Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Çəharmahal və Bəxtiyari ostanı ilə bağlı mənim çox gözəl xatirələrim var. Prezident olduğum dövrdə – 60-cı illərdə – bir dəfə əhalini cəbhədə iştiraka cürətləndirmək, bu sahədə təşviqat aparmaq üçün Şəhrikürdə getmişdim. Bu, bir ostan səfəri idi; o vaxt bir çox ostanlara gedirdik, o cümlədən Şəhrikürdə də getmişdik. Doğrudur, getdiyimiz hər yerdə insanlar toplaşır, səsimizə səs verirdilər, amma Şəhrikürd mənim xatirəmdə daha izdihamlı, daha canlı bir kütlə ilə qalıb. Hava da soyuq idi – oralar elə soyuq olur – mənim çıxış etdiyim tribunanı iki küçənin şaxələndiyi yerdə qurmuşdular. Mən baxıb gördüm ki, göz işlədikcə hər iki küçədə həmin bölgəyə xas paltarlar geymiş, əllərində cürbəcür bayraqlar tutmuş insanlar var. Bu insanların orada təkcə fiziki cəhətdən yox, ürəkdən, bütün səmimiyyəti ilə iştirak etdiyini duymaq olurdu. Bu səmimiyət o qədər bariz, insanların stimul və həvəsi o qədər aşkar və aydın idi ki, həmin kütləyə bircə dəfə nəzər salmaqla o bölgə, oranın insanları haqda bir çox şeyləri anlamaq olurdu. Həmin günü mən heç vaxt unutmuram, həmişə yaddaşımdadır. Əlbəttə, ondan əvvəl də, sonra da Şəhrikürdə getdiyim olub, insanlarla, kütlələrlə qarşılaşmışam, amma həmin səfər çox qəribə bir səfər idi və mənim zehnimdə heyrətamiz bir təsir buraxıb. Bir dəfə də ondan əvvəl “Qəməri-Bəni-Haşim” briqadası ilə görüşmək üçün Şəhrikürdə getmişdim, briqadanın mərkəzi qərargahında oldum; o da heç vaxt yadımdan çıxmır. Mən bir çox yerlərdə korpusun uşaqlarının mərkəzi qərargahında olurdum, gedib otururduq, söhbətləşirdik, müzakirələr edirdik. Bu mərkəzlər arasında müəyyən yerlər bəzən hansısa xüsusiyyətləri ilə insanın yaddaşına yazılırdı. Mənim xatirimdən silinməyən bu cür yerlərdən biri də Şəhrikürddəki “Qəməri-Bəni-Haşim” briqadası olmuşdu. Ora getdik; ixlaslı, mömin, yoxsul vəziyyətdə (onların olduğu yerdə maddi imkanlar çox məhdud idi, amma buna baxmayaraq, çox güclü stimula malik idilər). Getdik, saatlarla – indi dəqiq yadımda deyil, neçə saatsa – birlikdə olduq, birlikdə nahar da etdik və yadımdadır ki, mən ordan çox böyük razılıq hissi ilə çıxmışdım.
Çıxış edənlərin qeyd etdiyi məsələlər – ostanın elmi, siyasi, hərbi keçmişi və bu kimi mövzular da tamamilə doğrudur və hamısı dəyərdir. Cənab Nekunamın Çəharmahal və Bəxtiyari əhalisinin Bəxtiyardan narazılıq bildirmək üçün Tehrana gəlməsi ilə bağlı qeyd etdiyi məqam da çox önəmlidir.(1) Şiraz, Məşhəd, Təbriz camaatı da gəlib Bəxtiyardan narazılıq bildirə bilərdi, amma Bəxtiyari camaatının gəlib bəxtiyarilərdən olan və İslam İnqilabına, İmam Xomeyniyə (r.ə) qarşı çıxan bir siyasi liderdən narazılıq bildirməsi bundan çox fərqlənirdi. Bu, mühüm bir məqam idi. Cənab Nekunam bunu da qeyd etdi ki, insanlar həmin günün əlamətdar bir gün kimi təqvimə salınmasını istəyir; haqlı istəkdir, doğrudan da, yeri var. Çünki qəbilələr arasında qohumluq münasibətləri, tayfa bağlılıqları xırda bir məsələ deyil, çox böyük önəm daşıyır. Bunlar o insanlardır ki, məşrutə məsələsində qalxıb Şəhrikürddən – o zaman Dehikürd adlanırdı – İsfahana gəldilər, İsfahanı tutdular, Tehrana gəlib orada böyük işlər gördülər. Onar bütün bunları daha çox aralarındakı yerlilik, qohumluq bağlarından güc alaraq həyata keçirirdilər. Yəni qəbilə, tayfa münasibətlərinin bu insanlara önəmli təsiri var idi, onları hərəkətə keçməyə, qalxıb o yerlərə getməyə sövq edirdi. Lakin söhbət dindən, inqilabdan, İmam Xomeynidən (r.ə) gedəndə o bağlar, o münasibətlər tamamilə arxa plana keçir, təsirini itirərək bütünlüklə yox olur. Bu, çox mühüm bir şeydir. Odur ki sizin şəhidlərin xatirəsinə təşkil etdiyiniz bu anım tədbirləri çox yerində və vaxtında görülən bir işdir.
