Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ölkənin müxtəlif bölgələrində fəaliyyətdə olan imam-cümələrlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام على سیّدنا و نبیّنا ابى‌القاسم المصطفى محمّد و على آله الطّیبین الطّاهرین المعصومین سیّما بقیّةالله فى الارضین

Əziz qardaşlar, möhtərəm imam-cümələr, İslam İnqilabının ölkənin dörd bir yanında mədəni, mənəvi bir missiya ilə fəaliyyət göstərən məmurları, sizinlə olan bu görüşlər mənim üçün olduqca maraqlı və arzuolunandır. Kaş sizin hər birinizlə ayrılıqda oturub söhbət etmək imkanımız olaydı! Əfsuslar olsun ki, həm vaxt məhdudiyyəti, həm də belə effektli işlər üçün kifayət qədər güc və imkanımın olmamağı mənim sizin hər birinizlə ayrılıqda oturub söhbət etməyə, məsələləri sizdən eşitməyə müvəffəq olmağıma mane olur. Çox istərdim ki, hərdən sizin cümə namazlarında söylədiyiniz xütbələri dinləyəm. Əvvəllər bəzi rayonlara gedəndə oranın cümə xütbələrini radiodan dinləməyə çox həvəs göstərirdim; indi daha səfərlərimiz də azaldığı üçün bu mənə daha az müyəssər olur. Hər halda, bugünkü görüşümüz mənim üçün çox dəyərlidir; sizlərlə görüşdük, cənab Təqəvinin etdiyi geniş, ətraflı və faydalı məruzəni eşitdik. Bu görüşdə mən iki məqama toxunmaq istəyirəm: bunlardan biri bizi də, sizi də maraqlandıran və olduqca böyük əhəmiyyət kəsb edən cümə namazları mövzusudur, ikincisi isə qarşıda gələn seçkilərlə bağlıdır, bu barədə qısaca danışacağam. Bu iki məsələnin hər biri ilə bağlı bir neçə cümlə deyəcəyəm.

Cümə namazı barədə bunu deyim ki, cümə namazı bir qərargahdır; iman, təqva, bəsirət, gözüaçıqlıq, əxlaq qərargahı. “Qərargah” sözü müharibə, döyüş və bu kimi şeylərlə bağlı bir termindir, amma cümə namazı barədə bu ifadənin işlədilməsi bizi qorxutmamalıdır. Çünki ortada bir qarşıdurma var, biz müharibə şəraitindəyik, intəhası bu, top-tüfəngli bir müharibə deyil, insanlarımızın imanını hədəfə alan, mənəvi, ideoloji, siyasi bir müharibədir. Biz bu müharibəyə zorla təhrik olunmuşuq; eynilə Müqəddəs Müdafiə dövründə 8 il müharibəyə cəlb edildiyimiz kimi. Bizim öz qonşumuzla savaşmaq kimi bir niyyətimiz yox idi, zorla boynumuza qoydular, üstümüzə hücum etdilər. Biz heç vaxt ilk olaraq hücum etmirik; hətta müdafiə olunmaq lazım olmayan yerdə müdafiə tədbirləri də görmürük.

لَئِن بَسَطتَ اِلَىَّ یَدَکَ لِتَقتُلَنى مآ اَنَا بِباسِطٍ یَدِىَ اِلَیکَ لِاَقتُلَکَ اِنّى اَخافُ اللهَ رَبَّ العلَمین

“Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürməkdən ötrü sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”. (“Maidə” surəsi, 28-ci ayə)

Biz beləyik. Özünü müdafiə etmək lazım olan yerdə isə, niyə, dərhal müdafiəyə qalxırıq. Allaha şükür, İran xalqı, inqilabi qüvvələr, dahi və əziz liderimiz mərhum İmam Xomeyni – hansı ki, əlhəmdulillah, adı, xatirəsi, yolu bu gün də yaşayır – müdafiə sahəsində güclü və bacarıqlı olduqlarını nümayiş etdiriblər. Biz belə bir qarşıdurma vəziyyətindəyik, belə bir cihad şəraitindəyik. Xalqımızın imanına, gözüaçıqlığına, təqvamıza, əxlaqımıza hücumlar edirlər, aramızda mənəviyyatımıza zərər verəcək cürbəcür təhlükəli viruslar yayırlar. Belə olan halda bəs biz nə etməliyik? Müdafiə olunmalıyıq. Bunun üçün isə eynilə müharibə meydanında olduğu kimi, vahid bir mərkəz, qərargah olmalıdır. Cümə namazı belə qərargahların ən əhəmiyyətli olanlarından biridir; iman qərargahıdır, təqva qərargahıdır. Cümə namazına bu gözlə baxmaq lazımdır. Sizlər də bu qərargahın komandanlarısınız. Müharibə meydanlarında hər bir qərargahın öz komandiri olur. Cümə namazı qərargahlarının komandirləri də sizsiniz.

Bu qərargahda ən önəmli hədəf həqiqətləri açıqlamaqdır, aydınlıq gətirməkdir. Allahın göndərdiyi bütün peyğəmbərlərin də ən başlıca məqsədi həqiqətləri açıqlamaq, aydınlatmaq olmuşdur. Çünki insanları doğru yoldan azdıran bu olur ki, onlar həqiqətləri bilmirlər; əsasən belə olur. Düzdür, elələri də var ki, həqiqəti bilir, lakin inkar edirlər, amma əksəriyyət etibarilə sapmalar həqiqəti bilməməkdən qaynaqlanır. İlahi peyğəmbərlər də həqiqəti bəyan etmək, açıqlamaq, aşkara çıxarmaq, insanlar üçün dəlil-sübutu sona qədər tamamlamaq missiyası ilə gəlmişlər. Aydınlıq gətirmək, açıqlamaq məsələsi belədir.

