Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
.الحمدلله ربّ العالمین و صلّی الله علی محمّد و آله الطّاهرین
Əziz bacı və qardaşlar, xoş gəlmisiniz! Elm adamları, alimlər, universitetlərin ictimaiyyəti ilə keçirilən bu görüşlər mənim üçün ən xoş, ürəyəyatan görüşlərdəndir. İki möhtərəm nazirimizin çıxışlarına da diqqətlə qulaq asdım və eşitdiklərimin mənim üçün çox faydası oldu. Ümidvaram ki, Allah-taala bizə bu cür iclas və görüşlərdən, çıxışlardan ölkəmiz üçün fayda əldə etməyi nəsib edər; sırf deyib-eşitmək olmaz, sözdə qalmaz.
Elmin, universitetlərin əhəmiyyəti barədə çox danışmışıq; mən də danışmışam, başqaları da danışıb. Sevindirici haldır ki, illərdir elmin və təbii olaraq, universitetlərin əhəmiyyətindən çox danışılır. Cənab Doktor Haşiminin də bayaq vurğuladığı kimi, bir vaxtlar biz ölkədə elmin əhəmiyyətinin, elmi işlərlə məşğul olmağın zəruriliyinin diskursa çevrilməsini arzulayırdıq və hazırda, demək olar ki, vəziyyət elə bu cürdür; buna görə Allaha şükür etməliyik.
Elm bir xalqı qüdrət və tərəqqiyə aparan ən mühüm vasitədir; bu, birmənalıdır, həqiqətən də, belədir. Hər bir xalqa qüdrət, nüfuz və tərəqqi qazandıran ən mühüm amil elmdir. Universitetlər isə ölkənin gələcək rəhbər kadrlarını yetişdirən ən mühüm mərkəzdir. Bundan da əhəmiyyətli nə ola bilər? Bu gün siz gələcəkdə ölkəni idarə edəcək rəhbər kadrları yetişdirməkdəsiniz. Əgər yaxşı yetişdirsəniz – inşallah ki, elə bu cürdür – ölkənin gələcəyi də yaxşı idarə olunacaq, əgər yaxşı yetişdirə bilməsək, səhlənkarlıq etsək, bu, təbii olaraq, ölkənin gələcəyinə təsir göstərəcək. Yəni universitetlər bu qədər əhəmiyyətlidir. Əlbəttə, hazırkı modeli ilə universitetlər Qərbə aid bir təzahürdür – bunu hamımız bilirik – lakin görkəmli elm adamlarının, dahi şəxsiyyətlərin yetişdirilməsi baxımından universitetlər əsla Qərbə aid bir təsisat deyil. Bizim ölkədə bunun min illik kökləri vardır. Düzdür, hazırkı model Qərbdən əxz edilib, amma bu ölkədə İbn Sinalar, Farabilər, Məhəmməd Zəkəriyya Razilər, Xarəzmilər yetişdirən mədrəsələr olub. Bunlar hamısı tanınmış, görkəmli simalardır, onlardan əlavə, hələ bu ölkənin yetirməsi olan, məşhurluq qazanmamış minlərlə həkim, mühəndis, ixtiraçı, ədib, filosof və arif var.
Mən Corc Sartondan bir cümlə misal çəkmək istəyirəm – başqalarından misal çəkəndə özümüzünkülərdən daha inandırıcı görünür, ona görə deyirəm, yoxsa ki, qərblilərin, avropalıların dediklərindən misal gətirmək məndə adət deyil – “Elmin tarixi” adlı məşhur kitabın müəllifi olan bu Corc Sarton – o kitab tərcümə də olunub, çap da olunub; əminəm ki, hamınız da görmüsünüz – deyir: “Bu sivilizasiyada iranlı alim və mütəfəkkirlər ən önəmli rola, paya malikdirlər və əgər İran ziyalılarının əsərlərini bu məcmudan çıxarsaq, onu ən yaxşı hissəsindən məhrum etmiş olarıq”. Bu, elmin tarixini tədqiq etmiş bir insanın fikirləridir. Başqa birindən də bir misal çəkim – yadımda qalanı deyəcəyəm, çoxdan oxuduğuma görə sözlərini tam dəqiqliklə çatdıra bilməyəcəm – Pyer Russo; o da elmin tarixini yazıb, həmin əsər də illərdir ki fars dilinə tərcümə olunub, əldə var. Mən onu illər öncə görmüşəm, deyim ki, qayıdıb ikinci dəfə də baxmaq istəyirdim, amma doğrusu, fürsət tapmadım; amma adını yazıb götürmüşdüm. Yadımdadır ki, bu sözü harada dediyini bir kənara qeyd etmişdim; elə “Elmlər tarixi” kitabındadır. Russo orta əsrlərdə avropalı – italyan, ya tutalım, fransız bir tacirin o dövrün elm adamlarından biri ilə məsləhətləşdiyi barədə yazır. Tacir deyir ki, istəyirəm övladımı qoyam dərs oxusun, savadlı olsun. Hansı ölkəyə, hansı universitetə qoyum? Həmin adam deyir ki, əgər 4 əsas riyazi əməli öyrənməyi ilə kifayətlənəcəksənə, fərqi yoxdur, Avropanın hansı məktəbinə istəyirsənsə, qoy getsin. Əgər bundan artığını istəyirsənsə, Əndəlusa getməlidir. Həmin dövrdə Əndəlus müsəlmanların əlində idi. İslam elminin tarixi də budur. O birinci dediyim İrana aid idi, bu da İslama aiddir. Yəni istər İslam mühiti olsun, istərsə də İran mühiti – bizim belə bir tariximiz, belə bir mirasımız var. Əlbəttə, onu da deyim ki – millətçiliyə, şovinizmə yozulmasın – İslam dövlətləri arasında elmin, fəlsəfi fikrin zirvəsi yenə də İrandır. Başqa heç bir yerdə, misal üçün, filosof Kindi və bu qəbildən olan dahi simalar kimi görkəmli şəxsiyyətlər yoxdur; İranda isə belə parlaq simalar çox olub. Yəni İslamda elmin tarixindən danışırıqsa, yenə də onun zirvəsi İrana aiddir. Bu, bizim tariximizdir, bizim mirasımızdır, bizim keçmişimizdir.
