Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü ərəfəsində tələbə və şagirdlərlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

والحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین. السّلام علی الحسین و علی علیّ‌بن‌الحسین و علی اولاد الحسین و علی اصحاب الحسین

İmperializmə qarşı mübarizə günü kimi qeyd olunan bir gündə əziz gənclərlə, tələbə və şagirdlərlə keçirilən görüşlər olduqca dəyərlidir. Bu gün bura təşrif gətirmiş bu kollektiv, sizlər xalqın sayıq gənclərinin təmsilçilərisiniz; və nəinki yalnız gənclər, gözüaçıq, məlumatlı, prosesləri analiz etməyi bacaran insanlar hamısı bu gün sizin burada öz çıxışlarınızla, şüarlarınızla ifadə etdiyiniz mövqeyə malikdirlər.

Bu günlər Hüseyn ibn Əlinin (ə) adı ilə bağlıdır, müsəlman ümmətinin tarixən böyük emosionallıqla yaşadığı günlərdir. Özü də bu günlər yalnız şiələrə aid deyil, qeyri-şiələr də Hüseyn ibn Əlinin (ə) hərəkatını böyük, ibrətverici, möhtəşəm, xalqlara örnək olan bir hərəkat kimi qiymətləndirir. Bilənlər; bilməyənlər, xəbəri olmayanlar ayrı. Bizim xalqımızın da qürur duyduğu mövzulardan biri Seyidüş-şühədanı (ə) tanımağı, Kərbəla haqda məlumatlı olmağı, Aşura hadisəsi zamanı və ya onun fonunda baş vermiş mühüm məsələlərdən xəbərdar olmağıdır.

Bu günlər Zeynəbi-Kübranın (s.ə) günləridir, Zeynəbi-Kübra (s.ə) isə Aşura hadisəsinin aktuallığını qoruyub saxlamış, bu olayın o dövrdə hakimiyyətdə olan rejimin siyasi əfsunları fonunda unudulub getməsinə və ya tarixin qaranlıqlarına qarışmasına imkan verməmiş Bir şəxsdir. Bu hadisəni Zeynəbi-Kübra (s.ə) yaşatmışdır. Odur ki bu günlər olduqca önəmlidir.

Hazırda yaşadığımız tarixi mərhələ də olduqca əhəmiyyətlidir. İran xalqı öz qürur və heysiyyətini təsbit etməkdədir, ideallara doğru irəliləyişinin kompleks planını cızmaq yolunda addımlayır. Məhz elə buna görə də gənclərin məlumatlı olması, mövcud duruma gözüaçıq yanaşması olduqca önəmlidir və bu gün bura toplaşmağımız bu mövzularda bir qədər söhbət etmək üçün bir fürsətdir.

Əvvəla onu deyim ki – bu, bizim söhbətlərimizdən çoxunun əsasını təşkil edir – İslam İnqilabında, xalqımız arasında imperializmə qarşı mübarizə məntiqli, rasional, elmi əsası olan, müdrikliklə yürüdülən bir hərəkatdır, bəzilərinin qələmə vermək istədiyi kimi, ağıl və məntiqə əsaslanmayan, emosiyalara qapılmaqla, şüarçılıqla gedən bir hərəkat deyil. Əksinə, İran xalqının hərəkatı ağıl və sağlam məntiqə söykənən bir hərəkatdır. Hələ mən dini, Quran ayələrini, dinin bizə aşıladığı təlimləri hesaba almıram – (2)“اَشِدّآءُ عَلَی الکُفّار”(1)“رُحَمآءُ بَینَهُم”,  “قاتِلوا اَئِمَّةَ الکُفر” və bu kimi ayələri hələlik bir kənara qoyuram, çünki bunlara etiqad bəsləməyən, yaxud heç inanmayanlar da var – İran xalqının görüb-götürdüyünə, təcrübəsinə əsaslanaraq deyirəm.

