Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین
Əzizlərim, əziz qardaşlar, əziz bacılar, hörmətli ailələr, çox xoş gəlmisiniz! Sizin simanızda daxilinizdəki iman, əzm və iradədən xəbər verən bir qətiyyət var. bütün bunlar xalqın böyük sərvətidir – həm bu mömin insanlar, həm də onların yenilməz əzmi, möhkəm iradəsi. Heç bir ölkə üçün layiqli və effektiv insan sərmayəsindən daha böyük bir sərvət təsəvvür edilə bilməz. Yaşadığımız bu günlər də mühüm əhəmiyyət kəsb edir – həm “Mübahilə” kimi möhtəşəm bir hadisənin və “Həl-Əta” surəsinin nazil olmasının ildönümüdür, həm Məhərrəm ayı yaxınlaşır, həm də regiondakı vəziyyət, bölgədə gedən proseslərin həssaslığı baxımından əhəmiyyətli günlərdir; mühüm bir etapdır.
Keşikçi korpusun Dəniz QÜvvələri ilə bağlı qeyd ediləsi mühüm məqam bundan ibarətdir ki, bu qüvvələrin simasında donanmamızda inqilabın övladları, inqilabi ideyaların daşıyıcısı olan bir şəxsi heyət təmsil olunur. Bu, çox mühüm və başlıca bir məqamdır. Təhlükəsizlik bir xalqın bütün sferalarda inkişafının əsas infrastrukturudur. Təhlükəsizlik olmasa, nə iqtisadiyyat olar, nə mədəniyyət olar, nə də cəmiyyətin üzvü olan insanların fərdi və ümumi səadəti təmin olunar. Su sərhədləri olan ölkələr üçün isə bu sərhədlərin təhlükəsizliyi müəyyən cəhətlərdən daha da əhəmiyyətlidir. Çünki dəniz suları ümumi xarakterli bir beynəlxalq kommunikasiya vasitəsidir. Dəniz sularında müxtəlif dövlətlərin, müxtəlif xalqların iştirak etməsi müstəsna bir hadisə hesab olunmur, geniş yayılmış bir məsələdir. Dənizlə qonşuluğu olan, dənizə sahilləri açılan bir ölkə yaxınlıöğındakı dənizdə təhlükəsizliyi təmin edə bilməzsə, əslində bu o deməkdir ki, həmin ölkə öz daxili təhlükəsizliyinin əsas dayaqlarını möhkəmlədə bilməmişdir. Odur ki dəniz sularının təhlükəsizliyi olduqca əhəmiyyətlidir. Əlhəmdulillah, Keşikçi Korpusun sıralarında xidmət edən inqilabçı gənclərimiz bu sahədə işləyiblər, dəyərli və diqqətəlayiq işlər həyata keçiriblər. İnqilabdan sonrakı həssas dövrü dəyərləndirərəkən bütün bunları nəzərdən qaçırmaq olmaz.
Elə bu ailələrin ölkənin cənub bölgələrində yaşaması da cihad ruhu ilə görülən böyük işlərdən biridir. Mən bunu elə sizin çox hörmətli ailə üzvlərinizin qarşısında qeyd etməyi özümə borc bilirəm. Keşikçi Korpusun Dəniz Qüvvələrinin Bəndər-Abbasda, dəniz sahillərində, bu çətin bölgələrdə yerləşdirilməsi və ailələrinin də həmin yerlərə gedərək o çətinliklərə qatlaşması olduqca dəyərlidir. Bu, üstündən asanlıqla keçiləcək bir məsələ deyil.
Cənub regionunun özü, Buşəhr, Bəndər-Abbas ostanları, daim dənizdən baş verə biləcək təhlükəli insidentlərlə üz-üzə olan bu bölgələr inqilab illəri boyunca bir sıra sınaqlardan layiqqincə çıxıb. Düzdür, əvvəlcə sularda inqilabın iştirakı bir o qədər də hiss olunmurdu, amma sonradan inqilabın övladlarının, inqilabın yetirmələrinin, inqilabi ideyaların daşıyıcısı olan gənclərin bu bölgələrə ayağı açıldı və vəziyyət dəyişdi. Münasib zəmin hazır olduqdan sonra bu bölgənin əhalisi, gəncləri, güclü stimula malik insanlar hamısı düzgün kursa yönəldi. Bundan sonra, məsələn, Buşəhr bölgəsində şəhid Nadir Mehdəvi kimi böyük, görkəmli bir şəhidimiz oldu. Şəhidlik, cihad və bu kimi məsələlərə ürəkdən inanan insanların nəzərində bu cür insanlar, Nadir Mehdəvi və onun silahdaşları kimi parlaq simalar, o böyük işləri həyata keçirmiş şəxslər düşmənin gözünün odunu alıblar; İran xalqına nüfuz və başucalığı gətiriblər, İslam dövlətinin və İslam Respublikasının qüdrətini düşmənin üzünə vurublar. Onların xatirəsini daim yaşatmaq lazımdır. Yazılı və şifahi tariximizdə onların adını və xatirəsini daim qabartmaq, önə keçirmək lazımdır. Həmçinin düşmənin məkrli niyyətindən də daim xəbərdar olmaq lazımdır.
