Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین
Əziz gənclər, əvvəla, xoş gəlmisiniz! Sizlərlə görüşmək mənim kimi insanlara, həqiqətən də, enerji və ümid verir. İnsan gənc, istedadlı, qətiyyətli, işləməyə hazır olan simaları görəndə Allah-taalanın, əlhəmdulillah, qəlblərimizdə yerləşdirdiyi, günü-gündən artan ümid daha da çiçəklənir. Ümidvaram, Allah-taala sizin hamınızı, bu ölkənin bütün gənclərini Öz lütf və hidayətinə layiq görər, ölkəniz və sonrakı mərhələdə isə bütün bəşəriyyət üçün faydalı ola bilərsiniz, inşallah. Bəli, mən dönə-dönə təkrarlanan bir mövzuya qısaca toxunacağam, bu barədə çox danışmaq istəmirəm: bu, ölkəmizin möhtəşəm insan sərmayəsi, kadr potensialıdır. Bir ölkənin əsl sərvəti onun insan resurslarıdır; xüsusilə də əgər bu resurslar gənc, təhsilli gənclərdən ibarətdirsə. Ötən illərdə mən dəfələrlə iranlıların intellektual səviyyə baxımından dünya üzrə yüksək yerlərdən birini tutduğunu demişəm; hətta bunu millətçiliyə, şovinizmə yozanlar da olub. Halbuki bu, millətçilik hisslərindən irəli gəlmir; mənim bu barədə dəqiq statistik rəqəmlərdən xəbərim var və sevindirici haldır ki, son 2-3 ildə bu barədə dünyaca məşhur olan simalardan da eşitmək olur; hətta İran xalqına düşmən olan siyasətçilərdən də. Yeri düşəndə müxtəlif məsələlərlə bağlı danışarkən İran xalqının yüksək intellekt əmsalına malik olduğunu etiraf edirlər.
(2)اَلفَضلُ ما شَهِدَت بِهِ الاَعداء
Ölkəmizdə əhalinin orta intellektual inkişaf əmsalı dünya ölkələrinin əhalisi ilə müqayisədə yüksəkdir; əlhəmdulillah, cavanlarımız da ki, çoxdur. Bu, çox böyük bir sərvətdir, olduqca dəyərlidir və ölkə üçün bir şansdır. Əlbəttə, dünyadakı bütün ölkələr, hakimiyyətdə olan cürbəcür rejimlərin hamısı gənclərin varlığını özü üçün şans hesab etmir; yox, misal üçün, Pəhləvi rejimi gənclərin varlığını, dinamikliyini özü üçün şans yox, təhlükə hesab edirdi – mənim bu fikrimi də dəqiq statistik məlumatlarla tamamilə əsaslandırmaq mümkündür, intəhası indi buna vaxtımız yoxdur – onlar gənclərin iştirakını qətiyyən istəmirdilər – nə elm sahəsində, nə siyasətdə, nə də sosial sferada. Və bu iştirakı zəiflətmək üçün bir çox işlər görülürdü. Gəncləri, həqiqətən də, təhlükə hesab edirdilər. Ağıllı, təhsilli hesab etdikləri adamları da əllərindən gəldiyi qədər xaricə göndərirdilər ki, getsinlər, burda qalmasınlar. İslam Respublikasında isə belə deyil; İslam Respublikası öz ayaqları üzərində durur, özünə arxalanır, daxilindən güc alır, öz gücünü daxilində, mənəviyyatında, mövcudluğunda bilir. Buna görə də İslam Respublikasının ən böyük sərvəti əslində elə onun insan potensialıdır; yəni o zəkalı, təəssübkeş, məsuliyyətli, təhsilli, gələcəyi olan gənclərdir. Bəli, bu, qəti surətdə belədir.
Ölkənin o gözəl gəncliyini təmsil edən sizlərlə bugünkü görüşümüzdə mən sizə bir neçə tövsiyə etmək istəyirəm; bir ata kimi. Sizlər mənim övladım – bəziləriniz hətta nəvəm – yerindəsiniz və mənim bir ata kimi bəzi məsələləri sizin diqqətinizə çatdırmağım yerinə düşər. Sizin işlərinizin idarə edilməsi ilə bağlı bir neçə administrativ tövsiyəm də var, onları da qeyd edəcəyəm. Məni qorxudan, narahat edən bir məsələ ilə bağlı da sizə xəbərdarlıq etmək istəyirəm, bu barədə də, inşallah, əgər vaxtımız qalsa, danışarıq.