1332-ci il 28 mordadda ölkəmizdə İran xalqına bir çox təcrübələr qazandıran, xalqımızın öz mövqe və yanaşmalarında səhvə yol verməsinə əngəl olan bir hadisə baş verdi. Bu hadisə nəticəsində İran xalqı böyük bir təcrübə əldə etdi, bu təcrübəni heç vaxt unutmaq olmaz. Bəli, 1332-ci ildən indiyə qədər 60 il keçib. Əvvəla, bu 60 il ərzində bu tip hadisələr təkrarlanıb, ikincisi, tarixi hadisələrin mahiyyətində bir ibrət dərsi durursa, zamanın axarı onlara təsir etmir, o hadisələrdən dərs götürmək lazımdır. Həmin hadisə belə olmuşdu ki, ölkənin milli sərvətinin mənbəyi olan nefti müəyyən insanların – mərhum Ayətullah Kaşani və başqalarının köməyi ilə ingilislərin çəngindən, ingilislərin əlindən almağa müvəffəq olmuş Müsəddiq hökuməti tarixi bir səhvə yol vermişdi; o səhv də Amerikaya arxalanmaqdan ibarət idi. Dr. Müsəddiq düşünmüşdü ki, ingilislərin düşmənçiliyi qarşısında beynəlxalq arenada bir arxa, dayaq duranı olmalıdır; və o zaman da özünə dayaq qismində Amerikanı görmüşdü. Amerikalılara inanmışdı, ümidini onlara bağlamışdı. Amerikalılar da bu sadəlövhlükdən, müsbət yanaşmadan istifadə edərək 28 mordad qiyamını həyata keçirmişdilər. Amerikadan bir dövlət məmuru qalxıb bura gəlmişdi (adı, kimliyi də məlumdur, tarixdə, sənədlərdə dəqiqliyi ilə qeydə alınıb, biz də tanıyırıq, kim olduğunu bilirik; amerikan idi) gedib İngiltərə, yaxud başqa bir Qərb ölkəsinin, ya ola bilsin, Kanadanın səfirliyində yerləşmişdi, özü ilə gətirdiyi pulu bölüşdürmüşdü. Özü ilə də müəyyən adamlar gətirmişdi, daxildə də bəzi xain, satqın ünsürlər var idi. Onlar 28 mordad qiyamını həyata keçirərək İran xalqının iki - üç il ərzində – neft sənayesinin milliləşdirildiyi dövrdə çəkdiyi bütün zəhməti küləyə vermişdi. Müsəddiqi də götürüb aparıb zindana salmışdılar, İrandan qaçmış Məhəmmədrza Pəhləvini də geri qaytarıb hakimiyyət kürsüsünə oturtmuşdular. Və 1332-ci ildən 1357-ci ilə qədər bu xalq 25 il zorla hakimiyyətə gətirilmiş, xaricdən asılı Pəhləvi rejiminin qamçısı altında cürbəcür məşəqqət, təzyiq və çətinliklərə məruz qaldı; bunu edən amerikalılar olmuşdu. Hərbi məsləhətçiləri ordumuzda ağalıq etdi, iqtisadiyyat üzrə rəsmiləri öz iqtisadi siyasətlərini yürütdülər. Bunlardan əlavə – hələ bunlar göz önündə baş verən, hiss olunan işlər idi – görünməyən, hiss olunmayan bir çox işlər də görüblər. Təəssüflər olsun ki, araşdırmaçılarımız amerikalıların bu 25 ildə İran xalqının mənəvi sərvətlərinin, insan potensialının məhv edilməsi istiqamətində gördüyü işləri hələ də təhlil edib üzə çıxarmayıblar; hələ bunu edə bilməyiblər. Amma bu məsələlərin üstünə düşməyə, onları araşdırmağa dəyər. Boğucu represiyalar, İran xalqına təzyiqlər, bu ölkənin insan resurslarının puç edilməsi, təbii resurslarının talan edilməsi, İran xalqının regionda yaşayan müsəlman xalqları arasında bədnam edilməsi – bütün bunlar amerikalıların bu müddət ərzində gördüyü işlərdir. Nə qədər insan öldürülüb, nə qədər insan həbsə atılıb, nə qədər insana işgəncə verilib, ölkənin içində İran xalqı əleyhinə nə qədər xain siyasətlər yürüdülüb?! Və bütün bunlar amerikalılar və onların əli ilə hakimiyyətə gətirilmiş rejim üzündən, o cənabın o vaxt sadəlövhcəsinə amerikalılara etimad etməsi ucbatından baş verib.

Xalqlar müxtəlif proseslər qarşısında iki cür davranır: bəziləri hadisələri, çətinlikləri, işgəncələri dadır, amma özlüyündə bununla bağlı düzgün bir təhlil, ümumiləşdirmə apara, nəticə çıxara bilmir ki, gəldiyi nəticə onu həmin hadisə qarşısında əks-reaksiya verməyə sövq etsin; bəzi xalqlar belədir. Yaxşı, layiqli lideri olan xalqlar isə belə olmur, çətinliklərə dözürlər, amma bununla yanaşı, gözüaçıq, məlumatlı olmağa çalışır, çıxış yolları axtarır, düzgün və məntiqli ideyalarını gücləndirməyə can atırlar. İran xalqı da bu qəbildən olan bir xalqdır. Uca Yaradan lütf edərək İmam Xomeyni kimi dahi bir insanın liderliyini böyük bir nemət kimi bu xalqa bəxş etmişdi. Dahi İmam bu xalqın gözünü açdı, insanlarımızı məlumatlandırdı, özü də əzab-əziyyətlər çəkdi, həbsdə yatdı, sürgün olundu, amma əl götürmədi. Tədricən bu gözüaçıqlıq bütün xalqa ötürüldü, ümumiləşdi və nəhayət 1356-57-ci illərdə İran xalqı arasında ümummilli bir hərəkata çevrildi. Bu hərəkatın hədəfi, hücum obyekti təkcə şah rejimi yox, həm də Amerika idi. Xalq anlayır, dərk edirdi ki, daxildə ona və ölkəyə qarşı törədilən bu cinayətlərin arxasında Amerika durur; bunu anlayırdı. Dahi liderimiz İmam Xomeyni islami hərəkatın başladığı ilk illərdə – 1342-ci ildə buyurmuşdu: “Bu gün İranda ən mənfur insan Amerika prezidentidir”(3). O, ictimaiyyətə bu ideyanı təlqin edirdi, xalqa başa salırdı ki, hər şey Amerikanın başının altından çıxır, şər və pisliyin hamısını törədən Amerikadır. Və bu mübarizə öz müsbət nəticəsini verdi.

