الحمدلله ربّ العالمین و الصّلاة و السّلام على سیّدنا و نبیّنا ابىالقاسم المصطفى محمّد و على آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فى الارضین
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Əziz qumlular, qardaşlar, bacılar, çox xoş gəlmisiniz! Qum əhalisinin əzmi, təpəri sayəsində Qumun adı tarixə öncüllüyü, avanqardlığı ilə yazılıb. O gündən bu günə nə qədər vaxt keçsə də, əziz qumluların göstərdiyi təcrübə, burada baş verən hadisələr bu mənanı yaşatmış və daha da gücləndirmişdir. Allaha şükürlər olsun ki, Qum inqilabın ocağıdır, inqilabın mərkəzidir, inqilabın baş qaldırdığı və inşallah ki, davam edərək günü-gündən gücləndiyi bir yerdir. Çox xoş gəlmisiniz; inşallah, Allah-taala hamınızın əcrini verər. Gözəl bir surud oxundu; bunu da deyim ki, surudun o geri qayıdış üçün olan müraciət hissəsi yalnız və yalnız İmam Mehdi Sahibəz-zamanA (Ruhlarımız ona fəda olsun!) xitab olmalıdır; başqa heç kəsə. Gəlin bütün ixlasımızı, bütün fədakarlığımızı, bütün sevgimizi və bütün qəlbimizi o böyük İmama təqdim etməyə adət edək. O müqəddəs şəxsə edilən dua onun da dua edən şəxsə duaçı olmasına səbəb olur. Rəvayətlərimizdə də bu var.
Bu gün siz bura 19 dey münasibətilə yığışmısınız, bu isti və səmimi görüş bu münasibətlədir. 19 dey haqda çox sözlər deyilib; bu illər ərzində mən də danışmışam, başqa danışanlar da olub. Bəzi sözlər də var ki, hər dəfə təkrarlanır, yeni deyil, lakin bütün bunlara baxmayaraq, 19 dey hadisəsi köhnələsi bir hadisə deyil. Bizim daha əvvəl dediyimiz hansısa fikirləri təkrar etməyimiz bu hadisəyə köhnəlmiş bir hadisə kimi baxılmasına səbəb olmur; eynilə Aşura kimi. Mən 19 deyi başqa hadisələrlə müqayisə etmək istəmirəm, amma bənzətmək lazım gələrsə, bu hadisə eynilə Aşuraya bənzəyir. 1200-1300 ildir ki, Aşura haqda danışılır, təkrar olunur, bütün fikirlər dönə-dönə dilə gətirilir, amma o hadisə köhnəlmir. Aşura hadisəsi hər gün gördüyümüz, amma bizim üçün heç bir zaman köhnəlməyən parlaq günəş kimidir: hər il, hər ay, hər saat bizim cəmiyyətimizin, eləcə də digər müsəlman toplumlarının həyatına işıq saçır, nur çiləyir, insanlara enerji və güc verir. 19 dey hadisəsi də belədir; Aşura hadisəsi kimi bir hadisədir. Səbəbi isə budur ki, 19 deydə çox böyük bir iş həyata keçirilib. Bu elə bir iş idi ki, hansı xalqda, hansı cəmiyyətdə onun analoquna rast gəlinsə, nəticələri heyrətamiz olar. Düzdür, İran xalqı arasında bunun üçün münasib zəmin var idi; hazır zəmin olmadan heç bir iş istənilən nəticəni verə bilməz. Mübarizə illərində İmamın etdiyi çıxışlar, inqilabi qüvvələrin apardığı mübarizə, ölkənin dörd bir yanında inqilabi ideyaların insanlara açıqlanması və yayılması, bundan əlavə, ruhanilərin, mərcə-təqlidlərin hələ əsrlər öncədən camaat arasında qazandığı yüksək mövqe – bütün bunlar zəmin idi, amma bu zəmin üzərində hərəkətə keçmək üçün bir düyməyə basılmasına ehtiyac var idi; o düyməni isə qumlular basdı. Böyük bir iş gördülər; İmamın və inqilabın müdafiəsinə qalxaraq meydana atıldılar. Meydan da adi bir meydan deyildi; güllə-baran var idi, dəhşət var idi, boğub susdurmaq var idi. Qorxmadan, tam şücaətlə, vaxtında dərk edərək – bir daha vurğulamaq istəyirəm: öhdəsinə düşən vəzifəni vaxtında, gecikmədən dərk edərək – meydana atıldılar. 19 dey şəhidlərinin nahaq axıdılmış qanı, qumluların şücaəti, vaxtında proseslərə qoşulması, öhdəsinə düşən vəzifəni lazımi anda dərk etməsi öz işini gördü. Əslində, bu, “başla” düyməsinə basmaq demək idi, bununla xalq ayağa qalxdı, ölkədə mövcud olan o münasib zəmin hərəkətə keçdi. Odur ki qumlular unudulmaz bir iş həyata keçiriblər.