Sizə bir ata kimi tövsiyələrimə gəlincə, birincisi budur ki, öz varlığınızı, yəni bu elm yolunda çalışıb-vuruşmağınızı Allahdan bilin; bu, Allahın nemətidir, Allahın bəxş etdiyi bir şeydir, sizə Allahın nəsib etdiyi bir nemətdir. Buna görə Allaha şükür edin, Uca Yaradanla mənəvi əlaqənizi artırın, Allaha minnətdar olun və bu minnətdarlığı Allah-taala ilə öz aranızda dilə gətirib deyin. Bu, sizin uğurlarınızı, sizə bəxş edilmiş ilahi neməti daha da artıracaq; Allahdan bilin. Bir də inqilabdan bilin; sizin varlığınızla bağlı yanaşmalardan, fikirlərdən biri də budur: ölkəmizin elmi inkişaf istiqamətində bu genişmiqyaslı hərəkatı İslam İnqilabının bərəkətlərindəndir. İnqilab olmasaydı, bu şeylər olmazdı. Bayaq cənab Səttari mənim dilimdən bir xatirə danışdı(3), o söhbətin ardı olaraq demək istəyirəm ki, o vaxt bizə bir aydan sonra hamısının tamamilə sıradan çıxacağını dedikləri təyyarələr bu günə qədər də işləyir. O vaxtdan otuz neçə il keçir, Hərbi Hava Qüvvələrində xidmət edən gənclərimiz, mühəndislərimiz əzm nümayiş etdirdilər, meydana atıldılar – o zaman həmin gənclərdən biri də onun öz atası idi(4) – möcüzələr yaradan qollarını çırmayıb işə girişdilər, beyinlərini işə saldılar, nəticədə bizə tezliklə sıradan çıxacaqlarını dedikləri təyyarələr müharibənin sonuna qədər işlədi və elə bu gün də işləyir; həmin “330”lar, həmin “F 14”lər, həmin “F 4”lər, “F 5”lər bu gün də var və işləyir. O əllərin yaratdığı möcüzəni inqilab mümkün etdi. Mənə o təyyarələrin işinin bitdiyini deyən qardaşlarımız da pis insanlar deyildi – bir neçəsi də şəhid olub – amma düşüncə tərzləri inqilabi deyildi, inqilabdan əvvəlki dövrə uyğun idi, məsələyə o yanaşma ilə baxırdılar. O vaxt onlar bu təyyarələrin hansısa hissəsini təmir etmək istədikləri zaman qapalı detalları – misal üçün, 40-50 ədəd kiçik detaldan ibarət olan böyük bir detalı – açmağa ixtiyarları yox idi. Təyyarəyə qoyub Amerikaya aparır, orda dəyişib geri qaytarırdılar. Yəni İranın Hərbi Hava Qüvvələrinin zabitlərinə, mühəndislərinə ixtiyar verilmirdi ki, həmin detala əl vursunlar, baxsınlar görsünlər nədir, nə etmək lazımdır? İnqilabdan əvvəlki dönəmin təfəkkür tərzi bu idi. İslam İnqilabı gəldi və yeni bir səhifə açdı; İran insanının kimliyini tanıdı, ona heysiyyət verdi, qürur verdi, cürət verdi, onu öz daxili gücünü işə salmağa təşviq etdi. Nəticəsi də o oldu ki, bu gün biz dünyada olan o qədər ölkə arasında elmi inkişafa görə 15-ci yerdəyik; bu, çox böyük bir faktdır. Ölkəmiz sənayesinin, elmi inkişafının 200, 300 illik keçmişi olan 200 ölkə içərisində, inqilabdan sonra – inqilabdan əvvəl ki, heç; heç bir şey yox idi – müharibənin çətinliklərinə, sanksiyalara, bu qədər problemlərə baxmayaraq, özünü bu səviyyəyə çatdıra bilib; bunu bizə inqilab nəsib edib.
Bu gücü, bu imkanı, hər bir işi görmək üçün yaradılmış bu şəraiti inqilaba, habelə ölkənin təhlükəsizliyini təmin edənlərə borclu bilin. Özünüz gördünüz, bir neçə gün əvvəl şəhid olmuş general Həmədaninin(5) nəşini Həmədana gətirəndə bütün şəhər axışıb gəldi, onu son mənzilə yola saldı; qədrini bilmək bax budur. Bu insanların heç ad-sanı da olmur; bəziləri məşhurlaşır, tanınır, çoxu isə heç tanınmır, amma bizim təhlükəsziliyimizi qoruyan onlardır. Təhlükəsizlik olmasa, universitetlər də olmaz, elmi tədqiqatlar da olmaz, araşdırmalar da olmaz, görkəmli elm adamları da yetişməz. Təhlükəsizlik olmayan yerdə, əslində, heç bir şey yoxdur; o yerdə hətta insanların həyatı da daim, hər an təhlükə altındadır. Bu imkanları, elm və təhsil üçün yaradılmış bu şəraiti ölkənin təhlükəsizliyini təmin edən o insanlardan da bilin. Mənim birinci tövsiyəm budur, əziz gənclər, bunu yaşlı atanızın sizə verdiyi bir tapşırıq olaraq məndən qəbul edin və yadınızda saxlayın.
