Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
Çox şadam ki, siz əzizlərimlə görüşmək mənə bir daha nəsib oldu; əlhəmdulillah. Hərçənd bu görüşlər də kifayət etmir. Əziz veteranlarımızdan bəziləri mənə dedilər ki, bu görüşü 20, 30 ildir gözləyirlər. Mən onlara bildirdim ki, onların belə önəmsiz bir işi 20 il gözləməyi məni, doğrudan da, utandırır; intəhası gücümüz, imkanımız çatmadığı üçün, bu kimi səbəblərdən belə alınır. Yəni insanın bundan artığına gücü çatmır; yoxsa əgər imkanımız olsaydı, sizlərlə daha tez-tez görüşməyi çox istərdik.
Əvvəla, sizin çəkdiyiniz zəhmət, sizin əcriniz Uca Yaradanın dərgahında qalır və inşallah, həm də günü-gündən artmaqdadır. Çünki sizin gördüyünüz iş birdəfəyə tamamlanmayıb; şəhidlərdən fərqli olaraq, siz bu sınağı, bu çətinliyi tədricən çəkirsiniz. Şəhidlər aldıqları bir mərmi və ya güllə yarası ilə Behiştə yollanıblar, qanad açıb Cənnətə uçublar, işləri bitib. Siz isə yox; siz hər gün, hər saat əziyyət çəkirsiniz, çətinliklə üzləşirsiniz. Düzdür, siz artıq bu çətinliklə, bu əziyyətlə razılaşmısınız və Allah-taala sizin ürəyinizdə buna səbir etdiyinizi bilir, amma bu səbrinizə görə hər dəqiqə, hər saat, hər gün sizə əlavə bir əcr verilir. Odur ki əlil və veteranların əcrinin günü-gündən artdığı dəqiqdir. Bir saat da artıq yaşasanız, əcriniz bir o qədər artacaq. Rəvayətlərdə var ki, insanın Allah yolunda verdiyi bir şey – xırda və ya az məbləğdə bir pul – Qiyamət günü ona Uhud dağı boyda geri verilə bilər. Sizin gördüyünüz iş də belədir; bədən üzvünüzü itirmisiniz, əlbəttə ki, çox böyük və ciddi bir məhrumiyyətə qatlaşmısınız, əcriniz də çox böyükdür, amma bu əcr daim artmaqdadır, getdikcə çoxalır. Getdikcə artan bu əcrə görə Allaha şükürlər edin.
İkincisi, siz müharibə veteranları indi də mübarizəni davam etdirməkdəsiniz, öz əlilliyinizlə, əslində, elə hazırda da cihad edirsiniz. Soruşacaqsınız ki, necə? Bunu deməklə mən mədəni cihadı nəzərdə tutmuram; sizin haradasa çıxış etməyinizdən, nə isə deməyinizdən, hansısa işləri görməyinizdən, Allaha xatir sağlamlığınızdan keçməyinizdən, hansısa təlimlərdə iştirak etməyinizdən danışmıram – düzdür, bunlar hamısı öz yerində, cihaddır – amma sizin bu əlil arabasında oturmağınız, yaxud yataqda uzanıb qalmağınız, gözündən, əl və ya ayağından məhrum olmuş veteranların küçə-bazarda görünməyi özü də bir mübarizədir. Nəyə görə? Çünki bu xalqın çox çətin bir etapda çəkdiyi əziyyətləri, düçar olduğu olmazın bəla və müsibətləri göstərir. Əslində, siz bir rəsm əsəri, bir tablo kimi sizi kənardan seyr edənlərə müharibəni, Müqəddəs Müdafiəni nümayiş etdirirsiniz. Siz İran xalqının böyük bir müsibətə düçar olduğu, böyük bir sınaqla üz-üzə qaldığı o dövrün təsvirini yaradırsınız. Sizin bu varlığınız, iştirakınız özü bir mübarizədir, təbliğatdır, həqiqətləri çatdırmaqdır. Sizə baxanda Səddam rejimini dəstəkləyən, müdafiə edən o super-dövlətlərin cinayətlərini görmək olur. Sizə baxanda sizləri bu cür yetişdirib döyüş meydanlarına göndərə bilmiş İmamın və inqilabın böyüklüyünü, əzəmətini görmək olur. Sizə baxanda İran xalqının yaşadığı tarixi bir dönəmi görmək olur. Odur ki əlil müharibə veteranları ağızlarını açıb bir kəlmə söz deməsələr, heç bir tədbirdə təbliğatçı, natiq qismində çıxış etməsələr belə, təkcə camaat arasında olmaları, varlıqları ilə artıq müəyyən həqiqətləri elan edir, açıqlayır. Sizin varlığınız özü artıq müəyyən həqiqətlərdən xəbər verir; tarixi həqiqətlərdən, öyrədici həqiqətlərdən, siyasi həqiqətlərdən, beynəlxalq proseslərlə bağlı həqiqətlərdən; bu, belədir. Bunun da özü-özlüyündə Allah dərgahında əcri vardır. Bu da növbəti bir məqam.
