Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin seçki orqanlarının rəsmiləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین

Əziz qardaşlar, bacılar, çox xoş gəlmisiniz! Çox önəmli bir işin zəhmətini çəkən insanların iştirak etdiyi bu səmimi, istiqanlı toplum, doğrudan da, mübarək bir toplumdur. Ümidvaram ki, inşallah, Uca Yaradan sizin hamınıza, ayrı-ayrılıqda hər birinizə Öz lütf və mərhəmət nəzəri ilə diqqət göstərəcək və öhdənizə düşən bu böyük işi yerinə yetirməkdə – cənab Cənnətinin ürək sözlərində də müəyyən qədər buna toxunuldu – inşallah, sizə yardımçı olacaq, qolunuza qüvvət verəcək. İmam Əskərinin (ə) mövludu münasibətilə də sizi təbrik edirəm; imamımızın, rəhbərimizin, ağamızın və öndərimizin (Ruhlarımız ona fəda olsun!) böyük atası. Həmçinin sizi bəhmən ayının başlaması münasibətilə də təbrik edirəm; bəhmən ayı bizə iftixar qazandırmış bir aydır, İran xalqının tarixində nəhəng bir dəyişikliyin baş verdiyi aydır, böyük olaylar ayıdır; inşallah, bu ayla, bu ayda baş vermiş hadisələrlə qürur duymağı, iftixar hissi keçirməyi özümüz üçün ləyaqət bilək.

Seçki ilə bağlı bir-iki kəlmə demək istəyirəm. Cənab Cənnəti də – Allah onu qorusun, varlığını və nailiyyətlərini davamlı etsin – çox hörmətli və zəhmətkeş bir insan olan Daxili İşlər Nazirimiz cənab Rəhmanifəzli də müəyyən məqamlara toxundular. Onların qeyd etdiyi məsələlər hamısı çox yaxşı, dəqiq və önəmli idi. Mən də bir neçə cümlə deyəcəyəm – bu barədə bundan əvvəl də danışmışıq, ömür vəfa etsə, bundan sonra da hələ vaxt var, deyəcəyik – sonda əgər vaxtımız olsa, bir neçə cümlə də bu son məsələ – əldə edilmiş razılaşma, Birgə Kompleks Tədbirlər Planı haqda qeyd edəcəyəm.

Seçki məsələsində bir şeyə diqqət yetirək ki, seçkilər bir rəqabətdir, ölkə vətəndaşları arasında keçirilən ümummilli bir marafondur. Bu müsabiqə yaxşı, yüksək səviyyədə və sağlam atmosferdə keçirilsə, iştirakçı komandalar arasından hansının qalib gəlməyindən asılı olmayaraq, qələbə iftixarı federasiyaya aid olacaq. Belə olur da; idmanda komandalar yaxşı oynayanda A, B, yaxud C komandasının qələbə çalmasından asılı olmayaraq, federasiya onların güclü və sağlam oyunu ilə öyünür. Seçkilər də eynilə belədir; İran xalqı güclü bir şəkildə, yüksək səviyyədə, əzm və qətiyyətlə meydana girib seçki qutularını öz səsləri və əzmi ilə doldursa, bununla öyünən İran olacaq, İslam Respublikası olacaq, dövlətimiz iftixar duyacaq; kim udub, kim uduzsa da. Əslində, bu məsələdə xalq üçün udub-uduzmaq yoxdur; istənilən halda qalib çıxan xalqımızdır. Seçki ilə bağlı mühüm məqamlardan biri budur.