O yerdə ki xalq hərəkət edir, mübarizə aparır, səbir və müqavimət göstərir, qələbə mütləqdir; hər yerdə belədir. Uğursuzluqla nəticələnən mübarizənin nöqsanlı cəhəti bu olur ki, ya xalqın sona qədər müqavimət göstərməyə gücü çatmır, ya da insanları düzgün idarə edəcək lideri olmur. Özümüz də şahidi olduq, bu son illərdə müəyyən yerlərdə xalqlar hərəkət etdi, əzm və iradə nümayiş etdirdi, hansısa nəticələr də əldə olundu, amma onları düzgün idarə edəcək, hədəfi doğru-dürüst müəyyənləşdirəcək, xalqı doğru yola istiqamətləndirəcək liderləri olmadığına görə sonda məğlubiyyətə düçar oldular; son illər ərzində bunun özünüz də şahidi olmusunuz; mən ölkə adı, yer adı çəkmək istəmirəm.

İran xalqı isə doğru yolla getdi, düzgün davrandı. Güclü, məlumatlı, qətiyyətli, Allaha təvəkkül edən, Yaradana arxalanan, Uca Yaradanın

اِن تَنصُرُوا اللَّهَ یَنصُرکُم

– “Allah Onun dininə yardım edənlərə yardım edəcək”(4) vədinə arxayın olan bir liderin varlığı bu xalqın qələbəyə yetişməsinə, İranda zorla hakimiyyətdə qalan, xaricdən asılı, məşum və rüsvayçı – sağlam məntiqlə baxsaq, monarxiya quruluşu istənilən ölkə üçün utancvericidir – rüsvayçı Pəhləvi monarxiyasının yıxılmasına səbəb oldu; şahlıq qurtardı, ixtiyar sahibi xalq oldu.

Burada mühüm bir məqam var: İrandakı bu xalq hərəkatının ciddi surətdə əleyhinə çıxan ilk dövlət və hökumət Amerika oldu. Əlbəttə, İranda yaranmış vəziyyətdən kifayət qədər narazı və narahat olan başqa dövlətlər də var idi, amma o qədər də reaksiya vermirdilər. Bəzi dövlətlər də var idi ki, ola bilsin, İranda baş verənlərə sevinirdilər. Amma Amerika təkcə ürəyində narazı olmaqla kifayətlənmədi. Elə inqilabın qələbə çaldığı ilk aylarda Amerika senatı İran İslam Respublikası əleyhinə kəskin tonlu bir qətnamə qəbul etdi və bununla da əməli surətdə düşmənçiliyə başladı. Halbuki ABŞ-ın İrandakı səfirliyi hələ açıq idi! Amerika ilə əlaqələri qorumağın, Amerika ilə dostluq etməyin Amerika sarıdan gələ biləcək zərərin qarşısını aldığını düşünənlər bu tarixi təcrübəyə baxsınlar; hələ İranda Amerikanın səfirliyi fəaliyyət göstərirdi, amerikalılar rahat şəkildə ölkəyə gedib-gəlirdilər, inqilab onların ölkədən çıxarılmasına səbəb olmamışdı. Başqa ölkələr kimi, onların da burada səfirliyi var idi, burada yaşayan və işləyən diplomatları var idi. Buna baxmayaraq, elə o vaxt Amerika inqilaba qarşı düşmən münasibətini nümayiş etdirdi. Bundan əlavə, İran xalqının qəti düşməni olan Məhəmmədrza şahı da öz ölkələrində qonaq etdilər, aparıb Amerikada saxladılar. Demək olar ki, əslində, İran xalqının düşməninə sığınacaq verdilər. Onların bu davranışına əks-reaksiya isə tələbələrdən gəldi. Gedib Amerika səfirliyini tutdular, məlum oldu ki, ora casus yuvası imiş. Məlum oldu ki, inqilabdan sonrakı bir neçə ay ərzində ora İslam İnqilabı əleyhinə sui-qəsd planlarının cızıldığı mərkəz olub. Bunu o zaman səfirlikdən götürülmüş və sonralar ictimaiyyətə açıqlanmış sənədlər də sübut etdi, göstərdi. Əziz gənclər, o casus yuvasından çıxmış sənədlərlə tanış olun, onlarda böyük ibrət dərsi var. Səfirliyi ələ keçirib oranın casus yuvası olduğunu anlamış tələbələr o sənədləri böyük əziyyətlə bərpa etmişdilər (belə ki onları kağızdoğrayandan keçirib məhv etməyə çalışmışdılar) tələbələr bu sənədləri toplayıb yapışdırmış, bərpa etmişdilər və sonradan nəşr olunmuşdu; bu barədə 70-80 cild kitab nəşr olunub. Bütün bunlar onu göstərir ki, amerikalılar istər inqilabi hərəkatın pik nöqtəsində, istərsə də bu hərəkat, inqilab qələbə çaldığı, İslam Respublikası təşkil olunduğu zaman daim İslam dövləti əleyhinə məkrli planlar cızmaqda imişlər. Amerika budur. Bunlar inqilabdan sonrakı dövrlə bağlı məsələlərdir.

