Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Uzun bir fasilədən sonra bu gün müzakirəmizə yenidən başlayırıq, lakin Minada baş vermiş bu acı olaya görə qəlblərimiz dərdlə, kədərlə doludur; sözün əsl mənasında, bayramımız yasa döndü. Hər il həcc mövsümü zamanı həcc ayinlərinin, həcc əməllərinin başa çatdığı bu günlərdə ölkəmizdə ümumi bir şadlıq, sevinc olardı; hacılar geri dönərdi, ailələr sevinərdi ki, ataları, övladları, həyat yoldaşları gəlir. Ailələr sevinərdi ki, həccə gedən yaxınları ziyarətdən gəlib, hacı olub, buna müvəffəq olub. Hər il bu cür olardı; şadlıq ovqatı duyulardı. Bu il isə bu şadlıq ovqatı kədər, qəm ovqatı ilə əvəz olunub. Ölkə ostanlarının əksəriyyətindən öldürülənlərin, həlak olanların sayı çoxdur, cənazələr gətirilməlidir. Bu günlərdə qəlblərə, doğrudan da, dağ çəkilib. Son günlər bu kədərdən bir an belə olsun qurtulmaq olmur və bu qəm bizim də, başqalarının da qəlbinə daim ağırlıq edir. Nəticə etibarilə bunu bilmək lazımdır ki, bu ağır olayın, bu böyük faciənin məsuliyyəti Ərəbistan hakimiyyətinin üzərinə düşür. Onlar bu hadisəyə görə məsuliyyət daşıdıqlarını qəbul etməlidirlər. Günahı boynundan atmaqla, durmadan onu-bunu ittiham etməklə, daim özü-özünü tərifləməklə heç bir iş başa gələn deyil; bunlar heç bir faydası, nəticəsi olmayan hərəkətlərdir. İslam dünyasını düşündürən suallar var. Bir hadisədə müsəlman ölkələrindən minlərlə adamın həlak olmağı zarafatdır? Elə bizim öz ölkəmizdən də, Allah bilir, neçə yüz nəfər ölən var! İndi hələ ki itkin düşənlərin harada olduğu məlum deyil; ola bilsin, onların böyük bir qismi həlak olanlar arasındadır. Eyni hadisədə – özü də həcc ziyarəti zamanı baş vermiş bir hadisədə bir neçə yüz insanın həyatını itirməsi balaca bir şeydir? Zarafatdır? İslam dünyası bu barədə düşünməlidir. Birinci vacib məsələ də odur ki, Səudiyyə hökuməti öz məsuliyyətini qəbul etməli və bundan irəli gələn vəzifələri yerinə yetirməlidir. İslam ümmətindən, ailələrdən üzr istəmək əvəzinə, elə hey danışıb onu-bunu ittiham etməklə heç nəyə nail olmaq mümkün deyil. Xalqlar bu məsələnin üstünə ciddi şəkildə düşüb; bu hadisə unudulub gedən deyil. Ümidvarıq ki, Allah-taala qədərimizə xeyir və yaxşılıqları yazar, inşallah.