Yaxşı, bəs sağlam mühitdə keçən yarış, sağlam rəqabət nədir? Sağlam rəqabət budur ki, hamı yaxşı oynasın, hamı lazımınca davransın. Bunun birinci şərti isə, qeyd etdiyimiz kimi, kütləvi surətdə, hamılıqla iştirakdır; hamı seçkilərə gəlməlidir. Mən bundan əvvəlki söhbətimdə də üzümü əhalimizə tutaraq demişdim ki, ola bilsin, hətta kimlərinsə İslam Respublikası rejimi ilə problemi var; ölkənin təhlükəsizliyi ilə də problemləri yoxdur ki, ölkənin iqtidarı ilə də problemləri yoxdur ki?! Bu gün ölkənin təhlükəsizliyini qoruyan bu rejimdir, ölkənin inkişafını sürətləndirən bu rejimdir, xalqa nüfuz qazandıran bu rejimdir. Bunları ki inkar etmək mümkün deyil, bunlar ki xoşlarına gəlir?! Elə isə İrana və İran insanına nüfuz və başucalığı qazandırmaq, milli təhlükəsizliyin davamlılığını təmin etmək, Allaha şükürlər olsun ki, İslam İnqilabının əvvəllərindən başlayıb bu günə qədər davam edən inkişafımızı qarant altına almaq üçün bu meydana qoşulsunlar; məhz bunların naminə seçkiyə qatılmaq lazımdır. Hamı seçkidə iştirak etməlidir. Əlbəttə, məhz Allahın razılığı naminə, şəri vəzifəsini yerinə yetirmək üçün seçkiyə qatılan insanlar savab qazanmaqdan əlavə, başqa bir böyük nailiyyət də əldə edirlər ki, bu da Allahın razılığıdır, Yaradanın rizasıdır. Birinci şərt budur: hamı seçkiyə qatılsın və bunu yüksək, optimist ruhiyyə ilə etsin. Mən sizə deyim ki, elə belə də olur. Xalqımızı ki biz o cür görmüşük, o gözüaçıqlıq və sayıqlığı ki bu xalq nümayiş etdirib, Allahın köməyi ilə, Allahın izni ilə, Allahın mənəvi dəstəyi ilə, inşallah, əziz xalqımız seçkidə yüksək səviyyədə iştirak edəcək.

Bir qrup adam belə plan qurub ki, seçkiyə gəlməməklə, seçkini baykot etməklə və ya zəiflətməklə – bu barədə də az sonra danışacağam – İslam Respublikasını pis vəziyyətdə qoysunlar; belə bir tələ qurublar. Lakin xalqımız belə yaramaz planlar, tələlər qarşısında bu işin öhdəsindən layiqincə gələ bildiyini göstərib, bu gün də göstərəcək. Bu, mənim qeyd etmək istədiyim birinci məsələ; hansı ki bütün dövrlərdə seçki ilə bağlı ən vacib xatırlatmam bu olub, indi də budur: xalqın hamılıqla və yüksək ruhlu iştirakı.

Seçkinin, bu rəqabətin sağlamlığını təmin edən, qarant altına alan ikinci məsələ budur ki, insanlar seçkidə sayıq və məlumatlı surətdə, düşünüb götür-qoy edərək iştirak etməli və ən layiqli namizədlərə səs verməlidirlər. Elə insanları seçməlidirlər ki, onlar gedib o vəzifə kreslosunda oturanda – hansı qurumda olursa-olsun; istər Xubriqan Məclisi, istər parlament, istərsə də ölkə prezidentliyi – ölkəni problem və bəlalardan qoruya bilsinlər, özlərini bütünlüklə xalqın mənafeyinə xidmətə həsr etsinlər, ölkəni düşmənə satmasınlar, ona-buna üzgördülük edib ölkənin mənafeyini ayaq altına atmasınlar; belə insanları seçmək lazımdır. Bax bu, yaxşı bir seçki olar.

Bəli, mən demişəm, bir daha deyirəm ki, hətta hakim rejimi qəbul etməyən şəxslər belə, gəlib seçkidə iştirak etməli, səs verməlidirlər, amma bu o demək deyil ki, onlar da rejimi qəbul etməyən birini parlamentə göndərmək istəsinlər. Dünyanın heç bir yerində belə şey yoxdur ki, hakim rejimi qəbul etməyən insanların seçkiyə qatılmasına müsbət yanaşılsın, onlar da desin ki, “lap yaxşı, onda qoyun mən də özüm kimi rejimi qəbul etməyən birinə səs verim”; bunun mənası yoxdur. Dünyanın heç bir yerində bilavasitə hakim rejimin özünü qəbul etməyən insanlar üçün mühüm qərarların qəbul olunduğu hökumət strukturlarına yaşıl işıq yandırmırlar. Hətta elə yerlər var ki, cüzi bir ittihamla insanları seçkidən kənarlaşdırırlar. Elə bu gün özünü azadlıq və sairənin simvolu kimi təqdim edən (bəzi sadəlövh insanlar da buna inanıb bu fikri yayır) Amerikanın özündə dünyada solçu cərəyanın mövcud olduğu dövrdə – əlbəttə ki, indi bu, artıq aktual deyil – səsləndirdiyi fikirlərdə, misal üçün, sosializm iqtisadiyyatı ideyalarına azacıq meyil hiss olunduğuna görə insanları ittiham edərək qətiyyətlə rədd edir, kənarlaşdırırdılar. O insanlar kommunist deyildi, kommunizmə inanmırdı, sosialist ideologiyanın da daşıyıcı deyildi, buna baxmayaraq, iqtisadi məsələlərlə bağlı fikirlərində sosializmə sarı cüzi bir xətt özünü göstərdiyi üçün uzaqlaşdırılırdılar; elə bir yerdə ki, orada azadlıqdan, demokratiyadan və daha nələrdən danışılır, bizə etiraz edirlər ki, “sizdə niyə Keşikçi Şura kimi bir qurum var?” Utanmazlar! Odur ki bizim parlamentdə yalnız hakim rejimi, ölkənin mənafeyini, ölkənin əsas prinsip və dəyərlərini dəstəkləyən, təmin etməyə, daha da gücləndirməyə çalışan insanların təmsil olunmasını istəməyimiz bütövlükdə xalqın haqqıdır. Seçkiyə, seçkinin sağlam şəraitdə baş tutmasına bu da öz təsirini göstərir.

