... Ərbəin yaxınlaşır. Son illərdə daha öncə görünməmiş, misilsiz bir təzahür müşahidə olunur ki, bu da insanların Nəcəfdən, yaxud Nəcəfdən daha uzaq bəzi şəhərlərdən Kərbəlaya qədər piyada yürüməsidir; bəziləri Bəsrədən, bəziləri sərhəddən, bəziləri isə başqa şəhərlərdən piyada yola düşüb Kərbəlaya gedirlər. Bu yürüş eşq və iman yürüşüdür. Biz də uzaqdan baxıb, özündə mənəvi güc taparaq o yolu gedən, o yürüşü həyata keçirən insanlara qibtə edirik. Şair demişkən:
گرچه دوریم به یاد تو سخن میگوییم
بُعد منزل نبوَد در سفر روحانى
– Səndən uzaq olsaq da, səni anaraq səndən danışırıq. Mənəvi səfərdə ev yada düşməz.
Bu yolu qət etmiş, möminlərə, aşiqlərə aid bu yürüşü həyata keçirən insanlar, doğrudan da, Allahın bəyəndiyi gözəl bir işi görürlər.
لا تُحِلّوا شَعائِرَ الله
– “Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə uz tutub gələnlərə hörmətsizlik etməyin!”(1) Bu, böyük bir şüardır. Ərbəin mərasimi, heç şübhəsiz, Allahın bəyəndiyi mərasimlərdəndir. Mənim kimi bu tip tədbirlərdən məhrum olmuş insanlara isə yalnız bu qalır ki, desinlər:
یا لیتنا کنّا معکم فنفوز فوزاً عظیماً
– Kaş sizinlə birgə olar və böyük bir feyzə nail olardıq(2). Qeyd etdiyim kimi, bu, eşq və iman yürüşüdür. İnsanları bu hərəkətə təhrik edən amillər həm iman, səmimi-qəlbdən gələn inanc və saf etiqaddır, həm də eşqdir, məhəbbətdir. Əhli-Beyt (ə) məfkurəsi, şiə məfkurəsi bu iki komponentdən təşkil olunub: ağıl və emosiyalar, iman və sevgi; bu ikisinin vəhdətidir. İslamın başqa firqələrində isə bu, bir boşluq kimi hiss olunur. Hərdən bu boşluğu müəyyən yollarla doldurmağa çalışırlar, amma alınmır. İslamın digər məzhəblərinin inanıb rəhbər tutduğu şəxsiyyətlər arasında Peyğəmbər (s) ailəsinin üzvləri kimi nurlu, görkəmli, üstün, həqiqi mömin olan başqa kim var ki, insanlar onları bu qədər sevsin, onlarla ünsiyyətə girsin, onlarla danışsın, onlara salamını göndərsin və inşallah, onlardan cavab eşitsin? Başqa kim var? Odur ki bu, Əhli-Beyt (ə) ardıcıllarının əlinə düşmüş misilsiz bir fürsətdir. İmamların ziyarəti, o dahi şəxsiyyətlərlə yaşanan bu sevgi və mənəvi ünsiyyət, ali və üstün mənalarla dolu bu ziyarətnamələr məhz bizim ixtiyarımızdadır.
Bəzi insanlar bu ziyarətnamələrdən bəzilərinin sənədinin mötəbər olub-olmadığını dəqiqləşdirməyə çalışırlar. Şəxsən mən deyirəm ki, onları sənədinin mötəbərliyinə əmin olmadan da oxumaq olar. Yoxsa biz haradan bilək ki, imamlara (ə) müraciət etmək, onlarla söhbət etmək istəyəndə necə danışmalıyıq, hansı sözlərdən istifadə etməliyik? Axı biz özümüz belə bəlağətlə danışa, onlara müraciət edərkən zehminizdən belə fəsahətli ibarələr, belə dərin mənalar tapıb çıxara bilmərik. Ziyarətnamələr bu baxımdan çox yaxşıdır. Əlbəttə, bu ona mane olmur ki, insanlar o müqəddəs şəxsiyyətlərlə elə ürəklərindən gəldiyi, öz ataları və ya yaxın adamları ilə söhbət edib dərdləşdikləri kimi danışsınlar. Bunun da eybi yoxdur, amma əlimizdəki bu ziyarətnamələr, doğrudan da, çox dəyərli bir şeydir və Allaha şükürlər olsun ki, bu, bizim məzhəbimizdə var.
Hər bir halda, Ərbəin yürüşü olduqca əhəmiyyətli, böyük bir işdir. İrandan, başqa müsəlman ölkələrindən, Hindistandan, Avropadan, hətta Amerika və digər ölkələrdən, uzaq-uzaq yerlərdən insanlar qalxıb ora gedir, bu yürüşdə iştirak edirlər. Aşağı-yuxarı 2-3 gün bu yolda pay-piyada yürüyürlər. İnsafla demək lazımdır ki, İraq camaatı da onları böyük sevgi və qonaqpərvərliklə qəbul edir. Çox möhtəşəm, məna yükü ilə dolu bir tədbirdir. Orada iştirak etməyə müvəffəq olmuş insanlar buna çox böyük dəyər və əhəmiyyət verməlidirlər.
Əlbəttə, dediklərimiz belə bir halın yaranmasına yol açmamalıdır ki, kimlərsə müəyyən olunmuş qaydalardan kənar şəkildə qalxıb yola düşsünlər, ora yollansınlar. Yox, hər şey İslam dövlətinin müəyyən etdiyi qayda-qanunlara uyğun olmalıdır. Hökumətdə təmsil olunan dostlarımız oturub düşünüblər, bu iş üçün müəyyən inzibati normalar, qayda-qanun təyin ediblər. Həmin qaydalara hökmən riayət olunmalıdır. Belə olmasın ki, kimlərsə qaydalardan kənar formada, elə “düşək çölə, gedək ərbəin yürüşünə qoşulaq” deyə yollara çıxsın. Ərbəin yürüşünə bu şəkildə qatılmaq arzuedilməzdir. Müəyyən olunmuş qayda-qanuna, mütləq, riayət etməlidirlər. Allah sizə işlərinizdə uğurlar nəsib etsin, inşallah.
________________
(1) “Maidə” surəsi, ayə 2
(2) Aşura günü Kərbəlada olub Həzrət Seyyidüş-şühəda Hüseynlə (ə) birgə şəhadət feyzinə qovuşa bilməmiş insanların o Həzrətin ziyarətnamələrində tez-tez rast gəlinən və müxtəlif ibarələrlə ifadə olunan arzusudur.