Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
İran İslam Respublikasının prezidenti, Milli Təhlükəsizlik Ali Şurasının sədri cənab Ruhani, öncə sizə salamlarımı və salamatlıq diləklərimi çatdırıram.
Birgə Kompleks Tədbirlər Planı adlandırılan razılaşma artıq İslami Şura Məclisində, məclisin xüsusi komissiyasında və digər komissiyalarda, habelə Milli Təhlükəsizlik Ali Şurasında dəqiqlik və məsuliyyətlə araşdırılıb lazımi hüquqi prosedurlardan keçmişdir və son olaraq mən bu barədə öz rəyimi bildirməliyəm. Mən isə Sizin, eləcə də mövzuya birbaşa aidiyyəti olan və olmayan digər rəsmilərin ölkənin və xalqın ali mənafeyini təmin edə bilmələri üçün bəzi məqamları qeyd etməyi lazım bilirəm:
1. Hər şeydən öncə, bu çətin prosesin bütün mərhələlərində iştirak etmiş bütün rəsmilərə, o cümlədən danışıqlarda təmsil olunaraq müsbət məqamların aydınlaşdırılmasında və bilavasitə bu məqamların təsdiqlənməsində əllərindən gələn bütün səyləri əsirgəməmiş diplomatik heyətə, bu razılaşmaya tənqidi yanaşaraq təqdirəlayiq bir tələbkarlıqla onun zəif cəhətlərini bizim hamımıza xatırlatmış insanlara, özəlliklə də parlamentin xüsusi komissiyasının sədrinə və üzvlərinə, həmçinin öz mühüm fikirlərini qeyd etməklə razılaşmada mövcud olan bəzi boşluqları aradan qaldırmış Milli Təhlükəsizlik Ali Şurasının dəyərli üzvlərinə, ən nəhayət, ətraflı bir layihə hazırlayaraq hökumətə razılaşmanın icrasında doğru yolu göstərmiş İslami Şura Məclisinin sədrinə və məclis üzvlərinə, habelə mövcud bütün fikir ayrılıqlarına baxmayaraq, ümumilikdə ictimaiyyətdə bu razılaşma barədə tam təsəvvür yaranmasına yardımçı olmuş Dövlət Teleradiosuna və ölkə mətbuatının bütün yazarlarına öz təşəkkürümü bildirməyi lazım bilirəm. İslam Respublikasında yaddaqalan və ibrətamiz məsələlərdən biri olacağı güman edilən bu məsələ üçün verilmiş böyük əmək, görülən irihəcmli işlər, çəkilən intellektual zəhmət sevindirici və təqdirəlayiqdir. Buna görə də arxayınlıqla demək olar ki, məsuliyyətlə həyata keçirilən bu işlərə görə ilahi mükafat olaraq, Həzrəti-Haqqın yardım, rəhmət və hidayəti nəsib olacaq, inşallah. Çünki Allahın Onun dininə yardım edənlərə yardım edəcəyi barədə verdiyi vəd danılmazdır.
2. Son bir neçə onillikdə İslam Respublikasının müxtəlif məsələlərində yaxından iştirak etmiş biri olaraq, təbii ki, Amerika Birləşmiş Ştatları dövlətinin nə nüvə mövzusunda, nə də digər bir mövzuda İrana qarşı düşmənçilik və pozuculuqdan başqa bir strategiya yürütmədiyini, gələcəkdə də bundan başqa bir siyasi kurs seçməsinin çox zəif bir ehtimal olduğunu bilirsiniz. Amerika prezidentinin mənə ünvanladığı iki məktubda İslam Respublikasını devirmək məqsədləri olmadığı barədə yazılan fikirlərin reallığı əks etdirmədiyi daxili iğtişaşlara dəstək vermələri və İslam Respublikasının əleyhdarlarına maliyyə köməyi göstərmələri ilə çox tez bir zamanda aydın oldu. Amerika prezidentinin hərbi hücum təhdidləri – hətta beynəlxalq məhkəmələrdə onun əleyhinə geniş iddia qaldırılmasına səbəb ola biləcək nüvə təhdidləri Amerika rəsmilərinin əsl niyyətinin üstünü açdı. Dünyanın siyasi ekspertləri və əksər xalqların ictimaiyyəti yaxşı başa düşür ki, sonu bilinməyən bu düşmənçiliyin səbəbi İslam Respublikasının İslam İnqilabından qaynaqlanan mahiyyətidir. İslam Respublikasının imperializm sisteminə qarşı çıxaraq özünün haqq olan islami mövqeyi üzərində durması, hegemonluğa, zəif xalqların haqqına əl uzadılmasına qarşı mübarizə aparması, Amerikanın orta əsr diktaturalarına bənzər despot rejimləri, suveren xalqların əzilməsini himayə etdiyini ifşa etməsi, Fələstin xalqını və Fələstin müqavimət dəstələrini daim dəstəkləməsi, qəsbkar İsrail rejimi əleyhinə çıxış etməsi və bütün dünyada təqdir olunması ABŞ üçün bu dövlətə qarşı düşmənçiliyi qaçılmaz edən ən ümdə səbəblərdir. Nə qədər ki İslam Respublikası öz sarsılmaz daxili gücü ilə onları məyus edəcək, bu düşmənçilik davam edəcək.