İkinci tapşırığım: cihad ruhiyyəsini “məndən yoxdur” psixologiyasından üstün tutun, önə keçirin. Müəyyən üstünlüyə malik insanların düçar olduğu bəlalardan biri də budur: özünü çəkmək, başqalarından bir baş üstün bilmək. Bu, böyük bir bəladır, şəxsiyyətlə bağlı bir problemdir, şəxsiyyət pozğunluğudur. Bu xəstəliyin sizdə baş qaldırıb inkişaf etməsinə imkan verməyin. Yolu isə budur ki, özünüzdə cihad ruhiyyəsini, cihad əzmi ilə iş görmək psixologiyasını gücləndirin. Cihad ruhiyyəsi bir işi Allah naminə görmək, öz dini vəzifəsi hesab etmək, haqq iş uğrunda bütün güc və imkanlarını ortaya qoymaq deməkdir. Cihad ruhiyyəsi bax budur. Bu ruhiyyənin sizdə güclənməsi üçün cihad ordularında iştirak etməyiniz çox yaxşıdır. “Vaxt itirəcəyik”– deməyin, yox, vaxtdan ən yaxşı və maksimum istifadə etmək elə budur. Dərsinizi də oxuyun, tədqiqatınızı da edin, işinizi də görün, eyni zamanda il boyu insanın vur-tut bir neçə həftəsini məşğul edən cihad ordularında da iştirak edin. Bu, sizin xalqın içində olmağınıza, cəmiyyətin əksər hallarda rəsmilərin gözündən uzaq qalan problem və çətinlikləri ilə yaxından tanış olmağınıza səbəb olacaq. Bəzi rəsmilərin cəmiyyətdəki reallıqlardan xəbəri yoxdur, təkcə öz ətrafını, məhdud bir sferanı görürlər; uzaq şəhər və kəndlərdə nələr olduğunu, yoxsul ailələrin necə dolandığını bilmirlər, bunları qətiyyən görmürlər. İnanın, 20-30 illik böyük iş təcrübəm müddətində mən bunun dəfələrlə şahidi olmuşam, bəzi adamlarda görmüşəm ki, bu gün siz əzizlərimə deyirəm; nə var, nə yox – xəbərləri yoxdur. Siz gəncsiniz, qüvvəniz var, hövsələniz var, vaxtınız var, problemləriniz çox deyil, bu fürsətdən istifadə edin. Cihad orduları da bir fürsətdir; özü də onlar hazırda, təəssüflər olsun ki, geniş yayılmış bəzi ekskursiyalardan qat-qat yaxşıdır. Mənim xəbərdarlığıma baxmayaraq, bəziləri hələ də Avropaya göndərmək üçün ekskursiyalar təşkil edir; Avropaya tələbə ekskursiyaları! Bu, ən yanlış işlərdən biridir; cihad orduları bundan qat-qat daha yaxşı, şərəfli və faydalıdır. Cihad ordularında iştirak etmək, xalqla bilavasitə təmasda olmaq sizdə məsuliyyət hissi yaradacaq – insan xalqa bilavasitə xidmət edəndə xalqa xidmət etmək onun üçün əziz, dəyərli bir şeyə çevrilir – bununla siz həm də zəif cəhətlərinizi aşkara çıxaracaqsınız.
Başqa bir tapşırığım da var; ölkəmizdə elm adamlarının qarşısına bir məsələ də çıxır: mühacirət. Çünki – qeyd olunduğu kimi –dünyanın müxtəlif ökələrində bizim gənc alimlərimizə tələb heç də az deyil, çoxdur; müxtəlif səbəblərdən. Həmin səbəblərdən biri budur ki, oralarda gənclər azdır və ya istedadlı gənclər azdır, yaxud tamahı az olan əcnəbi gənclər azdır; gənc alimlərimizi cəlb etmək istəyirlər. Xaricə getmək məsələsi insanın qarşısına çıxdığı zaman maddi rifahla bağlı fikirlər, orada yaşayacağı zəngin həyat barədə xəyallar onun beynini doldurur. Bunlar bir xəyal, fantaziya da ola bilər, reallıq da; ola bilsin ki, onu orada, doğrudan da, gözəl həyat və maddi rifah gözləyir. Amma siz belə məqamda bura üstünlük verin. Özünüzü yad bir cəmiyyətin acgöz, amansız mədəsində həzm etdirmək əvəzinə, öz ölkənizin, öz cəmiyyətinizin “beynini”, “sinir sistemini”, “dayaq-hərəkət aparatını” qurmaqla, tənzimləməklə məşğul olun. Bu, şərəfdir, qürurvericidir. Öz ölkəniz üçün işləyin. Siz öz ölkənizi qurub-abadlaşdıra, zəif cəhətlərini, nöqsan və çatışmazlıqlarını aradan qaldıra bilərsiniz. Zəif cəhətlərimiz çoxdur. Mən ölkədəki vəziyyəti çox yüksək dəyərləndirir, həmişə tərifləyirəm, amma yəqin çox az adam olar ki, ölkədə mövcud olan nöqsan və çatışmazlıqlar barədə mənim qədər məlumatlı olsun. Bilirəm ki, zəif cəhətlərimiz çoxdur, onları aradan qaldırmaq lazımdır; bunu siz etməlisiniz. Bu ölkənin sağlam konstruksiyasını düzgün layihələndirən insanlar sizlər ola bilərsiniz; onun müəyyən bir hissəsini irəli apara bilərsiniz. Yad bir ölkəyə gedəndə, tutalım, pul da qazandınız, maddi rifah da əldə etdiniz – fərz edək ki, xəyallarınız reallaşdı – amma siz orda yad toplumların acgöz mədəsində əriyib gedəcəksiniz. Burda isə effektiv rolunuz, təsiriniz ola bilər.
