Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövludu günündə hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və Vəhdət Konfransının iştirakçıları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین

Əziz və dəyərli görüş iştirakçıları, ölkə rəsmiləri, Vəhdət Konfransında iştirak edən qonaqlar, müsəlman ölkələrinin möhtərəm səfirləri, hamınızı əzəmətli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) və onun dahi şəxsiyyətli övladı İmam Sadiqin (ə) mövludu münasibətilə təbrik edirəm. Həmçinin bütün İran xalqını və ümumilikdə İslam ümmətini, dünyanın bütün azadlıqsevər insanlarını, əxlaqa, mənəviyyata, əxlaq və mənəviyyat uğrunda çalışıb-vuruşub əziyyətə qatlaşmağa dəyər verən hər kəsi təbrik edirəm.

Peyğəmbəri-Əkrəmin (s) dünyaya gəlişi, həmçinin o dahi insanın peyəmbərlik missiyası üçün seçilməsi həmin dövrdə dünyanın cansız bədəninə üfürülən yeni ruh kimi idi. O zaman dünya zahirən canlı idi: şahlıqlar, hökumətlər var idi, insanlar işləyir, fəaliyyət göstərirdilər, amma həmin dünyada insanlıq, mənəviyyat ölmüşdü. Ortada yalnız zülm, əzab-əziyyət, diskriminasiya və qəddarlıq var idi, mənəviyyat, gözəl insani keyfiyyətlər ölmüşdü. Rəsuli-Əkrəm (s) özü və onun çağırışı o dövrün dünyasına yeni nəfəs verdi. Mənim “özü və çağırışı” deməyimin səbəbi budur ki, Peyğəmbər (s) özü də İslamın təcəssümü idi. Həzrət Peyğəmbərin (s) xanımının belə buyurduğu nəql olunur:

کانَ خُلقُهُ القُرآن

– “O, təcəssüm etmiş Quran idi”.(2) Peyğəmbər (s) və onun gətirdiyi din o dövrün dünyasına yeni ruh bəxş etmişdi.

اِستَجیبوا للهِ‌ وَ لِلرَّسولِ اِذا دَعاکُم لِما یُحییکُم

“Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin”. (“Ənfal” surəsi, 24-cü ayədən)

Onun dini həmin dövrün adamları, zülm və mənəvi bəlalar içində çalxalanan, ölü dünyası üçün həyat, diriliş demək idi.

Bu gün biz bu mərasimi qeyd edir, tədbir keçiririk. Doğrudur, bir araya gəlib dildə ehtiram ifadə etmək gözəl, bəyənilən bir işdir, amma İslamın və Peyğəmbərin (s) ardıcılları olduğumuzu iddia edən bizlərdən gözlənən təkcə bu deyil; bu, kifayət deyil. Bizim də məqsədimiz bugünün cürbəcür bəla və mərəzlərə düçar olmuş, ölü dünyasına yeni ruh, yeni nəfəs bəxş etmək olmalıdır. Bu gün də dünya zülm, qəddarlıq və diskriminasiya ilə çalxalanır. Mənəviyyatın məhvi bu gün də bəşər övladının ən böyük müsibətidir. Mənəviyyat, ali insani keyfiyyətlər maddi güclərin ixtiyarında olan cürbəcür vasitələrlə əzilərək məhv edilir: ədalət əzilir, əxlaq və insanlıq əzilir, insanlığın qanı heç bir şeydən qorxub-çəkinməyən hakimlər tərəfindən axıdılır. Xalqlar dövlətlər tərəfindən soyulub qarət edildiklərinə görə acından ölür. Bu gün dünyada vəziyyət belədir. Bu, eynilə İslamın zühurundan öncəki cahiliyyət dünyasına bənzəyir; bu da cahiliyyətdir.