Daha bir mühüm məqam var: qanuna hamı tabe olmalıdır. Çıxış edən möhtərəm cənablar: həm cənab Cənnəti (Allah onu qorusun!), həm cənab Rəhmanifəzli qanunun aliliyi məsələsini vurğuladılar, bu, mənim çox xoşuma gəldi. Mən bunu daim tövsiyə edirəm, seçki orqanlarının rəsmilərinin diqqətinə daim bunu çatdırır, vurğulayıram ki, ayağınızı cızıqdan kənara qoymayın. Həmin cızıq isə qanundur; qanun. Qanunun tələblərinə riayət etmək lazımdır.

Hüquqi qurumlara qarşı hörmətsizliyə yol verilməməlidir; buna diqqət yetirin. Müəyyən vəzifə daşıyan bir hüquqi quruma əsassız böhtanlar atılmamalı, yaxud təhqirlərə yol verilməməlidir. Hüquqi qurum hüquqi funksiya daşıyır; o demək deyil ki, səhvə yol verə bilməz; hər kəs kimi, nöqsan və səhvlərlə dolu olan bu həqir bəndənin özü kimi, hər bir hüquqi qurum da səhvə yol verə bilər, amma bu o demək deyil ki, biz həmin qurumu təhqir edə, ictimaiyyət arasında, apardığımız təbliğatda, çıxışlarımızda aşağılaya bilərik. Yox, buna yol verilsə, hərc-mərclik baş alıb gedəcək. Sənin siyasi düşüncən bir cürdür, filan hüquqi strukturu təhqir edəsən, başqasının siyasi əqidəsi bir başqadır, sənin bağlı olduğun hüquqi qurumu təhqir edə; bu yaxşıdır? Belə şeylərə başlamaq lazım deyil.

İctimaiyyət arasında “Məlum deyil nə olacaq”, “Nə bilirik nə olacaq” kimi fikirlərlə narahatlıq, çaşqınlıq yaratmaq da lazım deyil. Bu, çox yanlış bir hərəkətdir. Mən bu barədə əvvəllər də xəbərdarlıq etmişəm; qoyun camaat həvəslə, zövqlə, sevinclə seçkiyə getsin; necə ki elə reallıq da belədir, camaat bu əhval-ruhiyyədədir. İctimaiyyətdə təşviş yaratmaq çox səhv bir hərəkətdir; xalqı seçkiyə qarşı pessimist ruha kökləməsinlər.

Namizədlər də bir-birini təhqir etməməlidir; tutalım, biri namizəddir, özünü hər cəhətdən çox layiqli namizəd hesab edir, lap yaxşı, nə qədər istəyir, özünü tərifləsin, amma rəqiblərini təhqir etməsin, rəqiblərinə böhtan atmasın, onların qeybətini etməsin. “Böhtan” kiminsə haqqında reallığa zidd olan şeyləri dilə gətirib danışmaqdır, qeybət isə kimdəsə, həqiqətən də, olan eyibləri açıb-tökməkdir; qeybət etmək də lazım deyil. Demək, bu da seçkinin sağlam şəraitdə baş tutması üçün bir meyardır, vəzifədir. Namizədlər seçicilərlə görüşəndə imkan dairəsi, gücü, səlahiyyəti çərçivəsində olan şeylərdən danışsınlar; xalq da baxsın, xoşu gəlsə, o adama səs versin, xoşu gəlməsə, verməsin; bax bu, sağlam seçki olar.