Sonuncu tövsiyəm – uzun danışmaq istəmirəm – Qərbdən qorxub çəkinməyin də. Düzdür, bu gün qərblilər elm və texnologiya baxımından bizdən çox irəlidir, amma bu irəliləyiş sizi qorxutmasın. Nəyə görə? Ona görə ki siz onlardan yüksəkdəsiniz. Bu gün sənaye və tenxologiyası inkişaf etmiş, cürbəcür ixtiralara sahib olan ölkələr bu prosesə 200 ildir ki başlayıblar; siz isə 35 ildir başlamısınız; sizin inqilabınızın vur-tut 35 yaşı var. Bu 35 il ərzində siz bu qədər irəli gedə, bu cür sürətlə inkişaf edə bilmisiniz. Halbuki onlar müstəqillik qazandıqları ilk 35 ildə sizdən çox geri olublar. Məsələn, Amerika. Amerika İngiltərənin qamçısının altından çıxıb müstəqillik qazandıqdan 35 il sonra heç nə idi. Müstəqillikdən 35-40 il sonrakı Amerika ilə İslam İnqilabının qələbəsindən 35 il sonrakı İran arasında yerdən göyə qədər fərq var; siz onlardan qat-qat irəlisiniz. Siz maddi sivilizasiyasının bu pilləsinə çatmaq istəsəniz, onların maddi sivilizasiyasının tarixi dəfələrlə az olacaq; hələ mənəviyyatı kənara qoyuram. Onlardan qorxub çəkinməyin. Amerikadakı o məşhur Azadlıq heykəli amerikalıların İngiltərə ordusuna qalib gəlib müstəqillik əldə etməsindən 100 il sonra qoyulub. O heykəli düzəldən amerikalılar özləri olmayb – səhv etmirəmsə; çoxdan haradasa görmüşdüm – onu Fransadan gəlmiş bir fransız mühəndis düzəldib. Yəni müstəqillik əldə etdikdən 100 il sonra amerikalılar hələ elm, texnologiya və sənayenin inkişafı baxımından o yerə çatmamışdılar ki, o Azadlıq heykəli kimi bir heykəl düzəldə bilsinlər. Fransadan bir mühəndis gəlib, layihəsini hazırlayıb, düzəldib. Siz isə çox irəlidəsiniz; qorxmayın. Sizin imkanlarınız potensial olaraq onlardan qat-qat çoxdur; irəli gedin, hərəkət edin.
Dövrümüzün gənc nəsli – yəni sizlər ölkəni elmi inkişafın yüksək pillələrinə qaldırmış bir gənc nəsil olmaq iftixarını öz adınıza yazdıra bilərsiniz; bu, çox böyük bir iftixardır. Bugünkü gənc nəsil tarixin səhifələrində belə bir iftixarı öz adına yaza bilər ki, kor-koranə başqalarının ardınca getmək əvəzinə, ölkədə qürurla elmi cəhətdən müstəqilliyin, elmi inkişafın dayaqlarını möhkəmlətməyi bacarıb, işləyib, çalışıb. Bu iftixar müasir gənc nəsilə və inqilabın ilk dövrlərinin gəncliyinə aid ola bilər.
Əziz qardaşlar, bacılar, mənim əziz balalarım, əziz gənclər, mənim sizə tövsiyələrim bunlardır.