Bu gün İslam dünyasının vəzifəsi təkcə Həzrət Peyğəmbərin (s) doğum və ya besət günlərini bayram etmək deyil; ümmətin əsas vəzifəsi ilə müqayisədə bu, çox kiçik və əhəmiyyətsiz bir işdir. Bu gün İslam ümmətinin vəzifəsi eynilə İslamın və Peyğəmbərin (s) özü kimi bu dünyaya yeni ruh bəxş etmək, yeni bir atmosfer yaratmaq, yeni bir yol açmaqdır. Səbirsizliklə intizarında olduğum bu təzahürü mən “yeni İslam sivilizasiyası” adlandırıram. Bizim istək və məramımız bəşəriyyət üçün yeni İslam sivilizasiyasının formalaşdırılması olmalıdır. Bu, dünyadakı super-güclərin bəşəriyyət üçün cızdığı və həyata keçirdiyi planlardan əsaslı şəkildə fərqlənir. Bu, müxtəlif ölkələrdə hakimiyyəti ələ keçirmək, xalqların hüquqlarını tapdalamaq, öz əxlaq və mədəniyyətini zorla başqa xalqlara sırımaq demək deyil. Bu, xalqların öz ixtiyarı, öz seçimi, öz müəyyənləşdirməsi əsasında doğru yolu seçməsi üçün Allah-taalanın göndərdiyi bir hədiyyəni onlara təqdim etmək deməkdir. Bu gün dünyanın böyük dövlətlərinin xalqları çəkdiyi yol yanlış və azdırıcı bir yoldur. Bu gün bizim vəzifəmiz budur.

Bir vaxtlar avropalılar müsəlmanların elm və fəlsəfəsindən istifadə edərək özləri üçün bir sivilizasiya qurmağı bacardılar. Əlbəttə ki, bu, maddiyyata can atan bir sivilizasiya idi. 16-17-ci əsrdən başlayaraq avropalılar yeni bir sivilizasiyanın təməlini qoymağa başladılar və onların bu sivilizasiyası maddiyyata əsaslandığı üçün çəkinmədən cürbəcür vasitələrdən istifadə etdilər. Bir yandan işğalçılığa, xalqları öz ağalığı altına keçirib talan etməyə üz qoydular, digər tərəfdən isə özlərini daxildən elm, texnologiya və təcrübə ilə gücləndirərək bu sivilizasiyanı bütün bəşəriyyətə hakim etdilər. Avropalılar bu işi 4-5 əsr ərzində davam etdirmişlər. Onların dünyaya təqdim etdiyi bu sivilizasiya insanların ixtiyarına bir çox gözəl texnoloji nailiyyətlər, sürətli, rahat və komfortlu həyat üçün lazım olan müxtəlif vasitələr verdi, amma onların xoşbəxtliyini təmin etmədi, ədaləti bərqərar etmədi. Əksinə, ədalətin təpəsindən döydü, xalqları əsir və yoxsul etdi, alçaltdı. Öz içində də paradokslara düçar oldu, əxlaqi cəhətdən çürüdü, mənəvi cəhətdən puç və heç oldu. Bu gün qərblilər özləri də bunu etiraf edir. Tanınmış bir Qərb siyasətçisi mənə demişdi ki, bizim dünyamız puçdur, boşdur və biz bunu hiss edirik. Düz də deyir; bu sivilizasiya zahirən parıltılıdır, göz qamaşdırır, amma mahiyyəti baxımından bəşəriyyət üçün təhlükəlidir. Bu gün artıq Qərb sivilizasiyasında paradokslar özünü büruzə verir – Amerikada bir cür, Avropada bir cür, dünyanın dörd bir yanında bunların ağalığı altında olan regionlarda da bir başqa cür.

Bu gün bizim növbəmizdir, bu gün İslamın növbəsidir.

وَ تِلکَ الاَیّامُ نُداوِلُها بَینَ النّاس

“Biz bu günləri (hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ...” (“Ali-İmran” surəsi, 140-cı ayədən)

Bu gün artıq müsəlmanların növbəsidir ki, əzm və təpər nümayiş etdirərək yeni İslam sivilizasiyasının bünövrəsini qoysunlar. Bir vaxtlar avropalılar müsəlmanların elmi biliklərindən, təcrübəsindən, fəlsəfəsindən istifadə etdikləri kimi, biz də bu gün İslam sivilizasiyasını yenidən ayağa qaldırmaq üçün dünya elmindən, müasir dünyada mövcud olan texnoloji vasitələrdən istifadə edirik, intəhası biz bunu İslamın ruhuna, mənəviyyata uyğun şəkildə edirik.