اَلعُلَماءُ وَرَثَةُ الاَنبیاء

– “Alimlər peyğəmbərlərin varisləridir”.(1) Siz peyğəmbərlərin varislərisiniz; o cümlədən bu məsələdə – həqiqətləri açıqlamaq məsələsində.

Adından da göründüyü kimi, cümə namazı insanların bir araya gəldiyi, toplaşdığı bir yerdir. Bunun özü də həqiqətlərin açıqlanması üçün böyük bir fürsətdir. Bəzən insan onun-bunun qapısına getməyə, yaxud qeyri-müstəqim yollardan istifadə etməyə məcbur qalır. Müasir dövrdə geniş yayılmış kommunikasiya vasitələri də, düzdür, genişdir – internet, sosial şəbəkələr və sair əhatəlidir – amma üz-üzə oturmaq, göz-gözə baxmaq, danışanın və auditoriyanın nəfəsini, həmin an orada olduğunu hiss etmək başqa bir şeydir. Kütlə, bir yerə toplaşmaq başqa bir şeydir. Hansısa sözü, mesajı bir neçə min nəfər internet və ya sms vasitəsilə ala bilər, amma həmin insanların bir araya gəlib bir nəfərin söhbətini dinləməsi fərqli bir şeydir. Üzbəüz oturub bir-birinin gözlərinə baxmaq qeyri-adi bir təsirə malikdir və bu, siz imam-cümələrə müyəssər olan bir şeydir. Cümə namazı bir araya gəlmək üçün bir fürsətdir, kütlənin yarandığı bir məkandır. Cümə namazlarında insanlar bir yerə toplaşır, burada onlar bir-biri ilə fikirlərini bölüşə bilərlər, birgə qərar verə bilərlər, birlikdə hansısa addımı ata bilərlər; bütün bunlar çox əhəmiyyətlidir. Dinə yad olan insanlar – istər əcnəbilər, istərsə də elə ölkəmizdə bu imkanlardan yararlanmayan bəzi bədbəxt ünsürlər – insanları bir araya toplaya, onlarla söhbət edə, fikir mübadiləsi apara bilmədikləri, bunun üçün əllərində heç bir vasitə olmadığı üçün həsrət çəkir, heyfslənirlər. Təzəlikcə müxtəlif adlar altında bu tip tədbirlər keçirmək istəyirlər, amma alınmır. Elə isə cümə namazı hər bir şəhərin mədəniyyətinin döyünən ürəyidir. Hər bir şəhərin mədəni mərkəzi cümə namazıdır. Əlbəttə, bunun da müəyyən şərtləri var, qeyd edəcəyəm. Elə yer var ki, orada istiqamətləndirmə işi aparılır. Mən altını cızaraq qeyd edirəm ki, bu, sırf siyasi cəhətdən istiqamətləndirmə deyil, həm siyasi, həm də mədəni cəhətdən istiqamətləndirmədir. Elə düşünməyək ki, misal üçün, günümüzdə aktual və həm də problemli olan hansısa siyasi məsələ barədə car çəkib danışdıq, fikirlərimizi ifadəli bir tərzdə açıqladıqsa, iş bitdi. Yox, mən insanları mədəni cəhətdən istiqamətləndirməyi siyasi cəhətdən istiqamətləndirməkdən daha vacib hesab edirəm. Siyasi cəhətdən istiqamətləndirmə də çox lazımlı bir şeydir və buna etinasız yanaşmaq olmaz, amma mədəni istiqamətləndirmə, insanların mədəniyyəti, əxlaqı daha önəmlidir. 

Misal üçün, bizim bir neçə il əvvəl (2) irəli sürdüyümüz həyat tərzi məsələsi önəmli məsələlərdən biridir. Həyat tərzi çoxşaxəli bir mövzudur; İran xalqı və İslam dininin düşmənlərinin ən başlıca hədəflərindən biri də müsəlmanların həyat tərzini dəyişib özlərininkinə bənzətməkdir. Həyatın reallıqları insanın düşüncəsinə təsir göstərir, gündəlik həyatdakı davranışları insanın qəlbində, ruhunda – həm öz ruhunda, həm də ünsiyyətdə olduğu insanların ruhunda – təsir buraxır; onlar bax bunu dəyişmək istəyirlər. İslam biz müsəlmanlar üçün müəyyən həyat tərzi gətirmişdir. Məsələn, etika, ədəb-ərkan. Etika önəmli məsələlərdən biridir. Avropalılar adi ünsiyyətdə ədəb-ərkana o qədər də əhəmiyyət vermirlər. Biz iranlılar isə qədimdən danışığımızda, rəftarımızda ədəb-ərkanı gözləməyimizlə, qarşı tərəfə hörmət qoymağımızla tanınmışıq. Onlar bunu dəyişmək istəyirlər və təəssüflər olsun ki, müəyyən məqamlarda buna nail ola biliblər də. Tutalım, siz birinə müxalifsiniz, onun haqqında fikir bildirmək istəyirsiniz, bu məqamda iki cür danışa bilərsiniz: etikanı gözləmədən, hörmətsiz, qaba tərzdə də danışmaq olar, nəzakətlə, ədəb-ərkanla da. Baxın, Quranda əksər hallarda fasiqlərdən, kafirlərdən, şər əməlli qövmlərin ən pislərindən söz düşəndə buyurulur:

وَ لکنَّ اَکثَرَهُم لا یَعلَمون

“Lakin onların çoxu bilməz”. ( “Ənam” surəsi, 37-ci ayə)

 Demir ki, “hamısı”; axı onların arasında bir azlıq da olsa düşünənlər, bilənlər var. Baxın, Qurani-Kərim onların haqqını gözləyərək “çoxu” deyə buyurur.