Namizədlər insanlara qeyri-real vədlər verməməlidir; bəzi namizədlər seçicilərə elə vədlər verir ki, həmin işin əllərindən gəlməyəcəyini özləri də bilirlər. O vədi yerinə yetirə bilməyəcəksənsə, xalqa niyə söz verirsən? Reallaşmayacağını yaxşı bildiyin bir şeylə camaatı niyə ümidləndirirsən? Bəzən də qeyri-qanuni vədlər verirlər! “Filan işi görəcəyik!” – deyirlər, halbuki bunun qanuna zidd olduğunu bilirlər; ya Konstitusiyaya ziddir, ya adi qanunvericiliyə. Bu kimi vədlər də verməsinlər; qanunsuz şüarlar səsləndirməsinlər. Camaatla dürüst davranmaq lazımdır; bizim insanlarımız hamısı dürüstlüyü hiss edir, anlayır. Biz dürüst davranmırıqsa, kimlərsə bir hovurluq, bir anlıq çaşa bilər, amma sonra həqiqət aydınlaşacaq. Camaatla dürüst davranmaq, onlara düzünü demək lazımdır. Sağlam seçkinin mütləq etik qaydalarından biri də budur.

Bəzilərində belə bir adət də yaranıb ki, elə durmadan: “Radikallar, radikallar”, – deyə təkrarlayırlar; radikallıq və passivlik – ifrat və təfrit – hər ikisi pisdir, bunu hər kəs bilir, amma radikallıq nədir, passivlik nədir, bu ikisi arasında orta xətt hansıdır – bunlar o qədər də aydın, dəqiq müəyyən olunmuş məsələlər deyil, burada izaha, açıqlamaya ehtiyac var. Bunu ona görə deyirəm ki, bizə bir çox xəbərlər gəlib çatır; qəzetlərə, mətbuatda gedən cürbəcür yazılara da baxanda görürsən ki, bəziləri “radikallar” deyəndə mömin, islamçı cərəyanı nəzərdə tuturlar. Xeyr, mömin, inqilabi cərəyanı, Allah yolunda çalışıb-vuruşmağa hazır olan gəncləri radikallıqda ittiham etməyin. Onlar hər an bütün varlığı ilə, saf niyyətlə meydanlara atılmağa hazır olan insanlardır; sərhədlərimizi, milli heysiyyətimizi müdafiə etmək, canından, qanından keçmək lazım gəldiyi yerdə də meydana atılan məhz onlar olur. Hansısa xoşagəlməz, qəbuledilməz olaya görə – Ərəbistan səfirliyinə edilən hücum kimi; əlbəttə, bu, çox pis bir hərəkət idi, yanlış idi, kim tərəfindən həyata keçirildiyinə baxmayaraq, səhv bir iş idi – sırf bu səbəbdən o saat islamçıların yaxasından yapışmaq olmaz. Mömin insanları, inqilabi ideyaların daşıyıcısı olan gəncləri haradasa hansısa pis, xoşagəlməz olay baş verib deyə sıxışdırmaq, zəiflətmək olmaz. Bu gənclər həm inqilabi ideyaların daşıyıcısıdırlar – belə ki mən onlarla həm yaxından, həm də uzaqdan kifayət qədər ünsiyyətdə oluram – həm də əksər hallarda dərk, düşüncə səviyyələri, təhlil qabiliyyətləri yaşca onlardan böyük olan bəzi insanlardan daha üstündür, daha yaxşı anlayır, daha yaxşı təhlil edir, məsələlərin mahiyyətini daha yaxşı müəyyənləşdirirlər, inqilabın, İslamın aşiqidirlər. Bəli, Ərəbistan səfirliyinə edilən hücum pis, yanlış bir hərəkət idi – bu ki heç – bir neçə il öncə İngiltərə səfirliyinə edilən hücum da mənim acığıma gəlmişdi. Bu kimi əməllər əsla qəbuledilməzdir, olduqca pis hallardır, ölkənin, İslamın, hər kəsin ziyanınadır, amma bütün bunları bizim inqilabçı gənclərimizə təzyiq göstərmək üçün əldə bəhanə etmək lazım deyil. Bu da mühüm məsələlərdən biridir.

Odur ki, cənab Cənnətinin də tamamilə doğru olaraq qeyd etdiyi kimi, seçkilər böyük bir nemət və şansdır; bu böyük nemətə görə şükür etmək lazımdır. Şükrü isə bundan ibarətdir ki, biz hamımız hansı mövqedə olmağımızdan asılı olmayaraq seçkini layiqincə, sağlam şəkildə keçirməyə çalışaq, davranışlarımızla, səsləndirdiyimiz fikirlərlə, düşünülməmiş söhbətlərlə – kənar-bucaqda bəzən belə şeylər eşitmək olur – bu böyük əməlin, bu böyük hərəkatın, bu böyük iftixarın korlanmasına imkan verməyək; diqqətimiz bunda olsun; çox böyük bir hadisədir.