Mən bu sözlərimi əsas etibarilə din alimlərinə, həqiqi ziyalılara ünvanlayıram, siyasətçilərə artıq o qədər də ümidim yoxdur. Əvvəllər elə bilirdik ki, İslam dünyasının siyasətçiləri bu istiqamətdə hansısa işlər görüb yardım edə bilər, amma təəssüflər olsun ki, hazırda bu ümid zəifləyib. Bu gün bizim ümidimiz İslam dünyasındakı din alimlərinə, eləcə də Qərbi özünə qiblə bilməyən həqiqi ziyalılaradır; ümid onlaradır və bu, tamamilə realdır. Heç də deməsinlər ki, bu, mümkün olan iş deyil. Bu işin həyata keçməsi mümkündür, realdır. İslam dünyasının əlində bir çox imkanlar var: yaxşı demoqrafik göstəricilərimiz var, ərazilərimiz var, əlverişli coğrafi mövqeyə malikik, İslam dünyası olaraq bir çox təbii resurslara sahibik. İslam dünyasının elə bir yaxşı və istedadlı insan potensialı var ki, əgər onu müstəqil İslam təlimləri ilə yetişdirsək, elm, siyasət, texnologiya və bir çox sosial sferalarda ortaya parlaq yaradıcılıq məhsulu qoya bilər.

İslam Respublikası İslam dünyası üçün bir nümunədir, sınaq, təcrübə ərazisidir. İslam dini ölkəmizdə hakimiyyətə gəlməmişdən əvvəl biz sözün tam mənasında geridə qalmış bir xalq idik, xaricdən asılı idik. Elmi cəhətdən geri qalmışdıq, siyasi cəhətdən geri qalmışdıq, sosial cəhətdən geri qalmışdıq, siyasət dünyasından təcrid olunmuşduq. Bu gün isə artıq düşmənlərimiz də İslam Respublikasının nailiyyətlərini etiraf etməyə məcburdur. Bu gün İslam İnqilabının qələbəsindən 35 il keçir və biz elm və texnologiyada, dünyadakı ən müasir elmi biliklərdə əldə etdiyimiz nailiyyətlər baxımından inkişaf etmiş ölkələrin sırasındayıq. Tam olaraq reallığı əks etdirdiyi sübuta yetirilmiş statistik məlumatlara əsasən, biz bir siyahıda 7-ci, digərində 6-cı, bir başqasında isə 5-ci yeri tuturuq. İran xalqı İslamın bərəkəti sayəsində öz kimliyini, şəxsiyyətini təsdiq və nümayiş etdirə bilib. Bunu İslam dünyasında genişləndirmək mümkündür; şərti isə budur ki, super-güclərin ağır və məşum kölgəsi ölkələrin başı üzərində olmaya. Bu,birinci şərtdir. Əlbəttə ki, bu hansısa zəhmət, əziyyət bahasına başa gələn bir işdir, bədəlini, bahasını ödəmədən heç bir böyük işi həyata keçirmək mümkün deyil. Çox böyük və önəmli simaların iştirak etdiyi bugünkü məclisdə mən bunu demək istəyirəm ki, İslam ümməti cihad əzmi ilə, ciddi surətdə çalışaraq müasir dövrə uyğun bir İslam sivilizasiyasının layihəsini cıza, təməlini qoya, bu işi müsbət nəticələrə aparıb çatdıra və bəşəriyyətə təqdim edə bilər.

Biz zorla heç kimi İslama dəvət edən deyilik; zorla heç bir ölkəni İslam dünyasının hakimiyyətinə tabe edən deyilik. Biz avropalılar kimi, Amerika kimi etməyəcəyik. Avropalılar Atlantik okeanının kənarındakı bir adadan çıxıb Hind okeanına qədər gedərək Hindistan kimi böyük bir ölkəni, eləcə də ətrafındakı bir neçə ölkəni zorla işğal ediblər, talayıblar, özləri varlanıblar, onları isə quru yurdda qoyublar; bu cür qabağa gediblər. Elə bu gün də dünyada eyni əməlləri başqa metodlarla, üsullarla davam etdirirlər. Başqalarının pulu, sərmayəsi, sərvəti, başqalarının əməyinin məhsulu ilə öz inkişafını, tərəqqisini təmin edir, zahirdə özlərini bəzəyirlər. Əlbəttə ki, içəridən dağılırlar; batinləri çürüyüb gedir. Qeyd etdiyim kimi, getdikcə daha çox puç olurlar. Siz müsəlmanların əldə edəcəyiniz bir nailiyyət düşmənlərinizi heç də sevindirmir. Sizə müsibət gətirəcək bir şeysə onları sevindirir, məmnun edir.