Qacar və Pəhləvi dövrlərinin də tarixi məlumdur, aydındır. Əlbəttə, mən çox təəssüf edirəm ki, savadlı, kitab oxuyan insanlarımızın yaxın, müasir tariximiz haqda – istər Qacar dövrü olsun, istərsə də Pəhləvi – məlumatı azdır, bilgiləri çox məhduddur, geniş deyil; bir qayda olaraq detalları bilmirlər. Qacar dövrünün ortalarından bu yana, Pəhləvi dövrünə qədər – hansı ki bu, artıq son idi – dünyada elmin çiçəkləndiyi bir vaxtda özəl səbəblər ucbatından bu mənəvi mirasdan düzgün istifadə edilməyib. Bilirsiniz ki, çağdaş dövr, yəni bu son yüzillik dünyada elmin inkişaf etdiyi, çiçəkləndiyi dövrdür və az-çox nailiyyətlər qazanmış, müəyyən inkişaf mərhələsinə çatmış ölkələr həmin uğurları bu son 100, 120 ildə əldə ediblər. Biz həmin dövrdə – belə ki elə ölkəmizdəki universitetlərin də səksən neçə yaşı var – Qərb, Avropa modelli universitetləri ölkəyə gətirərkən o mirasdan istifadə edə bilərdik; o ruhiyyədən, istedaddan, ölkəmizdə mövcud olan zəmin və potensialdan, şəraitdən istifadə edə, universiteti milliləşdirə, özümüzünküləşdirə bilərdik. Bunu edə bilərdik, amma Qacar və Pəhləvi hökumətləri ilə bağlı müəyyən səbəblər ucbatından etmədik. Yəni Qərb elmi ölkəyə gətirildiyi zaman o ali mirasdan istifadə edilməyib. Bu gün ölkəmizdə, universitetlərimizdə, elmi dairələrimizdə kreativlik, özünəinam, özünəgüvən ruhu var, öz sözü olmaq, öz sözünü demək var, dünya səviyyəsində istinad edilə biləcək fundamental məqalələr yazılır. Bu gün ölkəmizdə bu sadaladıqlarımızdan çoxdur, o zaman isə yox idi. O dövrdə biz öz elmi mirasımızdakı əxlaqi dəyərlərdən, elmi bazadan, öz elmi dairələrimizin mənəvi-əxlaqi mirasından istifadə edə bilməmişik. Bu barədə çox şey danışmaq olar, amma mən bu mövzulara girib keçmişdə elmi dairələrimizdə hansı etik normaların olduğu, sonradan Qərb üslubu ölkəyə gələndən sonra həmin normaların necə dəyişdiyi haqda danışmaq istəmirəm. Keçmişdə şagird müəllimin qarşısında dizləri üstə oturardı, müəllimini təhqir etməzdi. Baxmayaraq ki, tədris prosesində, elmi dairələrdə azadlıq var idi; indi də teoloji mərkəzlərdə bu cürdür. Bizim dərslərimizdə iştirak edən bütün tələbələrin irad tutmaq haqqı var və tuturlar da, hay-küy salırlar, danışırlar; eybi də yoxdur, heç kəs bunu nöqsan tutmur. Müəllimin də vəzifəsi budur ki, nəzakətlə cavab versin. Keçmişdə də belə olub, amma eyni zamanda şagird də müəllimi qarşısında itaəkar olub. Qədimdə bizim akademik dairələrimizdə, elmi məkanlarımızda bu cür etik qaydalar olub. Müasir dövrdə isə istər orta məktəblərdə, istərsə də universitetlərdə şagirdi tərəfindən döyülən müəllimlərin, yaxud tələbəsi tərəfindən bıçaqlanan, hətta bəzən öldürülən universitet müəllimlərinin də sayı az deyil; yəni elmi əxlaq tamamilə dəyişib. Müasir universitetlərə nə bizim elmi mirasımız, nə də köhnə elmi mühitimizin, elm mərkəzlərimizin etik qaydaları ötürülüb. Universitetlər bu cür fərqli bir şəkildə formalaşıb.
Qərblilərin bizim universtitetlərimizlə bağlı müəyyən planları var. Mənim bu dediklərim əsaslı məlumatlara, təhlillərə söykənir, nitq xatirinə deyilən, minbər üçün hazırlanmış sözlər deyil; xeyr, araşdırmalara əsaslanır. Sosioloji, yaxud xarici siyasətlə bağlı araşdırmalar aparan, ictimai məsələləri araşdıran mütəxəssislər bunu hərtərəfli tədqiq ediblər. Qərblilər “üçüncü dünya” adlandırdıqları ölkələr üçün belə bir plan cızıblar: gələcəkdə həmin ölkələrdə rəhbər vəzifələr tutmaları üçün özlərinin əxlaqına, həyat tərzinə, üslubuna uyğun insanlar yetişdirmək. Onların planı bu olub. Bizim universitetlərimiz üçün də belə bir planları olub; yəni universitetlərimiz ölkəmizdə onların istəklərinin reallaşmasına aparan bir körpü rolu oynamalı idi. Bəli, onların fikri bu idi, amma baş tutmadı. Universitetlərimiz faktiki olaraq Qərbin hədəflərinə xidmət etmədi. Bu, ölkəmiz üçün çox böyük əhəmiyyətə malik, diqqətəlayiq cəhətlərdən biridir. Onlar istəyirdilər ki, ölkəmizdəki universitetlər Qərb təfəkkürünün, Qərbə xas həyat tərzinin nasosxanasına çevrilsin. Düzdür, müəyyən yerlərdə buna müəyyən qədər nail ola bilmişdilər də, buna şübhə yoxdur – rəhbər vəzifələrdə çalışanlar; xüsusilə də universitetlərin yeni-yeni təsis olunmağa başladığı Rza xan zamanında; onlar təpədən dırnağa Qərbə, Qərb mədəniyyətinə vurğun idilər; yəqin ki, onların haqqında eşitmisiniz – amma sonda uğur qazana bilmədilər. Çünki iranlı kimliyi öz işini gördü. Tarixə nəzər salsaq, görərik ki, iranlı kimliyi heyrətamiz dərəcədə qəribə bir şeydir. İrana hücum etmiş bütün xalqların dili, mədəniyyəti, etik normaları bir müddət sonra bu və ya digər şəkildə həll olub, əriyib. Bircə İslam istisnadır; İslam İrana gəlib, amma əriyib itməyib, qalıb, İran insanı İslamı bütün varlığı və səmimiyyəti ilə qəbul edib. Müsəlman ərəblərin hücumuna məruz qalmış başqa ölkələrə baxanda isə görürük ki, onların ayağı hara dəyibsə, oranın camaatının dili dəyişib: Misir dilini dəyişib, Fələstin dilini dəyişib, Şam dilini dəyişib; ərəb dilini götürüblər. İran isə dilini dəyişməyib, farsdilli olaraq qalıb; yəni bu, İrana xas bir qəribəlikdir. Bu, bizim ölkənin özünəməxsus cəhətidir. Həmin məsələdə də belə olub; iranlı kimliyi öz işini görüb.