Həyat tərzi, müsbət ənənə və vərdişlər baxımından diqqətəlayiq məsələlərdən biri də, misal üçün, kitab mütaliəsidir. Düzdür, bu gün edilən məruzədə bu mövzuya bir qədər toxunuldu, ancaq mən yenə də qeyd etmək istəyirəm ki, bizim əhalini, gəncləri kitab mütaliəsinə təşviq etməyimiz olduqca önəmlidir. Kitab oxumaq çox əhəmiyyətlidir; yaxşı kitabları da insanlara tanıtmaq lazımdır. Hətta mən belə güman edirəm, düşünürəm ki, cümə namazlarının qılındığı məkanlarda yaxşı, oxunaqlı, aktual kitabların sərgisi də təşkil olunmalıdır – əlbəttə ki, rəhbər işçilər bu məsələnin müxtəlif tərəflərini nəzərdən keçirməlidirlər – qoy insanlar gəlsin, kitabları görsün, nəşrlərlə tanış olsun, istəsələr oradan, yaxud başqa bir yerdən əldə etsinlər. İnsanları kitab oxumağa, rəsmiləri yeni kitabların nəşrinə vadar etmək lazımdır, bunlar lazımlı şeylərdir. Önəmli məsələlərdən biri də budur.

Cümə namazı ilə bağlı digər bir mühüm məsələ ölkənin gənc ictimaiyyətinin bura cəlb edilməsidir. Hazırda ölkəmizdə gənc əhalinin say nisbəti əvvəlkindən – 60-cı illərin axırları 70-ci illərin əvvəllərindən – bir qədər aşağı olsa da, Allaha şükürlər olsun ki, cəmiyyətimiz gənc bir cəmiyyətdir, cavanlarımız çoxdur. Onları cümə namazlarına cəlb etmək lazımdır, bu isə elə “gənclər, cümə namazlarına gəlin, cümə namazlarına həvəs göstərin” deməklə mümkün olan bir iş deyil. Gəncləri qəlblə, dərklə cümə namazlarına çəkib gətirmək lazımdır. Onları cümə namazlarına cəlb edə biləcək şeylərdən biri güclü, əsaslı sözlər, fikirlər deməkdir. İstər siyasət, istərsə də mədəniyyət mövzusunda söylənən zəif fikir orada olan insanları – bir qrup adam var ki, adət ediblər, adət olaraq namaza gəlirlər – minbərdən söz eşitmək istəyən gəncləri cəlb etməyəcək. Təzə söz demək lazımdır. Şair demiş:

سخن نو آر که نو را حلاوتیست دگر

– “Təzə söz de, çünki təzədə həmişə bir şirinlik olur”.(3) Təzə söz deyəndə mən bidət gətirəcək, “Bidətdir” – deyə iradlara səbəb olacaq fikirləri nəzərdə tutmuram, yox. Təzə söz odur ki, oturub dərindən fikirləşin, düşünün, araşdırma aparın, gənclər üçün yeni və cəlbedici fikirlər tapın. Bax onda cavanlar gələcək; gəlib namazlarda iştirak edəcək. Sizin onları çağırmağınıza ehtiyac olmadan, özləri gələcəklər.

Əziz qardaşlar! Gəncləri cəlb edən şeylərdən biri də səmimiyyət hiss etmələridir. Gənclər emosional olur, qəlbinin, emosiyalarının yönəltdiyi istiqamətə gedərək bir çox işlər görür. Səmimiyyət, mehribanlıq, dürüstlük hiss etsələr, gələcəklər. Yox əgər əksinə – bizdə təkəbbür hiss etsələr, lovğalıq hiss etsələr, özümüzü göstərmək istədiyimizi sezsələr, gəlməyəcəklər. Bu şeyləri təmin etmək lazımdır, onda cavanlar gələcək. Gənclər cümə namazlarına gəlirsə, bu o deməkdir ki, siz əslində ölkənin hərəkətverici qüvvəsini, avanqardlarını mənəvi cəhətdən qidalandırırsınız. Gənclər ölkənin avanqard qüvvəsidir. Onlar cümə namazlarına gəlirsə, siz onları mənən qidalandırırsınız.

Bu fikrin davamı olaraq demək istəyirəm ki, zənnimcə, imam-cümələrlə bağlı mühüm məsələlərdən biri də onların insanlarla administrativ tərzdə yox, sadə bir ruhani tələbə tərzində davranmasıdır. İmam-cümə institutu dini, ruhani bir institutdur, administrativ təsisat deyil, ona idarəçilik xarakteri vermək lazım deyil. Cümə namazında amiranə, idarəçi davranış yox, dindar insana, ruhani xadimə münasib davranış effekt verir. İnsanlara rəsmiyyətçi tərzdə yox, ruhani-mənəvi tərzdə yanaşmaq lazımdır; bir ata kimi, qardaş kimi, səmimi münasibət göstərmək lazımdır. Ruhaniyə yaraşan münasibət budur.