اِن تَمسَسکُم حَسَنَةٌ تَسُؤهُم وَ اِن تُصِبکُم سَیِّئَةٌ یَفرَحوا بِها

“Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, bir zərər toxunanda isə ona sevinirlər”. (“Ali-İmran” surəsi, 120-ci ayədən)

Belədirlər, bunu Quran deyir. Biz gözümüzü onlara dikməməliyik, onların əlinə baxmamalıyıq, özümüzü onların təbəssümündən və ya üz turşutmasından asılı bilməməliyik. Öz yolumuzu tapıb hərəkət etməli, irəli getməliyik. Bu, bizim və İslam dünyasındakı hər kəsin vəzifəsidir.

Düşmənin istifadə etdiyi üsullardan biri də bizim aramızda konflikt yaratmaqdır. Mən bu məsələni israrla vurğulayır, altını cızıram. Qardaşlar, bacılar, İslam dünyasında mənim bu sözümü eşidən bütün müsəlmanlar! Amerikalıların dilinə “sünni-şiə” söhbəti düşən gün biz narahat olmağa başladıq; başı çıxan adamlar hamısı narahat olmağa başladı. Sünni-şiə məsələsinin Amerikaya nə dəxli var? Yəhudi əsilli filan sionist Amerika siyasətçisinin – hansından ki İslama və müsəlmanlara qarşı şərdən, pislikdən başqa heç bir şey baş verə bilməz – nə işinə qalıb ki, gəlib sünni ilə şiə arasında arbitrlik eləsin, sünni haqqında bir, şiə haqqında başqa bir şey desin? Amerikalıların dilinə “sünni-şiə” söhbəti düşən vaxtdan burda vəziyyəti başa düşən, diqqətli insanlar narahatlıq keçirməyə başladılar. Başa düşdülər ki, nə isə təzə bir iş baş verməkdədir. Sünni və şiələr arasında qəsdən salınan davaların tarixi keçmişi var; ingilislər bu işdə mahirdir. Keçmişdə ingilislərin əli ilə – istər burda, istər keçmiş Osmanlı dövlətində, istərsə də ərəb dövlətlərində – sünni və şiələr arasında dava-dalaş, konflikt, kin-küdurət yaradılması, bu ikisinin bir-birinin canına salınması barədə əlimizdə bir çox faktlar, məlumatlar var. Bu gün amerikalıların bu sahədə həyata keçirdiyi planlar isə daha təhlükəlidir. Onların İslam dünyası içərisində bu və ya digər firqənin tərəfini tutması bizi sevindirməlidirmi? Bizim tərəfimizi tutanda biz bundan məmnun qalmalıyıqmı? Xeyr, əksinə, bu bizi kədərləndirməlidir; o barədə düşünməliyik ki, bizdə hansı zəif cəhəti görüblər, hansı zəif cəhətimizdən istifadə etmək istəyirlər, nə məqsədlə bizimlə tərəfdaşlıq ifadə edirlər.

Bunlar birbaşa İslamın özünün əleyhinədirlər; reallıq budur ki, Amerikada 11 sentyabr hadisəsi baş verdiyi, Nyu-Yorkda o qüllələr partladıldığı zaman ABŞ-ın o vaxtkı prezidenti: “Bu, səlib müharibəsidir” – demişdi; və o, haqlı idi; pis bir adam idi, amma o sözü doğru idi: dava İslamla imperializm arasında gedir. Əlbəttə, o, “xristianlıq və səlib müharibəsi” demişdi, amma burasını yalan deyirdi; xristianlar İslam dünyasında tam təhlükəsizlik şəraitində yaşayırdılar, elə bu gün də bizim ölkəmizdə də, bəzi başqa ölkələrdə də vəziyyət eynidir. O, imperializmlə, dünyaya ağalıq edən qüvvələrlə İslam dini arasında müharibəni nəzərdə tuturdu; bax bu, doğru idi; bu söz tam doğru idi. Bu gün Amerikada hakimiyyətdə olan cənabların “biz İslama qarşı çıxmırıq”, “İslamın filan məzhəbinin əleyhinəyik”, “filan məzhəbə qarşıyıq” kimi sözləri yalandır, yalan deyirlər, riyakarlıq, ikiüzlülük edirlər. Bunlar da birbaşa İslamın əleyhinədirlər; yolu da müsəlmanlar arasına dava, konflikt salmaqda tapıblar.