Birincisi, universitetlərdə dinin zahiri atributlarını qoruyan şəxslər olub; baxmayaraq ki, qarşı tərəf buna kəskin reaksiya verirdi; yəni Rza xan dinin zahiri atributlarını qətiyyən qəbul etmirdi. İranda universitetləri ilk dəfə təsis edənlər də eynilə Rza xan kimi idilər – indi mən burda kimlərinsə adını çəkmək istəmirəm – əslində bu fikirləri Rza xanın beyninə yeridən də daha çox elə onlar idi. Onlar heç cür istəmirdilər ki, universitetlərdə kimsə namaz qılsın, kimsə Allahın adını çəksin. Lakin bu, baş verdi. Qeyd olunduğu kimi, islami təşkilatlar yarandı, bir sıra inanclı müsəlmanlar universitetlərdə professor dərəcəsi aldılar, dini yaydılar, dinə zidd fikirlər qarsında dayandılar; yəni burdan başladı. Getdikcə universitetlərdə bu dini əqidə, iman əhval-ruhiyyəsi gücləndi və proseslərin axarı 41-ci ildə islami hərəkata gətirib çıxardı. O zaman universitetlər cəmiyyətdə iman, dini ideologiya atmosferinin yaranması baxımından çox böyük addımlar atdı; baxmayaraq ki, o dövrdə kommunistlər də var idi. Həmin dövrdə universitetlərdə kommunistlər, marksistlər çox fəal idi. Məşhədlə sıx əlaqədə olduğum üçün mən bunların yaxından şahidi olurdum, digər yerlərdə də – Tehrana və bəzi başqa yerlərə səfərlərimiz olurdu, tələbələrlə münasibətdə olurduq – marksist ideolgiyanın olduğunu görürdüm. Qəribə burasıdır ki, universitetlərdə marksistlər getdikcə artan islami məfkurəyə qarşı mübarizədə hakim rejimlə həmkarlıq edirdilər! Kitabları çap olunur, azad şəkildə satılırdı. Halbuki müsəlman inqilabçılar, müsəlman gənclər ehtiyac duyduqları kitabları çox çətinliklə əldə edirdilər – istər əlbəttə ki, az da olsa, özlərinin istehsal etdiyi kitabları, istərsə də oxumaq istədiklərini – həmin kitablara qarşı kəskin mübarizə aparılırdı. İslami hərəkatın getdiyi dövrdə Pəhləvi rejimi faktiki olaraq bütün diqqətini bu hərəkat əleyhinə mübarizəyə yönəltmişdi. Solçular, marksistlər və bu qəbildən olanlarla isə dözümlü, yumşaq davranırdılar; onlar da bu münasibəti cavabsız qoymurdu. Çoxu gedib Fərəh Pəhləvinin kabinetinə üzv olmuşdu! Bir çoxları gedib “Səda və sima”ya, televiziya və radioya üzv olmuşdu, onlarla həmkarlıq edirdi. 30-cu illərin qatı solçuları 40-cı illərdə hakim rejimin tərəfdaşlarına çevrilmişdi! Lakin buna baxmayaraq, universitetlərin islami məfkurəyə yaxınlaşma prosesi günü-gündən daha da dayanıqlı oldu, gücləndi, dərinləşdi. İnqilab dövrünə gəlib çatdıq. Bu hərəkat, əlbəttə ki, konkret ideoloji əsaslara, məfkurəyə malik bir dini müqavimət hərəkatı idi. O zaman universitetlərdə tələbələr arasında yayılan ideya və fikirlərə misal olaraq, mərhum Mütəhhərinin fikirlərini qeyd etmək olar. 1358-ci ildə qələbə çalan İslam İnqilabı dünyanı lərzəyə gətirdi; bu, mübaliğəsiz olaraq məhz belədir. Yəni doğrudan da, İslam dininin bir inqilabla qələbə çalması və İslama əsaslanan bir hökumət rejiminin qurulması ümumiyyətlə dünyanı – qərbi, şərqi lərzəyə gətirmişdi. Aydındır ki, bu, universitetlərə də öz təsirini göstərməli idi və göstərdi də. Universitet ictimaiyyəti içərisində bir çox insanlar – istər müəllimlər, istərsə də tələbələr – inqilabın ən sadiq və fədakar silahdaşlarından oldu. Bu da ölkəmizdəki universitetlərin tarixi keçmişinin bir hissəsidir, həmin etapı heç vaxt yaddan çıxarmamalıyıq. Bu, bizim keçmişimizdir.
Həmin günlərdən artıq 38 il keçir, bu vaxt ərzində biz çoxlu eniş-yoxuşlarla üzləşmişik, çox işlər görülüb, universitetlərimizin irəlilədiyi də olub, gerilədiyi də. Müəyyən etapda universitetlərə müxtəlif cərəyanlar hakim kəsilib, universitetlərin yolu enişli-yoxuşlu olub. Amma bu təbiidir; yəni dərindən fikirləşəndə, İslam dininin hakimiyyəti bərqərar olunsa belə, islamçıların öz arasında müxtəlif siyasi kurs və tendensiyaların yaranması və bunun nəticəsində universitetlərdə müəyyən təlatümlərin yaşanması heç də gözlənilməyən bir şey deyil. Əlbəttə, bu dövrdə universitetlərdə müxalif fikirlilərin, hətta marksistlərin də fəallaşdığı vaxtlar olub. Mən çox kitab oxuduğumdan – əlimə düşən kitabları oturub oxuyuram – bəzi kitablarda belə faktlara rast gəlmişəm ki, universitetlərin daxilində marksizm ideyalarını yenidən dirçəltmək istəyənlər olub. Özü də nə vaxt? Sovetlərin süqutundan sonra; dünyada marksistlərin, marksist hökumətlərin süqutundan sonra! Baş tutmayıb, universitetlər bunu qəbul etməyib. Hər halda, bu 37 ildə universitetlərimiz müxtəlif mərhələlərdən, müxtəlif dövrlərdən keçib və bu gün gördüyümüz vəziyyətdədir.
Bəs biz nə etməliyik ki, universitetlərimizin bu tarixi keçmişini, malik olduğu tarixi zəmini, mirası, gözəl təcrübəni, inqilab dövründə sınaqlardan, üzləşdiyi problemlərdən üzüağ çıxmasını paralel surətdə nəzərdən keçirərək bütün bunlardan yeni İslam sivilizasiyasını yaratmaq üçün bəhrələnə bilək? Çünki artıq hədəf budur; hədəfimiz cəmiyyəti İslamda nəzərdə tutulan ideal topluma çevirəcək bir islami hakimiyyət qurmaqdır. Biz artıq bunun arxasıncayıq; biz istəyirik ki, ölkəmiz – hələ ki, ilk növbədə öz ölkəmiz; hələlik başqa ölkələrdən, qlobal və beynəlxalq məsələlərdən danışmırıq – İslamda ideal hesab olunan meyarlara çatsın. Bu meyarlar hər bir düşünən insan üçün təqdirəlayiqdir, arzuolunandır; yəni oturub düşünən, araşdıran hər kəs İslam dinində ideal olan o ictimai modeldən həzz alar: burada həm elm, həm tərəqqi, həm nüfuz, həm qüdrət, həm dünyadakı təlatümlərə qarşı müqavimət gücü, həm də sərvət var; belə bir mənzərədir. Biz bunu yeni İslam sivilizasiyası adlandırırıq və ölkəmizin bu məqama yetişməsini istəyirik. Bəs universitetlər bu prosesdə nə kimi rol oynaya bilər, hansı işləri görməlidir? Birincisi, universitetlərin bu işdə özünəməxsus rol oynaması vacibdir. İkincisi, sual verdik ki, nə etmək lazımdır? Həmin ideal mövqeyə çata bilmək üçün biz nə etməliyik? Əlbəttə ki, bu məsələ mənim bugünkü söhbətimin mövzusundan kənardır. Çünki bu mövzunu bir iclasla, bir çıxışla əhatə etmək mümkün deyil; geniş araşdırma tələb edir. Mən ancaq bunu qeyd etmək istəyirəm ki, universitetlərimiz bunun üzərində düşünsün, ölkənin ali təhsil sisteminin rəsmiləri, universitet rektorları olaraq siz bu məsələ üzərində düşünün, bu əsaslar üzərində universitetlərin qarşısına vəzifələr qoyun, fəaliyyət proqramlarını bu əsasda qurun ki, az öncə qeyd etdiyim tarixi keçmişə, dərin tarixi köklərə malik, inqilab dövründə üzləşdiyi böyük sınaqlardan yüksək səviyyədə çıxmış universitetlərimiz yeni İslam sivilizasiyasının, elə bir toplumun, elə bir İranın formalaşdırılmasında hansı rolu oynaya bilər? Bunun üzərində düşünməlisiniz; yəni bütün işləri bu məcrada aparmalısınız.