Sizlər də bu böyük işin təşkilinə cavabdeh olan, onu həyata keçirən rəhbər işçilərsiniz; bəli, zəhməti çoxdur, problemləri çoxdur, gözləntilər çoxdur, bəzən hansı vəzifəni tutmağınızdan asılı olmayaraq əsassız ittihamlara da tuş gəlirsiniz; istər seçkinin həyata keçirildiyi orqanlar olsun, istər nəzarət strukturları, istər DİN, istərsə də Keşikçi Şurada. Bütün bunlar var, amma bilin ki, Allah dərgahında əcriniz həddən artıq çoxdur, çünki bu iş çox böyük bir işdir. Böyük bir işlə məşğul olduğunuza görə də – əgər inşallah, niyyətiniz Allaha bağlıdırsa, dini, inqilabi vəzifənizi yerinə yetirmək niyyəti ilə bunu edirsinizsə – Allah-taalanın dərgahında əcriniz böyükdür. Odur ki bu işin ağırlığından, bu yolun çətinliyindən qorxmayın və öhdənizə düşən işi ən yüksək səviyyədə yerinə yetirin. Bu, seçki barədə.

Birgə Kompleks Tədbirlər Planına gəlincə; bu da bir hadisə idi; böyük və önəmli də bir hadisə idi. İnsafən, çox zəhmət çəkdilər. Düzdür, bütün istədiklərimizə nail olunmadı, amma İslam Respublikasının şərtlərindən nə qədəri təmin olunubsa da, insafla demək lazımdır ki, bunda əziz qardaşlarımız – möhtərəm Xarici İşlər Naziri, danışıqlarda təmsil olunan komanda və şəxsən ölkə başçısı çox zəhmət çəkiblər. Mən görürdüm: daim gərgin işləyirdilər, düşünürdülər, prosesləri izləyirdilər, uzun-uzadı iclaslar keçirirdilər, narahatlıq, yuxusuzluq və sair içində idilər. İnşallah, Allah-taala onların hamısının əcrini verər, gördükləri iş Uca Yaradan tərəfindən təqdir olunar, qiymətləndirilər; bu, öz yerində. Lakin bir qrup adam məsələni belə qələmə verməyə çalışır ki, guya bu gün üçün qazanılmış nailiyyətlər, məsələn, sanksiyaların ortadan qaldırılması Amerikanın jestidir, lütfkarlığının nəticəsidir; halbuki belə deyil. Bir qrur adam fürsətdən istifadə edib, mənfur imperializmi gözəl, xoşagələn simada təqdim etməyə çalışır; bu çox təhlükəlidir. Nə jest? Tutalım siz zəhmət çəkib, pul yığıb bir ev almısınız; məhəllənin qoçusu gəlib evinizin açarlarını zorla sizdən alır, misal üçün, evinizin yarısını ələ keçirir və sizə təzyiq göstərir. Daha sonra siz çalışıb, zəhmət çəkib, ağlınızı işlədib, güc sərf edib, əliniz çatan hər vasitədən istifadə etməklə, bir az təbliğat aparmaqla buna nail olursunuz ki, həmin qoçu evinizin 2 otağını özündə saxlasa da, qalanını sizə qaytarır. İndi onun qəsb etdiyi evin bir hissəsini boşaltmağı jestdir, minnətdir? Amerikalıların etdiyi buna oxşayır. Biz nüvə enerjisi sahəsində öz güc və imkanlarımız, alimlərimizin zəkası, dövlətimizin başına keçmiş müxtəlif hökumətlərin dəstəyi hesabına inkişaf etmişik, bu yolda 6 şəhid vermişik və bu gün olduğumuz mövqeyə gəlib çatmışıq; zarafatdır? Elə etmişik ki, bir vaxtlar bu ölkədə hətta bir sentrifuqanın fəaliyyət göstərməsinə belə razı olmayan düşmən indi mövcud reallıqlara görə ölkəmizdə bir neçə min sentrifuqanın işləməyini həzm etməyə məcbur olub. Bu, onlar tərəfindən jest deyil; bu, İran xalqının, İran alimlərinin zəhmətinin nəticəsidir. Onlar xalqı əsəbiləşdirib küçələrə çıxarmaq məqsədilə sanksiyalar tətbiq etmişdilər. Mən bunu bir neçə il əvvəl söylədim,(2) bəzi adamlar dedilər ki, təhlildir; düzdür, o zaman, bəlkə də, təhlil idi, amma bu gün dəqiq informasiyadır. Özləri də deyiblər; onlardan bir neçə nəfər müxtəlif çıxışlarında söyləyib ki, məqsədimiz camaatı özündən çıxarmaq, İslam Respublikası rejimi, İslam dövləti əleyhinə kökləməkdir. Camaatı küçələrə çəkib çıxarmaq istəyirdilər; amma xalqımız möhkəm durdu və onun bu müqaviməti, bu mübarizliyi həyata keçirilən siyasi-diplomatik işlərin, baş tutan danışıqların və sairin dayağı oldu. Düşmən məcbur oldu; hansı həddə geri çəkildisə, bu, xalqın öz gücünü, iqtidarını nümayiş etdirməsinin nəticəsi idi. İslam Respublikası nəyə qadir olduğunu, qürur və heysiyyətini göstərdi. Əlbəttə, şəxsən mən düşünürəm ki, biz bundan yaxşısını da edə bilərdik, intəhası əlimizdə olan imkanlar, vaxtımız, gücümüz bu qədərinə şərait yaratdı. Amma elə bu gün üçün əldə edilmiş nailiyyətlər də az deyil, mühüm, diqqətəlayiq bir iş həyata keçirilib və bu, xalqın dəstəyi, milli iqtidar, İslam Respublikasının xalqla, camaatla yaxından, sıx bağlılığı sayəsində mümkün olub. 

