Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Bəsic Günü ərəfəsində bəsici zabitlərlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

.الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین و لعنة الله علی اعدائهم اجمعین

Əziz qardaş və bacılar, bu gün bura təşrif gətirməklə, öz isti nəfəsiniz, sevgi dolu qəlbləriniz, xüsusilə də əziz generallarımızın – cənab Cəfəri və cənab Nəqdinin – çıxışları ilə bu hüseyniyəni bəsicin xoş ətri ilə rayihələndirdiniz. Bəsicin rayihəsini duymaq, dərk etmək, bu heyrətamiz və mübarək fenomenin həqiqətini düzgün dərk etmək lazımdır. Bəsicin təşkil edilməsinin ildönümü münasibətilə də hamınızı təbrik edirəm. Ümidvaram, siz bacı-qardaşlarımızdan hər biri, o cümlədən sizin komandanlığınız altında xidmət edən insanlar Həzrət Mehdi Sahibəz-zamanın (Ruhlarımız ona fəda olsun!) razılığına layiq olacaq, o Həzrət sizlərdən razı qalacaq, sizin üçün dua edəcək və inşallah, siz dünya və axirətdə qəlblərinizdəki bu müqəddəs nurla, bu nurlu cisminiz və canınızla tanınacaqsınız.

Fürsətdən istifadə edərək bir neçə məqama toxunmaq istəyirəm: biri budur ki, bəsic təşəbbüsdən yaranmış bir təzahürdür. Bunu demək istəmirəm ki, başqa ölkələrdə, başqa yerlərdə xalq müqavimət qüvvələri olmayıb, yox, olub, bütün bunlar barədə məlumatımız da var, amma dünyanın müxtəlif ölkələrində – Qərbdə, Şərqdə və sairdə – müqavimət qüvvələri adətən represiya və təzyiqlər dövründə, inqilabi mübarizənin getdiyi etapda fəallıq göstərir. İnqilabi mübarizə dövrü başa çatandan, həmin qüvvələr özləri və ya onların əli ilə başqa dairələr hakimiyyətə gələndən sonra bu mübarizə gücü sona çatır, həmin xalq təşkilatlarının fəaliyyətinə son qoyulur. Bu, bütün dünyada belədir; Afrika, Avropa, Asiya və digər müxtəlif ölkələrdə xalqların müqavimət hərəkatının tarixi ilə tanış olan insanlar bunu yaxşı bilir. Misal üçün, Fransanın Əlcəzairə ağalıq etdiyi dövrdə xalq müqavimət dəstələri təşkil olunub, illərlə vuruşublar da – demək olar, 8-10 il amansız müharibə gedib – bir çox çətinliklərə də qatlaşıblar, amma inqilabi hökumət təşkil olunandan sonra artıq bu dəstələrdən əsər-əlamət qalmayıb. Bəziləri hakimiyyətdə təmsil olunmağa başlayıb, bəziləri özünə partiya qurub, amma ortada “müqavimət dəstəsi” adlı bir şey qalmayıb. Yaxud misal üçün, Fransa Almaniyanın işğalı altında olduğu dövrdə müqavimət dəstələri olub – sağ, sol və ya orta təmayüllü – xeyli də vuruşublar, amma işğala son qoyulduqdan, hökumət təşkil olunduqdan sonra artıq həmin dəstələrin izi-sorağı qalmayıb; qurtarıb, çıxıb gediblər. Dedik ki, bəziləri hakimiyyətə gəliblər – hakimiyyətə gələnlər də elə hakimiyyət bəlasına mübtəla olublar; bəzi ölkələrdə bunun mən şəxsən özüm əyani şahidi olmuşam; ağır səngərlərdə, yerin, torpağın üstündə illərlə döyüşmüş insanlar hakimiyyətə çatan kimi insanlarla eynilə, məsələn, bunladan qabaq o ölkəyə ağalıq edən bir Portuqaliya zabitinin davrandığı kimi davranıblar; aralarında heç bir fərq olmayıb; mübarizə aparmaqda məqsədləri hakimiyyətə çatmaq olub; bunun mən bir çox hallarda öz gözlərimlə şahidi olmuşam – və bununla da, əslində, öz mahiyyətlərini dəyişiblər, ya da hakimiyyətə başqaları gəlib, onlarsa hansısa partiya yaradıblar. Məsələn, bu gün həmin ölkələrdə olan bəzi partiyalar kimi; əslində, elə o partiyaların da məqsədi hakimiyyətə gəlməkdir. Bu gün Qərbdə və nəticə etibarilə, bütün dünyada olan siyasi partiyaların məqsədi hakimiyyətə gəlməkdir. Yəni bir partiya hakimiyyətə çatmaq üçün mübarizə aparır, sonra başqa bir partiya hakimiyyəti onun əlindən almaq üçün çalışır. Yəni bu gün siyasi partiyalar – dünyada siyasi partiya adı verilən təsisatlar – əslində, həmin partiyanın rəhbər tutduğu ali ideya və anlayışlara yetişmək üçün olan bir müstəvi deyil. Məsələn, biz inqilabın əvvəllərində “partiya” deyərkən bunu başa düşürdük, bu gün isə belə deyil; məqsəd yalnız bir mərkəz kimi, klub kimi bir araya gəlmək, təşkilatlanmaq və hakimiyyətə çatmaq uğrunda çalışmaqdır. Hakimiyyətə gələndən sonra da görürsən ki, elə əvvəlki hökumətin dövründəki köhnə hamam, köhnə tasdır, heç bir təfavütü yoxdur. Odur ki inqilabların qələbəsi ilə müqavimət dəstələri əriyib yox olur, fəaliyyətinə son qoyulur. Qələbə qazanıldıqdan sonra müqavimət dəstələrinin qalması, ardıcıl bir cərəyan şəklində öz fəaliyyətini davam etdirməsi, coşub-daşan bir çay kimi irəli getməsi, günü-gündən daha da çiçəklənməsi, daha da məlumatlı, gözüaçıq olması, ölkənin onlara ehtiyac duyduğu müxtəlif meydanlarda mütəşəkkil bir formada iştirak etməsi, kəmiyyət və keyfiyyət baxımından genişlənməsi, yeni-yeni ideyalara can atması, yeni yaranan qarşıdurma sferalarında özünəməxsus rol ifa edə bilməsi – bizim bəsicimizdə olduğu kimi – dünyada daha öncə müşahidə olunmamış bir təcrübədir; belə bir şey dünyada görünməyib. 