Mən yalnız müəyyən məqamları qeyd edirəm. Əlbəttə, çıxış edən rəsmilərimizin, xüsusilə də cənab doktor Fərhadinin verdiyi hesabatdan belə nəticəyə gəlmək olar ki, bizim istəklərimiz, arzularımız universitetlərdə reallaşıb. Yaxşı, çox yaxşıdır. Bütün bunlar ciddi səylər göstərildiyindən xəbər verir, intəhası ortada olan nəticələrə baxmaq lazımdır. Bu hesabat məsələlərində mən tədricən təcrübə toplamışam və bu qənaətə gəlmişəm ki, reallıqda məlumatlar sırf mənə və ya digər yüksək vəzifəli şəxslərə verilən hesabatlarda olduğu kimi deyil. Müəyyən kənar məsələlər var ki, hərdən hesabatların məzmununu dəyişir. Əgər biz əsl reallıqları bilmək istəyiriksə, gedib bilavasitə ortada olan işə baxmalıyıq. Yəni məsələn, cənab doktor Fərhadi elmi işlər, araşdırmalar, texnoparklar, dini-mənəvi dəyərlər və sairlə bağlı hesabat verdi. Amma gedib işlərin gedişi ilə yerində tanış olmaq, bu arzuların, hesabatlarda əksini tapan məlumatların nə qədər hissəsinin doğrudan da reallaşdığına baxmaq lazımdır. Mühüm olan budur. Hərdən elə hesabatlarla üzləşirik ki, bu istəklərin bəzisinin reallaşdığı insanda şübhə doğurur. Bu mühüm məqama fikir vermək lazımdır. Mən daha çox bu məqam üzərində durmaq istəyirəm. Cənab Fərhadinin, yaxud doktor Haşiminin dedikləri lazımlı, reallaşmalı olan şeylərdir, lakin sırf “etmək istəyirik”, “göstəriş vermişik”, yaxud “filan işlərin görüldyü haqda hesabat verilib” deyilməsi kifayət etmir. Bu cür hesabatlara sevinib otursaq, bir də göz açıb görəcəyik ki, arzuladıqlarımız reallıqdan çox-çox uzaqlaşıb. Bunu vurğulamaq istərdim.
Mən söhbətimi iki istiqamətdə davam etdirmək istəyirəm: bunlardan biri elmlə, elmi inkişaf, həyata keçirilən elmi işlərlə, digəri isə mənəvi-əxlaqi dəyərlər, başqa sözlə insan sərmayəsinin, kadr potensialının yetişdiriməsi ilə bağlıdır. Bildiyimiz kimi, kadr potensialı çox mühümdür. Hazırkı görüşdə iştirak edən dostlarımızdan – bu sahənin mütəxəssisi olan insanlardan biri dünən mənə deyirdi ki, biz hazırlıqlı kadr potensialı baxımındna dünyanın ilk 4-5 ölkəsi sırasındayıq. Yəni əhalisi 2, bəzən də 3 dəfə bizdən çox olan ölkələrdə bizdə olduğu qədər təhsilli kadrlar, oxumuş insanlar yoxdur; o dedi ki, bizdə belə kadrların sayı 30 milyona çatır (ola bilsin ki, ədədlərdə yuxarı-aşağı bir qədər fərq olsun). Bu, önəmli bir faktdır; çox əhəmiyyətlidir. Biz bu kadr potensialını necə istiqamətləndirmək fikrindəyik? İstiqamətləndirmə mühüm şərtdir. Elm inkişaf etdiyinə baxmayaraq, səhv istiqamətlənərsə, bugünkü alimlər, elmi tədqiqatçılar, elmi inkişaf dünyasında dünən və bu gün gördüklərimiz olacaq. Baxın, müstəmləkəçilik Asiya, Afrika və Latın Amerikası ölkələrinin üzərinə çökmüş böyük bir bəla idi; eybəcər bir şey idi. Onu nə meydana gətirmişdi? Elm. Avropa ölkələri hansısa ölkələrdən bir-iki gün tez, misal üçün, avtomat silah əldə etməyə nail olmuşdular deyə, bunun sayəsində də İngiltərə kimi – məsələn, uzaq bir adada yerləşən bir dövlət – Hindistan kimi böyük bir ölkədə ağalığı ələ keçirməyə müvəffəq olmuşdu. Gedin “Dünya tarixi” kitabına bir baxın – Nehrunun kitabdır(2) – görün Hindistanın başına nələr gəlib; əlbəttə, təkcə o kitab deyil, bu mövzuda bir çox kitablar var. Götürək elə bu gün Myanma adlanan Birmanı; ora sərvət, var-dövlət mərkəzidir. Əlində bir tüfəngi və güllə darağı olan bir ingilis onlarla adamı əsir götürüb qul kimi işlədirdi, nəfəs çəkməyə də cürət etmirdilər. Orda böyük kauçuk ağacları, cürbəcür qiymətli ağac növləri olub, bütün bunları talayıb aparıblar; tarixi mənbələrdə var. Dediyim kimi, təəssüflər olsun ki, kitab oxuyan insanlarımız müasir tarixə çox az diqqət yetirirlər. Oxuyun görün müstəmləkəçilik ucbatından Hindistanda nələr törədilib, Birmada nələr baş verib, Afrika, Latın Amerikası regionlarında, Əlcəzair, Tunis və sairdə həmin o üzdə yaxşı, intizamlı, ədəbli görünən Fransanın müstəmləkə ağalığı nələr edib. Yaxşı bəs bu müstəmləkənin özünü araya-ərsəyə gətirən nə olmuşdu? Elm. Elmə düzgün istiqamət verilməyəndə dönüb olur müstəmləkəçilik. Elmin vasitəsilə milyonlarla insanın atasını yandırıblar. Düzgün istiqamət verilməmiş, əxlaqi-mənəvi məntiqi olmayan elmin axırı budur. Biz öz elmi sistemimizi idarə etməliyik; özümüzü idarə etməli, istiqamətləndirməli, diqqətli olmalıyıq ki, elmimiz o səmtə yönəlməsin. Elm səhv yola düşəndə olur atom bombası. Hazırda bu yer kürəsini on dəfələrlə yerlə-yeksan – “kunfəyəkun” edə bilərlər. Yəni Amerika, Rusiya və bəzi digər ölkələrin ixtiyarında olan atom bombaları ilə Quranda qiyamətdə baş verəcəyi nəql olunan hadisələri törətmək, reallaşdırmaq olar. Bu isə bəşəriyyət, sivilizasiya, insanlıq, maddi və mənəvi dünyamız üçün böyük bir təhlükədir. Bütün bunları törətmək üçün şərait yaradan isə elmdir, elm bəzən bu cür olur. Odur ki biz öz elmi inkişaf sistemimizə diqqət və ehtiyatla yanaşmalı və elm üçün yeni bir yol, cığır açmalıyıq. O yol nədən ibarətdir? O yol elmi inkişafla yanaşı gedən mənəvi-əxlaqi quruculuqdan ibarətdir. Elə buna görə də mən paralel olaraq bir qədər elmi inkişaf və bir qədər də əxlaqi məsələlər, insan sərmayəsinin mənəvi-əxlaqi quruculuğu istiqamətində danışmaq istəyirəm.