Fars Körfəzi məntəqəsində o uğursuz və məşum varlığı, yəni Səddam Hüseyni himayə və müdafiə edənlərin, o insan haqları iddiasında olanların hamısı – hansılar ki sonralar özləri əlbir olub Səddamın əleyhinə çıxdılar, halbuki uzun illər boyu İslam Respublikası əleyhinə Səddama dəstək vermişdilər – hamısının əlləşib-vuruşduğu buna görə idi ki, Fars Körfəzini İslam Respublikası üçün təhlükəli bir bölgəyə çevirsinlər. Bu, Fars Körfəzi regionunun təhlükəsizliyinin nə qədər əhəmiyyətli olduğundan xəbər verir. Görün bu regionun təhlükəsizliyi nə qədər önəmlidir ki, onların bütün düşmənçiliyi sözügedən dəniz bölgəsində – Fars Körfəzi və Oman dənizində ən çox sahilləri olan İran üçün bu regionda təhlükəsizliyi pozmağa yönəlmişdi.
İnqilabçı gənclərin, Keşikçi Korpusun, korpusun Dəniz Qüvvələrinin iştirakı, bu hərbi birləşmənin təşkil edilməsi və işə qoşulması bu bölgədə suların onların özü üçün təhlükəli bir vəziyyətə gəlməsinə səbəb oldu. Gəmilərinə ziyan dəydi, helikopterlərinə ziyan dəydi, neft tankerlərinə ziyan dəydi. Anladılar ki, İslam Respublikası müqəddəratı ilə istədikləri kimi oynaya biləcəkləri bir varlıq deyil. Bu, İslam Respublikası quruluşunun mənəvi gücüdür. Quran bizə belə əmr edir:
وَ اَعِدّوا لَهُم مَّا اسْتَطَعتُم مِّن قُوَّةٍ وَ مِن رِّباطِ الخَیلِ تُرهِبونَ بِه عَدُوَّ اللهِ وَ عَدُوَّکُم
– Sizin iştirakınız, halınız-hərəkətiniz elə olmalıdır ki, düşməni qorxuya salsın, çəkindirsin. Düşmən, təbii ki, təcavüzkardır. Dünyaya hökranlıq etməyə can atanların xarakteri budur: təcavüz etmək, irəli getmək, öz hakimiyyətini qurmaq, pəncəsini atmaq; bu, onların təbiətindədir. Əgər sizin səngərləriniz möhkəm olmasa, haradasa bir boşluq olsa, yol tapıb keçəcəklər. Elə etməlisiniz ki, düşmən yol tapıb nüfuz edə bilməyəcəyini hiss etsin. Ölkənin cənubunda inqilab cəbhəsinin formalaşdırılması, Keşikçi Korpusun Dəniz Qüvvələrinin və sahil ostanlarından olan balalarımızın – bu şücaətli, dünyaya könül bağlamamış gənclərimizin timsalında inqilabi qüvvələrin bu bölgədə iştirakı Quranın həmin məqsədinin reallaşmasına şərait yaratdı:
تُرهِبونَ بِه عَدُوَّ اللهِ وَ عَدُوَّکُم
Bu, həmişə davam etdirilməlidir. Dəfələrlə demişik ki, biz heç vaxt müharibəyə ilk olaraq addım atan tərəf olmayacağıq; buna öz səbəb və arqumentlərimiz də var. Heç bir müharibəni ilk olaraq biz başlamayacağıq, amma düşməndən də müharibəyə başlamaq cəsarətini almaq lazımdır; düşməni tanımaq, xarakterinə bələd olmaq lazımdır.