Digər bir məsələ isə haqqı nəzərə almaqdır. Bəzən görürsən ki, nisbətən böyük kütlə qarşısında minbərdən çıxış edən ruhanilər danışarkən həmin auditoriyanın istəyini nəzərə alırlar; ora toplaşanlar necə istəyirsə, o cür danışırlar; bu, yanlışdır. Belə hallar inqilabdan əvvəl də var idi. Güclü natiqlər, məsələn, yeni söz söyləyən, dini məfkurə mövzusunda çıxış edən insanlar arasında elələri var idi ki, kütləyə nəyin xoş gəldiyinə baxırdılar. Müəyyən mövzu auditoriyaya xoş gəlirdisə, yanlış belə olsa, o barədə danışırdılar. Belə etməyin, bu, yanlışdır. Dinləyiciyə xoş gəlməsə belə, yalnız doğru olanı deyin; özü də sözü arqumentlərlə əsaslandıraraq, elə yumşaq və ürəyəyatan bir tərzdə demək olar ki, ürəyincə olmayan, ola bilsin, ona xoş gəlməyəcək bir söz də eşidənin ürəyinə yatar.

Daha bir mühüm məqam isə imam-cümələrə hörmətlə yanaşılması məsələsidir. İmam-cümələr həm özləri özlərinə hörmət qoymalıdır, həm əhali onlara hörmətlə yanaşmalıdır, həm də Tehrandakı mərkəzi idarə onların hörmətini gözləməlidir. Hörmətlə yanaşmaq deyəndə mən hansısa təşrifat qaydalarını nəzərdə tutmur, kiminsə ayağının altına qırmızı xalça atılsın demirəm. Hörmət qoymaq deyəndə mən qədrini bilməyi nəzərdə tuturam. Məsələn, siz özünüz bir imam-cümə olaraq öz qədrinizi biləsiniz, özünüzə hörmətlə yanaşasınız; o mənada ki, özünüzü insanı günaha, çirkinliklərə bulaşdıran şeylərdən qoruyasınız. Bütün bunlar diqqət yetirilməli olan, mühüm məsələlərdir.

Hər bir halda, ölkəmizdə imam-cümələrin olması, cümə namazlarının həyata keçirilməsi, həqiqətən də, böyük bir fürsətdir, böyük bir nailiyyətdir. Bəzi müsəlman ölkələrində belə qəbul olunub ki, administrativ qurumlar cümə namazlarının xütbələrini yazılı şəkildə imam-cümələrə təqdim edir, onlar da gedib minbərdən həmin kağızı oxuyur. Mənim fikirmcə, bu, cümə namazı deyil; bu, cümə namazında xütbə söyləmək deyil. Bu artıq hansısa idarənin təlimatını oxumaqdır. Dini işlərlə məşğul olan hansısa idarə nə isə yazıb deyir “al bunu, get oxu”, o da gedib oxuyur. Cümə namazında xütbə söyləmək bu deyil; cümə xütbəsi imam-cümənin düşünən beyninin məhsulu olmalı, yanar qəlbindən çağlayaraq dilinə axmalı, kütlənin ehtiyacına cavab verməli və bəlağətli bir dillə namaza gələn insanlara ötürülməlidir. Hər dövrün öz boşluğu, öz ehtiyacı olur, həmin ehtiyacı bilmək lazımdır. O ehtiyacı aradan qaldıracaq şeyin nə olduğunu da bilmək lazımdır. Həmin ehtiyacı yox edəcək nə isə, onu bilmək lazımdır; dinləyicinin düşüncəsinə dərman, zehninə qida olub ideoloji ehtiyaclarını rəf edəcək, onu doyuracaq şeyin nə olduğunu bilmək və həmin fikirləri gözəl bir ifadə, bəyan tərzi ilə ona çatdırmaq lazımdır. Məncə, bu, imam-cümələrin işində lazımlı bir məqamdır. 

İstənilən halda, biz ölkəmizdə qılınan cümə namazlarının qədrini bilir, buna görə Uca Yaradana, həqiqətən, şükür edirik. Bir dəfə imam-cümələrlə birlikdə İmam Xomeyninin (r.ə) yanına getmişdik; cümə namazlarının yenicə təşkil olunduğu ilk illər idi, İmam mənə də Tehranın imam-cüməsi olmaq iftixarını layiq görmüşdü; imam-cümələrlə birlikdə onun yanına getmişdik. Mən söhbət edirdim, ürəyimdən bir cümlə gəldi, dedim, Uca Yaradan bəndələrinə Qədr gecəsini bəxş edib, məsum imamlardan (ə) da “İnna ənzəlna” surəsinin təfsiri ilə bağlı belə nəql olunur ki, Bəni-Üməyyənin hakimiyyəti dövründə min ay ötüb, amma insanlar üçün Qədr gecəsi olmayıb – Bəni-Üməyyə min ay hakimiyyətdə qalıb, həmin müddətdə Qədr gecəsi olmayıb, insanlar Qədr gecəsindən məhrum qalıblar; rəvayətlərimizdə bu var – eynilə şah diktaturasının hakimiyyəti dövründə də biz cümə namazlarından məhrum olmuşuq. Bəzi şəhərlərdə köhnə qayda ilə hakimiyyət nümayəndələri bir nəfəri təyin edirdilər, cümə namazları keçirilirdi. Əlbəttə, Məşhəd kimi bəzi şəhərlərdə hakimiyyətlə heç bir əlaqəsi olmayan, çox hörmətli, böyük imam-cümələr də var idi – mərhum Hacı Şeyx Qulamhüseyn Təbrizi kimi; o həm çox böyük alim, həm də həddən artıq təqvalı, zahid bir insan idi. Belə imam-cümələrimiz də var idi, amma əksər şəhərlərdə imam-cümələr şah diktaturası tərəfindən təyin olunurdu. İnsanlar da cümə namazlarına getmir, heç bir maraq göstərmirdilər. Diktatura hökumətinin keçirdiyi cümə namazı insanlar üçün maraqlı, cəlbedici olmadığına görə onlar da getmirdilər. Mən orda demişdim ki, biz uzun illər boyu cümə namazlarından məhrum olmuşduq, siz isə bizə, İran xalqına bunu bəxş etdiniz. Doğrudan da, böyük bir nemətdir. İmam-cümələr barədə bu qədər.