Bu da İmam Xomeyninin (r.ə) hünəridir; İmam (r.ə) bəsici xalqın içindən təşkil edib, bəsic xalqdan uzaq bir şey deyil. Bəsicilər elə xalqın müxtəlif təbəqələri içərisində təmsil olunan insanlardır – universitetlərdə, tarlalarda, bazarlarda, müxtəlif rəsmi və qeyri-rəsmi qurumlarda çalışırlar, amma eyni zamanda bəsicidirlər, bəsicin sıralarına aiddirlər. Bəsic, əslində, xalqın nümayəndələri içərisindən xüsusi seçim edilmiş bir institutdur; bütövlükdə xalqın bir nümayəndəsidir; bəsic budur. Bəsici İmam Xomeyni (r.ə) formalaşdırdı və o, günü-gündən inkişaf etdi. Bəsicilər çox heyrətamiz, möhtəşəm, diqqətəlayiq işlərə imza atdılar. Korpusumuzdakı, haqqında heyrətamiz şeylər eşitdiyiniz və ya müxtəlif xatirələrdə oxuduğunuz generalların çoxu bəsicilərdir – bəziləri şəhid olublar, bəziləri, Allaha şükürlər olsun ki, sağdırlar. Onlar əvvəlcə müharibəyə bəsici kimi qoşulublar, hərbi rütbələri olmayıb; Müqəddəs Müdafiəyə bəsici olaraq qoşulublar, sonradan istedadları üzə çıxıb, Şəhid Baqeri, Şəhid Kazemi, Şəhid Borucerdi və sair bu kimi görkəmli generallara çevriliblər. Bu, müharibə sferasında. Elm sferasında da eynilə. Elm və texnologiya sahəsində böyük işlər həyata keçirmiş insanların əksəriyyəti ya əvvəllər bəsici olub, ya da hazırda bəsicidir. Adları Bəsic Təşkilatının üzvlərinin siyahısında olmasa belə, özlərini bəsici hesab edirlər. Elə şəhid olmuş nüvə alimləri – Rezayinejad, Əhmədirouşən, Şəhriyari, Əliməhəmmədi və başqaları – nüvə texnologiyaları sahəsində fövqəladə nailiyyətlərin qazanılmasında böyük rol oynamış o insanlar; mən onları yaxından görmüşdüm – bunlar hamısı əslində bəsicidir. Bəsicin konkret tərifi var: xalq kütlələri ali dini hədəfləri rəhbər tutaraq, yorulmaq bilməyən bir ruhiyyə ilə, lazım olan hər yerdə meydanın tən ortasında iştirak edərək istedadını üzə çıxarır, bütün güc və potensialını ortaya qoyur, bu yolun təhlükələrindən də qorxmur; yəni canından keçməyi də gözə alır. Amma “filankəs canından keçməyi də gözə alıb” demək dildə asandır, əməldə bunu etmək bir o qədər də asan deyil. Bu, yalnız bizim ölkəmizə aid olan bir şeydir, İslam İnqilabında və İslam Respublikasında mövcud olan spesifik bir təsisatdır. Bəsici o şəxsdir ki, bunu etməyə – yəni canından, hətta bəzən canından da əziz olan şeylərdən vaz keçməyə hazırdır. Bəsicin mənası budur.

Bəsicin özünəməxsus cəhətlərindən biri onun təmsil olunduğu, iştirak etdiyi arealın genişliyidir. Bunu qoruyub saxlamaq lazımdır; istər hərbi sahədə, istər elmdə, istər incəsənətdə – Şəhid Avini də bəsicidir; və ya misal üçün, şeirdə, ədəbiyyatda, hansısa vizual sənət sahəsində öz dini məsuliyyətini dərk edən, həvəslə çalışan elə incəsənət adamları var ki, bəsicidirlər – habelə istər texnologiyada və ya son vaxtlar aktuallıq qazanmış iqtisadi məsələlərdə; mən hökumət nümayəndələrinə də tapşırmışam, demişəm ki, bəsicilər müqavimət iqtisadiyyatının reallaşdırılmasında könüllü surətdə iştirak etmək, rol oynamaq istəyir. Əlbəttə, bəsic və Keşikçi Korpusda təmsil olunan əziz qardaşlarımız, zabitlər son dərəcə ehtiyatlı olmalıdırlar, çünki iqtisadi fəaliyyətlər, maliyyə məsələləri çox azdırıcı bir sferadır. Şair demişkən:(2)

چو گِل بسیار شد پیلان بلغزند

– “Torpaq çox gilli olsa, filin də ayağı sürüşər”. Diqqətli olsunlar. Bir qədər sonra bu barədə danışacağam, düşmənin qurduğu tələlərdən biri də elə iqtisadi, maliyyə məsələləri ilə, bu qəbildən olan işlərlə bağlıdır. Çox diqqətli, ehtiyatlı olmaq lazımdır. Çünki insan hər an sınaqla üzləşə bilər, bunu bilin. Bilirsiniz də; İslam təlimlərində açıq-aydın əksini tapan bir mövzudur. Yəni insan Baur oğlu Bələm də olsa – Baur oğlu Bələm o şəxsdir ki, duası Allah dərgahından geri qaytarılmırdı, nə dua etsə, yerinə yetirdi – belə bir məqama da yetişsə, yenə də hər an çaşmaq ehtimalı var, ayağı sürüşə bilər. Hesab edin ki, bir xətt üzrə yuxarı çıxırsınız, bu xəttin istənilən nöqtəsində, istənilən məqamında, hər addımında ayağınızın altında uçurum var; istənilən anında. Yuxarı getdikcə də uçurum daha sərt, daha ağır, daha təhlükəli olacaq. Ehtiyatlı olmaq lazımdır; mən bu ehtiyat haqda da danışacağam. Deməli, iştirak etdiyi sferaların geniş əhatəli olması, qeyd etdiyimiz və etmədiyimiz bütün sahələrdə iştirak etmə potensialına malik olması da bəsicin özünəməxsus cəhətlərindəndir.

Bəsicin iştirakı xalqın iştirakı deməkdir; bəsic bir yerdə varsa, iştirak edirsə, bu o deməkdir ki, həmin yerdə İran xalqı var, İran xalqı iştirak edir. Qeyd etdiyim kimi, bəsic İran xalqının simvolu, nümunəsidir, bütövlükdə İran xalqını simvolizə edən bir nümunədir. Əlbəttə, aydındır ki, bu iştirak da idealların müdafiəsi üçündür, dəyərlərin, inqilabi, milli kimliyin qorunması naminədir, bu ölkəyə, bu xalqa öz layiq olduğu, İslam İnqilabının bərəkəti ilə özü üçün müəyyən edib irəlilədiyi yüksək məqama yetişməkdə kömək etmək naminədir. Bəsicin iştirakı, təbii ki, bu mənadadır; bu sadaladıqlarımı qorumalı, müdafiə etməlidir.