Amerikanın nüvə məsələsində və bu mövzu ətrafında aparılan uzun sürən, yorucu danışıqlar prosesində sərgilədiyi davranışlar, səsləndirdiyi bəyanatlar göstərdi ki, bu da onların İslam Respublikasına qarşı inadkar düşmənçilik zəncirinin bəndlərindən biridir.
Sözsüz ki, İİR rəsmilərinin Amerika dövlətinin düşmənçi niyyətlərinə qarşı sayıq olması və bu sayıqlığın təsiri ilə danışıqların gedişində onlara daim müqavimət göstərməsi bir çox hallarda ölkəyə ağır ziyan dəyməsinin qarşısını ala bilmişdir.
Bununla belə, danışıqlar nəticəsində əldə edilmiş Birgə Kompleks Tədbirlər Planında müəyyən qaranlıq məqamlar, strukturunda bəzi nöqsanlar var. Bu sənəddə bir çox məqamlar var ki, onlara anbaan və dəqiq diqqət yetirilməzsə, ölkənin bu günü və gələcəyi üçün kompensasiya edilə bilməyəcək, böyük zərərlərlə nəticələnə bilər.
3. İslami Şura Məclisi tərəfindən bu yaxınlarda qəbul edilmiş, 9 maddədən ibarət qanun layihəsi və Milli Təhlükəsizlik Ali Şurasının qəbul etdiyi 10 maddədən ibarət qərarda nəzərdə tutulan məsələlər faydalı və təsirli məqamları əhatə edir və onlara riyaət olunmalıdır. Bununla belə, mən həmin iki sənəddə əksini tapan məsələlərin vacibliyini vurğulamaqla yanaşı, bəzi digər məqamları da qeyd etməyi lazım bilirəm:
1. İran danışıqlara getməyi əsasən zülmkar iqtisadi və maliyyə sanksiyalarının ləğv edilməsi məqsədilə qəbul etdiyi və Birgə Kompleks Tədbirlər Planında bu işin icrası İranın bəzi tədbirləri həyata keçirməsi ilə şərtləndirildiyi üçün qarşı tərəflərin qəbul etdikləri öhdəçiliklərdən boyun qaçırması hallarını kifayət qədər etibarlı şəkildə qarant altına almaq lazımdır. O cümlədən ABŞ prezidenti və Avropa Birliyi sanksiyaların ləğv edildiyini yazılı surətdə elan etməlidir. Avropa Birliyi və Amerika prezidentinin elannaməsində sanksiyaların tamamilə ortadan qaldırıldığı əks olunmalıdır. Sanksiyaların strukturunun saxlandığı barədə istənilən bəyanatlar Birgə Kompleks Tədbirlər Planının tələblərinin pozulması kimi qəbul olunmalıdır.
2. Qarşıdakı 8 il ərzində danışıqlarda qarşı tərəf kimi çıxış etmiş dövlətlər tərəfindən istənilən bəhanə ilə (o cümlədən terrorizm və insan haqları ilə bağlı dönə-dönə təkrarlanan əsassız bəhanələrlə), istənilən sferada, istənilən sanksiyanın tətbiq olunması BKTP-nin tələblərinin pozulması hesab olunacaq və bu halda dövlət parlamentin qəbul etdiyi qanun layihəsinin 3-cü maddəsinə əsasən lazımi addımları ataraq BKTP çərçivəsində həyata keçirilən işləri dayandırmalıdır.
3. Növbəti 2 bənddə əksini tapan hallarla bağlı tədbirlərə yalnız o zaman start veriləcək ki, Beynəlxalq Nüvə Agentliyi keçmiş və hazırkı mövzularla bağlı araşdırmaların yekunlaşdığını elan etsin.