Seçki məsələsinə gəlincə. Düzdür, seçkilərə hələ var – hələ 40-50 gün qalıb – bu barədə camaatımıza nələrsə demək üçün bizim də hələ vaxtımız var. Mən özüm seçkidən 2 il, 1 il əvvəl ölkədə seçki atmosferi yaratmağın əleyhinəyəm; mən əleyhinəyəm, amma çoxları bunu edir; bu, yanlışdır. Seçki ab-havası yarananda, bunun tələbinə uyğun olaraq, rəqabət, konflikt – dildə də olsa – bir-birinin ünvanına cürbəcür və çox zaman yaraşmayan, çirkin sözlər demək başlayır. Seçki ab-havası insanı cəmiyyətdəki həqiqətlərdən və cəmiyyətin əsl problemlərindən yayındırır. Bu, yaxşı bir iş deyil və mən vaxtından qabaq seçki haqda danışmağı heç vaxt uyğun görməmişəm. Amma hazırda, demək olar ki, artıq seçki etapına girmişik və müəyyən məsələlərə toxunmaq yerinə düşər.

Əvvəla, seçkilər özü çox əhəmiyyətlidir; bu, böyük bir nemətdir. Cümə namazı haqda olduğu kimi, seçki haqda da bunu deyirəm ki, seçkilər, doğrudan da, böyük bir nemətdir. Bu da dahi liderimiz İmam Xomeyninin (r.ə) müdrik və uzaqgörən yanaşmasının bərəkətlərindəndir. O dövrdə elə insanlar var idi ki, İslam hökuməti olan yerdə seçkiyə ehtiyac olmadığını düşünürdülər. İmam isə dedi ki, yox, seçki olmalıdır, öz təsirini göstərməlidir, xalq qərar verməli, seçim etməli, xalqın istədiyi olmalıdır. Bu siyasətin nəticəsi isə o oldu ki, xalq inqilabın arxasında durdu, meydanlarda qalaraq proseslərdə iştirak etdi və Allaha şükürlər olsun ki, bu gün də meydanlardadır. Çünki seçim edən, qərar verən xalq özüdür. Seçkilər böyük bir nemətdir.

Allaha şükürlər olsun ki, İslam Respublikasında seçkilər var. Ölkəmizdə bu qədər seçki baş tutub, amma yenə də düşmənlərimiz dövlətimizi diktatura adlandırmaqdan çəkinmirlər. Regionun diktatorları elə öz dostlarıdır, xalqları talamaqda, yağmalamaqda şərikdirlər, birgə payları var – həmin dövlətləri özünüz də görürsünüz, tanıyırsınız, bilirsiniz – bununla belə, onlara bir şey demirlər, İslam Respublikasını ittiham edirlər. Əgər ölkəmizdə seçkilər olmasaydı, bu artıq ittiham yox, reallıq olardı; yəni xalqın bu hüququ, doğrudan da, əlindən alınmış olsaydı, düşmən bu dediyində haqlı olardı. Amma Allaha şükürlər olsun ki, xalqa bu hüquq verilib, seçkilər var, əlhəmdulillah, azaddır da. Seçkinin mövcudluğu həm ölkə daxilində əhaliyə bir qürur, heysiyyət hissi, müstəqillik ab-havası yaşadır, insanlar hər şeyin sahibi olduqlarını hiss edirlər – və əslində də elə belədir; ölkənin yiyəsi xalqdır, özləri qərar verir, özləri addım atırlar; həm icraedici hakimiyyətdə, həm parlamentdə, həm dolayısı ilə Rəhbərliyin timsalında və digər seçkili orqanlarda – həm də xaricdə ölkəmizə nüfuz və etibar qazandırır; dünya arenasında seçkilər, həqiqətən də, nüfuz və etibar mənbəyidir. Odur ki seçkilər özü-özlüyündə olduqca əhəmiyyətli bir iş, böyük bir nemətdir. 