“Müdafiə etmək lazımdır” deyərkən dərhal insanın ağlına belə bir fikir gəlir ki, nəyə görə müdafiə etmək lazımdır, məgər ortada bir hücum var, kimsə bizə qarşı hücuma keçib? Üstümüzə hücum edən elə bir düşmən var ki, onun qarşısında müdafiə olunmaq tələb olunsun? İnsanda bu suallar yaranır. Sizlər bu sualın cavabını çox gözəl bilirsiniz. Bəli, bu möhtəşəm hərəkatın qarşısında düşmən var; hiyləgər, saxtakar, çevik, diribaş, Şeytan xislətli bir düşmən. O düşmən kimdir? İmperializm.

İmperializmin dünyada təcəssümü isə bu gün, əlbəttə ki, Amerikadır; bir vaxtlarsa İngiltərə idi. Bu düşmən bekar dayanmır, daim fəaliyyətdədir, daim məşğuldur. Əzizimiz general Cəfərinin çıxışının əvvəlində qeyd etdiyi təhlil tamamilə düzgün idi. Bu gün dünyada gedən qarşıdurma imperializmlə, imperialist davranış tərzi ilə dəyərlər, milli müstəqillik, milli kimlik arasında gedən qarşıdurmadır, bu ikincinin təcəssümü isə İslam İnqilabı, İslam Respublikasıdır. Bu gün dünyada gedən dava bunun üstündədir. O demək deyil ki, başqa səbəblər ucbatından dava yoxdur, var. İtlərə nə var, leş üstündə də bir-birinə girir, dava edirlər; bu var, amma əsas dava budur, əsas kurs, əsas cəbhə budur. Odur ki düşmən var, düşmən sayıqdır.

Dedik ki, bu gün imperializmin təcəssümü Amerikadır; amma bu, imperializmin siyasi maşınıdır, imperializm təkcə siyasi maşından ibarət deyil. İmperializmin maliyyə maşını bəzən daha əhəmiyyətli və effektiv işləyir. Məsələn, dünyanın iri şirkət və kompaniyaları, əsas etibarilə sionistlər olan nəhəng kapitalistləri; imperializm ümumilikdə bunlardan ibarətdir; bunlar daim məşğuldurlar. Doğrudan da, həm zərdən – puldan, qızıldan istifadə edirlər, həm də zordan. Burda pul, məcburiyyət və aldatma üçlüyündən danışdılar, tamamilə düzgün qeyd olundu. Keçmişdə deyərdik “pul, məcburiyyət və aldatma”, aldatma deyərkən də dini etiqad baxımından aldatmanı, çaşdırmanı nəzərdə tuturduq. Yəni din örtüyü altında müəyyən ünsürlər gəlib zəmin hazırlayırlar, pul və zorakılıq ordusunun gəlişi üçün yolu təmizləyib açırlar. Bu gün isə aldatma deyərkən təkcə dini etiqad baxımından aldatmanı nəzərdə tutmuruq, siyasi cəhətdən aldatma da var. Yəni siyasi strukturlar, diplomatik strukturlar çox güclü bir şəkildə yalanla, cürbəcür məkrli planlar cızmaqla, layihələr hazırlamaqla məşğuldurlar. Gülər üzlə adamın qarşısına çıxır, qucağını açıb üstünə gəlir və elə o vəziyyətdə – eynilə bəzi filmlərdə gördüyümüz kimi – qarşı tərəfi qucağına sıxan yerdə arxadan xəncəri ürəyinə saplayırlar. Odur ki bu gün yalan, aldatma dediyimiz zaman bu, siyasət, diplomatiya və sair bu kimi sferalara da şamil olunur, diqqətli olmaq lazımdır. Bəli, bu düşmənçilik var və müxtəlif formalarda təzahür edə bilər. Bütün bunlara qarşı biz diqqətli olmalıyıq, yəni bunları daim öz-özümüzə təkrar etməli, özümüzə aşılamalı, yaddan çıxarmamalıyıq ki, nə etməli olduğumuzu bilək. Hamımız – həm ölkənin siyasətçiləri, həm administrasiyası, əziz bəsicilər, siz və düşünən, iş görən, fəallıq göstərən başqa vətəndaşlarımız – bunları daim zehnimizdə tutmalıyıq. 

Biri var sərt düşmənçilik: bomba atalar, güllə atalar, terrorçu göndərələr, biri də var “yumşaq” düşmənçilik. Bir müddət əvvəl mən düşmənin yol tapıb ölkəyə nüfuz etməyə çalışdığı barədə danışmışdım; düşmənin ölkəyə nüfuz etməsi çox mühüm məsələdir. Mən bu məsələ ətrafında danışıram, bəziləri mənfi reaksiya verirlər, deyirlər ki, bu mövzu siyasi cinahların əlində alətə çevrilib, bundan istifadə edirlər. Bu söz-söhbətlə işim yoxdur. Nə deyə bilərəm, alətə çevirməsinlər, bu barədə boş-boş danışmasınlar, lazımi qədər mahiyyətinə varmadan ölkəyə düşmənin nüfuz etməsi haqda danışmasınlar. Bu şeylərlə işimiz yoxdur, amma hər bir fikri səsləndirərkən, hər bir sözü deyərkən, ciddi bir iş həyata keçirərkən düşmənin ölkəyə nüfuz etməyə çalışdığını bir reallıq olaraq diqqətdən qaçırmasınlar. Yaddan çıxarmayaq ki, düşmənin məqsədi ölkəyə yol tapmaqdır. Mən düşmənin ölkəyə nüfuz etməsi barədə də bir qədər izah verəcəyəm: nüfuz nədir, necə olur; əsas odur ki, sözügedən məsələnin özünü diqqətdən qaçırmayaq. Siyasi cinahlar bir-birini qarşılıqlı şəkildə ittiham etməsinlər; belə olmasın ki, bu ona desin: “filan sözü dedin, bunu nəzərdə tuturdun”, o buna desin: “yox, sən filan sözü deməklə bunu nəzərdə tuturdun”. İndi hər nəyi nəzərdə tutubsa, tutub. Əsas odur ki, reallıq yaddan çıxarılmasın: düşmən yol tapıb ölkəyə nüfuz etməyə çalışır. 