Bu gün imperialistlər bu regionda təhlükəli hədəflər izləyir. Bunlar xalqların müqəddəratına təsir edə biləcək hədəflərdir. İstifadə etdikləri vasitələr də olduqca təhlükəli, qeyri-humanist, vəhşicəsinə vasitələrdir. Yəni günahsız insanların məhvinə səbəb olacaq metodlardan istifadə etməkdən qətiyyən çəkinmirlər. Baxın görün ölkəmizin qərb bölgəsində – İraqda, Suriyada, şərq bölgəmizdə – Əfqanıstanda, Pakistanda nələr edirlər? Qətiyyən çəkinmirlər, yəni insan həyatının onlar üçün heç bir dəyəri yoxdur. İnsan haqları, mülki əhalinin hüquqları və bu kimi puç, formal iddialarının hamısı reallığa ziddir. Buna sübut da elə gördükləriniz, şahidi olduqlarınızdır: xəstəxanalara raketlə hücum edib bombalayır, onlarla xəstəni qətlə yetirir, sonra da: “Bağışlayın, səhvən olub!” – deyirlər. Hərdən də heç o “bağışlayın”ı da demirlər. Qəzzada, Yəməndə, Suriyada, İraqda, Bəhreyndə elə faciələr baş verir ki, insan onları törədənlərin nə qədər rəhmsiz, daşürəkli olduğuna heyrətlənir. Bunu necə edə bilirlər? İnsanı qəfəsin içinə salıb, diri-diri od vurub yandırırlar! İnsan haqları ilə məşğul olan qurumlar da oturub tamaşa edir. Halbuki bir çalaya itdən-pişikdən düşsə, onu ordan sağ-salamat çıxarmaq üçün bütün imkanlarını səfərbər edirlər; demək istəyirlər ki, “biz canlı varlıqların tərəfdarıyıq”. Dünyanı təhdid edən ən böyük təhlükə bu riyakarlıqdır, yalanlardır, bu ikiüzlülükdür. Düşmən bu cürdür. Məqsədi bu regionda öz hədəflərini həyata keçirməkdir. Əlbəttə ki, İslam Respublikası Allahın yardımı və dəstəyi sayəsində nəinki yalnız düşmənin öz ölkəsinə nüfuz etməsinin qarşısını alır, hətta düşmənin planlarının regionda işə düşməsinə də önəmli dərəcədə əngəl olur. Bu, Allahın nəsib etdiyi bir mənəvi uğurdur, Allahın qüdrəti və siz gənclərin əzm və iradəsinin bərəkəti sayəsində müyəssər olan bir şeydir. İslam Respublikasının iqtidarı, iştirakı müdaxilə etməli olduğu məqamda etdiyi müdaxilə sayəsində onların bir çox planları uğursuzluğa dümar olub, nəticəsiz qalıb. Elə buna görə də onların ədavəti ən çox İslam dövləti üzərində cəmlənib, əllərindən gələni edirlər. Bu müzakirələrdən, danışıqlardan dəm vurmaları da yol tapıb ölkəyə nüfuz etmək üçündür.
Ölkədə bir qrup insan var ki, danışıqlar məsələsinə, müzakirə mövzusuna səthi yanaşır, primitiv düşünür, mövzunun əsas mahiyyətini anlamırlar. İndi bəziləri var ki, laqeyddirlər – cəmiyyətdə laqeyd, etinasız bir kəsim var; nə baş verirsə-versin, onlar üçün heç bir əhəmiyyəti yoxdur: ölkənin mənafeyi əldən getsin, milli mənafe məhv olsun – onlarla işimiz yoxdur, amma bəziləri var ki, laqeyd də deyillər, intəhası səthi yanaşırlar, məsələlərin dərinliyinə varmırlar. Danışıqlardan söhbət düşən kimi deyirlər: “Ağa, siz nə üçün Ameria ilə danışıqların əleyhinəsiniz? Axı Əmirəl-möminin (ə) də filankəslə danışıqlar aparıb, İmam Hüseyn (ə) də danışıqlara gedib”. Belə fikirlər həmin insanların primitiv düşündüyündən, məsələlərin dərinliyinə varmamağından xəbər verir. Ölkədə gedən prosesləri bu şəkildə təhlil etmək olmaz; belə primitiv, avam yanaşma ilə ölkənin mənafeyini müəyyən etmək mümkün deyil. Əvvəla, Əmirəl-möminin (ə) Zübeyrlə, yaxud İmam Hüseyn (ə) İbn Sədlə