Mən tarixi danışmaq istəmirəm. Günümüzün öz problemləri var, bu gün biz sabahkı gün üçün öhdəmizə hansı vəzifələrin düşdüyünə baxmalıyıq. Lap yaxşı, inqilab qələbə çaldı; inqilabın qələbəsi o zaman dünyada işlək olan hesablamalara görə qeyri-mümkün idi. Heç kəs inanmazdı ki, imperialist güclərin bu qədər həssaslıqla yanaşdığı İran kimi bir ölkədə – bura sionistlərin sanatoriyası, amerikalı müşavirlərin istirahət yeri idi; yadellilər burda özlərini rahatlıq və sakitlik içində hiss edirdilər; 19 deydən təxminən 10 gün əvvəl Amerika prezidenti Tehranda çıxış edərək demişdi ki, İran sabitliyin hökm sürdüyü bir adadır; ölkəyə bu gözlə baxırdılar – belə bir yerdə, belə bir ölkədə, xalqa qarşı davranışında heç nədən çəkinməyən belə bir boğucu diktaturanın hakimiyyəti, üstəlik Amerikanın ağır kölgəsinin mövcudluğu şəraitində din, xalqın dini ideologiyası, imanı əsasında, xalqın əli ilə, nümunəvi bir ruhaninin, mərcə-təqlidin rəhbərliyi ilə inqilab qələbə çala bilər; qəbul edilmiş meyarlara görə, bu, qeyri-mümkün idi. Elə buna görə də dünyanın heç bir kəşfiyyat orqanı bunun baş verəcəyini ehtimal edə bilməmişdi; çünki standart hesablamalarla heç cür uyğun gəlmirdi. Belə bir ölkədə belə bir inqiab baş versin, uğur da qazansın – az sonra inqilabın qələbəsini ölkədə baş vermiş bəzi digər hadisələrlə də müqayisə edəcəyəm – nəticədə yeni bir hökumət quruluşu yaransın, rejim formalaşsın, İslam Respublikasının bünövrəsi qoyulsun və bu quruluş olduğu kimi qalsın, günü-gündən daha güclənsin, kök buraxıb qol-budaq atsın – heç bir maddi meyar, heç bir maddi hesablama bunu qəbul etmirdi; mümkün bilmirdi, amma oldu. Belə bir şeyin baş verməsi onu göstərir ki, bu dünyada, bu yaradılış aləmində yalnız maddiyatı əsas götürən insanların xəbərdar olmadığı, görə bilmədiyi qanunlar hökm sürür:
سُنَّةَ اللهِ فِى الَّذینَ خَلوا مِن قَبل
“Bu, Allahın daha öncə gəlib-getmişlər arasında da hökm sürmüş sünnəsidir (qayda-qanunudur”. (“Əhzab” surəsi, 38-ci ayədən)
Başqa bir yerdə:
سُنَّةَ اللهِ الَّتى قَد خَلَت مِن قَبل
“Allahın sünnəsi əvvəldən belədir”. (“Fəth” surəsi, 23-cü ayədən)
“İlahi sünnə” dedikdə Allah-taalanın müəyyən etdiyi qayda-qanunlar nəzərdə tutulur. Varlıq aləmində, başdan-başa bu nəhəng dünyada müəyyən qayda-qanun var. Təbiət qanunları kimi: cazibə qanunu, ayın, günəşin, ulduzların hərəkəti ilə bağlı qanunlar, sutka ərzində gecə-gündüzün bir-birini əvəz etməsi kimi; bütün bunlar qanundur, təbiətin qanunlarıdır. Eynilə insan cəmiyyətində də müəyyən qayda və qanunlar var. Materialistlər zəif görən gözləri ilə bu qanunları görüb dərk edə bilməz, amma onlar var. Biz bu qanunlar üçün öz əllərimizlə zəmin hazırladığımız zaman isə Allah-taala onların həyata keçməsinə hökm verir. Alov yanmağa qadirdir, amma onun üçün zəmin hazırlamalı, ocaq qalamalı, odun üstünə quru maddələr yığmalısan ki, alovlansın. Siz zəmin hazırlayın, təbiət qanunları öz işini görəcək; zəmin hazırlamaq lazımdır. İran xalqı bu zəmini hazırlamışdı. Bu sözləri böyüklərimizdən də eşitmişik, Quranda da dəfələrlə deyilir, imamların (ə), Allahın rəsulunun (s) da deyimlərində bunlar var.
فَلَمّا رَأَى اللهُ صِدقَنا اَنزَلَ بِعَدُوِّنَا الکَبتَ وَ اَنزَلَ عَلَینا النَّصر
– bunu Əmirəl-möminin “Nəhcül-bəlağə”də buyurur: “Dürüst niyyətlə meydana girin, mübarizə aparın, Uca Yaradan düşməninizi əzib, sizə qələbəni nəsib edəcək”.(1) Bu, ümumi bir prinsipdir, qanundur və bu qanun İslam İnqilabında gerçəkləşdi; xalq sədaqətlə meydana daxil olub mübarizə apardı.
Yaxşı, gəlin elə buradaca özümüz üçün belə bir nəticə çıxaraq ki, bizim qarşımızda genişmiqyaslı bir düşmən cəbhəsi var: İsrail rejiminin başında duranlardan tutmuş Amerikanın dövlət adamlarına, dünya imperializminin digər havadarlarına və əlaltılarına, təkfirçi ünsürlərə, İŞİD-ə qədər müxtəlif qüvvələrdən təşkil olunmuş geniş bir düşmən cəbhəsi. Baxın, nə qədər nəhəng bir cəbhədir! Çox geniş və müxtəlif tərkiblidir. Bunlar hamısı İslam Respublikası quruluşunun düşmənləridir. Demək, qarşımızda konkret olaraq bir cəbhə var. Özü də bir çox işlər görə bilərlər: təbliğat hücumları edirlər, dünya mediası bütünlüklə bunların əlindədir, İslam Respublikası əleyhinə ürəkləri istəyəni yayırlar. İqtisadi rıçaqlar əllərindədir, siyasi güclər əllərindədir, təhlükəsizlik sistemləri əllərindədir, kəşfiyyat xidmətləri onlara aiddir. Və onlar İslam Respublikası ilə üz-üzə durub. Bəziləri bu cəbhəyə baxanda qorxur, ona görə ki açar sözlərdən olan mühüm bir şeyi – “ilahi sünnə” məsələsini yaddan çıxarırlar. Axı inqilabın özünə qarşı da elə bu cür, hələ bundan da artıq düşmənçiliklər var idi; amma inqilab qələbə çaldı. Eyni ədavət bu gün də var, bu gün də siz onun tələblərinə uyğun davransanız, qalib olacaqsınız; oyan-buyanı yoxdur.