Düşmənin nüfuz etməsi də iki cürdür: biri var ayrı-ayrı situasiyalar, fərdlər səviyyəsində nüfuz etmə, biri də var bütöv bir cərəyan şəklində nüfüz etmə. Düşmənin konkret situasiyalarda nüfuz etməsinə bir çox misallar gətirmək olar: tutalım, siz hansısa qurumda rəhbər vəzifədə çalışırsınız, yüksək mövqeyə maliksiniz. Özünü xoşagələn obrazda təqdim edən, yaxşı insan siması altında maskalanmış bir nəfəri sizin kollektivinizə göndərirlər ki, dost olmadığı halda, siz onu dost kimi qəbul edəsiniz və o, rahatlıqla öz işini görə bilsin. Bu insanların missiyası bəzən casusluqdan ibarət olur – hansı ki elə ən önəmsiz olanı casusluqdur; yəni ən az əhəmiyyət kəsb edəni bu cür insanların casusluq fəaliyyətidir, məlumat toplayıb ötürməsidir – bəzən isə onlara casusluqdan daha önəmli bir iş tapşırılır: sizin verəcəyiniz qərarları dəyişmək, qərarlarınıza təsir göstərmək. Siz rəhbər vəzifədə çalışdığınıza, mühüm qərarlar qəbul etdiyinizə görə ölkə və cəmiyyət üçün böyük, effektiv tədbirlər həyata keçirə bilərsiniz, hansısa işi başqa bir formada gördüyünüz zaman düşmənin dəyirmanına su tökmüş ola bilərsiniz, buna görə də o gəlib burda sizin fəaliyyətinizi özünə sərf edən istiqamətə yönəltmək üçün işlər görür; yəni mühüm qərarların qəbuluna təsir göstərir. Özü də bu kimi hallara indiyə qədər təkcə siyasi strukturlarda yox, bütün qurumlarda, hətta dini, mənəvi və bu kimi məsələlərlə məşğul olan strukturlarda da rast gəlinib. Ölkəmizin böyük ruhanilərindən biri, Bircənd şəhərində yaşayan mərhum Seyid Həsən Təhami yaşayıb işləmək üçün Bircəndi seçmişdi. Çox görkəmli bir ruhani idi, Qum və ya Nəcəfdə qalsaydı, mütləq, mərcə-təqlid olardı; çox müdrik, elmli bir insan idi. O özü mənə danışmışdı; deyirdi ki, iraqlılar ingilislərlə müharibə etdikləri zaman – 1918-ci ildə; təqribən 100 il əvvəl – o dövrün mərcələrindən birinin bir xidmətçisi var idi, çox yaxşı bir adam idi, tələbələrlə yaxın münasibət qurur, söhbət edirdi, hamını tanıyırdı, hamı ilə dostlaşmışdı (mərhum Təhami adını da deyirdi, mənim yadımda deyil). Deyirdi, sonralar ingilislər qələbə çalıb İraqı işğal etdikdən və son olaraq Nəcəfi ələ keçirib ora daxil olduqdan sonra tələbələrə xəbər çatdı ki, filan ruhaninin həmin o xidmətçisi ingilis zabitidir! Deyir, mən inanmadım, “Elə şey olar?” – deyə düşündüm, amma sonradan bir gün Hüveyş bazarında – Nəcəfdə məşhur bir bazardır – gedirdim, 8-10 nəfər ingilis zabitinin at üstə gəldiyini gördüm – o vaxt atla gəzirmişlər – öndə bir zabit gedirdi. Deyir, mən kənara çəkilib dayandım ki, bunlar rədd olub getsin, mənə çatanda qabaqdakı o zabit yuxarıdan aşağı səsləndi: “Cənab Seyid Həsən, necəsən?” Baxdım ki, hə, həmin mərcə-təqlidin xidmətçisidir; biz onu illərlə görmüşdük. Bax bəzən düşmən bu şəkildə nüfuz edir, ayrı-ayrı insanlara təsir göstərir, kiminsə evinə, kiminsə çalışdığı quruma yol tapır. Siyasi strukturlarda da belələrindən nə qədər istəsən olub; ola bilsin, bu gün də var. Bu, əlbəttə ki, təhlükəlidir. 

İntəhası, bundan daha təhlükəlisi düşmənin bütöv bir cərəyan şəklində ölkəyə yol tapıb nüfuz etməsidir. Bütöv bir cərəyan şəklində nüfuz etmək xalqın içində şəbəkə qurmaq deməkdir. Pul vasitəsilə – pulun, maliyyə məsələlərinin rolu və əhəmiyyəti burada üzə çıxır. Ən başlıca vasitələr bu ikisidir: pul və cinsi məsələlər. İnsanları özlərinə cəlb edib bir araya toplayırlar, qondarma, yalançı bir hədəf müəyyən edib, cəmiyyətə təsir edə bilən nüfuzlu şəxsləri istədikləri, planlaşdırdıqları istiqamətə çəkirlər. Hansı istiqamətə? Həmin istiqamət insanların inanclarını, ideallarını, yanaşmasını, həyat tərzini dəyişməkdən ibarətdir. Elə edirlər ki, öz təsir və nüfuz dairələrinə aldıqları insan amerikalılar kimi düşünsün. Yəni buna nail olurlar ki, siz məsələlərə eynilə bir amerikalı kimi yanaşasınız – əlbəttə ki, burada Amerika siyasətçiləri nəzərdə tutulur, sadə Amerika xalqına heç bir aidiyyəti yoxdur – proseslərdən eynilə CİA-nın(3) yüksək vəzifəli məmurları kimi nəticə çıxarasınız; nəticə etibarilə, eynilə onların istədiyini istəyəsiniz. Bununla da arxayın olub otururlar; özlərini təhlükəyə atmaları, ortalığa düşmələri lazım olmadan, siz onlar üçün işləyirsiniz. Məqsəd budur; yol tapıb nüfuz etməkdə, təsir dairəsinə salmaqda məqsəd budur; bütöv bir cərəyan, şəbəkə şəklində, genişmiqyaslı nüfuz etmədə, ayrı-ayrı şəxsləri hədəfə alan nüfuz etmədə yox. Əgər ölkənin müqəddəratında, siyasətində, gələcəyində rolu olan insanlar bu təsirin altına düşsə, görün nələr olar? İdeallar dəyişər, dəyərlər dəyişər, istəklər dəyişər, inanclar dəyişər.

Bu gün siz belə düşünür, buna inanırsınız ki, Fələstin məsələsində bir xalqa açıq-aşkar zülm olunur; bunu görürsünüz, yanaşmanız bu şəkildədir. Amerikanın yanaşmasında isə öz evində oturduğu yerdə hücuma məruz qalan bir insan, fələstinli ərəb – istər müsəlman olsun, istərsə də xristian – ittiham olunur. Halbuki sizin gözünüzdə o, məzlumdur. Bax düşmən sizin baxış bucağınızı dəyişməyə nail olsa, siz də məsələyə onun kimi yanaşaraq deyəcəksiniz ki, İsrail öz heysiyyətini müdafiə edir! Obama belə deməmişdimi?! Bunlar gecə-gündüz Qəzza əhalisinin başına atəş yağdıranda, müdafiəsiz insanların ev-eşiyini, əkin yerlərini, uşaqlarını, məktəblərini, xəstəxanalarını hücuma məruz qoyanda Amerika prezidenti çıxıb dedi ki, İsrail özünü müdafiə edir! Yəni yanaşmaları budur. Öz şəbəkələrini qurmaqla, özləri üçün sərfəli tendensiyalar formalaşdırmaqla bunu təmin edirlər ki, İranda, yaxud başqa bir ölkədə yaşayan insanların da yanaşması dəyişib bu cür olsun. Düşmənin ölkəyə nüfuz etməsi budur. Görün nə qədər təhlükəlidir.