Seçkini pozmaq lazım deyil. Bəzi insanların xoşu gəlir, elə bil, vərdiş ediblər ki, seçki yaxınlaşan kimi hay-küy salıb seçkilərin şəffaf olmayacağını deyirlər; adət ediblər. Bu çox pis bir adətdir, mərəzdir. Belə söhbətlərə nə ehtiyac var? Seçkilər sağlam atmosferdə keçir. İstənilən seçkidə haradasa müəyyən nöqsanlar ola bilər, bu, mümkündür, belə şeylər həmişə də olur. Bizim öz işlərimizdə – şəxsi və ya ümumi işlərimizdə, gördüyümüz hansısa xüsusi işdə də nöqsanlar ola bilər, amma seçkinin nəticələrini dəyişə biləcək həddə nöqsan və qanun pozuntuları birmənalı şəkildə yoxdur. Təşkilatlanmış surətdə pozuntu əsla yoxdur. Seçkiyə cavabdeh olan hökumət və ya qeyri-hökumət rəsmilərinin qanuna riayət etməməsi kimi bir hal qətiyyən ola bilməz. İnqilabın əvvəlindən bu günə qədər də bu, elə belə olub; rəsmilər, bu arada iş başında olmuş bütün hökumətlər seçkinin təşkilinə məsuliyyətlə yanaşıblar. Bu müddət ərzində gəlib-getmiş hökumətlər arasında siyasi təmayül baxımından bir-birindən 180 dərəcə fərqlənənlər olub, amma seçkilərə qarşı hamısı dürüst münasibət göstəriblər. Seçkidə saxtalaşdırma, xəyanət olduğunu heç kəs iddia etməməlidir. Bir vaxtlar – deyəsən, bunu daha əvvəl də söyləmişəm – müəyyən dövrdə Tehranda baş tutmuş seçki ilə bağlı xeyli qalmaqal, söz-söhbət oldu, həmin seçkinin nəticələrinin ləğv edilməsinə çox təkid edildi, bu barədə çox danışıldı. Mən isə söylədim ki, araşdırma aparılmalıdır; Tehranda 2-3 milyon insan gəlib seçkiyə qatılıb, səs verib, onların hamısının səsini bütövlüklə ləğv edək? Bu nə deməkdir? Araşdırma aparmaq, nəyin necə olduğuna baxmaq lazımdır. Araşdırdıq, məlum oldu ki, heç elə deyilmiş. Ətraflı şəkildə araşdırdıq; o vaxt mən Keşikçi Şuraya açıq şəkildə yazıb bildirdim ki, seçkiyə toxunulmamalıdır. Yəni seçki xalqın haqqı, xalqın malıdır və biz onu, nə bilim, “elədir”, “belədir” deyə ittiham edə bilmərik. Xeyr, seçki sağlamdır, şəffafdır, həmişə şəffaf olub, indi də, Allahın köməyi ilə, elə belə olacaq. Müəyyən edilmiş qanunlar, normalar, seçkinin sağlam keçməsini təmin etmək, nöqsanlara nəzarət etmək vəzifələrini həyata keçirən insanların varlığı seçkidə hansısa pozuntu hallarının olmasına imkan verməyəcək. Bu, birincisi. 

Dedik ki, seçki “həqqün-nas”dır – qul haqqıdır. Bu qul haqqı çox mühüm bir məsələdir. Bəli, dillərdə bu söz çox gəzir, daim təkrar edirlər ki, “filankəs deyib seçki qul haqqıdır, seçkinin qul haqqı olduğunu bilməliyik” və sair. Amma bu məsələnin dərinliyinə varmaq lazımdır. Qul haqqı təkcə o demək deyil ki, seçki məntəqəsində oturan adam buna riyaət etməlidir, tutalım, bülletenləri səhv oxumamalı və ya artırıb-azaltmamalıdır; düzdür, bu da qul haqqının göstəricilərindən biridir, amma başqa bir məsələ də var ki, o da namizədliyini irəli sürən insanların haqqıdır. Qul haqqını qorumağın digər bir məqamı gəlib bu meydana qoşulan, namizədliyini irəli sürən şəxslərin haqqıdır: əgər yaxşı, layiqli insanlardırsa, rədd etməməli, şərait yaratmalıyıq. Eynilə əksinə: yaxşı, layiqli bir insan deyilsə, ona yol açmamalıyıq. Əgər müəyyən qurumda – istər bu, Xubriqan Məclisi olsun, istər İslami Şura Məclisi, istərsə də digər bir seçkili orqan – qanunla orada təmsil olunmağa layiq olmayan biri oturur və onun o yerə gedib çıxmasına biz öz səhlənkarlığımızla, diqqətsizliyimizlə, çatışmazlıqlara göz yummağımızla, qanuni meyarlara riayət etməməyimizlə şərait yaratmış oluruqsa, bu da qul haqqını tapdalamaq, insanların haqqını pozmaq deməkdir; bu da “həqqün-nas”a ziddir.

Seçkinin qul haqqı olmağının digər bir aspekti əmanəti qorumaqdır. Səsvermə bülletenlərinə əli çatan, səsləri sayan, qeydiyyata alan, bu barədə hesabat verən, yekun nəticəni hesablayan, xülasə, seçki məntəqələrinin idarəçiliyi əlində olan şəxslər bu əmanəti mükəmməl surətdə qorumalıdırlar; yəni bu məsələdə azacıq nöqsana yol vermək əmanətə xəyanət etmək deməkdir.

Qul haqqı olaraq seçkilərin digər bir aspekti seçkinin qanuni nəticələrini qəbul etməkdir. Yəni müəyyən nəticə əldə edildikdən və rəsmi qurumlar bunu təsdiq etdikdən sonra həmin nəticələri qəbul etmək qul haqqına riayət etmək deməkdir; 1388-ci ildə yol verilmiş hərəkətlərdən fərqli olaraq. 1388-ci ildə seçkini inkar edib ortaya çox çirkin bir söhbət atdılar ki, guya saxtalaşdırma olub və nəticələr ləğv edilməlidir. Yaxşı, gəlin baxaq o seçkidə nə qədər adam iştirak etmişdi? 40 milyon nəfər! Bir seçkidə 40 milyon nəfər iştirak etmiş və müxtəlif namizədlərə səs vermişdi; bu cənablar isə saxtalaşdırmadan danışır. Əlbəttə ki, mən onlarla dil tapmaq üçün çox çalışdım – bir çox tədbirlər görüldü, bu barədə uzun-uzadı danışmaq olar – dil tapmağa cəhd göstərdik, danışdıq, dedik gəlin, etirazınızı bildirin, nə qədər seçki məntəqəsində istəyirsinizsə, səslərə yenidən baxılsın. Əhəmiyyət vermədilər, qulaq asmadılar; çünki bu kimi haqq sözlərlə razılaşmaq niyyətində deyildilər. Haqq sözə tabe olmadılar, nəticədə də ölkəyə çoxlu ziyan vurdular. Mən hələ də bilmirəm ki, 1388-ci ildə ölkəmizə dəyən ziyan nə vaxt kompensasiya ediləcək. Həqiqətən, bilmirəm. Hələ də kompensasiya edilməyib. Seçkinin nəticələrini hər kəs qəbul etməlidir; qul haqqı baxımından bu da önəmli məsələlərdən biridir.