فَلَمّا رَأَى اللهُ صِدقَنا اَنزَلَ بِعَدُوِّنا الکَبت
Bu, müasir dövrümüz üçün də keçərlidir. Mən də, siz də dürüst niyyətlə işə girişib lazımi şərtlərə əməl etsək, müqavimət göstərsək, gözüaçıq olsaq, vaxtında hərəkətə keçsək, düzgün danışsaq, düzgün davransaq, səmimiyyətlə meydana atılsaq, Əmirəl-möminin də buyurduğu kimi,
اَنزَلَ بِعَدُوِّنا الکَبتَ وَ اَنزَلَ عَلَینا النَّصر
– qələbə bizim olacaq, məğlubiyyət, əzilmək isə düşmənin payına düşəcək. Deməli, bura qədər inqilab başlıca və aydın bir məqam kimi, bizim gələcəyimiz üçün də böyük bir ibrət dərsidir.
Amma qeyd etdik ki, bu inqilabı başqa hadisələrlə də müqayisə edəcəyik; inqilabı elə ölkəmizdə baş vermiş – eynilə də dünyadakı – digər hadisələrlə müqayisə etdikdə görürük ki, bu, misilsiz bir hadisədir. Əgər mən mövzunu açıb digər böyük inqilablarla müqayisə aparmaq istəsəm, uzun çəkəcək. Bu barədə əvvəllər də bir qədər danışmışam, amma gəlin elə ölkəmizin daxilində baş vermiş bəzi hadisələri götürək. Misal üçün, İslam İnqilabı ilə ölkənin tarixində böyük bir hadisə olan neft sənayesinin milliləşdirilməsi arasında müqayisə aparaq. Orda da xalq meydanda idi, həmin proseslərdə də xalq iştirak edirdi, belə ki onu da “xalq hərəkatı” adlandırırlar, siyasətçilərin dilində “xalq hərəkatı” kimi məşhurdur. Həmin milli hərəkatın istədiyi nə idi? Minimal bir şey idi; onlar tam, hərtərəfli iqtisadi və siyasi müstəqillik istəmirdilər. Neftimiz bütövlüklə ingilislərin ixtiyarında idi, neft sənayesinin milliləşdirilməsi uğrunda aparılan hərəkatın da istədiyi bu idi ki, neft ingilislərin əlindən alınsın, öz əlimizdə olsun. O qədər də çox şey istəmirdilər; əlbəttə, önəmli bir məsələ idi, amma tam müstəqillik deyildi. O zaman da xalq meydanlara çıxdı, müəyyən hadisələr də baş verdi, amma hərəkat bütövlükdə 2-3 ildən artıq çəkmədi. İki-üç ildən artıq davam etmədi! Düşmən onu boğa bildi, varlığını davam etdirmədi. Həmin hərəkat yatırılandan sonra isə neftin vəziyyəti əvvəlkindən də betər oldu. Yəni 28 mordad hadisələrindən sonra ölkədə yaratdıqları konsorsiumun vəziyyəti əvvəlkindən çox pis idi: əvvəllər ancaq İngiltərənin əlində idisə, indi İngiltərə və Amerikanın əlinə keçmişdi! Neft qəti və dəyişməz surətdə düşmənlərin ixtiyarında idi; axıra qədər də belə oldu, bu vəziyyət inqilaba qədər davam etdi. Amma baxın, İslam İnqilabının qarşıya qoyduğu məsələ təkcə neft məsələsi deyildi, tam müstəqillik məsələsi idi; siyasi, iqtisadi, mədəni cəhətdən müstəqillik. İnqilab meydanlara bu şüarlarla gəldi. İslam İnqilabını neft sənayesinin milliləşdirilməsi hərəkatı ilə müqayisə etmək mümkün deyil, amma bunu qeyd etmək lazımdır ki, o hərəkat duruş gətirə bilmədi, bu hərəkat, bu inqilab isə həm uğur qazandı, həm də qalıcı oldu, yaşadı.
Digər bir hadisə – Məşrutə hərəkatı; İslam İnqilabını Məşrutə hərəkatı ilə müqayisə edək. Doğrudur, Məşrutə də bu ölkədə mühüm bir hadisə idi, amma gəlin baxaq, bu hərəkatın, Məşrutə inqilabının qarşıya qoyduğu tələblər nədən ibarət idi? Monarxiya diktaturasının mütləq hakimiyyətini məhdudlaşdırmaqdan; padşah qalsın, o lazımlı-lazımsız əmrlərini, fərmanlarını versin, intəhası şahın ixtiyarında olan mütləq hakimiyyət məhdudlaşsın; misal üçün, bir parlament təşkil olunsun – məşrutəçilərin istədiyi bu idi. Camaatın da xeyli hissəsi meydanlara çıxmışdı – cürbəcür təbəqələrdən olan insanlar – öldürülənlər, şəhid olanlar olmuşdu, amma sonda düşmən həmin hərəkatı cilovlayaraq ələ aldı və əslində onu məhv etdi. Məşrutə hərəkatının yatırılmasından sonra diktatura daha da şiddətləndi! Yəni Konstitusiyanın verilməsi haqda fərman imzalandıqdan 15 il sonra Rza xan hakimiyyətə gəldi. Həmin Rza xan ki, onun dövründə hökm sürən diktatura əvvəlki şahların heç birinin dövrü ilə müqayisə oluna bilməzdi: zalım, alçaldıcı, xalqa hərtərəfli düşmən; üstəlik xaricilərə də nökər. O birilər istibdadçı olsalar da, əcnəbilərə bir bu qədər boyun əymirdilər. Rza xan isə əcnəbilərin göstərişi ilə gəlmişdi, əcnəbilərin göstərişi ilə də getdi. Arada istədi bir əl-ayaq ata, başına bir qapaz vurdular, qurtardı, çıxdı getdi. Deməli, minimum bir şey istədiyinə baxmayaraq, Məşrutə hərəkatı da öz işini davam etdirə bilmədi, yaşamadı, məhv olub aradan getdi.