İnqilabdan əvvəl, möhtəşəm xalq hərəkatının getdiyi dövrdə – 17 şəhrivər hadisəsi, xalqın kütləvi qırğını və sair məsələlər Amerikanın əli ilə hakimiyyətə gətirilmiş rejim vasitəsilə həyata keçirilmişdi; bu, öz yerində – bəhmən ayının 8-i, yəni İmamın ölkəyə gəlişindən bir neçə gün əvvəl camaat bu Tehran küçələrində, İnqilab küçəsində toplaşmışdı. O zaman Amerikanın bir yol tapıb hakim rejimi inqilabın əlindən xilas etmək, qoruyub saxlamaq üçün İrana göndərdiyi general Hayzer sonralar öz xatirələrində yazır – bütün bunar tarixi sənədlərdir – deyir: “Mən general Qarabağiyə əmr verdim ki, camaatla üz-üzə gələndə tüfənglərin lüləsini aşağı salsınlar”. Yəni insanları öldürsünlər, boşuna havaya atəş açmasınlar, camaatı qırsınlar; onlar da deyildiyi kimi etmişdilər, tüfənglərin lüləsini aşağı salmışdılar, bir qrup gənc və yeniyetmə qətlə yetirilmişdi, amma insanlar geri çəkilməmişdi. Hayzer deyir: “Qarabaği gəlib mənə dedi ki, sənin bu planın fayda vermədi, camaat geri çəkilmədi”. Ardınca isə Hayzer yazır ki, “Bu şahın generallarının nə qədər primitiv düşündüyünü mən onda gördüm” – yəni gərək atəşi davam etdirəydilər, durmadan öldürəydilər. Baxın, xarici qüvvələrin əli ilə hakimiyyətə gətirilmiş rejim bu idi. Amerikan generalı İran ordusunun generalına öz həmvətənlərini öldürməyi əmr edir, bu da onun göstərişini, tövsiyəsini yerinə yetirir, xeyri olmadığını görəndə də gəlib deyir, “sənin məsləhətin faydasız oldu”. O da özlüyündə istehza edir ki, “bunlar nə qədər primitiv düşünürlər”. Pəhləvi rejiminin İrandakı hakimiyyətini qısaca belə təsvir etmək olar. 

Amerikalılar bizimlə bu cür başladılar; inqilabla bu cür başladılar. Sonradan da bütün bu vaxt ərzində əllərindən gəldiyi qədər məkrli planlar cızıb həyata keçirməyə çalışdılar. İnqilabın əleyhinə nə isə edə biləcək istənilən qrup Amerika tərəfindən dəstək aldı. Belə olaylardan biri də Həmədandakı şəhid Nujə adına qərargahda baş vermiş və bu adla tanınan qiyam idi. Bundan əlavə, ölkənin müxtəlif yerlərində etnik mənsubiyyət zəminində inqilab əleyhinə fəaliyyət göstərən şəxslərə edilən yardımları da buna misal gətirmək olar. Sonradan Səddam Hüseyni İrana qarşı müharibəyə təşviq etmələri, 8 il ərzində ona göstərdikləri kömək də bu qəbildəndir. 8 il! Amerikalılar müharibənin getdiyi bütün dövr ərzində Səddama kömək etdilər, xüsusilə də müharibənin 2-ci, 3-cü ilindən sonra yardımlarını daha da artırdılar, onu silah-sursatla təmin etdilər; həm onlar, həm də təəssüflər olsun ki, avropalı müttəfiqləri. Amerikalılar bizim inqilabımıza belə münasibət göstərdilər. Onların istədiyi inqilabı kökündən məhv etmək idi. Amma bu, onların yanlış təhlillərindən, prosesləri düzgün dərk etməməyindən irəli gəlirdi. Onlar elə bilmişdilər ki, bu da hansısa Afrika, yaxud Asiya ölkəsində baş verib “inqilab” adı qoyulan qiyamlardan biridir və ona asanlıqla son verib yox edə bilərlər. Daha bilmirdilər ki, burda proseslər, əvvəla, xalqa söykənir – bu inqilab xalqın inqilabıdır – ikincisi isə dini inanca əsaslanır; bax bunları anlamırdılar. Elə ona görə də amerikalıların bu 37-38 il ərzində inqilab əleyhinə həyata keçirdiyi bütün planlar uğursuzluqla nəticələnib; inşallah, bundan sonra da uğursuzluqla nəticələnəcək. Bunları deməkdə məqsədim odur ki, biz İran xalqı olaraq, öz ölkəsini sevən bir xalq olaraq, öz uğurlu gələcəyinin mənzərəsini özü üçün cızmış və o gələcəyə çatmaq istəyən bir xalq olaraq Amerikanı tanıyaq; məqsəd budur.