Bəs düşmən öz nüfuz dairəsinə, təsiri altına salmaq üçün ən çox kimləri hədəfə alır? Əsasən ziyalıları, cəmiyyətdə nüfuza malik olan insanları, mühüm qərarları işləyib hazırlayan və qəbul edən şəxsləri – ən çox hədəfə alınan bunlardır. Əsasən onların təsir altına düşməsi üçün səylər göstərilir. Odur ki düşmənin yol tapıb ölkəyə nüfuz etməsi, təsiri təhlükədir; böyük bir təhlükədir. Ayrı-ayrı şəxslərin mövzudan siyasi təmayül maraqları üçün istifadə etməyə çalışması ilə bağlı iddialar bu məsələnin əhəmiyyətini heç də azaltmır; sui-istifadə olunsa da, olunmasa da – istər-istəməz olunacaq; siyasi maraqlar üçün istifadə olunacaq – reallıq budur və bu reallığa göz yummaq olmaz.

Müəyyən kənar işlər də var ki, düşmənin bu nüfuz və təsirini təkmilləşdirir. Onlardan biri də mentalitetin, düzgün yanaşmanın, dəyərlərin qorunmasında israr edən insanların qəbul edilməməsi, suçlanmasıdır. Bu, düşmənin təsir və nüfuzunu daha da gücləndirir. Mən demək istəmirəm ki, bəsiciləri mənfi qəbul edən, ifratçılıqda, aqresivlikdə və daha nələrdə ittiham edən şəxslər ölkəyə nüfuz etməyə çalışanlarla şüurlu şəkildə əməkdaşlıq edirlər, əlbirdirlər. Mənim nə belə bir iddiam, nə də bu barədə bir məlumatım var, amma reallıq odur ki, bunun özü onlara bir köməkdir. Müxtəlif sferalarda bəsiciləri cürbəcür ifadələrlə ekstremizmdə, ifratçılıqda və daha nələrdə ittiham edənlər, əslində düşmənin bu ölkədə təsir və nüfuzunu gücləndirirlər. Çünki bəsic bizi qoruyan möhkəm istehkamlardan biridir; bəsic güclü bir istehkamdır, onu zəiflətmək olmaz.

Mən ixtiyarında tribuna olan, camaata səslənmək imkanı olan hər kəsə burdan tövsiyə edirəm, məsləhət görürəm ki, ölkənin mentalitetini, İslam İnqilabının prinsip və ideyalarını zəiflətməyə çalışmasınlar. Biri ağzını açıb mental dəyərlərdən bir kəlmə danışan kimi, o saat deməsinlər ki, ifratçıdır, ekstremistdir, ya nə bilim daha nədir, yaxud siyasi təmayül maraqlarından çıxış edərək danışır; belə etməsinlər. Xalqın orijinallığını, mental dəyərlərini sıxışdırmasınlar, bu dəyərlərin daşıyıcısı olan insanları ifratçılıqda suçlamasınlar, inqilabın açıq-aydın prinsiplərini inkar etməsinlər. İnqilabın özünəməxsus, açıq-aydın, danılmaz, dəyişməz prinsip və ideyaları var. Axı əlimizdə İmam Xomeyninin (r.ə) iyirmi neçə cildlik bəyanatları var; İmam inqilabın təcəssümü, inqilabın danışan dili, inqilabi həqiqətləri açıqlayan rupor idi. Baxın görün İmam nələri vurğulayıb, nələri önə çəkib. İnqilabın açıq-aydın, danılmaz prinsiplərini inkar etməsinlər. Bu, çox əhəmiyyətli məsələlərdən biridir.

Mən bəsicə çox böyük önəm verirəm; bəsici çox mühüm, effektiv, bərəkətli və əlbəttə ki, parlaq gələcəyi olan bir fenomen hesab edirəm. Mən inanıram ki, bəsicin əleyhinə göstərilən bütün bu səylər, görülən işlər, həyata keçirilən təxribatlar onu zəiflədə bilməyəcək. İnşallah, bəsic günü-gündən daha da kök atıb möhkəmlənəcək. Vaxt var idi, bəsic nazik bir fidan idi, bu gün isə iri gövdəli bir ağacdır və Allahın köməyi ilə, bundan daha yaxşı, daha güclü olacaq. Lakin diqqətli olun ki, bu irigövdəli ağaca xəstəlik düşməsin. Mən üzümü sizə tutub bir daha deyirəm: ehtiyatlı olun. Biri var kimsə mişar götürüb ağacın üstünə gəlir – mişarın qarşısını almaq olur; biri də var ağacı xəstəlik içindən yeyir – buna əlac tapmaq daha çətin olur.

Bəsic üçün təhlükə törədən bəlalardan biri lovğalıqdır. “Biz bəsiciyik, favoritik, seçilmişlərdənik, adımız-sanımız var, bizim haqqımızda bu qədər danışılır” – deyə başqalarına yuxarıdan aşağı baxaq – bax bu, bəladır; bu, mərəzdir. Böyüdükcə, yüksəldikcə, daha da təvazökar olmalısınız; Uca Yaradan qarşısında daha itaətkar olmalısınız. Baxın, siz də, mən də istiğfar edirik, deyirik:

 استغفرالله ربّی و اتوب الیه

Amma bizim istiğfarımıza baxın, İmam Səccadın (ə) istiğfarına baxın. Biz də dua edirik; amma baxın bizim dua və yalvarışımız necədir, Əmirəl-mömininin öz minacatlarında, İmam Hüseynin “Ərəfə” duasında, yaxud İmam Səccadın “Səhifeyi-Səccadiyyə”də olan dua və yalvarışları necədir. Onlar hara, biz hara. Onlar etdikləri dua və yalvarışlarda bizdən min dəfə daha ciddidir; istiğfarları bizdən daha ciddidir. Əmirəl-möminin o əzəməti, o məqamı, o ibadəti, o təqvası ilə “Kumeyl” duasında Allahın əzabı sarıdan keçirdiyi qorxu barədə danışır! Yüksəldikcə özünüzü Allah qarşısında, Onun yaratdıqları qarşısında daha kiçik görün. “Məkarimül-əxlaq” duasında bizə öyrədilir ki, xalqın gözündə nə qədər ucalsaq, xalqın qarşısında məqamımız nə qədər yüksəlsə