Bəs İslam İnqilabı? İslam İnqilabı “şahların hakimiyyəti məhdudlaşsın” demədi; İslam İnqilabı dedi ki, ümumiyyətlə monarxiya nədir? Monarxiyanın nə mənası var? Xalq yaşayır, bu torpaq, bu diyar onundur, nəyə görə kimsə bir nəfər gəlib camaata ağalıq etməli, insanlar onun əmrləri əsasında yaşamalıdır? İnqilab ümumiyyətlə şahlıq quruluşunun özünü, mütləq monarxiya rejiminin hakimiyyətini ortadan qaldırdı. Amma bu inqilab həm də yaşadı; baxın, bunun da öz səbəbləri var, onları təhlil etmək lazımdır. Nəyə görə neft sənayesinin milliləşdirilməsi uğrunda hərəkatda da xalq iştirak etdiyinə – əlbəttə ki, İslam İnqilabı qədər olmasa da, həmin hərəkata da çoxlu sayda insan qatılmışdı – minimum tələblər irəli sürüldüyünə baxmayaraq, o yaşaya bilmədi, İslam İnqilabı isə maksimum müstəqillik tələb etdiyinə baxmayaraq, qaldı, yaşadı? Nəyə görə monarxiya hakimiyyətinin müəyyən qədər məhdudlaşdırılması kimi minimal bir tələblə çıxış edən Məşrutə hərəkatının qalıb varlığını davam etdirməyə gücü çatmadı, amma ölkədə monarxiya quruluşunun kökünün tamamilə kəsilməsi kimi maksimal bir tələblə çıxış edən İslam İnqilabı uğur qazandı və qalıcı oldu?
Bütün bunları bilmək üçün prosesləri təhlil etmək lazımdır. Mən bilirəm, siz gənclər də gedin təhlil edin; qoy gənclər oturub düşünsün, hadisələri analiz etsin, burda nəyin həlledici rol oynadığına baxsınlar. Hansı amil təsir göstərib ki, o hərəkatlar davam edərək son hədəfinə çata bilməyib, İslam İnqilabı isə qüdrətlə duruş gətirməyə müvəffəq olub? Buna səbəb nə olub? Qoy gənclərimiz oturub bütün bunları təhlil etsin. Əgər biz bu hadisələri düzgün təhlil edə bilsək, o zaman bəzilərinin camaatın ürəyinə səpdiyi qorxu və ümidsizlik toxumları tamamilə çürüyüb məhv olacaq. Düzgün dərk edə bilsək, bu ölkənin gələcək yolu tamamilə aydın olacaq. Bir ictimai hadisə üçün qalıcı olmaq, varlığını davam etdirmək olduqca önəmli bir amildir. Bəli, dünyada bəzən çox böyük hadisələr baş verir, amma düşmən onların cilovunu əlinə alır, məhv edib tarixdən silir. Bir inqilabın yaşayıb davam etməsi çox mühümdür. Əlbəttə ki, bunlar geniş söhbətlərin mövzusudur və gənclər bu sahədə bir qədər araşdırma aparmalıdır.
Götürək elə Böyük Fransa İnqilabı adı ilə tanınan məşhur Fransa inqilabını; bəli, bu, doğrudan da, bir inqilab olub; xalqın fəal iştirakı ilə gedən, hərtərəfli və mükəmməl bir inqilab. Yaşanan bir çox acı olaylardan sonra nəhayət bu inqilab qələbə çalıb, amma heç 15 il də yaşamayıb. Bu, imperatorluğun əleyhinə edilən bir inqilab idi, amma onun başladığı dövrdən heç 15 il keçməmiş Napaleonun imperatorluğu başlayıb; tam və mütləq bir monarxiya. Sonradan isə bu inqilab tamamilə unudulub! İnqilabla taxtdan endirilmiş, hakimiyyətdən getmiş şəxslər geri dönərək taxta çıxıb və uzun illər hökmranlıq edib. Sonralar camaat yenidən bir hay-küy salıb, qiyam edib, nəticəsi yenə eyni olub. Fransada təxminən 100 il bu keşməkeşlər davam edib, ən nəhayət 90, 100 ildən sonra Böyük Fransa İnqilabının arzuladığı respublika qurulub. Fransa İnqilabını yaşada bilməyiblər. Sosialist İnqilabı da bir başqa cür; o da eynilə. Bir inqilabın qalıcı ola bilməsi, özünü qoruya bilməsi, düşmənləri ilə pəncələşib onlara qalib gələ bilməsi çox mühüm bir məsələdir; bizim inqilabımız bunu edə bilmiş yeganə inqilabdır və bundan sonra da belə olmalıdır.
Sizə deyim ki, hazırda imperializm dünyasının bütün siyasi beyin mərkəzləri – istər Amerikada, istərsə də bəzi digər imperialist dövlətlərində – bütün diqqətini bu irigövdəli ağacı kökündən qoparmaq, aşırmaq üçün nə etmək lazım olduğunu düşünməyə yönəldib – bir vaxtlar hələ körpə fidan olanda da bunu etmək istəmişdilər, amma bacarmamışdılar – bütün güc və əzmlərini bu məqsəd üzərində cəmləşdiriblər. Diqqət yetirin ki, mövzu yaddaşlarınızda qalsın. Bizim aldığımız xəbərlər, onların təhlilləri haqda məlumatları bizə çatdıran insanlardan əldə etdiyimiz məlumatlar bunu göstərir ki, onlar daim bu inqilabı məhv edib aradan götürməyin yolları üzərində düşünür. Bu inqilab isə Allahın köməyi, siz xalqın əzmi sayəsində elə başını aşağı salıb öz işini görür, irəli gedir; günü-gündən daha da güclənir, inkişaf edir.