Amerikanın bu son illərdə həyata keçirdiyi işlərdən biri də kimlərisə onu xoşagələn simada təqdim etməyə vadar etməkdir. Həmin insanlar ictimaiyyətdə belə bir fikir formalaşdırmalıdırlar ki, Amerika nə vaxtsa ölkəmizə düşmən olubsa da, bu gün düşmən deyil; məqsədləri budur. Məqsəd budur ki, düşmənin siması İran xaqına gizli qalsın, nəticədə xalqımız onun düşmənçiliyindən bixəbər olsun və düşmən rahatca öz əməllərinə davam edib xəncəri kürəyimizdən saplaya bilsin; hədəf budur. Bəziləri, əlbəttə ki, bunu qərəzli surətdə, bəziləri isə sadəlövhlükdən edirlər. Reallıq isə budur ki, Amerikanın İslam Respublikası əleyhinə izlədiyi hədəflər əsla dəyişməyib; qətiyyən dəyişməyib. Bu gün də İslam Respublikasını məhv etmək üçün əllərinə fürsət düşsə, bir an belə olsun dayanıb fikirləşməzlər. İntəhası, bacarmırlar və siz gənclərin əzmi, qazandığı nailiyyətlər, İran xalqının gözüaçıqlığının günü-gündən daha da dərinləşməsi və güclənməsi sayəsində, inşallah, gələcəkdə də bunu edə bilməyəcəklər. Hələ bir ağlayırlar da! Elə o nüvə danışıqlarında da gördük, Amerika diplomatı:(5) “Mən cavanlıqdan müharibənin əleyhinə olmuşam” – deyib göz yaşı tökdü. Bəziləri sadəlövhcəsinə inanıb deyə bilərlər ki, nə yaxşı, bunlar, doğrudan da, düzəliblər, heç də pis adam deyillər. Gözümüz aydın, tülkü həccə gedir!(6) Amma elə həmin insan, müharibə adı gələndə kövrəlib kameralar qarşısında göz yaşı tökəcək qədər nifrət edən o diplomat həmin adamlardandır ki, Qəzzada yüzlərlə uşaq tikə-tikə ediləndə, sionistlər qəddarcasına qadınlı-kişili, uşaqlı-böyüklü, qocalı-cavanlı heç kəsə rəhm etməyəndə heç qaşını da düyünləmir. Əgər siz müharibəyə bu qədər nifrət edirsinizsə, insanları, körpələri belə kütləvi şəkildə qıran bu murdar, cəllad, qəssab ünsürə bir söz deyin, bir qaşınızı düyünləyib etiraz bildirin. Cüzi belə olsun etiraz ifadə etmirlər, əksinə, təşviq edirlər! O vaxt onlar Qəzzaya o hücumları edəndə və elə bu gün də İordan çayının qərb sahillərində və Qəzzada başqa bir formada camaatı qətlə yetirməkdə davam etdiklərinə baxmayaraq, amerikalılar – yüksək çinli rəsmiləri – dəfələrlə buna münasibət bildirərək bəyanat veriblər ki, İsrailin özünü müdafiə etmək haqqı var. Yəni Fələstin xalqının özünü müdafiə etmək haqqı yoxdur; tarlalarını məhv etsinlər, gənclərini öldürsünlər, evlərini od vurub yandırsınlar, bir neçə aylıq körpəni, onun ata-anasını odda yandırsınlar, Fələstin xalqının isə cavab verməyə heç bir haqqı olmasın. Bu gün də sionist rejimini təşviq etməkdədirlər, kömək edirlər, dəstəkləyirlər. Aylardır ki, Yəmən xalqının xəstəxanaları, evləri bombardman altında viran qalır, həyat əhəmiyyətli infrastrukturları məhv olur, insanlar qırıcı təyyarələr vasitəsilə soyqırıma məruz qalır, amerikalılar isə bir kəlmə belə olsun danışmır, cüzi formada belə olsun etirazını bildirmir, hətta əksinə, dəstəkləyir, təşviq edir! Budur Amerika! Və bütün bunlardan sonra kameralar önündə tökülən gözyaşını səmimi bir hərəkət kimi qələmə vermək olarmı? Buna kim inanar? 