Elmi inkişafla bağlı məsələlərə gəlincə, mən burda bir neçə məqamı qeyd etmişəm; əlbəttə ki, bu barədə əvvəllər də danışmışam, bu məqamları dəfələrlə qeyd etmişəm, səhv etmirəmsə, çıxış edən cənablar da toxundular, amma mən yenə də onların altını cızmaq istərdim. Çünki bunların qeyd edilməsinə və reallaşmasına ehtiyac olduğunu hiss edirəm. Bunlardan biri xeyirli elm məsələsidir. Biz elmin elə sahələrinin dalınca getməliyik ki, ölkəmiz üçün xeyirli, lazımlı olsun; özü də təkcə bu günü üçün yox, bəlkə 10 il, 20 il sonrası üçün. Ola bilsin, 20 il sonra bizim elə bir ehtiyacımız olacaq ki, həmin sahədə elmi araşdırmalara bu gündən başlamaq lazımdır. Bu gün tədqiqatlara başlamasaq, bu gün özümüzü hazırlamasaq, lazım olanda əliboş qalacağıq. Bu günün və gələcəyin ehtiyacları bu şəkildə dəyərləndirilməlidir. Universitetə qəbul olunarkən, hər hansı bir elm sahəsini öyrənərkən, mənimsəyərkən onun nə qədər xeyirli olduğunu, ölkənin o elmə olan ehtiyacını nəzərə almalıyıq. Mənə məlumat verirlər ki, o haqqında danışılan elmi məqalələrin əksəriyyəti – sayları da kifayət qədər çoxdur – ölkənin heç bir işinə yaramır. Yəni məqalə müəllifləri hansısa araşdırma işi aparıb, amma bunun ölkəyə heç bir xeyri yoxdur; ya heç kəsə xeyri yoxdur, ya da ancaq o məqaləni bu və ya digər şəkildə sifariş vermiş hansısa xarici şirkətə xeyri var. Ola bilsin, heç məqalə müəllifinin özü də yazdığı məqalənin sifarişçisinin kim olduğunu bilmir! O şirkətin xeyrinədir. Bunun heç bir faydası yoxdur. Hətta doktorluq işləri – mənə çatan məlumatlara görə; mən israrla demək istəmirəm ki, məhz elə bu cürdür – mənə məlumat veriblər ki, ən nikbin yanaşma ilə, doktorluq işlərinin cəmi 10 faizi ölkədəki problemlərin həlli üçün yararlıdır. Axı doktorluq işləri dəyərli bir ehtiyatdır, xəzinədir; tələbələrin yazdığı buraxılış işləri, doğrudan da, ölkə üçün zəngin bir xəzinə, ehtiyat olmalıdır. Bu işlər hansı mövzuda olmalıdır ki, ölkə üçün faydalı olsun? Birinci məsələ budur. Faydalı elm məsələsi rəvayətlərimizdə də vurğulanıb. Müəllimlər özləri də ramazan ayında keçirdiyimiz görüşlərdə – bir qayda olaraq, hər il universitet müəllimlərimizlə görüşümüz olur, gəlirlər, çıxışlar edirlər – bəzi tədqiqat işlərinin ölkəyə heç bir xeyri olmadığı barədə xəbərdarlıq edirdilər; yadımdadır, bir neçəsi bu məsələyə toxunmuşdu. Mən də bunu dəfələrlə demişəm. Demək, birinci məsələ budur ki, elm həm ölkənin bugünkü, həm də gələcək ehtiyaclarını təmin etməlidir. Həmin o gələcək ehtiyaclar barədə ehtimallar irəli sürün, hesablama aparın, görün sabah ölkəyə nə lazım ola bilər.
Bir neçə il – 3, 4, 5 il bundan əvvəl nüvə enerjisi barədə söz düşəndə bəziləri deyirdilər: “Bizim ki bu qədər neftimiz var, nəyimizə lazımdır?” Təsadüfə baxın ki, bunu amerikalılar da demişdilər! Amerikalılar da deyirdilər ki, “İranın bu qədər nefti var, nüvə enerjisini nə edir?” Mən dedim ki, yaxşı, bu gün biz nüvə enerjisi sahəsində əlimizi ağdan-qaraya vurmayaq, bəs sabah neftimiz qurtaranda gedib nüvə enerjisini ondan-bundan dilənəcəyik? Elədir də! Onlarda olsa, bizdə olmasa, o şeyə ehtiyacımız olsa, atamızı yandırarlar. Gördünüz o 20 faizə görə nələr etdilər? Bizə Tehran reaktoru üçün – radio-dərman preparatları istehsal edən o kiçik reaktor üçün – 20 faiz zənginləşdirilmiş uran lazım idi – qurtarırdı, demişdilər ki, bir neçə aya bitəcək – qərblilər elə özlərini çəkdilər, bir cildə düşdülər, elə şərtlər qoydular ki! Doğrudan da, alçaldıcı idi. Məncə, 89-90-cı illər idi. Əlbəttə ki, axırı bizim xeyrimizə qurtardı; yəni gənclərimiz onların 20 faiz zənginləşdirilmiş uranı bizə pulla satmaq üçün – satacaqdılar, pulunu alacaqdılar – o cür naz etdiklərini, bizə o cür əziyyət verdiklərini görəndə bunu özləri istehsal etmək fikrinə düşdülər. Getdilər zəhmət çəkdilər, özlərini öldürdülər, 20 faiz zənginləşdirilmiş uranı özləri istehsal etdilər. Əsas əziyyəti də 20 faizə qədərdir; yəni uranın zənginləşdirilməsində xam uranın 20 faizə qədər zənginləşdirilməsinə qədər çətin, üzüyoxuşa gedən bir yoldur. 20 faizdən 99 faizə qədər isə, elə bil ki, dümdüz yolla gedirsən. Yəni 20 faizə çatandan sonra 50, 80, 90 faizə çatmaq asandır. Onlar da elə buna görə əl-ayağa düşdülər. Gözləri götürmürdü; istəyirdilər özləri bizə pulla satsınlar ki, biz istehsal etmək fikrinə düşməyək. O vaxt mən demişdim ki, əgər bizdə olan bu neft onlarda olsaydı, bizim neftə ehtiyacımız olsaydı, nefti bizə butulka-butulka satardılar. Bizsə barellərlə, tonlarla satırıq; tonu filan qədərə, tonu filan qiymətə. Əgər bizə lazım olan bir şey olsaydı, onlar bu qara nefti də bizə butulka-butulka satardılar; elədir. Bəs yaxşı, bir gün bizim neftimiz olmayanda, yaxud neftin satışında bir problem yarananda nüvə enerjisinə ehtiyacımız olsa – tutalım, məsələn, neftin qiyməti o qədər ucuzlaşıb ki, heç hasilat xərcinə, hasilat üçün çəkilən zəhmətə dəymir; elə hazırda da belə bir vəziyyət yaranıb; özünüz görürsünüz ki, necə asanlıqla ucuzlaşır – onda nə etməliyik? Neftdən gözümüzü çəkməliyik. Belə bir gündə nüvə enerjisinə ehtiyacımız olacaq. Haradan gətirməliyik? Kim bizə verməlidir? 10 il, 5 il, 15 il sonra belə bir vəziyyət yarana bilər. Bu barədə indidən fikirləşmək lazımdır. Bu cür şeylərə daim diqqət yetirilməlidir, yəni bu günün və gələcəyin ehtiyacları dəyərləndirilməlidir; onda olar faydalı elm; bu ehtiyacların aradan qaldırılması üçün faydalı ola biləcək elm. Mənim qeyd etməyi lazım bildiyim məqamlardan biri bu idi.