İdarəetmə işləri ilə də bağlı bir neçə tövsiyə vermək istəyirəm; bu tövsiyələrim həm Görkəmli Xadimlər Fondunda, eləcə də prezidentin elmi işlər üzə müavinliyində çalışan rəsmilərə, həm də sizə aiddir. Birincisi, Görkəmli Xadimlər Fonduna ciddi yanaşmaq lazımdır; GXF strateji əhəmiyyət daşıyan bir milli fonddur, ona tamamilə ciddi yanaşmaq lazımdır. Eşitmişəm ki, GXF-nin bəzi işləri universitetlərə tapşırılır; bu, məsləhət deyil. Əgər universitetlər GXF-nin işini görə bilsəydi, biz heç ümumiyyətlə bu fondu təsis etməzdik. Bizim bəzi universitetlərimizin fəaliyyəti, həqiqətən də, parlaqdır, onlarda gələcəyin görkəmli elm adamları toplaşıb, amma onlar GXF-nin işini həyata keçirə bilməz. Universitetin işi bir şeydir, GXF-ninki başqa bir şey. GXF-yə ciddi yanaşın; bu, bir milli fonddur, strateji fonddur; istər fondun öz rəsmiləri, istər ölkə rəsmiləri, istər Dövlət Proqramları və Büdcə Təşkilatı, istər aidiyyəti olan möhtərəm nazirlər, elmi şuralar və sair, istərsə də siz gənclər.
İkinci bir tövsiyəm də var; GXF-nin həyata keçirdiyi proqramlar elə olmalıdır ki, gənc elm və incəsənət xadimləri faydalı olduqlarını hiss etsinlər. Siz gənclərə də gəlib çatacağam; sizin özünüzün də bunda rolunuz var, özünüz də buna təsir göstərə bilərsiniz. Gənc insanın işləməsi üçün ona meydan vermək lazımdır; faydalı olduğunu hiss etməlidir, onda cəmiyət üçün faydalılıq hissi olmalıdır. Bu, onu tutduğu yolu davam etdirməyə təşviq edəcək; eynilə öz ölkəsində, vətənində qalıb öz ölkəsi üçün işləməyə də həvəsləndirəcək. İşləmək üçün meydan yaradın. Necə? Burada önəmli məqamlardan biri təhsil prosesini başa vurmaq məsələsidir. Gənclər təhsilini başa vura bilməlidir; ali təhsilin yüksək pillələrində təhsili asanlaşdırmaq lazımdır, qoy elmi dərəcələrini daha da yüksəltsinlər. Ola bilsin, bu sahədə çətinlik yaradan hansısa qayda-qanunlar var, onlar gənclərə name olmamalıdır.
Digər bir mühüm məsələ elmi əsaslı şirkətlərin yaradılmasıdır; bu barədə bir qədər sonra da danışacağam. Elmi əsaslı şirkətlər çox yaxşı bir şeydir. Əlbəttə, mən bilirəm ki, bu gün ölkəmizdə minlərlə elmi əsaslı şirkət var, amma bu rəqəm on dəfə artıq ola bilər; on dəfə. Gənclərin, intellektual məhsulu olan insanların elmi əsaslı şirkətlərdə iştirakı xeyirlidir. Universitetlərdə görkəmli müəllim və professorların aparıcı rolu ilə elmi özəklərin yaradılması – bu da mühüm işlərdən biridir. GXF universitetlərlə əməkdaşlıq edərək bu işi həyata keçirə bilər. Qoy müxtəlif universitetlərdə elmi özəklər təşkil olunsun; görkəmli müəllim və professorlardan biri, yaxud bir neçəsi də onların başında dursun. Əlbəttə ki, həmin müəllimlər İranı sevməli, ölkəyə can yandırmalı, dini və inqilabi məsuliyyətini dərk etməlidir. Elə professorlar tanıyırıq ki – əlbəttə, mən uzaqdan tanıyıram – İranı sevmirlər; İranın quruculuğu, gələcəyi onlar üçün önəmli deyil. Belə professorlardan xeyir yoxdur, onlara ümid bağlamaq olmaz. Ölkəsini sevməyən, ölkəsinin birliyini istəməyən, dərsdə ölkədə etnik ixtilaflara yol açacaq, tələbəni o istiqamətə sövq edəcək sözlər danışan müəllim – hətta əgər dərsin mövzusu ilə əlaqəli olsa belə – arzulanan müəllimlərdən deyil. Tələbədə dinə qarşı təəssübkeşlik hiss edəndə onunla konflik aparan müəllim yaxşı müəllim deyil. Dini və inqilabi məsuliyyətini anlayan, ölkəsini sevən, ona can yandıran, inqilabını sevən, elmi cəhətdən də yüksək səviyyədə olan müəllimlərin aparıcı rolu ilə bu cür elmi özəklər təşkil olunsa, bu, çox faydalı olar; tələbələri hərəkətə keçirər, onlar faydalı olduqlarını irəli getdiklərini hiss edərlər.
Elmi təşkilatlar; nəticə etibarilə gənc alimlərə özünü göstərmək üçün şans vermək lazımdır, onlar diqqətdə olduqlarını, onlara dəyər verildiyini, varlığının hesaba alındığını hiss etməlidirlər; bunu praktiki olaraq, əməldə hiss etməlidirlər. Daha sonra isə əsas etibarilə GXF və onunla yanaşı digər qurumlar müşahidə aparmalı, işin nəticəsinə baxmalıdırlar. İşin nəticəsində nöqsanlar varsa, iradlar varsa, aydındır ki, iş prosesində hansısa yanlış addım atılıb; nöqsanları üzə çıxarmaq və aradan qaldırmaq lazımdır. Mənim mühüm tövsiyələrimdən biri də budur.