İran xalqı öz yolunu tapıb. Özünüz görürsünüz, İran xalqının onunla heç bir işi olmayan, onun əleyhinə çıxış etməyən xalqlar və dövlətlərlə heç bir işi yoxdur. Elə dövlətlər var ki – mən xalqlardan danışmıram – İslam Respublikasına qarşı saf niyyətli deyillər, bunu bilirik, anlayırıq, tamamilə göz qabağındadır, amma bizə qarşı heç bir etirazları, iddiaları yoxdur, bizim də onlarla heç bir işimiz yoxdur. Əlaqələrimiz var, ticarətimiz var, oturub müzakirələr aparırıq. Dövlətimizə və xalqımıza qarşı çıxış edən, İran xalqını, İslam Respublikasını, islami ideyaları məhv etmək üçün istənilən bəhanədən istifadə etməyə çalışan bir dövlətə qarşı isə İran xalqı etinasız qala bilməz. Xalqımızın buna nə sağlam məntiq, nə şəriət, nə vicdan, nə insan haqları baxımından haqqı yoxdur ki, belə bir düşmənlə dizbədiz oturub ona dost gözü ilə baxa, ona dostluq əlini uzada. Belə bir şey qeyri-mümkündür! Amerikalılar bu cürdür. Var qüvvələri ilə, əllərindən gələn bütün yollarla İslam Respublikasını tutduğu yoldan çəkindirmək istəyirlər. Müxtəlif metodlardan istifadə edirlər; təbliğat aparırlar. Bu günün özündə də tam gücü ilə fəaliyyətdədirlər. 

Qeyd etdim ki, inqilabın əvvəllərində onlar xalqın nəyə görə meydanlarda bu şəkildə fədakarlıq etdiyini anlamırdılar və bu, onların yol verdiyi birinci səhv idi. İndi tədricən anlayıblar, dərk edirlər ki, bu, xalqın inancından, gənclərin inancından, etiqadından, dinin və Quranın onlara öyrətdiyi dərslərdən qaynaqlanır. Elə buna görə də bu şeyləri hədəfə alıblar. Bu gün müxtəlif formada, cürbəcür yeni, o zaman mövcud olmayan vasitələrdən istifadə etməklə insanların inanclarına, etiqadına hücumlar edirlər; gənclər buna diqqət yetirməlidir. Gənclər ilk növbədə İran xalqının mübarizə tarixini daha çox mütaliə etməli və bilməlidir; tribunalardan çıxışlar edən, geniş auditoriya ilə ünsiyyətdə olan insanlar bugünkü gənclərimizə danışsınlar, başa salsınlar ki, mübarizə dövründə İran xalqının başına nələr gəlib, xalqın mübarizə apardığı kimlər olub, SAVAK-ı kim yaradıb, işgəncə metodlarını savakçılara kim öyrədib, ictimai fəallıq göstərən mömin insanlara onları nəzarət altında saxlamaqla, təqib etməklə kim işgəncələr verib. Gənclərimiz bütün bunları öyrənməlidir, bilməlidir.

Xoşbəxtlikdən, İran xalqı oyanıb, əlhəmdulillah, xalqımız ayıq-sayıqdır, universitetlərimizin ictimaiyyəti, tələbələrimiz sayıqdır. Bəli, o vaxtkı vəziyyəti geri qaytarmaq üçün çox çalışdılar, amma bacarmadılar və bacarmayacaqlar da. Tələbələrimiz sayıqdır; eynilə yeniyetmə şagirdlərimiz də. Müvəqqəti olaraq baş qatan bu işlər, zahirdə özünü fərqli göstərmək meyilləri İran xalqının etiqadının, ideologiyasının mahiyyətini dəyişə bilməz. İran xalqı nə etdiyini, yol alıb hara getdiyini bilir. Vaxt var idi ki, bizim universitetlərimiz Qərbə uzanan körpüyə bənzəyirdi – universitetə gir, sonra da Qərbin ətəyində it-bat ol. Ölkə üçün faydalı ola biləcək istedadlı insanlardan bəziləri oralara cəlb edilib onlar üçün işləyirdi, bəziləri isə burda onlara işləyir, başları maddi rifaha qarışırdı. Bu gün isə universitetlərimiz belə deyil, bu gün ölkəmizdə universitetlər uca amallara aparan nərdivana bənzəyir. Müəyyən şəxslər bu nərdivanı aradan götürüb təzədən Qərbə uzanan həmin körpünü salmağa, universitetlərimizi əvvəlki vəziyyətinə qaytarmağa çalışır. Ona görə də gənclərimiz sayıq olmalıdır və Allaha həmd olsun ki, elə sayıqdırlar da.