Namizədlərin siyahısı irəli sürülərkən də qul haqqına riayət edilməlidir. Həmin siyahıları irəli sürən, təqdim edən insanlar, doğrudan da, qul haqqını gözləməlidir. Tanışlıq, siyasi cinah tərəfdaşlığı və bu kimi şeylərə yol verməməli, kimin doğrudan da layiqli olduğuna baxmalıdırlar. Yalnız layiqli namizədləri seçib camaata təqdim etməlidirlər. Qul haqqının bir hissəsi, bir aspekti də budur.

Seçkidə qul haqlarını gözləməyin daha bir məqamı isə budur ki, insanlar həqiqətən etimada layiq olan bloklara etimad göstərməlidirlər. Elələri var ki, onlara inanmaq olmaz:

کَالَّذِى استَهوَتهُ الشَّیطین

“... yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi...” (“Ənam” surəsi, 71-ci ayədən)

Seçkidə irəli durub namizədlərinin siyahısını təqdim edənlər bunu heç də həmişə səmimiyyət, dürüstlük, İslam İnqilabına bağlılq – əsas inqilabdır – inqilaba sadiqlik hisslərindən çıxış edərək etmirlər. Yox, başqa, bəzən çirkin məqsədlərlə də namizədlər irəli sürülə bilər. İnsanlarımız buna diqqət yetirməli, baxmalıdırlar ki, bu və ya digər namizədlərin siyahısı haradan irəli sürülür, onları kim irəli sürür. Yalnız inama, etimada layiq olanları seçməlidirlər. Bu da mühüm məqamlardandır. Odur ki qeyd etdiyimiz qul haqları məsələsinin bu kimi aspektləri var – başqa aspektləri də var, amma indi onlar haqda ətraflı danışmaq istəmirəm – və bu mənada seçkilər, doğrudan da, qul haqqıdır.

Seçki ilə bağlı digər bir mühüm məsələ əhalinin maksimum iştirakı məsələsidir. İnşallah, Allah ömür versə, seçkiyə qədər mən bu barədə yenə də danışacağam. Seçkilərdə nə qədər çox insan iştirak etsə, dövlətimiz bir o qədər möhkəmlənər, ölkəmizin nüfuzu bir o qədər artar. Çünki bu dövlət xalqa aiddir; bu bir reallıqdır ki, ölkəmizdə hakimiyyət xalqın emosiyalarına, hisslərinə, seçiminə və istəyinə əsaslanır. Mən əhalinin seçkidə maksimum iştirakı haqda əvvəllər də bu fikirdə olmuşam, həmişə bu məsələni vurğulamışam, bu dəfə də bunun üzərində israr edirəm və inşallah, irəlidə hələ bu barədə daha çox danışacağam.

Diqqət yetirilməli olan daha bir mühüm məsələ isə düşmənin yol tapıb ölkəyə nüfuz etməsi məsələsidir. Nüvə razılaşmasının əldə olunduğu mərhələdə və ondan sonra bu barədə danışmışıq; bu, çox qəribə və əhəmiyyətli bir məsələdir. Müxtəlif proseslər haqda məlumatlı olan şəxslər yaxşı bilir ki, düşmənlər yol tapıb İran xalqının iradə, düşüncə və qətiyyətinin möhkəm hasarını keçmək məqsədilə ölkə üçün nə tələlər qurublar və ya qurmaq istəyirlər; cürbəcür metodlar, məkrli planlar, siyasətlər işlədir, tədbir tökürlər. Hazırda da bu proses gedir. Xalqımız seçki məsələsində son dərəcə diqqətli olmalıdır. İslami Şura Məclisinə, Xubriqan Məclisinə, yaxud hakimiyyətin digər bir aparıcı strukturuna, fərz edək, düşmən bir ünsür yol tapıb keçərsə, termit kimi onu içindən gəmirib əsaslarını zəiflədəcək, çökdürəcək; məsələ belədir. Düşmənin nüfuz etməsi çox əhəmiyyətlidir; inşallah, bu barədə danışacağam. Əlbəttə ki, bu sahədə maarifləndirmə işi aparmaq lazımdır: kimisə günahlandırmadan, ittiham etmədən, konkret nümunə göstərmədən xalqı maarifləndirmək lazımlı bir şeydir. Baxın, Qurani-Kərim müxaliflərə, o dövrün yəhudilərinə xitabən, onlara irad tutaraq belə deyir:

لِمَ تَلبِسونَ الحَقَّ بِالباطِلِ وَ تَکتُمونَ الحَقَّ وَ اَنتُم تَعلَمون

“Nə üçün bilə-bilə haqqa yalan donu geydirir və doğrunu gizlədirsiniz?” (“Ali-İmran” surəsi, 71-ci ayə)

Quranın onlara tutduğu ən böyük iradlardan biri budur ki, “siz haqla batili qarışdırır, səhv salırsınız”. «لبس» – “səhv” mənasındadır, «تَلبِسونَ» – səhv salırsınız, haqla batili qarışdırırsınız deməkdir.

