyətin yalnız bir təbəqəsinə aid olmadığını başa salmaq ideyası ağlınıza gəlib. Bu böyük və mənəvi marafonda

سابِقوا الی مَغفِرَةٍ مِن رَبِّکُم

“Rəbbiniz tərəfindən bağışlanmağa ... nail olmaq üçün bir-birinizi ötüb keçməyə çalışın”. (“Hədid” surəsi, 21-ci ayədən)

– Allahın rəhmət və bağışlama mükafatı üçün olan bu yarışda ölkəmizin əhalisinin bütün təbəqələri iştirak edib. Məncə, şəhid idmançıları ictimaiyyətə tanıtmaq çox maraqlı bir işdir, maraqlı bir təşəbbüsdür. Elə başqaları kimi, mən də bilmirdim ki, 5 min şəhid idmançımız var, yaxud elə bu yaxınlarda Əhli-Beytin (ə) rəhbərliyini, Əhli-Beytin hərəmini müdafiə edərək şəhid olmuş insanlar arasında idmançılar, çempionlar olub; bütün bunlar çox dəyərlidir. Gördüyünüz bu işlə siz ölkədə inqilabi ruhiyyəni gücləndirirsiniz, inqilabi ideyaları yüksəldirsiniz. Bəli, siz  çox düz buyurdunuz ki,(2) gənc idmançılar əslində, təbii olaraq, gənclərin böyük bir qismi üçün örnəkdir, onların əxlaqı, davranışı, necə yaşaması, həyat tərzi gənclərə təsir göstərə bilər. Gənc bir idmançının cəmiyyətin diqqət mərkəzində olan bir şəxsiyyət kimi, malik olduğu nüfuz və təsir imkanından istifadə edərək insanları dinə, əxlaqa, mənəviyyata sövq edə bilməsi olduqca əhəmiyyətlidir.

İnqilabın əvvəllərində İmam Xomeyni (r.ə) idmançıları camaatımız üçün tamamilə anlaşıqlı, doğma bir ifadə ilə, yüksək dəyərləndirərək, hörmətlə “pəhləvan” adlandırmışdı;(3)  mən onun bu sözünü ürəyimdə həmişə çox yüksək qiymətləndirmişəm, çox bəyənmişəm. Bizim xalqımızın gözündə, deyimində, duyumunda pəhləvanlıq həmişə xüsusi imtiyaza malik bir ləqəb olmuşdur. İmam idmançılar haqda “pəhləvan” sözünü işlətmişdi; çox gözəl bir sözdür.