4. Ərak Nüvə Reaktorunun fəaliyyətinin çəkisi qorunub saxlanmaqla bu müəssisənin yenidən qurulmasına yalnız o halda başlanacaq ki, analoji layihə barədə qəti və etibarlı bir anlaşma imzalansın və icrası kifayət qədər etibarlı şəkildə qarant altına alınsın.
5. Mövcud zənginləşdirilmiş uranın “sarı kek” – təbii uran konsentratı ilə dəyişdirilməsi barədə xarici dövlətlə yalnız o halda sazişə başlanacaq ki, bu barədə kifayət qədər zəmanətli və etibarlı müqavilə imzalansız. Sözügedən saziş və mübadilə çoxsaylı mərhələlərlə, tədricən həyata keçirilməlidir.
6. Parlamentdə qəbul edilmiş qərara uyğun olaraq, Milli Təhlükəsizlik Ali Şurasında nüvə sənayesinin orta müddətli inkişafı ilə bağlı hazırkı dövrdən başlayaraq qarşıdakı 15 il ərzində və ən nəhayət 190 min sentrifuqaya çatana qədər müxtəlif mərhələlərdə inkişaf metodlarını əhatə edən plan hazırlanmalı, zəruri hazırlıqlar görülməlidir. Bu plan Birgə Kompleks Tədbirlər Planına əlavələrdə əksini tapan müəyyən məqamlarla bağlı bütün narahatlıqları aradan qaldırmalıdır.
7. Atom Enerjisi Təşkilatı tədqiqat işlərini və müxtəlif aspektlərdə inkişafı elə formada həyata keçirməlidir ki, 8 illik dövrün sonunda Birgə Kompleks Tədbirlər Planında qəbul edilmiş zənginləşdirmə səviyyəsinin reallaşması üçün heç bir texnoloji çatışmazlıq müşahidə olunmasın.
8. Diqqət yetirmək lazımdır ki, BKTP-də yer alan qaranlıq məqamlar, qarşı tərəfin verdiyi şərhlər qəbuledilməzdir, əsas mənbə danışıqların mətnidir.
9. BKTP-nin mətnində müəyyən dolaşıq və qaranlıq məqamların əks olunması, həmçinin qarşı tərəfin, xüsusilə Amerikanın yalan danışaraq razılaşmanın tələblərini poza biləcəyi ehtimalının mövcud olması işlərin gedişinə, qarşı tərəfin öz üzərinə götürdüyü öhdəliklərə nə dərəcə əməl etdiyinə, yuxarıda qeyd olunan məsələlərin hansı səviyyədə reallaşdığına nəzarət etmək üçün güclü, məlumatlı və sayıq bir heyətin təşkil olunması zərurətini yaradır. Bu heyətin tərkibi və vəzifələri Milli Təhlükəsizlik Ali Şurası tərəfindən müəyyən və təsdiq edilməlidir.
Qeyd olunanlara əsasən, yuxarıdakı maddələrdə əksini tapan prinsiplərə riayət edilməsi şərtilə Milli Təhlükəsizlik Ali Şurasının 19.05.1394-cü il tarixli 634-cü iclasında qəbul edilmiş qərarı təsdiqləyirəm.
Son olaraq, bir sıra iclaslarda Sizin və digər dövlət rəsmilərinin diqqətinə çatdırdığım və ümumi görüşlərimizdə əziz xalqımıza da bildirdiyim kimi, sanksiyaların ləğvi zülmün ortadan qaldırlması, İran xalqının hüquqlarının bərpası baxımından əhəmiyyətli olduğuna baxmayaraq, iqtisadiyyatın inkişafı, əhalinin rifah halının yaxşılaşması, hazırkı problemlərin həlli yalnız müqavimət iqtisadiyyatına ciddi yanaşılmasından və bu proqramın hərtərəfli icrasından asılıdır. Ümidvaram, bu məqsədin tam ciddiyyətlə izlənməsinə çalışılacaq, özəlliklə də milli istehsalın gücləndirilməsinə xüsusi diqqət yetiriləcək. Həmçinin ümidvaram ki, sanksiyaların ortadan qaldırılmasından sonrakı vəziyyətin lüzumsuz idxalla nəticələnməməsi baxımından ehtiyatlı davranılacaq, özəlliklə Amerikadan hər cür istehlak məhsullarının idxal edilməsindən ciddi surətdə çəkiniləcək. Uca Allahdan Sizə və digər rəsmilərə uğurlar diləyirəm.
Seyid Əli Xamenei
29 mehr 1394