Vaxt var idi bu konfliktlər “paniranizm”, “pantürkizm”, “panərəbizm” ideyaları şəklində ortaya atılırdı, bir o qədər effektiv də olmurdu; bu gün isə məzhəb adı altında konflikt yaradıb gəncləri bir-birinin canına salmaq istəyirlər. Sonda da nəticə bu olur ki, Amerikadan asılı qüvvələrin pulu, Amerikanın siyasi dəstəyi, Amerikanın müttəfiqlərinin tərəfdaşlığı ilə İŞİD və bu kimi terrorçu qruplar yaranaraq genişlənmək imkanı əldə edir və İslam dünyasında bu gün şahidi olduğumuz faciələri törədir; nəticə bu olur.

Bunlar: “Biz şiəliyin əleyhinəyik, sünniliyi dəstəkləyirik” – deyərkən yalan deyirlər. Xeyr, belə deyil. Fələstinlilər şiədir, ya sünni? Fələstinlilərə niyə bu qədər mənfi yanaşırlar? Nəyə görə fələstin xalqına qarşı törədilən cinayətləri mütləq surətdə qınamırlar? Qəzza nə qədər əzilib? İordan çayının qərb sahillərindəki torpaqlar nə qədər təzyiqlərə məruz qalıb və elə bu gün də qalmaqdadır? Onlar ki şiə deyil, sünnidir. Amerikalılar üçün məsələ sünni-şiə məsələsi deyil. Onlar İslam dini, İslam hökmləri, bu dinin qoyduğu qayda-qanun əsasında yaşamaq istəyən və bunun uğrunda mübarizə aparan, bu yolda irəliləyən hər bir müsəlmanı özlərinə düşmən hesab edir.

ABŞ siyasətçilərindən birindən müsahibə alıblar; müxbir soruşur ki, “Amerikanın düşməni kimdir?”, o da cavab verir ki, “Amerikanın düşməni terror deyil, Amerikanın düşməni müsəlmanlar da deyil, Amerikanın düşməni islamçılardır”; islamçılar. Yəni o vaxta qədər ki, bir müsəlman başını aşağı salıb yolunu gedib-gəlir, İslama qarşı heç bir stimul nümayiş etdirmir, ona qarşı düşmənçilik hiss etmirlər. Ortaya islamçılıq, İslama, İslamın hakimiyyətinə qarşı məsuliyyət və bağlılıq söhbəti gələndə, müsəlman sivilizasiyasının qurulması məsələsi irəli çəkiləndə isə düşmənçilik başlayır; düzünü deyib, onun düşməni islamçılardır. Elə buna görə də İslam dünyasında islami oyanış baş verəndə, özünüz görürsünüz, necə təşvişə düşür, hərəkətə keçir, bu oyanışı boğmaq, yox etmək üçün necə çalışırlar; bəzi yerlərdə buna müəyyən qədər müvəffəq də olurlar. Əlbəttə, sizə bunu da deyim ki, islami oyanış məhv edilməsi mümkün olan bir şey deyil. İnşallah, Allahın yardımı və dəstəyi, Allahın mərhəməti sayəsində islami oyanış öz hədəflərinə çatacaq.

Onların məqsədi müsəlmanlar arasında qardaş qırğını salmaqdır və təəssüflər olsun ki, buna müəyyən qədər nail ola biliblər də. Müsəlman ölkələrini bir-birinin ardınca viran qoyurlar – Suriyanı viran qoyublar, Yəməni dağıdıblar, Liviyanı dağıdıblar – bu ölkələrin infrastrukturunu məhv edirlər. Nəyə görə? Nəyə görə biz bu məkrli plana tabe olmalıyıq? Nəyə görə onların əsl məqsədi bizə qaranlıq qalmalıdır, bundan bixəbər olmalıyıq? Gözüaçıq olmaq lazımdır; bu yolda uğur qazanmaq istəyiriksə, gözüaçıq olmalıyıq. Əmirəl-möminin (ə) buyurur:

(3) اَلا وَ لا یَحمِلُ هذَا العَلَمَ اِلاّ اَهلُ البَصَرِ وَ الصَّبر 

Gözüaçıq olmaq lazımdır, bu yolda səbirli olmaq lazımdır. 