Onların bütün səyləri bir yol tapıb İslam İnqilabının bu qalıcılığını yox etməyə yönəlib. Odur ki biz var gücümüzlə bu qalıcılıq xüsusiyyətini daha da artırmağa köklənməliyik. Elə inqilabın əvvəlindən bəri daim onu yox etmək haqda düşünüblər: zorla təhrik olunduğumuz müharibə də, ölkənin müxtəlif yerlərində baş qaldıran etnik konfliktlər də, iqtisadi blokada da, bu son illərdə tətbiq etdikləri ağır sanksiyalar da, ölkəmizin şərqində və qərbində təşkil olunan təkfirçi qruplar da – hamısı ona görə idi ki, inqilabı aradan götürsünlər, onlara bu qədər təəccüblü, ağır və dözülməz gələn bu qalıcılığı yox etsinlər; bütün səyləri buna yönəlib.
Özü də hər gün təzə bir plan fikirləşirlər; 1388-ci ildə baş vermiş işlər də təzə təşəbbüslərdən idi, Amerikanın planı idi. Əlbəttə, bu plan ancaq bizə aid deyildi, bir neçə başqa yerdə də təcrübədən keçirmişdilər. O təcrübəni bir neçə başqa ölkədə sınaqdan çıxarandan sonra gəlmişdilər ki, bizim ölkəyə də tətbiq etsinlər, amma paylarını aldılar. Həmin plan bundan ibarətdir: tutalım, seçkilərin olduğu və hakimiyyət başında, misal üçün, Amerikaya xoş gəlməyən, Amerikanın mənafeyini onların ürəyi istəyən kimi təmin etməyən bir dövlətin durduği bir ölkədə seçki keçirilib, həmin dövlət səs çoxluğu qazanıb; bunlar gəlib seçki bəhanəsi ilə, səs çoxluğu qazanmamış o azlığı küçələrə, meydanlara çıxarır. Bu azlığın gözə girməsi, yaxşıca nəzərə çarpması üçün bir rəng də seçirlər: bənövşəyi, qırmızı, yaşıl və sair – bizə çatan yaşıl idi, ondan qabaq başqa yerlərdə qırmızı, narıncı və sair rəngləri tətbiq etmişdilər – məqsəd isə səs çoxluğu toplamamış azlığı bu hiylə ilə küçələrə çəkib çıxarmaqdır. Xalqın nümayəndələridir, vətəndaşlardır da; harada olursa-olsun, təki etiraz etsinlər – doğrudan da, elə xalqdır, vətəndaşlardır, intəhası dəstəklədikləri namizəd səs çoxluğu toplamamış vətəndaşlardır; xalqın nümayəndəsi olduqlarına heç kimin şübhəsi yoxdur – bunlar da ardı-arası kəsilmədən kömək etsinlər, lazım gəlsə pul versinlər, siyasi dəstək versinlər, yeri gəlsə hətta əllərinə silah versinlər, təki seçkinin nəticələri pozulsun, ləğv olunsun. Bunu bir neçə ölkədə reallaşdırmışdılar, uğurlu da olmuşdu. Gəldilər ki, burda da tətbiq etsinlər, bacarmadılar; burda da eyni məsələ idi.
Əlbəttə, bu hadisələr baş verdiyi zaman dostlarımız mənə dönə-dönə tövsiyə etdilər ki, rəngli inqilab adı çəkməyim; mən də məsləhətə önəm verən biri olduğuma görə – məsləhət verənlər də düşünən, ağıllı insnalardır da – rəngli inqilab söhbətini etmədim, amma bu, rəngli inqilab idi; əslində bu, rəngli çevriliş idi, uğursuz bir rəngli çevriliş. Bax bu, çox əhəmiyyətlidir; başqa ölkələrdə – dörd-beş ölkədə – amerikalıların pulu, əllərində olan imkanlar sayəsində reallaşmış və uğurlu olmuş bu təzahür İslam Respublikasında uğur qazanmadı; baxmayaraq ki, dəstək verənlər də olmuşdu.
O hadisələrdən bir az əvvəl ABŞ prezidenti mənə məktub yazmışdı – ikinci məktubunu – məktub başdan-ayağa mənimlə və İslam Respublikası ilə həmfikir olduğunu ifadə edən bəyanatlarla dolu idi. Mən də həmin məktubu cavablandırmağı düşünürdüm, cavabsız qoymaq istəmirdim. Amma sonradan həmin hadisələr baş verdiyi zaman o, dərhal dövlətə, inqilaba, İslam Respublikasının adındakı İslam sözünə qarşı çıxaraq Tehran küçələrinə tökülmüş insanların xeyrinə mövqe tutdu və bunlar etirazçıların gördüyü bütün işləri dəstəklədilər; əlbəttə, bundan artığını da etmək istəyirdilər, amma bacarmadılar. Hələ indi də hazırkı Amerika prezidentinin bəzi müxalifləri onu 1388-ci ildə baş vermiş hadisələr zamanı İslam Respublikası əleyhinə çıxış edən iğtişaşçıları lazımınca dəstəkləmədiyinə görə günahlandırırlar; amma niyə, dəstəkləmişdi, intəhası İran xalqı vaxtında hərəkətə keçdi, zamanında proseslərə müdaxilə etdi, düzgün olan işi gördü.