Qeyd etmək istədiyim üçüncü məqam isə sizi həyat yoldaşı kimi qəbul edən, əziyyətinizə qatlaşan xanımlarla bağlıdır. Bəli, az öncə oxunan gözəl şeirdə də vurğulandığı kimi, bu xanımlar sözün əsl mənasında fədakardır; bu, fədakarlıqdır, böyük bir fədakarlıq. Onların göstərdiyi xidmət çox yüksək dəyərə malikdir. Xəstəyə baxan, qulluq edən adam xəstənin özündən heç də az əziyyət çəkmir. Müharibədə əlil olmuş bir insanı bütün problemləri, fiziki məhdudiyyətləri ilə qəbul etmək, qulluğunda durmaq, dediyinə qulaq asmaq, əlil biri üçün təbii olan hövsələsizliyinə səbir etmək – bütün bunların Uca Allahın dərgahında əcri yüksəkdir. Mən siz veteranların həyat yoldaşı olan xanımlara bunu deyə bilərəm ki, Allah-taala onlara gördükləri bu böyük işin müqabilində müjdə verir; bu, həqiqətən də, böyük bir cihaddır, qəhrəmanlıqdır. Bu da bir məqam.
Son olaraq demək istəyirəm ki, həm siz, əziz müharibə veteranları, həm sizin xanımlarınız, övladlarınız, qohumlarınız, sizin qulluğunuzda durmaqda payı, rolu olan insanlar bu böyük mənəvi sərvəti qoruyub saxlamağa çalışsınlar. Bilsinlər ki, bəzən bizim diqqətsizliyimiz, bilməməzliyimiz ucbatından, sahib olduğumuz böyük sərvətlər əlimizdən çıxır. Qəflətə qapılsaq, diqqətsizlik etsək, layiq görüldüyümüz mənəvi-ilahi şənə uyğun hərəkət etməsək, mənəvi sərvət olaraq sahib olduğumuz şeylər əlimizdən çıxacaq; diqqətli olmaq lazımdır. Allah-taala hamımıza mənəvi dəstək olsun ki, Onun bizə bəxş etdiyi nemətləri – bəzi nemətlər var ki, maddidir, bəzi nemətlər isə mənəvidir – inşallah, qoruya bilək, onlara görə şükür edək. Mən bir daha siz əzizlərimə, qardaş və bacılarıma bugünkü görüşə, bu hüseyniyəyə gəldiyinizə görə təşəkkür edirəm, bir daha xoş gəlmisiniz deyirəm. Uca Allahdan sizə şadlıq, işlərinizin irəliləməsini, arzu və istəklərinizin yerinə yetməsini diləyirəm. İnşallah, Allah-taala övladlarınızı sizə bağışlasın, sizə xoş həyat, tam sağlamlıqda keçən uzun ömür nəsib etsin.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
____________________
(1) Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi, Şəhid və Veteranlar Fondunun sədri Höccətül-İslam vəl-muslimin Seyid Məhəmmədəli Şəhidi Məhəllati və İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general Məhəmmədəli Cəfəri məruzə ilə çıxış etmişlər.