وَ اِن تَصبِروا وَ تَتَّقوا لا یَضُرُّکُم کَیدُهُم شَیئًا

“Əgər səbir edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz”. (“Ali-İmran” surəsi, 120-ci ayədən)

Səbir və gözüaçıqlıqla davransaq, möhkəm olsaq, onların planları heç bir effekt verməyəcək. Yox əgər biz də onların dediyini təkrar edib, onlar kimi hərəkət etsək, onda nəticəsi mənfi olacaq.

Bəhreyndə müsəlmanlara nəyə görə bu cür təzyiqlər göstərirlər? Nigeriyada əməlisaleh, mömin bir şeyxi(4) nəyə görə o cür faciəli şəkildə öldürür, yaxın ətrafından 1000-ə yaxın insanı da qətlə yetirir, 2 il içində o adamın 6 övladını şəhid edirlər? İslam dünyası bütün bu faciələr qarşısında nəyə görə susur? Müsəlman aləmi 1 ilə yaxındır ki, Yəmənin gecə-gündüz bombardman edilməsinə nəyə görə dözür? 1 ilə yaxındır – 10 aydan bir qədər artıqdır ki – Yəmən əhalisinin ev-eşiyi, xəstəxanaları, məktəbləri, küçələri, kişili-qadınlı günahsız insanlar aviazərbələr altındadır, nəyə görə? Bu, İslam dünyasının xeyrinədirmi? Suriya bir cür, İraq bir cür. Onların hədəfləri təhlükəli hədəflərdir, onların hədəfləri, özləri demişkən, xüsusi beyin mərkəzlərində planlaşdırılır. Biz sayıq olmalıyıq.

Qeyd etdiyim kimi, bütün ümidlər İslam alimlərinə və İslam dünyasının həqiqi ziyalılarına bağlıdır, bütün vəzifə və məsuliyyət onların öhdəsinə düşür. Onlar öz ölkələrində əhali ilə də, siyasətçilərlə də söhbətlər aparmalıdırlar – İslam dünyasındakı bəzi siyasətçilərin vicdanı oyaqdır, mən bunu yaxından görüb hiss etmişəm – onlar mühüm rol oynaya bilər. Bu məclisdə mənim sizə demək, çatdırmaq istədiyim əsas fikir budur: gəlin biz Həzrət Peyğəmbərin (s) mövludunu yada salıb qeyd etməkdən belə bir formada bəhrələnək ki, İslam dininin yer üzünə gəldiyi ilk gündən həyata keçirdiyi işi – yəni o dövrün ölü, cansız dünyasına yeni həyat bəxş etmək işini qarşımıza məqsəd qoyaq, bütün əzmimizi bu hədəfə kökləyək. Bunun üçünsə ağıl, müdriklik, dərindən düşünmək, tədbirli və gözüaçıq olmaq, düşməni tanımaq lazımdır. Düşməni tanıyaq, hiyləgər planlarına bələd olaq, düşmənə aldanmayaq. Belə olarsa, Allah-taala da bizə kömək etməli, bizi Öz doğru yoluna – “sirati-müstəqim”inə istiqamətləndirməli, addımlarımızı möhkəmlətməlidir. Ərəb şairi doğru deyib:  

الدَّهرُ یَقظان وَ الأَحداثُ لم یَنَم‌
(5) فَما رُقادُکُم یا أَفضَلَ الأُمَم 

Güc, sərvət və zorakılıq dünyası ixtiyarında olan bütün imkanlarla sizi hədəfə alıbsa, bir anlıq belə olsun mürgüləməyə, yuxuya keçməyə haqqınız yoxdur.

Pərvərdigara! Bizə bu “sirati-müstəqim”də İslamın və dünyanın bəyəndiyi kimi irəliləməyi nəsib et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
___________________
(1) Görüşün əvvəlində ölkə başçısı, Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış etmişdi. 
(2) İbni Əbilhədid, “Şərhi-Nəhcül-bəlağə”,  c.6, səh 340. 
(3) «Nəhcül-bəlağə”, 173-cü xütbə.
(4) Şeyx İbrahim Zəkzaki
(5) Misir şairi Əhməd Şövqinin misralarıdır.