Onu da deyim ki, nüvə məsələsində imperializmin – əsasən də Amerikanın; o böyük büt Amerikadır, məsələyə qoşulan digər Avropa dövlətləri isə ətrafındakı kiçik bütlərdir – bizimlə davası təkcə nüvəyə görə deyildi; yoxsa and içərəm ki, onlar İslam Respublikasının nüvə silahı əldə etmək niyyətində olmadığını çox gözəl bilirlər; bu o qədər dəqiqdir ki, çəkinmədən and da içmək olar. Məsələ başqa idi. Bu, İran xalqına təzyiq göstərmək, İran xalqının onu hədəflərinə aparan inqilabi hərəkatını durdurmaq, İslam Respublikasının regionda və dünyada günü-gündən genişlənməkdə olan nüfuz dairəsini məhdudlaşdırmaq üçün nəzərdə tutulan kompleks planın kiçik bir hissəsi idi; bu, bir reallıqdır. Biz bunu konkret məqsəd kimi şüurlu şəkildə izləmirik, təbii olaraq belə alınır; yeni fikirdir, maraqlıdır, cəlbedicidir, pak qəlblərə, dürüst niyyətlərə xoş gəlir, elə buna görə də İslam Respublikasının nüfuzu, etibarı getdikcə artır; onlar da bunu görür, dərk edir. Onların məqsədi bu prosesi dayandırmaqdır; xalqlara qəbul etdirmək istəyirlər ki, İslam Respublikası da dinə əsaslanan bir hökumət rejimi qurub onu idarə edə, yaşada bilmədi. Bunu göstərmək istəyirlər, hədəfləri budur. Bunu hamı – xalqımız da, rəsmilərimiz də anlamalıdır.

Amerika zor və yalan təbliğat gücünə öz işini aparmaq istəyir; onun bu davranışlarına müqavimət göstərmək lazımdır. Elə indi də bütün rəsmilər – həm hökumət rəsmiləri, həm də mənim tövsiyə etdiyim Nəzarət Şurasında(3) təmsil olunan şəxslər – qarşı tərəfin hiylələrindən ehtiyatlı olsunlar; çünki qarşı tərəf hiyləgərdir, saxtakardır. Onun təbəssümünə, taxdığı maskaya inanmaq olmaz. 

Sizə deyim ki, Reyqan, Buş dövrünün Amerikası ilə bugünkü Amerika arasında heç bir fərq yoxdur, qətiyyən fərqlənmir. Bir vaxtlar – Reyqan dövründə Amerika Fars Körfəzi yaxınlığındakı bölgələrimizi kin və qəzəbi üzündən lazım bilib bombaladığı kimi, əgər bu gün də əllərindən gəlsə, eyni işi görərlər. Amerika əsla dəyişməyib; onun İslam dini və İslam Respublikasına qarşı siyasəti dəyişməz olaraq qalıb. Əlbəttə, işlətdikləri metodlar fərqlidir: biri bir metoddan istifadə edir, o biri başqa bir metod işlədir, amma hədəfləri birdir, eynidir; buna hamı diqqət yetirməlidir. Çünki hiyləgərdirlər, hiylə işlədirlər; onların hiyləsindən ehtiyatlı olmaq lazımdır. Diqqətli olmaq lazımdır ki, onların atdığı addımlar sözün əsl mənasında götürdükləri öhdəliklərlə uyğun olsun. Qarşı tərəfin saxtakarlığına, hiyləgərliyinə etinasız yanaşmaq olmaz. Ondan hansısa hiylə hiss edən kimi, qarşılığında adekvat cavab vermək lazımdır; yəni əgər qarşı tərəf götürdüyü hansısa öhdəliyi pozdusa, bu tərəf də öhdəliyini pozmalı, reaksiya verməlidir.