Digər bir məqam inkişaf tempi məsələsidir. Qeyd olundu ki, aparıcı elmi mərkəzlər bu gün elmi inkişafına görə İranın dünya üzrə 19-cu, 17-ci yerdə olduğunu deyirlər. Bu, doğrudur, biz elm sahəsində irəli getməkdəyik. Bundan çox da qürur duyuruq, biri bu faktı inkar edəndə kefimiz pozulur. Bu yerdə haşiyəyə çıxıb bir şey deyim: təəssüf ki, bəzi universitet müəllimləri özləri gedib tələbələr qarşısında belə fikirlər söylərirlər ki, guya haqqında danışılan elmi nailiyyətlər yalandır! Yalan olan nədir? İsrailin elmi tədqiqatlar mərkəzi İranın elmi inkişafından narahatlıq ifadə edir, bu xəbər bütün dünyaya da yayılıb; daha bunu ki biz demirik, sizin inandığınız İsrail rejmi deyir, heç olmasa onun sözünə inanın. Gedib auditoriyalarda deyirlər ki, “yox, bu deyilən elmi nailiyyətlər həqiqətə uyğun deyil”. Xeyr, elmi inkişaf, nailiyyətlər, heç şübhəsiz, var, sürət tempi də yaxşıdır, intəhası bugünkü elmi inkişaf səviyyəmizə baxmayaraq, biz yenə də geriyik! Özümüz bunu daim yadda saxlamalıyıq; biz çox geriyik! Bizi illərlə qəsdən geri saxlayıblar. Bax bu gün Amerikada olan yeni texnologiyaların istehsalına 130-140 ildir ki start verilib; 1860-cı ildən başlayaraq 64-65-ci illərə qədər davam etmiş vətəndaş müharibələri başa çatandan sonra. O vaxta qədər amerikalılar hər şeyi Avropadan gətiriblər, o zamandan etibarən isə öz ayaqları üstündə durmağa, yeni texnologiyaların istehsalına başlayıblar. Deməli, 150 il bizdən irəlidirlər; 130-140 il bizdən qabaqdadırlar! Elm də belədir ki, bir addım irəli atanda, ikinci addımın daha da sürətlənir. Mən dəfələrlə misal çəkmişəm, demişəm: elə bilin ki, iki nəfər birlikdə yol gedirsiniz, o biri təsadüfən bir velosiped tapır; təbii ki, irəli keçib sizi müəyyən qədər geridə qoyacaq. Daha sonra o, həmin velosipedlə gedib bir maşına, siz isə gəlib velosipedə çatırsınız. Siz velosipedə çatanda o artıq maşına minmiş olur, maşınınsa sürəti velosipeddən ikiqat artıqdır. Bu minvalla o, hər dəfə sizdən qabağa düşür, sürətini günbəgün ardıcıl olaraq artırır və aranızdakı məsafə də günü-gündən çoxalır. Bizim də aramızda bu məsafə var. Biz elmi inkişafın sürət tempinə həddən artıq əhəmiyyət verməliyik. Dünya ictimaiyyətinin diqqətini bizə cəlb edən də elə bu olmuşdu; demişdilər ki, İslam Respublikasının elmdə sürəti – yəni elmi inkişaf tempi – dünya üzrə orta göstəricidən 13 dəfə çoxdur. 13 dəfə! Həqiqətən də, belə idi; düzdür, indi nə qədər olduğunu bilmirəm, 3-4 il əvvəl belə idi. Bunu deyən beynəlxalq mərkəzlər idi, biz deyildik. Bu sürət tempini qoruyub saxlamalıyıq. Əgər ölkəmizdə elmin inkşafı yavaşısa, bu sürət azalsa, məlum deyil nə olar; geri qalarıq. Odur ki elmi inkişafın sürət tempi də çox əhəmiyyətli bir məsələdir.
Digər bir mühüm məsələ elmi tədqiqatlardır; elmi tədqiqatlar, elmi araşdırmalar çox əhəmiyyətlidir. Əlbəttə ki, bizim elmi tədqiqat mərkəzlərimiz var, yaxşı da işləyirlər, amma universitetlər özləri elmi araşdırmalara önəm verməlidir. Öz nəzdində elmi tədqiqat institutları, araşdırma mərkəzləri yaratmalı, özləri elmi tədqiqatların mehvəri olmalıdır. Eybi yoxdur, qoy kənarda da tədqiqat institutları, araşdırma mərkəzləri olsun, amma universitetlər özləri də elmi araşdırmalara əsas mehvər kimi ciddi önəm versin. Mühüm məqamlardan biri də budur.
Kompleks elmi plan da önəmli mövzulardan biridir. Düzdür, bir çox eniş-yoxuşlardan sonra kompleks elmi plan təsdiq olunub, ictimaiyyətə açıqlanıb və icrasına start verilib, amma biz bu sənədi ən əsas detalları ilə həyata keçirməliyik. Bu elə bir şeydir ki, işlərin gedişini yerində, praktikada izləməsən, kompleks elmi planın nə dərəcədə icra olunduğunu bilə bilməzsən. Hansı ixtisas sahələri prioritet təşkil edir? Prioritet olan və olmayan ixtisas sahələrində nə qədər tələbə lazımdır? Kompleks elmi plan bütün bunları bizim üçün müəyyənləşdirməlidir. Ölkənin ayrı-ayrı regionlarında hansı ixtisaslara ehtiyac olduğu müəyyən edilməlidir. Təbii ki, bunun üçün Elmlər Nazirliyi ölkədə ərazi üzrə planlama aparmalıdır. Elmlər Nazirliyinin qarşısında ölkənin regionlar üzrə planı olmalıdır ki, harada hansı universitetin nəyə ehtiyacı olduğunu bilsin. Burada məruzə ilə çıxış edən dostlarımız, möhtərəm nazirlərimiz ayrı-ayrı bölgələr üzrə təyinatla universitetlərin qarşısına müəyyən vəzifələr qoyulmasından danışdılar. Bu, çox yaxşı bir fikirdir. Mən təkid edirəm ki, bunu, mütləq, həyata keçirəsiniz; intəhası bu işin reallaşdırılması üçün ön hazırlıqlara ehtiyac var. Amma bu və ya digər universitetə hansısa uzaq və ya yaxın rayona, yaxud hansısa ostan mərkəzinə necə təyinat vermək olar? Bu kimi məsələlərin detallarını bizə kompleks elmi plan açıqlamalıdır.
Bir məsələyə də toxunaq: ali təhsilin keyfiyyəti. Bizim kəmiyyət baxımından nailiyyətlərimiz çox olub, amma keyfiyyət baxımından nöqsanlar var. Konkret keyfiyyət meyarı müəyyən edilməlidir. Əlbəttə ki, dünya üzrə keyfiyyət meyarları var, amma onlar bizim ehtiyaclarımızla yüzdə-yüz üst-üstə düşmür. Bəzi meyarları yaxşıdır, bəziləri isə bizim ehtiyaclarımıza, yaxud ölkəmizdəki reallıqlara uyğun deyil. Elmlər Nazirliyinin rəsmiləri özləri oturub ali təhilsin keyfiyyətinin yüksəldilməsi üçün meyarlar müəyyən etməlidirlər.
