Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Teoloji sfera, ilahiyyatçılar, ruhanilər böyük və çoxcəhətli potensiala malikdirlər; özü də bu təkcə hazırkı dövrə aid deyil, keçmişdə də belə olub. Böyük şiə fəqihləri və alimləri arasında şairlərin – bəziləri çox dahi, görkəmli olan şairlərin – sayı heç də az deyil. Mühəqqiq Hilli, Əllamənin atası və digər bu qəbildən olan insanlar kimi; sonrakı dövrdə isə mərhum Mirdamad, mərhum Fəyyaz, Həzin Lahici və sair və sair. Eynilə Nəcəfdə də mərhum Bəhrül-ülum. Bəhrül-ülumdan yaşadığı dövrün, yəni 200 il bundan əvvəlin atmosferini, əhval-ruhiyyəsini göstərən çox maraqlı bir xatirə danışmaq istəyirəm. O, mərhum cənab Behbəhanidən sonra mərcə-təqlid olub; yəni mərhum Bəhrül-ülum eynilə Kaşifül-qita kimi, mərhum Behbəhaninin digər böyük şagirdləri, görkəmli din alimləri tərəfindən qəbul olunub, onlar hamısı ona tabe olaraq hüsn-rəğbətlə onu özlərinə başçı seçiblər. Başçı seçildiyi ilk vaxtlarda bir dəfə mərhum Bəhrül-ülum piyada Nəcəfdən Kərbəlaya yola düşüb. Bir qədər yol gedəndən sonra yorularaq oturub. O, özündə zəiflik hiss etdiyni və həmin gecə orada qalmaq istədiyini bildirib. Yanındakılar getməkdə israr etsələr də, o: “Mən qalıram” – deyib; sonra aşağıdakı iki beyti deyib:
از ضعف به هرجا که نشستیم وطن شد
وز گریه به هر سو که گذشتیم چمن شد
Zəiflikdən harada oturduqsa, vətən oldu,
Ağlamaqdan hara getdiksə, çəmən oldu.
Bu beyt Talib Amolidəndir. Ərəb şairlərindən bir neçəsi mərhum Bəhrül-ülumun yanında imiş – məncə, bu məqam çox maraqlıdır; onun Talib Amolidən bir beyt şeir deməyi bir o qədər təəccüblü deyil, amma Kərbəla ziyarətinə gedərkən Nəcəfdən özü ilə birlikdə bir qrup şairi də aparmağı, məncə, çox əhəmiyyətlidir – şairlər deyiblər: “Ey seyidimiz! Bu oxuduğunuzun mənası nə idi?” Bəhrül-ülum söylədiyi beytin mənasını şairlər üçün açıqlayıb, həmin misralarda nədən danışıldığını başa salıb və deyib ki, indi sizin növbənizdir, siz deyin. Şairlər də həmin beytə nəzirə olaraq şeirlər deməyə başlayıblar. Səhv etmirəmsə, bu əhvalatı mərhum Hərzəddinin kitabında görmüşdüm. Orada şeirlər ətraflı nəql olunur, deyilir ki, filankəs bu cür deyib, filankəs bu cür deyib, Bəhrül-ülum özü bu cür deyib; yəni istər fiqh sahəsində biliklərinə, istərsə də mənəvi məqamına görə mükəmməl olan mərhum Bəhrül-ülum kimi bir şəxsiyyət – bilirsiniz, Bəhrül-ülum mənəvi cəhətdən qeyri-adi səviyyədə bir şəxsiyyət olub və görünür, məhz elə bu mənəvi məqamına görə də mərhum Behbəhaninin şagirdi olan bütün böyük fəqihlər ona tabe olublar – o mənəvi məqamlarına, o irfani əhval-ruhiyyəsinə, Həzrətlə görüşdüyü haqda gəzən bütün o söz-söhbətlərə və sairə baxmayaraq, Kərbəla ziyarəti üçün piyada Nəcəfdən yola düşdüyü zaman özü ilə birlikdə şairləri aparır. Bu, ruhanilərin, teoloqların şeirə nə dərəcədə əhəmiyyət verdiyini göstərir. Hər halda, teoloji mərkəzlər bu cür olub. Qumun özündə mərhum cənab Sədr çox görkəmli bir şair olub; onun mərhum Şeyx Əbdülkərimə həsr etdiyi, Şeyxin məzar daşına da həkk edilmiş o beytlər çox gözəldir, yüksək səviyyədədir; cənab Sədr həmin beytlərdə əbcəd hesabı ilə mərhum Şeyxin doğum və ölüm tarixini də göstərib.