danışarkən ona öyüd-nəsihət verib, bügünkü anlamda danışıqlar aparmayıb. Bugünkü anlamında danışıqlara getmək alver, müamilə kimi başa düşülür – yəni bir şey ver, başqa bir şey al. İmam Hüseyn (ə) İbn Sədlə bu şəkildə alver edib ki, filan şeyi ver, filan şeyi al? O Həzrətin belə bir məqsədi olub? Siz tarixi bu cür anlayırsınız? İmamların həyatını bu şəkildə təhlil edirsiniz? İmam Hüseyn (ə) gedib həmin adamı çəkindirib, nəsihət verib, deyib Allahdan qorx. Əmirəl-möminin (ə) Zübeyrə nəsihət verib, Peyğəmbər (s) dövrü ilə bağlı xatirələri onun yadına salıb, “Alahdan qorx!” – deyib. Yeri gəlmişkən, təsiri də olub, Zübeyr müharibədən çəkinib. Danışıqlar bu demək deyil. Bizim Şeytanın böyüyü olan Amerika ilə danışıqlara getməli olduğumuzu əsaslandırmaq üçün dövrün reallığını dərk etməyən, bir qrup primitiv düşüncəli, avam insan qəzetlərdə, internet saytlarında məqalələr yazır, çıxışlar edir, Əmirəl-möminini misal çəkir ki, nəyə görə o Həzrət Zübeyrlə danışıqlara getdi, amma siz Amerika ilə danışığa getmirsiniz? Yəni məsələni dərk etməkdə bu həddə səhvə yol verirlər. Axı o həzrətlərin etdiyi bugünkü mənasında danışıqlar olmayıb.
İkincisi, biz elə bugünkü mənasında da danışıqlara getməyin əleyhinə deyilik; hazırda biz bütün dünya ilə danışıqlar aparırıq. Avropa dövlətləri ilə danışıqlar aparırıq, Latın Amerikası ölkələri ilə danışıqlarımız var. Bütün bunlar danışıqdır, müzakirədir. Bizim kiminləsə danışıqlara getməkdə problemimiz yoxdur. “Amerika ilə danışıqlara getməyəcəyik” deyiriksə, bu o demək deyil ki, ümumiyyətlə danışıqlara getməyin özünün əleyhinəyik; yox, Amerika ilə danışıqlara getməyin əleyhinəyik. Bunun bir səbəbi, niyəsi var və ağıllı insan həmin səbəbi dərk etməlidir. Yoxsa elə danışıqlara getdiyimiz başqa ölkələrin də hamısı bizim yolumuzda yaxasını yırtan dostumuz deyillər ki – bəziləri düşməndir, bəziləri neytraldır, onlarla danışıqlar aparırıq, heç bir problemimiz də yoxdur – amma Amerikanın İran İslam Respublikası ilə danışıqlar aparması ölkəyə nüfuz etmək deməkdir. Amerikalıların danışıqlara verdiyi tərif budur, müzakirələr aparmaqla öz iradələrini diktə etmək üçün ölkəmizə yol açmaq istəyirlər. Bu gün dünyanın nəhəng təbliğat maşını Amerikanın əlindədir. Bu gün bəşəriyyətə, mənəviyyata qatı düşmən olan sionist cərəyanı Amerika ilə əlbir-dilbirdir, bir-birinə havadarlıq edirlər. Onlarla danışıqlara getmək hə iqtisadi, həm mədəni, həm siyasi, həm də təhlükəsizlik sferalarında öıkəyə nüfuz edə bilmələri üçün yolu açmaq deməkdir.
Elə nüvə enerjisi ilə bağlı danışıqlar əsnasında da tapdıqları hər fürsətdə, əllərinə meydan keçən kimi öz mənafeyini yeritməyə çalışır, milli mənafeyə zərər verəcək bir hərəkət edirdilər; əlbəttə, Allaha şükürlər olsun ki, İran tərəfdən çıxış edən diplomatlar diqqətli idi, amma yenə də onlar müəyyən məqamlarda buna fürsət tapırdılar. Qadağan olunan, yolverilməz olan danışıqlar bax budur. Amerika ilə danışıqlar saysız-hesabsız zərərləri olduğuna və qətiyyən heç bir xeyri olmadığına görə qadağandır. Bu, əlində nə belə imkanları, nə də belə bir niyyəti olmayan filan dövlətlə danışıqlara getməkdən fərqlənir. Bu ikisi fərqli şeylərdir; bunu dərk etmirlər.