Bu sahədə vermək istədiyim digər bir tapşırıq müqavimət iqtisadiyyatı ilə bağlıdır. Özünüz bilirsiniz, müqavimət iqtisadiyyatının proqramı, Allaha şükürlər olsun ki, işlənib hazırlanıb, siyasətləri elan olunub, siyasi, iqtisadi və sair ekspertlər tərəfindən də müsbət qarşılanıb, alqışlanıb. “Müqavimət iqtisadiyyatı” ifadəsi də çox tez-tez təkrarlanır. İndi ölkədə müqavimət iqtisadiyyatı nə dərəcədə irəliləyişlər əldə edib, hazırda söhbətimizin mövzusu bu deyil – əlbəttə ki, mən bu ideyanın, bu mühüm prinsipin ölkədə irəliləyiş səviyyəsindən o qədər də razı deyiləm, amma hər halda, müəyyən hərəkət var – [amma] müqavimət iqtisadiyyatının əsas dayaqlarından biri elmi əsaslı iqtisadiyyatdır. Müqavimət iqtisadiyyatında əsas məsələ elmi əsaslı iqtisadiyyatdır. Çünki müqavimət iqtisadiyyatı daxildən güc alır. Bu iqtisadiyyatın daxildə möhkəm dayaqları olmalı və onlar onu qlobal və beynəlxalq təkanlar, iqtisadi böhranlar qarşısında sarsılmaqdan qorumalıdır. Müqavimət iqtisadiyyatı, dayanıqlı iqtisadiyyat budur. Bu iqtisadiyyatın ən başlıca dayaqlarından biri elmi əsaslı iqtisadiyyatdır. Elmə, elmi nailiyyətlərə söykənən bir iqtisadiyyatın olması çox önəmlidir. Mənim fikrimcə, əslində müqavimət iqtisadiyyatının əsas sütunu olan elmi əsaslı iqtisadiyyatda gənc elm adamları özünəməxsus rol oynaya bilər. Necə? Bax bunun üçün fəaliyyət proqramları lazımdır, layihələr lazımdır. Gənclərimiz müqavimət iqtisadiyyatında necə rol oyana bilər? Mən bu sualın cavabını sizdən istəyirəm, oturun, layihələr hazırlayın, başqalarının bunu etməsini gözləməyin. Siz, gənc alimlər bir yerdə toplaşdığınız zaman bir dəfə də bu mövzu ətrafında danışın: gənc elm adamları müqavimət iqtisadiyyatında, elmi əsaslı iqtisadiyyatda hansı rolu oynaya bilər? Qruplar yaradılsın, qruplar bölünsün, işləsinlər, düşünsünlər, araşdırmalar aparsınlar, o görüşlərdə əlidolu iştirak etsinlər, onlar üçün yol açılsın, GXF də gənc elm adamlarının özlərinin irəli sürdüyü o layihələrə dəstək versin. Məncə, belə olsa, bir dəyişiklik əmələ gələr; həm ideya və işlərdə, həm də göz önündə olan reallıqlarda; heç şübhəsiz, iqtisadiyyatda da dəyişiklik yaranar.
Digər bir mühüm məqam da – bu axırıncıdır – istedadlı yeniyetmə və gənclərin hələ orta məktəbdən üzə çıxarılması və yetişdirilməsidir. “Şəhab” layihəsindən danışıldı(6), yaxşı bir layihədir. Amma eşitmişəm ki, “Şəhab” layihəsinə diqqətsiz, etinasız yanaşılır; buna imkan verməyin, nəzarətdə saxlayın. İstedadlı uşaqların ibtidai və orta təhsil müddətində üzə çıxarılması olduqca əhəmiyyətlidir, bu, bizə gələcəyin alimlərini, dahilərini tanıda bilər. Düzdür, dahi insanlar hər bir cəmiyyətdə az olur, amma bir çox dahilər vaxtında cəmiyyət tərəfindən tanınmadıqlarına görə ümumiyyətlə kölgədə qalırlar, heç bir təsirləri olmur; cəmiyyətin arasında əriyib itir, məhv olurlar. Çünki zamanında onları tapıb üzə çıxaran olmur. Hərdən görürsən, hansısa kənddə savadsız bir insan elə bir söz danışır, elə bir iş görür ki, onun dahiliyindən xəbər verir. Əgər o, vaxtında üzə çıxarılsaydı, tanınsaydı, istedadından istifadə olunsaydı, hesaba alınsaydı, görkəmli bir şəxsiyyət olardı; amma təəssüf ki, tanınmayıb. Gəlin ölkəmizin bu şəkildə ziyan çəkməsinə imkan verməyək. Orta təhsil müddətində buna diqqət yetirilməsi çox mühümdür; o layihəni ciddi surətdə həyata keçirin. Qoy möhtərəm nazirimiz, doğrudan da, gedib yerində yoxlasın ki, “Şəhab” layihəsi nə vəziyətdədir, öz işlərini görürlər, ya yox.