Bəli, sevindirici haldır ki, bu illər ərzində idmançılarımız idman sahəsində çox müsbət və diqqətəlayiq işlər görüblər; demək istəməzdim ki, hamısı belədir, amma idmançılar arasında bizim üçün qürur, iftixar mənbəyi olanlar olub. Amma iftixar təkcə bu deyil ki, milli himnimiz oxuna; əlbəttə, bu da yaxşıdır, iftixardır, diqqətəlayiq bir şeydir, amma bundan da böyük iftixar odur ki, misal üçün, güləşçilərimizdən biri israilli rəqibi ilə güləşməkdən imtina edir; bu, çox böyük bir şeydir; yaxud qadın idmançılarımızdan biri(4)  çadra ilə gəlib şərəf pyedestalı üzərində durur; bu, çox önəmlidir. Baxın, maddiyyatçı dünyanın sual, qınaq dolu baxışları qarşısında bu işi görməyə hər adamın gücü çatarmı? O dünya ki, qadına hökmən soyunmağı fəxr bilir; kişilər təpədən dırnağa geyinib, qadınlar, mütləq, soyunmalıdır; yəni bədənlərinin hansısa hissəsi, mütləq, açıq olmalı, görünməlidir. Tamamilə yanlış, paradoksal, riyakar, siyasi oyunlara xidmət edən bir yanaşmadır. Belə bir dünyada çadralı, yaxud İslam dininə tamamilə uyğun bir şəkildə geyinib örtünmüş bir xanım gəlib o pyedestal üzərində durur, çempionluq mükafatını alır – bu, çox önəmlidir; bayrağın göyə ucalmasından da əhəmiyyətlidir, müsəlman-iranlı ruhiyyəsinin nə qədər güclü olduğunu göstərir, bu onu göstərir ki, həmin idmançı başqalarının qorxduğu, çəkindiyi müəyyən fikirlər qarşısında sınmır, məğlub olmur. Bir xalqın kimliyini, xəmirinin, mayasının nə qədər möhkəm, mübariz olduğunu bu cür anlamaq olar; bunlar çox dəyərlidir. Allaha-şükür ki, bizdə bu var; mən güləşçilərimizdən misal çəkdim, amma volleybolçularda da, başqa idman növlərində də sionist rəqibindən imtina etdiyinə görə yarışda geri düşmüş idmançılarımız olub; bu səbəbdən məğlub olmağı qəbul ediblər; amma dünya da onları alqışlayıb. Bu eynilə döyüş meydanına yollanmağa bənzəyir; yəni orda müşahidə olunan güclü ruhiyyə və xarakteri burda da müşahidə etmək olur. Bunlar çox dəyərlidir. Siz elə etməlisiniz ki, inşallah, ölkəmizdə idman atmosferi bu cür olsun. Bizdə bunun əksi də olub; idmanımızda tamam başqa cür bir atmosfer də görmüşük, eşitmişik, xəbəri gəlib çatıb. Elə edin ki, inşallah, idmanımızın ab-havası bu istiqamətə yönəlsin. Əlbəttə ki, sizin gördüyünüz bu iş, şəhid idmançıların xatirəsinin anılması təşəbbüsü çox müsbət bir addımdır. Bu, çox yaxşı bir təşəbbüsdür, qeyd etdiyimiz bir neçə məqam da olduqca önəmlidir.

Mən mükafatlandırma mərasimi zamanı milyardlarla insanın gözü önündə açıq şəkildə dəyərlərimizi müdafiə edən çempion idmançılardan danışdım; onlara milyardlar baxdığına görə belə davranışlar çox önəmlidir, dəyərlidir. Belə idmançıların da qədrini bilin, onları yüksək dəyərləndirin. Qoy önəm verilən işlərdən biri də idman arenalarında bu cür davranışlar sərgiləyən, Allahın adını tutan, rəqibinin kürəyini yerə vurandan sonra səcdə edən idmançıların yüksək qiymətləndirilməsi olsun. Bütün bunlar çox əhəmiyyətlidir, simvolik məna daşıyır, müsəlman İranının kimliyinin, şəxsiyyətinin simvollarındandır. Bu insanları layiqincə qiymətləndirin, onlara dəstək olun. Onlar hara, deyək ki, hansısa dünya çempionatına gedəndə gündüzləri oyunlarda, məşqlərdə, gecələri isə haralardasa xoşagəlməz bir şəkildə keçirən idmançılar hara? Mən öz ölkəmizin idmançılarını demirəm, başqa ölkələrdən belə idmançılar olur. Demək istədiyim odur ki, dini dəyərlərimizi qoruyaraq irəli gedən insanları dəstəkləyin.

Çox yaxşı, sizin bu işi həyata keçirməyiniz məni çox sevindirdi; əlhəmdulillah. İnşallah, ölkə idmanının ab-havasını günü-gündən daha da gözəlləşdirər, saflaşdırarsınız.

__________________________

 (1) Konfrans 13.11.1394-cü il tarixdə Tehranda öz işinə başlayır. 
 
(2) Ali Məqamlı Rəhbər konfransın katibini nəzərdə tutur. 
 
(3) “Səhifeye-İmam”, c. 7, səh. 541. İmamın qədim idman növləri ilə məşğul olan idmançılarla görüşü zamanı etdiyi çıxış.    08.03.1358 
 
(4) Ali Məqamlı Rəhbər Asiya Oyunlarında ikincilik qazanmış Xanım Süməyyə Heydərini nəzərdə tutur.