Demək istədiyim odur ki, bu qalıcılıq mühüm bir məsələdir; bu xüsusiyyəti konkret bir hədəf kimi nəzərdə tutmaq, onu necə təmin etməli olduğumuz haqda düşünmək lazımdır. Baxın görün İslam İnqilabını qalıcı, həmişəyaşar edən amillər hansıdır. O amilləri biz hamımız – ayrı-ayrılıqda hər birimiz təmin etməliyik. Əlbəttə, mən onu da dedim ki, bu təhlilləri etmək siz gənclərin öhdəsinə düşür. Nüvə danışıqlarından sonrakı dövrü amerikalılar özləri “İrana qarşı sərt münasibət dövrü” adlandırıblar, “Sərt davranmalıyıq” – deyirlər; olsun, indiyə qədər olduğundan da sərt davranmayacaqlar ki! İran gəncləri, İran xalqı,ölkəmizin rəsmiləri sayıq və məlumatlı surətdə, optimist ruh və ehtişamla, Allaha təvəkkül edərək, çoxsaylı güclü cəhətlərinə arxalanaraq düşmənin qarşısında durmalıdır; bu, çox əhəmiyyətlidir. Hər anın öz vəzifəsi var, o vəzifənin nə olduğunu bilmək və yerinə yetirmək lazımdır. Yaxşı, bu mövzuda söhbətimiz bir qədər uzandı.
Keçək seçki məsələsinə; mühüm işlərdən biri də seçkidir. Seçkilər, əslində, İran xalqına yeni bir nəfəs vermək deməkdir; seçki ilə İran xalqı yeni nəfəs almış olur. Bu, seçkilər üçün təbii, xarakterik olan bir xüsusiyyətdir. Xalqımızın nümayəndələrinin bir-bir gəlib seçkiyə qatılmağı, səsvermədə iştirak etməyi, “Məncə, filan vəzifəni filankəs tutmalıdır” – deməyi – istər bu, ölkə prezidentliyi olsun, istər parlament, istərsə də Xubriqan Məclisi; bunların hər biri ayrı-ayrılıqda böyük əhəmiyyətə malikdir – xalqın hər bir nümayəndəsinin özündə bu məsuliyyəti hiss etməyi özü-özlüyündə İslam İnqilabını qoruyan və yaşadan amillərdən biridir. Xalqın ictimai-siyasi proseslərdə iştirakı düşmənin arzusunu ürəyində qoyan amillərdən biridir. Elə buna görə də biz əhalinin hamılıqla seçkidə iştirak etməli olduğunu dönə-dönə vurğulayır, buna israr edirik, mən bundan əvvəl dəfələrlə – artıq yadımda da deyil neçə dəfə – vurğulamışam ki, hətta hakim rejimi qəbul etməyən insanlar da ölkəni, ölkənin nüfuz və etibarını qorumaq üçün gəlib seçkidə iştirak etsinlər. Ola bilsin, kimsə məni qəbul etmir, eybi yoxdur, seçki Rəhbərlik Məqamının deyil ki, İran İslam dövlətinindir, İslam Respublikası quruluşunundur. Hər kəs gəlib seçkidə iştirak etməlidir; bu ona səbəb olacaq ki, İslam Respublikası quruluşu güclənsin, möhkəmliyi və qalıcılığı təmin olunsun, ölkə tam təhlükəsizlik içində olsun – əlhəmdulillah, bu gün vəziyyət elə bu cürdür – bu, ona səbəb olacaq ki, İran xalqı başqa xalqların gözündə nüfuz qazansın, etibarı yüksəlsin, xalqımız düşmənlərin gözündə ehtişam qazansın; seçkilər budur. Odur ki seçkidə əsas məsələ seçicilərin seçki məntəqələrinə gəlib səs verməsidir. Seçkidə hamı iştirak etməlidir; seçicilərin seçkidə iştirakı İran İslam Respublikasının, İslamın, İran xalqının, ölkənin nüfuzu deməkdir. Bu, birinci məsələ.
İkinci məsələ isə düzgün seçim etməkdir. Siyasi düşüncələr, siyasi meyillər müxtəlif ola bilər, bunun eybi yoxdur, amma hamı çalışmalıdır ki, düzgün seçim etsin. Biz əlimizdən gələni edək, ola bilsin bu səyimiz nəticəsini versin, seçimimiz düzgün olsun, ola da bilsin ki, səyimiz nəticə verməsin, düzgüm seçim etməyək, eybi yoxdur. Allah-taala qəbul edəcək, çünki öhdəmizə düşən işi görmüş, bacardığımızı etmiş, əlimizdən gələni əsirgəməmişik. Misal üçün, hazırda qarşımızda iki seçki var: parlamentə və Xubriqan Məclisinə.