Növbəti bir məsələ – mən bütün bu məqamlara qısaca da olsa toxunmağa məcburam – ali təhsilini başa vuran məzunların məşğulluğu. Məzunları işlə təmin etməyin yollarından biri universitetlərlə sənaye müəssisələri arasında əlaqə qurulmasıdır. Universitetlərlə sənaye müəssisələri sıx əlaqədə olmalıdır. Bu həm sənaye, həm də universitetlər üçün yaxşıdır. Universitetlərin özündə də həm rəhbərlik, həm də tələbələr üçün yaxşıdır. Ölkəmizdə bu hələ reallaşdırılmayıb. Görülən işlər haqda mənim məlumatım var, cənab Dr. Fərhadi də bəzilərini dedi. Misal üçün, müdafiə sahəsində – mən bu sahə ilə birbaşa əlaqədə olduğuma görə xəbərim var – müdafiə məsələləri ilə bağlı müxtəlif universitetlərlə çox yaxşı əməkdaşlıq mövcuddur, müqavilələr imzalayıblar, yaxşı işlər həyata keçirirlər, amma bunlar kifayət deyil. Mən görməmişəm, eşitmişəm ki, inkişaf etmiş ölkələrdə tələbələrin diplom müdafiəsində sənaye müəssisələrinin sahibləri gəlib iştirak edir, müdafiəni dinləyir. Elə müdafiə etdiyi gün tələbə ilə müqavilə imzalayırlar; yəni əmək fəaliyyətinə başlamağa hazır olan universitet məzunlarını bu cür qapıb aparırlar. Bizdə də sənaye sektoru buna diqqət yetirməlidir. Bunun üçün isə işləmək lazımdır; nazirlərimiz bu istiqamətdə iş görməlidir. Oturub düşünsünlər, sənaye və istehsalatın, dövlət və özəl sektorların rəsmiləri ilə elə bir iş ortaya çıxarsınlar ki, ölkənin universitetləri ilə sənaye müəssisələri arasında, doğrudan da, sözün həqiqi mənasında, kompleks surətdə bir əməkdaşlıq olsun. Təkcə sənaye də deyil; dövlət və özəl sektorun cürbəcür menecment sahələri universitetlərin elmi araşdırmalarına ehtiyac duyur. Bu iş hər yerdə görülməlidir. Bu da əhəmiyyətli məsələlərdən biridir.
Digər bir mühüm məsələ müqavimət iqtisadiyyatının reallaşdırılmasında rol oynamaqdır. Müqavimət iqtisadiyyatı isə elmi biliklərə əsaslanan iqtisadiyyat üzərində qurulmalıdır. Əlbəttə, bu barədə də mən də çox danışmışam, dostlarımız da müəyyən məsələləri vurğulayıblar, başqaları da fikir söyləyib, lakin reallıqda görülməli olan işlər hələ görülməyib, mən bunu sizə əminliklə deyə bilərəm; dövlət rəsmilərinin müqavimət iqtisadiyyatının icrası proqramları ilə bağlı hesabatlarını elə təzəlikcə almışam, cəmi bir neçə gündür! Yəni müqavimət iqtisadiyyatı sahəsində faktiki olaraq həyata keçirilməli olan işlərdən hələ uzağıq. Siz də universitetlərdə bu işdə özünüzəməxsus rol oynamağa çalışın; yəni sözün həqiqi mənasında, öhdənizə düşən vəzifə payını özünüz üçün müəyyənləşdirin və onu sözün həqiqi mənasında yerinə yetirməyə çalışın.
Bu dediklərim elmlə bağlı məsələlər idi. Əlbəttə, cürbəcür başqa məsələlər də var, bu şeyləri mən də dəfələrlə qeyd etmişəm, siz özünüz də bilirsiniz, amma yenə də təkrar etməyimiz yaxşıdır.
İkinci bir məsələ isə universitetlərdə aparılan mədəni işlərdir. Bəziləri universitetlərdə aparılmalı olan mədəni işləri cürbəcür konsertlər, ekskursiyalar təşkil etməklə səhv salıblar; elə bilirlər, mədəni iş budur. Deyirlər, tələbələr yüksək əhval-ruhiyyədə olmalıdır! Yüksək əhval-ruhiyyə hər bir mühit üçün yaxşı bir şeydir, amma baxır necə? Nəyin bahasına? O oğlanlı-qızlı qarışıq ekskursiyalardan biz çox yararlanmışıq, ya qərblilər? Vaxt var idi, bizə deyirdilər ki, Avropada – o vaxt Avropanı önə çəkirdilər – hicab yoxdur, qadın kişi qarışıqdır, ona görə də orada, təbii ki, insanlar öz cinsi hisslərini, istəklərini kontrol edə bilirlər. Yaxşı, indi baxın görün belədirmi? Cinsi istəklər kontrol olunur, yoxsa təhrik olunur? Bu gün Amerika və Avropada cinsi zəmində o qədər cinayətlər baş verir; daha əks cinslə də kifayətlənmirlər! Hələ bundan da betər olacaq. İslam dini insanı tanıdığına görə hicabı əmr edib, naməhrəm kişilərlə qadınların bir-birinə qarışmasını qadağan edib. İslam bizi tanıyır; insan Allah-taalaya aiddir, O, bizim yaradanımızdır. Qızlı-oğlanlı qarışıq ekskursiyalar nədir? Dağlara ekskursiya, birlikdə düşərgədə qalmaq; hətta bəzən ölkədən xaricdə! Yox, mədəni işlərin mahiyyəti bambaşqadır, mədəni işlər tam başqa bir şeydir. Universitetlərdə mədəniyyət məsələlərinə cavabdeh olan rəsmilər nə etdiklərinə diqqət yetirsinlər.
Universitetlərdə aparılan mədəni işlər elə olmalıdır ki, mömin, gözəl əxlaqlı, inqilabi ideyaların daşıyıcısı olan insanlar yetişdirilsin. Mədəni işlər bu tələbləri təmin etməlidir. Mədəni işlər tam olaraq odur ki, gənclərimizin inqilabçı kimi yetişməsinə səbəb olsun. Bu ölkədə bir inqilab olub, o inqilaba sadiq qalmaq lazımdır; biz bu inqilabın əsas ideyalarını öz həyat prinsiplərimizə çevirməliyik ki, irəli gedə bilək. Universitetlərdə aparılan mədəni işlər gənclərimizi ideallara sadiq, ölkəsini sevən – öz ölkələrini həqiqətən də sevsinlər – dövlətini sevən, dini və siyasi cəhətdən uzaqgörən ruhda yetişdirməlidir. Gənclərimizin dini və siyasi yanaşması dərin olmalıdır ki, hər xırda şübhəyə görə büdrəməsinlər, yaxud siyasi məsələlərdə çaşmasınlar. 1388-ci ildə baş vermiş olaylar zamanı çoxlarının ayağı büdrədi; pis adamlar deyildilər, amma gözüaçıq olmadıqlarına görə büdrədilər. Bax, görürsünüz ki, biri deyir: “Seçki bəhanədir, hökumət formaldır”, nə edəcəksiniz? Bu hökumətin legitimliyinə inanan, bu dövlət, onun müdafiəsi üçün canından belə keçməyə hazır olan siz bir qrup şəxsin bu kimi şüarlar səsləndirdiyini görəndə nə etməlisiniz? Bu, gözüaçıq olmamaqdan irəli gəlir, lazım olan anda öhdəsinə düşən vəzifəni dərk etməməkdən irəli gəlir. Özünəinamlı, stimullu, ümid və optimizm dolu insanlar yetişdirmək lazımdır. Yaxşı deyiblər ki, ruhdan düşmək insan üçün ən böyük zərərdir. Gənclərimiz ruhdan düşməməli, ölkənin gələcəyinə optimist baxmalıdır. Elə ümid etməyin yeri də var, məyus olmağın yeri yoxdur. Bu qədər imkan və potensialımız var! O gün mən hökumət nümayəndələri ilə görüşdə də dedim(3) – 1-2 ay bundan əvvəl – yoldaşlar da hamısı təsdiqlədilər; dedim, o ki deyirlər, tutalım, filan Avropa ölkəsinin inkişafı 1.5 və ya 1 faizdir – yeri gəlsə, bu heç heyrətamiz bir göstərici də deyil – biz isə 8, 9 faizlik inkişaf gözləyirik, bu ona görədir ki, onlar bütün imkan və resurslarından artıq istifadə ediblər, istifadəsiz qalan resursları yoxdur, bizim resurslarımız isə istifadəsiz yatıb qalıb; biz 10 faizlik inkişafa da nail ola bilərik. Bu resurslar doldurulmalıdır; bu resurslardan istifadə olunmalıdır. Yaxşı, bu qədər imkan və potensialı olan bir ölkədə optimist olmağın, gələcəyə ümidlə baxmağın yeri yoxdurmu?