Keşikçi Korpusda xidmət edən dəyərli gənclərimizin dənizdə gördüyü iş, düşmənin təcavüzü qarşısında öz qürur və heysiyyətini, qüdrətini nümayiş etdirmələri çox doğru bir addım idi; indiyə qədər fürsət tapıb onlara təşəkkür edə bilməmişdim; mən onlara, doğrudan da, minnətdaram. Düşmən bizim su sərhədlərimizi pozub, onlar da gedib düşmən hərbçilərini mühasirəyə alıblar. Mən istərdim ki, siyasətçilərimiz də bütün beynəlxalq sferalarda bu şəkildə davransınlar: düşmənin təcavüzündən ehtiyatlı olsunlar, müəyyən olunmuş hüdudları, qırmızı xətləri harada keçdiklərinə baxsınlar və bunun qarşısını qüdrətlə alsınlar.

Mənim dəfələrlə vurğuladığım daha bir məsələ var: sanksiyaların götürülməyi ilə ölkənin iqtisadi problemləri həllini tapacaqmı? Bununla xalqın məişət problemləri həll olunacaq, süfrəsinə bolluq gələcəkmi? Xeyr, yaxşı idarəetmə lazımdır, fəaliyyət proqramları lazımdır. Mən hazırkı hökumətin vaxtında da, əvvəlki hökumətin dövründə də – hansı ki məhz o zaman sanksiyaların bir qismi başladı, müəyyən qisminin də zamanla tətbiq olunacağı məlum oldu – demişəm ki, ölkənin iqtisadi problemlərinin 20, 30, 40 faizi sanksiyalarla bağlı ola bilər, qalanı bizim idarəetmə bacarığımızdan asılıdır. Biz işləri düzgün təşkil etməli, lazımi addımları atmalıyıq. Düzgün idarəetmənin yolu isə müqavimət iqtisadiyyatıdır. Müqavimət iqtisadiyyatını hamı alqışladı, dəstəklədi, icrası üçün proqramlar hazırladılar – sevindirici haldır ki, dövlət strukturlarının, hökumətdə təmsil olunan dostlarımızın müqavimət iqtisadiyyatının reallaşdırılması üçün əldə proqramları var – bu proqramları ciddi surətdə həyata keçirmək, ölkə iqtisadiyyatına müqavimət qabiliyyəti qazandırmaq lazımdır; yoxsa ki biz elə gözümüzü yadların əlinə diksək, nə qərar qəbul edəcəklərini gözləsək, heç yerə gedib çıxa bilmərik. Bu gün neftimizin qiymətini, təxminən, 1/5-ə endiriblər. İqtisadiyyatımızın əsas gəlir mənbəyi olan neftin qiymətini, təəssüflər olsun ki, real qiymətinin təxminən 1/5-nə salıblar. Hələ o 100, 110, 120 dollar da neftin real dəyəri deyildi; neftin real dəyəri bundan da artıqdır – bunu da mən əvvəllər demişəm(4) – amma o qiyməti də təqribən 1/4-inə, 1/5-inə endiriblər. Gözünü düşmənin əlinə diksən, böhranlar çox olacaq. Bunlar qaçılmaz böhranlardır, qarşısını almaq üçün heç nə etmək mümkün deyil. Biz ölkəmizin iqtisadiyyatını elə bir vəziyyətə gətirməliyik ki, bu böhranlar, bu təkanlar qarşısında duruş gətirə bilsin, onların təsirindən sarsılmasın.

Hazırda ölkəmizə cürbəcür nümayəndə heyətləri gedib-gəlir, rəsmilərimiz sayıq olmalıdır; belə olmasın ki, gələn xarici şirkətlərlə ticarət, sənaye və iqtisadiyyat sferalarında imzalanan müqavilələr daxili sənayeyə, daxildə gedən işlərə, ölkənin kənd təsərrüfatına ziyan vursun. Əlbəttə, mən bunu xüsusi iclaslarda hökumət rəsmilərinə də demişəm, xəbərdarlıq etmişəm ki, diqqətli olsunlar. Yəni ölkə öz ayaqları üzərində durmalıdır. Biz əhalisinin sayı çox olan – 80 milyonuq; balaca rəqəm deyil – güclü bir xalqıq, ölkəmizdə on milyonlarla ali təhsilli gənc var. Bütün sferalarda bilikli və bacarıqlı insanlarımız var; bundan başqa, yeraltı resurslarımız, heyrətamiz iqlim müxtəlifliyimiz – bütün bunlar əlverişli imkandır, şansdır. Biz öz ayaqlarımız üzərində durmalı, başqalarına arxalanmamalıyıq.