Ölkənin hazırkı problemi, təəssüflər olsun ki, bəzən etinasız, bəzən isə primitiv düşüncəli insanların varlığıdır; əlbəttə ki, onlar azlığı təşkil edir, sayları azdır. Ölkə əhalisinin möhtəşəm bir kütləsini təmsil edən, inqilabi ideyaların daşıyıcısı olan, gözüaçıq, məlumatlı toplum qarşısında bir şey deyillər, amma həddən artıq fəaldırlar: yazırlar, danışırlar, təkrar edilər; dönə-dönə təkrar edirlər! Düşmən də bunlara kömək edir. Bu gün İslam Respublikasının düşmənlərinin fəaliyyətində əsas istiqamətlərdən biri rəsmilərimizin hesablamalarını dəyişdirmək, camaatın düşüncəsini istədikləri kimi idarə etmək, gənclərimizin beyninə bu şeyləri yerləşdirməkdir; əlbəttə ki, bizim bütün bunlardan xəbərimiz var, nə etdiklərinə diqqət yetiririk. Əsas hədəf də gənclərdir. Belə bir vəziyyətdə ölkəmizin gəncliyi son dərəcə sayıq olmalıdır. Əlhəmdulillah, sayıqdır da. Həm universitetlərimiz sayıqdır, həm Silahlı qüvvələrimiz sayıqdır, həm hərbi qurumlarımız – həm Ordu, həm Keşikçi Korpus, həm Bəsic, həm də Polis Qüvvələri – əlhəmdulillah, iş başındadır. Mənim bu sarıdan heç bir nigarançılığım yoxdur. Sizə – inqilabın övladlarına, əlhəmdulillah, ölkənin mühüm məsələlərindən biri olan dəniz sularının təhlükəsizliyinə cavabdeh olan, bu shaədə fəaliyyət göstərən inqilabçı gənclərə də müraciətimin canı budur ki, gördüyünüz işin bu gün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bilin, anlayın. Mübahilə zamanı iman və küfr hər ikisi bütövlüklə qarşı-qarşıya durduğu kimi, bu gün də İslam Respublikasındakı iman küfr qarşısında bütövlüklə durub. Peyğəmbəri-Əkrəmin (s) və ailəsinin mənəviyyatı, saflığı, mənəvi gücü düşməni meydandan kənarlaşdırmağa müvəffəq olduğu kimi, Allahın yardımı və mənəvi dəstəyi sayəsində, İran xalqı da öz gücü və mənəviyyatı ilə düşmənini meydandan uzaqlaşdıracaq.
Keşikçi Korpusun sularda rolu mühümdür, cənub bölgəsində – Buşəhr ostanında və digər sahil ostanlarında yaşayan gənclərin həyata keçirdiyi işlər mühüm rola malikdir. Cənub bölgələrinin gəncləri, doğrudan da, sınaqdan çıxıblar, üzüağ çıxıblar və öz ölkəsinin, inqilabının, dövlətçiliyinin heysiyyətini sözün əsl mənasında qorumağı bacardıqlarını nümayiş etdiriblər. Həmin bölgələrdə məskunlaşıb yaşamağı qəbul etmiş əziz və dəyərli hərbçi ailələrinin rolu lduqca əhəmiyyətlidir. Əgər ailələr evin kişisi ilə həmrəy olub ona dəstək olmasa, işlər irəli getməz. Sevindirici haldır ki, bu gün ölkəmizin qadınları, ölkəmizin xanımları çox işıqlı, səmimi stimullara malikdirlər, gözüaçıqdırlar. Elə müharibə dövründə də həmişə belə olub. Vaxtaşırı mənə şəhid ailələri ilə oturub həmsöhbət olmaq nəsib olur. Demək olar ki, yüksək-əhval ruhiyyə, stimul baxımından əksər hallarda şəhid anaları şəhid atalarını üstələməsələr də, heç onlardan geri də qalmırlar və çox vaxt atalardan da gözüaçıq, güclü stimula malikdirlər. Bunlar bizim cəmiyyətimizin qadınlarıdır; bu, ölkəmiz üçün böyük bir dəyər hesab olunur.