Parlament çox əhəmiyyətlidir: həm qanunvericilik baxımından, həm hökumətlərin fəaliyyəti üçün rels atmaq baxımından – bu qatarın irəli gedib hədəflərinə çatması üçün relsləri parlament atır – həm də beynəlxalq məsələlər baxımından. Gördüyünüz kimi, Allaha şükürlər olsun ki, hazırkı parlamentimiz beynəlxalq proseslərə münasibətdə çox yaxşı mövqe tutur, bu, ölkə üçün çox dəyərlidir. Bu hara, beynəlxalq düşmənlərin, vahid düşmən cəbhəsinin qarşısında onların sözünü təkrar edən bir parlament hara? Bu ikisi çox fərqli şeylərdir; biri var istər nüvə məsələsində, istərsə də digər cürbəcür məsələlərdə düşmənin dediyini təkrar edən bir parlamentimiz olsun, biri də var müstəqil, azad, cəsarətli, xalqın irəli sürdüyü şüarları irəli sürən, xalqın istədiyi kimi mövqe tutan bir milli məclisimiz; bu, çox əhəmiyyətlidir. Odur ki İslami Şura Məclisi həm ölkənin daxili məsələləri, həm də beynəlxalq nüfuz və etibarı baxımından çox böyük əhəmiyyətə malikdir və deputatların ayrı-ayrılıqda hər birinin bu işdə rolu var. Səs vermək istəyirsiniz, baxırsınız ki, filan şəhərdən bir nümayəndə var, filan şəhərdən – tutalım, filan ostandan – on nümayəndə var; onların hər birinin parlamentdə öz rolu, fəaliyyəti var, insan əminliklə bir fikrə gəlib seçim etməlidir. Mənim fikrimcə, namizədləri bircə-bircə tanımaya bilərik – mən özüm də səs verməyim üçün o siyahıları gətirəndə ordakı insanlardan bəzilərini tanımıram, amma onların namizədliyini irəli sürmüş insanlara etibar edirəm; baxıram görüm o siyahını irəli sürənlər kimdir. Əgər dindar, mömin, inqilabı dəstəkləyən adamlardırsa, sözlərinə etimad edib, təqdim etdikləri siyahıya səs verirəm. Əgər görsəm ki, yox, inqilaba, dinə, ölkənin müstəqilliyinə bir o qədər də önəm verməyən, Amerika və başqalarının ağzına baxan insanlardır, dediklərinə etimad etmirəm. Məncə, bu, çox yaxşı yoldur: parlament və ya Xubriqan Məclisinə namizədlərin siyahısını bizə təqdim edənlərin kim olduğuna baxaq, dindarlığına, din-imana bağlılığına doğrudan da inandığımız insanlara etimad edək; bilək ki, doğrudan da, dindardırlar, inqilaba sadiqdirlər, düzgün kursda, İmam Xomeyninin yolundadırlar, İmamı, doğrudan da, qəbul edirlər; yolu budur ki, bunları bilək. Əgər insanlarımız bu cür davranıb bu şəkildə araşdırma aparsalar, öhdələrinə düşən işi yerinə yetirmiş olarlar, Allah-taala da savablarını verər; lap əgər müəyyən məqamda səhvə yol vermiş olsalar belə. Misal üçün, mən filankəsin yaxşı adam olduğunu düşünüb ona səs vermişəm, birdən layiqli olmasa belə, mən əlimdən gələni etmişəm və Allah-taala əcrimi verəcək.
Xubriqan Məclisi də çox əhəmiyyətlidir. Belə baxanda – kənardan nəzər salsaq – Xubriqan Məclisinin üzvləri ildə iki dəfə gəlib bir yerə yığşırlar, oturub siyasi və ya qeyri-siyasi söhbətlər aparırlar, sonra da dağılışıb çıxıb gedirlər; amma Xubriqan Məclisinə bu gözlə baxmaq lazım deyil. Xubriqan Məclisi Rəhbəri seçir; zarafat deyil. Hazırkı Rəhbər bu postdan kənarlaşanda, yaxud dünyadan gedəndə yeni Rəhbəri bunlar seçməlidir. Kimi seçəcəklər? Elə bir insanı seçəcəklərmi ki, düşmənin hücumları qarşısında möhkəm dura bilsin, Allaha təvəkkül etsin, şücaət nümayiş etdirsin, İmam Xomeyninin yolunu davam etdirsin? Beləsini seçəcəklər, yoxsa tamam başqa cür bir insanı? Bax bu, olduqca əhəmiyyətli bir məsələdir. Sizin Xubriqan Məclisinə seçmək istədiyiniz şəxs əslində gələcəkdə inqilabın hərəkət kursuna təsir edən biri olacaq; bu, çox əhəmiyyətlidir, xırda bir məsələ deyil. Ona görə də araşdırma aparmaq, əmin olmaq lazımdır. Odur ki seçkilərin özü, seçkidə iştirak mühüm, prinsipial bir məsələdir, eyni zamanda ən layiqli namizədin seçilməsi də diqqət yetirilməli olan önəmli bir məqamdır.
İnqilaba sadiqliyin, inqilabı həqiqətən dəstəkləməyin meyarları da çox önəmlidir; yəni bu meyarların nədən ibarət olduğunu bilmək, inqilaba sadiqliyin göstəricilərini düzgün nəzərdən keçirmək, müəyyənləşdirmək, bizdən daha yaxşı bilən insanlardan bu barədə soruşmaq lazımdır. Bütün bunlar təmin olunsa, inqilab, heç şübhəsiz, həmişə davam edəcək, qalıcı olacaq.