Zənnimcə, bəzi təhlükələr barədə xəbərdarlıq etməyim də yerinə düşər; həmin təhlükələrdən biri bundan ibarətdir ki, ölkədə insanların əlini işdən soyudan müəyyən ünsürlər var; diqqətli olun; rəsmilər diqqətli olsunlar. İnsanların əlini işdən necə soyudurlar? Mövcud reallıqları inkar edirlər. Bax dünya üzrə ölkələrin elmi inkişaf göstəricilərini təqdim edən konkret elmi mərkəzlər var ki, onları hamı tanıyır. O mərkəzlər İslam Respublikasının xeyrinə hansısa rəsmi məlumatlar təqdim edir, bu cənablar isə ölkənin içində, yaxud qəzet və jurnallarda, rəsmi və qeyri-rəsmi tribunalardan bu nailiyyətləri inkar edir, bunları fantaziya hesab edir! Bəzən belə şeylər eşidirik. Amma bu nailiyyətlər fantaziya deyil, reallıqdır. Kök hüceyrələri reallıqdır, ən son nano-texnologiyalar reallıqdır, nüvə sahəsindəki irəliləyişlər reallıqdır; bunu bütün dünya bilir; bunlarsa inkar edir. Əgər nə vaxtsa – 15-16 il bundan əvvəl kimsə bu şeyləri inkar etsəydi, yenə eybi yox idi, hələ işlər təzə başlayırdı, nə olacağı bilinmirdi, amma bu gün bütün dünya – yəni bilməli olan mərkəzlər – bilir ki, İran elmi və texnoloji inkişaf yolunda iri addımlarla və sürətlə irəliləyir. Bütün dünya bunu bildiyi halda, kimlərsə durub bizim gənclərimizin əlini işdən soyuda, onları ölkənin bu gününə və gələcəyinə qarşı pessimist əhval-ruhiyyəyə kökləyə, “Əşi nə xeyri var? Kimin üçün? Nə üçün?” – deyə insanları həvəsdən sala – bu, xəyanətdir. Bunu kim etsə, xəyanətdir. Hansısa rəhbər işçi etsə, xəyanətdir; müəllim etsə, xəyanətdir, qəzet və ya jurnalda məqalə ilə çıxış edən yazar yazsa, xəyanətdir. Ölkəyə xəyanətdir, xalqın heysiyyətinə xəyanətdir.
Digər bir təhlükə: gələcəyin alimlərinin xarici ünsürlərə tanıtdırılması; bu da var; mənim bu haqda da məlumatım var, xəbəri gəlib mənə çatıb. Axtarıb-araşdırırlar, istedadlı gəncləri, gələcəyin alimlərini tapıb üzə çıxarırlar; ölkə daxilində dəstək verib yetişdirmək üçün yox, xarici ünsürlər üçün, onlara tanıtdırmaq üçün. Gələcəyin alimlərinin ölkədən mühacirət etməsi, geniş yayılmış ifadə ilə desək, “beyin axını” üçün vasitəçi olurlar. Bu da xəyanətdir; xəyanətdir. Bunu həmin tələbələrə can yandırmaq kimi bir görüntü yaradaraq da edə bilərlər, amma bu, canıyananlıq deyil. “Bura nədir? Burda sənə baxan kimdir? Burda sənə fikir verən kimdir? Çıx get ora, yaşa, irəli get, inkişaf elə” – kimi söhbətlərlə ali təhsil alan istedadlı tələbəni ölkəni tərk etməyə təşviq etmək xəyanətdir, ölkəyə, ölkənin mənafeyinə və gələcəyinə arxa çevirməkdir, gələcəyin alimi olan gənc bir insanı buna vadar etməkdir.
Möhtərəm nazirlərimizin diqqət yetirməli olduğu digər bir xəbərdarlığım universitetlərdə dindar, inqilabın tərəfdarı olan insanlara mənfi yanaşılması ilə bağlıdır. İnqilaba sadiq, inqilabi məsuliyyətini dərk edən, dinə, dinin zahiri atributlarına bağlı olan insanlar var, rəsmilərdən bəzilərinin: müəllimlərin, rəhbər işçilərin belə insanlara, belə gənclərə, dini-inqilabi ideyalara bağlı olan, məsuliyyətini dərk edən belə oğlan və qızlara mənfi yanaşmağı, onlara əngəl olmağı məqbul deyil; tələbələrin öz arasında müxtəlif siyasi meyillər var, bunun eybi də yoxdur, aralarında hansısa çəkişmələr də ola bilər, önəmli deyil, universitet mühitidir. Mömin insanlara dəstək olmaq, onları daha da həvəsləndirmək lazımdır.