وَ تکتُمونَ الحَقَّ

– haqqı gizlədirsiniz. Həqiqəti açıqlamaq, bəyan etmək lazımdır və bu da bizim vəzifəmizdir.

Əziz qardaşlar! Bu gün olduqca həssas bir dövrdür, son dərəcə həssas bir mərhələni yaşayırıq. İslam İnqilabına qarşı genişmiqyaslı bir cəbhə, ardıcıl iş aparan bir aparat fəaliyyətdədir. Pul xərcləyir, silah tədarük edir, çirkin planlar qururlar; öz sözləri ilə desək, beyin mərkəzləri var, daim işləyir. Səbəb isə odur ki, təhlükə hiss edirlər. Haqlıdırlar da, doğrudan da, təhlükə hiss etməlidirlər, çünki islami məfkurə İran İslam Respublikasının hüdudlarını aşıb, yayılıb. Özü yayılıb. Mən dəfələrlə buna misal çəkmişəm, demişəm ki, bu, xoş bir rayihəyə, ürəkaçan səhər mehinə, qızılgül ətrinə bənzəyir. Qızılgülün ətrini bağda tutub saxlaya bilməzsən ki! Gəlir, ətrafa yayılır. İnqilabi ideyalar, əsl İslam məfkurəsi, təkcə danışan, müqəddəs bir şey kimi üzdə hörməti olan, lakin təlimlərinə qətiyyən əməl edilməyən İslam yox, hakimiyyətdə olan, cəmiyyətin quruculuğuna, cəmiyyətin nizamına təsir göstərə bilən İslam da belədir. Bu gün bu məfkurə İslam dünyasında yayılıb və yerlərdə güclü, sınaqdan çıxmış insanlar yetişdirib. Buna görə də onlar təhlükə hiss edirlər. Özləri də bu nəhəng və genişmiqyaslı islami hərəkatın ocağının İran İslam Respublikası olduğunu, buranı siyasi-ideoloji cəhətdən bombardman etmək lazım olduğunu düşünür və bunu həyata keçirirlər. Cürbəcür işlər görürlər: pul xərcləyirlər, planlar qururlar, müxtəlif səviyyədə diplomatik görüşlər keçirirlər ki, “İslam Respublikası ilə, müsəlman İranı ilə nə edək?” İmkanları çatan hər işi də görürlər – xəbərimiz var; yəni bu dediklərim təhlil deyil, dəqiq informasiyadır – daxili provokasiyalara əl atır, etnik qrupları təhrik edir, pullar xərcləyir, əxlaqsızlığı yaymağa çalışırlar. Yol tapıb ölkəyə nüfuz edə bilmək üçün cürbəcür işlərə əl atırlar. Buna diqqət yetirmək lazımdır, bu olduqca əhəmiyyətlidir. 

Amerikalılar ölkəmizdə baş tutacaq seçkilərə tamah gözünü dikib; onlar İranda dəyişikliklərin olmasını istəyir. Bunu biz də istəyirik. Mən dəfələrlə demişəm ki, cəmiyyət durğun vəziyyətdə qala bilməz, irəli getməli, dəyişməli, dəyişikliklərə nail olmalıyıq. İntəhası bizim arzuladığımız dəyişikliklər mükəmməl formada islamlaşmaya aparan dəyişikliklərdir. Bu gün bizim adımız müsəlman dövləti olsa da, tam islamlaşmağımıza hələ çox var. Peyğəmbəri-Əkrəmin (s) İslam cəmiyyəti üçün müəyyən etdiyi, nəzərdə tutduğu hədəflərə günü-gündən daha da yaxınlaşmaq üçün daim, ardıcıl şəkildə irəli getməliyik; çalışıb-vuruşmalıyıq. Dəyişikliklərin vacib olduğuna biz də inanırıq, amma onların arzuladığı dəyişikliklər bizimkilərə ziddir. Onların İran üçün istədiyi dəyişikliklər budur ki, biz qarşıya qoyduğumuz hədəflərdən durmadan uzaqlaşaq; nə qədər yaxınlaşmışıqsa, bir o qədər uzaqlaşaq, daim geri gedək və onların istədiyi səmtə yönələk. Ölkəmizin daxilində gedən bütün proseslərə tamah gözünü dikiblər; burda iki nəfər üzdə olan, tanınmış adamın bir-biri ilə fikir ayrılığı olanda o saat tamahlanırlar; o cümlədən seçkilərə də; seçkilərə də tamah gözünü dikiblər. İran xalqı düşmənə rəğmən, istər qarşıda gələn seçkilərdə, istərsə də digər əhəmiyyətli ictimai proseslərdə düşmənin istədiyinin tam əksinə hərəkət edərək onun ağızından vurmalıdır.

Yaxşı, hələlik bu qədər bəsdir; inşallah, ömür vəfa etsə, fürsət olsa, güc və imkanımız çatsa, hələ seçki barədə əziz xalqımıza deyiləsi sözlərim var, bu barədə yenə də danışacağam. Artıq, demək olar ki, günortadır, azan və namaz vaxtıdır. Ümidvarıq, Allah-taala bizi namazqılanlardan sayar.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_____________________
(1) Kafi, c.1, səh.32 
(2) Ali Məqamlı Rəhbər bu məsələyə Şimali Xorasan ostanının gəncləri ilə 23.07.1391-ci ildə baş tutan görüş zamanı toxunmuşdur. 
(3) Fərruxi Sistani. “İskəndər haqqında söhbətlər köhnələrək əfsanəyə çevrilib, Təzə söz de, çünki təzədə həmişə bir şirinlik olur”.