اِلّا حَطَطتَنی عِندَ نَفسی مثِلَها

– özlüyümüzdə, öz gözümüzdə bir o qədər alçalmalıyıq. Daşıdığımız məsuliyyətə, çatışmazlıqlarımıza, zəif cəhətlərimizə, nöqsanlarımıza diqqət etməliyik. Nöqsanlarımız heç də az deyil; mən elə özümü nəzərdə tutub deyirəm. Düzdür, siz gənclər bizdən daha yaxşısınız, amma hər kəsin, hamımızın nöqsanı var. Öz nöqsanlarımıza daha artıq diqqət yetirməliyik. Odur ki lovğalıq təhlükəli bəlalardan, mərəzlərdən biridir. Diqqətli olun ki, “mən bəsiciyəm, mən fədaiyəm, mən canımdan keçməyə hazıram” deyə təkəbbürə, lovğalığa düçar olmayasınız.

İkinci bəla qəflətdir. Elə qəflət də lovğalıqdan irəli gələn bir şeydir. İnsan öz gücünə çox arxalananda, öz bacarığından, çox dəyərli olmasından lovğalıq hissi keçirəndə, elə bil ki, qəflətə qapılır, arxayınlaşır, onda öz işinə qarşı diqqətsizlik, məsuliyyətsizlik yaranır. Bax buna yol verməyin, qəflətə düçar olmayın. Həmişə gözüaçıq və diqqətli olun.

Daha bir bəla isə – bunu da deyim, daha bəsdir – maddi dünyanın bər-bəzəyinə, dəbdəbəsinə görə bir-biri ilə yarışa girməkdir. Bəli, yarışa; bu, bir yarışdır: həyatın bərbəzəyinin dalınca qaçmaq, daha çox dəbdəbəli əşya əldə etmək, daha yaxşı həyat, daha artıq gəlir uğrunda əlləşib-vuruşmaq. Qaçmaq yarışdır, insanlar da dünyada bu yarışa qoşulub. İndi bəziləri daha zirəkdir, irəli keçib milyardlara qədər çatır, bəziləri isə bir o qədər zirək deyil. Amma yenə də bu dünyada insanlar – dünyapərəst olanlar yarışdadır. Siz bu yarışa qoşulmayın. Heç ağlınıza belə gətirib deməyin ki, filankəsin filan şeyi var, filankəs filan şeyləri əldə edib, mənim heç nəyim yoxdur, mən də o şeyləri əldə etməliyəm. Bu, nəinki təkcə bəsicin, hər bir möminin bəlasıdır. Çoxlarını görmüşük, yaxşı, dinə-imana bağlı adamlar olublar, dünya malının, dəbdəbənin, bu kimi şeylərin içinə düşən kimi, yavaş-yavaş iti cəhətləri kütləşib, potensialları azalıb, stimulları zəifləyib. Stimul zəifləyəndə iradə də zəifləyir, iradə zəifləyəndə isə bu özünü dərhal əməldə büruzə verir. Belə-belə həmin adamlar əldən gedib. Bəlalar bax bunlardır. Bəs bu gün bəsicin prioritetləri hansılardır? İlk növbədə təqva və saflıq; təqva və saflıq. Məna əhli olan bütün insanların – böyüklərin, dahilərin; bəzən bizə də onlarla görüşmək nəsib olub – əsas tövsiyələri bu idi ki, günah etməyin. Bəziləri soruşur, ağa, hansı zikri oxuyaq ki, misal üçün, çox yaxşı olsun, məqamımız ucalsın? Böyüklər deyərdilər ki, zikrin özünə qalsın, günah etmə! Birinci addım budur, bu addım atılsa, problemlərinizdən çoxu – mənəvi, psixoloji, maddi problemləriniz – aradan qalxacaq. Hamımız günah edə bilərik, hər birimizin ayağı büdrəyə bilər; bu barədə dedim. Ehtiyatlı olun. Sizdə bu ehtiyatlılıq olsa – bunun adı təvqadır; Quranda bir bu qədər təkrarlanan təqva anlayışı elə günah etməmək, Allahın buyruğundan çıxmamaq üçün özündən ehtiyatlı olmaqdır – günah sarıdan özünüzdən muğayat olsanız, Uca Yaradan da sizə kömək edəcək, möhkəm, mətin olmağınıza yardım edəcək. Bu ehtiyatlılıq həm də ilahi rəhməti insana cəlb edir, onun həyatına bərəkət gətirir. Təqvanın təsiri ilə insanın ömrü, insanın həyatı, yaşadığı hər bir an, hər bir saat bərəkət qazanır. Mənim ilk tövsiyəm budur.

İkinci tövsiyəm isə bəsirətlə, gözüaçıq olmaqla bağlıdır. Çıxışlarımda mən Əmirəl-mömininin (ə) bu cümləsini dəfələrlə təkrarlamışam:

الا ... وَ لا یَحمِلُ هَذَا العَلَم اِلّا اَهلُ البَصَرِ و الصَّبر

Əvvəlcə bəsirət əhli – yanaşması düzgün olan, gözüaçıq olan, vəziyyəti başa düşən insanlar qeyd olunur. Gözüaçıqlığımızı günü-gündən daha da artırmalı, ölkə daxilində vəziyyətin nə yerdə olduğunu, hansı proseslərin getdiyini, hansı məqamlarda düşmənin varlığının hiss olunduğunu, hansı məqamlarda isə arxayınlıqla hərəkət etməyin mümkün olduğunu dərk etməliyik. Gözüaçıq olmaq lazımdır. Dünyada tutduğumuz mövqeyi bilməliyik; bu gün biz haradayıq?