Mən söhbətimi yekunlaşdıraraq demək istəyirəm ki, gələcəyə əsaslı olaraq optimist yanaşmaq lazımdır. Bu, yalnız şüar deyil, tərif deyil, reallıq budur. Allahın köməyi, Yaradanın lütfü sayəsində ölkəmizin gələcəyi yaxşı olacaq. Bu ölkənin çoxmilyonlu gənc ictimaiyyəti arasında gələcəyin görkəmli simaları çoxdur. Düzdür, onların böyük bir qismi universitetlərdə təmsil olunur, amma digər sferalarda da, akademik təhsil almadıqlarına baxmayaraq, parlaq, sözün həqiqi mənasında görkəmli simalar var, onlar cəmiyyətdə effektiv rol oynaya bilər. Və bu insanlar öz işini görəcək; çünki məsuliyyət hiss edirlər. Allaha şükürlər olsun ki, inqilabi ideyalar, inqilabi şüarlar cəmiyyətdə aktualdır, düşmən onları arxa plana keçirə bilməyib. Belədir ki, kimlərsə ürəyində bu şüarlarla razı olmasa belə, ictimai rəyə görə, insanlarda mənfi fikir yaranmasın deyə, adam arasında onları dəstəkləməyə məcburdurlar. Şüarlar, əlhəmdulillah, aktualdır, inqilabi hərəkat hələ də gedir, canlıdır və bu, tarixdə müstəsna olan bir haldır. Dünyada elə bir inqilab yoxdur ki, bu qədər müxalifləri, bu qədər düşmənləri olduğuna baxmayaraq, 35, 40 il ərzində öz ilkin, düzgün kursunu davam etdirə bilsin; yoxdur. Hətta dünyada məşhur olan böyük inqilablar – hələ o inqilab adı qoyulan kiçik dəyişikliklərlə, çevrilişlərlə işim yoxdur; onları ümumiyyətlə hesaba almıram – dünyada baş vermiş həqiqi inqilablar öz yolunu davam etdirə bilməyib; hədəflər dəyişib. Düşmənlərimizi əsəbiləşdirən də elə budur; elə buna görə də bu gün dəfələrlə eşidirik ki – əgər xarici xəbərlərlə maraqlanırsınızsa – deyirlər: “Nə qədər ki İran inqilabı yaşatmağa çalışır, İranla işimiz çətindir”. Düz də deyirlər. Hələ mən bunu da əlavə edirəm: nə qədər ki bu inqilabi təfəkkür, inqilabi hərəkat var, Allahın köməyi ilə, İranın inkişafı, günü-gündən yüksələn nüfuzu, regionda və regiondan kənarda qazandığı ehtişam, mənəvi-psixoloji nüfuz, inşallah, günü-gündən daha da artacaq(7). Çox sağ olun, deyəsən, bu təkbir həm də məclisi yekunlaşdırmaq vaxtı çatdığını elan etmək üçün oldu!(8)
İnşallah, Uca Yaradan sizi qorusun; inşallah, hamınızın varlığı inqilabın gələcəyi üçün bərəkətli olsun. Bu ölkə sizindir, inşallah, 30, 40, 50 il sonra onun işlərini idarə edəndə, sizi doğru yola istiqamətləndirə, addımlarınızı möhkəmlədə, Allah qoysa, daha yaxşı gələcəyə yetişməyə müvəffəq edə bilmiş bu günləri qürurla xatırlayasınız, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
___________________
(1) Görüş “Sabahın alimləri” Milli Forumunun 9-cu iclası ilə əlaqədar keçirilmişdir (iclas cari ilin mehr ayının 21-də Tehranda öz işinə başlamış və 3 gün davam etmişdir). Görüşün əvvəlində GXF-nin sədri, prezidentin elm və texnologiya məsələləri üzrə müavini Dr. Surna Səttari hesabatla çıxış etmişdir.
(2)“Mən la yəhzəruhul fəqih”, c.4, səh. 438
(3) GXF-nin sədri Ali Məqamlı Rəhbərin 05.05.1388-ci ildə görüş zamanı danışdığı bir xatirəni yada salmışdı.
(4) Ordunun Hava Qüvvələrinin komandanı olmuş briqada generalı, şəhid Mənsur Səttari
(5) Keşikçi Korpusun generallarındandır, Suriyada təkfirçi qruplara qarşı mübarizə məqsədilə hərbi müşavir missiyası ilə iştirak edərək şəhid olmuşdur.
(6) İbtidai və orta təhsil dövründə gənc istedadların aşkarlanması məqsədilə həyata keçirilən bu layihə GXF-nin Qəyyumlar Şurası tərəfindən 25.11.1386-cı ildə təsdiq olunmuşdur.
(7) İştirakçılar təkbir deyir.
(8) Zaldan gülüş səsləri eşidilir.