Demək istədiyim budur ki, hazırlığınızı artırın; həm elmi hazırlığınızı, yəni elm, elmi tədqiqatlar sahəsində, həm də texniki hazırlığınızı, yəni hərbi texnika baxımından. Cənab generalın(1) da qeyd etdiyi kimi, düşmənlər Keşikçi Korpusun ortaya çıxardığı hərbi texnika qarşısında öz hərbi strategiyalarını dəyişmək barədə düşünməyə başlayıblar. Yəni Keşikçi Korpusun dəniz sularında təşəbbüskar iştirakı onları çarəsiz qalaraq ös strategiyalarını dəyişməyə məcbur edib. Odur ki sizin təşəbbüsləriniz, sizin hərbi texnika sahəsində tətbiq etdiyiniz yeniliklər, gətirdiyiniz innovasiyalar düşmənin elmi nailiyyətlərinin, yeni hərbi texnikalarının və hərbi iştirakının səviyyəsinə uyğun olaraq yüksəldilməlidir. Və bu mümkündür də. İnsan beyninin yarada biləcəyi innovasiyalar bitib-tükənməzdir. Misal üçün, nə vaxtsa Keşikçi Korpus itisürətli hücum katerləri əldə etmək fikrinə düşdüyü kimi, bundan da yaxşı, bundan da səviyyəli, budnan da güclü yeni texnikalar barədə düşünə və onları ərsəyə gətirə bilər. Daim bu barədə düşünün, üstünlüyü əldə saxlamağa çalışın. Meyarınız da
تُرهِبونَ بِه عَدُوَّ الله
– düşməni qorxutmaq olsun. Düşmənlər qorxmasa, hücuma keçəcək. Qorxusu olmasa, üstünüzə hücum etməyə cürətlənəcək. Bu da mənim ikinci tövsiyəm.
Üçüncü tövsiyəm əməkdaşlıqdır. Allha şükürlər olsun ki, bu gün Ordunun Dəniz Qüvvələri inqilabdan əvvəlki ilə yerdən göyə qədər fərqlənir, tam dəyişib. Mən o vaxtkı Dəniz Qüvvələrinə də ən xırda detalları ilə bələd idim, indikində də vəziyyətin necə olduğunu bilirəm; mömin, işləməyə hazır olan uşaqlardır. Çiyin-çiyinə verin, həmrəy olun, bir-birinizə kömək edin, bir-birinin təcrübəsindən istifadə edin. Bu səmərəli əməkdaşlıq işinizə kömək edəcək, milli sərvəti artıracaq. Mənim sizə demək istədiklərim bunlardır.
Bilin ki, Uca Yaradan arxanızdadır.
اِن تَنصُرُوا اللهَ یَنصُرکم
– “Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər”. Buna əsla şübhəniz olmasın. Bizim çalışıb-vuruşduğumuz onun üçün olmalıdır ki, Allaha, Onun dininə yardımı təmin edək; Allaha kömək edək. Əgər bizim niyyətimiz, əməlimiz, işimiz bu “تَنصُرُوا اللهَ” – Allaha yardım prinsipi ilə uyğunlaşsa, ardınca, mütləq, “یَنصُرکم” gələcək, Allah da bizə Öz yardımını edəcək. Allahın verdiyi vədlər danılmazdır. Bu işinizi, bu fəaliyyətlərinizi, bu ciddiyyətinizi davam etdirin; gələcək sizindir. İslamın və müsəlmanların düşmənləri Qərbi Asiya regionunda da, digər regionlarda da məğlub olacaq. Həm hərbi və təhlükəsizlik sahəsində, həm də Allahın köməyi ilə, iqtisadiyyat və mədəniyyət sferasında məğlubiyyətlə üzləşəcəklər; bir şərtlə ki biz işləyək. Əgər biz hər an işə keçməyə hazır olsaq, sözün əsl mənasında və doğru-düzgün iştirak etsək, işləsək, heç şübhəsiz, düşmən məğlub olacaq. Buna qətiyyən şübhə ola bilməz.
Uca Yaradandan sizin hamınıza uğur və mənəvi dəstək diləyirəm, Allah-taala dualar edirəm ki, siz əziz gənclərimizi günü-gündən daha da xoşbəxt etsin, İran xalqının inişaf və yüksəlişini artırsın. Dahi İmam Xomeyninin (r.ə) pak ruhuna, İslam İnqilabının əziz şəhidlərinin ruhuna, Keşikçi Korpusun və korpusun Dəniz Qüvvələrinin sıralarından şəhid olmuş bütün döyüşçülərin ruhlarına, inşallah, dərgahında ali dərəcələr nəsib etsin.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
__________________________
(1) İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin komandanı, keşikçi briqada generalı Əli Fədəvi.