Hər halda, poeziya teoloji mərkəzlərin diqqət yetirdiyi, maraq göstərdiyi sahələrdən olub; yeri də var, yəni böyük ruhani alim, fəzilətli ruhani və sair olmaqla heç bir ziddiyyət təşkil etmir. Şair olmaq, yaxşı şair olmaq nə fəqihliyə, nə fəlsəfə və filosofluğa, nə də teoloji mərkəzlərdə ön planda olan digər mühüm elm sahələrinə ziddir. Mərhum Hacı Şeyx Məhəmmədhüseyn İsfahaninin qəzəlləri var, qəsidələri var, ərəbcə, farsca; Nəcəfin ərəb mərcə-təqlidlərindən biri, mərhum Axund və başqalarının müasiri olmuş mərhum Seyid Məhəmmədsəid Həbbubinin bütöv bir divanı var. Məndə də var, içində çox heyrətamiz şeirlər var; aşiqanə şeirlər, ərəbsayağı qəzəllər; ərəblər qəzəli bizim fars dilində öyrəşdiyimiz formada demirlər, amma cürbəcür başqa formada qəzəlləri var. Mərhum Seyid Məhəmmədsəid Həbbubi həm fəqih olub, həm mücahid olub, ingilislərə qarşı vuruşmuş insanlardan olub, eyni zamanda da şair olub. Elə sonuncu misal kimi, bizim öz gözümüzün önündə olan dahi liderimiz İmam Xomeynini deyim; onun da o cür aşiqanə qəzəlləri var – əlbəttə ki, o şeirlərin mahiyyətində irfani məna yatır, amma zahirən eşq mövzusundadır. Odur ki poeziya mühüm bir sahədir və teoloji mərkəzlərdə ona önəm verilməsi müsbət bir haldır. Poeziya teoloji mərkəzlərdə hökm sürən gərgin elmi, akademik atmosferə yeni bir nəfəs gətirə bilər; belə ki teoloji mərkəzlərdə gərgin bir elmi atmosfer olur, universitetlər kimi deyil. Tamamilə elmi bir mühitdir, yalnız yazıb-oxumaq atmosferi yaşanır, qapalı bir otaq kimidir. Və zaman-zaman bu mühitdə poeziyanın rayihəsinin duyulması, məncə, çox müsbət bir haldır. Allaha şükürlər olsun ki, çox istedadlı insanlar da var; bayaq şeir söyləyən o xanım da, bu gün burada iştirak edən bəylərimiz də; çox yaxşı idi. Teoloji mərkəzlərdən mən çox yaxşı şeirlər yazan başqa insanlar da tanıyıram. Özü də onlar düzgün dini qaynaqlara əsaslanan islami məfkurəyə malik olduqları üçün şeirləri də çox faydalı ola bilər. Bu iş çox yaxşı bir işdir, intəhası aza qane olmayın; yəni daha yüksək səviyyələrə can atın.
Nəcəfin din alimləri içərisində şeirləri dünyaca məşhurlaşmış insanlar, şairlər də az deyil. Məşhur bir livanlı şair var, Amerikada yaşayır – indi adı yadımda deyil – onun “Təlasim” adlı bir şeiri var, qafiyə sözü belədir: “لست ادر” (əlbəttə ki, bizdə qəbul olunmuş formada qafiyə deyil). Mərhum Seyid Rza Hindi ona belə bir cavab yazıb: “انا ادری”. Həmin şeir bütün ərəb dünyasında yayılıb, hamı bilir. Yəni Nəcəf alimləri içində görkəmli şairlər olub. Elə mərhum Şah Məhəmmədrza Müzəffər; onun elmi kitabı teoloji mərkəzlərdə dərslik kimi istifadə olunur, oxunur, amma şairdir, yaxşı da şairdir, sayılıb-seçilən şairlərdəndir, Nəcəfdə şairlərlə oturub-durub, poeziya ilə məşğul olub. Hər halda, şeir, poeziya yaxşı bir şeydir və Allaha şükürlər olsun ki, ruhanilərimizdə bu istedad var. Bacardıqca da bunu inkişaf etdirin, qoy şairlər yetişsin. Əlbəttə, bir şərtlə ki, dərsin, dərsə hazırlaşmağın vaxtından almasın; yəni elə olmasın ki, dini təhsil alan dostlarımız vaxtının çoxunu şeirə sərf etsin.
İnşallah, sizə uğurlar arzu edirəm.