Bu vəziəflərə əməl etməyin iki tərəfi var: biri – qeyd etdiyim kimi – inqilabın qalıcılığıdır. Məlumdur ki, bizim həm itirdiklərimiz – sıralarımızı tərk edənlər, həm də qazandıqlarımız – sıralarımıza yeni-yeni qoşulanlar olur; mən bunu dəfələrlə demişəm. Elə insanlar olur ki, bir vaxtlar inqilabı dəstəklədiklərinə baxmayaraq, sonradan hansısa xoşagəlməz olay ucbatından haqq-nahaq inqilabdan üz döndərirlər. Elələri var ki, gözləmədikləri bir iş baş verir – tutalım, haqlı olduqları halda, haradasa onlara qarşı zülmə yol verilir – və bu, onların inqilabdan üz çevirmələrinə səbəb olur. Bax bu nahaq işdir. Şəxsi, ailə məsələləri və yaxud digər problemlər ucbatından inqilabdan üz çevirənlər də olur. Bu, bizim itkilərimizdir; inqilabın sıralarından ayrılanlardır. Bütün inqilablarda, bütün ictimai hərəkatlarda bu cür itkilər, yarpaq tökümü olur, amma bununla yanaşı, yeni cücərtilər, sıralarına yeni qoşulanlar da olur. Mənim bu barədə məlumatım heç də az deyil, bir çox yerlərdən xəbərim var. Baxanda görürəm ki, cücərtilər itkilərdən daha çoxdur. Bu qədər mömin gənc, bu qədər ali təhsilli mömin, prosesləri analiz etməyi bacaran möminlər, elm və texnologiya sferasında effektiv fəaliyyət göstərən bu qədər insan, hamısı da mömin – bütün bunlar inqilabın cücərtiləri, qazancıdır. Vaxt var idi ölkəmizdə universitetlərdə dərs deyə biləcək insanların sayı 5 mindən artıq deyildi və bu, ölkə üçün problemə çevrilmişdi. İnqilabın əvvəllərində vəziyyətimiz belə idi; savadlı adamların bir qrupu çıxıb getmişdi, bir qrup bizə sarı gəlmirdi, bir qrupunun da ali məktəblərdə dərs deməyə səlahiyyəti çatmırdı. Bu gün isə universitetlərimizdə on minlərlə professor və müəllim çalışır; mömin, inqilaba, həqiqətən də, sadiq olan, bütün varlığı ilə inanan professorlar. Bu, xırda, əhəmiyyətsiz bir şey deyil, onları inqilab yetişdirib. Bu qədər mömin yazarımız, incəsənət xadimlərimiz, alimlərimiz, texnoloji mütəxəssislərimiz, maarifçilərimiz, natiqlərimiz var; cürbəcür sferalarda, daxili və xarici məsələlərdə. Bunlar inqilabın cücərtiləridir, təzə-tər, hazır cücərtiləri; bu, olduqca dəyərli bir faktdır. Odur ki əgər biz inqilabla bağlı öhdəmizə düşən vəzifələri yerinə yetirsək, bu, elə inqilabın cücərtilərinin qalıcılığı, varlığını davam etdirməsi, daha da çoxalması deməkdir.
İkincisi insanın qəlbinə çökən rahatlıq, arxayınlıqdır. Qurani-Kərimdə Allah-taala Peyəmbərə (s) beyət barədə buyurur:
لَقَد رَضِىَ اللهُ عَنِ المُؤمِنینَ اِذ یُبایِعونَکَ تَحتَ الشَّجَرَةِ فَعَلِمَ ما فى قُلوبِهِم فَاَنزَلَ السَّکینَةَ عَلَیهِم
“And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu, onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (Öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, mənəvi qüvvə) göndərdi”. (“Fəth” surəsi, 18-ci ayədən)
Peyğəmbərə beyət edənlərin səmimi-qəlbdən etdiyi beyət – Allah-taala onların qəlbində nələrin olduğunu bilirdi – Yaradanın onların qəlbinə rahatlıq və arxayınlıq nazil etməsinə səbəb olmuşdur. Qəlblərə arxayınlıq, rahatlıq nazil olanda narahatlıqlar yox olub gedir, nigaranlıqlara son qoyulur, ümidsizlik aradan qalxır. Bu gün düşmənlərimizin ən çox önəm verdiyi işlərdən biri xalqımıza ümidsizlik aşılamaq, insanlarımızı pessimist ruhda kökləməkdir. Müxtəlif sferalarda gəncləri, yaşlıları, keçmiş inqilabçıları ümidsizliyə sövq etməyə çalışırlar. Allah-taalanın bəxş etdiyi bu rahatlıq və arxayınlıq isə insana ümid bəxş edir. Peyğəmbərə beyət etmək buna yol açır. Bu gün siz də inqilaba beyət edəndə, əvvəlki beyətinizi bir daha təsdiqləyəndə, yeniləyəndə Peyğəmbərə beyət etmiş olursunuz. Bu gün İmam Xomeyniyə beyət edən şəxs Peyğəmbərə beyət etmişdir. Siz İmamın inqilabi kursunu qoruyub yaşadanda, onu köhnəlməyə, aktuallığını itirməyə qoymayanda, əslində, Peyğəmbərə beyət etmiş olursunuz. Peyğəmbərə beyət edəndə isə:
اَنزَلَ اللهُ سَکینَتَهُ عَلى رَسولِه وَ عَلَى المُؤمِنینَ
“Allah Öz Peyəmbərinə və möminlərə arxayınlıq nazil etdi ...” (“Tövbə” surəsi, 26-cı ayədən)
– bu, başqa bir ayədədir, həmin ayədə isə belədir:
فَاَنزَلَ السَّکینةَ عَلَیهِم
– “Allah-taala qəlbinizə rahatlıq və arxayınlıq bəxş edəcək”. Qəlbiniz rahat, xatircəm olanda isə düşmənlə üzləşərkən çaşıb qalmayacaqsınız, ümidsizliyə qapılmayacaqsınız, tərəddüd keçirməyəcəksiniz; bu gün bu mənəvi rahatlıq, arxayınlıq sayəsində İran xalqının Amerikaya və onun məkrli planlarına qalib gələcəyinə əmin olmaq olar.(2)
İnşallah, Uca Yaradan sizin hamınıza uğurlar nəsib etsin; bu yolda hamımızı sabitqədəm etsin; bizi inqilabın qalıcılığı uğrunda çalışıb-vuruşan, bu yolda canını belə əsirgəməyən əsgərlərdən etsin. Pərvərdigara! Məhəmməd (s) və Ali-Məhəmməd (ə) xatirinə, öz lütf və rəhmətini bu xalqa nazil et. İmam Xomeyninin (r.ə) pak ruhunu bizdən yana şad et; İmam Mehdi Sahibəz-zamanın qəlbini (Ruhlarımız ona fəda olsun!) biz sarıdan sevindir.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_________________
(1) “Nəhcül-bəlağə”, 56-cı xütbə
(2) “Allahu-əkbər!” sədaları və “Amerikaya ölüm!” şüarları eşidilir