Ölkənin reallıqlarını düzgün dərk edən insanlar yetişdirmək lazımdır; ölkənin hazırda nə durumda olduğunu bilən insanlar. Bütün dünya – dostlarımız bir cür, düşmənlərimiz bir cür – deyir ki, İslam Respublikası güclü ölkədir, bu cənablar isə ölkənin daxilində gedib orda-burda çıxış edirlər, deyirlər ki, “biz heç kimik, biz heç nəyik, biz təcrid ounmuşuq!” Yetərsizlik kompleksi yaşayırlar; yaxşı, çatışmazlığı xalqda niyə görürlər, özlərində görsünlər də! İslam Respublikası quruluşunu və ölkəni niyə yetərsiz görürlər? Bu yetərsizlik kompleksi, özünü həqir, alçaq görmək çox təhlükəli bir şeydir. Bütün dünya sənin ölkənin dəyərli, güclü bir ölkə olduğunu deyə, gileylənə, narahatlıq keçirə ki, İran nüfuz qazanıb, hər yeri tutub, sən ölkənin içində hansısa qəzetdə, etdiyin çıxışda, yaxud hansısa universitetdə tələbələrin qarşısında deyəsən ki, yox, biz heç kimik, biz heç nəyik?!
Müstəqilliyi uca tutan insanlar yetişdirmək lazımdır; ideoloji müstəqilliyi, siyasi müstəqilliyi, mədəni müstəqilliyi, iqtisadi müstəqilliyi. Mədəni-təbliğat işləri vasitəsilə tərbiyə edilən gənc ölkənin müstəqilliyini uca tutmalıdır; inqilabın və dövlətin əsaslarını, İslam mədəniyyətini uca tutmalı, yüksək əhval-ruhiyyədə və optimist olmalıdır. Mədəni iş budur. Amma bu, asan bir iş deyil, çox çətindir. Bunun üçün konkret fəaliyyət proqramları hazırlamaq lazımdır. Bəzi universitetlərdən mənə gəlib çatan xəbərlər isə vəziyyətin heç də belə olmadığını göstərir. Elə edin ki, meydan inqilabi ideyaların daşıyıcısı olan, stimullu, optimist, özünəinamlı, dindar gənclərin əlinə keçsin. Sizin öhdənizə düşən ən böyük vəzifələrdən biri budur: elə edin ki, birinci sözü o mömin, inqilabı və İslamı uca tutan tələbə kollektivləri desin, meydan daha çox onların əlində olsun; sizin vacib vəzifələrinizdən biri də budur. Bir sözlə, əziz universitet müəllimləri, qardaşlar, bacılar, diqqətli olun! Mən universitetlərlə yaxından maraqlanıram; lap çoxdan həm universitetlərin əhəmiyyətinə inanıram, həm də onların problemləri ilə maraqlanıram. Bilin ki, bu gün universitetlər və tələbələr ən böyük məkrli planların hədəfidir; onlar qorxur ki, bizim inqilabi ruhiyyəli, fəal mövqe ilə meydana atılan, düşmənlərin çəkdiyi qırmızı xətləri pozub irəli gedən, ölkəsini irəli aparan, elmin bayrağını ucaldan, cəmiyyətdə inqilabi şüarları qabardan müəllim və tələbələr yetişdirən universitetlərimiz olar. Bunun baş verməməsi üçün durmadan plan cızırlar, pullar xərcləyirlər. Düşmənlər gələcək üçün işğalçılıq planları qururlar. O köhnə müstəmləkəçilik metodları indi daha işə yaramır; “yeni müstəmləkəçilik” adlandırdıqları variant da artıq yavaş-yavaş köhnəlib. Bu gün onlara bu lazımdır ki, ayrı-ayrı ölkələrdə fəal, zəkalı, savadlı insanların təfəkkürünü onların hədəflərini reallaşdıracaq bir şəkildə dəyişsinlər; bunun arxasıncadırlar. Buna sərmayə qoyur, pullar xərcləyirlər. Bu narahatedici məqama diqqət yetirmək lazımdır.
Dini-inqilabi dəyərlərə önəm verən çox gözəl universitet müəllimlərimiz var; sevindirici haldır ki, bizdə mömin, inqilabi ideyaların daşıyıcısı olan, inqilabi məsuliyyətini dərk edən minlərlə professor var. Əvvəllər də var idi, Müqəddəs Müdafiə dövründə də varımız idi, bu gün isə, əlhəmdulillah, mömin və inqilabçı professorlarımız o vaxtkından qat-qat artıqdır. Onların qədrini bilmək lazımdır. Ümidvaram ki, Allah-taala bizə bu işləri həyata keçirmək üçün mənəvi dəstək olacaq.
Artıq vaxtımız bitir; bu gün mən də çox danışdım, siz də məni çox yaxşı dinlədiniz. Auditoriya canla-başla qulaq asanda – hiss etdim ki, əlhəmdulillah, siz hamınız məni canla-başla dinlədiniz – adam danışmaq istəyir. Mən burda özüm üçün çox qeydlər götürmüşdüm, hamısını demədim, intəhası daha vaxtımız yoxdur.
Allah-taaladan arzum budur ki, sizin hamınıza uğurlar nəsib etsin, sizə öz mənəvi dəstəyini nazil etsin. İnşallah, bu gün daşıdığınız vəzifə məsuliyyəti – istər hansısa universitetin rektoru olaraq, istər müəllim kimi, istər nazirliklərin ayrı-ayrı komitələrində, istər Ali Mədəni İnqilab Şurasında, istər parlamentdə, istər nümayəndəliklərdə – hər birinizin çiyinlərinə düşən çoxsaylı və müxtəlif məsuliyyətlərin yükü Allah dərgahında sizə başucalığı gətirər.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
__________________________
(1) Görüşün əvvəlində Səhiyyə və Tibbi Təhsil Naziri cənab Seyid Həsən Qazizadə və Elm və Texnologiya Naziri cənab Dr. Məhəmməd Fərhadi məruzə ilə çıxış etmişlər.
(2) Cəvahirləl Nehru – hind siyasətçisi, müstəqil Hindistanın ilk baş naziri
(3) Ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə görüş (04.06.1394)