Bir qrup şəxs var, bütün səylərini özünü, öz xalqını, öz kimliyini təhqir etməyə yönəldib. “Biz heç nəyik!” – bunu müxtəlif formada, cürbəcür ifadə tərzləri ilə çatdırır, götürüb hansısa ölkənin, hansısa xalqın davranışını ətraflı təsvir edərək tərifləyir, yaxud bu kimi işlər görürlər (əksəriyyət etibarilə də heç həqiqət deyil, çoxu o filmlərdə göstərilənləri deyir). Filmlərdə polis gəlib bir nəfəri həbs etmək istəyəndə ilk olaraq bunu deyir ki, “diqqətli olun, işlədəcəyiniz hər bir ifadə məhkəmədə əleyhinizə dəlil kimi istifadə oluna bilər”. Yəni bu polis o qədər alicənabdır ki, şübhəliyə – cinayət işlədiyi ehtimal olunan bir şəxsə – bəri başdan məsləhət verir, deyir, “ehtiyatlı ol, ağzından artıq-əskik söz çıxarma, məhkəmədə əleyhinə işləyə bilər”! Qərb polisi budur? Amerika polisi belədir? Bu yalnız Hollivud filmlərində olur. Amerika polisi adamın qoluna qandalı keçirən kimi birini ilişdirir; atəş açır, öldürür. Cibində oyuncaq tapança olduğuna görə atəş açaraq adamı öldürür. Onların polisləri məgər belədir? Filmlərdə yalandan bəzəyirlər; məhkəmələrini, polislərini, dövlət qurumlarını, daha nələri. Yaxşı, bunlar kinodur, bəzilərinin yazdığı məqalələr, etdiyi çıxışlar, danışdığı sözlər də elə eynilə Hollivud filmləri kimidir. Başqalarını heç onlarda olmayan şeylərlə tərifləyib, bəzəyib-şişirdib göstərməyə, bununla da, əslində, xalqımızda yetərsizlik kompleksi yaratmağa çalışırlar. Amma yox, belə deyil; bizim xalqımız böyük bir xalqdır; böyük sınaqlardan da başucalığı və uğurla çıxıb, böyük işlər də görüb. Bizim xalqımız o xalqdır ki, müharibədə əsir götürəndə onu döymür, öldürmür, müalicə edirdi. Öz mehtərəsindən ona su içirdirdi. Bizim xalqımız belə bir xalqdır. Hansısa xarici ölkədən olan və casusluqda şübhəli bilinən bir neçə yaramazı – hansılar ki elə, doğrudan, casus da ola bilərdilər – dənizdə tutub gətirirlər, sonra evlərinə qaytaranda əyinlərinə təzə paltar geydirib göndərirlər. Xalqımız belə bir xalqdır: davranışı, mehribanlığı, insafı, həm də şücaəti. Bizim xalqımız o xalqdır ki, bir neçə əsr davam etmiş təhqir və zəlalətin boyunduruğundan xilas olmağa, izzət və nüfuzun zirvəsində öz sözünü deməyə müvəffəq olub. Bizim belə bir xalqımız var; zarafat deyil. Müxtəlif ölkələr – dünyanın super-gücləri sayılan dövlətlər – bir araya gəlib düşünür ki, “İranla neyləyək?” Bax bu, xalqın gücü, xalqın iqtidarıdır: maddi, hərbi, siyasi iqtidardır, məntiq gücüdür, əxlaqın gücüdür. O demək deyil ki, zəif cəhətlərimiz yoxdur, zəif cəhətlərimiz, nöqsanlarımız da çoxdur, amma imkan və bacarıqlarımız, dəyərlərimiz, parlaq cəhətlərimiz də az deyil. Bu xalqı nə üçün alçaldırlar? Bəziləri elə daim ölkəni, xalqı, rəsmiləri təhqir etməyə adət edib. Bəsirət odur ki, insan bu həqiqətləri bilə, dərk edə, özünün, ölkəsinin, xalqının, inqilabın məntiqinin, İmamın ölkədə cızdığı doğru yolun, “sirati-müstəqim”in yerini və mövqeyini bilə. Bəsirət, gözüaçıqlıq budur.

Hərəkətə keçmək üçün daim hazır olmaq – bu da zəruri şərtlərdən, mənim bəsici qardaş və bacılarıma etməli olduğum vacib tövsiyələrdən biridir. Hazır olmaq lazımdır.(4) Çox gözəl, çox razıyam. Mən sizin daim hazır olduğunuzu bilirəm.(5) Çox yaxşı, kifayətdir. Siz də bir az yorğunluğunuzu atdınız.(6) Bayaqdan sakit durmuşdunuz, bir az şüar dediniz, yorğunluğunuz çıxdı. İndi diqqət edin:

Bu gün dünyada gedən qarşıdurma real bir qarşıdurmadır. Üz-üzə duran tərəflər də insani dəyərlərdən çox, çox-çox uzaqdırlar. Odur ki elə bizim öz ətrafımızda da elə hadisələr baş verir ki, biz onlara qarşı etinasız qala bilmərik. Bunlardan birincisi Fələstin məsələsidir, Fələstin problemidir. Fələstin məsələsi xırda bir məsələ deyil. Fələstinin işğalından 60 il, yaxud bundan bir qədər də artıq vaxt ötür, oranın əhalisi – fələstinlilər arasında bir neçə nəsil bir-birini əvəz edib, amma Fələstin ideyası hələ də yaşayır. Düşmənin bütün səyləri Fələstin ideyasını yox etməyə, aradan götürməyə yönəlib, amma bu ideya hələ də yaşayır, var. Təəssüflər olsun, ərəb dövlətlərinin başı başqa işlərə o qədər qarışıb ki, Fələstin məsələsi ilə məşğul olmağa vaxt tapmırlar, yaxud bunu heç istəmirlər də; üzgörənlik, başqa cürbəcür səbəblər, kimlərisə, nələrisə nəzərə almalar, Amerika və başqaları ilə müttəfiqlik imkan vermir. Amma Fələstin məsələsi çox əhəmiyyətli bir məsələdir, biz onu boşlaya bilmərik. Bu gün İordan çayının qərb sahilində yaşayan fələstinlilərin müqavimət hərəkatı start götürüb, camaat döyüşür. İmperializmin ruporları tamamilə ədalətsiz, zülmkar mühakimə yürüdür. Gəlib buldozerlə evləri söküb yeni yaşayış qəsəbələri salırlar, insanların əkin yerlərini məhv edirlər, ev-eşiyi zəbt edilmiş, öz evinin içində canı və malının təhlükəsizliyi təmin olunmayan bir insan evini qorumaq üçün bir daş atanda deyirlər: “Terrorçudur!” Bu insanın həyatını, təhlükəsizliyini, heysiyyətini, əmlakını, dünyasını bu şəkildə məhv edən bir rejim haqda isə deyirlər ki, “zülmə məruz qalıb, özünü müdafiə edir”. Bax bu, çox qəribədir, müasir dünyanın ən qəribə təzahürlərindən biridir! Biri gəlib birinin evini zəbt edir, ev yiyəsini evindən çıxarır və durmadan ona zülmlər edir, onun haqda deyirlər: “Nə etsin, özünü müdafiə etməsin? Özünü müdafiə edir də!” Təhlükəsizliyi pozulmuş, ev-eşiyindən olmuş, arvad-uşağı, heysiyyəti, hər şeyi təhlükə altında olan o məzlum ev yiyəsi dönüb ona bir söyüş söyəndə, ya bir daş atanda isə deyirlər ki, “Terrorçudur!” Bu, balaca bir şeydir? Xırda səhvdir? Kiçik zülmdür ki, üstündən keçmək mümkün olsun? Yox, bunun üstündən keçmək olmaz! Biz Fələstin xalqının müqavimət hərəkatını bütün varlığımızla, əlimizdən gəldiyi günə qədər və mümkün olan hər vasitə ilə dəstəkləyəcəyik!