İslam Respublikası İslam dinindən bərk-bərk yapışması, xalqa söykənməsi, xalqımızda, əlhəmdulillah ki, var olan gözüaçıqlıq və məlumatlılıq sayəsində, nəinki təkcə indiyə qədər möhkəm duraraq müqavimət göstərib, hətta irəli də gedib, inkişaf edib. Biz inkişaf etmişik. Elə nüvə danışıqlarına da iddialı super-dövlətləri əlbir olub gəlib İran xalqının qarşısında oturmağa, “bəlkə, bu xalqı sındıra bilərlər” ümidi ilə İran xalqının əleyhinə o məkrli planları həyata keçirməyə vadar edən məhz İran xalqının tərəqqisi, qazandığı nailiyyətlər idi. Bu, İran xalqının qüdrətidir.

Əziz gənclər, sizə bir şeyi də deyim: bizim xarici qüvvələrin düşmənçiliyi üzərində durmağımız, bu mövzunu dönə-dönə vurğulamağımız o demək deyil ki, özümüzün daxildəki zəif cəhətləri diqqətdən yayınır. Bizim öz içimizdə də zəif cəhətlərimiz var və düşmən bir çox hallarda onlardan istifadə edir. Həmin zəif cəhətləri aradan qaldırmalıyıq. Zəruri siyasətlərin işlənib hazırlanmasında zəiflik var, siyasətlərin icrasında zəiflik var, çalışıb səy göstərməkdə zəifliyimiz var, bəzən işimizdə tənbəlliyə, süstlüyə yol veririk. Ölkənin prioritetlərini müəyyən etməkdə nöqsanlarımız var; bəzən xırda bir məsələ üzərində ölkəmizin öz içindən müxtəlif partiyalar bir-biri ilə qarşıdurmaya girir. Halbuki baxırsan, elə bir məsələdir ki, heç vacib əhəmiyyət də kəsb etmir, lüzum da yoxdur. Düşməni diqqətdən qaçırırıq. Bunlar bizim qüsurlarımızdır. Bu qüsurları aradan qaldırmaq lazımdır. Amma düşmənin – sayıq, pullar xərcləyən, imkan düşsə heç bir cinayəti törətməkdən çəkinməyəcək bir düşmənin varlığı elə bir şeydir ki, bunu diqqətdən qaçırmaq olmaz. Bəziləri daxildəki xırda problemləri əldə bayraq edib xarici düşməni yaddan çıxarırlar, Amerikanı yaddan çıxarırlar. İmamın (r.ə) dönə-dönə: “Səsiniz çıxdığı qədər Amerikaya bağırın” – deməsi də bu mənadadır ki, “bir-birinizə az bağırın”. Demirəm tənqid etməyək, yox; nəticə etibarilə azad cəmiyyətdə yaşayırıq, insanlar azad şəkildə düşünür, hər kəsin tənqid etmək hüququ var, həm də tənqid inkişafa yol açır, amma əsas düşməni ikinci dərəcəli düşmənlərlə, eləcə də aramızda fikir ayrılığı olan, lakin düşmən olmadığımız dostlarla səhv salmamalıyıq; əsas düşmən başqa yerdədir. Əsas düşmən o düşməndir ki, var gücü ilə İran xalqının qazandığı möhtəşəm nailiyyəti onun əlindən almağa çalışır. Bu nailiyyət xalqın ictimasi-siyasi proseslərdə iştirakından, xalqın hakimiyyətindən, islami ideyaların, Quran təlimlərinin əhali arasında geniş yayılaraq özünə yer tapmasından ibarətdir. Bizi inkişafa çatdıran o böyük nailiyyət budur. İndiyə qədər də bir çox uğurlar əldə etmişik, bundan sonra da məhz bu naiiyyət bizi ideallarımıza çatdıracaq. Bunu xalqın əlindən almaq istəyirlər, zalım, xalqın iradəsinə zidd olaraq hakimiyyətə gətirilmiş, Qərbə meyilli, Qərbin dediyi ilə oturub-duran, Qərbdən çəkinən bir hökumət qurmaq istəyirlər, məqsədləri budur. Bunu yaddan çıxarmamalı, bu düşməni daim diqqətdə saxlamalıyıq.

Mənim gənclərə tövsiyəm budur ki, əvvəla, tələbə və şagirdlərimiz yaxşı oxusunlar, təhsilə önəm versinlər. Elm güc-qüdrət əldə etmək üçün lazım olan vasitələrdən biridir. Milli iqtidarın vacib elementlərindən biri də elmdir. Elmin dalınca getsinlər, ictimai hədəfləri şəxsi istəklərdən yüksək tutsunlar. Hazırkı vəziyyətə, yaxın keçmişdə baş vermiş hadisələrə qarşı daha da gözüaçıq olsunlar, dünyanın hazırkı arenasını müşahidə etməyi bacarsınlar.