Bir məqama diqqət yetirin: biz elan olunmamış bir mədəni, siyasi və ideoloji hücumla qarşı-qarşıyayıq. Yəni indi mən burda danışıram, siz, əlbəttə ki, mənim dediklərimi qəbul edirsiniz, amma baş verənlərdən xəbəriniz yoxdur. Mənim nə baş verdiyindən xəbərim var; görürəm nələr olur. Düşmənin siyasi və mədəni ordusu bizim dini və siyasi ideologiyamızı zəiflətmək, ölkə daxilində narazılığı artırmaq, gəncləri, xüsusilə də müxtəlif sahələrdə fəal olan, təsirə malik olan gəncləri öz məqsədləri naminə özlərinə tərəf çəkmək üçün mümkün olan, əli çatan bütün vasitələrlə bizə hücumlar edir; işləyirlər. Düzdür, onların bu səylərinin qarşılığında müəyyən işlər görülür. Dindar uşaqlar, mömin insanlar, məsuliyyətini dərk edən rəsmilər çox yaxşı işlər həyata keçirir, amma ölkədə bundan da artıq işlər görülməlidir. Mühüm və vacib məqamlardan biri də cihad, şəhidlik, şəhidlər, şəhid ailələri, Allaha xatir səbir, Allahı nəzərə almaq kimi dəyərli məfhumların aktuallığını qoruyub saxlamaqdır.
Əlbəttə, zahirdə hansısa işlər görməklə bu məqsədlərdən bəzilərinə nail olmaq mümkündür; mən şəhidlərin xatirəsinə plakatların yazılması, heykəllərin, büstlərin qoyulması, küçələrə şəhidlərin adının verilməsi və sair bu kimi işlərin əleyhinə deyiləm – bunlar hamısı yaxşıdır, lazımlıdır, yaxşıdan da yaxşıdır, lakin bunlar əsla kifayət deyil. Bunlar əslində görülməli olan işlərin çox kiçik bir hissəsidir. Hər bir işi dərindən görməyə çalışın; çalışın düşüncələrə təsir göstərəsiniz, öz düzgün fikirlərinizlə qarşınızdakı insanı düşündürən sualları cavablandırasınız, onu zehni cəhətdən qane edəsiniz. Bunun üçün düşünmək, beynini işə salmaq lazımdır. Fikir adamları, dərindən düşünməyə qadir olan, məsələləri dərk edən insanlar sənət adamları ilə, təqdimat etməyi, təbliğat aparmağı bacaran insanlarla – nəqqaşlar, şairlər, film-meykerlər, yazıçılar və sairlə birlikdə əl-ələ verib ortaya elə bir məhsul çıxarmalı, elə bir iş ərsəyə gətirməlidirlər ki, auditoriyanın düşüncəsinə təsir göstərsin. Yəni hazırda icra olunan məkrli planı – layihəsi hazırlanan yox, icra olunan; layihəsi çox əvvəl hazırlanıb və indi ölkəmizdə həyata keçirilir – onu neytrallaşdırsın. Bu həm hökumət qurumlarında çalışan insanların, həm mömin əhalinin, həm yüksək ranqlı rəsmilərin, həm də sıravi rəhbər işçilərin öhdəsinə düşən bir işdir. Vəzifə məsuliyyəti daşıyan, özündə məsuliyyət hiss edən hər kəs bu sahədə fəaliyyət göstərməlidir. İşin bir qolu da elə sizin gördüyünüz işdir; yəni şəhidlik anlayışının, şəhidliyin, şəhidin dəyərinin uca tutulması, aktuallığının qorunub saxlanmasıdır. Bu istiqamətdə işləyin, inşallah, Allah-taala da sizə yardımçı olacaq.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
__________________________
(1) Höccətül-İslam vəl-muslimin Məhəmmədəli Nekunamın (vəli-fəqihin Cəharmahal və Bəxtiyari ostanı üzrə nümayəndəsi, Şəhrikürdün imam-cüməsi) 1357-ci il bəhmən ayının 19-da ostan əhalisindən bir qrup insanın Pəhləvi rejiminin sonuncu baş naziri Şapur Bəxtiyardan narazılıq ifadə etmək üçün Tehrana gedərək İmam Xomeyni (r.ə) ilə görüşməsi barədə söylədiyi fikirlərə işarə olunur.