Eynilə ətrafımızda baş verən digər məsələlər də; onlar da, bu gün dünyada baş verən proseslərin əksəriyyəti də elə məsələlərdir ki, onlar haqda mühakimə yürüdərkən ədalətli və insaflı insanın vicdanı bir şey deyir, çirkin və qərəzli Qərb yanaşması, onların siyasətçiləri və təbliğat orqanları isə başqa bir şey. Məsələn, Bəhreyn məsələsi; məsələn, Yəmən məsələsi; məsələn, Suriya məsələsi.

Bəhreyn məsələsində, Bəhreyn xalqı məgər nə istəyir? Onlar yalnız bunu deyir ki, dövləti, hökuməti seçmək üçün xalqın hər bir nümayəndəsinə bir səs hüququ verilsin. Hərəyə bir səs. Yaxşı, məgər “demokratiya” deyən siz deyilsiniz? Məgər siz demirsiniz ki, “demokratiyanın təcəssümüyük, demokratiyanı dəstəkləmək istəyirik”. Lap yaxşı, bundan da aşkar demokratiya? Bəhreyn xalqına nəinki təkcə bu hüququ vermirlər, üstəlik onlara təzyiq göstərirlər, təhqir edirlər, alçaldırlar. İxtiyarında güc və hakimiyyət olan zülmkar bir azlıq xalqın əksəriyyəti ilə istədiyini edir – bunlar əksəriyyətdir; bu fikirləri səsləndirənlər əksəriyyəti təşkil edir, 70-80 faizdir. Hətta onların müqəddəslərinə qarşı da hörmətsizlik edir. Elə builki məhərrəm ayında minbərə çıxan, mədh edən, əlində matəm bayrağı dalğalandıran, rövzə oxuyan bir insana hücum olunmuşdu. Yəzidə lənət deyən, sübhənallah, bir insana hücum etmişdilər ki, “Yəzidə nə üçün lənət oxuyursan?” Bunları tanımaq üçün təkcə elə yəzidi olduqlarını, Yəzidi müdafiə etdiklərini bilmək kifayətdir. İslam tarixində murdar Yəziddən abırsız adam yoxdur, ona lənət oxumayaq? Peyğəmbərə (s), onun övladlarına, xanədanına əziyyət verənlər lənətə layiqdir. Bəhreyndə vəziyyət belədir, onların elədiyi budur.

Yəmən; bununla bir neçə aydır ki, Yəmən əhalisini durmadan bombardman edirlər. Evdir, xəstəxanadır, məktəbdir demədən ucdantutma bombalayırlar. Heç bir təqsiri, günahı olmayan əhalini bombardman edirlər; demokratiya, insan haqları və sairə iddiasında olan qurumlar da daim bunları dəstəkləyir, müdafiə edir! Dünya budur; zalım dünya budur; sizin qarşı çıxdığınız dünya, əleyhinə şüarlarla çıxış etdiyiniz imperializm budur.

Suriya məsələsində də eynilə; Suriya məsələsi ilə bağlı son bir neçə gündə çox danışmışıq, demişik, mediada da yayımlanıb. Bunlar ən murdar və qəddar terrorçuları dəstəkləyir, onlara yardım edirlər; istər Suriyada, istərsə də İraqda; müstəqim, yaxud qeyri-müstəqim surətdə. İki ayağını bir başmağa dirəyib israr edirlər ki, Suriyada hökumət bizim istədiyimiz şəkildə təşkil edilməlidir. Axı nə haqla? Hər bir xalq öz müqəddəratını özü təyin etməli, hökumətini, dövlətini özü seçməlidir, siz kimsiniz? Çirkin məqsədlərini həyata keçirmək üçün dünyanın o başından durub gəlirlər. İmperializm dünyası belə bir dünyadır. Belə bir dünyanın qarşısında gözüaçıq insan nə etməli olduğunu, tutduğu mövqenin nə qədər haqlı bir mövqe olduğunu anlayır.

Bəsic İran İslam Respublikasının siyasi mövqeyinin – bu gün bizim dövlət rəsmilərimizin, rəsmi qurumlarımızın Suriya, İraq, Bəhreyn, Yəmən, Fələstin məsələləri ilə bağlı mövqeyi açıq-aydındır, ortadadır – bu mövqenin hər bir insaflı və ağıllı insanın qəbul edəcəyi ən məntiqli mövqe olduğunu başqalarına anlada bilər.

Bəsic İran İslam Respublikası üçün bərəkətdir, dəyərli bir ehtiyatdır, xəzinədir; tükənməz bir xəzinə. Tükənməz bir xəzinədir, çünki xalq da tükənməzdir. Sizə onu deyim ki, Allahın köməyi ilə, əziz İran xalqı bu dəyərli xəzinəni əvvəla, qoruyub saxlayacaq, ikincisi, ixrac edəcək, başqalarına da ötürəcək, üçüncüsü isə bu iradə, bu əzm, bu gözüaçıqlıq sayəsində, heş şübhəsiz, hədəfə aldığı tərəqqi və yüksəlişin zirvəsinə yetişəcək. Düşmənlərsə məcburdurlar ki, İran xalqının tərəqqi və inkişafını kənardan seyr edələr və əllərindən heç bir şey gəlməyə. İnşallah, elə belə də olacaq. Bu yolu bizim üzümüzə açmış dahi İmam Xomeyniyə (r.ə) Allah rəhmət etsin. Öz fədakarlığı ilə bizə əməli surətdə dərs vermiş, bizə necə hərəkət etmək lazım olduğunu öyrətmiş əziz şəhidlərimizə Allah rəhmət etsin. Daim hazırlığı ilə xalqa sevinc və ümid bəxş edən siz əzizlərimdən də Allah Öz mərhəmətini əsirgəməsin.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
____________________
(1) Görüş Bəsicin təşkil edilməsinin ildönümü (05.09.1358) münasibətilə baş tutmuşdur. Görüşün əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, keşikçi general-mayor Məhəmmədəli Cəfəri və Bəsic Təşkilatının sədri, keşikçi briqada generalı Məhəmmədrza Nəqdi məruzə ilə çıxış etmişlər. 
(2) Sədinin «Gülüstan”ı, 5-ci bab. 
(3) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi
(4) İştirakçılar şüarlar səsləndirir. 
(5) İştirakçılar şüarlar səsləndirir.
(6) İştirakçılar gülür.