Bu gün dünya arenasında vəziyyət bu cürdür: bir tərəfdə əlində hər cür maddi imkanı olan, zəhmi, heybəti ilə hamını qorxudub qarşısında əzən imperialist dövlətlər durur; bunlar bir tərəfdə qütbləşib. Bəzi zəif dövlətlər də var ki, etiraz etməyə, var olduqlarını göstərməyə cürət etmirlər. Bunlar arasında elə bir ölkə də var ki, qətiyyətlə, uca səslə bu vəziyyətə etirazını bildirir – bu, İslam Respublikasıdır. Bu gün İslam Respublikası çəkinmədən, uca səslə, düşmənin təhdidlərindən qorxmadan, düşməndən ehtiyatlanmadan zülmə, imperializmə, istismara, hegemonluğa qarşı fəryad qoparır və xalqlar bunu eşidir, bu onlara öz təsirini göstərir. Sizə deyim, İran xalqının hərəkatı xalqlara təsir edir, dünyada bunun şahidiyik. Bu, özəliklə də, İslam dünyasında müşahidə olunur. İran xalqına, İslam İnqilabının liderlərinə, şəxsən dahi İmam Xomeyniyə (r.ə) başqa heç kəsə olmayan qədər hörmətlə yanaşır, uca tuturlar. Bu ona görədir ki, xalqımızın uca, qətiyyətli səsi onlara çatır; bu uca səsi əldən verməyin.(7) Onu da bilin ki, sizin bu şüarınızın, İran xalqının bu “Amerikaya ölüm!” hayqırtısının güclü və məntiqli bir əsası var; rasional əsası var. Bu da aydındır ki, “Amerikaya ölüm!” deyərkən biz amerikan xalqına ölüm arzulamırıq; amerikan xalqı da digər xalqlar kimidir. Yəni Amerikanın siyasətlərinin, Amerika imperializminin məhvini arzu edirik. “Amerikaya ölüm!” şüarının mənası budur və bu şüarın məntiqi əsası var. Bunu bizim konstitusiyamız deyir, dərin, prinsipial və məntiqi düşüncəmiz deyir. Bu ideyanı hansı xalqa izah edib açıqlasan, onu bəyənər, alqışlayar və qəbul edər.

Allaha şükürlər olsun ki, İslam Respublikası öz yolunu tutub və irəli getməkdədir. Mən qətiyyən şübhə etmirəm ki, siz əziz gənclər İslam Respublikasının ölkəmizdə rəhbər tutduğu uca amalların çoxunun reallaşdığı günlərin şahidi olacaqsınız. Heç bir şübhəm yoxdur ki, gələcək məhz bu cür olacaq, inşallah, siz ölkənizdə böyük quruculuq işləri həyata keçirməyə müvəffəq olacaq, başqa xalqlara ilham verməyi bacaracaq, xalqlara dəhşət yaşadan bu monstrları, Allahın köməyi ilə, yenəcək, inşallah, xalqları bunların qorxu və dəhşətinin kölgəsi altında yaşamaqdan xilas edəcəksiniz. Allahın köməyi ilə, siz gənclər bunu mütləq görəcəksiniz, bir şərtlə ki, tutduğunuz yola davam edəsiniz, bir şərtlə ki, iman və optimizlə iş görəsiniz və gözüaçıq olasınız, gözüaçıqlığınızı əldən verməyəsiniz, ölkədə gedən müxtəlif proseslərə yanaşmada əsas meyar və prinsipləri rəhbər tutasınız – bir çox məsələlər var, sonrakı görüşlərimizdə onlara da toxunarıq – inşallah, bu, doğru yolu tutub irəli getməkdə sizə yardımçı olacaq.

Allaha dualar edirik ki, əziz şəhidlərimizi Məhşər meydanına Peyğəmbərlə birgə gətirsin; dahi liderimiz İmam Xomeynini övliyaları ilə birgə məhşur etsin. Əziz gənclərimizi, inşallah, günü-gündən uca amallarına daha da yaxınlaşdırsın, onlara bu yolda daha böyük uğur və qələbələr nəsib etsin.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
__________________________
(1) «Kafirlərə qarşı sərt, öz aralarında mehribandırlar”. (“Fəth” surəsi, 29-cu ayədən) 
(2) «Küfrün başçılarına qarşı döyüşün”. (“Tövbə” surəsi, 12-ci ayədən) 
(3) «Səhifeye-İmam”, c.1, səh.42 Əhali ilə 04.08.1342-ci ildə keçirdiyi görüş zamanı etdiyi çıxışdan 
(4) «Məhəmməd” surəsi, 7-ci ayədən
(5) Amerikanın Xarici İşlər Naziri nəzərdə tutulur
(6) İştirakçılar gülür 
(7) «Amerikaya ölüm!” şüarları səslənir