Düşmən düşməndir, qurduğu planlar xalqların ziyanınadır; regionumuzdakı vəziyyəti görürsünüz. Xatırlayarsınız, bir neçə il əvvəl amerikalılar “yeni bir Orta Şərq” haqda danışırdılar. O zaman biz bu ad altında nə etmək istədiklərini doğru-dürüst anlaya bilməmişdik. İndi başa düşürük ki, həmin o “yeni Orta Şərq” nə imiş: müharibə, terror, fanatizm, irtica ilə dolu, başı daxili müharibələrə qarışmış bir Orta Şərqi nəzərdə tuturmuşlar; Suriyada müharibədir, İraqda müharibədir, Liviyada müharibədir, bütün bu ölkələrdə terror geniş yayılıb, Türkiyə və başqa ölkələri də terror cənginə alıb. “Yeni Orta Şərq” budur; onlar buna nail olmaq niyyətində idilər. Düzdür, boyunlarına almırlar, amma insanın gözü var, ağlı var, hər şeyi görür, dərk edir. Sünni-şiə konfliktləri yaratdılar, ölkələrin daxilində cürbəcür ünsürləri silahlandırıb dövlətlərin və xalqların canına saldılar – onların “yeni Orta Şərqi” budur. Amerikanı hamı tanısın.

Allaha şükürlər olsun ki, ölkəmiz əhalisinin dindarlığı, gözüaçıqlığı, İslam İnqilabına bağlılığının bərəkəti sayəsində xalqın qatı düşmənlərinin ciddi hücumlarından müəyyən qədər toxunulmazlığını qoruya bilib. Düzdür, ziyan vurublar, müəyyən işlər görüblər, amma əsaslı zərbə endirə bilməyiblər və Allahın köməyi ilə, bundan sonra da endirə bilməyəcəklər. Və Allahın köməyi ilə, İran xalqı imperializmin bütün siyasətlərinə qalib gəlib öz arzularına çatdığı günü, inşallah, görəcək. İnşallah, xalqımız İslam İnqilabının qarşıya qoyduğu bütün hədəf və amalların gerçəkləşməsinin şirinliyini dadacaq. Bunun üçün hamımız çalışmalıyıq, ixlasla çalışmalıyıq, əl-ələ verməliyik, bir-birinə qarşı mehriban olmalıyıq. Çiyin-çiyinə durmalıyıq, dil tapıb yola getməliyik, birlikdə işləməliyik, hədəflərimizi, uca amallarımızı yaddan çıxarmamalıyıq, bütün meydanlarda səmimiyyətlə addımlamalıyıq. Allah-taala İran xalqı ilədir və inşallah, qələbə İran xalqının olacaq. Uca Yaradan hamınıza dəstək olsun, uğurlar nəsib etsin, inşallah. Allah-taala əziz şəhidlərimizi və dahi öndərimizi Qiyamət günü məhşər meydanına Peyğəmbərlə birgə gətirsin, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_____________________

(1) İslami Şura məclisinin 10-cu, Xubriqan Məclisinin 5-ci çağırışına seçkilər cari ilin isfənd ayının 7-də eyni gündə keçiriləcək. Görüşün əvvəlində Keşikçi Şuranın katibi Ayətullah Əhməd Cənnəti və Daxili İşlər Naziri Əbdülrza Rəhmanifəzli məruzə ilə çıxış etmişlər. 
(2) Bu məsələyə Ali Məqamlı Rəhbərin İmam Rza (ə) hərəminin ziyarətçiləri və ətrafda yaşayan əhali ilə görüşü zamanı etdiyi çıxışda da toxunulur (01.01.1393) 
(3) Ali Məqamlı Rəhbərin bu tövsiyəsi Birgə Kompleks Tədbirlər Planının tələbləri ilə bağlı ölkə başçısına ünvanladığı məktubda yer alır (29.07.1394) 
(4) Bu fikirlər Ali Məqamlı Rəhbərin İmam Rza (ə) hərəminin ziyarətçiləri və ətrafda yaşayan əhali ilə görüşü zamanı etdiyi çıxışda yer almışdır (06.01.1379)